Etiket arxivi: Oğullar

Zabit həyatı – Ordu – Müharibə – Ailə

15.12.2025.
Düz 10 il əvvəl bugünkü gün axşam saatlarında atamın ölüm xəbərini almışdım. İllər necə də sürətlə keçir.
Atamla bağlı xoş və bədbin xatirələrim çoxdur.
Düzü onun müəyyən səhvlərinə görə ailəmizə çox zərər dəymişdi. Sonuncu dəfə ona “ata” xitabını nə vaxt etmişdim yadımda deyil. Amma düşünürəm ki, indi sağ olsaydı çox maraqlı münasibətimiz olardı. Çünki 17 yaşım olandan artıq bir evdə yaşamırdıq. 26 yaşım olanda isə o həyatda yox idi.
Bu 9 il ərzində arada görüşürdük. Amma bu görüşlərin demək olar ki, hamısı formal xarakter daşıdığından aramızda soyuqluq var idi.
Mən gözümü açandan onu hərbi formada, çiyinlərində ay və ulduzlarla görmüşəm. Birinci Qarabağ müharibəsi illərində isə heç bir rabitə vasitələri olmadığından bir neçə aydan bir cəbhədən 1-2 saatlıq evə gələndə sağ olduğuna əmin olurdum. Həmin illərdə Gəncədə yaşayırdıq və demək olar ki, hər gün cəbhədən gələn bağlı tabutları görürdüm.
Uşaqlıq illərimdə atama çox bağlı olmuşam, onu çox sevmişəm. Amma yeniyetməlik illərində bu hiss 180 dərəcə dəyişmiş oldu. Hətta zahiri görünüşüm ona bənzədiyini üçün güzgüdə özümə çox baxa bilmirdim. Çalışırdım ona oxşamayım. Atam əvvəldən ailəsinə qarşı biganə olsaydı bəlkə də, bu küskünlüyüm olmazdı. Ondan vaxtilə sevgi görüb, sonra bu sevgidən məhrum qalmağımız kinimi artırmışdı.
Dünyasını dəyişdiyi gündən etibarən isə ona qarşı zərrə qədər də olsa küskünlüyüm yoxdur.
Sadəcə cavabsız qalan suallarım məni hər dəfə narahat edir. Bir də onunla ata-oğul kimi yox, dost kimi vaxt keçirə bilməməyin yanğısı sol tərəfimi incidir. Məncə, çox yaxşı dost ola bilərdir.
Həddindən artıq intellektli və savadlı insan iid. Öz işinin ustası idi.
Birinci Qarabağ müharibəsi ilə bağlı sadəcə bir neçə xatirəsini danışmışdı. Onlar hələ də xatirimdə danışdığı kimi qalıb.
Arada anam atamla bağlı xatirələrini danışır. Düşünürəm ki, bu qədər rəngarəng və gözəl günlər keçirən, bir-birini sevən iki insan necə ola bilər ki, hər şeyi xoşbəxt sonluqla bitirə bilməyiblər.
Düzünü desəm atam üçün darıxıram. Onunla olan uşaqlıq dövrümüz üçün darıxırsan.
Məncə, insan onu xatırlayan sonuncu yaxını dünyasını dəyişən zaman unudulur və ölür.

Daim xatirimdəsiniz, Cənab Mayor!!!

Ehtiramla, İlkin Tomar