Akademik Adilə Əvəz qızı Namazovanın vəfatından beş il ötür

ZƏKANIN İŞIĞINDA YAŞAYAN ÖMÜR

(Adilə Namazova)


Bu gün Azərbaycan elminin, səhiyyəsinin və milli pediatriya məktəbinin banisi, akademik Adilə Əvəz qızı Namazovanın vəfatından beş il ötür. O, təkcə görkəmli alim deyil, minlərlə uşağın həyatına şəfa, ailələrə ümid bəxş etmiş böyük ürək sahibi, elmi humanizmlə birləşdirən nadir şəxsiyyət idi.

Azərbaycan Milli Elmlər Akademiyasının ilk qadın akademiki olan Adilə xanım ömrünü uşaq sağlamlığının qorunmasına, pediatriya elminin inkişafına və yüksək mənəvi dəyərlərə xidmətə həsr etdi. Onun yaratdığı elmi məktəb, yetişdirdiyi alim və həkim nəsli bu gün də ölkəmizin sağlam gələcəyinə xidmət edir.

Ulu Öndər Heydər Əliyev akademik Adilə Namazovanı Azərbaycanda elmi pediatriy’ anın banisi kimi yüksək qiymətləndirir, onun fikir və təşəbbüslərinə xüsusi önəm verirdi. Məhz bu diqqət və dövlət qayğısı sayəsində uşaq səhiyyəsi və pediatriya elmi ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Adilə xanım hər zaman xatırlayırdı ki, kadr hazırlığı və elmin inkişafı istiqamətində apardığı gərgin fəaliyyətində akademik Zərifə Əliyevanın mənəvi dəstəyi və etimadı onun üçün böyük dayaq olub.

Adilə Namazova üçün həkimlik sadəcə peşə deyil, vicdan, məsuliyyət və insan sevgisi idi. O, elmi biliklə mərhəməti, vətəndaş mövqeyi ilə dövlət təfəkkürünü bir ömür boyu vəhdətdə yaşatdı. Bu səbəbdən onun həyatı zamanla bitən bir ömür deyil — nəsildən-nəslə ötürülən dəyərlər və əxlaq məktəbidir.

Bu gün onun işıqlı xatirəsini dərin ehtiramla anır, ideyalarının, prinsiplərinin və zəngin elmi irsinin daim yaşayacağına inanırıq. Akademik Adilə Namazovanın adı Azərbaycan pediatriyasının tarixində zəka, vicdan və şəfqət rəmzi kimi əbədi qalacaq.

Müəllif: Təranə Tağı-zadə

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri

Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir