Dünya şöhrətli alim Rafiq Əliyevə görə, insan vicdanından qırağa bilməyəndir. Teymur bunu gəncliyində amalı, əqidəsi, Vətən sevgisi ilə təsdiq etdi. Onu Moskvanın cazibədarlığı, suyuşirin, dodağı təbəssümlü, gözləri xumar, təbəssümlü, danışığı, ünsiyyəti ilə hər gənci yolundan döndərə bilən qızları da fikrindən çəkindirə bilmədi. Bilməzdi də. Axı vicdan həm də daxili MƏNdir. MƏN insanlığın birinci kriteriyasıdır. Teymur da MƏNin diqtəsindən və hökmündən çıxa bilməzdi.
Akademik Ziya Bünyadovun bir deyimini unutmuram: “Həyatımda hiss etmədiyim yeganə şey qorxudur”. Mən Teymuru heç vaxt görməmişəm. Qardaşları Sehranın və Seymurun xatirələrini dinləyəndən sonra qorxunu hiss etməməyi Teymura da xas xarakter kimi qəbul etmişəm. Bu xarakteri Teymurun qısa -25 illik mənalı və heç vaxt unudulmayacaq ömrünün məqamlarında həssas insanlar hiss edə bilərdi.
Ürəyimdən bir arzu keçdi. Kaş Teymur sağ olaydı, lap elə günü bu gün qayıdaydı, 33 illik ayrılıqdan sonra doğmalarının gözünü yolda qoyan yollardan gözümüz çəkilərdi. Qayıtdı. Gözlərimiz yollardan çəkiləcəkmi? Dünyada ən uca zirvə anadır…
Dilimin ucunda Nüsrət Kəsəmənlinin iki misrasını vird etdim:
Analar yollara göz yaşı səpir, Bəlkə izləriniz göyərdi deyə.
Göyərdi də. Ancaq nə deyək əzmli, dözümlü, ümidi heç vaxt ölməyən analara. Gözünüz aydınmı, yaxud başınız sağ olsunmu?
Teymur, sən həmişə mənim gözümdə Sehranın çəkdiyi portretdəki kimi qalacaqsan – qatal baxışlı, ciddi. O baxış da yağıya gözdağıdı. Alman xalq məsəlinə görə, cəsarətlinin baxışı, qorxağın qılıncından itidir”. Sehran həssasdı, o baxışı görməyə bilməzdi.
Qarabağ həsrətlisi şair Şahmar Əkbərzadə haray çəkirdi: “Bəs ölmüş torpağı harda basdıraq?” Biz torpağı basdırmadıq. Teymur kimi oğullar buna imkan vermədi. Çünki torpaq onlara daha çox lazım idi – qoynunda əbədiyyətə qovuşmaq üçün. Ona görə şəhidlər ölməzdir…
Musa Yaqubun arzusu Vətən olmaq idi:
Öləndə qoynunda qoy ölüm ki, mən, Çürüyüm, bir ovuc torpağın artsın.
Ona görə də bu torpaqdan Teymurlar göyərir və göyərəcək…
Azərbaycan tarixinin XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, Cənubi Azərbaycanın ucqar bir kəndində dünyaya gəlib, yetimçiliklə, min bir əziyyətlə böyüyüb ölkənin ən tanınmış şəxslərindən birinə çevrilməyi bacarmış fitri istedad, qeyrətli Vətəndaş, böyük azərbaycanlı! Doğrudan da Mirzə İbrahimov 82 illik mürəkkəb ömür ərzində, ömründən də mürəkkəb olan zəmanədə edilməsi real olmayan bütün mümkünsüzlükləri etməyi bacarmış, Sosialist Əməyi Qəhrəmanı, Xalq yazıçısı, “Stalin” mükafatı laureatı, 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və dövrün digər onlarla yüksək mükafatlarını, Fəxri adlarını almış, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Maarif komissarı və naziri, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi, SSRİ xarici işlər naziri ilə bərabər statusda olan Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Opera və Balet teatrının direktoru və digər irili-xırdalı vəzifələrdə şərəflə çalışmış, 39 il (8 çağırış – I, II, III, IV, V, VII, VIII və X çağırışlar) SSRİ Ali Sovetinin deputatı, 1950-ci ildən 1979-cu ilədək fasilələrlə 21 il Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Elmlər Akademiyasını təsis edən 15 nəfərdən biri olmuşdur.
Bir neçə gün əvvəl şair Vaqif İsaqoğlu ilə “İMZA” nəşrlər evinin direktoru, Səbuhi Aslanın yanına getmişdik. Qapını astaca döyüb otağa daxil olduq. Otaqda Türk dünyasının ustad aşığı aşıq Əli Quliyev ( Urfan Əli) gördük. Görüşüb, hal- əhval tutduq. Çox maraqlı söhbətlər etdik. XX əsrin 80- ci illərindən xatirələr danışıb ustad aşıqlardan aşıq Əkbər Cəfərov, aşıq İmran Həsənov, aşıq Mikayıl Azaflı, aşıq Əlixan Niftəliyev, aşıq Mahmud Məmmədov, aşıq Ələsgər Tağıyev, aşıq Aydın Çobanoğlu və solo saz ifacisi aşıq Xanlar Məhərrəmovla dövlət tədbirlərindəki çıxışlarından, olduqları el şənliklərindən geniş söhbət etdik. Vaqif İsaqoğlu aşıq Əlidən soruşdu : -Xeyirdimi, bura gəlməkdə ? -Həə ! Bir balaca cızmaqaram var, istəyirəm onu kitab halında çap etdirim ki, gələcək nəsillərə qalsın. Hər ikimiz ustada xeyir – dua verib getmək istəyəndə, mən Səbuhi müəllimdən soruşdum ki, kitab nə vaxta çap olunar. Səbuhi müəllim xoş təbəssümlə bildirdi ki, on- on beş günə çap olunar. Bu günlərdə, Səbuhi müəllim mənə zəng edib bildirdi ki, aşıq Əlinin ” Haqdan gələn naxış- naxış” kitabı artıq nəşr olunub. Aşıq Əli sizin üçün iki kitab saxlayıb, gəlib götürə bilərsiniz. Aşıq Əli Urfanın təzəcə çapdan çıxmış («İmza» nəşriyyatı, 2025) «Haqdan gələn naxış-naxış» şeirlər toplusunu təzəcə əlimə götürmüşdüm ki, qulağıma saz səsi gəldi. Ovsunlandım və özumu sehrli bir dünyada hiss elədim. Aman Allah, görəsən bu sazın pərdələrində gəzən kimin barmaqları idi? Aşıq Əkbərinmi, Aşıq Azaflınınmı, yoxsa Aşıq Xanlarınmı? Yox. Bu sazı dilləndirən, ruhumuza sığal çəkən, ürəyimizi yerindən oynadan, hər kəsi Yanıq Kərəmə döndərən Aşıq Əli Urfanın özüydü.
Bu nə haray,bu nə ündü,ay lələ, Bu nə saat , bu nə gündü , ay lələ. Fələklərintası söndü,ay lələ. Öldürməni, bu dağlarda dəfn elə, Qoy üstümə duman gələ,çən gələ. ( Duman gələ,çən gələ.) Və yaxud Ay Əli,yaş ötüb , saqqalım saldı, Kim haqda uddusa orda da çaldı, “Yanıq Kərəm”ini çox aşıq çalı, Ədalət çalan tək “Kərəm” olmadı. ( Olmadı )
Aşıq Əli sazının sehrindən ayılmağa macal tapmamış, Aşıq Əli sözünün sehrinə düşdüm. Bir də baxıb gördüm ki, aşığın vaxtilə gəzdikləri, gördükləri, ziyarət etdikləri yerdəyəm – Təbrizdəyəm, Savalan dağındayam, Babək qalasındayam, İstanbuldayam, Dərbənddəyəm, Şah dağındayam, Xudafərin körpüsünün üstündəyəm, Ərzurumdayam, Kəpəzdəyəm, Murovdayam… Bu siyahını uzatdıqca uzatmaq olar. Aşıq Əlinin qarış-qarış gəzdiyi yerlər, müqəddəs ocaqlar, pirlər, ziyarətgahlar…onun Tanrı adamı, el adamı, el aşığı olduğunu bir daha təsdiqləyir. Bütün bunlardan bəlli olur ki, aşıq elsiz bir gün də yaşamayıb. El üçün ağlayan, el dərdi çəkən, elin dərdinə, sevincinə sazıyla, sözüylə şərik olan Aşıq Əli Urfan Hüseyn Bozalqanlının, Əkbərin, Azaflının, Xanların, Çopur Ələsgərin, Nəcəfin… və bir çox ustad sənətkarların ruhunu sazında yaşadan, onların yolunu davam etdirən qocaman aşıqlarla bir sıradadır. Əli Urfan Quliyev yaradıcı və ifaçı aşıqdır, sənətdə öz möhürünü vuran saz-söz adamıdır. Üzü Dədə Qorquddan bəri gələn, boy boylayan, söz söyləyən, ən ağır məclisləri yola verən, elin sevinciylə sevinən, kədəriylə kədərlənən Vətən oğludur, sazıyla türkün ruhunu yaşadan, türk dünyasına, türk mədəniyyətinə böyük töhfələr verən Dədə Qorqud yadigarıdır. Hələ sağlığında ikən üz minlərlə türkün ürəyində öz heykəlini ucaldan Aşıq Əli «Haqdan gələn naxış-naxış» kitabıyla Aşıq Əli Urfan imzasının əbədi yaşayacağını bir daha təsdiqləmiş oldu. Urfan deyir, getdi sənli gecələr, Daha ruhum xəyalınla gecələr. Əhdim budu, yalqız qalıb gecələr, Mənim kimi qəm bəhrində üzərsən. ( Üzərsən ) Kitabda yer almış rübailər, qoşmalar, təcnislər, dördlüklər, divanilər, sözləşmələr… oxucunu aşıq şeirinin ən gözəl incilərilə tanış edir və bu incilərdən, həm də Əli Urfanla şəxsi tanışlıqdan məmnun olur, o böyük ustad aşıq-şairin varlığına şükür eləyirsən. Şükür eləyirsən ki, bu dünyada Aşıq Əli var, onun özünü görürsən, sözünü eşidirsən, çaldığı saz havalarının təsirindən qanadlanıb mavi səmalara uçmaq istəyirsən. Aşığın hər çaldığı saz havasında, (xüsusilə «Dilqəmi»si), qələmə aldığı hər şeirində ümid var, inam var, həyatın şirinliyi, yaşamağın gözəlliyi var, türk xalqının keçmişi var, gələcəyi var. Əlinin hər ifasında mərdlik var, cəsarət var, igidlik, qorxmazlıq var, ən əsası isə haqq-ədalət var, haqsızlığa üsyankarlıq var…
İşə bax dəllallar uyub tamaha , Zəri zərgərinə sırıyır baha. Nə ilqar, nə iman qalıbdı daha, Şəkk edən varisə yoxlasın bizi. ( Saxlasın bizi )
Aşıq Əli sazının, Aşıq Əli şeirinin qüdrətilə ölümün üstünə gülə-gülə getmək və qalib gəlmək olar. Aşıq havayı söz işlətmir. İşlətdiyi hər sözün fəlsəfi qüdrəri var və bu qüdrətdə dağı da yerindən oynatmaq mümkündür. Düşünürəm ki, təkcə «Dilqəmi» havasıyla bir orduya qalib gəlmək olar ! Bəli, Əli Urfanın çaldığı «Dilqəmi» havasının eşqinə el şairi Sücaət demişkən «qəm sevincə, sevincə qəmə qarışar», «xəstə canın yatağından oyanar», «için yanar, od-alova bürünər». «Haqdan gələn naxış-naxış» kitabını vərəqlədikcə bu görüşün sevincini, şirinliyini yaşayırdım. Bəzən də xəyalən «ruhumuzu diri və duru saxlayan» (Zəlimxan Yaqub) Baba Dərvişə – Aşıq Əliyə qoşulub Tanrıya doğru üz tutub gedirdim. «Baş sarıtel» havasında haqqa doğru yol gedə-gedə həm də aşığın bu misralarını pıçıldayırdım:
Aşıq Əli, elə ola, Əcəl öncə canım ala. Yar üstümdə layla çala, «Baş sarıtel» havasında.
Türk dünyasının urfanı – Aşıq Əlinin oxuculara ünvanladığı «Haqdan gələn naxış-naxış» kitabını qara saz kimi sinəmin üstünə qoyub yarı kövrək, yarı sevinc hissiylə belə söylədim: «Hər şeirində dağdan ağır fəlsəfə yükü daşıyan, ağlı-qaralı dünyanın iç üzünü bizə göstərən, dostluğun, qardaşlığın, vətənsevərliyin, sədaqətin, məhəbbətin nə demək olduğunu şeirlərində əks etdirən Aşıq Əli Urfan min ildən sonra da unudulmayacaq, xatırlanacaq… Eynən Dədə Qorqud kimi!
Hüseyn İsaoğlu, yazıçı-publisist, AYB – nin və AJB – nin üzvü.
Şamaxıda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin S.Ə.Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən növbəti tədbir Şamaxıda Mədəniyyət Nazirliyi, AMEA və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Öncə qonaqlar Seyid Əzim Şirvaninin məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə gül dəstələri düzərək onu ehtiramla yad ediblər.
Rayon ictimaiyyətinin nümayəndələri, təhsil,mədəniyyət işçiləri və gənclərin iştirakı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə əvvəlcə dahi şairin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı bədii-sənədli film nümayiş olunub və filmin müəllifi olaraq AzTV- nin “Sabah” yaradıcılıq studiyasının rejissoru Sirac Mustafayev filmin ərsəyə gəlməsindən danışıb.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi şairin yaradıcılığından söhbət açaraq onun şeirlərindən nümunələr səsləndirib.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Şahin Seyidzadə və Elnarə Akimova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid və Xalq artisti, professor İlham Namiq Kamal çıxış edərək görkəmli şairin maarifçilik ideyaları ilə bağlı yaradıcılığından danışıb, onun Şərq poeziyasının çoxəsrlik ənənələrinin yüksək sənətkarlıqla davam etdirməsindən və yaşadığı dövrdə cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda fədakar mübarizədə ön sıralarda dayandığını qeyd ediblər.
Natiqlər həmçinin ölkəmizdə mədəniyyətə, incəsənətə və ədəbiyyata göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” instrumental ansamblın müşayiəti ilə Azərbaycanın tanınmış ifaçıları Əməkdar artist İlkin Əhmədov, Nisbət Sədrayeva, Ruslan Adgözəlov və Teymur Əziz tərəfindən görkəmli şairin qəzəllərindən ibarət muğam parçaları ifa olunub, bədii qiraətçi Hüseynağa Əzizov onun qəzəllərini səsləndirilib.
13 ali təhsil müəssisəsi TÜRKÜNİB-ə yeni üzv qəbul edilib
Oktyabrın 15-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Daşkənd Beynəlxalq Universitetinin ev sahibliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyasının iclası keçirilib.
Beynəlxalq tədbirdə türk dövlətlərində fəaliyyət göstərən 70-dən çox universitetin rektoru və rəhbər heyəti iştirak edib.
Assambleyanın 8-ci iclasında ümumilikdə 62 ali təhsil müəssisəsi, o cümlədən Azərbaycanın 13 universiteti TÜRKÜNİB-ə yeni üzv qəbul olunub.
Birliyə ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Qarabağ Universiteti və Xəzər Universiteti üzv olaraq qəbul edilib.
Baş Assambleyanın sessiyasında TÜRKÜNİB-in daimi katibliyinin və ORHUN mübadilə proqramı fondunun yaradılması təklif olunub.
Tədbir çərçivəsində üzv universitetlər arasında elm və təhsil sahəsində proqramların uyğunlaşdırılması, tələbə və müəllim mübadilələrinin artırılması, eləcə də birgə akademik fəaliyyət, layihə və konfransların təşkili, həmçinin mədəniyyət, elm və idman sahələrində müsabiqələrin keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Şəmsiyyə haqqında xatirələrim çoxdur. Onun haqqında yazmaq istərkən ilk tanlşlığımızı yadıma saldım. Hələ 1981-ci ildə ilk dəfə görüb tanış olduğum arıq, cılız, amma gözəl bir qız gözümün önünə gəldi. Jurnalist Sənətkarlığı İnstitutunda oxuyurduq. Mehriban, gülərüz bu xanımla soyadımızın eyni olması da bizi yaxınlaşdırdı. Sonralar sorağı radionun “Gənclik”redaksiyasının hazırladığı verilişlərdən, qəzetlərdən gəldi. Mən eyni zamanda ETPEİ-nin dissertanturasında elmi işlərlə məşğul olduğumdan, həm də rayonda yaşayıb işlədiyimdən onunla təmasda ola bilmədim. Və… uzun illərdən – 35 ildən sonra təsadüfən onu “Azərbaycan” Nəşriyyatında tapdım. Baxmayaraq ki, biz bir binada çalışlrdıq, bilməzdim ki, o, 2-ci mərtəbədə “Yeni Təfəkkür” qəzetinin baş redaktoru vəzifəsində çalışırmış!.. Uzun ayrılıqdan sonra bizim görüşümüzü təsəvvür edə bilməzsiz! Biz bir-birimizdən ayrllmaq belə istəmirdik, kövrəldik, sevincdən nə edəcəyimizi belə bilmədik! Dedik, danışdıq, güldük. Şəmsiyyə xatirə şəklimizi çəkrib mediada paylaşdı…
Ötən illərin acılı-şirinli günlərini xatırladıq. O, elə bir dünyadır ki, onu yaxından tanıyanlar çox gözəl bilir. Aramızda yaş fərqi olsa da doğru, dürüst məsələləri onunla birgə araşdırırıq. Deyib-gülən, əhli-hal dost, sirdaşdır. Hərdən incisəm də tez barışıram, çünki ondan incikli qala bilmirəm də. Doğrusu, bəzən haqsızlıq görəndə fikrini sərt bildirir. Mənim xeyrimdə, şərimdə birlikdə olub. Onunla birlikdə istirahət etməyin özgə aləmi var! Otən illərin birində Mətbuat Gününü bizdə – Xaçmazın Xudat şəhərində birlikdə keçirdik. Onunla Əməkdar jurnalist, hələ Az.TV-dən tanıdığım Flora Sadıqova da gəlmişdi, yaddaqalan gün keçirdik. Şəmsiyyənin çox sadə xasiyyəti var, o, gah samovar qaynadır, gah da həvəslə onunla görüşə gələn bacılarımla kabab çəkir və gördüklərini telefona köçürürdü. (sonra onları sosial mediada da paylaşmışdı.) Demək, gülmək, lətifələr danışmaq… Beləcə, bir unudulmaz yay gününü xoş əhvalla bayram etdik…
Bütün paylaşımlarında üzü gülür bu güləyən qızın. Amma o gülüşlərin arxasında gizlənən dərin kədəri hiss etməmək olmur. Bunu mən çox gözəl hiss edirəm. Şəms belə Şəmsdir. Getdiyi yerə işıq saçan, hamıya diqqətlə yanaşan, səmimi, mehriban, qaygıkeş, zəhmətsevər, sözünü yerində deməyi bacaran! Geyimini, ədəb-ərkanını gözləyən, daim gülərüz olsa da kədərini gizlətməyi bacaran tovuzlu bacım! Əməkdar jurnalist, bir çox mükafatlar sahibi olan Şəmsiyyə Kərimova haqqında danışmaqla bitməz, çox söz demək olar. Mən onu yubileyi münasibətilə öz adımdan, ailə üzvlərim adından, çoxsaylı həmkarlarım adından ürəkdən təbrik edir, ona yeni-yeni bol ugurlar, can saglığı arzulayıram! Neçə belə illərdə, xoş günlərdə görüşək! Allah daim üzünü güldürsün, əzizim!
Yenidən görüşmək ümidilə;
Nəzakət Əhmədova, AYB, AJB-nin üzvü, “Tərəqqi” medallı, “İlin müəllimi”
O, həm fədakar alim, həm də istedadlı qələm adamıdır…
Mahirə Hüseynova- 65
Dünyanın hər bir yerində olduğu kimi, bizim cəmiyyətdə də xanım alimlərə xüsusi ehtiram və diqqət var. Fəqət, yaxın keçmişə qədər Azərbaycan xanımlarına elmlə, tədqiqatla məşğul olmaq yasaq edilmişdi. Sanki xanımların təhsil alması, savadlanması kimlərəsə mane olurdu. Yalnız XX əsrin ortalarından başlayaraq, elmin müxtəlif sahələrində alim xanımlarımız da yer tuta bildilər. Bəli, bu dəfə sizə bir alim xanım- Mahirə Hüseynova haqqında söhbət açmaq istəyirəm. Onu həm də Mahirə Nağıqızı kimi tanıyırlar. Amma, gəlin əvvəlcə Mahirə xanımın ömür kitabına nəzər yetirək:
O, 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan MR-də, Babək rayonunun Sust kəndində anadan olub. Orta təhsilini 1978-ci ildə Abşeron rayonu Novxanı qəsəbə 1 saylı məktəbdə başa vurub. 1980-1984-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnərək oranı fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nəriman Nərimanov rayonundakı 43 saylı MLK-da öz ixtisası üzrə müəllim işləyib. Həmin illərdə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülüb. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. 2012-ci ildə “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2017-ci ildə isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. ADPU-da işlədiyi müddət ərzində dosent, kafedra müdiri, fakültənin dekanı vəzifələrində çalışıb. 2021-ci ildən etibarən isə həmin universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəifəsində işləyir. Həm də 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində fəaliyyət göstərir…
Filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva onu belə təqdim edir: “Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor, tanınmış şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir. XXI əsr Azərbaycan elmi və təhsili tarixində özünəməxsus yer tutan böyük alim, professor Mahirə Hüseynova bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Mahirə xanım həm görkəmli alim, pedaqoq, həm də istedadlı şair kimi tanınmaqdadır.”
Sirrli cazibə qüvvəsi, güclü daxili enerjisi və sabit xarakteri ilə seçilir. Əslində, o özündə dərin duyğuları, güclü intuisiya qabiliyyətini ehtiva edir və öz dəyərlərinə sadiqdir. Həyatında nə istədiyini dəqiq bilir və bu məqsədlərə çatmaq üçün qətiyyətlə səy göstərir. Ətrafında baş verən hadisələrə qarşı soyuqqanlı və sakitdir. Bəzən qərarları emosional əsaslara söykənsə də, məntiqi düşüncəsini heç vaxt itirmir. Dostluqda sadiq və etibarlıdır. Xəyanəti, nankorluğu bağışlamır. Hissetmə qabiliyyəti çox güclüdür- qarşısındakı insanın niyyətini, necə deyərlər, ilk sözündən anlayır. Bəzən sərt və qapalı görünsə də, bu onun zəif olduğunu deyil, əksinə, çox güclü insan olduğunu göstərir. Ətrafındakı insanlara qarşı daim diqqətlidir və analitik yanaşma sərgiləyir…
Əməkdar müəllim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev yazır: “Professor Mahirə Hüseynovanın elmi yardıcılığı çoxşaxəlidir. Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq. Məlum olduğu kimi, Azərbaycan elmində bədii ədəbiyyatın araşdırılması əsasında yaranan dilçilik tədqiqatları əsasən iki sahədə: ədəbi dil tarixi və üslubiyyat istiqamətlərində inkişaf edib. Mahirə xanım isə Dərələyəz mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında onomastik vahidlərin, toponimlərin tədqiq olunmasına üstünlük verməklə ədəbiyyat yönümlü dilçilik tədqiqatlarının əhatə dairəsini genişləndirib. Onun “Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlər” adlı monoqrafiyası bu istiqamətdə meydana çıxan ilk uğurlu tədqiqatlardan biridir. Məsələyə bu cür elmi baxış, həm şifahi xalq ədəbiyyatının dərin qatlarının, ictimai-mədəni köklərinin nəzəri cəhətdən aydınlaşdırılmasına və həm də qrammatik strukturun real və təbii mənzərəsinin canlandırılmasına şərait yaradıb. Bu mənada Mahirə Hüseynovanın qədim Azərbaycan torpaqlarından olan Dərələyəz mahalının folklorunun dilçilik yönündən öyrənilməsinə həsr olunmuş tədqiqatları həm də həmin regionun tarixi, etnoqrafiyası və ədəbiyyatına dair araşdırmaların da vəzifəsini yerinə yetirir. Onun 2017-ci ildə “XIX-XX əsrlər Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası isə milli folklor irsinə fəlsəfə doktorluğu dövründən başlanmış vətəndaş alim münasibətinin daha da dərinləşməsinə xidmət edir. Mahirə xanım müxtəlif illərdə Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistikasının ayrı-ayrı sahələrinin, həmçinin problemlərinin öyrənilməsinə həsr olunan ardıcıl və sanballı tədqiqatları ilə qrammatika üzrə mükəmməl bir dilçilik araşdırmaları silsiləsi yaradıb. Bu silsilənin davamı kimi professorun Dərələyəz mahalının dil materialları əsasında 2015-ci ildə qələmə aldığı “Aşıq və el şairlərinin fonopoetikası”, 2016-cı ildə “Aşıq və el şairlərinin leksikası”, daha sonra “Aşıq və el şairlərinin üslubi frazeologiyası”, Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin üslubi sintaksisi” adlı eyni ildə işıq üzü görmüş kitabları da problemin daha dərindən araşdırılmasına xidmət göstərir…”
Mahirə xanımın bədii yaradıcılığında isə mənəvi saflıq və vətənpərvərlik ana xətt rolunu oynayır. Onun şeirləri qürurun, mərdliyin, saflığın aydın poetik ifadəsidir. Mahirə xanım “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, ”Ömrümün çırağı sənsən”, “Analı dünyam” adlı kitablarını təşkil edən poeziya nümunələrində ilahi sözün təbii poetik ifadəsi öz əksini tapıb. Ümumiyyətlə, professor, şair Mahirə Nağıqızı ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərməkdədir və həm fədakar elm xadimi, həm də şair kimi yorulmadan yazıb-yaradır…
…Bəli, haqqında söhbət açdığım Mahirə xanımın bu il 65 yaşı tamam olur, yubiley ilidir. Yəqin ki, ilboyu həmkarları, dost və tanışları, o cümlədən qələm adamları onun barəsində xoş söz deməyə tələsəcəklər. Qoy mənim bu söhbətim, bu sırada ilk olsun!..
Məhərrəmli Fərid Əlirəhman oğlu 1999-cu il aprel ayının 3-də Samux şəhərində anadan olmuşam. Azərbaycanlıdır. 2006-cı il sentyabr ayının 15-də Samux şəhər Səhrəddin Əliyev adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2018-ci ildə Azərbaycan Dövləq Aqrar Universitetinin Zoomühəndislik ixtisasına qəbul olmuşdur.. 2022- ci ildə isə bakalavr təhsilini başa vurmuşdur. Həmin ildə Azərbaycan Dövləq Aqrar Universitetinin “Baytar-sanitar ekspertizası” ixtisasına qəbul olmuş, 2024-cü ildə magistr təhsilini başa vurmusdur.. 12.12.2024 – cü ildə ilk romanı olan “Setralı” çapa imzalanmışdır. Kitabdakı “qəribəliklər” haqqında izah tələb edən əziz oxucular üçün: Yazıçı qeyd edir ki; Əvvəla qeyd edək ki, adların qəribə və tanış olmaması təbiidir. Çünki kitabdakı hadisələr, “tarixi öncəsi” deyilən dövrdə baş verir. Yeri gəlmişkən qeyd edim ki, tarixçilər arasında “tarix öncəsi” deyildikdə, e.ə. 3200 cü ildən əvvəlki dövr nəzərdə tutulur. Çünki arxeoloqların tapdığı ilk yazılı lövhələr, məhz həmin dövrə aiddir. Hansı ki, bu günkü Suriya, Misir, İraq və ətraf bölgələrdən tapılmışdı. Qədim Misirdə daha qədim, lakin inkişaf etmiş sivilizasiyaların yaşadığı teoremi isə, hələ də mübahisəli olaraq qalır. Hətta qədim “Misir tanrıları” nın, əslində qeyri-insan sivilizasiyasına aid olan, inkişaf etmiş varlıqlar olduğu, cəhalət səbəbindən də “tanrı” olaraq qəbul edildiyi teoremi də mövcuddur. Məsələn, ölüm tanrısı “Set” və günəş tanrısı “Ra” kimi. Kitabın adının niyə “”SetRa” lı” olduğu, kitabın sonuna doğru, hadisələrin gedişatı ilə paralel şəkildə əziz oxuculara aydın olacaq. Bütün bunlarla yanaşı, kitabdakı Kuron dilindəki adlardakı hər hərf, Azərbaycan dilindəki başqa bir hərfə işarədir. Məsələn” Jelkosek” “Yalquzaq” deməkdir. Əsərdə Kuron dilində yazılmış dialoqların bəzisinin tərcüməsi verilsə də, bəzilərinin tərcüməsi verilməmişdir. Beləcə, daha diqqətli olan oxucular, digər oxucuların başa düşmədiyi dialoqların da mənasını anlayaraq, ümumi oxucuların almadığı bəzi mesajları almış olduqlarından, üzlərində təbəssüm oyanacaq deyə düşünürəm. ” Kuron” sözünə gəldikdə isə, “yeddiillik müharibə” (1756-1763, Böyük Britaniyanın və Fransanın Şimali Amerika və Ost-Hindistanda müstəmləkəçilik rəqabəti, və Prussiyanın aqressiv xarici siyasətinin Rusiya və Avstriyanın xarici maraqları ilə toqquşmasından yaranan müharibə) zamanı döyüşlərdə iştirak edən “irokez” adlı qızıldərili qəbiləsinin bir qolu olan “Kuronları” ( Quron və ya Huron kimi yazı formaları da mövcuddur) və Baltik dənizi yaxınlığındakı “Kuron Laqunu (Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi.) haqqında məlumatı olan oxucular, Kladiusun fəlsəfəsində bəzi işarələri sezdikdə, yenə də, onda xoş bir təbəssüm yaranacaq. Bu xırdalıqlara ehtiyac varmı deyə sual verə bilərsiniz. Mən də deyərəm ki, “Dünyamız sirrlərlə doludur, bəs axı niyə?”. Qısa bir düşüncə sonrası siz əzizlər də deyərsiniz ki, “əgər bütün həqiqətlər dərhal görüləcək qədər açıq olsaydı, insanlar onları mənimsəmək istəməz, qiymətsiz hesab edərdi. Məsələn Arximed işarəni oxuya bildikdə “Evrika” deyə qışqırarkən hiss etdiyi sevinci, heç vaxt hiss etməzdi və bu həqiqət Arximedin daxilini kifayət qədər işıqlandırmazdı.” Bəli, insan hansısa sirri özü açarsa, onu daha doğru və daha tam şəkildə mənimsəyər. Ümumiyyətlə,” Setralı kitabı ilə oxucuya hansı fikirləri çatdırmağa çalışmışam? ” sualına gəldikdə isə, bir psixoloqdan eşitdiyim cümləni bölüşmək istəyərəm : Bir rəssamı incitmək istəsəniz, “bu portret ilə bizə nə çatdırmağa çalışmısınız?” deyə sual verin.” Bəli, rəssam dil ilə ifadə edilməyəcək düşüncələrini boyalar ilə ifadə edir. Ondan bu qədər zəhmət çəkdikdən sonra, əsərini anlamağa çalışmaq yerinə, aylarını sərf etdiyi əsərini bir neçə cümlə ilə ifadə etməsini istəmək, onu incitməkdən başqa bir şey deyil. Lakin mənim üçün kitabla bağlı suallar çox xoşdur və saatlarla da sualları cavablandıra bilərəm. Amma neyləmək olar ki, günlərlə, gündüzlər və gecələr boyunca yazdıqlarımın açıqlamasını, bir neçə saatda vermək mümkün deyil. Yazmağa başlayanda, düşüncələrimi kitab vasitəsilə ilə ifadə etməyə çalışırdım. İndi isə, düşüncələr vasitəsi ilə kitabı açıqlamaq lazım gəlir. Elə isə, yaxşı olmazmı ki, bu iksi paralel şəkildə bir-birini izah etsin? Arif şəxslərdən biri deyib ki, “biz də hamı kimi kitab oxuyuruq, bir fərqlə ki, tez-tez kitabı örtüb, düşünürük.” Əziz oxucuya bu qədər baş ağrısı verdikdən sonra, bu yazdıqlarımı iki cümlə ilə ifadə edərək deyirəm ki, “İnsan kitabı, kitab düşüncələri, düşüncələr isə insanı açıqlamağa çalışır. Amma qəzavü-qədər elə gətirir ki, üçü də eyni anda addım atmasa, heç biri irəliləyə bilmir.”
Və son olaraq bir Latın atalar sözünə istinad etmək istəyirəm: Nullus est liber tam mallus, ut non aliqua parte prosit. Heç bir kitab elə pis ola bilməz ki, onun bir faydalı hissəsi olmasın. İnanıram ki, bu kitabı oxuyan oxuyucular içərisində elə şəxslər olacaq ki, təfəkkür sayəsində, mənim çatdırmaq istədiyim məqamlardan daha ali məqamları belə düşünəcək, daha çox qaranlıqları aydınladacaqlar. Elə kitabın başında da dediyim kimi, təsadüf deyə bir şey yoxdur və əmanətlər, gec tez sahiblərinə çatır. Vəssalam əziz oxucu, Setralı artıq sənə əmanətdir.
Uğurlar, gənc yazıçı- Fərid Məhərrəmli və uğurlar, “Setral”!