
HİKMƏT MƏLİKZADƏ və RƏFAİL TAĞIZADƏ
“Gecə xəyalları”nda lirik təcəssüm
(İkinci yazı)
Sevgi də (lirik) hissdir. O hissi dərin qatlara endirə bilmək (isə) eşqanə vəcddir. Bu halı yaxşı qavrayanlar üçün həyat hər gün təzədir. Deməli, insanı yanğıda qovuran hissin adı eşqdirsə, həyatı insana yük edən də məhz bu yanğıdır…
Eşq həyat səltənətidir; onda zaman-zaman ibrətamiz hislər təlatüm edib. Bu duyğunu təmiz məqsəd hesab edənlər heç vaxt yanlış təfərrüatlara düşməyiblər. İstər ruhi dəyərlərdə, istərsə də maddi proseslərdə eşq zəruri oblastdır, insan onun əhatəsində sadəcə, bir müşahidəçidir…
Belə deyək, istedadlı şair Rəfail Tağızadənin “Gecə xəyalları” kitabında da eşq (sevgi) bir həyat səciyyəsi kimi qabarıq diqqət çəkir. Maraqlıdır ki, şair bu hissi (başqalarına nisbətən) çığırtı kimi deyil, həzin pıçıltı kimi verir, onu ürəyə, gözə və qəlbə məhkum edən zərurətləri mədəni tərzdə cilalayır, duyğuları çırpıntıya məruz qoyur və s.
“Gecə xəyalları”ndakı lirik təcəssümü oxuculara təqdim edək:
Bir badə şərabtək içildi getdi,
Mən belə sevgini neynim, İlahi?
Demək ki, yanlış məzmunda ibadətkarlıq məhz yanlış da tərz formalaşdırır. “Bir badə şərabtək içilən sevgi” doğru səmt deyil; şairi təəssüf hissində boğan insanların eşqə sadəcə bir yanğı kimi məna vermələridir. Yanğı bir anlıqdır, sevgi isə əbədi. Əbədi olanı bir ana qurban verənləri şair iki sətirlə ciddi məzəmmət (və hətta) tənbeh edir…
Neynirdim iki əli, ayağı,
İki gözü, qulağı,
Bu qədər barmağı neynirdim?
Mənə iki ürək verəydin, Allah…
Şair “Mənə iki ürək verəydin, Allah…” deməklə sevə bilməyənlərin də yerinə sevmək məsuliyyətini üzərinə götürür, əslində isə eşqin İlahi bir təşnə olduğuna diqqət çəkir.
Süzüb ayaqdan başacan,
Baxıb dodaqdan qaşacan,
Səni gözlərimə yedizdirəcəyəm.
Sonra da oturub ayna qabağında
Könlümə köçürəcəyəm.
Bəzən elə yeni ifadələrə rast gəlirik ki, heyranlığımızı gizlədə bilmirik. Rəfail Tağızadənin “Səni gözlərimə yedizdirəcəyəm” fikri də bu tərz yeni ifadələrdəndir. Diqqət edək; şair demir ki, səni özümə öyrədəcəyəm, yaxud səni semək iqtidarındayam, tamamilə başqa rakursda fikir ifadə edir, dərin-sətiraltı məna qurur, gözlərin “yemək” cəhdini əldə etmək, mənimsəmək kimi xarakterizə edir.
Bu gecə sevdiyin hər şey sənin,
Səmanı verim sənə,
Bir də aylı gecəni…
Söykənib arzulara
Doyunca baxım sənə.
Əllərində bir dəniz,
Gözlərində bir röya,
Yanağın bir ay kimi…
Necə də gözəl həyat,
Sığın bu sinəmə, yat.
Tənhalıq girdabında çabalayanlar üçün ən rahat yer sinədir; orada tüğyan edən sabit təcəssümlərdir. Şair bu baxımdan “Sığın bu sinəmə, yat” deyir. Başqaları bu sətirdə zina pərdələri axtarırsa, biz daxili hissi həyata doğru sövq edən məna axtarırıq.
Daha bu sevginin əlindən tutub
Hara gedəcəyəm bu gündən belə?
Olan gümanlar da bura qədərmiş,
İtirdik illəri biz bilə-bilə.
Təzə öyrəşirdik bir-birimizə,
Duyğular yenicə baş qaldırırdı…
Nəmli dodaqlarında xəfif təbəssüm
Bir qız boylanır aylı gecənin pəncərəsindən…
Bu sətirlərdə (də) darıxan qəlblərin sevda təlatümləri var; biz hər sətirdə müəllifin sevgini hansı elmlə xarakterizə etdiyinin fərqinə varmağa çalışır, onun cəhdlərini alqışlayırıq…
“Təzə öyrəşirdik bir-birimizə, Duyğular yenicə baş qaldırırdı…” fikrində sevginin hansısa bir təsirdən deformasiyaya uğradığını sezir, ayrılıq nəğməsinin çalındığını eşidirik. Demək ki, yanlış sevmək tərzi ayrılıqla üz-üzə durmaq məqamıdır, ani bir inciklik bu prosesi sürətləndirir… Məhz Rəfail müəllim də bunu təlqin edir ki, eşq yanğı sxemi deyil, o, qəlbin sınmaz təməlidir, sadəcə onu bu şəkildə qavramaq lazımdır.
Nə sən varsan,
Nə dərdimi deməyə bir kimsə…
Gəl, çıxart məni sənsizliyindən.
Yad et məni;
Bir cüt gül,
İki damla göz yaşıyla.
Sevgi tənhalıqla “qohumdur”, doğru olmayan düşüncə onu adi bir hiss kimi mənalandırır. Sevən insan həm də dərin bir qəriblik hissi yaşayır. Qərib adamın sevgisi tənha adada kölgə uman bir quri ağac kimidir və s. Bu mənada, Rəfail müəllim mümkün olanı mümkünsüzə çevirənlərə hayqırır, onlara qəlbi dolaşıq hislərdən uzaq tutmağı məsləhət görür…
Və nəticə etibarilə, sevgidəki məqamın bitmə dövrü “Bir cüt gül,
İki damla göz yaşıyla” tamamlanır. Bununla, insan həyat necə başlamışdısa, eləcə də (bir) vida marşı çalır, özünü geridəki məsamələrə atır, yolunu-rizini itirir…
Əsl sevginin nə olduğunu anlamaq istəyənlərə Rəfail Tağızadənin “Gecə xəyalları” kitabını oxumağı məsləhət görürük…
Müəllif: Hikmət MƏLİKZADƏ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru