Yaradıcı İnsan ücün əsas meyar onun Vətədaş mövqeyidir

Yaradıcı İnsan ücün əsas meyar onun Vətədaş mövqeyidir

Televiziya aparıcısı, redaktor Ramal Hüseynov

  İnsanın vətən sevgisi, Yaradanın yaratdıqlarına olan sevgisi daha güclü olur. Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət, İlahi Eşq daşıyıcısı kimi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir  arzusu olur! Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərinin şirin xəyallarının qanadlarında dolanmasın. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir.

            Ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…

 Tanıdığımız, daim təmasda olduğumuz insanların iç dünyası, daxili aləmi, istək və arzularını haqqında bilgiləri onların həyat hekayəsi bizlərə açıqlayır. Sizlərə təqdim etdiyimiz Ramal Hüseynovun həyat hekayəsi müxtəlif rakurslardan onu görmək imkanı verir.

Televiziya aparıcısı, redaktor Ramal Hüseynov  4 sentiyabr 1981-ci iıdə anadan olmüş, orta təhsilini Humanitar Fənlər Gimnaziyasında almışdır.  Qafqaz Universitetinin Filologya fakültəsi və Magistir dərəcəsini bitirmişdir. Sadə, mehriban, qətiyyətli, fəaliyyətində Vətənə sevgisi , nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik keyfiyyətlərinin daşıyıcısı Ramal Hüseynovun 44 yaşını qeyd olunur.

       Ramal Hüseynov 15 yaşından etibarən Azərbaycan televiziya məkanında fəaliyyət göstərir. İlk addımlarını SARA TV, sonra ANS TV-də ataraq, səhər proqramlarının aparıcısı kimi ekranlara çıxıb. Daha sonra İTV, APA TV və Xəzər TV-də müxtəlif formatlı verilişlərin aparıcısı olub.

   Onun hazırladığı və təqdim etdiyi proqramlar sırasında “Aktual” adlı tok-şou, “Həyata Baxış” canlı debat verilişi, cəmiyyətin sərt mövzularına toxunan “Dalan 18+” layihəsi və səhər şouları xüsusi yadda qalıb.Hazırda Ramal Hüseynov Azərbaycan Televiziyasının Mədəniyyət Kanalında yayımlanan “Başqa Söhbət” verilişinin müəllifi və aparıcısıdır. Bu proqramla o, sosial, psixoloji və mədəni mövzuları müzakirəyə çıxarır, tamaşaçının gündəlik həyatına toxunan, lakin çox zaman dilləndirilməyən sualları işıqlandırır.Peşəkar fəaliyyəti ilə yanaşı, o həm də yaradıcı tədqiqatçı, sosial debatların redaktoru və ictimai diskursu təşviq edən aparıcıdır. Onun fəaliyyəti Diplomlara, Fəxri Fənmanlara, Sertifikatlara və digər mükafatlara layiq görülmüşdür. Ramal Hüseynov televiziya sahəsindəki 30 ilə yaxın təcrübəsi ilə Azərbaycan media məkanında özünəməxsus üslub formalaşdırmışdır,onun yüksək peşəkar yanaşmasının sirri:-“Televiziya yalnız əyləndirmək üçün yox,  həm də düşündürmək üçündür. Düzgün sual verilirsə – cavab gec-tez tapılacaq”.

      Ramal Hüseynovun vətəndaş mövqeyi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə diqqət göstərməsi, daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidməti onun həyat fəaliyyətinin əsas göstəricisidir.Təbrik edirik!Sağlamlıq, xöşbəxətlık nəsibiniz olsun! Səmərəli fəaliyyətinizdə uğurlarınız davamlı olsun!


     Zülfíyyə Vəliyeva 

Respublikanın Əməkdar Müəllimi 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Zaur Ustacın “Anam” şeiri – sözün poetik zirvəsi

Zaur Ustacın “Anam” şeiri – sözün poetik zirvəsi

Ədəbiyyatımızın ən incə və ən müqəddəs mövzularından biri ana obrazıdır. Ana həm həyatın başlanğıcı, həm də övlad üçün müqəddəs dayaqlardan biri kimi həmişə yazıçı və şairlərin diqqət mərkəzində olub. Azərbaycan poeziyasında Nizami Gəncəvidən tutmuş Səməd Vurğuna qədər saysız sənətkarlar bu mövzunu poetik gücü ilə işləmişlər. Müasir poeziyada isə Zaur Ustacın “Anam” şeiri (Zaur Ustac – Anam şeiri) bu silsilənin parlaq nümunələrindən biri kimi seçilir.

Şairin “Anam” şeirindəki poetik çalarlar adi bir duyğunun ifadəsi deyil, ana obrazının ümumbəşəri miqyasda təqdimatıdır. Ana yalnız bioloji mənada övlad dünyaya gətirən varlıq deyil, həm də dünyanı övladına sevdirən, onu sirli-sehirli həyataın (yaşamın) ecazkar məna çalarları ilə tanış edən, keçmişi və gələcəyi anladan böyük müəllimdir. Şair “palaz” və “gəbə” metaforaları ilə ananın övlad üçün yaratdığı dünyanı təsvir edir. Bu obrazlarda Azərbaycan xalqının məişətindən, adət-ənənəsindən gələn məna qatları var. Çünki xalça, palaz, gəbə – həm evin istiliyini, həm də həyatın bəzəyini simvolizə edir. Ana isə bu gözəlliyi övladının ayağı altına sərən müqəddəs varlıq kimi təqdim olunur:

Adına palaz deyib,
Atdı ayağımızın altına dünyanı…
Adına gəbə deyib,
Asdı gözümüzün qabağına dünyanı…
Dünyamız gəbə qaldı,
Biz anlayana qədər naxışlarda…
Ata sözünü öz dilində çatdırdı bizə Anam…

Şeirdə diqqəti cəlb edən mühüm məqam odur ki, ana övladına yalnız həyat bəxş etmir, həm də sözün, dilin və düşüncənin daşıyıcısıdır. Şair bunu belə ifadə edir: “Ata sözünü öz dilində çatdırdı bizə Anam”. Bu misra həm milli dəyərlərin, həm də mənəvi irsin qorunmasında ananın rolunu açır. Əslində ata ocağının da, ana dilinin də övlad şüuruna hopdurulmasında məhz ananın mövqeyi həlledici olur:

Ata sözünü cejimlərə toxuyub,
Xurcunlara doldurdu Anam…
Övladlara sovqat olsun deyə…
İlmə-ilmə, fərş-fərş, xalı-xalı
Gözümüzün önünə sərdiyi dünyanın
İpliyi, yunu olduğunu anlatdı Anam…

Zaur Ustacın “Anam” şeiri yalnız fərdi hisslərin təzahürü deyil, həm də kollektiv yaddaşın poetik inikasıdır. Burada ana obrazı təkcə şairin anası deyil, bütövlükdə Azərbaycan qadınının simvoludur. Hər bir oxucu bu şeirdə öz anasını görə bilir, öz həyat yolunda aldığı sevgi və qayğını xatırlayır:

Ərşi ərişlərə köçürdü,
Zəmini bükdü dükcələrə…
İpin ucunu biləyimizə bağladı,
Kələfin ucunu itirməyək deyə…
Bir nişanı min dəfə kirkidlədi,
Qulağımızda sırğa olsun deyə….
Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam…
Simgə-simgə, damğa-damğa
Anamın arğacından keçdi dünya…

Maraqlıdır ki, şeirin bədii yükü sadə sözlər üzərində qurulsa da, dərin fəlsəfi məna daşıyır. Bu da şairin poetik gücündən xəbər verir. Sadə məişət sözləri – palaz, gəbə, naxış – yüksək poetik assosiasiyaya çevrilir. Beləcə, şair oxucunu gündəlik həyatın içində gizlənən əbədiyyətə aparır:

Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…

Nəticə olaraq demək olar ki, “Anam” şeiri həm milli, həm də bəşəri dəyərlərin poeziyada təcəssümüdür. Zaur Ustac burada ananı sadəcə ailənin mərkəzi kimi deyil, həm də xalqın yaddaşı, sözün qoruyucusu, mənəvi varislik simvolu kimi təqdim edir. Bu baxımdan şeir yalnız ədəbi əsər deyil, həm də publisistik gücə malik bir çağırışdır: ananı sevmək, onu ucalıqda tutmaq, onun verdiyi dəyərləri yaşatmaq.

Zaur Ustacın “Anam” şeiri əsas türk dillərinin əksəriyyətinə uyğunlaşdırılmaqla yanaşı alman, ingilis, ispan, fransız, rus və digər əcnəbi dillərə də tərcümə olunaraq yayımlanmışdır.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı – Ziyadar

Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı – Ziyadar

Ədəbiyyat tarix boyu bəşərin yolunu işıqlandıran bir çıraq olub. Xüsusilə poeziya insan ruhunun ən dərin qatlarına enərək həm fərdi, həm də milli kimliyi ifadə edir. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Adından da göründüyü kimi, kitab yalnız bir şeir toplusu deyil, həm də yol göstərən, istiqamət verən, milli-mənəvi dəyərləri qoruyaraq, gələcəyə daşıyan mənəvi ulduz – işıq (çıraq, mayak) rolunu oynayır.

“Sevgi dolu şeirlər” kitabı oxucuya bir mesaj verir: insan öz yolunu itirməmək üçün mənəvi ulduzlarını, onların göstərdiyi yolu (saman yolunu – işıq yolunu, sevgi yolunu) unutmamalıdır. Bu yol göstərən (Ziyadar) ulduz (ulduzlar) – ziya bəzən Vətəndir, bəzən ana dili, bəzən də şəhidlərin ruhu, milli yaddaş və tarixi mirasdır. Zaur Ustacın poeziyası yalnız estetik gözəlliyi ilə deyil, həm də məzmun yükü ilə seçilir. O, oxucunu düşündürür, həm də yol göstərir:

Dünyanın təməli sevgidir, gülüm!
Dərdin, ah-nalənin özü də sevgi…

Kitabda müəllifin poetik üslubu sadə, lakin dərin məna ilə yüklənib. Şeirlərdə müasir insanın qarşısında dayanan mənəvi böhranlar, milli kimliyin qorunması ehtiyacı, bütövlük arzusu ön plana çəkilir. Zaur Ustac bir tərəfdən klassik ədəbiyyatın zəngin ənənələrindən faydalanır, digər tərəfdən çağdaş dövrün ictimai-siyasi reallıqlarını şeir dili ilə ifadə edir. Bu isə əsərə həm publisistik kəskinlik, həm də bədii zəriflik qatır:

Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…

“Sevgi dolu şeirlər” kitabı həm də bir ədəbi manifest kimi qəbul oluna bilər. Burada yalnız fərdi duyğular deyil, həm də milli amal, vətəndaş məsuliyyəti, bəşəri dəyərlərə sədaqət özünü göstərir. Müəllifin şeirləri oxucuya bir növ çağırışdır: özünü tanı, kimliyini unutma, milli ulduzunu yol göstərici kimi qəbul et!

Publisistik baxımdan əsərin gücü ondadır ki, o, yalnız poetik mətnlərdən ibarət deyil, həm də cəmiyyətin problemlərinə işıq salır. Müasir insanın qarşısında duran ən böyük sual – “haradan gəlirik və hara gedirik?” – kitabın ideya xəttində daim öz əksini tapır:

…sevin ki, seviləsiniz…

Bu baxımdan “Sevgi dolu şeirlər” həm ədəbiyyatsevərlər, həm də gənc nəslin milli-mənəvi tərbiyəsi üçün qiymətli qaynaqdır.

Hər misrası bir nümunədən, bir ibrətdən, bir dəvətdən ibarət olan Zaur Ustac bu çağırışları ilə sübut edir ki, şair yalnız qəlbin sözçüsü deyil, həm də cəmiyyətin vicdanıdır. Onun “Sevgi dolu şeirlər” kitabı da məhz vicdanın, haqqın, həqiqətin işığını oxucuya təqdim edir.

Bu məqamda istər-istəməz kitab haqqında olan Vqif İsaqoğlunun – “Sevgi dolu şeirlər”in işığında yazısını xatırlamalı olursan… Başdan-ayağa bu müqəddəs işığın tərənnümünə həsr olunmuş yazının sonluğu belədir (olduğu kimi):

“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz  tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?

Bu kitabı oxumaq sadəcə poeziya zövqü yaşatmaq deyil, həm də bir istiqamət, bir yol, bir missiya qazanmaq deməkdir.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

1722-ci il 15 iyul tarixli Azərbaycan dilində sənəd

I Pyotrun manifesti — Rusiya imperatoru I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü zamanı Azərbaycan dilində yürüşün “məqsədləri” ilə bağlı yerli əhaliyə müraciətinin əks olunduğu 1722-ci il 15 iyul tarixli sənəd. Çarın tapşırığı ilə Həştərxanda Kantemir tərəfindən yazılmışdı.

H.Ə. Dəlilinin qeydinə əsasən “Rusiyanın xarici siyasət arxivində mühafizə olunan sənədlərin tədqiqi göstərir ki, о (Manifest -red.) ancaq bir dildə (Azərbaycan dilində) çıxmışdır”.

” Pyotr-i əvvəli ibn-i Aleksey, Rusiya padşahı.

Be-oni-rəbbani və qüdrəti-i cahandani ilə biz Petros, əvvəlki imperator-i təvaif-i Rus, Xüddar-i Ərzin-i məmalik-i şimalein, toluvəl-zəval vəl-nisf-əl-nəharın padşah-i əl-bərrin və xaqani-əl-bəhreyn, dəxi sair və neçə sair padşahlıqların və hökumətgahların hakimi və malikanə buyuruqcusu.

Şövkətlu və əzəmətli və səadətli, mühübbümüz və qədimi dostumuz şah-i məhabətli ulu alicah həzrətlərinin hökumətində və xidmətində olan izzətli və hörmətli süpəhsalarlar, xanlar, qorçubaşılar, ağalar, tüfəngçilər, topçubaşılar və bəylər, bəkiyan-i gul və sultanilər, vəzirlər və sair zabitlər və nəfəratın yüz min nəfəri və yüzbaşıları,.. ilə salam və səlamət diləklərimizi bildiririk ki, rəfi-i humayunumuz vasitəsilə sizə məlum olsun.

Bu, rəbbimiz İsa Məsihin miladi min yeddi yüz iyirmi birinci ilində və hicri min yüz otuz dördüncü sənəsində yazılmışdır. Şövkətlu, əzəmətli və məhabətli ulu dostumuz və ərzand qonşumuz şah-i alicah-i məmalik-i ərazi-i Pars və Əcəm həzrətlərinin təxt-i təsərrüfündə olan ləzgi vilayətinin zabiti Davud bəy və Qazıqumuq əyalətinin hakimi Surxay нам кимсәнәләр ол тәрәфдән әҹнас-и мүхтәлифдәни нечә фитнә әнкиз лалиләр, Јанларинә ҹәм едүб мазкур шаh-и алиҹаh достумуз һәзрәтләринин үзәринә баш галдырыб вә гәбзе-је тәсәррүфүндә олан мәмләкәт-и Ширван әјаләтиндә шәhр-и Шәмахијә hәмлә hүҹум вә сил-и Сејф едуб.

Şah dostumuz hәзрәтләринин неҹә адәмләрини һәлак ејләдикләриндән мәнада тәрәф-и алијәләримиздән дәхи тәвајифи русдан әһд-и намеји һүмајунләримиз мөвҹибинә мәнадә гәдим үзрә бәләдеји мәзбурәдә тиҹарәт илә варуб кәлмәк олә (ола) ҝәлмишләри соҹымыз (соҹымсыз) кунаһсыз била мәрһәмәт гәтл вә малларини ки нүгуд ҳисабы үзрә мәҹмуи дорт јүз кәррә јүз бин рублијә гәриб гарәт вә талан тараҹ ејләмишәр вә хүсусән ки әсна-је падшаһнәмизә әкс-и әһд-и һүгугә вә ихтилал вә дад ситадә гәт вә инсур (сүнүр) ејләдикләри әҹилдән тәрәф-и Әлје-ји хош рәванимиздән Аləzdərxan (Həştərxan-red.) валиси олан мәскур зорба башчыларина ит-мам-и һәг үчүн нечә дәфә рисаләтилә достумуза мүкәррәрән мәһәббәт намәмиз илә мүстәгил елчимиз ирсал вә мәсуурун зорбаләрин һәгиндән кәлимәк вә шәр-и шәрәфилә иҹрај-и һәг олунмаг үчүн теләб олундугда тәрәф-и шовкәтләрендән исте маимыз үзрә һәгләриндән кәлмәк вә итмам-и һәг олунмаг үчүн худ Мурад олунмушкән анчаг мüмкин олмадығы сәбәбилә бу анә дәк ог тәхир олунуб.

Әсла бир һәрәкәт бүүрүлмади имди чүн белә дәхи ол бәд кирдарләрин зүлмүғдән би-зидем рус тәвајифинин малына вә әрзи нүгсанлыгларына истәһгәг-и һәг олунмадығы сәбәбилә бил зарури (зәрури) игтиза ејләдији дәркаһ-и һәггдән нүсrәt-i təzərrә vә niyaz edüb оl аsi vә әhl-i тöğyanlərin üzәrinə әsakər-i zəfər мuəssirimizlə bilzat hərəkət-i humayunimiz оlub rəbb-ul aləmindən mərcu varmızdır ki, in şa Allahi təalа silahi salahımız ilə bu məqulа тәрәфиндә ziyankar vә muzurr vә fəsada bais olan јaramazların möhkәm hәqlәrindәn qәlinib vә iтмам-и hәq icrа olunub әməllərinə görə cəzaların bulәләр…”

Tam versiyası Hüseyn Dəlilinin, “Azərbaycan-Rusiya münasibətləri fars və Azərbaycan dilli sənədlərdə” kitabında.

P.S. Kitabda bu məktuba şərh verilib və istifadə olunan sözlərin izahları verilib.

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AQİL İMAN UNUDULMAZLIĞI

Fotoda: Aqil İman

AQİL İMAN UNUDULMAZLIĞI

İllər ömrümüzdən səhra qumları kimi sovrulduqca, xatirələr keçən günlərə yol almış qoca yolçu kimi – gah dumana düşür, gah da çiskinə. Adam keçən günlərin xiffətini çəkə-çəkə qarşıdakı yol bir az da uzanır. Sonda xatirələrin işıq gələn tərəfinə yeriyib toxtaqlıq tapırsan.

İllərdi ürəyimin başında əzizlədiyim xatirələrim var ki, onlar mənim ilə üz-üzə könül sirdaşı, ömür-gün yoldaşıdır. Yetmiş ildir o xatirələrlə qol-boyun olub, dağlı, aranlı ömür eləyirəm. Yaşımın bu çağında o xatirələr səf çəkib qoşun kimi üstümə gələndə, görürəm – lələ köçüb, yurd ağlayır… Sağa-sola səpələnən ömrümün çoxu gedib, azı qalıb. Dağlar qoynunda doğulduğum yurd yeri – Göyçə mahalı əsirlikdə göyüm-göyüm göynəyir. Ruhu başımın üstündə pərvanə kimi dövr eləyən atam Həsən Xəyallının məzarı məchul bir nisgilə çevrilib. Hər sözümə “can” – deyən dostlarımın, doğmalarımın əksəriyyəti candan olub, əbədiyyətə qovuşublar. İndi özümə təsəlli vermək üçün baxıram – bir dərd, bir də məni əlli ildi dillərdə söz eləyən bu qara qələm qalıb.
Dərd haqqında çox yazılıb, yazılacaq da! Dünya dərddən xali deyil, yaranmış binnət olandan var; özü də yekəsindən. Dünyadan dilgir getmiş Aqil İmanım yaxşı deyib:

İman, ömür adlı qurduğun daxma,

Yüz tufan görəcək, min şimşəkçaxma,

Üzü dönük olan sevincə baxma,

İztirab insanla ömürlük olur!

Bilmirəm haradan düşdü yadıma İmanın bu müdrik misraları. Xeyli vaxt idi unutmuşdum yaddaşımda utancaq-utancaq boy göstərən bu qənirsiz misraları. Kim bilir, bəlkə də İmanın ruhuydu pıçıldayan gözəgörünməzin lütfi kimi bu poeziya örnəyini…

Harada İmanın şeirini, sözünü eşitsəm ayaq saxlayıb keçən günlərimə boylanıram: Hörük-hörük uzanan yarğanlı dərələr, “qüdrətdən səngərli, qalalı dağlar”, quşqonmaz zirvələr, güllü-çiçəkli laləzarlıq canlanır xəyalımda; qartal qıyı, kəklik qaqqıltısı, bülbül cəhcəhi ötür qulağımda; sürü yaylaqdan enir, elat yaylağa köçür, imran dilli aşıqların hərbə-zorbası başlayır; qara zurnanın şirin nəvası vahiməli zağalarda əks-səda verir; Uzaq-uzaq toy mağarlarından kədərə culğaşıq bir səs – Füzuli-Ələsgər sözünün sehriylə şahə qalxır. Bunları heç də səbəbsiz xatırlamadım. Saydığım təbiət komponentləri və mühitin formalaşdırdığı ədəbi-bədii dəyərlər Aqil İman poeziyasında sözlə reaksiyaya girərək, üzvü şəkildə tərrənnüm olunur. Aşıq gördüyünü çağırar – deyib ərənlərimiz. Tifil İman neyləsin? Göyçə kimi qutsal dəyərlərə malik bir məkanda doğulub, sazla yatıb, sözlə oyanan kəsi başqa cür təsəvvür etmək də mümkün deyil. Gördüyü bütün gözəlliklər qanadlı ilham iksiri içirmişdi bu bənövşə nəfəsli şairə. Ona görə də hər söz, hər misra köksündə nəhr kimi çağlayırdı. Bu çağlayışın özündə də sirli-sehrli bir ofsun vardı:

Dözmək olar dözüləsi beş ilə,

Beş – dedim qorxuram bağrım deşilə!

Bu sevgini mən udanda “şeş” ilə,

Gəlib sənin “yek” atıbdı həsrətin.

Bu şeir bir el gözəlinin həsrət ağrılarının qırmancından yaranıb. Eyni zamanda bu şeirdə bir şair də doğulub. Burada işlədilən “beş ilə”, “deşilə”, “şeş ilə” qafiyələri o qədər sadə və təbiidir ki, şairin qanadlı ilhamı ipək dilinin elastikliyindən xumarlanır, qafiyənin gətirdiyi fikir gözəlliyi ekstaz yaradır, poetik ecaza çevrilərək dilin cazibəsində cizginir. Hər misra arasında sözlər sanki əl-ələ verib rəqs eləyir. Belə şeirin havasına kim oynamaz ki?

Aqil İmanın şeirlərini hansısa dəftərdən, kitabdan oxuyub əzbərləməmişəm. Yaddaşıma köçənlər onu sevənlərin dilində yağa – bala dönən misralarıdı. Bütün misraları bulaq suyu ilə “qüsullandığından” pak-pakizə şeirləri asanca yaddaşlara köçürüb onu. Bir də ki, mən onun şeirlərini haradan oxuya bilərdim ki? Bir dəfə də olsun qəzet, jurnal redaksiyasının qapısını döyüb – “mən şairəm, şeirimi çap edin” – demədi qəbri nurla dolmuş. Eləcə qəlbinə gələnləri hamıdan gizlicə saxladığı öz könül dəftərinə yazdı … Özünü “həvəskar” adlandırdığından mətbuatdan qaçaq oldu. Ona görə də bugünkü oxucu auditoriyası və media üçün bir qədər pünhan qaldı Aqil İman imzası. Bütün bunlara rəğmən özündən xəbərsiz İman elimizin, obamızın dildə əzbər şairlərindəniydi.

İman sözün – ədəbiyyatın içində doğulsa da, şeirlərini həmişə ədəbi prosesin “çölündə” yazırdı. Bu məchul çöllükdə nə geniş oxucu kütləsi, nə də ədəbi tənqid var idi onunçün. Aqil İman adlı bir saz dəlisi, söz sevdalısı var idi ki, o da bircə onun ürəyinin “səsinə” qulaq asırdı. Çünki şair Aqil İmanın ən yaxşı oxucusu da, tənqidçisi də elə müəllif Aqil İmanın özüydü. Yetərdi ki, yazsın. Yaza-yaza ürəyindəki tikanı çıxarıb mənəvi rahatlığına qovuşsun!

İman gənc olmasına baxmayaraq ilk görünüşdən qərinələri yorub-yortmuş bir tale adamını xatırladırdı – vədəsiz ağarmış saçları, çatılmış qaşlarının arasında sevincini qucaqlayan kədər düyünləri və şeirə oxşayan şairanə məsum baxışları… İmanla bağlı xatirələrim o qədər şirindi ki, onu düşündükcə xəyallarım, yazdıqca qələmim, danışdıqca dilim ballanır ağzımda. Çünki İman özü şirin adamıydı – xatirələri, şeirləri kimi.

1989-cu ilin yanvar ayının şaxtadan qılınc qurşayan bir vədəsində unudulmaz şairimiz Hüseyn Arif başının dəstəsi ilə qonağım idi. Göyçəlilərin sevimlisi kimi 1988-ci ildə Göyçədən qaçqın gələn soydaşlarımıza yoluxmağa gəlmişdi bizim kəndə. Görüşün rəsmi hissəsi başa çatandan sonra bədii hissəni bizim evdə keçirdik. Məclisdə iştirak edən kənd ağsaqqallarının, xüsusən Fəzi əmimin (Qəmgin Fəzi) məsləhəti ilə məclisi İman aparası oldu. Bu təklif doğrusu mənim də ürəyimdən idi. Çünki Hüseyn Arif yaradıcılığını İman yaxşı bilirdi, həm də gözəl natiq idi. İlk çıxışından hiss etdim ki, Hüseyn Arifi İman ovsunlayıb. Onun Hüseyn Arifin şeirlərini əzbər deməsi, yaradıcılığının məzmunu və mahiyyəti haqqında (xüsusən “Dilqəm”, “Yolda” poemaları və Aşıq Alı yaradıcılığına diqqəti, qayğısı haqda) geniş və məzmunlu çıxışı, Göyçə ədəbi məktəbinin nümayəndələrini dəqiq təhlillərlə xarakterizə etməsi Hüseyn müəllimi heyran qoymuşdu. Məclisin şirin yerində Hüseyn müəllim üzünü mənə tutaraq özünəməxsus incə bir tövrlə – ay Şiruyə, başın haqqı, bu oğlan şair kimi danışır – dedi. Məclis əhli də yerdən təsdiqlədilər ki, bəli, bu oğlan şairdi. İman şeir yazmağını nə qədər gizləməyə çalışsa da, ağsaqqalların və Hüseyn Arifin təkidi ilə bir neçə şeirini oxuyası oldu. Şeirlərini dinləyəndən sonra Hüseyn müəllim İmana bir könüldən min könülə vurulmuşdu: “Başın haqqı, eynən mənim dilimdi sənin şeir dilin,”– deyib o, İmanı özünə bir az da doğmalaşdırdı. Hətta bir neçə şeirini yazıb götürdü ki, Bakıda çap etdirsin. Amma sonralar nədənsə o şeirlərdən bir səs-soraq çıxmadı… İmanın mühəndis olduğunu biləndə Hüseyn müəllim yenə öz zarafatından qalmadı: “Sən hazır alimsən, şairsən, oğul, burax o tikintinin başını, səndən “injiner” olmaz. Gəl Bakıya, mən də kömək edəcəm, müdafiə elə, alim ol. Özün də ki, mənim yaradıcılığımı yaxşı bilirsən…”

İndi xəyal burulğanında çabalaya-çabalaya ruhunun ətri hopmuş saralmış vərəqlərdə və yaddaşlarda hifz olunan şeirlərini oxuyuram İmanın. Allahın ona yazmış olduğu tale yazısı kimi… Səmimi hisslərdən, zərif düşüncədən, emosiyadan yoğrulan bu misralar zamanın İmana vermiş olduğu suallara ən tutarlı cavabıdı. Şeirimizin ulu dədəsi Füzuliyə ünvanladığı silsilə şeirlərdə günümüzün bütün təbəddülatlarına poetik bir rəng qataraq qaynar ilhamı sayəsində aydınlıq gətirib. Cahillik, cəhalət, haqsızlıq girdabında inildəyən bir xalqın dərdini onu sevənlər belə yaza bilər ancaq:

Haqqı boğazından asdırıbdılar,

Qəbrini dərindən qazdırıbdılar,

Yalan ayağında basdırıbdılar,

Can verib öləndə həqiqət, baba!

Və yaxud:

Salamını almayana,

Salam da vermişəm, baba!

Bu səmimi və səmimi olduğu qədər də ağrılı etiraf – zamanın qovğaları ilə yaşayan həssas bir şair ürəyinin mübariz döyüntüləridi.

İman təbiətin kövrək bir vədəsində doğulmuşdu – 1958-ci ilin dekabr ayında. Taleyi də, ömür yolu da elə payız fəslinə bənzəyirdi. Adını atamız Həsən Xəyallı adlar içində əzizlədiyi könül dostu, nakam taleli böyük Növrəs İmana ehtiram əlaməti olaraq İman qoymuşdu. İndi Aqil İmanın şeirlərini oxuya-oxuya həm də Növrəs İmanı xatırladım. Çünki, Növrəs İmanla Aqil İman poeziyası arasında coğrafi bağlılıqla bərabər, bir ruhi bağlılıq da hiss etdim. Nədənsə taleyin sərt sınaqları bu iki ömrügödək şairi sevincdən qabaq “muştuluqlayıb” həmişə. Bir də ki, Aqil İmanın poetik yaddaşında, nəfəsində Miskin Abdal, Aşıq Alı, Ələsgər, Məmmədhüseyn, Həsən Xəyallıyla bərabər Növrəs İmanın da təsirinin olması təbiidi. Çünki Aqil İman Göyçənin milli və mənəvi dəyərlərini varlığında yaşadan ənənəyə bağlı oğuz türküydü. Məzmun və mahiyyəti yeni bir düşüncəyə modifikasiya etməklə əksər şeirlərində klassik ənənəni – formanı qoruyub – saxlamağa çalışmışdı. Növrəs İmanla Aqil İman poeziyasında bir oxşar cəhət də var ki, o da gələcəkdə olacaq hadisələri (xüsusən həyatdan tez köçmələri haqda!) təhtəlşüur olaraq yazmalarıdı. Yazıqlar olsun ki, mən də daxil olmaqla İmanın şeirlərindəki, gizli eyhamların sağlığında heç birimiz fərqində olmamışıq. Bilsək, neyniyəcəydik ki, guya? Şeirdi də yazmışam – deyib alovumuzun üstünə su ələyəcəkdi yəqin ki… Amma bir şeirinin iki misrasında özü hər şeyi nişan verib, mənim demək istədiklərimi deyib:

İman çəkən zülüm təkdi, əzab tək,

Bağlı qaldım oxunmamış kitabtək.

Amma mən indi demək istəyirəm ki, yox, Aqil İman, sən bağlı qalmadın. Qılman, Araz kimi ocağının od qoruyanları səni sevən könüllərdən misralarını ağız-ağız toplayıb, saralmış vərəqlərdəki şeirlərini çinləyib, dəstələyib bağlı qalan istedadını bacardıqları qədər açmağa nail oldular.

29 avqust 1996-cı il… O günü xatırlamaq istəməsəm də, amma nədənsə hər İman adı gələndə tez-tez xatırlayıram. Həmin gün heç kimin yadına düşüb, ağlına gəlməyəcək bir iş oldu – İmanın ürəyi qəfil susdu. Bir anın içində kabus kimi bütün el-obanı ağzına aldı bu qara xəbər. Heyrətindən bu xəbəri eşidənlər “kar”, görənlər isə “kor” olmuşdu. Heç kim eşitdiyi xəbərə inanmaq istəmir, vaxtsız gələn bu əcəl payını İmana yaraşdırmırdı. Avqust ayı isti olmağına baxmayaraq, təbiət də İmanın bu vaxtsız itkisinə yas saxlayırdı. Günün günorta çağı göy üzü qapqara dolmuşdu. Külək bağrını yaran bulud az qalırdı ki, hönkürüb leysan ələsin. Əsən xəfif meh qohumların, dostların çəkdiyi naləyə, dediyi ağılara qoşulub İmanın vaxtından tez ağarmış gümüşü saçlarına sığal çəkirdi. İndi hər o günü xatırlayanda İmansız günlərimi bayatıya çevirib öz-özümə gümüldənirəm. Əgər buna gümüldənmək demək olarsa:

Sərrafam, İman dərdi,

Din dərdi, iman dərdi,

Gözümnən suvardığım,

Gülləri İman dərdi.

Sərrafam, qardaşı yar,

Yar olsun, qardaşı, yar!

İman odumu görsə –

Quzeydən qar daşıyar.

İmansızlıq əzabımı nə qədər sözə çevirməyə çalışsam da, elə hallar olur ki, söz də bəzən əzaba çevrilir. Həyatda axtarıb tapa bilmədiklərim kimi…

Ürəyimdə o qədər dərdlər var, bilmirəm hansını yazım, hansını yazmayım. Haradan başlayım, harada qurtarım. Dərd andır da ki, nə çəkməklə, nə də yazmaqla qurtarır.

Hər dəfə dünyadan vaxtsız getmiş doğmalarımın – qardaşlarım Nəbinin, İmanın, qoşalaşmış məzarlarını ziyarət edəndə deyirəm: Bezdinizmi mənə arxa-dayaq olmaqdan? Ürəyimin infarktı, gözlərimin yaşı olmağa nə tez tələsdiz? Bu suallar ətrafında daşa dönmüş şəkilləri ilə pərişan-pərişan söhbət edib sonda ürəyimdə göyərən bu misralarıca ağ kağıza pıçıldaya bilirəm:

Dərdinizi çəkəmmirəm,

Dərdi daşan qardaşlarım.

Qızılquştək qanad çalıb,

Dağlar aşan qardaşlarım.

Tez solan bostan oldunuz,

Qohumdan, dostdan oldunuz.

Dilimdə dastan oldunuz,

Dastan qoşan qardaşlarım.

Boğdu məni bu qəm, qəhər,

Suyum zəhər, havam zəhər.

Cazibəmdə axşam, səhər,

Hey dolaşan qardaşlarım.

Gözlərimdə yaşa döndüz,

Uçub gedən quşa döndüz.

Bir cüt dilsiz daşa döndüz,

Qoşalaşan qardaşlarım.

İzi qalan bu daşlarda,

Sözü qalan sirdaşlarda,

Ürəklərdə, yaddaşlarda,

Qayalaşan qardaşlarım.

Ömrü cavan, fikri ahıl,

Dili şirin, dolğun ağıl.

Sədaları dastan, nağıl,

Təbi coşan qardaşlarım.

Hey baxdıqca başdaşına,

Dönürəm qəm sirdaşına.

Şiruyənin göz yaşına,

Ay, yaraşan qardaşlarım.

Fotoda: Sərraf Şiruyə

Nə yaxşı ki, Aqil İman itkisini dərin düşüncəli şeirləri ilə bizə unutdurmağa çalışan, atasının poetik nəfəsini yaddaşında, adını təxəllüsündə yaşadan, ədəbiyyatımızın işıqlı nümayəndəsi Qılman İmanımız var.
Aqil İmandan bu dünyada xoş əməlləri ilə bərabər özünü və sözünü sevənlərə qara sazın laylası qədər həlim, kövrək şeirləri, bir də mənzilinə yetilməyəcək upuzun həsrəti qaldı.

2012-ci il

Müəllif: Sərraf Şiruyə

SƏRRAF ŞİRUYƏ HAQQINDA

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZƏMANƏMİZİN HACI ZEYNALABDİNİ

ZƏMANƏMİZİN HACI ZEYNALABDİNİ

“Mən bu cahan mülkündə mütləq
Doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm,
Özgə babət görmədim
Sahibi-zərdə kərəm yoxdur,
Kərəm əhlində zər,
İşlənən işlərdə ehkamü-ləyaqət görmədim”..

Gözəl deyib dahi şairimiz Molla Pənah Vaqif..Bəli, əliaçıqlıq, səxavət, comərdlik, gözəl mənəvi keyfiyyətlər Uca Allahın insanlara bəxş etdiyi nadir insani keyfiyyətlərdəndir. Eləcə də, maddi imkan da bu dünyada hamıya qismət olmur biz bilirik ki..Lakin bu fani dünyada bir də görürsən elə xəsis, elə aşağı insani keyfiyyətli insanlarda olur mal varlığı ki, nəinki yadlar, öz doğmasına belə qıymır, həm də haram yollarla əldə olunur..Bəzən də baxırsan kasıb insandır, amma ürəyi dağ boydadır ki, məhdud imkanları ilə çalışır ki qarşısında açılan əlləri boş qaytarmasın..Bu dünyaya boş yerə fani dünya demirlər..Bu dünyada balanslaşdırılmamış, tarazlaşdırılmamış çox şeylər var..Gecikən, bəzən yox olan ədalət, layiqini tapmamış insanlar, kərəmi olub zəri olmayanlar, zəri olun kərəmi olmayanlar..Amma hər şey biz düşündüyümüz qədər də deyil..Bəzi insanlar var ki, həqiqətən onların varlığı bu dünya üçün möcüzə kimidir..Türklərin bir sözü var: “Bu dünya dönüyorsa, sizin gibi insanların yüzü-suyu hürmetine” Haqqında bəhs edəcəyim Vilayət İsgəndərov Cavanşir oğlu bu dünyanın hələ də yaşamağa dəyər olduğunu, dünyanın yaxşı, xeyirxah insanlardan xali olmadığının yaşayan sübutudur. O, heç vaxt var-dövlətin əsiri olmadı. Zəhmətlə qazandı – səhərin alatoranında oyanıb, alnının təri ilə işlədi. Hər tikə çörəyi, hər qəpiyi halalından tapdı. Amma bildi ki, çörəyin duzu paylaşanda artır, bolluq yalnız süfrədə deyil, ürəklərdə də olmalıdır. Xeyirxahlığı ilə yanaşı eyni zamanda da təvazökar olan Vilayət bəyə, gördüyü ucsuz-bucaqsız xeyirxah işlərə çoxdan bələd olsaq da, gördüyü işləri kiçik bir yazı ilə qələmə almaq təklifimə israrla yox deyirdi. Nəhayət, uzun xahişlərdən sonra necə deyərlər “saqqızını oğurlaya” bildik. Evində qonaq olduğumuz gün (eyni zamanda da özü də, ailəsi də çox qonaqpərvərdirlər) yol boyu gördüyü işlərin kiçik bir hissəsini bizə anlatdı. Amma həqiqətən çox kiçik bir qismini. Vilayət bəy “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipi ilə yaşadığı üçün paylaşdığım işlərin onun etdiyi xeyriyyəçiliyin kiçik bir qismi olduğunu təkrarən nəzərinizə çatdırıram. Amma natamam da olsa, aldığım bu informasiyanı sizinlə paylaşmağı özümə borc bilirəm. Çünki, xeyir işləri, yaxşı hadisələri mümkün qədər paylaşmağa üstünlük verirəm ki, gənclərə örnək olsun.

İlk öncə, onun 44 günlük müharibə dövründə milli ordumuza göstərdiyi xidmət və dəstəkdən danışmaq istəyirəm. 27 sentyabrda müharibə başlanan kimi ordumuz, əsgərlərimiz üçün narahat olan Vilayət bəy 1 həftə dözmür, oktyabrın üçü kəndin içinə çıxaraq ordumuza, əsgərlərimizə dəstək olmaq haqqında təbliğat aparır, daha sonra özü gedib 10 dəst isti paltar, 150 çeçenka papaq, 250 cüt isti corab, külli miqdarda azuqə, su, şirə, siqaret, şirniyyat alaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində qərargaha təhvil verir. Vilayət bəy yaşadığı kənddən və qonşu kənddən səfərbərliyə düşən 39 əsgərdən biri şəhid olur – Xəyal Salamov. Allah rəhmət eləsin. Digər əsgərlər müharibədən qayıdan kimi Vilayət bəy bir el ağsaqqalı olaraq hər birinin evinə gedir, bir ata sevinci ilə hər birinin üz-gözündən öpüb bağrına basır, hədiyyə olaraq cibxərcliyi verir. Hətta valideyn himayəsindən məhrum iki əsgərin qapısında qurban kəsdirir .. Vilayət bəyin gözünün aman-zaman yeganə oğlu da səfərbərliyə gedənlərin içində olub və şərəflə, mərdliklə döyüşüb.
Vilayət bəy Birinci Qarabağ müharibəsində də ordumuza dəstək göstərib, Vətən üçün canlarından keçən şəhidlərin də xatirələrinin əbədiləşməsində öz maddi vəsaiti hesabına əlindən gələn dəstəyi göstərib. Şəhid Natiq Rüstəmovun (1973-1994) xatirəsinə doğma kəndi Abdulabad kənd məktəbinin həyətində büst qoydurub. Daha sonra məktəb binası istifadəyə yararsız hala düşdüyü üçün yeni məktəb tikilib və abidənin oraya daşınmasını təklif ediblər. Vilayət bəy isə buna kəskin etiraz edərək yeni məktəb binasının həyətində şəhidə yenidən abidə qoydurur. Belə ki, şəhidin ruhunu incitməmək üçün köhnə abidəyə toxunmağa qoymur..
Şəhidimiz Ağayev Ədalət Ağaqardaş oğluna (1970-1992) abidə qoydurmağı özünə mənəvi borc hesab edən Vilayət bəy maneə ilə üzləşir, abidə qoyulmasına icazə verilmir. Bundan ötrü Bakıya gedərək, Elçin Əfəndiyevin qəbuluna girir və eyni zamanda Nazirlər Kabinetindən icazə alır və böyük səy hesabına qəhrəman şəhidimizə Kolanı kənd məktəbinin həyətində abidə ucaltdırır.

Bunlardan başqa yaşadığı kəndin, ətraf kəndlərin, ümumilikdə rayonun abadlaşması da ürəkdən canfəşanlıq edən Vilayət bəy quraq, şoran Mil-Muğan torpaqlarının yaşıllaşmasında, abadlaşması da mühüm rol oynayıb. Təkcə 10 hektar ərazidə 2472 ədəd müxtəlif meyvə ağaclarından ibarət mədəni meşə sahəsi saldırıb və şəxsi vəsaiti hesabına suvarma işlərini də boynuna götürüb. Əkdiyi hər ağac, hər fidanla yenidən yaşama sevinci oyanan, fərəh hissi ilə onları seyr edən, bəsləyən Vilayət bəy öz balasını böyüdən kimi bu ağacların böyüməsindən də mənəvi zövq alır..Hər il getdikcə korlanan iqlimin, artan quraqlığın fonunda “Planetimizin ağciyərləri”nə öz töhfəsini verən qəhrəmanımızın gördüyü işlər o qədər dəyərli və əvəzsizdir ki..Bəziləri səfalı, gur sulu, yaşıllığı ilə göz oxşayan rayonlarda yaşayıb, el təəssübü çəkməyib, meşəbəyidən gizlin yaşıl ağacları öz şəxsi evi, rahatlığı üçün balta ilə doğrayan, yaşıllığa xeyri olmayıb, ziyanı olan şəxslərlə müqayisədə şoran torpaqlarda cənnət yaradan Vilayət bəy çox-çox ucalardan dayanır. Əminəm ki, gənc nəsil ondan örnək götürərək onun əməllərini davam etdirəcək..
Vilayət İsgəndərov öz hesabına Mir Ələkbər ağa Şirvani türbəsini də 6 ilə inşa etdirib. Orada Mir Ələkbər Ağanı ziyarət etmək istəyənlər, qurbanlıq qoyun kəsmək istəyənlər üçün hər bir şərait yaradılıb. Bir qədər aralıda isə səfalı bir söhbət gah tikdirib ..
Vilayət İsgəndərovun xeyirxah əməlləri bunlarla bitmir. O günümüzün qəhrəmanı, el ağsaqqalı, el təəssübkeşidir. El-obası, Vətəni üçün əlindən gələndən artığını edən Vilayət bəy bu dünyada cənnəti qazananlardandır..Kaş ki hər kəs onun kimi ola..Onun üçün birinci planda eli, obası, həmvətənləridir. Xalqımızın övladlarını öz övladlarından ayırmayan Vilayət bəy daima kasıblara, şəhid, qazi ailələrinə əl tutur, qızı gəlin köçən imkansız ailə ilk növbədə ona üz tutur, kim dara düşdüsə, həqiqətən ehtiyacı varsa, bir ağsaqq kimi Vilayət bəyə müraciət edir.. Öz halal zəhməti ilə dolanan Vilayət bəy bacardığı qədər kömək üçün gələni əliboş qaytarmır, öz təşəbbüsü ilə xeyir əməllər edir. Bu qədər məziyyətlərin qarşısında çox sadə, təvazökar, lütfkar bir insan olan qəhrəmanımıza öz adımdan uzun ömür, cansağlığı arzulayıram, arzu edirəm ki, bu fani dünyada Vilayət bəy kimi insanlar nadir olmasın, çox olsun, eyni zamanda təqdir edilsin..
Türkan Bayramova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, pedaqoq

MƏNIM ÜÇÜN YAXŞI KITAB – ZƏRIFLIKLƏ YAZILMIŞ ƏSƏRDIR

MƏNIM ÜÇÜN YAXŞI KITAB – ZƏRIFLIKLƏ YAZILMIŞ ƏSƏRDIR

Bu günkü həmsöhbətimiz—
İtaliyada yaşayan, Seneqal vətəndaşı tanınmış şair, yazıçı, filosof və humanitar elmlər üzrə professor, beynəlxalq nüfuza malik sənətkar, Beynəlxalq Leopold Sedar Senqor Akademiyasının və eyni adda keçirilən Beynəlxalq Poeziya Mükafatının prezidenti, “Città di Arcore” ədəbiyyat mükafatının təsisçisi, bir çox dünya akademiyalarının üzvü, Fransa Respublikasının “İncəsənət və Ədəbiyyat Cəngavəri” fəxri adına layiq görülmüş Cheikh Tidiane Gayedir.

— Ədəbiyyatın gələcəyi barədə fikirləriniz?…

– Mən 54 yaşımdayam, yazmağa 17 yaşımda başlamışam və həmin yaşda ilk mükafatımı qazanmışam. Dəyişən dünyada yazıçı insanlıqdan bəhs edən mövzulara toxunmaq borcundadır. Məncə, ədəbiyyatın gələcəyi pozitivdir – təki yazarlar ekologiya, ayrı-seçkilik, femisid, irqçilik, müharibələr, sülh, yoxsulluq, istismar və sosial problemlər kimi mövzularla məşğul olsunlar. Ədəbiyyat səsi olmayanların səsi olmalıdır. Ədəbiyyatın gələcəyi bizdən – yazar və şairlərdən asılıdır.

—Yaxşı və Pis – bu gün kim qalibdir?

– Dünyanın bir çox ölkəsində müharibələrin olması – dövrümüzün ən böyük məğlubiyyətidir. Elm və texnologiya vacibdir, amma onlar yetərli deyil. Təəssüf ki, bu gün çox vaxt pislik yaxşılıq üzərində qələbə qazanır. İnsanlıq duyğusu getdikcə şöhrət, sərvət və iqtisadi güc uğrunda kölgədə qalır.
Mən yalnız yazıçı deyiləm, həm də fəal ictimaiyyətçiyəm.
İtaliya boyunca sülhün simvolu kimi Zeytun ağacları əkirəm.

Məncə, şair müqəddəs bir amal uğrunda canını fəda etməyə hazır olmalıdır. Yalnız yazmaq kifayət deyil – hərəkət etmək lazımdır. Əsərlərimiz və fəaliyyətimizlə dünyadakı ədalətsizlikləri ifşa edib, insanlıq və sülh naminə çalışmalıyıq.

— Neçə kitabınız işıq üzü görüb? Oxucular onları haradan tapa bilər?

– İndiyədək 14 kitabım çıxıb – romanlar, esselər və 8 şeir toplusu. Bundan əlavə, bir çox elmi məqalələrim nüfuzlu jurnallarda dərc olunub. Kitablarım əsas onlayn platformalarda satılır və geniş yayılır. Həmçinin, əsərlərim müxtəlif dillərə tərcümə olunub və beynəlxalq antologiyalara daxil edilib.


Qeyd etmək istərdim ki, mən Beynəlxalq Leopold Sedar Senqor Akademiyasının prezidenti, həmçinin Senqor adına Beynəlxalq Poeziya Mükafatının rəhbəriyəm. Dünyada 10-dan çox akademiyanın üzvüyəm. Fransa Respublikasının “İncəsənət və Ədəbiyyat Cəngavəri” fəxri adına və Sülh Səfiri tituluna layiq görülmüşəm.

—Gələcəkdə kitabların taleyi necə olacaq: e-book, yoxsa kağız formatı?

– Yeni texnologiyalar dünyanı dəyişir və biz yavaş-yavaş elektron kitablara da uyğunlaşmalıyıq. Mən artıq bunu edirəm – təsisçisi olduğum Kanaga Edizioni nəşriyyatında hər bir kitab həm çap, həm də e-book formatında oxuculara təqdim olunur.

— 2025-ci il üçün arzunuz?..

– Mən çox oxuyuram və sevimli kitab seçmək mənim üçün çətindir, çünki bir çox müəlliflərlə özümü eyniləşdirirəm – istər italyan, istər fransız, istərsə də ümumən Afrika, xüsusilə də Seneqal ədəbiyyatında.

Mənim üçün yaxşı kitab – zərifliklə yazılmış əsərdir. Mənim “düşüncə bağçamda” bir çox müəlliflər bitir və böyüyür.
Öz kitabımdan tez-tez təkrar etdiyim bir ifadə var:
“Sülh – vəz edilmir, qurulur.”

Söhbətləşdi: Eva Petropoulou Lianou şairə və yazıçı (Yunanıstan)

Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Zaur Ustac və uşaqlar

Zaur Ustac və uşaqlar

Zaur Ustac yaradıcılığında uşaqlar xüsusi bir yer tutur. Onun şeirlərində, publisistik yazılarında, düşüncələrində uşaq obrazı həm təmizlik, həm gələcək, həm də saf sevgi rəmzi kimi təqdim olunur. Çünki uşaqlar millətin sabahıdır, gələcəyin ümididir.

Zaur Ustac üçün uşaqlar təkcə ailə sevinci deyil, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. O, uşaqların təlim-tərbiyəsini, maariflənməsini, milli ruhda böyüməsini vacib sayır. Onun yaradıcılığında tez-tez uşaq dünyasının səmimiyyəti, günahsızlığı, təmiz duyğuları əks olunur. Bu baxımdan, o, uşaqları yalnız sevgi ilə deyil, həm də böyük bir məsuliyyət hissi ilə qələmə alır.

Digər tərəfdən, Zaur Ustac müharibə mövzularına toxunarkən, itkin və şəhid övladlarını da xatırladır. Uşaq gözlərindəki kədəri, ata yolunu gözləyən balaca könülləri təsvir etməklə, insanları sülhün, ədalətin, barışın zəruriliyinə səsləyir. Bu yanaşma onun humanist dünyagörüşünün təzahürüdür.

Uşaqlar həm də Ustac poeziyasında gələcək nəsillərə ünvanlanan bir mesajdır. Onun fikrincə, millətin gücü savadlı, vətənpərvər, vicdanlı övladların yetişdirilməsindədir. Ona görə də, uşaqlar onun əsərlərində həm poeziyanın ilham mənbəyi, həm də vətən sevgisinin daşıyıcıları kimi canlandırılır.

Zaur Ustacın balacalar üçün olan tərbiyəvi əhəmiyyətli öyrədici şeirləri 2019-20-ci tədris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris olunur.

Beləliklə, Zaur Ustac və uşaqlar mövzusu şairin həyat və yaradıcılığında böyük bir xətti təşkil edir. O, uşaqlarda həm sabahın nurunu, həm də bu günün məsuliyyətini görür. Bu da onu göstərir ki, Zaur Ustac üçün uşaq sadəcə balaca bir insan deyil – xalqın gələcəyinin parlaq simvoludur.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac və çiçəklər

Zaur Ustac və çiçəklər

Ədəbiyyatın əbədi mövzularından biri təbiətdir. İnsan ruhunun zərif guşələrinə toxunan, bədii sözə poetik rəng qatan çiçəklər isə təbiətin ən gözəl rəmzlərindən sayılır. Çiçək – həm həyatın başlanğıcını, həm də məhəbbətin, sevincin, ümidin, bəzən də hüznün ifadəsidir. Zaur Ustac yaradıcılığında da çiçəklər yalnız təbiət hadisəsi kimi yox, həm də bədii düşüncənin, milli ruhun, insani hisslərin simvolu kimi çıxış edir:

Əzəldən ağ çiçək dedim,
Cəzbində Şehçiçək dedim,
Gözlədim, Balçiçək dedim,
Bərzəx ruha dağ, çiçəyim,
Ay mənim matah çiçəyim.

Zaur Ustacın poeziyasında çiçəklər bəzən bir bahar səhərinin nəfəsi, bəzən bir şəhid məzarının üzərinə qoyulan qərənfil, bəzən də məhəbbət məktubunun incə bəzəyi kimi görünür. Onun qələmində çiçək sadəcə gözəllik yox, həm də dərin bir fəlsəfi məna daşıyır. Çünki çiçək həm həyatın faniliyini, həm də ruhun əbədiliyini xatırladır:

Olsan da bu işdə ən son müqəssir,
Gəl, məndən incimə, inci qərənfil.
Utanc çiçəyisən, utanc çiçəyi,
İstəsəın lap məndən inci, qərənfil.

Xalq ədəbiyyatında və folklorumuzda çiçəklərin mühüm yeri var. Novruz bayramında səməni ilə yanaşı açan nərgiz, bənövşə, lalə, eləcə də sevgi dastanlarımızda çəkilən qızılgül – hər biri xalqın duyğularını ifadə edən rəmzlərdir. Zaur Ustac da bu ənənəni davam etdirərək çiçəkləri milli kimliklə bağlayır. Onun misralarında lalə – şəhid qanı, qərənfil – matəm, gül – sevgi və ümid simvoludur. Bu yanaşma həm şairin fərdi hisslərini, həm də bütöv millətin düşüncələrini əks etdirir.

Zaur Ustacın yaradıcılığında çiçəklər bəzən də ana mövzusuna bağlanır. Ana nəvazişi, ana nəfəsi – təravətli bir çiçəyin ətri kimi insanı əhatə edir. Çiçəklər onun poeziyasında həyatın gözəlliyini anlamağın vasitəsi, həm də incə duyğuların dilə gəlməsinin obrazlı formasıdır. Bu baxımdan onun “Dekabr çiçəyi” şeiri tam fərqli nümunədir:

Yaz yağışı onu da ağlatdı doyunca,
Dözmüşdü sərasər beş-altı ay;
Noyabrdan, qış boyunca…
Böyük Çilədən gözü su içmirdi əvvəldən,
Güvəndiyi Kiçik Çiləyə qar yağdı…
Ümidləri suya düşdü…
İslatdı yaz yağışı…
Köhnə şəkillərə baxıb ağlamaq qaldı ona.
Yenə o istədiyi soyuq olmadı…
Qış isti keçdi…
Arzusu gözündə qaldı…
İliyinə işləyən o şaxta olmadı ki,
Canı qızışa,
Zoğları tumurcuq tuta…
Bu il də çiçək açmadı Dekabr çiçəyi…
Soyuğa həsrət qaldı…
O istəyən soyuq olmadı…
Təpədə bir qoz,
Bir-iki,
Təkəmseyrək qotur çiçəklə yola verdi qışı.
Köhnə şəkillərə baxıb ağlamaq oldu işi…

Əslində, çiçək Zaur Ustac üçün təkcə estetik rəmz deyil, həm də milli yaddaşın daşıyıcısıdır. Qarabağın bənövşələri, Şuşanın xarıbülbülü, Naxçıvanın dağ lalələri – hər biri həm coğrafi məkan, həm də vətən sevgisinin poeziyada təcəssümüdür. Bu baxımdan şair çiçəkləri bir mədəniyyət kodu, bir yaddaş xəritəsi kimi təqdim edir.

Nəticə etibarilə, Zaur Ustac və çiçəklər arasında bağ bir bədii harmoniya üzərində qurulub. Onun yaradıcılığında çiçək – gözəlliyin, sevginin, vətənin, şəhidliyin, ananın, millətin rəmzi olaraq yaşayır. Bu baxımdan Zaur Ustac poeziyası həm sözün, həm də təbiətin birləşdiyi məqamda daha da təsirli olur. Çiçəklər onun qələmi ilə bir daha əbədi həyata qovuşur. “Şehçiçəyim” şairin ədəbiyyat – söz bağçasına bəxş etdiyi əbədi çiçəklərdən biridir:

Tacısan dünyamda Sən çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

Onun poetik baxışında çiçəklər sadə, amma möhtəşəm varlıqlar kimi görünür. Zaur Ustac üçün bir güllə danışmaq, bir lalənin açılması – həyatın dəyərini anlamaqdır. Bu baxımdan o, çiçəkləri həm düşüncə obyekti, həm də ilham mənbəyi hesab edir. Şairin “Ağ çiçəyim” şeirində ağ çiçəyi əzizləməsi ədəbiyyatımızın nadir incilərindən hesab olunur:

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!
* * *
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!
* * *
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!

Yəni qısaca desək, Zaur Ustac çiçəkləri təbiətin ən saf və ən dəyərli dili, insan qəlbinin ən təmiz tərcümanı kimi görür.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac və “Şəhidlik” mövzusu

Zaur Ustac və “Şəhidlik” mövzusu
Azərbaycan ədəbiyyatında və publisistikasında şəhidlik mövzusu hər zaman müqəddəs məqam kimi dəyərləndirilmişdir. Çünki şəhidlər Vətənin azadlığı, xalqın müstəqilliyi, millətin bütövlüyü uğrunda canlarından keçən müqəddəs ruh sahibləridir. Onlar tariximizin ən uca zirvəsində dayanan qəhrəmanlardır. Müasir Azərbaycan ədəbiyyatında bu mövzunu xüsusi bir həssaslıqla qələmə alan yazarlardan biri də Zaur Ustacdır. Onun yaradıcılığında şəhidlər sadəcə bir ədəbi mövzu deyil, həm də milli-mənəvi kimliyimizin əsası, milli yaddaşımızın işıqlı səhifələridir:

Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …

Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…

Zaur Ustacın ədəbi dünyasında şəhid anlayışı böyük bir ideyanın ifadəsidir. Onun əsərlərində şəhidlər igidlik, qəhrəmanlıq, mərdlik rəmzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının azadlıq arzularının, milli ruhunun daşıyıcılarıdır. Yazıçıya görə şəhid – sadəcə döyüşdə can verən əsgər deyil, o, həm də gələcək nəsillərə yol göstərən işıq, unudulmaz yaddaşdır. Bu baxımdan Zaur Ustacın qələmindən süzülən hər bir sətirdə şəhidlərə olan minnətdarlıq, onların ruhuna olan ehtiram öz əksini tapır:

Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…

Ədəbiyyat yalnız söz sənəti deyil, həm də xalqın tarixini yaşadan mənəvi kitabdır. Zaur Ustac şəhidlərin obrazını bu kitabın ən uca səhifələrinə həkk edir. Onun əsərlərində şəhidlər tarixi şəxsiyyətlər qədər ucaldılır, çünki o yaxşı bilir: bu torpağın hər qarışı şəhid qanı ilə yoğrulub. Bu baxımdan Ustacın yazılarında şəhidlər sadəcə xatırlanmaqla kifayətlənmir, onların adı milli kimliyin ayrılmaz parçasına çevrilir:

Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…

44 günlük Vətən müharibəsi Azərbaycan xalqına böyük Zəfər sevinci bəxş etdi. Lakin bu zəfərin əsasında minlərlə şəhidimizin qanı, igidliyi dayanır. Zaur Ustac bu həqiqəti qələmində tez-tez vurğulayır: əgər şəhidlərimiz olmasaydı, biz azad torpaqlara qovuşa bilməzdik. Bu mənada onun publisist yazıları həm qəhrəmanlıq salnaməsi, həm də bir vətəndaş mövqeyidir. Yazıçı hər dəfə oxucuya xatırladır ki, şəhidlərin ruhu qarşısında məsuliyyət daşımaq – təkcə onların xatirəsini yad etməklə bitmir. Bu, həm də Vətənə sədaqətli olmaq, onların ideallarını yaşatmaq deməkdir:

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…

Zaur Ustacın yazılarında şəhidlər həm qəhrəman əsgər, həm də bir ailənin övladı, bir ananın oğlu, bir balanın atası kimi təqdim olunur. Bu yanaşma onun üslubuna xüsusi təsir gücü qatır. Oxucu şəhidin igidliyi ilə yanaşı, onun arxasında qalan boşluqları, nisgil və ağrını da hiss edir. Bu, həm də yazıçının publisistik qələminin gücüdür: o, şəhid obrazını təkcə döyüş meydanında deyil, gündəlik həyatımızın hər anında yaşadır:

Bir otaq küncündə bacı naləsi,
Birində qardaşın hıçqırtısı var…
Məhəllə uşağı, qrup yoldaşı,
Bu gün qəmgin durub meyvə satanlar….

Adi çörəkçi də xiffət eyləyir,
Çəkməçi çəkməsin görüb ağlayır….
Alışqan verdiyi bardakı qızın,
Bu yağış qəlbində tonqal qalayır….

Zaur Ustac şəhidliyi “əbədiyyətin zirvəsi” kimi dəyərləndirir. Onun düşüncəsində şəhidlər xalqın yolunu işıqlandıran ulduzlardır. Bu ulduzlar heç vaxt sönmür, çünki onların nurunda həm azadlıq, həm müstəqillik, həm də milli ləyaqət əks olunur. Bu baxımdan Zaur Ustacın şəhidlər mövzusuna yanaşması təkcə ədəbi hadisə deyil, həm də vətəndaşlıq borcunun təcəssümüdür:

Al qanının rəngidir,
Al qırmızı lalələr..
Hər bahar salamlayır,
Onları Xürrəmilər…

Qanıyla suvardığı
Torpaq bitib yurd olar.
Yalançı, düz aramaz,
Hamıçün şəhid olar…

Şəhidlər bir millətin ən uca dəyərləri, xalqın mənəvi sütunlarıdır. Zaur Ustac isə bu sütunların üzərində söz abidələri ucaldan qələm sahibidir. Onun yaradıcılığında şəhidlər həmişə uca tutulur, onların adı daim ehtiramla anılır. Beləliklə, Zaur Ustacın əsərləri şəhidlərimizin ruhunu yaşadan, gələcək nəsillərə vətənpərvərlik aşılayan mənəvi məktəbdir. O, hər kəsə bir həqiqəti xatırladır: “şəhidlər ölməz, vətən bölünməz!“

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru