Azərbaycan ədəbiyyatına ağır itgi üz verib. Ağsaqqal ustad şair Budaq Təhməz ömrünün 87-ci yayında həyatla vidalaşıb. Allah rəhmət eləsin. Amin.
Budaq Təhməz 2022-ci ildə ”Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən ”Ziyadar” mükafatı ilə təltif olunub. “Xəzan” jurnalı redaksiya heyətinin üzvü idi. Mərhumun ölümündən kədərlənir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Əli bəy Azəri, Ramiz İsmayıl, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Ələsgər Talıboğlu, İbrahim Yusifoğlu, Rafiq Oday, Aləm Kəngərli, Kəmaləddin Qədim, Bəxtiyar Abbas, Ayaz İmranoğlu, Süleyman Abdulla, Mahir Cavadlı, Damət Salmanoğlu, Zaur Ustac, Əyyub Türkay və başqaları;
Azərbaycan ədəbiyyatına ağır itgi üz verib. Ağsaqqal ustad şair Budaq Təhməz ömrünün 87-ci yayında həyatla vidalaşıb. Heç bir xəstəliyi yox idi. Sağlam həyat tərzi yaşayırdı. Vaxtaşırı şair dostları ilə çay süfrəsi arxasında aparılan ədəbi müzakirələrə qoşulurdu. O, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda ”İşıqlı yol” qəzetinin nəzdində ”Şərur qönçələri” ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib. ”Aşıq Nabat” kitabının tərtibçisi olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. ”Mən vətənin oğluyam”, ”Şair ürəyi” və ”Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq Türkiyə ”Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim”, “Gəmiqayaya salam”, “Qönçəbəyim”, “Naxçıvandan doğan Günəş” və s. kitabların müəllifi, “Qarabağ sinəmdə açılan şırım” şeirlər kitabının həmmüəllifi, “Aşıq Nabat” kitabının isə tərtibçisidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Budaq Təhməz bir neçə şeir müsabiqəsinin qalibi olmuş, Azərbaycan Azad Qələmlər Cəmiyyətinin ”Qızıl qələm” mükafatına, milli mənəvi dəyərlərimizin və Məmməd Araz poeziyasının təbliğində göstərdiyi xidmətlərə görə ”Məmməd Araz mükafatı laureatı” diplomuna layiq görülüb. “Seçilmiş əsərləri”nin II cildliyi nəşr olunub. Ramiz İsmayıl onun həyatından bəhs edən “Ömür dastanının qıfılbəndləri” kitabını çap etdirib. Budaq Təhməz 2022-ci ildə ”Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən ”Ziyadar” mükafatı ilə təltif olunub. “Xəzan” jurnalı redaksiya heyətinin üzvü idi. Mərhumun ölümündən kədərlənir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Əli bəy Azəri, Ramiz İsmayıl, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Ələsgər Talıboğlu, İbrahim Yusifoğlu, Rafiq Oday, Aləm Kəngərli, Kəmaləddin Qədim, Bəxtiyar Abbas, Ayaz İmranoğlu, Süleyman Abdulla, Mahir Cavadlı, Damət Salmanoğlu, Zaur Ustac, Əyyub Türkay və başqaları;
Bu gün sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür.
Mehdiqulu xan qızı Xurşidbanu Natəvan Cavanşir (06.08.1832 – 01.10.1897) Şuşada dоğulub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yekta” (“Tək inci”), el arasında isə “Xan qızı” çağırıblar.
Xurşidbanu ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir; anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır.
Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlub. Məktəb yaşına çatdıqda isə evdə, dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı Xurşidbanu “Quran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlub. XIX yüzildə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dillə yanaşı, ərəb və fars dili də öyrədildiyindən, Xan qızı da bu dilləri öyrənib, оnların vasitəsi ilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. О, gərəkən dərəcədə bilik əldə etdikdən sоnra, ardıcıl surətdə mütaliə ilə məşğul оlub. Dahi Şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlayıb.
Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmayışb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeir-sənətə marağı qüvvətləndiriblər.
Xarici və daxili durumun ciddi surətdə gərginləşməsi ilə bağlı, xan ailələri üzərində nəzarətin gücləndirildiyi bir vaxtda Xurşidbanu, Vоrоntsоvun şəxsi yavəri kumık türklərindən Xasay bəy Usmiyevlə ailə həyatı qurub. 1850-ci ilin payızındakı toylarından sonra, Xasay bəy Xurşidbanunu Dağıstana öz doğma kəndinə, оradan da Tiflisə aparıb.
Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılıb, Şuşanın qəribliyini çəkib. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətləri ilə tanış olub, özü də milli ənənəsi, kübarlara xas davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyadıb. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün yeni çalarlar qazanmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Bakıya, Naxçıvana və b. şəhərlərə səfəri zamanı, o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb, fikir mübadiləsi aparıb.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. O, “Məclisi-üns” ədəbi məclisinin başçısı olub, Azərbaycan mədəniyyətində və ictimai həyatında özünəməxsus izlər qoyub. Bu fenomenin meydana gəlmə¬sinin bir neçə əsas səbəbi vardır. Bunlardan biriincisi, şairin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər biri dünyaya bir sıra görkəmli ziyalı gətirib (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olublar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında (B., 1989) bu məsələni geniş açıqlayıb. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən başqa kitablarda da söz açılıb. M.Füzuli adına Respublika Əlyazmalar İnstitutunun fondunda Müsahib Gəncəvinin “divan”ı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparır.
Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıb; onun bir neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” (B., 2000) kitabında çap olunub.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Önqafqazda xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.
Natəvan yaradıcılığa təxminən XIX yüzilin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin çoxu itib-batıb, yalnız az bir bölümü bizə gəlib çatıb.
Natəvanın həzin lirikasında sevimli oğlu Mir Abbasın vaxtsız ölümündən sonra kədərli motivlər daha da güclənib. 1870-ci ildən etibarən şair özünə (köməksiz, kimsəsiz, dayaqsız… anlamında işlənən) “Natəvan” təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaradıb. Onun şeirləri hələ sağlığında dildən-dilə düşüb, əlyazma şəklində yayılıb. Xurşidbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür:
-aşiqanə şeirlər, -təbiət gözəlliklərinə həsr edilən şeirlər, -çağdaşlarına yazdığı mənzumələr, -hüznlü şeirlər.
Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən biri, Şuşanın təkraredilməz yaradıcı iqlimi və mədəniyyət iqlimi, kübar yaradıcılıq mühiti olub.
Xan qızının poeziyası Azərbaycan xanəndələrini də ruhlandırıb. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairin qəzəllərini “Segah” üstündə oxuyarmış; və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairin qəzəllərini oxuyub, ilham alırlar.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir; o, rəssamlıqla da məşğul olub, həmçinin, onun nəfis əl işləri, müxtəlif türdə tikmələr bacarığı da olub. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adı ilə ün qazanıb.
Əsərləri (“Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və b.) dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq örnəyi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənib.
M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr edib.
1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda ünlü fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunu rastlaşdırıb. Natəvanın həyat yoldaşı Xasay bəyin fransız dilini yaxşı bilməsi onların arasında dostluq telləri yaradıb. Onlar Abşeronda birgə gəzintiyə çıxıb, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim ediblər. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk bilgi də, A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb.
Şəxsi həyatındakı problemlər, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru gedib, bədəni taqətdən düşüb və nəhayət həyata gözlərini əbədi yumub… Xurşidbanu Natəvan Ağdamın İmarət qəbristanlığında dəfn olunub. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.
Əsərləri dəfələrlə kütləvi tirajlarla nəşr edilib.
Xurşidbanu Natəvana, fərqli sənət sahələrinə aid bir çox əsərlər həsr olunub. Xurşidbanu Natəvan poeziyası peşəkar Azərbaycan bəstəkarların əsərlərində öz əksini tapıb. Bunun parlaq misalı kimi, tanınmış bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış ünlü “Qərənfil” mahnı-romansını göstərə bilərik. Bəstəkar “Xan qızı Natəvan” operasını da yazıb.
Həmçinin digər əsərləri göstərə bilərik:
Məmməd Rahim – “Natəvan” poeması, İlyas Əfəndiyev – “Xurşidbanu Natəvan” pyesi, Əzizə Cəfərzadə – “Natəvan haqqında hekayələr”, Məmmədov B. “Xurşidbanu Natəvan”, “Natəvanın şair qohumları” və s… Adına küçə, klub, kitabxana və məktəb, paytaxt Bakının mərkəzi yerində heykəli var. Xan qızı Natəvanın (eləcə də, Üzeyir Bəy Hacıbəyli və BÜLBÜLün) Şuşadakı büstləri ermənilər tərəfindən gülləylə deşik-deşik edilib, sonra başqa metal məmulatlarla birgə Gürcüstanda satışa çıxarılıb. Həmin büstlər Azərbaycan maddi mədəniyyət nümunəsi olmaq etibarı ilə Azərbaycana gətirilib və hazırda Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılır. (İnşallah Şuşa azad edildikdən sonra, yenidən öz həqiqi yerinə bərpa olunacaq). 2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış törəni keçirilib. (Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir). RUHU ŞAD OLSUN!
Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlının – Orxan Paşanın bədii əsərlərininin bir araya gəldiyi “Yağmur qoxusu” kitabı məndə başqa oxucunun gördüklərindən, hiss etdiklərindən, gəldiyi nəticələrdən tam fərqli duyğular, anımlar, xatirələr, qənaətlər oyadır. Mən, əslində, bu kitabı lap çoxdan – 1975-ci ildən oxumağa başlamışam. Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universitetinin) filologiya fakültəsində eyni kursda təhsil aldığımız zamandan. Biz Məhərrəmlə, sadəcə, kurs yoldaşı olmamışıq: iki il universitetin 3 nömrəli yataqxanasında eyni otaqda yaşamış, qayğı, sevinc, kədər ortağı olmuşuq. Ona görə də mən onun söylədiklərinin, yazdıqlarının qaynağına, mənbəyinə yaxından bələdəm, o da mənim. Yataqxana həyatının maraqlı cəhətlərindən biri də bu idi ki, kənddən gələn dostlarımızı, yaşıdlarımızı öz qabiliyyətimiz daxilində ağırlayır, onların şərəfinə imkanımız çərçivəsində qonaqlıq təşkil edirdik. Məhərrəmin otağımıza qonaq gətirdiyi bir sinif yoldaşını xatırlayıram, bizdən ayrılıb əsgərliyə yola düşəcəkdi. Məlum oldu ki, saz çalır. Tez saz tapdıq. O oğlanın adı yadımda qalmayıb, ancaq iki detal yaddaşımda əbədi həkk olunub: bir onun sazda o vaxta qədər eştidiklərimdən tam fərqli çaldığı “Baş sarıtel” havası, bir də simlərin üstündə gəzən barmağının ucundakı döyənək. Görünür, barmaqlarını sazın qoluna bərk sıxdığından sol əlinin şəhadət barmağı sərt qabar bağlamışdı. Orxan Paşanın yazılarını oxuyuram və uzaq xatirələrimdə saz havasına qarışmış o döyənək gözümün önündə müəllifin, sözün hərfi mənasında, cadar bağlamış ürəyini canlandırır. Məhərrəm Qasımlının yazıları (istər fundamental elmi tədqiqatları olsun, istərsə də publisistik qeydləri, şeirləri) ürəkdə yoğrulub-yapılandan, kündələnib yayılandan, ocağın üstünə qoyulub bişiriləndən sonra oxucu mühakiməsinə verilir. “Yağmur qoxusu”nda həm gənclik illərində, yolun başlanğıcında qələmə alınmış, ilk oxucusu (və ya oxucularından biri) mən olduğum şeirlər, həm də o gündən bu günə Məhərrəmin müşahidələri, düşüncələri, yaşadıqlarının əks-sədası, tale yazıları söz-söz pöhrələnib, yarpaq-yarpaq göyərib. Görən o sözlərdən varmı yadında?- Göydən gətirmişdim durna telində. De nələr deyirdim könlüm adından Bənövşə dilində, nərgiz dilində?! Bunu bir məqaləmdə də yazmışam, mənim mənsub olduğum nəslin nümayəndələri sözün dünyasına göz açanda şeiri daha çox heyrətdə görməyə (və göstərməyə) çalışırdılar. Şeirlə ciddi maraqlananlar arasında şeirin heyrətdən doğulduğuna, heyrətin ifadəsi olduğuna inanlar var idi. O nəslin nümayəndələrinin əksəriyyəti ədəbiyyata gələndə dünyaya heyrətli bir uşaq gözü ilə baxır, gördüklərini, göstərmək istədiklərini reallıqda olduğundan daha parlaq, daha rəngli, daha dolu təqdim etməyə üstünlük verirdilər. Azərbaycan nəsrinə bir qədər əvvəl nüfuz eləmiş işıqlı uşaq baxışları şeirdə özünü 70-ci illərdə daha bariz göstərməyə başlamışdı. Hələ dünyanın günahlarına bulaşmamış uşaq heyrəti, məsum uşaq səmimiyyəti 70-80-ci illər şeirinin məzmunu ilə yanaşı, poetikasına, sözün bədii düzümünə də ciddi sirayət edir və təsir göstərirdi. O illərdə mif, dastan poetikasına güclü maraq da, yəqin ki, öz başlanğıcıını bundan alırdı. Hələ gənclik çağlarından həyata və ədəbiyyata baxışlarında yetkin və özünəməxsus tərz nümayiş etdirən, analitik təfəkkürü və güclü məntiqi ilə seçilən, özünü sözlə kifayət qədər yüksək səviyyədə ifadə edən Məhərrəm Qasımlı da ilk şeirlərində uşaq gözlərinin heyrətini ifadə etməyə çalışırdı. Bu gün də ona çalışır. Zamanın üstündən geri boylanıb, keçən günlərə, keçməyən sevdalara dörd-gözlə, beş gözlə heyrət içində baxır. Bəzən uşaq gözünün heyrətini keçmişdən bu günə gətirməyə çalışır və həmin heyrətə qovuşanda şeir yaranır. “Yağmur qoxusu” kitabının bir bölümü beləcə də adlanır: İndi gənclikdəki sənli günlərə Dördgözlü, beşgözlü heyrətim baxır. Orxan Paşanın şeirlərində heyrətin poetik ifadəsini şərtləndirən aparıcı amil isə sözün ünvanının analitik mühakiməyə “yerləşə bilməməsi”, məntiqin sərhədlərinə sığışmamasıdır. Onu qeyd etməyi vacib sayıram ki, fikrin poetik ifadəsi baxımından Məhərrəmin şeirlərində iki istiqamətin mövcud olduğu nəzərdən yayınmır. Birincisi, konkret müşahidələri, mühakimələri məntiqi paradokslarla ümumiləşdirmək. Hələ orta məktəbdə oxuyarkən yazdığı “Pərvanə özünü odlara vurdu, // Yarasa düşündü: yəqin ki, kordu” misralarında olduğu kimi. Burada da məntiqlə heyrətləndirmək, ən azı, düşündürmək meyli var. Sözün poetik deyiminə bu cür yanaşma xalq yaddaşından gəlir: “Məcnun dərd əlindən dağa çıxdı, // Dedilər bəxtəvər yaylağa çıxdı”… Bir cəhət də budur ki, Məhərrəmin əksər şeirlərində duyğu hesaba, kitaba, məntiqə tabe olmur. Məntiqin kənarda qaldığı, riyazi hesabların düz gəlmədiyi məqamda könül dillənir, qəlbin dilləndiyi yerdən heyrət boylanır, fiziki sərhədlərdən çıxıb sonsuzluğa uzanır: Dayanaq beləcə könül-könülə, Min illik yol qalsın gündüzə qədər. Aya istəmirəm, ay yaxındadı, Gəl gedək ən uzaq ulduza qədər, Uzansın bu gecə sonsuza qədər… Orxan Paşanın şeirlərinin başlanğıcına, üstündə boy atdığı özülə qayıdanda ədəbiyyatşünaslığımız üçün bu gün də çox aktual (həm də mübahisəli) olan bir məqamın üstündən adlaya bilmirəm. 1970-ci illərdə, xüsusən də gənclər arasında “mərkəzdən qaçma” təmayülü güclü idi. Səməd Vurğun poetik sisteminə alternativ axtarışları, “sağa-sola” sapmaları, sürüşmələri ilə, hər şeydən öncə, bədii sözün təbii təkamülünün qanunauyğun ehtiyaclarından irəli gəlirdi, zaman dəyişmişdi və “zamanla səsələşən şerlər sorağında” (Aydın Məmmədov) axtarışların aparılması aktuallaşmışdı. Bədii sözə yeni yanaşmalar tarixin ictimai sifarişinə çevrilmişdi. Bu sifarişə, yeni çağırışlara cavab vermək mənasında, «bloklara qoşulmayan» Əli Kərim şeirimizə təmiz hava axını, müasir bədii düşüncə meyarları gətirməyə və onları təsdiq etməyə nail olmuşdu. O vaxt Asif Əfəndiyevin Əli Kərimin ikicildliyinə ön söz kimi yazdığı “Bənzərsizlik” essesi də Əli Kərim yaradıcılığının, ümumiyyətlə, yeni poeziyanın sirrini, sehrini açmaq baxımından müstəsna rol oynayırdı. Digər alternativlər – Vaqif Səmədoğlu və Ramiz Rövşən yaradıcılığının oxucu ilə ünsiyyəti hələ zamanını gözləyirdi. Subyektiv faktorlar da var idi. Üsyankar “sərbəstçilərin” müqavimətçi “hecaçılara” qarşı elan etdikləri “açıq müharibə”, eksperiment səciyyəli axtarışlar ənənəyə qarşı çevrilirdi. Səməd Vurğunun adı isə daha çox mühafizəkarlığın, mənfi mənada qəbul edilən “ənənəçiliyin” rəmzi kimi qəbul edilirdi… Orxan Paşanın imzası ilk dəfə ədəbiyyatdakı həmin “mərkəzdənqaçma” havasının içində göründü. Lakin çox keçmədən klassik ədəbiyyatımızın tədqiqatçısı Məhərrəm Qasımlı özünün ənənəyə, poetik düşüncələrini ifadə etdiyi dilin mənbəyinə münasibətinə aydınlıq gətirdi. 1985-ci ildə Səməd Vurğunun üslubundan, şeir texnikasından tamam fərqli bir dildə qələmə aldığı şeirində Səməd Vurğuna “Sənə ustad dedim” etirafı ilə müraciət etdi: Sənə ustad dedim, ruhunun havası işlədikcə iliyimə, gördüm sevgidə ürəyinə tay yox dar gündə kişiliyinə, sənə ustad dedim!..
Səsinin, sözünün sehri bəsimdi, Qayğılı gözünün mehri bəsimdi. Söykənməyə “Dağlar” şeiri bəsimdi – Sənə ustad dedim!
Bu şeiri yazanda Şah İsmayıl Xətayinin yaradıcılığını tədqiq edən Məhərrəm Qasımlı artıq ədəbiyyatımız üçün ciddi əhəmiyyət daşıyan bir məsələyə maraqlı və orijinal bir yanaşma ortaya qoymuşdu. “Ustad-şagird” münasibətləri, ənənəyə sədaqət heç də sözün ifadə tərzini yamsılamaqla deyil, ruhun havasının iliyə işləməsi, sevginin ürəyə-qana yeriməsi, sözün sehrinin dərk edilməsi… və bir də söykənməyə layiq olan, söykənəndə yıxılmayan dayaqlar ilə dəyərli olur. Onu da qeyd etmək yerinə düşər ki, Orxan Paşa “Taleyimdən və ürəyimdən keçənlər” ədəbi-bədii etüdlər silsiləsində bu məsələyə elmi aydınlıq gətirmişdir. O, Səməd Vurğunun şeir dilinin nə əvvəlki yüzilliklərdə yaşamış klassiklərin, nə də zamanca öz yaxınlığında olan Hadi, Cavid və Sabir kimi dahi sənətkarların şeir dili ilə eyni olmadığını göstrərək Səməd Vurğunu Azərbaycan poeziyasının dilinə milli müəyyənlik gətirmiş şəxsiyyət kimi qiymətləndirmişdir: “Onun şeir dili… bugünkü poeziyamızın əsas təməlidir”. 1980-ci illərin ortalarından indiyədək Məhərrəmin həm elmi və publisitik, həm də bədii yaradıcılığında yaddaşa münasibət kökü bəzən çox dərinlərə işləyən, ilk baxışda fərqinə vara bilmədiyimiz fenomen kimi təzahür edir. Bu, bir ucu bədii inanclara bağlı olan qədim obrazların zaman keçdikcə yaddaşımızda sabitləşmiş, müəyyən mənada “avtomatlaşmış” əks-sədasıdır. 1983-cü ildə o belə bir şeir yazmışdı:
-Əslini Kərəmə verərsənmi, Qara Keşiş? -Sehirli don hardadı? -İşdi, Əsli burdan keçər olsa, görərsənmi, çoban qardaş? -Dayan görüm, qoyun hardadır? -Lələ, çoxmu gəzək Əslini? -Sevən yardan ayrılmaz. -Kərəmə yol ver, Ərzurumun gədiyi! -Başım qardan ayılmaz… -Əslini Kərəmə qovuşdur, aşıq! -Ustad belə tapşırıb, olmaz, ay olmaz!
Bu şeirin yaddaş tutumunu qiymətləndirmək istərkən XX əsrin məşhur nəzəriyyəçisi, psixoanalitik məktəbin yaradıcılarından olan Karl Qustav Yunqun “kollektiv şüurdanxaric” konsepsiyasına müraciət etmək lazım gəlir. Başda Ziqmund Freyd olmaqla psixoanalitiklər belə hesab edirdilər ki, insanın davranış və fəaliyyətinin əsas tənzimləyicisi olan şüur pərdəsi altında onun özünün dərk edə bilmədiyi, şüurun əli yetmədiyi daha dərin lay gizlənib və daim fəaliyyətdədir. Yunq isə fərdi şüuardanxaricdən əlavə, hamının birgə yaşatdığı kollektiv şüuraltı konsepsiyasını irəli sürmüşdü. Kollektiv şüurdanxaric fərdin təcrübəsindən, biliyindən asılı olmayaraq müxtəlif insanlarda eyni cür təzahür edir, ayrıca bir insanın deyil, toplumun, cəmiyyətin və ya xalqın təcrübəsinə əsaslanır. Yunq belə hesab edirdi ki, kollektiv şüurdanxaricin altındakı lay müəyyən bədii deyimlərin, mənaların daşıyıcısı rolunda çıxış edir, arxetiplərə, başqa sözlə desək, toplum üçün ümumi səciyyə daşıyan əzəli dayaqlara söykənir. Məhərrəmin bu şeiri səbəbini düşünmədən hamılıqla həqiqət kimi qəbul etdiyimiz kollektiv düşüncənin pozulmaz ehkamı üzərində qurulmuşdur: aşıq Əslini Kərəm ona görə verə bilməz ki, bu, yaddaşının hökmüdür – ayrıca fərdin onu dəyişməyə gücü və səlahiyyəti yoxdur… Məhərrəm Qasımlının – Orxan Paşanın “Yağmur qoxusu”nu bir də vərəqləyirəm. Buradakı yazıların çoxu düşüncələrimdə əks-səda oyadır, yaddaşımı tərpədir və mənə elə gəlir ki, yazılan kitab kimi elə yaşanan ömür də yaddaşın hökmüdür…
Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan Rafiq Yusifoğlunun yaradıcılığı çoxtərəflidir; şair, ədəbiyyatşünas, publisist kimi zəngin ədəbi yol keçib. 80-ci illərdən bəri ədəbiyyatşünaslıqla yollarımız bərabər yürüyüb, indi də Dissertasiya Şurasında tez-tez görüşürük. Həm də ali məktəbdə çalışır, necə deyərlər, burada çalışdınsa, gərək tələbələri də nəzərə alasan. Bu cəhətdən Rafiq Yusifoğlu tələbələrinə borclu qalmayıb, çoxlu proqram, dərslik və dərs vəsaitləri yazıb. Son on beş ildə onun «Ədəbiyyatşünaslığın əsasları» (2001, 2005, 2009), «Uşaq ədəbiyyatı» (2002, 2006), «Müasir ədəbi proses və ədəbi tənqid» (2004, 2014), «Azərbaycan poeması: axtarışlar, perspektivlər» (1998), «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» (2010), «Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri» (2016) kimi son dərəcə gərəkli dərslik və monoqrafiyaları nəşr olunub. Doğrusu, onun ədəbiyyatşünaslıq sahəsindəki araşdır¬ma¬¬¬-larının niyə diqqətdən kənarda qaldığını kəsinləşdirə bilmirəm. Hər halda bunu ədəbiyyatşünaslığımızın ayağına yazmaq lazım gəlir. Bu üzdən mən də onun zəngin ədəbiyyatşünaslıq fəaliyyətini və bu sahədə gördüyü işləri qiymətləndirməyi düşünürdüm. Lakin Rafiq Yusifoğlu həm də gözəl, bənzərsiz şairdir, yaradıcılığa poeziya ilə başlayıb və düz əlli ilə yaxındır ki, ona sədaqətini ifadə edir. Və bu əlli ildə onun əlliyə yaxın şeirlər kitabı çıxıb. Bu, demək olar ki, ildə bir kitab edir. Özü də heç bir kitabında təkrar şeirlər çap etdirməyib. Hər zaman oxucuların görüşünə yeni şeirlərlə gəlib. Sonuncu şeirlər kitabı «Üçüncü qərinə» (Redaktoru Məhərrəm Qasımlı, Bakı, 2017) bu günlərdə işıq üzü görüb. Elə məni də fikrimdən daşındıran məhz bu kitab oldu; elmi əsərlərini təhlil edəcəyimi düşündüyüm halda, şeirləri özünü qabağa saldı. Bəlkə də belə daha ədalətli olar; axı Rafiq Yusifoğlu yaradıcılığa şeirlə başlayıb və çağdaş poeziyamızı obraz və obrazlılıq, bədii təsvir və ifadə vasitələri, bədii detal, poetik ruh baxımından əhəmiyyətli dərəcədə zənginləşdirib, yeni üslubi çalarlar gətirib. «Üçüncü qərinə»də toplanan şeirlər son iki ilin şeirləridir, yaxşıdır ki, şeirlərin altında zaman və məkanı ifadə edən qeydlər də var; bu şeirlərdə nələr yoxdur; insan həyatının bütün böyük, sirli, sevincli, kədərli anları, həyatı, sevgini, başlancıcı, sonu anlatmaq və s. Bu şeirlər insana dünyanı və kainatı anladır, səni gündəlik qayğılardan uzaqlaşdırır, həm də həyatın özünü göstərir. Şair bu şeirlərində yeknəsəq bir həyat təsvir etmir, yaşadıcımız cəmiyyətdə görmədiyimiz nəsnələri göstərir. Onun şeirlərini sən bir mənəvi ehtiyac olaraq oxuyursan və düşünürsən. «Əsl yaşamalı gün indi gəldi», «Bu gecə sübhəcən», «Bir yağış yağır ki», «Xoş gördük, ömrümün təzə payızı», «Çox şükür, builki qışı da gördük», «başımın üstündən uçan durnalar», «Bir qocaman dağam mən», «Yaşamaq lazımdı» və sair onlarla şeirlərində yaşantılarını bütün dəyişik yönləri, çalarları ilə verir.Bu yaşantılar şairin təqdimində yenidir; sanki bu yaşda yaşadıqlarını heç zaman qələmə almayıb, yəqin ki, bundan sonra yazdıqları da başqa bir yaşantı olacaq. Bu yaşantılardan biri də doğma torpağı, yurdu, el-obanı içində yaşatmaqdır. Deyim ki, Rafiq Yusifoğlu bir vətəndaş kimi narahatlıqlarını həm də yurd sevgisində büruzə verir. Bu yaşda doğma diyarında özünü qərib hiss edən lirik Mən doğulub boya-başa çatdığı, lakin heç zaman gedə bilmədiyi torpağı yuxusunda görür. Başqa bir şeirində «Biz bütün arzulara yuxuda çatmağı çox sevirik…» fikri də burada yerinə düşür. Yuxuda görmək ona əlinin çatmaması deməkdir, ona qovuşmaq istəyini əks etdirməkdir. Lakin nə yazıq ki şair (təkcə şairmi!) hələ bu imkandan məhrumdur. Şimşək oynayırdı bulud içində, Külək işardırdı kül altda köyü. Dağlar dayanmışdı sükut içində, Pəyhanın, Qısrağın dolmuşdu göyü… Kimsə eşitməsin qoy ahlarımı, Ruhuma şəfəqlər səpirdi Allah. Ot basan cığırlar ayaqlarımı Necə qucaqlayıb öpürdü, Allah?! Rafiq Yusifoğlunun şeirlərinin özəlliyi ondadır ki, strukturu sadə bir detal üzərində qurulur; bu detalda yaşadığı ovqatı, içinə aldığı düşüncəsini söyləyir və mütləq şəkildə onu həyatla, yaşamla bağlayır. Şeirlər duyğu və həyəcanların təsvirindən asılıdır, çox qısa da ola bilir, ya da uzağı beş altı bənddə özünü ifadə edir. Bu şeirlərin hər birinin tarixi var, bu tarix elə şairin duyğularının stenoqramı kimi mənalanır. Hər şeyin bir yaranışı olduğu kimi, duyğuların, yaşantıların da yaranışı vardır. Bu yaşantılardan biri «Yaşamaq lazımdı» şeirində orijinal bir tərzdə ifadə olunub. Oxucu dərhal düşünür: «Kimin, nəyin naminə?» Cəmi altı sətirdən ibarət şeirdə şair yaşam kredosunu və nədən yaşamaq lazım olduğunu belə açıqlayır: Həyat biyi mübariyəyə səsləyir açıq-açığına. Yaşamaq layımdı yaxşı adamların xətrinə, pis adamların acığığına! Yaxud, ilin dəyişməsi nədənsə insanda fəlsəfi düşüncələr oyadır, xatirələr çözələnir, sən sadəcə köhnə ildən yeni iləmi keçirsən; il dəyişirsə, nələr dəyişir? Küçə həmin küçədi, Şəhər həmin şəhərdi, Mən həmin mənəm – Təkcə təqvimdə 2015-ci ildi… Rafiq Yusifoğlunun poetik obrazlarından biri də dənizdir. Onlarla şeiri dənizə həsr edib, lakin bu şeirlərin hər birində yalnız dənizin təkrarsız mənzərələrini yaratmır, həm də onu bir bədii obraz səviyyəsinə qaldırır, dənizlə həmsöhbət olur, onu əzizləyir, sevir, qorumağa çalışır və hamını buna səsləyir. Bu poetik çağırışda şairin vətəndaşlıq missiyası başlıca yer tutur. «Əlli ildə səbrlə, nəvazişlə» əsəblərinə sığal çəkən dənizin boynunda böyük «haqqı-sayı» olduğunu dilə gətirir. Lakin şairin lirik Məninin dənizi sevənlərdən bir fərqi var: «Siz həmişə onun sahilindəsiniz, mən isə onun qoynunda»… «Tənha qoymayacam», «Dənizdə səhər», «Dəniz duyur», «Dəniz, sahil, ləpədöyən», «Dəniz sevgisi» və s. onlarla şeirində dəniz müxtəlif çalarlarda təsvir edilir. Bu şeirlər insanla dənizin söhbəti kimi yadda qalır. Dəniz də insan kimi bir varlıq olaraq göstərilir; onu tənha qoymaq istəmir. Dünya «istidən od tutub yananda», «suları şaxtadan donanda» belə onun yanında olur. Şairin dənizi də insan kimi duyur, hiss edir, üşüyür… Il boyu dəniz üzərində uçuşan qağayıların dəniz sevgisi son dərəcə poetik şəkildə verilir: Dayazda üzən balıqlar Arabir düşürlər pis günə. Acgöz quşlar qəflətən şığıyırlar onların üstünə… Dalğaların üzərində ora-bura uçuşub yem gəzir qağayılar Ilin bütün fəslində… Onların da dəniz sevgisi qarın sevgisidi əslində…. Rafiq Yusifoğlunun «Üçüncü qərinə» kitabında toplanmış şeirlərinin çoxu Azərbaycandan kənarda yazılıb: Istanbul, Los Anceles, Santa Monika, Venis, Dubay və s. Bu şeirlər «Dünyanın o üzü və qürbət nəğmələri» bölməsi adı altında toplanıb. Doğrusu, indiyədək poeziyamızda bu silsilədən olan şeirlər yazılmışdır. Rafiq Yusifoğlunun şeirləri isə bu mövzuda yazılan ənənəvi şeirlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Onun sanki qürbətdə yazdığı şeirlər qəriblik üzərində qurulmayıb. Bunun da müəyyən səbəbi var. Şair tanımadığı uzaq bir diyarda oğlu və nəvələri tərəfindən qarşılanırsa, ona «qərib diyar» deməyə dili gəlmir. Qürbətdə tənhalığın nə demək olduğunu qərib duyar. Tanımadığın qərib bir diyarda səni oğlun, nəvələrin qarşılayırsa, ora necə deyəsən qərib diyar?! Başqa bir şeirində isə bu yerləri öz vətəninə oxşadır və qəriblik hiss etmədiyini dilə gətirir. Ümumiyyətlə, onun şeirlərinin qürbət nəğmələri adı altında verilməsinə baxmayaraq, lirik qəhrəmanın əhvali-ruhiyyəsində qürbətçilik demək olar ki, hiss olunmur. Ona görə belədir ki, şair bu yerləri gəzərkən belə heç zaman vətənini, elini unutmur, yaddan çıxarmır: Adam burda özünü zərrə qədər də qərib hiss eləmir, elə bil öz evində, öz oylağındasan. Günün altında duranda özünü Yazı düzündə sanırsan, kölgədə olanda elə bil Salvartı yaylağındasan… «Mələklər şəhəri», «Sakit okean nəfəs alır», «Santa Monika» kitab mağazasında, «Bu şəhər», «Səfil kitab oxuyur», «Möcüzələr qitəsi», «Vətəndən gələn işıq», «Marina Del Reydə», «Qərb diyar, qəribə diyar», «Santa Monika çimərliyində», «Iki okean arasında», «Göydə elədiyim dualar» və sair şeirlərində Amerika lövhələri yaradılır. Bu şeirlərdə şairin təkcə təsvir məkanı dəyişmir, düşüncələri, obrazları, təsvir və ifadə vasitələri (elə ifadə imkanları da!) də dəyişir, yeniləşir. Şairi təəccübləndirən bir də Amerikanı hələ «otuyla», «suyuyla», «insanıyla», «cəmiyyətiylə» tanımamasıdır. Burada hər şey ona yeni görünür, yeni göründüyü üçün də möcüzələr ölkəsi kimi gəlir: Burda nə qədər meyvə var, hələ dadını bilmirəm. Burda nə qədər gözəl ağac var, birinin də adını bilmirəm. Bildiyim odu ki, bu bərəkətli torpağa nə əksən bitəsidi… Doğrudan da, Amerika möcüzələr qitəsidi… Şair Amerikanı, onun təbiətini, insanlarını, Sakit okeanı çox təsvir edir, oxucu üçü o qədər də tanış olmayan cazibədar lövhələr yaradır. Bununla da bu qitənin təbiətinə vurğunluğunu gizlətmir, ancaq qürbəti heç vaxt dərdə əlac hesab etmir, vətəni sevdiyi üçün darıxır, darıxdığı üçün «Qollarını sevgiylə aç, gəlirəm, vətən, gəlirəm!» – deyə lacivərd göylərini heç vaxt unutmadığın dilə gətirir, onun budaqda saralıb-solan bir yarpağına belə vurğunluğunu gizlətmir. Şairin poetik düşüncəsində torpaq elə hər yerdə torpaqdır, daş elə hər yerdə daşdır. Şair özü üçün müəyyənləşdirir ki, vətən heç də torpaqdan, daşdan ibarət deyilmiş. «Vətəni vətən eləyən demə ana dili imiş…» «Bir dəli sevdadır ömrün mənası» başlığı altında toplanan şeirlərdə müəllif sevgi yaşında olmasa da, oxucuya yepyeni bir sevgi hissləri, bənzərsiz duyğular çələngi təqdim edir. Bu duyğular, əslində, sevgi yaşının və sevginin yaşının olmadığını göstərir. Məsələ heç də şairin bu sevgini zəruriliyində deyil, onu necə təsvir etməsindədir. «Bir dəli sevdadır ömrün mənası», «Közərdi qəlbimin sönən atəşi», «Ürəyim sevgiylə gəlirdi dilə, Dəvət göndərmişdi sanki göy yerə», «Bir payız günündə gəldik üz-üzə, Hara baxırdımsa, duman, çən idi», «Həsrətin ağlatdı dərəni, düzü», «Hicran dumanında ümidlər itdi», «Sevgimin yolları dirəndi dağa», «Çıxmaq istəsəm də eşq dənizindən, Sahilə qoymursan sevda gəmimi», «Ürəkdə ümidlər tumurcuqlayıb, Sevgi böyüdükcə dünya daralıb», «Nəfsin toxunsa könül tarıma, Içimdə həsrətin puçurlayacaq» və s. orijinal poetik düşüncələri ilə sanki yeni sevgi hekayəti yazır. Onun sevgisi safdır, təmizdir. Əsl sevginin özü kimi səmimiyyət və saflıq bu şeirlərin başlıca əlmətiOnun sevgisi safdır, təmizdir. Əsl sevginin özü kimi səmimiyyət və saflıq bu şeirlərin başlıca əlmətidir. Rafiq Yusifoğlunun «Üçüncü qərinə» kitabında toplanmış şeirlərin bir hissəsi «Ağrılar çələngi» başlığı altında toplanıb. Bu şeirlərdə dünyanı düşündürən, onun içindən keçən ağrılar qələmə alınır. Şair sanki bu ağrıları gözlə görür, ona əllə toxunur. Bəzən M.Ə.Sabir kimi «Toylar bizə toy tutur», «Bətbəxt varlıların gözü kasıbların cibindədir», «Neynirəm belə əmini, neynirəm belə dayını», «Elə bil ki, haqq-ədalət Bu dünyayla vidalaşıb», – deyə cəmiyyətdə gedən ağrılara poetik-publisistik münasibətini bildirir. Bu şeirlərdə satirik çalarlar üstünlük təşkil edir. Çağdaş dünyada baş verən proseslərə satirik gözlə baxan şair daim haqq-ədalət axtarışındadır, tərəzinin əyilən gözünü düzəltməyə çalışır və oxucunu da buna kökləyir. Bəzən kinayə, bəzən istehza və təmsilvarilik bu şeirlərə yeni rəng qatır, kiçik parçada böyük mənalar ifadə edir. «Nə üzlə», «Nə vermisən», «Maska», «Şəkər», «Inanma», «Bir xəbisə», «Məmurlar adam olsa», «Insanlıqdan çıxan adamlar», «sahibsiz itlər», «Kölgə» və sair şeirlərində cəmiyyətdə olan qüsurları lirik-satirik dillə təsvir edir, insanları insanlığa dəvət edir. Rafiq Yusifoğlunun «Üçüncü qərinə» adlandırdığı şeirlər kitabı ömrünün üçüncü qərinəsində poetik duyğuların, hisslərin məcmusudur. Bunu həm də obrazları, təsvir məkanları ilə birgə şairin ömrünün anlarından ibarət tərcümeyi-halı hesab etmək olar. Hər şeir onun həyatının bir parçası, məqamıdır. Şeirlərin hər birinin altında günü ilə göstərilən tarix duyğularının, məqamların və onu yaşadacaq düşüncələrinin tarixidir.
Müəllif: Bədirxan ƏHMƏDLİ filologiya üzrə elmlər doktoru, professor. “Kaspi” qəzeti, 1 iyul 2017
Zirvələrin ağ örpəklə şallanır, Ətəklərin al geyinir, allanır, Ruhum çıxıb, gözlərimdən sallanır, Ürəyimə nur çiləyən dağlar oy, Ulduzlara əl eləyən dağlar oy.
Min illərdi gördün yaxşı yamanı, Qarşıladın, yola saldın zamanı. Geyib, gümüş xalat kimi dumanı, Yaxasını düymələyən dağlar oy, Ulduzlara əl eləyən dağlar oy.
Zirvədə qar ağ şalındı kim bilir, Ağ saçındı,saqqalındı kim bilir, Qırışlanmış, ağ alındı kim bilir, Dünyagörmüş pir, biləyən dağlar oy Ulduzlara əl eləyən dağlar oy.
Cəngavər tək yarında, yarağında, Növbə çəkir ayın nur çırağında. Axşamüstü günün qürub çağında, Təpəsində od qalayan dağlar oy, Ulduzlara əl eləyən dağlar oy.
Zirehlənib, dəmir, polad atında, Bir azmandı, çıxıb yerin çatından Bünövrəsi yerin yeddi qatında, Hiddətlənsə, daş ələyən dağlar, oy Ulduzlara əl eləyən dağlar oy.
Qucaq açdı yamacları, yalları, Eyni tutdu həm şahları, qulları. Tarixlərdən iz qoparan yolları, Belə kəmər tək dolayan dağlar oy, Ulduzlara əl eləyən dağlar oy.
Dərd göndərər dərdli, çəkəndə ahı, Həm zülümü, səvabı həm, günahı. Başı göydə, çağıranda Allahı, Bu dünyaya nur diləyən dağlar oy, Ulduzlara əl eləyən dağlar oy.