
QƏLBİN AYNASI – SƏMİMİYYƏT
Çoxumuz səmimiyyətin ehtiva etdiyi dəyərləri dərindən dərk etmədən, mənasına varmadan yeri gəldi, gəlmədi, “mən səmimiyəm”, deyirik. Görəsən, bu ali duyğunu olduğumuz, göründüyümüz yerlərdə insanlarla ünsiyyətimizdə, münasibətimizdə, əməlimizdə göstərə bilirikmi?
Bir anlayış, fikir kimi, maraqlıdır: səmimiyyət nədir, o özünü necə nişan verir…
Səmimiyyətin malik olduğu xüsusiyyətlər də mənəvi gözəlliklə bağlıdır. O, ilk növbədə özünü insanın qəlbinə, varlığına saçılan işıq timsalında göstərir. Səmimiyyət mənəviyyatın kompasıdır, onun istiqamətini tutub yol gedən insanın uğuruna xeyir çıxar, həyatı yaxşılıqlarla, gözəlliklə süslənər…
Səmimiyyət əxlaqdır. Davranışda, ünsiyyətdə bunu duymaq çətin deyil. Yüksək əxlaqi keyfiyyətlərə malik olmaq cəmiyyətdə rəğbətlə, sevgiylə qarşılanır, onun daşıyıcısı tutduğu mövqeyindən, yaşından-başından asılı olmayaraq istinad, nümunə yeri olur: filankəs çox əxlaqlı adamdır…
Səmimiyyət mehribanlıqdır, ülfətdir. Bunlar olan yerdə rahatlıq var. Belədə yaşamaq, həyatı duymaq adama zövq verir.
Səmimiyyət mədəniyyətdir. O, insanlara yüksək zövq, həssaslıq aşılayır. Onları bir-birilə ehtiramlı, sayqılı rəftara sövq edir.
Səmimiyyət nəciblikdir. İnsanın təbiətində olan alicənab, saf, ülvi, müqəddəs hisslərin məcmusudur.
Səmimi insan düzlüyün, ədalətin, həqiqətin aşiqidir. O, yalanı, riyakarlığı sevmir, adamlarla münasibətində, davranışında, əməlində səhvini etiraf etməkdən mənəvi dinclik tapır.
Yaşam boyu səmimiyyətin o qədər çalarları yaranır ki! Mənə görə bütün yaxşılıqların anası səmimiyyətdir, qəlbin aynası səmimiyyət…
Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist