
Kimindi?
Hamı pay istədi, özünə çəkdi,
Demədi dünyanın dərdi kimindi?
Biri yer düzəltdi, ağaclar əkdi,
Biri meyvələri dərdi, kimindi?
Nədi bəhsəbəhsi nadan olanın,
Eşidilmir səsi adam olanın.
Məşhərə çəkilib edam olanın,
Buraxıb getdiyi yerdi, kimindi?
Biri qulluq edib ərsə yetirdi,
Biri yarı yolda salıb itirdi.
Biri əl uzadıb yerdən götürdü,
O biri boylanıb gördü, kimindi?
Dünyanın qismətə çıxması eyni,
Az yedin, çox yedin, loxması eyni.
Sarayı eynidir, daxması eyni,
Çırmanıb can qoyan hördü, kimindi?
Həqiqət olanı bilə bilmədik,
Bölünən nə yoxdu, bölə bilmədik.
Mahirə, qərara gələ bilmədik,
O böyük Tanrımız birdi, kimindi?
Müəllif: Mahirə NAĞIQIZI