
Əli Nəcəfxanlı : – “Bir gün ustad Məmməd Aslan mənə dedi ki, “Yardımlı” sözünə qafiyə tapmaq çətindir. Dedim, sən istəsən taparsan…”
“Yardımlı” sözünə qafiyə
Məmməd Aslan, imtahana çəkmə gəl məni,
“Yardımlı”ya həmqafiyə sözmü qəhətdi?
Sən ki, səpib göyərdənsən sözü, kəlməni,
Xeyir ola, odmu sönüb, közmü qəhətdi?
Neçə kərə yolun düşüb bizim dağlara,-
Dərələrdə əks-səda verməyib səsin?
Könül quşun can atanda göy yaylaqlara
Tutmamısan “Yardımlı”nın bir qafiyəsin?
Nə söyləyər söz sahibi, laf yiyələri,
Kəklik azan dumanlarda azmısan yəqin.
Xoruz səsi eşitməyən qafiyələri
Kağıza yox, qayalara yazmısan yəqin.
Dönə-dönə öpmək üçün çiçəkli yazı
Pərvazlanıb uçsan yenə Yardımlıya sən,
Bədahətən yüz qafiyə deyərsən azı
Gül içində addımlaya-addımlya sən.
Buludu gah ağa çalar, gah da maviyə,
Zər qarışar sularının hər damlasına…
Olmasa da, yoxdan yarat, üç-dörd qafiyə
Tapılmazmı könlümüzün Yardımlısına?
2002-ci il
Müəllif: Əli Nəcəfxanlı