Bu gün Azərbaycan elminin, səhiyyəsinin və milli pediatriya məktəbinin banisi, akademik Adilə Əvəz qızı Namazovanın vəfatından beş il ötür. O, təkcə görkəmli alim deyil, minlərlə uşağın həyatına şəfa, ailələrə ümid bəxş etmiş böyük ürək sahibi, elmi humanizmlə birləşdirən nadir şəxsiyyət idi.
Azərbaycan Milli Elmlər Akademiyasının ilk qadın akademiki olan Adilə xanım ömrünü uşaq sağlamlığının qorunmasına, pediatriya elminin inkişafına və yüksək mənəvi dəyərlərə xidmətə həsr etdi. Onun yaratdığı elmi məktəb, yetişdirdiyi alim və həkim nəsli bu gün də ölkəmizin sağlam gələcəyinə xidmət edir.
Ulu Öndər Heydər Əliyev akademik Adilə Namazovanı Azərbaycanda elmi pediatriy’ anın banisi kimi yüksək qiymətləndirir, onun fikir və təşəbbüslərinə xüsusi önəm verirdi. Məhz bu diqqət və dövlət qayğısı sayəsində uşaq səhiyyəsi və pediatriya elmi ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Adilə xanım hər zaman xatırlayırdı ki, kadr hazırlığı və elmin inkişafı istiqamətində apardığı gərgin fəaliyyətində akademik Zərifə Əliyevanın mənəvi dəstəyi və etimadı onun üçün böyük dayaq olub.
Adilə Namazova üçün həkimlik sadəcə peşə deyil, vicdan, məsuliyyət və insan sevgisi idi. O, elmi biliklə mərhəməti, vətəndaş mövqeyi ilə dövlət təfəkkürünü bir ömür boyu vəhdətdə yaşatdı. Bu səbəbdən onun həyatı zamanla bitən bir ömür deyil — nəsildən-nəslə ötürülən dəyərlər və əxlaq məktəbidir.
Bu gün onun işıqlı xatirəsini dərin ehtiramla anır, ideyalarının, prinsiplərinin və zəngin elmi irsinin daim yaşayacağına inanırıq. Akademik Adilə Namazovanın adı Azərbaycan pediatriyasının tarixində zəka, vicdan və şəfqət rəmzi kimi əbədi qalacaq.
Bağacıqlar Otaq böyük və rütbəli idi, divarların bütün küncləri kiflənmiş, tünd yaşıl rəngli göbələklər suvağın sarımtıl rəngini xırda-xırda tutmuşdu, uzaqda səmanın ənginliklərində doğan günəşin buludlar arasından boylanan zəif şüaları pəncərədən bir küncə düşürdü. Binanın ətrafındakı qamışlıqdan gələn üfunətli hava otağın havasını ağırlaşdırırdı, buna görə otağın nəmi artır, yenicə pöhrələnən günəşin istiliyi qüvvəsiz qalırdı. Mərkəzi istilik sistemi kəsildiyindən bütün bina sakinləri kimi mən də elektrik peçinə möhtac olmuşdum. Bu peç ən soyuq yerdə — çarpayımın yanında qoyulmuşdu, lakin divar soyuqluq və islaqlıq saçdığından o soba da çarəsiz qalırdı. Hərdən çarpayımda fırlanıb ağzı aşağı düşəndə əlim divara dəyən kimi islanırdı, onda əlimi yorğanıma silib tez qurulayırdım. Mən yuxudan ayılanda artıq saat 12-nin yarısı idi, günortaya az qalırdı, dəqiqləşdirmək üçün gözlərimi qıyıb divarda tıq-tıq salan saata bir də baxdım: doğru görmüşəm. Tərləmişdim, anamın səhər tezdən işə gedərkən alnımın üstünə saldığı qalın dəsmalı qaldırıb sifətimi boyun-boğazımı sildim. Anam səhər işə gedərkən mənə demişdi ki, stuldan asdığı paltarlarla əynimi dəyişim, mən yuxulu-yuxulu başımı tərpədərək onu eşitdiyimi təsdiqləmişdim. İndi durub tərli tuman-köynəyimi dəyişməliyəm. Amma nədənsə qanım it qanına dömmüşdü, bu sətəlcəmə görə deyildi, pulsuzluğuma görə heç deyildi. Mən gecəyarısı sayaqladığım vaxt bir yuxu gördüyümü xatırladım, görürdüm ki, qrosmeyster Kasparovla şahmat oynayıram, o, məni yarışda məğlub edir, sonra mənə bic-bic dodaqaltı gülümsəyirdi, çox əsəbləşmişdim, yuxudan qışqıraraq ayılanda anamı başımı ovxaladığını, qaynar su uzatdığını gördüm. Doğrudur, gecə bunu sayıqlama kimi qəbul etdim, amma indi oyananda məndə kiməsə, nəyəsə qarşı ikrah yaratdığını hiss edirəm. Şahmatı hələ bir həftə bundan qabaq bir qız öyrətmişdi, o qızdan yaman xoşum gəlirdi, indi elə hiss edirəm ki, o, məni öyrədibsə, mən heç kimə məğlub ola bilmərəm. Mən bunları düşünə-düşünə cəld əynimi dəyişməyə başladım, tərim soyumamış mütləq maykamı çıxarmalı, tərimi silməli, yenisini geyməli idim, çünki mən uşaqlıqdan artıq belə öyrəncəli idim. Bu vaxtı pərdəyə yapışan bağacıq gözümə sataşdı, dəftərlə böcəyi vurub saldım, ayağımla da əzdim. Bundan sonra otaqda onun kəskin qoxusu yayıldı, peşiman oldum, gərək ayağımla əzməyəydim. Bu vaxtı yenə biri gözümə dəydi, onu vurub yerə saldım, ancaq bu dəfə əzmədim, ayağımla vurub otağın digər başına doğru dığırlatdım. Böcək ağzı yuxarı, qanadları üstə durdu. Onu əzmək istəyirdim, amma o ayaqlarını hərəkət etdirərək yerindən qalxmaq, uçmaq istəyirdi. Bir anlıq məni qəribə bir maraq bürüdü, çay-çörək yeməyə getməli olduğum halda nədənsə durub vuraraq gicəlləndirdiyim böcəyə tamaşa etmək istədim; mən onun döşəmədə qanadları üstdə cabaladığını, xırda, nazik və qəhvə rəngli ayaqlarını seyr edirdim. Ağımtıl qarnının üstündə rəqs edən ayaqları mənə əsgərlərin marşını xatırladırdı. Mən ona rəhm elədim, əzmədim, belə ki əgər çevrilib uçmağa çalışsa, cəld öldürəcəkdim, bu şərti özümə sanki qanun kimi qoydum. O bağacığı elə vurmuşdum ki, otaqdakı kiçik dekor masasının altına, daha doğrusu küncünə düşmüşdü. İndi artıq bu cücü çabalaya-çabalaya, qarnı yuxarı, ayaqlarını mümkün qədər tərsinə yerə vuraraq harasa doğru getməyə çalışırdı. Mən gedib əl-üzümü yudum, çay-çörəyimi yedim, hələ üstəlik zoğal mürəbbəsini qaynar çayıma qatıb içdim, sonra qəşəngcə gəyirdim də… İndi baxıram ki, o bağacıq artıq xeyli məsafə qət edib, çarpayımın yanına çatıb; əyilib diqqətlə baxdım, həqiqətən, o bayaqkı kimi qarnı yuxarı tərs addımlayır, amma mən ona imkan verməzdim ki, uçub yorğan-döşəyimə qonsun, orda yenidən qış yuxusuna getsin, ona görə qəzetlə sürüyüb həmənki yerinə qaytardım. Hər ehtimala qarşı yorğanımı, mələfəmi silkib çarpayını səliqə-sahmana saldım, bu zaman döşəməyə nəsə düşərək tıq deyə zəif səs çıxardı — bu, doğrudan, başqa bir bağacıq idi. Mən öz-özümə düşündüm: Kim bilir, bəlkə, bu öz qardaşını axtarır, ən yaxşısı onu da dostunun yanına sərim. Əslində, mənim ürəyim sıxılırdı, kiməsə, nəyəsə qarşı naməlum hisslər keçirirdim, sanki qisas alırdım, bu hisslərə nə ad qoyacağımı da bilmirdim. Hərdən canım sıxılanda pərdəni çəkib yamyaşıl ağacların budaqları arasından boylanan Kür çayının mənzərəsinə baxırdım. Bu dəfə pərdəni çəkəndə yamyaşıl ağaclar görmürdüm, yarpaqları tökülüb keçəl qalan həmin ağacları və bir də təzə gəlinin üzü kimi duvaq altında qalan Kürü deyil, artıq qayınata yanına çıxa bilən gəlini — Kür çayını gördüm. Mən elə hiss elədim ki, günəş lap qərbdə doğub, onun zəif şəfəqləri üzümə candərdi vururdu. Eyvana çıxıb təmiz hava alandan sonra yenidən bağacıqların yanına baş çəkdim. Yeni gətirdiyim bağacıq zəif hərəkət edirdi, mən bayaqdan kəlləmayallaq yeriyən bağacığın yanına əyilib gözümü düz onun ayaqlarına, bığlarına zillədim: o yorulmamışdı. Karandaşı götürüb onun qarnına yaxınlaşdırdım, karandaşı qaldırdım, o da karandaşla bərabər qalxırdı. Artıq o, ayaqları üstündə durur, ağır-ağır ləngər vura-vura yeriməyə başlayırdı. Mən onun dostunu qaldırmadım, heç özü də qalxmağa cəhd göstərmirdi, ancaq arabir tərpənir, hələ ölmədiyini nümayiş etdirirdi. Mən hiss edirdim ki, o mənə dua oxuyur, alqış edir, o biri isə hələ yalvarır, mənim xeyirxahlığımı gözləyir, ona görə şəstlə onlara baxırdım. Anidən ağlıma yenicə ayağa qaldırdığım bağacığı tərsinə çevirmək vurdu. Ona rəhm elədim, ağlımdan keçən cinayətləri həyata keçirmədim, o bu dəfə ayaqları üstündə normal yeriyirdi, mən onun istiqamətini dəyişib sonradan gətirdiyim həmcinsi tərəfə çevirdim, o ləngər vura-vura, səyillənərək dostunun yanına gedirdi. Mən onun belə gedərək öz dostunun əlindən tutub qaldırmağını, bir yerdə məndən yaxa qurtarmaqlarını gözləyirdim, ona görə səbrlə onu izləməyə başladım. Heyhat, o dostuna əl uzatmadı, heç onu dikəltmək fikrinə də düşmədi. Mən anidən onu əzdim, pis kəskin keşniş qoxusu otağa yayıldı, püfləyib burnumu tutdum; onu əzərkən xırçıltı səsi çıxdı. Bu səs mənə çox-çox tanış idi, bir dəfə yıxılıb əlimi biləkdən çıxaranda bu xırçıltını eşitmişdim, sanki onun da biləyi çıxdı; onda mən ağırını hiss eləməmişdim, neçə saat sonra yavaş-yavaş ağırmağa başladı, həmin vaxt yəqin elədim ki, mənim əlim çıxıb. Bu dəfə də belə güman elədim, o ağrını hiss eləməyəcək, bir azdan dostuna deyəcək ki, mənim qanadlarım qırıldı. Təzə gətirdiyim bağacıq indi çabalamağa başladı, sürətlə ayaqlarını tərpədir, döşəmənin üzərində var-gəl edirdi. Nəhayət, uzun zəhmətdən sonra ayaqları üstünə qalxdı, elə qalxar-qalxmaz döşəmədə zarıyan dostuna tərəf yaxınlaşdı. Mən yenə qəribə əminliklə hiss edirdim ki, onlar mənə bütün gücləri ilə yalvarır, məndən imdad gözləyirlər; hələ bu canlı bağacıqdan dostuna rəhmət, özünə isə uzun ömür arzuladığını eşitdim. Canlı bağacıq yeriyir, canını ölümdən qurtarmaq istəyir, lakin hər dəfə istiqamətini dəyişib dostundan aralanmağa çalışanda mən onu canını tapşıran böcəyə doğru çəkirdim. Budur, artıq mənim canlı böcəyim ölən böcəyin ətrafında dövrə vururdu. Mən pərdəni silkələyib yeni bir böcəyi döşəməyə saldım, bu da qış yuxusundan kal durub ləngər vurmağa başladı; onu ayaq barmağımın ucu ilə sürüyə-sürüyə köhnə dostlarının yanına gətirdim. Artıq o da dostu kimi dövrə vururdu. Sonra bir neçə yeni bağacıq gətirib yanlarına qoydum. Onlar yavaş-yavaş, mənə dua edə-edə fırlanır, öz dostlarını ziyarət edirlər. Daxilimdən bir səs çıxıb onlara mənə tabe olmalarını əmr edirdi, mən artıq o səslərə qulaq asır, ziyarətçi bağacıqlara eşitdirirdim. Onlar daha mənim sözümdən çıxmamalı idilər. Onların yallı ayininindən sonra ölən bağacıq ayaqlarını çox yavaş tərpədir, həm dostlarını, həm də məni ölümsüzlüyə inandırırdı. Başımı qaldıranda gördüm ki, daha saat üçdür, yeni bir şey də gördüm: atamın ən yaraşıqlı düşdüyü şəkli. Və bu yaraşıqlı şəkil qəbir daşına ömürlük həkk edilmişdir. Bayaq saata baxanda bunu heç görməmişdim, indi otağımda yeni-yeni xatirələr kəşf edirəm. Bir də onu kəşf etdim ki, 23 yaşıma gəlmişəm, böyük oğlan olmuşam; güzgü də mənim fikrimi təsdiqlədi. Aclıq mədəmdə binamızın yanındakı axmazdan gələn qurbağa qurultusunu qoparırdı. Atam həmişə deyirdi ki, ac ayı oynamır. Mən isə acanda ayıdan betər oluram lap. Mətbəxə keçib şorbanı qızdırdım, ondan iki boşqab içib dopumu doldurdum, çay da içmək istədim. Bu vaxtı qapımız döyüldü; qonşumuz məndən bir stəkan duru yağ verməyi xahiş edirdi, onu istədiyi şeylə təmin etdim. Məni yuxu aparırdı, mətbəx pişiyi kimi divanda əsnəməkdən ölürdüm. Mən maraqlı bir yuxu görürdüm. Az öncə öldürdüyüm bağacıq dağın dibində dəfn edilib, üstünə də nəhəng sərdabə düzəldiblər; indi ora yüzlərlə bağacıq ziyarətə gəlir. Mən orda özümü də gördüm; gördüm ki, başımda şlyapa, əlimdə nazik nar çubuğu, əynimdə qoyun dərisindən palto var. Mənə gətirilən qurbanlar xoşuma gəlməyəndə nar çubuğu ilə bağacıqları döyürdüm, məsum bağacıqlar da mənə yalvarırdılar ki, gələn dəfə daha böyük taxıl dənəsi gətirəcəklər. Mən onlara əmr etdim: bu dəfə mənə yalnız qoz-fındıq ləpəsi gətirməlidirlər, əgər gətirməsələr, onları sürüdən qovacaqdım. Belə də dedim. Onlar özləri də, mən də bilirdik ki, onların qida mənbəyi kəndlilərin taxıl sahəsi, qoz-fındıq bağları idi, lakin mən belə şey yemirdim, bunu mənə hörmət əlaməti olaraq gətirmişdilər. Sərdabənin yanında nəhəng buğda, fındıq, düyü və s. ləpələri qalaqlanmışdı. Onların arasında dişlənmiş buğda gördüm, tez əmr etdim ki, dişlək buğdanın sahibini tapsınlar. Nəhayət, həmin bağacıq tapıldı. O mənə dedi ki, yalnız yeyilmiş buğda gətirə bilib, indi də mənim mərhəmətimə sığınır. Mən buna qane olmaram, yenə əmr etdim: bu bağacıq qanadları qırılaraq sürüdən qovulmalıdır. Bütün bağacıqları kötəklədim, yalnız bir bağacıqdan savayı, o da gələn kimi mənim ayaqlarımı fındıq yağı ilə masaj etmiş, qanadları ilə silmişdi. -Bu nə yuxudur,— deyib ayıldım. Qan-tər içində üzürdüm, divanda nə təhər yatıb qalmışdımsa, elə də oyandım. Boynum çox pis ağrıyırdı, ürəyim şiddətlə döyünür, əllərim əsir, bədənim titrədirdi. Hiss elədim ki, təzyiqim çox düşüb, tünd şokoladlı qaynar çay içmək istədim, ancaq nə şokalad tapdım, nə də qaynar çay. Çaydanın altını çoxdan söndürmüşdüm. Dərman atdım, sonra bütün evi gəzib öz otağıma keçdim. Bu dəfə gördüm ki, döşəmədəki bağacıqların bir neçəsi dekor masasının üstünə qonublar. Onların hamısını öldürüb salfet ilə götürdüm. Yadıma bağacıqlar haqqında oxuduqlarım düşdü ki, onların buraxdıqları maye üzə, gözə dəyəndə qaşınma salır. Gözümə yenə bağacıqlar dəyirdi. Mən bağacıqlarımdan doymamışdım, otaqdakı bağacıları eyni yerə düzdüm, elə ordaca birini bayaqkı kimi öldürüb, digərlərini də yallı getməyə vadar elədim. İşin tərsliyindən indi onları ölünün başına fırlanmaq əvəzinə yumalayan görürdüm, hətta bu dəfə hiss elədim ki, onlar öz sürü başçılarını qaçırmağa çalışırlar, qulağıma hərdən mənə dedikləri söyüş də çatırdı. Onlar cığal məxluqa oxşayırdı, ona görə hamısını kibritlə yandırdım. Yaxşı ki qapımız açıq idi, qonşumuz Nərminə müəllimə məni soyuq döşəmədən qaldırıb öz isti evinə gətirdi. O gələndə məni otağın ortasında huşsuz görmüşdü. Mən indi özümü yaxşı hiss eləyirdim, hələ elektrik sobasının istiliyi də məni lap xumarlandırırdı. Mən qalxıb getmək istəyəndə: -Uzan, — deyə dilləndi, sonra nəvazişlə gülümsədi, — Böcəklər yazıqdır, bala, onlar təzə Allah istəmirlər. Mən məsələnin nə yerdə olduğunu anladım, yəqin ki məni görübmüş. Susdum və bir az da utandım, sonra qaynar kofedən ləzzətlə içib axşamacan anamı gözlədim.
Müəllif: Şamil HƏSƏN AYB Mingəçevir bölməsinin mətbuat katibi
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Ҳар замонда бор экан тулки билан бўрилар, Сизни ҳурмат қиларди бой камбағал, чўрилар. Сиз виқорли мағрур аёл ва шунчалар мулойим, Сўзларингиз қилич каби ўткирдир Моҳларойим.
Увайсийнинг изларидан қалам тутган аёлсиз, Тахт деб сизга туҳмат қилди қай виждонсиз ҳаёсиз. Душманларнинг қозисидир фақат ёлғиз Худойим, Сизга тирик девор бўлган халқингиз Моҳларойим.
15.12.2025-ci il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının yaradıcılıq görüşü keçirildi. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Ağabala Salahlı, Bəxtiyar Qarabağlı, Mahir Musa, Eldəniz Cəfəroğlu, Əhməd Əfsun, Minarə İsgəndər müxtəlif mövzularda qələmə aldıqları şeirlərini oxudu. Gənc yazıçılardan Nicat Hunalp, Elçin Məhərrəm, Şamil Həsən öz yeni əsərlərini oxudular. Şair Elşən Əzim həm öz şeirlərini səsləndirdi, həm də gənclər tərəfindən oxunan əsərlərə öz münasibətini bildirib təqdir etdi. Daha sonra Elşən Əzim bölmə sədri İsmayıl İmanzadənin 80 illik yubileyi münasibətilə bağlı AYB sərdi Anar Rzayevin və Milli Məclisin deputatı, İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Fazil Mustafanın təbrik məktublarını bütün yazıçılara oxudu.
Yekdilliklə qərara alındı ki, ustad yazıçının qələminə hörmət əlaməti olaraq, onun yubiley mərasimi keçirilsin. Bununla bağlı bölmə sədrinin razılığı alındıqdan sonra tədbirin təşkilatçıları müəyyənləşdirildi.
Müəllif: Şamil HƏSƏN AYB Mingəçevir bölməsinin mətbuat katibi
Etibar Həsənzadə ‘Zəfərlərə Doğru’ kitabını Paşa Qəlbinura hədiyyə etdi
E.Həsəzadə Zəfərlərə Doğru kitabını oftalmoloq, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı, Tibb Elmləri doktoru, professor, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Paşa Qəlbinura hədiyyə etdi. Paşa müəllimin Etibar Həsənzadəyə xoş sözləri: ‘Mən Etibar Həsənzadənin Yeni bir ədəbi uğurunu – ‘Zəfərlərə Doğru’ kitabını böyük məmnuniyyətlə oxudum. Onun əvvəlki kitablarına da mən rəy vermişdim, birinə ön söz yazmışdım. Bu illər ərzində onun yaradıcılıq anlamında boy artımını izlədikcə çox xoş hisslər keçirdim. Onun mərhum dayısı, şərq müdriki, çox böyük din alimi Əli Əkbər Həsənzadənin ruhu şad olsun. O, böyük bir istedadlı nəslin, istedadlı şəcərəsindən biridir. Etibar bəyə uğurlar arzulayıram. Arzu edirəm ki,onun yaradıcılıq imkanları daha da genişlənsin. O, özü zəhməti sevən, zəhmətə qatlasmagi sevən qeyrətli bir oğuldur. Bu qeyrət yolunda, yaradıcılıq yolunda ona bir daha uğurlar arzu edirəm.
Çoxumuz səmimiyyətin ehtiva etdiyi dəyərləri dərindən dərk etmədən, mənasına varmadan yeri gəldi, gəlmədi, “mən səmimiyəm”, deyirik. Görəsən, bu ali duyğunu olduğumuz, göründüyümüz yerlərdə insanlarla ünsiyyətimizdə, münasibətimizdə, əməlimizdə göstərə bilirikmi?
Bir anlayış, fikir kimi, maraqlıdır: səmimiyyət nədir, o özünü necə nişan verir…
Səmimiyyətin malik olduğu xüsusiyyətlər də mənəvi gözəlliklə bağlıdır. O, ilk növbədə özünü insanın qəlbinə, varlığına saçılan işıq timsalında göstərir. Səmimiyyət mənəviyyatın kompasıdır, onun istiqamətini tutub yol gedən insanın uğuruna xeyir çıxar, həyatı yaxşılıqlarla, gözəlliklə süslənər…
Səmimiyyət əxlaqdır. Davranışda, ünsiyyətdə bunu duymaq çətin deyil. Yüksək əxlaqi keyfiyyətlərə malik olmaq cəmiyyətdə rəğbətlə, sevgiylə qarşılanır, onun daşıyıcısı tutduğu mövqeyindən, yaşından-başından asılı olmayaraq istinad, nümunə yeri olur: filankəs çox əxlaqlı adamdır…
Səmimiyyət mehribanlıqdır, ülfətdir. Bunlar olan yerdə rahatlıq var. Belədə yaşamaq, həyatı duymaq adama zövq verir.
Səmimiyyət mədəniyyətdir. O, insanlara yüksək zövq, həssaslıq aşılayır. Onları bir-birilə ehtiramlı, sayqılı rəftara sövq edir.
Səmimiyyət nəciblikdir. İnsanın təbiətində olan alicənab, saf, ülvi, müqəddəs hisslərin məcmusudur.
Səmimi insan düzlüyün, ədalətin, həqiqətin aşiqidir. O, yalanı, riyakarlığı sevmir, adamlarla münasibətində, davranışında, əməlində səhvini etiraf etməkdən mənəvi dinclik tapır.
Yaşam boyu səmimiyyətin o qədər çalarları yaranır ki! Mənə görə bütün yaxşılıqların anası səmimiyyətdir, qəlbin aynası səmimiyyət…
15.12.2025. Düz 10 il əvvəl bugünkü gün axşam saatlarında atamın ölüm xəbərini almışdım. İllər necə də sürətlə keçir. Atamla bağlı xoş və bədbin xatirələrim çoxdur. Düzü onun müəyyən səhvlərinə görə ailəmizə çox zərər dəymişdi. Sonuncu dəfə ona “ata” xitabını nə vaxt etmişdim yadımda deyil. Amma düşünürəm ki, indi sağ olsaydı çox maraqlı münasibətimiz olardı. Çünki 17 yaşım olandan artıq bir evdə yaşamırdıq. 26 yaşım olanda isə o həyatda yox idi. Bu 9 il ərzində arada görüşürdük. Amma bu görüşlərin demək olar ki, hamısı formal xarakter daşıdığından aramızda soyuqluq var idi. Mən gözümü açandan onu hərbi formada, çiyinlərində ay və ulduzlarla görmüşəm. Birinci Qarabağ müharibəsi illərində isə heç bir rabitə vasitələri olmadığından bir neçə aydan bir cəbhədən 1-2 saatlıq evə gələndə sağ olduğuna əmin olurdum. Həmin illərdə Gəncədə yaşayırdıq və demək olar ki, hər gün cəbhədən gələn bağlı tabutları görürdüm. Uşaqlıq illərimdə atama çox bağlı olmuşam, onu çox sevmişəm. Amma yeniyetməlik illərində bu hiss 180 dərəcə dəyişmiş oldu. Hətta zahiri görünüşüm ona bənzədiyini üçün güzgüdə özümə çox baxa bilmirdim. Çalışırdım ona oxşamayım. Atam əvvəldən ailəsinə qarşı biganə olsaydı bəlkə də, bu küskünlüyüm olmazdı. Ondan vaxtilə sevgi görüb, sonra bu sevgidən məhrum qalmağımız kinimi artırmışdı. Dünyasını dəyişdiyi gündən etibarən isə ona qarşı zərrə qədər də olsa küskünlüyüm yoxdur. Sadəcə cavabsız qalan suallarım məni hər dəfə narahat edir. Bir də onunla ata-oğul kimi yox, dost kimi vaxt keçirə bilməməyin yanğısı sol tərəfimi incidir. Məncə, çox yaxşı dost ola bilərdir. Həddindən artıq intellektli və savadlı insan iid. Öz işinin ustası idi. Birinci Qarabağ müharibəsi ilə bağlı sadəcə bir neçə xatirəsini danışmışdı. Onlar hələ də xatirimdə danışdığı kimi qalıb. Arada anam atamla bağlı xatirələrini danışır. Düşünürəm ki, bu qədər rəngarəng və gözəl günlər keçirən, bir-birini sevən iki insan necə ola bilər ki, hər şeyi xoşbəxt sonluqla bitirə bilməyiblər. Düzünü desəm atam üçün darıxıram. Onunla olan uşaqlıq dövrümüz üçün darıxırsan. Məncə, insan onu xatırlayan sonuncu yaxını dünyasını dəyişən zaman unudulur və ölür.
“Vurma əl türbətimə, türbəti-Adəm də mənəm. Nə o dünya, nə bu dünya, iki aləm də mənəm”,– deyən Biriyanın hər iki dünyası qəfəsdir. Belə şeirlər Azərbaycan ədəbiyyatında tarixən nadir hallarda yazılıb. Yəqin həm də tarixən elə bir şairimiz də olmayıb ki, Biriya kimi Təbrizdə nazir, Karaqandada məhbus, Şamaxıda molla, Bakıda mürdəşir olsun. Həyatının son günləri də elə yazdığı bu şeirdəki əhvala müvafiq – Təbrizin küçələrində səfil günündə keçsin, ömrü kimsəsizlər evində sona çatsın. Yəni həm o dünyada olsun, həm də bu dünyada olsun. Həm mövcud olsun, həm də mövcud olmasın.
Biriyanın yetmiş illik ömründə insanca yaşadığı illərin sayı çox azdır. Həyatının böyük bir qismi aldanışlar, zillət, məşəqqət və məyusluq içindədir. Biriya sanki bütün ömrü boyu qürub edib… Şah hökuməti bir tərəfdən, Stalin hökuməti digər tərəfdən Biriyanın qürubunu tezləşdirib. Onunla ikili oyun oynayıblar. Pişəvəri Bakıya qayıdandan sonra Cənubi Azərbaycanın ən çətin, kimsəsiz vaxtlarında onu Pişəvərinin yerinə Demokratik Firqəyə sədr seçiblər.
Heç Parisin lənətlənmiş şairləri də Təbrizin qarğınmış şairi Biriyanın yaşadığı taleyi yaşamayıb.
Biriyanın bu şeirində XX yüzil Təbriz neosufizmi XIX yüzil Paris dekadansı ilə iç-içə girib. Belə müstəsna şeirlər predmetləşdirilmədikcə ədəbiyyatşünaslıqda milli cərəyanlar barədə aydın təsəvvür əldə etmək mümkün olmayacaq. Əfsus ki, Biriyanın bu şeiri heç zaman Azərbaycan ədəbiyyatşünaslığının diqqətini ciddi şəkildə cəlb etmədi və indi də etmir.
1944-cü ildə onun Bakıda çıxan ilk kitabına yazdığı Ön sözdə Məmməd Səid Ordubadi nəinki Cənubi Azərbaycanda, hətta bütün İranda – istər Azərbaycan və istərsə də fars dilində yazan şairlər içərisində onun kimi güclü qələmi olan şair tapmaq çətindir – deyirdi. O zaman Biriya Təbrizdə Həmkarlar Təşkilatının sədriydi, o aralar, Pişəvəri hökumətində Azərbaycanın maarif naziri də olacaq, Avropa ölkələrinin diplomatlarını və Amerikanın konsulunu qəbul edəcəkdi. Maarif Naziri kimi, Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkilində yaxından iştirak edəcək, Universitetdə mühazirələr də oxuyacaqdı.
Beş il sonra – 1950-ci ildə isə yenə də Bakıda Qulam Məmmədlinin tərtib etdiyi “Cənubi Azərbaycan şairləri” adlı başqa bir kitab çıxır. Kitabda 5 il əvvəl əmsalsız güclü qələmini vəsf etdikləri Biriya yoxdur. Çünki artıq 1947-ci ilin martında Təbrizdən oğurlanaraq Bakıya gətirilmiş Biriya, dekabrın 28-də burada həbs olunmuş və Karaqanda həbs düşərgəsinə göndərilmişdi. Günahı nəydi? 33 yaşlı Məhəmməd Biriya siyasətdən bezmişdi. Dünyadan doymuşdu. Evinə, xanımına, tək oğluna qovuşmaq istəyirdi. İmkan vermədilər. “Mən dedim, gedirəm vətənimə. Onlar dedi, qoymarıq. Mən dedim, İran konsulu məni aparar. Onlar dedi, konsul da səni aparmaq istəsə, biz konsula yol vermərik. Səni tutub deyərik, bu casusdur. Dedikləri kimi də etdilər…” (M.Biriyanın Malenkova yazdığı məktubdan).
İyirmi il həbsxanalar küncündə qaldı.
Doğrudan da, neçin məhzun olmasın, neçin ürəkdən nalə etməsin? Bir halda ki, taleyi – alın yazısı ona “Hər addımda müəyyəndir, qazılmış bir məzarım var”, yaxud:
Cismimdəki atəş qoy ümidim kimi sönsün…
Dön sən də, vücudum, qara daş parçasına dön –
Qoy məsləkim, amalım, əqidəm külə dönsün!
– deyə yazdırırdı…
Məhəmməd Biriyanın bir kitablıq şeirləri arasında, elə onun öz dövrünün poeziya müstəvisində də, məncə, “Vəsiyyət”dən üstün şeir yoxdur. Baxmayaraq ki, zamanında onu milli və vətənsevər şair adlandırıblar. Amma Biriyanın ən yaxşı şeiri olan “Vəsiyyət”də nə millətdən, nə də vətənsevərlikdən söhbət gedir. Şeir başdan-başa melanxolik mətndir. Biriyanın bu şeirini Təbrizdə Vadiyi Rəhmət məzarlığında epitafiya olaraq ümidsiz, laübalı, məhzun, kimsəsiz şairin sinə daşına yazıblar.
Bu gün görkəmli türkoloq alim, ədəbiyyat və sənət dünyamızın parlaq siması, elmi, ədəbi yaradıcılığı ilə bütün zamanların çağdaşı olan filologiya elmləri doktoru, professor Minaxanım Nuriyeva Təkəlinin doğum günüdür…
Heç bilmirəm, bu kiçik təbrik Sözümdə Onun ömür salnaməsindən hansı səhifəni önə çıxarım. Və ya buna ehtiyac varmı? Türk yurdlarımızın tarixinin araşdırılmasında Minaxanım Təkəlinin adı ünlü elm fədailəri ilə bir sırada dayanmırmı…
Minaxanım Təkəli deyəndə, yaddaşımızdan tədqiqat axtarışlarının bəhrəsi olan “Türk əsilli ruslar”, “Türk sözləri rus dilində”, “Türk kitabı: Unudulan tarix, dəyişdirilən adlar”, “Qafqaz İslam ordusunun xronologiyası” (Mehmet Ruhtunla birgə), “Türk imzası”, “İstilalar, müharibələr: Türk şəhərlərinin taleyi”, “Qərbdən Şərqə ulu türk yurd adlarının dəyişdirilməsi tarixindən”, “Dil-sənət, poetika məsələləri”, “Yaddaş kitabı: Azad və tənha adamlar”… kimi əsərləri boylanır. Elm xadiminin milli ədəbi sərvətimiz statusunda olan kitablarının hər səhifəsində türk dünyası bütün aləmə şəfəq saçır…
Professor Minaxanım Təkəli bu gün də ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri, nəhayət, qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalarını səylə davam etdirir…
Minaxanım Təkəlinin özəl günündə portretinə əzəmət verən elmi ştrixlərlə naxış salmaq bizim ehtiramımız, Onun da halal haqqıdır…
Dünyaya gəlişiniz mübarək, məxmər təbiətli bacım! Qarşıdakı illərdə uğur, fərəh dolu həyat, nağıla bənzər bir ömür nəsibiniz olsun…