
MİNİMALİST ŞEİRLƏR
Nə olur-olsun,
çiçəklər açmağından qalmaz,
quşlar uçmağından…
Qanad quranların
uçmaq arzusu olmayıb heç vaxt,
gül qoparanların da çiçəkləmək…
Hamı göyə üz tutdu
əlləri, duaları, umacaqları ilə…
Amma
heç kim özü ilə aparmadı göy üzünü.
Hamı torpağa döndü axırda, torpağa…
Təkcə ağrılardan deyil
həzzdən də gələ bilir ölüm.
Və ən ağrılısı odur ki,
ömrünün ən yaxşı məqamda çatır əcəl,
yəni
yaşamaqdan həzz almağa başladığın vaxtda..
Elə dünyanın işləri də həmişə pis getmir,
arada düzələ də bilir adamlarınkı kimi.
Amma işlərin ən pisi
dünya ilə sakinləri arasını vuranıdır..
Olan işdi,
bir gün səndən tez ölsəm,
dünyanın yaxşı vaxtında getdi, – deyərsən.
Nə ağrılar gördük, nə həzzlər çəkdik.
Bizə qalsa, hər şeyə rəğmən,
dünyaya yenidən gələrdik.
Bir ömür əlləşdik həyatla,
vuruşduq zamanla,
çarpışdıq ədalətsizliklərlə.
Gah suları tərsinə üzdük,
gah düzünə üzüldük haqsızlığın.
Sən demə, əlləşmək yox,
ayaqlaşmaq gərək imiş, zamanla ayaqlaşmaq!
Burulğanlarda qərq olmaq daha böyük dərd,
qəhr olur gücsüzlüyünü biləndə adam.
Bir suların dibsizliyinə enmək var,
bir də
dalğaların ağuşunda ənginliklərə qalxmaq.
O zaman anlayırsan ki,
güc başqa şeydi, zor başqa şey…
Əli ətəyindən uzun olanlar yaxşı bilir
ancaq nağılda olur
Cırtdanın divə qalib gəlməsi.
Xəlbirlə su daşımaq bir başqa qaravəlli…
Aldandıq
“pul əl çirkidir” deyən kəslərə.
Özləri sərvət topladılar xımır-xımır
pul-para, var-dövlət, mal-mülk sahibi oldular,
biz yenə lüt-üryan qaldıq çölün düzündə…
Müəllif: SÜLEYMAN ABDULLA
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında