
AĞACIN YARPAQ BORCU
Dərədə, təpədə payız at çapır,
Küləyin yolunu bağlayır meşə.
Yarpaq göz yaşı tək budaqdan qopur,
Sanki gildir-gildir ağlayır meşə.
Qopan yarpaqların yeri göynəyər,
Kirpik budaqlarda yaş puçur-puçur.
Xəzəllər çevrilib sarıköynəyə
Hansı baharınsa dalınca uçur.
Bu yerin, bu göyün mənası dərin,
Hər kolun dibində bir hikmət yatır.
Ağac lüt qalsa da, anamız yerin
Xəzəl hesabına torpağı artır…
Budaqdan ayrılan sarı yarpağa
Yer dilənçi kimi açır ovcunu.
Ona həyat verən ana torpağa
Xəzəllə qaytarır ağac borcunu…
03.12.2024
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.