Etiket arxivi: Şəmsiyyə Kərimova

Ayətxan Ziyad – 75

Ömrün işığında yaşayan insan

Oktyabrın 15-də yazıçı-publisist, tədqiqatçı Ayətxan İsgəndərov Ziyadxan oğlunun 75 yaşı tamam olur. Bu rəqəmi yazmaq asandır, amma bu rəqəmin arxasında dayanan ömrü bir neçə cümləyə sığdırmaq çətindir. Çünki bu, təkcə yaşanmış illərin deyil, zəhmətin, mübarizənin, mənəvi bütövlüyün, dostluğun, sevginin və sədaqətin ömrüdür.
Ayətxan Ziyad imzası Azərbaycanda tanınan, sözünə və qələminə hörmət edilən imzalardandır. Ancaq mənim üçün bu imza yalnız qəzet səhifələrində, kitab üz qabıqlarında, yazıların sonunda görünən ad deyil. Mənim üçün Ayətxan ilk növbədə gözəl insandır. Sözünə güvənilən, dar gündə yanında olacağına inandığın, səmimiyyətinə şübhə etmədiyin, dostluğunda tərəddüd tanımayan bir insan…
1951-ci il oktyabrın 15-də Hacıqabulda zəhmətkeş bir ailədə dünyaya göz açan Ayətxanın həyat yolu elə ilk illərdən zəhmətlə, axtarışla, özünə yol açmaq əzmi ilə başlayıb. Hələ Xilə yaşayış massivindəki 9 saylı dəmiryolu məktəbində oxuduğu illərdə jurnalistikaya maraq göstərib. İlk yazıları o vaxtkı Əli Bayramlı şəhərində nəşr olunan, Şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc edilib.
Nə gözəl təsadüfdür ki, onun jurnalistikaya gedən yolunu işıqlandıran ilk qəzetin adı “İşıq” olub. Bəlkə də bu, sadəcə bir ad təsadüfü idi. Amma mənə elə gəlir ki, həmin işıq sonralar Ayətxanın bütün yaradıcılıq yoluna yayıldı. O, sözün işığında özünü tapdı, qələmi ilə insanların həyatına, taleyinə, yaddaşına yol açdı.
1969-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olması bu marağın peşəyə çevrilməsinin başlanğıcı idi. Tələbəlik illəri onun üçün yalnız mühazirələr, imtahanlar, auditoriyalar demək deyildi. Ailə vəziyyətini düşünür, valideynlərinə əlavə yük olmaq istəmirdi. Bir tərəfdən təhsil alır, digər tərəfdən müxtəlif redaksiyalarla əməkdaşlıq edir, yazır, qonorar qazanırdı. Gənc yaşlarından məsuliyyətin nə olduğunu bilirdi. Həyat ona hər şeyi hazır verməmişdi; o, öz zəhməti ilə qazanmağa, öz ayaqları üstündə dayanmağa alışmışdı.
Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başladı. Respublikanın müxtəlif bölgələrinə gedir, gənclərin həyatı, qayğıları, uğurları barədə verilişlər hazırlayırdı. O illərdə radio təkcə bir iş yeri deyildi, həm də yaradıcılıq məktəbi, insanları tanımaq, həyatı öyrənmək, sözün məsuliyyətini dərk etmək məktəbi idi.
Mənim Ayətxanla bağlı xatirələrim də məhz həmin redaksiyadan başlayır.
Onunla beş il bir redaksiyada – radionun “Gənclik” baş redaksiyasında çalışmışıq. Mən redaksiyaya təzə gəlmiş, təcrübəsi az olan gənc müxbir idim. Ayətxan isə artıq illərdir bu sahədə çalışır, müəyyən təcrübə toplamışdı. Bəzən yazdığım süjetləri özünün hazırladığı proqramlara daxil edər, bəzən də verilişlərimi redaktə edərdi. Onda aramızda yaradıcılıq mübahisələri başlayardı.
Mən bəzən onun düzəlişləri ilə razılaşmazdım, fikrimi müdafiə edərdim. O isə sakitcə üzümə baxardı. Nə səsini qaldırardı, nə də öz fikrini zorla qəbul etdirməyə çalışardı. Sonda, adətən, şöbə müdirimiz, rəhmətlik Zəhra xanımın da müdaxiləsi ilə ortaq məxrəcə gələrdik…
İndi o günləri xatırlayanda gülümsəyirəm. O mübahisələrin özündə də bir doğmalıq vardı. Çünki Ayətxan təkcə redaktə etmirdi, həm də öyrədirdi. Bəzən insanın peşəkar kimi yetişməsində böyük dərslərdən çox, belə gündəlik söhbətlərin, xırda görünən mübahisələrin, səni ciddiyə alan bir həmkarın münasibətinin böyük rolu olur.
Ayətxan mənə elə doğmalaşmışdı ki, müraciətində belə bir istilik duyulurdu. “Şəmi, bu belə olsa, yaxşıdır”, “Şəmi, elə etsən, daha yaxşı olar…” deyərdi.
Mənə “Şəmi” deyə ancaq evdəkilər, doğmalarım müraciət edirdilər. Ayətxanın bu müraciəti də məni ona doğmalaşdırmışdı. İnsan bəzən bir kəlmə ilə səni özünə yaxınlaşdırır. O kəlmədə hökm olmur, məsafə olmur, yadlıq olmur. Orada səmimiyyət, qayğı, doğmalıq olur. Ayətxanın mənə münasibətində də həmişə bu doğmalığı hiss etmişəm.
Yadımdadır, bir dəfə rayonların birindən ezamiyyətdən qayıtmışdı. Redaksiyaya girən kimi qollarını geniş açıb mənə tərəf gəldi. Elə bil məni qucaqlamaq istəyirdi, sevincindən yerə-göyə sığmırdı. “Səni öpəcəm!” – dedi.
Mən çaşıb qaldım. Otaqdakılar da təəccüblə bir-birinə baxdılar. Rəhmətlik Zəhra xanım təbəssümlə soruşdu:
– Nolub, Ayətxan, qızı niyə qucaqlayırsan?
Ayətxan sevincini gizlədə bilməyərək dedi:
– Zəhra xanım, ürəyim dağa dönüb fərəhimdən! Rayonda Şəminin haqqında o qədər xoş sözlər dedilər ki, fərəhləndim. Bizim gənc müxbirimiz haqqında bu qədər xoş söz eşitmək necə gözəl hissdir!
Sonra məlum oldu ki, həmin rayonun komsomol komitəsinin katibi Ayətxanın mənim işlədiyim redaksiyadan gəldiyini biləndə məni tərifləyib. Səbəbi isə çox sadə, amma mənim üçün mənalı bir hadisə imiş.
Rayonda ezamiyyətdə olduğum vaxt böyük bir tədbir keçirilirdi. Tədbirin sonunda qonaqları yeməyə aparmışdılar. Süfrədə hər cür təamlar, içkilər vardı. Tədbirin uğurla başa çatmasını qeyd edən katib əlində badə sağlıq dedi. Hamı badə qaldırdı, məndən başqa. Mən içmədim. Mənim bu hərəkətimdən sonra rayondan olan gənc qızlar da badələrini qaldırmadılar. Görünür, onlar da qonağın davranışına hörmətlə yanaşmış, mənim seçimimə diqqət etmişdilər.
Düzü, həmin vaxt bunun kənardan necə göründüyü barədə düşünməmişdim. Mən sadəcə öz bildiyim kimi davranmışdım. Sonradan isə öz aralarında “Bax, halal olsun!” deyərək bu hərəkətimi bəyəndiklərini söyləyiblər. Həmin sözlər Ayətxana da çatmışdı.
Ayətxanın sevinci məni niyə bu qədər təsirləndirmişdi? Çünki o, mənim uğuruma öz uğuru kimi sevinirdi. Mənim haqqımda deyilən xoş sözlər onun ürəyini fərəhləndirirdi. O, gənc həmkarının yaxşı tərəfinin görünməsindən, hörmət qazanmasından qürur duyurdu.
Bax, Ayətxan belə adamdır. Başqasının sevincinə ürəkdən sevinən, kiminsə uğurunu özünə rəqib bilməyən, gənclərin irəli getməsini özünə mənəvi qazanc sayan insan. Mənim üçün bu hadisə illər keçsə də, unudulmayan bir xatirədir. Çünki o xatirədə Ayətxanın xarakteri, onun insanlara münasibəti, təəssübkeşliyi bütöv şəkildə görünür.
İnsan haqqında çox söz demək olar. Amma onun necə insan olduğunu bəzən bircə hadisə, bircə davranış açıb göstərir.
Ayətxan təəssübkeş insandır. Dostunun, həmkarının, doğmasının yaxşılığını özününkü kimi qoruyur. Sədaqət onun üçün sadəcə dilə gətirilən bir söz deyil, həyat tərzidir. Onun dostluğu etibarlıdır, münasibəti səmimidir, sevgisi isə sözlə ölçülməyəcək qədər dərindir.
Bəlkə də həyatda özü çox çətinliklərlə üzləşdiyindən başqasının dərdini daha yaxşı anlayır. Çətinlik görən insanın ürəyi bəzən daha həssas olur. Həyatın ağrısını yaşayan adam başqasının sevincinə də, kədərinə də başqa cür yanaşır. Ayətxanın həyat yolu hamar olmayıb. Çox əziyyətlər çəkib, çox sınaqlardan keçib. Ancaq bütün bunlar onu sərtləşdirməyib, əksinə, insanlara bağlılığını, sədaqətini, mənəvi gücünü daha da möhkəmləndirib.
Onun haqqında danışarkən mənim üçün ən kövrək məqamlardan biri də ailə həyatıdır. Çünki insanın böyüklüyü yalnız yazdıqlarında, qazandığı uğurlarda, cəmiyyətdə tutduğu mövqedə görünmür. Onun böyüklüyü bəzən heç kimin görmədiyi, alqışlamadığı, haqqında heç yerdə yazılmayan seçimlərində üzə çıxır.
Ayətxan gəncliyində sevdiyi qızla bağlı ağır bir sınaq qarşısında qalıb. Sevdiyi qız bədbəxt hadisə nəticəsində yanıb, sağ qalsa da, əllərində dərin izlər qalıb. Bu hadisədən sonra yaxınları, qohumları Ayətxanın gələcək həyatını düşünərək həmin qızla evlənməməsini məsləhət görüblər. Onların fikrincə, bu ailə həyatı çətin ola bilərdi.
Amma Ayətxan sevgisindən dönməyib.
O, sevdiyi insanın əlindəki izlərə deyil, qəlbindəki sevgiyə baxıb. Həyatın ona təqdim etdiyi çətinlikdən qorxmayıb, başqalarının tərəddüdləri qarşısında geri çəkilməyib. Sevdiyi qadının yanında olmağı seçib. Onunla ailə qurub, ömrünü onunla bölüşüb.
Bu, mənim gözümdə adi bir seçim deyil. Bu, insanın sevgiyə necə baxdığını göstərən mənəvi bir imtahandır. Çünki sevmək yalnız xoş günlərdə əl-ələ tutmaq deyil. Sevmək çətinlik ehtimalını da qəbul etmək, insanı dəyişən hadisələrin qarşısında ondan üz döndərməmək, həyatın ağır yükünü birlikdə daşımağa razı olmaqdır.
Ayətxan bunu bacarıb.
Akifə xanım da onu çox sevirdi. Onlar bir ailə qurdular, bir ömür yaşadılar, çətinlikləri birlikdə qarşıladılar. Bir oğul, bir qız böyütdülər, nəvələrə qovuşdular. Ayətxan ailəsinin qayğısını çəkən, ev işlərində həyat yoldaşına kömək edən, məsuliyyəti yalnız sözlə deyil, əməli ilə bölüşən bir ailə başçısı olub.
Mən bu məqamı xüsusi vurğulamaq istəyirəm. Çünki insanın əsl xarakteri evinin içində, həyat yoldaşına münasibətində, ailəsinin yükünü necə daşımasında da görünür. Cəmiyyətdə tanınmaq, yazıçı və publisist kimi ad qazanmaq başqa şeydir, öz evində etibarlı, qayğıkeş, sədaqətli insan olmaq tamam başqa.
Ayətxanın böyüklüyü bu iki dünyanı bir-birindən ayırmamasındadır. O, həm söz adamı olub, həm də ailəsinin məsuliyyətini daşıyan insan. Həm qələminin arxasınca gedib, həm də sevdiklərinin yanında dayanıb.
Bu gün geriyə baxanda düşünürəm ki, onun həyatındakı ən böyük əsərlərdən biri, bəlkə də, məhz yaşadığı bu sevgidir. Çünki bəzi əsərlər kitab şəklində nəşr olunur, bəziləri isə insanın ömründə yazılır. Onları oxumaq üçün kitab vərəqlərini çevirməyə ehtiyac yoxdur. Belə əsərləri insanın seçimlərindən, sədaqətindən, illərlə qoruduğu münasibətlərdən oxuyursan.
Ayətxanın jurnalistikadakı yolu da davam edib. Radiodan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Gənc müəllim” qəzetində çalışıb. O, ömrünü sözə, araşdırmaya, yazıya həsr edib. Müxtəlif mövzularda qələmə aldığı əsərlərlə oxucuların qarşısına çıxıb, tədqiqatları və kitabları ilə öz yaradıcılıq irsini formalaşdırıb.
“Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”, “Qazyanlı Mirhəbi ağa”, “Hər hökmü zaman verir”, “Məndən sonra”, “ADPU-da qalan izim”, “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidir”, “Heydər Əliyev: xalqının, dövlətinin qürur ünvanı” və başqa kitabları onun çoxşaxəli yaradıcılığından xəbər verir.
Bu kitabların adlarına diqqət yetirəndə belə, insanın qarşısına bir ömür mənzərəsi çıxır. Ötən zaman, xatirə, iz qoymaq, insandan sonra qalanlar, həyatın hökmləri… Bütün bunlar əslində Ayətxanın öz ömrünün də mövzularıdır. O, yazılarında həyatı araşdırıb, insan talelərinə üz tutub, yaddaşın itirilməməsi üçün çalışıb. Çünki yazmaq həm də unutmağa qarşı dayanmaqdır. İllərin içində itib-batmağa məhkum olanları sözlə qorumaqdır.
İndi onun öz yubileyi gəlib çatıb. Ömrünün 75-ci payızına qədəm qoyur.
Etiraf edim ki, Ayətxanın 75 yaşının tamam olduğunu eşidəndə inanmadım. Elə bil gözümün önündə yenə radionun “Gənclik” redaksiyasındakı Ayətxan canlandı. Gənc müxbirin süjetini müzakirə edən, öz fikrini sakitcə deyən, bir sözün, bir cümlənin üzərində düşünən, dostunun uğuruna ürəkdən sevinən Ayətxan…
İnsan illərin necə keçdiyini bəzən hiss etmir. Bir də baxırsan ki, dünən birlikdə çalışdığın, mübahisə etdiyin, gülüb-danışdığın, xatirələr bölüşdüyün insanın ömründə böyük bir yubiley dayanıb. Zamanın qarşısında acizliyimizi onda daha dərindən anlayırıq. Amma bir həqiqət də var: illər insanın saçına dən sala, addımlarını yavaşıda bilər, ancaq onun ürəyindəki yaxşılığı, insanlara olan sevgisini, yaddaşlarda yaratdığı doğmalığı silə bilmir.
Ayətxan Ziyadın 75 yaşı tamam olur. Mən isə bu yubileyə baxanda yalnız yaşın böyüklüyünü görmürəm. Bir ömrün sınaqlardan keçərək qoruduğu mənəvi dəyərləri görürəm. Dostluğa sədaqəti, sevgidə dönməzliyi, zəhmətə bağlılığı, insanlara münasibətdə səmimiyyəti görürəm.
Onun həyatında ağrılar da olub, çətinliklər də. Hər kəs kimi o da zamanın ağır sınaqları ilə üzləşib. Ancaq insanı müəyyən edən təkcə başına gələnlər deyil, bütün bunların qarşısında necə dayanmasıdır. Ayətxan çətinliklərdən keçərək öz insanlığını qoruyub. Bəlkə də elə buna görə onun haqqında yazmaq mənim üçün sadəcə yubiley yazısı hazırlamaq deyil. Bu, illərin o üzündə qalan doğma bir insanı ehtiramla xatırlamaq, onun həyatına, xarakterinə, dostluğuna öz minnətdarlığımı ifadə etməkdir.
Əziz Ayətxan, səninlə eyni redaksiyada çalışdığımız illər mənim həyatımın unudulmaz səhifələrindəndir. O illərdən yadımda yalnız radionun dəhlizləri, redaksiya otaqları, hazırladığımız verilişlər, yaradıcı mübahisələr qalmayıb. Sənin mənə doğma münasibətin, uğuruma ürəkdən sevinməyin, haqqımda deyilən xoş sözləri öz sevincin kimi yaşamağın da qalıb.
İnsan yaşa dolduqca anlayır ki, həyatın ən qiymətli sərvəti nə vəzifədir, nə şöhrət, nə də maddi qazanc. Ən böyük sərvət arxanca xoş söz deyən insanların olması, adının hörmətlə çəkilməsi, xatirələrdə sevgi ilə yaşamağındır. Sənin haqqında yazarkən mən də bu sərvətdən söz açıram.
Bu gün sənə yalnız yubiley təbriki ünvanlamaq istəmirəm. Sənə ömrünün bütün çətinliklərinə rəğmən qoruyub saxladığın gözəl ürəyinə görə təşəkkür etmək istəyirəm. Sənə sədaqətinə görə, dostluğun üçün, səmimiyyətin üçün, bir vaxtlar gənc həmkarının uğuruna uşaq sevinci ilə sevinə bildiyin üçün təşəkkür edirəm.
Kaş ki, həyatın bütün çətinlikləri insanın ömründə yalnız xatirəyə çevrilsin, qəlbində isə sevincə, rahatlığa, doğmalarının əhatəsində keçən gözəl günlərə daha çox yer qalsın. Kaş ki, insanın çəkdiyi əziyyətlərin əvəzində taleyin ona bol-bol könül rahatlığı, ailə səadəti, sağlamlıq və sevgi payı olsun.
75 yaş müdriklik yaşdır. Bu yaşa çatanda insan geridə qoyduğu yollara baxır, itirdiklərini xatırlayır, qazandıqlarının qədrini daha dərindən bilir. Arzu edirəm ki, sən bu yaşın astanasında keçdiyin yollara baxanda qəlbində peşmanlıqdan çox rahatlıq, kədərdən çox qürur, nisgildən çox sevinc duyasan. Ömrünün bundan sonrakı illəri ailənin, övladlarının, nəvələrinin sevgisi ilə işıqlansın. Qələmin əlindən düşməsin, ürəyindəki söz tükənməsin, yazmaq həvəsin səni heç vaxt tərk etməsin.
Sən ömrünü sözə həsr etmisən. İndi qoy söz də sənin ömrünü gözəlləşdirsin. Qoy yazdıqların oxunsun, adın hörmətlə çəkilsin, xatirələrin sevgi ilə yaşasın.
Və ən əsası, əziz Ayətxan, qoy səni sevən insanların əhatəsində hələ uzun illər yaşayasan. Çünki bəzi insanlar var ki, onların varlığına öyrəşirsən, səmimiyyətini həyatının təbii bir parçası hesab edirsən. Yalnız illər keçəndən sonra anlayırsan ki, belə insanların özü bir nemət, dostluğu bir sərvət, sevgisi isə insanın taleyinə düşən işıqdır.
75 yaşın mübarək, Ayətxan Ziyad!
Qoy ömrünün bu payızı yarpaqların saraldığı deyil, xatirələrin qızılı rəngə boyandığı bir payız olsun. Qoy bundan sonrakı illərin ömrün boyu axtardığın könül rahatlığını sənə gətirsin. Qoy səni sevənlərin duası, ailənin məhəbbəti, dostlarının ehtiramı hər zaman başının üstündə olsun.
Sənə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, nəvələrinin sevincini doyunca yaşamağı arzulayıram.

12.10.2026 Bakı

Mənbə və müəllif: Şəmsiyyə Musaqızı,

Əməkdar jurnalist

Şəmsiyyə Kərimovanın yazıları

AYƏTXAN ZİYADIN YAZILARI

Sevda Ziyadın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Milli Mətbuat Günüdür

Jurnalistika ilə yaşlanmaq

Bu gün Milli Mətbuat Günüdür

Bu peşənin içində düz 46 ilim keçib. Bir ömür… Kağız qoxusu, mətbəə səsi, müsahibələr, səfərlər, gecələr boyu yazılan məqalələr, insanların sevinci, kədəri, ümidləri ilə yoğrulan 46 il.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmək mənim üçün böyük qürur oldu. Amma etiraf edim ki, mənim ən böyük mükafatım həmişə oxucuların etimadı, insanların “yazınız bizə təsir etdi”, “səsimizi çatdırdınız” sözləri olub.

Məndən tez-tez soruşurlar: “Heç jurnalistikadan bezdiyin vaxt olubmu?”

Cavabım həmişə eyni olub: Əsla!

Həyatda elə məqamlar olub ki, daha yüksək vəzifələr təklif edilib. Bəlkə də rahatlıq, imkanlar, başqa üstünlüklər vəd olunub. Amma mən jurnalistikanı heç nəyə dəyişməmişəm. Çünki bu peşə mənim üçün sadəcə iş deyil, həyat tərzidir, nəfəsimdir, taleyimdir.

Jurnalistika ilə yaşlanmağın özünəməxsus bir zövqü var. İllər keçdikcə anlayırsan ki, yazdığın hər sətir, görüşdüyün hər insan, şahidi olduğun hər hadisə sənin ömrünün ayrılmaz parçasına çevrilib. Bəzən bir kənddə rastlaşdığın ağsaqqalın sözü, bəzən bir ananın göz yaşları, bəzən də haqsızlığa qarşı yazılmış kiçik bir yazı yaddaşında ömürlük iz salır.

Bu illər ərzində heç vaxt sensasiya dalınca qaçmadım. Oxucunun diqqətini çəkmək naminə kiminsə taleyini alətə çevirmədim. İnsan ağrısını manşetə çevirməyi peşəkarlıq hesab etmədim. Mənim üçün jurnalistikanın əsas missiyası həqiqəti qorumaq, insanın yanında olmaq, onun səsini eşitdirmək olub.

Peşəmə heç vaxt xəyanət etmədim. Çünki bilirəm, jurnalistin ən böyük sərvəti adı, sözü və vicdanıdır. Bunlar itiriləndə qalan heç nə insanı xoşbəxt edə bilmir.

Bu 46 ildə çox şey dəyişib. Qələm kompüterlə əvəz olunub, qəzetlər rəqəmsal platformalara köçüb, xəbərlər saniyələr içində yayılır. Amma dəyişməyən bir həqiqət var: vicdanla yazılan söz həmişə yaşayır.

Bu gün geriyə baxanda peşman deyiləm. Əksinə, taleyimə minnətdaram ki, məni bu müqəddəs peşəyə gətirdi. Çünki jurnalistika mənə təkcə peşə vermədi. Mənə insanları tanıtdı, həyatı öyrətdi, sevinci də, ağrını da paylaşmağı öyrətdi.

Əgər ömrü yenidən yaşamaq imkanı verilsəydi, yenə eyni yolu seçərdim. Yenə jurnalist olardım.

Çünki mən jurnalistikanı seçmədim. Elə bilirəm ki, jurnalistika məni seçdi.

Milli Mətbuat Günü münasibətilə ömrünü bu şərəfli peşəyə həsr etmiş bütün həmkarlarımı ürəkdən təbrik edir, qələmlərinin həmişə həqiqətə xidmət etməsini arzulayıram.
Çünki zaman keçir, vəzifələr dəyişir, adlar unudulur. Amma vicdanla yazılmış bir söz yaşayır. Hətta onu yazan insanın özündən də uzun yaşayır…
etdirəcəkdir.
Şəmsiyyə Kərimova,
22.07.2026 Bakı
Əməkdar jurnalist

Şəfəq Nasirin yazıları

Şəmsiyyə Kərimovanın yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Nasirin yaradıcılığı milli yaddaşın işığında

Şəfəq Nasirin yaradıcılığı milli yaddaşın işığında

Azərbaycan jurnalistikasında özünəməxsus dəst-xətti ilə seçilən yazıçı-publisist Şəfəq Nasir uzun illərdir ki, oxucuların rəğbətini qazanan qələm adamlarından biridir. Onun publisistikası, araşdırmaları və bədii düşüncəsi hər zaman diqqət çəkib. Şəfəq xanımın yaradıcılığını yaxından izləyənlər yaxşı bilirlər ki, o, yalnız jurnalist kimi deyil, həm də milli yaddaşımıza xidmət edən ciddi tədqiqatçı kimi fəaliyyət göstərir.
Son illərdə işıq üzü görən “İdrakın işığında”, “Lək-lək”, “Bürhani-həqiqət” kitabları müəllifin zəngin yaradıcılıq axtarışlarının nəticəsidir. Bu əsərlərdə təkcə ədəbi düşüncə deyil, həm də milli kimliyimizə bağlılıq, tariximizə və mənəvi köklərimizə ehtiram açıq şəkildə hiss olunur. İrəvan ədəbi mühitini, Qərbi Azərbaycanın zəngin mədəni irsini özündə əks etdirən bu kitablar oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Bu günlərdə həmin kitabların təqdimat mərasimi Qərbi Azərbaycan İcmasında keçirildi. Tədbirdə elm və ədəbiyyat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etdilər. Təqdimat zamanı geniş müzakirələr aparıldı, müəllifin yaradıcılığı yüksək qiymətləndirildi.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov çıxış edərək Şəfəq Nasirin Azərbaycan ədəbiyyatına və publisistikasına verdiyi töhfələri xüsusi vurğuladı. O bildirdi ki, müəllifin əsərləri milli yaddaşın qorunmasına, Qərbi Azərbaycanın ədəbi və mənəvi irsinin gələcək nəsillərə çatdırılmasına mühüm xidmət göstərir.
Çıxış edən alimlər və tədqiqatçılar Şəfəq Nasirin mənsub olduğu ziyalı nəslindən də bəhs etdilər. Xüsusilə onun babası, “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçılarından olan Məmmədəli Nasirin yaradıcılığı yada salındı. Bildirildi ki, Şəfəq xanımın bu gün milli düşüncəyə, maarifçiliyə və həqiqətə xidmət edən bir yol seçməsi təsadüfi deyil. O, babasından gələn ziyalılıq ənənəsini uğurla davam etdirir.
Şəfəq Nasirin yaradıcılığı bir daha göstərir ki, ədəbiyyat yalnız söz sənəti deyil, həm də milli yaddaşın qorunması, həqiqətin yaşadılması missiyasıdır. Onun zəhmət və məsuliyyətlə ərsəyə gətirdiyi əsərlər milli-mənəvi dəyərlərimizin təbliğinə xidmət edir.
İnanırıq ki, yazıçı-publisist Şəfəq Nasir bundan sonra da yeni əsərləri ilə oxucularını sevindirəcək, Azərbaycan ədəbiyyatında və publisistikasında qazandığı uğurlarını davam etdirəcəkdir.
Şəmsiyyə Kərimova,
29.05.2026 Bakı
Əməkdar jurnalist

Şəfəq Nasirin yazıları

Şəmsiyyə Kərimovanın yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məzahir Pənahov

Məzahir Pənahov

13 mart – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Məzahir Pənahovun doğum günüdür.

Həyatı
Məzahir Pənahov 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində doğulub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
1971–1972-ci illərdə Sankt-Peterburq şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973–1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur. 1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub.
1982–1983-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində, Təbiət Elmləri və Texnologiya İnstitutunda (UMIST) elmi tədqiqatlar aparıb.
1998–2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.
MSK sədri kimi seçkilər sahəsində uzunmüddətli səmərəli fəaliyyəti ölkəmizdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, qanunvericilik bazasının təkmilləşdirilməsinə və institusional mexanizmlərin yaradılmasına əhəmiyyətli töhfələr verib. Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi, müasir tələblərə uyğun seçki ənənəsinin formalaşdırılmasına hədəflənən bir sıra əsaslı islahatların aparılması və yeniliklərin, o cümlədən müasir texnologiyaların tətbiqində böyük uğurlar əldə edilməsində mühüm əhəmiyyətli rolu olub.
Seçki sisteminin formalaşdırılması məqsədilə nüfuzlu beynəlxalq qurumlarla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirilməsində və bir sıra xarici ölkələrin ali seçki qurumları ilə qarşılıqlı əlaqələrin yaradılmasında müstəsna rolu olub, onun rəhbərliyi altında MSK 2002-ci ildə Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosasiyasına (ACEEEO) üzv qəbul edilib.
Elmi fəaliyyəti mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin tədqiqi sahəsində olub. Metal-izotop heterokeçidli yarımkeçirici kontaktından ibarət mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin nəzəriyyəsini işləyib və ilk dəfə bu tip mikrosistemlərin Volt-Farad xarakteristikasında Mott rejiminə uyğun məxsusiyyətin mövcud olduğunu aşkar edib. Az sonra təcrübədə təsdiqini tapan bu ideya belə strukturlar əsasında prinsipcə yeni növ müasir cihazların hazırlanması imkanını gerçəkləşdirməklə bərabər heterokeçidlərdə, digər parametrlərlə yanaşı, praktiki baxımdan müstəsna əhəmiyyət kəsb edən enerji sıçrayışını çox böyük dəqiqliklə təyin etmək üçün yeni metodun da əsasını qoyub.
Nüfuzlu beynəlxalq jurnallarda dərc olunan yüzə yaxın elmi məqalənin, iki dərs vəsaitinin müəllifi, bir neçə monoqrafiya və dərs vəsaitinin elmi redaktorudur. Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, İran və digər xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildə ABŞ-dən olan Azərbaycansevər həmfikirləri ilə birlikdə Los-Ancelesdə beynəlxalq standartlara uyğun irihəcmli “Azerbaijan International” jurnalının əsasını qoyanlardan biri olub və dünyanın əlliyə yaxın ölkəsinə yayılan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi nəcib bir missiyaya xidmət göstərən bu jurnalın 2000-ci ilədək Bakıdakı rəhbərliyini həyata keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib
Doğun günün-yubileyiniz mübarək olsun, Məzahir müəllim. Təbrik edirəm.

Mənbə və müəllif: Şəmsiyyə Kərimova

Şəmsiyyə Kərimovanın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Mən 70 yaşındayam…

Özümə – 70 yaşımın astanasında

Bu gün payızın sərin nəfəsi üzümə toxunarkən anlayıram ki, mən artıq 70 yaşın zirvəsindəyəm. Elə bil həyatımın bütün rəngləri – sevincim, kədərim, ümidim, qırılmış kövrək arzularım, yenidən dirilən gücüm – hamısı bir araya toplanıb, bu böyük rəqəmin içində mənə baxır.

Mən payız günündə dünyaya gəlmişəm. Bəlkə də ona görədir ki, ruhum da payız kimi dərin, sakit, amma içində fırtınalar gizlədən bir aləmdir. Yarpaqlar necə bir gün solub tökülür, sonra yenidən yaşarırsa, mən də həyat boyu neçə dəfə sınmış, amma yenidən toparlanmışam. Hər qaranlıq gecədən sonra özümə bir işıq tapmışam – bəzən çox zəif, bəzən ümid kimi titrəyən, amma yenə də işıq…

Ağrılı-acılı günlərim az olmayıb. Bəzən elə anlar yaşadım ki, sanki dünya məndən üz döndərdi. Hər kəsin həyatına toxunacaq bir kədər olur – mənim də özümlə daşıdığım yaralarım var. Amma bütün o izlər, bütün o dərdlər məni əymədi. Əksinə, daha səbirli, daha güclü, daha çox anlayan bir insana çevirdilər. Hər dəfə içimdəki qadın ayağa qalxdı və “mən buradayam, davam edirəm” dedi.

70 yaş… Bu yalnız rəqəm deyil. Bu – mənim dözümümün sübutudur. Bu – mənim sevincimin, göz yaşımın, sevgi dolu xatirələrimin, qırılıb-yenidən qurduğum arzularımın xəritəsidir. Bu – həm yaşadığım, həm də yaşatmağı bacardığım bir ömrün möhürüdür.

Bu gün özümü təbrik edirəm. Bəli, illərlə özümü tənqid etdiyim, bəzən sevmədiyim, bəzən anlamadığım, bəzən isə gücünə heyran olduğum özümü…

Təbrik edirəm, çünki bu ağır yolları təkbaşına keçdim.
Təbrik edirəm, çünki qəlbim sınsa da, sevə bildim.
Təbrik edirəm, çünki susduğum anlarda belə içimdə bir fəryadla yaşamağa davam etdim.
Təbrik edirəm, çünki məğlub olmadım.

Bu gün özümə bir arzu tuturam: Qalan həyatım daha sakit olsun. Qoy həyatımın payızında yağışlar daha yüngül yağsın, küləklər daha isti essin. Qoy qəlbimin yorğunluğu azalsın, xatirələrim məni incitməkdən çox isitsin. Və qoy mən bundan sonra ancaq sağlam ömür yaşayım…

Özümü təbrik edirəm – hər yarama görə, hər gücümdən ötəri, hər yaşadığım günə görə.

Mən 70 yaşındayam…
Və bütün çətinliklərə baxmayaraq, hələ də varam, hələ də buradayam, hələ də yaşayıram. 24.11.2025 Bakı

Mənbə və müəllif: Şəmsiyyə Kərimova

Şəmsiyyə Kərimovanın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

    Şəmsiyyə haqqında xatirələrim çoxdur

    “Güləyən qız”

    Şəmsiyyə haqqında xatirələrim çoxdur. Onun haqqında yazmaq istərkən ilk tanlşlığımızı yadıma saldım. Hələ 1981-ci ildə ilk dəfə görüb tanış olduğum arıq, cılız, amma gözəl bir qız gözümün önünə gəldi. Jurnalist Sənətkarlığı İnstitutunda oxuyurduq. Mehriban, gülərüz bu xanımla soyadımızın eyni olması da bizi yaxınlaşdırdı. Sonralar sorağı radionun “Gənclik”redaksiyasının hazırladığı verilişlərdən, qəzetlərdən gəldi. Mən eyni zamanda ETPEİ-nin dissertanturasında elmi işlərlə məşğul olduğumdan, həm də rayonda yaşayıb işlədiyimdən onunla təmasda ola bilmədim. Və… uzun illərdən – 35 ildən sonra təsadüfən onu “Azərbaycan” Nəşriyyatında tapdım. Baxmayaraq ki, biz bir binada çalışlrdıq, bilməzdim ki, o, 2-ci mərtəbədə “Yeni Təfəkkür” qəzetinin baş redaktoru vəzifəsində çalışırmış!.. Uzun ayrılıqdan sonra bizim görüşümüzü təsəvvür edə bilməzsiz! Biz bir-birimizdən ayrllmaq belə istəmirdik, kövrəldik, sevincdən nə edəcəyimizi belə bilmədik! Dedik, danışdıq, güldük. Şəmsiyyə xatirə şəklimizi çəkrib mediada paylaşdı…

    Ötən illərin acılı-şirinli günlərini xatırladıq. O, elə bir dünyadır ki, onu yaxından tanıyanlar çox gözəl bilir. Aramızda yaş fərqi olsa da doğru, dürüst məsələləri onunla birgə araşdırırıq. Deyib-gülən, əhli-hal dost, sirdaşdır. Hərdən incisəm də tez barışıram, çünki ondan incikli qala bilmirəm də. Doğrusu, bəzən haqsızlıq görəndə fikrini sərt bildirir. Mənim xeyrimdə, şərimdə birlikdə olub. Onunla birlikdə istirahət etməyin özgə aləmi var! Otən illərin birində Mətbuat Gününü bizdə – Xaçmazın Xudat şəhərində birlikdə keçirdik. Onunla Əməkdar jurnalist, hələ Az.TV-dən tanıdığım Flora Sadıqova da gəlmişdi, yaddaqalan gün keçirdik. Şəmsiyyənin çox sadə xasiyyəti var, o, gah samovar qaynadır, gah da həvəslə onunla görüşə gələn bacılarımla kabab çəkir və gördüklərini telefona köçürürdü. (sonra onları sosial mediada da paylaşmışdı.) Demək, gülmək, lətifələr danışmaq… Beləcə, bir unudulmaz yay gününü xoş əhvalla bayram etdik…


    Bütün paylaşımlarında üzü gülür bu güləyən qızın. Amma o gülüşlərin arxasında gizlənən dərin kədəri hiss etməmək olmur. Bunu mən çox gözəl hiss edirəm.
    Şəms belə Şəmsdir. Getdiyi yerə işıq saçan, hamıya diqqətlə yanaşan, səmimi, mehriban, qaygıkeş, zəhmətsevər, sözünü yerində deməyi bacaran! Geyimini, ədəb-ərkanını gözləyən, daim gülərüz olsa da kədərini gizlətməyi bacaran tovuzlu bacım!
    Əməkdar jurnalist, bir çox mükafatlar sahibi olan Şəmsiyyə Kərimova haqqında danışmaqla bitməz, çox söz demək olar.
    Mən onu yubileyi münasibətilə öz adımdan, ailə üzvlərim adından, çoxsaylı həmkarlarım adından ürəkdən təbrik edir, ona yeni-yeni bol ugurlar, can saglığı arzulayıram! Neçə belə illərdə, xoş günlərdə görüşək! Allah daim üzünü güldürsün, əzizim!

    Yenidən görüşmək ümidilə;

    Nəzakət Əhmədova,
    AYB, AJB-nin üzvü, “Tərəqqi” medallı, “İlin müəllimi”

    Səni əkənin atasına lənət!

    O vaxtlar…

    1930-cu illərin əvvəlləri idi. Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev «burjua ədibləri» elan olunmuş və NKVD-nin «tövsiyəsi» ilə Azərbaycan Yazıçılar İttifaqının rəhbərliyi hər iki ədibdən göz-qulaq olmaq üçün gənc proletar şairlərdən birini onlara qoşmuşdu. Möhkəm dost olan Mirzə Cəlil və Əbdürrəhim bəy hara gedirdilərsə, gənc şair dərhal peyda olur və özünü onlara pərçim edirdi.
    Həftələr keçir. Günlərin birində «ayrılmaz üçlük» yenə də şəhərə çıxmışdı. Ağsaqqalların danışılası sözləri, gedəsi yerləri vardı. Amma proletar şairdən üzülüşə bilmirdilər. Molokan (indiki Xəqani bağının) yanına çatanda uzaqdan tramvayın gəldiyini görürlər. Əbdürrəhim bəy Mirzə Cəlilə göz vurub cibindən pul çıxarır və üzünü gəncə tutub deyir:

    -Ay oğul, yaşlanmışam, sən Allah, o tindən mənə bir papiros al gətir.
    Şair pulu götürüb köşkə sarı şığıyır. Bu zaman tramvay dayanır və hər iki ədib tez vaqona minib aradan çıxırlar. Papirosu alıb gələn şair isə onları dayanacaqda görmür…
    Ertəsi gün yenidən Yazıçılar İttifaqının binasında rastlaşırlar. Gənc şair utana-utana Əbdürrəhim bəyə yaxınlaşır:

    -Əbdürrəhim bəy, dünən məni yaman əkdiniz haaa….

    Əbdürrəhim bəy pərt olmuş şairin çiyinlərini qucaqlayır və könlünün almaq üçün mehribancasına deyir:

    -Sən nə danışırsan, ay bala, səni əkənin atasına lənət!

    Mənbə və müəllif: Şəmsiyyə Kərimova

    Şəmsiyyə Kərimovanın yazıları

    >>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

    Mustafa Müseyiboğlu adına kitabxana

    Elman Eldaroğlu – Şəmsiyyə Kərimova – 70

    Vicdan öhdəliyinin nə olduğunu bilən jurnalist

    Şəmsiyyə Kərimova- 70

    Şair-publisist Hikmət Məlikzadə onu belə xarakterizə edir: “O, hər yazısında bir həyat anı əks olunan və bu anın içində daim bir həyat sızıltısı hiss edən mətanətli, vüqarlı qadındır. Çətinlik onun üçün təkcə həyat acısı deyil, həm də mübarizlik faktıdır. O, dərdi həm də mübarizə aparmaq üçün bir vəsilə hesab edir, bir qətrə şərəfli ömür üçün məhz bir kərə şərəflə ölməyi hamıya məsləhət görür. Bu da onun Vətən sevgisidir- azad yaşamaq haqqıdır, yaxşıya da, pisə də insani münasibətidir…”

    O, həm də incə, xeyirxah, yardımsevər və həssas xanımdır. Başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun həyat meyarıdır. Duyğusal, necə deyərlər, nəcib insanlara qarşı nəzakətli davranır və özü də nəzakətli münasibət gözləyir. Amma qəlbinin dərinliklərində çox narahatdır. Sanki hər bir sevincində bir kədər var. Gözəl, zərif, mülayim və utancaqdır. Fəqət intuisiyası çox güclüdür. Hər bir şəraitə asanlıqla uyğunlaşa bilir. Problemsiz bir həyat istəyir. Rahat olmaq və dincəlməyə çox vaxt ayırmaq isə ona çox az qismət olur. Uşaqlıq saflığını qoruyub saxlaya bilib, odur ki, hələ də onda uşaq səmimiyyəti var. Ümumiyyətlə, onun soyuq xasiyyəti yoxdur. Ətrafındakı insanlara qarşı mehribandır…

    Deyir ki:- “Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra insanların öz fikirlərini azad və sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldı. Demokratiyanın əsas atributlarından olan müstəqil mətbuatın fəaliyyətinə də geniş meydan verildi. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində anarxiya, xaos baş alıb getdiyindən müstəqil mətbuat qisas, təhqir, nalayiq sözlər mənbəyinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, mətbuat aləmində də əsaslı dönüş yaradıldı. Demokratiyanı anarxiya kimi dərk edənlər tədricən mətbuatın həyatın aynası olduğunu anladılar. Tənqidlə təhqiri bir-birindən ayıra bilməyənlər getdikcə sıradan çıxdılar. Qəbul olunan qanunlar müstəqil mətbuatın fəaliyyətində əsaslı dönüş yaratdı. Məhz ulu öndərin demokratik prinsiplərin inkişafına verdiyi önəmin nəticəsi olaraq mətbuatdan senzura ləğv edildi.”

    Hikmət Məlikzadə daha sonra sözünə davam edir: “Şəmsiyyə xanım jurnalistikaya – mətbuat camesinə göydən düşməyib, nə də bu əhatədə kiminsə kölgəsində daldalanıb “mən də varam” deməyib. Körpə ikən anası öz laylalarını ona məqalə, esse, oçerk, müsahibə janrında deyib. Ağlı kəsəndə, artıq bilib ki, söz nədir və onu hansı məcraya necə salmaq olar. Yeniyetmə çağlarından əlləri qabar tutan bu çevik xanım ilk məqalələrini yazanda mətbuata necə təsir etməyin yollarını öyrənib. Qələmindən hər dəfə dürr-inci töküb, yaşadığı dövrün həyat tərzini, məişətini, insana sevgisini əxz edə-edə barmaqları da qabar tutub. Radioda, müxtəlif qəzetlərdə çalışdığı vaxtlarda da onun içindəki sevdalar Vətənə töhfə vermək olub. Həmyaşıdları sevmək-sevilmək haqda düşünəndə, o, qələmini özünə yar sanıb, düşüncəsində sakit hücrələr yerləşdirib. İndi hansı rakursdan yanaşsaq, görərik ki, Şəmsiyyə xanımın qabarıq həyat tərzi dərdin bir ayrılıq sistemi olduğuna işarə vurur. Bəlli olur ki, arzular çox vaxt insanı istədiyi səmtə çəkmir. Elə xeyli vaxtdır fərqli təsir bağışlayan yazılarından da aydın ifadə olunur ki, həyatın insana aid etdiyi məqsəd elə bu vacib tər¬kib¬dədir. Əslinə qalsa, Şəmsiyyə xanımın sənət-peşə və həyatda çəkdiyi acılar bütün cə¬miy¬yətlərin çəkdiyi acılardır. Lakin fərq o acını necə çəkməkdə, o ağrının odunda necə əriməkdədir. Şəmsiyyə xanım öz fədakarlığına, öz abrına qısılaraq ağır ləngərlərin, iç deşən hayqır¬tıların, göz göynədən təlatümlərin, qəlb yırtan ağrıların, tük ür¬pədən dəhşətlərin… çaxnaqlarından elə keçib ki, ancaq özünü yandırıb, fikrinə ortaq etdiyi oxucunu isə sadəcə, düşündürüb. Bax, bu, əsl yaradıcı ruhun təlatümüdür…”

    Bəli, bu dəfə sizə əməkdar jurnalist Şəmsiyyə Kərimova barədə danışıram. O, 24 noyabr, 1955-ci ildə Tovuzda anadan olub. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirərək, Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə qəbul olunub və orada sürücü-mexanik ixtisasına yiyələnib. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Komsomolun Mərkəzi Komitəsi onu Bərdə rayonuna göndərib. Bir müddət orada, “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışıb və 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutub.
    Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. O vaxt “Azərbaycan gəncləri” qəzetinin BDU-nun jurnalistika fakültəsi ilə birgə açdığı “Jurnalist… jurnalist? jurnalist!” müsabiqəsinə göndərdiyi “Çərkəz qızı Tellinin nağılı” oçerki ilə müsabiqənin qalibi olub…

    O, 1977-ci ildə indiki BDU-nun jurnalistika fakültəsini bitirərək, 1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində, radionun “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başlayıb. 1987-ci ildən isə “Azərbaycan gəncləri” qəzetində çalışıb. Baş verən məlum ictimai-siyasi proseslər nəticəsində komsomolun orqanı olan həmin qəzet fəaliyyətini dayandırdıqdan sonra, 1996-cı ildən “İki sahil” qəzetində işləyib. 2003-cü ildə “Naxçıvan” qəzetində şöbə müdiri vəzifəsinə təyin olunub. Hazırda isə “Yeni Təfəkkür” qəzetinin təsisçisi və baş redaktorudur. 2010-cu ildə milli mətbuatın 135 illiyində “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Qızıl qələm” media mükafatı laureatıdır…

    “Uzun illər jurnalistika sahəsində çalışan bir insan kimi xüsusi olaraq qeyd etmək istərdim ki, dövlət başçımızın sərəncamları ilə son illər kütləvi informasiya vasitələrinə göstərilən yardımlar, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət hesabına ödənilməsi, jurnalistlərə fəxri adların, mükafatların verilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Dövlət başçımızın imzaladığı 22 iyul 2010-cu il tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamı mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması ardıcıl tədbirlərin davamı oldu. Dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət vəsaiti hesabına mənzil tikintisi faktı olmayıb. Bütün bunlardan sonra biz jurnalistlər daha məsuliyyətli, obyektiv olmalı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəldilməsi istiqamətində bütün imkanlardan səmərəli istifadə etməli, kimlərinsə təhriki ilə böhtan və qarayaxmalara son qoymalı, bu çirkin vasitələrdən əl çəkməyənlərin qarşısını almalıyıq.”- söyləyir.

    Həyatda həmişə özü olmağa çalışıb, kimisə yamsılamaqdan xoşu gəlmir. İkiüzlülükdən uzaqdır, kimisə aldatmağa nifrət edir. Pisliyi sevmir- niyyəti saf və təmizdir. Mühafizəkar xanımdır, yeniliklərə və fərqliliyə çox da açıq deyil və köhnə ənənələrdən asanlıqla imtina edə bilmir. Hərəkətlərində çox diqqətlidir. Heç vaxt kiminsə ona görə əziyyət çəkməsini istəmir. Eləcə də, romantik xanımdır və bəd xəbərlərdən tez təsirlənir. Ləyaqətli və xarizmatikdir. Eyni zamanda şanslı adamdır. Amma bəxti gətirməyəndə həddən artıq narahat olur və kədərlənir. Xoş xasiyyətli, yumşaq ürəkli olsa da, bəzən tələsir. Güclü fantaziyası var, gözəl xəyallarla yaşayır. Ümid edir ki, dünya nə vaxtsa düzələcək. Haqq, ədalət qalib gələcək. Fəqət, haqq da, ədalət də bu dünyadan küsdükləri üçün az-az gözə dəyirlər…

    …O gün Mətbuat Şurasında gənc jurnalistlər çıxış edərkən, onun gözlərindəki sevincin, qürur hissinin şahidi oldum. Bunu ancaq vicdan öhdəliyinin nə olduğunu bilənlər bacarır. Bəli, haqqında söhbət açdığım, əməkdar jurnalist Şəmsiyyə Kərimova vicdanlı insanlardan biridir…

    Bir neçə aydan sonra bu gözəl xanımın 70 yaşı tamam olur. Qoy mənim bu söhbətim gələcək yubileyinə bir hədiyyə olsun!..

    Hörmətlə, Elman Eldaroğlu

    Şəmsiyyə Kərimovanın yazıları

    Elman Eldaroğlu təbrik edir

    ZAUR USTACIN YAZILARI

    >>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

    Mustafa Müseyiboğlu adına kitabxana

    “ƏDƏBİ OVQAT” JURNALI PDF

    “YAZARLAR”  JURNALI PDF

    “ULDUZ” JURNALI PDF

    “XƏZAN”JURNALI PDF

    WWW.KİTABEVİM.AZ

    YAZARLAR.AZ

    ===============================================

    <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

    Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru