
ZAMANDI BU
Yolu həqiqət yoludu,
Həm cavandı, həm uludu,
Gah yağışdı, gah doludu,
Gah çiskin, gah dumandı bu!
Zamandı bu, zamandı bu!
İçin-için hey ağlarıq,
Dərdi sirr kimi saxlarıq,
Biz körpəcə bulaqlarıq,
Okeandı, ümmandı bu!
Zamandı bu, zamandı bu!
Havayı getmir əkdiyi,
Bəxtə vurulub bərk düyün,
Babalarımın çəkdiyi
Yanğılı ah, amandı bu,
Zamandı bu, zamandı bu!
Ürəkdə eşq oyadanda,
Bizi edər röyadan da!
Səhradan da, qayadan da,
Ülfət, sevgi umandı bu!
Zamandı bu, zamandı bu!
Bu gün varıq, sabah yoxuq,
Fərq eləməz, azıq, çoxuq,
Hərəmiz bir qızıl oxuq,
Bizi atan kamandı bu,
Zamandı bu, zamandı bu!
Nəmər verib əlimizə,
Qıfıl vurar dilimizə,
Hədər keçən ilimizə
Sanma ki, göz yumandı bu,
Zamandı bu, zamandı bu!
Belə verilibsə fərman,
Xəstəyə neyləsin dərman?
Bir kimsəyə verməz aman,
Yamandı bu, yamandı bu!
Zamandı bu, zamandı bu!
Deyil torpaq, su özündə,
Qalmayıbdır su üzündə,
Boğulanın su üzündə
Əl atdığı samandı bu,
Zamandı bu, zamandı bu!
Yox tənbehi, yox öyüdü,
Ürəkdə nisgil böyüdür,
Ömrü dən kimi üyüdür,
Bir köhnə dəyirmandı bu!
Zamandı bu, zamandı bu!
25.01.2019
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.