www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Turan Novruzlu – KİŞİ QÜRURU

KİŞİ QÜRURU

(Esse)
Təxminən on beş il bundan əvvələ aiddir bu xatirəm. Söz vaxtına çəkər deyiblər, elə bu vaxtlar idi. O vaxtlar demək olar ki, bütün yayı kənddə keçirdirdim. Kəndin ki, bir tərəfi Qarayazı meşəsi, bir tərəfi günəş rəngində təpələr ola, Kür çayı da ki, qolunu kəndin boynuna dolaya, sən də ki, nənənin sevimli nəvəsi olasan. O kəndə getməmək günah olardı.
Bir gün xalam dedi ki, sabah qohumlarımızdan biri oğluna toy edir, hazırlaş səni də toya aparacam. Əvvəl getmək istəmədim, nənəmlə qalmaq istədim. Nənəmin öz uşaqlıq illərindən, keçmişdən danışdıqları toylardan maraqlı idi. Həm də bizim kəndin mağar toyları günorta saat ikidə başlayar axşam saat beşə, altıya kimi davam edərdi. Axşam bər-bəzəkli şax qaldırardılar və saat doqquzdan gecə saat on ikiyə, birə kimi mağar davam edirdi. Mağarda da dava düşərdi, mahnı sifariş verməyin, ana- bacıya baxmağın və s. üstündə. Ərləri toyda Novruz bayramında yumurta döyüşdürən uşaqlar kimi bir birilə “rumka döyüşdürən” arvadların gözləri dörd olardı mağarda ki, görəsən ərim kimlə dalaşacaq kimi şil küt edəcək. İş ondadır ki, bu ərlər toyda heç kəsi döyməsələr də evə gedəndə arvadlarını döyürdülər. Adam bilmirdi, bunların toyda dava salmağına sevinsin ya üzülsün. Toyun səhəri mağar təəssüratları avtobuslarda, yollarda, mağazaların önündə davam edirdi. Hələ arvadların sərçə balası kimi cikkildəşmələri olmaya da, “az gördün filankəsin qızı şalvar geyinmişdi, az hə hələ sən keçən il instuta girif Bakıya gedən tayını görmədin, əməllijə şəhər dili danışer, elə bil buralı döylü, az hələ o yaxşıdı o Bakıdan gələn qız var e filankəsin qohumu gədələrlə elə baxışerdıkı, gəlini də yaxşı bəzəməmişdilər, kamplekti ucuzuydu, bəyin əti tökülsün qıza tort yidirtdi ” Bax elə bu
abu havaya görə özümü heç vaxt o mühitə aid hiss etməmişəm. O kəndin toylarını sevməmişəm. Nə isə, xalamın israrından sonra o toya getdim. səhər saat on iki olardı bəyin atası evinə getdik. Hərə bir tərəfdən süfrəni hazırlayırdı. Manqaldakı kababların qoxusu Gəmiqaya tərəfdən gələn həzin mehə qarışıb gül-çiçək ətri kimi ətrafa yayılmışdı. Qadınların səsi- küyü toy evini götürmüşdü. Kim kimi görsə iş dalınca buyururdu ki, iş tez getsin. Qadınlardan biri cavan oğlanlardan birini çardaqdan qazan çıxarmaq üçün buyurmuşdu. Oğlan nərdivanı divara söykəyib yuxarı çıxmağa başladı. Döşəmə torpaq olduğu üçün kələ kötür idi. Nərdivan tərpənəndə mən cəld nərdivandan tutdum və “yıxıldı” deyə qışqırdım, sonra oğlan müvazinətini saxladı və işinə davam etdi, o, düşənə kimi nərdivanı buraxmadım. oğlan heç nə demədi heç səsini də çıxarmadı. Sadəcə minnət dolu baxışlarla üzümə baxıb gülümsədi. Sonradan bildim ki, bu oğlan nitq qüsurlu imiş.
Artıq mağardaydıq. Hərə öz yerini tutmuşdu. Toy, çal-çağır axşamçağı yenidən başlamışdı. Hamı oynayır, hərə öz mahnısını sifariş edir, qohumunlarını oynamağa dəvət eləyir, başından şabaş tökürdü. Mən sakitcə oturub müşahidə edirdim. Qohumlarımız oynamağa çağırdı. Arvadlı- kişili, uşaqlı- böyüklü hamı oynamağa çağırdı oynamadım. Xalam da neçə dəfə çağırdı. Yanımda oturanda da böyrümdən dümsüklədi yenə oynamadım. Bir də gördüm günorta nərdivanla çardağa çıxan oğlan gətirib mənə bir qalaq pul uzatdı. Mən götürmək istəməyəndə anası işarə etdi ki, götür. Oğlu gedəndən sonra qulağıma pıçıltı ilə dedi ki,” a qızım mənim oğlum danışa bilmir, uşaqlar qırağa çəkib döyüb əlindən almaqdansa sən götür o pulları”. Dedim, ” xala mən istəmirəm, gəl, otur yanımda, sənə verəcəm pulları. ” Oğlan hər dəfə pulu gətirirdi, mən də o gedən kimi pulu anasının ovcuna basırdım. Bir də gəldi ki, sənə verdiyim pulları göstər ( onun işarələrinin mənasını anası deyirdi mənə) mən də xalamın günorta mənə verdiyi bir şirvan pulu şalvarımın arxa cibindən çıxarıb göstərdim. Oğlan inandı. Yenə getdi şabaş yığmağa, yenə gətirib hamısını mənə verdi. Mağarın axırlarına yaxın gördüm beş -altı gənc həmin bu oğlanı kənara çəkib mübahisə edirlər. gənclərin dediklərindən eşitdim ki( hamı qulaqlarımdan şikayət edir ki darı dəlir) ” duxun çatır oynamağa çağır, görək səni sayib oynayacaq.” Öz aralarında mərc gəldilər. Bir neçə dəqiqə sonra həmin o nitq qüsurlu oğlan mənə yaxınlaşdı. Oynamağa çağırdı. Mən də dəvəti tezcə qəbul edib oynadım. O an onun gözlərindəki xoşbəxtlik qığılcımları, yerə- göyə sıxmayan sevinci məni sevindirdi və qürurlandırdı. Ərtafdakı mərci uduzmuş gənclərin məyus və qəzəbli baxışları isə hələ də xatirimdədi. İstədim ki, Allahın bu gözəl bəndəsinin kişi qüruruna toxunmaq istəyən gəncləri həmin oğlanın qələbəsi ilə cəzalandırım. Xoşbəxtəm ki, indiyə kimi heç kəsin qüruruna toxunmamışam, heç kəsin duyğularına qarşı sayğısızlıq etməmişəm vicdanım rahatdı…
Siz təsəvvür belə edə bilməzsiniz ki, toyun səhəri kənddə nə nağıllar, nə əfsanələr danışılmadı. El ozanlarının eşq dastanları kənd arvadlarının dastanlarına çata bilməz….Bu arada xalam da çox əsəbləşmişdi ki, mən çağırdım gəlmədi, o lal uşaq çağıranda oynadı, indi camaat ağzına gələni danışacaq. Gecə evə gəldim, bu olanları əziz nənəmə danışdım. Dedi düz etmisən. Qəlbimin dərinliyində bilirdim ki, düz etmişəm. Amma nənəmin dəstəyi və anlayışını ondan başqa heç kəsdə görmədim. Məkanın cənnət olsun. Ruhun qarşısında baş əyirəm, Şafanam…
Hər dəfə o oğlan yadıma düşəndə xoşbəxt olmağı üçün dua edirdim. Bu yaxınlarda eşitdim ki, bir nitq qüsurlu qızla ailə qurub. sağ- salamat , nitq qüsuru olmayan ekiz uşaqları var, bir qız , bir oğlan. Sevincdən gözlərim doldu. Ürəyimdə sadəcə “şükürlər olsun, Tanrım ” dedim…


Müəllif: TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yetim Qacar və Turan Novruzlu

YETİM QACARA SAYGILARLA
TURAN NOVRUZLUDAN

Onsuz da bu dünya çoxdan talandı
Mən necə aldadım şair könlünü?!
Nə qədər xoş söz var şirin yalandı
Mən necə aldadım ,Şair, könlünü?!

Necə ovundurum Duman adamı
Bu təmiz adamı, iman adamı
Sonradan göynədər güman adamı
Mən necə aldadım, şair könlünü?

Qadın nə vanildi, nə çiyələkdi
Nə günəş, nə mələk, nə də çiçəkdir
Qəlbini isidən qadın göyçəkdi
Mən necə aldadım, Şair, könlünü?!

Bəzən sevgi bizi ilan tək çalar
Bir – iki xoş kəlmə xatirə qalar
Yadına düşəndə canını alar
Mən necə aldadım, şair könlünü?

Eşqin qor acısı gözdə naxış tək
Keçmişin izləri küskün baxış tək
Ömür yağıb bitər narın yağış tək
(Milyonlar içində şair təkdi tək)
Mən necə aldadım, Şair, könlünü?

YETİM QACARDAN
TURAN NOVRUZLUYA…

Aldadan aldadıb səndə günah yox
Aldanıb dünyaya gələn şairi
Bircə sən aldatma nə dəyişərki
Yalanı həqiqət bilən şairi

Bir az yaşamağa güman var hələ
İmansız önündə iman da belə
Duman yox a dostum bulud zənn elə
Gözünün yaşını silən şairi

Bülbül cəh-cəh edər çiçək vaxtısa
Ürək nece gülsün həsrət baxtısa
Qəlbini isidən qadın yoxdusa
Kimsə görə bilməz gülən şairi

Dərdi deməmişdən dərmanı qoydun
Sən dərdin gözünü söz ilə oydun
Nə yaxşı anladın nə yaxşı duydun
Dərdini səninlə bölən şairi

Anladın dilini könlü lalında
Pozuldu yazılar o an alında
Ölmüşdü təkliyin tənha halında
Diriltdin söz ilə ölən şairi.

Müəlliflər:

YETİM QACAR

TURAN NOVRUZLU

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hüseyn Əkbərli – Balacaboy dovşan

WWW.BİTİK.AZ

BALACABOY DOVŞAN

Dovşanların arasında ən balacaboy dovşandır. O, nə qədər dostlarıyla oynamaq üçün yaxınlaşırdı, onlar onu özlərindən uzaqlaşdırırdı. Balacaboy dovşan axırda yorulub, özü onlardan uzaqlaşdı. Bilirdi ki, dostluq qarşılıqlı olmalıdır. Özünə olan inamı itmişdi, qəlbi incimişdi, özünün özündən də xoşu gəlməməyə başladı. Atasına baxdı, böyüküydü. Anasına baxdı, böyüküydü. Balacaboy olmağından yavaş-yavaş utandı.
Balacaboy dovşan bir az evlərindən uzaq özü kimi balacaboy dovşan axtarmaq qərarına gəldi. Yol kənarında quyunun yanından keçəndə qışqırıq səsləri eşitdi:

– Kömək edin. Kömək edin. Biz bura düşmüşük, kömək edin.
Balacaboy dovşan qorxdu, qaçaraq quyudan uzaqlaşdı. Dayanıb dərindən nəfəs alırdı. sağa-sola baxdı və yavaş-yavaş quyuya yaxınlaşdı. Quyunun içinə baxana qədər əsirdi.
Gözlərini bərəltdi. Çünki onu yaxınına buraxmayan dovşanlar quyuya düşmüşdü.
Onlar dovşana yalvarırdılar:

– Balacaboy, kömək elə. Xahiş edirik, kömək elə.


Balacaboy səssizcə ətrafı gəzməyə başladı. Kənara kəndir atılmışdı. Balacaboy kəndirin bir ucunu quyuya atır, bir ucunun da üstünə çıxır.
Beləcə, iki dovşan quyudan bir-bir çıxır. Onlar balacaboya, balacaboy onlara baxır. Onlar balacaboya “çox sağ ol” deyirlər. Və ona lağ etdikləri üçün üzr istəyirlər.
O gündən anlayırlar ki, əsl dost görünüşünə görə yox, yaxşı xasiyyətinə, mərdliyinı görə seçilməlidir. O gündən balacaboy şən və xoşbəxt olur. Özündən də utanmır.

Müəllif: HÜSEYN ƏKBƏRLİ

HÜSEYN ƏKBƏRLİBİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Professor Asif Rüstəmlinin doğum günüdür – Təbrik

Bu gün xalqımızın dəyərlisi, əmim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin yubiley doğum günüdür.
Asif Rüstəmli 16 fevral 1954-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dünyaya göz açmışdır. “Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı:: həyatı və mühiti”, “Mütərcim Cəfər Cabbarlı” və s. kitabların müəllifidir.
Asif Rüstəmli böyük alim, Cabbarlışünas, mühitinə dəyər verən, müdrik bir insandır. Onun Cəfər Cabbarlı irsinin tanınmasında, Cabbarlının arxivdə qalmış əsərlərinin tapılmasında əməyi çox böyükdür.Asif Rüstəmlinin diqqəti sayəsində mən bir çox mötəbər tədbirlərdə iştirak etmişəm. Tanınmış, dəyərli, özü kimi müdrik şəxsiyyətlərlə görüşmək imkanı qazanmışam. Hələ çox kiçik yaşlarımdan (4-5 yaş) onun müəllifi olduğu kitablar əlimdən düşmürdü.Demək olar ki, həmin kitabların əhatəsində böyümüşəm.
Asif Rüstəmli Cəfər Cabbarlının natamam pyeslərini, yazılarını ortaya çıxarmışdır. Hətta O, Cabbarlının “Kazım bəy” romanını və neçə-neçə yazılarını tədqiqat yolu ilə aşkar etmişdir. Hesab edirəm ki, bu araşdırma sahəsində qırılması çətin olan bir rekorddur.
Asif Rüstəmli uşaq yaşlarımdan şeir, sənət aləmində çırpınanda mənə dəstək olan, şeirlərimi və yazılarımı oxuyan, məni həm də sosial şəbəkələrdən izləyərək məsuliyyətimi artıran, hər sözü, hər söhbəti mənə bir akademik dərs olan,mühitə dəyər verən müdrik bir alimdir.Onu da qeyd edim ki, əmim mənim məqalələrimi sosial şəbəkələrdən və ya “Kredo” qəzetindən oxuyaraq öz münasibətini bildirəndə mən çox sevinirəm.Həmin gün uçmağa qanadım olmur.Xüsusən də “İtirilmiş cövhər-Maqsud Məmmədov”, “Qələbənin simvolu, Zəfər tağı” , Şəhid Sahil Məmmədova həsr etdiyim “ Savaşlardan alnı açıq, üzü ağ çıxan qəhrəman”, “Böyük ocaq, böyük insan, böyük sevinc”, “Ana Vətənimdə unudulmaz bir gün” və s. məqalələrimi deyə bilərəm.Həmin məqalələrimi publisistik məqalələrimin ən uğurlusu və ya tacı hesab edirəm.
Nəslimizin əzizi, fəxr və qürur yerimiz, xalqımızın dəyərlisi Asif Rüstəmlini yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Can sağlığı, uzun ömür və xoşbəxtliklə 100 yaş yaşamasını uca Allahdan arzu edirəm! Mənə və gənclərə yüksək dəyər verdiyinə, elm və pedaqoji sahədə danılmaz xidmətlərinə və əməyinə görə əmimə sonsuz minnətdarlığımı bildirirəm! XALQIMIZIN DƏYƏRLİSİ, SİZİNLƏ FƏXR EDİRƏM! YUBİLEYİNİZ DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN! ALLAH SİZİ VƏ ƏZİZLƏRİNİZİ QORUSUN! AMİN!

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – Gedirəm

GEDİRƏM

Sənsiz bu yollarda çaşıb qalmışam,
Heç özüm bilmirəm hara gedirəm.
Qismətim beləymiş demək Tanrıdan,
Həsrətlə qol- boyun dara gedirəm.

Bizi addım- addım güdən arzular,
Olub səbrimizi didən arzular.
Üşüyür içimdə fidan arzular,
Elə bil borana, qara gedirəm.

Başın qarışmasın evə- eşiyə,
layla çal sevgimiz yatan beşiyə.
Bələ nəfəsinlə, qoyma üşüyə,
Hövsələn gəlməsin zara, gedirəm.

Zalım ayrılığın hər anı dəhşət,
Yaylağı dəhşətdi, aranı dəhşət.
Bürüyür halımı soranı dəhşət,
Qəlbimdə sağalmaz yara, gedirəm…

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanatı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanatı

Fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılmış, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açıq şəkildə əks etdirmişdir.

“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına əsasən bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin (qanuni nümayəndələrinin) razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir.

Təəssüflə bildiririk ki, bir sıra media subyektləri tərəfindən baş vermiş hadisə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında qeyri-həssas və qeyri-peşəkar yanaşma nümayiş etdirilmiş, həm qanunvericiliyin, həm də peşə etikası qaydalarının tələbləri ciddi şəkildə pozulmuş, istər zərərçəkmiş şəxslərə, istərsə də onların yaxınlarına münasibətdə jurnalistika prinsiplərinə zidd təqdimetmə forması seçilmiş, bununla da cəmiyyəti maarifləndirmə funksiyasını yerinə yetirməli olan media ümumi qəbul edilmiş dəyərlər sistemi ilə bir araya sığmayan mövqe sərgiləmişdir.

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri jurnalistika prinsiplərinə, qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə, fəaliyyətlərində cəmiyyətdə humanist dəyərlərin möhkəmləndirilməsi ideyasını əsas götürməyə çağırırlar. Qanunazidd fəaliyyətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin, o cümlədən fəaliyyətin dayandırılması da daxil olmaqla sanksiyaların tətbiqinə əsas yaratdığı media subyektlərinin diqqətinə bir daha çatdırılır.

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İbrahim Rüstəmli – Etiraf

ETİRAF
İldırımlar yol salıb ürəyimdən, canımdan!..
Bilirəm, xəbərin var ötən hər bir anımdan.
Anam Sənə tapşırıb məni, getdi yanımdan,
Ha yüyürdüm dalınca, çatmadım, Ulu Tanrı!..

Nələr vardı yolumda!? Kim olsaydı, azardı,
Yerdə nəyə toxundum, gördüm hamsı məzardı!
Həsrətindən gözlərim kömür kimi qızardı,
Kirpiyim qapanmadı, yatmadım, Ulu Tanrı!..

Sənindi, xəlbirində Sən özün süz ömrümü,
Sonala asta-asta, hecala Söz ömrümü!..
Halallıqla almışam Anamdan öz ömrümü,
Mən ruhumu şeytana satmadım, Ulu Tanrı!..

Ayrı düşdüm yad kimi karvan-karvan köçündən,
Tutdum ağ buludların ətəyinin ucundan!..
Söz – mənim yerişimdi, günahların içindən
Sənə doğrudu hər Söz – hər addım, Ulu Tanrı!..

Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gənc yazıçı Rizvan Fikrətoğlu ilə 20 nömrəli məktəbdə görüş keçirilib

Gənc yazıçı Rizvan Fikrətoğlu ilə 20 nömrəli məktəbdə görüş keçirilib

Bakı şəhərində yerləşən Laçın rayon 20 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar gənc yazıçı Rizvan Fikrətoğlu ilə məktəblilərin görüşü təşkil edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dünarə Əbdürəhimova Rizvan Fikrətoğlunu salamlayıb, şagirdlərin bilgilər əldə etməsində, dünyagörüşünün formalaşmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.Dünarə xanım qeyd edib ki, Rizvan Fikrətoğlunun qələmə aldığı “Ayaq səsləri” povesti məktəblilərin sağlam düşüncəyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərəcək.

Görüşün təşkilatçısı, məktəbin ibtidai sinif müəllimi Elnurə Ağammədova yazıçıya dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib, Rizvan Fikrətoğlunun fəaliyyəti və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verib. Təşkilatçı gənclər arasına sevilən “Ayaq səsləri” povestinin məktəblilər tərəfindən də seviləcəyinə əminliyini ifadə edib.

Rizvan Fikrətoğlu çıxışında məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparıb, məktəbliləri düşündürən suallara aydınlıq gətirib.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlhamə İsmayılova da, öz növbəsində yaradıcı gəncə yeni ədəbi uğurlar arzulayıb. O, müasir Azərbaycan ədəbiyyatı və onun inkişaf perspektivləri, kitabxana-oxucu əlaqələri, mütaliə ilə bağlı fikirlərini bölüşüb.

Görüşün sonunda gənc yazıçı məktəbin müəllim və şagirdlərinə “Ayaq səsləri” kitabını bağışlayıb, xatirə şəkilləri çəkilib. Fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – TANRI KÖLGƏ.

TANRI KÖLGƏ

Başının üstündə gecə, ayağının altında yer qaçırdı. Adama elə gəlirdi ki, yeriyən o deyil, dünyadı. Məchulluğa üz tutub gedirdi qaranlıq qarışıq. Yaxasını açmışdı. Ürəyinə hava çatmırdı sanki. Təngnəfəs idi. Özü də bilmirdi ki, yolu hayanadı. Hərdən əllərini cibinə salıb dəmir pulları sayırdı.Pulları tanıyırdı barmaqları.”Bu 5 qəpiklikdi, bu 20, bu 50″.Beynində əlli kərə saymışdı qəpikləri ən azı. Gecənin səssizliyində cingildəyirdi pullar . Yorulmuşdu adam. Arada ətrafına nəzər salırdı ki, görsün bir daşdan zaddan yoxdu ki, üstündə oturub bir hovur dincini alsın.Heç nə gözünə dəymirdi. Ayağını sürüyürdü dalınca. Bu yol harda bitəcəkdi , onu da bilmirdi. Köhnə, qupquru çəkmələrdə ayaqları suluqlamışdı.Göynəyirdi barmaqları.Yeridikcə ufuldayırdı. Bircə onu bilirdi ki, tək- tənhadı bu boyda dünyada.
…Qaranlıqda qurda quşa yem olmaqdan qorxdu birdən-birə. Üşəndi. Özünə sığındı. Telefonunu da unutmuşdu evdə. Guya unutmasaydı nə olacaqdı? Gecə yarısı hansı nömrəni yığıb köməyə çağıracaqdı? Hamı şirin yuxudaydı bu vaxt. Adam evdə təkliyin əlindən otura bilməmişdi.Özünü atmışdı çöllərə gecə yarısı. Birdən Tanrı düşdü yadına. Nəsə pıçıldamağa başladı. Dua edirdimi? Yox.Ömründə dua etməmişdi.Heç Tanrı da yadına düşməmişdi axı ömür boyu. İndi gecənin qaranlığında, bu tənha yolda, zülmətin içində Tanrı hardan düşdü yadına? Ömründə ilk dəfə Onu düşünməyə başladı. Nədənsə adama elə gəldi ki, Tanrı da onunla birgə addımlayır. Qorxusu yavaş-yavaş yox olurdu. Üzündə doğma nəfəs hiss edirdi.Əl atıb yanaqlarını ovuşdurdu. Sonra Tanrı adamdan qabağa keçdi. Yox, dəli olmamışdı. Kölgəni görürdü açıq -aydın. Bir az da ürəkləndi. Addımlarını yeyinlətdi. Artıq tək deyildi. Tanrı onunlaydı. Qorxusu keçib getmişdi. Birdən ayağı çökəyə düşdü.Səndirlədi. Tez müvazinətini toplayıb yoluna davam etməyə başladı.Kölgəni gözündən qoymamağa çalışırdı. Qarabaqara izləyirdi kölgəni. Göy üzünə baxdı.Aydınlıq idi. Hiss etdi ki, bir az uyuşan kimidi. Yəqin soyuqdan idi. Birdən gözünün önündə kölgələr çoxalmağa başladı.Bir, iki, üç…10, 20… Gözlərinə inanmadı. Əlləriylə gözünü ovxaladı. Yuxu deyildi. Qarşıda saysız-hesabsız kölgə var idi. “Bu necə ola bilər axı? Axı Tanrı təkdi. Bu kölgələr hardan çıxdı? Məni hara gətirib çıxarıb Tanrı? Bura haradı?. Qorxsa da gücünü toplayıb irəliləməyə başladı. Yaxınlaşdıqca heyrətə gəldi. Hər tərəfdən daş adamlar baxırdı gözünün içinə . Uşaq, gənc, yaşlı .Hamısı da daşlaşmış, bir boyda. Birdən qulaqlarına qəhqəhə səsi gəldi.. Ayaqları yerə kilidlənmişdi. Nə irəli gedə bilirdi, nə geri. Əllərini cibinə saldı. Dəmir pullarl barmaqları ilə saymağa başladı bir də. 20, 40, 50….Pullar əlinin təmasından cingildədikcə içindəki qorxu bir az da artmağa başladı. Başını qaldırıb göy üzünə baxdı qorxa-qorxa. Gözünə heçnə dəymədi. Təklikdə gecənin səsi də yeknəsək olurmuş sən demə. Əllərini cibindən çıxarıb qulaqlarına tutdu. Heçnə eşitmək istəmirdi. Səs bir az da artdı. Bu dəfə başının səsi qulaqlarını batırdı. Nə fikirləşdisə yerindən götürüldü və var qüvvəsi ilə geri qaçmağa başladı. Arada ayağı daşa ilişdi.Üzüqoylu yerə yıxıldı və durub təzədən qaçmağa başladı . Qəribəydi. Bayaqkı yorğunluğundan əsər-əlamət qalmamışdı. Ayaqlarının suluğu da incitmirdi daha onu. Heçnə hiss etmirdi. Eləcə qaçırdı. Zəhri yarıla-yarıla qaçırdı. Kölgəsi də onunla qaçırdı adamın. Bir addım özündən irəli. Sanki ona yol göstərirdi kölgəsi. “Bəs Tanrı hanı? O ki, mənlə birgə idi. Hara yoxa çıxdı” . Çevrilib arxasına baxdı. Sonra ətrafına. Gözünə görünmədi Tanrı…Sonra öz kölgəsi də yoxa çıxdı..

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İlahə Səfərzadənin “Gerçəyin izində” romanı haqqında

Xanım yazıçının qadın dünyasına baxışı və sosial reallıq – Aqil Bəkir yazır

Xanım yazıçı və ədəbi tənqid

Azərbaycan ədəbi tənqidinin görməli olduğu işlərdən biri də qadın yazıçıların yaradıcılıqlarını geniş təhlilə cəlb etməkdir. Bu təhlillərdə bir dissertasiya və ya bir neçə məqalə ilə kifayətlənməməli, çağdaş yazıçıların əsərləri və mətnin işlənmə tərzi haqqında yetkin mülahizələr irəli sürülməlidir. Əsas diqqət yetirilməli məqam isə azərbaycanlı xanım yazıçıların əsərlərində təsvir edilən qadın obrazları, onların psixologiyaları və toplumda tutduqları yer baxımından müəllif yanaşmasının müəyyənləşdirilməsidir. Sonrakı mərhələdə isə kişi və xanım yazıçıların əsərlərindəki qadın obrazlarının qarşılaşdırılması həyata keçirilməlidir. Beləliklə, ədəbi tənqidin feminist qolunun inkişafı tətiklənmiş olar.

Bunları qeyd edirəm, çünki İlahə Səfərzadənin “Gerçəyin izində” romanı vurğuladığım prizmadan incələnməyə dəyər əsərdir. Təbii ki, bu yazıda həmin məsələyə də toxunacam, lakin “toxunmaq”la o yanaşmanın geniş formada ələ alınması arasında dağ-dərə fərqi var.

Ümumi baxış

“Psixoloji roman” kimi nəşr edilən “Gerçəyin izində” müəllifin sayca üçüncü romanıdır. Digər romanlarını da oxuduğumdan İlahə Səfərzadənin yaradıcılıq baxımından xeyli yol qət etdiyini söyləyə bilərəm. Yazıçının hadisə yaratma və müstəqil süjetləri birləşdirmə bacarığı son romanda daha aydın üzə çıxır və biz bunu qarışıq (bu qarışıqlıqda həm də bir bəsitlik var) süjetdə açıq şəkildə görürük.

Detektiv əsərlərə xas keyfiyyətlər daşıyan “Gerçəyin izində” kitabının mərkəzində bir ailənin parçalanması dayanır. “Yalanların gec-tez üzə çıxma kimi bir xasiyyəti var” cümləsinin insanlar üzərindəki təsirinin ələ alındığı əsərdə qarışıq münasibətlər sisteminin əlaqələndirmə şəkli özünəməxsusdur. Oxucu hadisələri Səma obrazının gözü ilə görür, onun dəyərləndirmələri, şübhələri vasitəsilə müəyyən qənaətə varmağa cəhd edir. Səma obrazının düşüncələri təhkiyəçi vasitəsilə dilə gətirilir, lakin bir çox yerdə müəlliflə obrazın düşüncələrinin kəsişdiyini, hətta bir-birini əvəzlədiyini də görürük. Bu da əsəri dinamiklik baxımından oxunaqlı edir.

Əvvəlki abzasda yazdığım kimi, roman “psixoloji” şriftlidir və obrazların dünyasını açma, münasibətlərdə üzə çıxan davranışları aydınlaşdırma, şərh etmə bacarığına görə müəllifi yaxşı müşahidəçi adlandırmaq olar. Həmçinin baş vermiş hadisəyə xarakterin reaksiyası, bu reaksiyalarda gizlənən xırda detallar davamlı hal alır, sonda bir bütünü əmələ gətirərək oxucunu diqqətilə sınayır.

Müəllifin özünə istinadı

İlahə Səfərzadənin hekayə yaradıcılığı ilə tanış olanlar “Gerçəyin izində” romanında bu hekayələrdən izləri aydın şəkildə görə bilərlər.

Proloqda təsvir edilən qaçış motivinin bənzəri yazıçının “Azyaşlı ana” hekayəsində də var.

“Gerçəyin izində” romanında keçən “Dodağını dişləyib tərəddüd içində gah bayaq gəldiyi istiqamətə, gah da şoseyə çıxmaq üçün qarşıda onu gözləyən qısa məsafəyə tərəf baxdı. Deyəsən, dodağını bərk dişləmişdi. Ağzında qan tamı hiss elədi” hissə ilə “Azyaşlı ana” hekayəsindəki “Ayağının altındakı quru budaq qırıntıları qaranlıq və yarpaqsız ağaclarla müdhiş görüntü yaradan bağın vahimələndirici səssizliyini pozaraq sındılar. Həmin an yaxalanacağı qorxusu ilə dodağını dişlədi və isti qanın ürküdücü dadını bütünlüyü ilə hiss etdi” hissəsi böyük bənzərlik təşkil edir (başqa motivlər üçün hekayəni oxumanız daha məqsədəuyğun olar).

Romanda keçən Elnaz adı ilə bağlı İlahə Səfərzadənin ayrıca eyniadlı hekayəsi də var. “Səma eşitmişdi ki, qrup yoldaşının anası oğlu Vətən müharibəsində şəhid olduqdan sonra onun artıq həyatda olmadığını qəbullana bilmirmiş. O, balasının ölüm xəbərindən sonra yaşadığı şokun təsiri ilə həqiqəti beynində bir uydurma olaraq qəbul edib inanmaq istədiyini gerçək kimi düşünürmüş” – romandakı bu hissə qeyd etdiyim “Elnaz” hekayəsi ilə uyuşur.

“Özünə istinad” adlandırdığım bu metoda fərqli yanaşmalar ola bilər, lakin, fikrimcə, bu, oxucunun müəllifin digər yaradıcılıq nümunələrini oxumasına stimul verə bilər. Bu mənada, İlahə Səfərzadənin detallarla işləmə şəklini yüksək qiymətləndirmək lazımdır.

Sosial mesajlar

“Gerçəyin izində” romanında müəllifin baş verən sosial-siyasi hadisələrə münasibətini də görürük. Ədəbiyyat adamlarını çox vaxt qeyd etdiyim prosesdən kənarda qaldıqları üçün tənqid etdiklərində yazıçının belə bir vəzifəsinin olmadığını müdafiə etmişəm. İndi də o fikirdəyəm. Düzdür, yazıçı müxalif olmalıdır, ancaq hər şeyə. Fəqət bu müxalifliyini ictimailəşdirmək üçün siyasətçi kimi çıxış etməsinə heç bir lüzum yoxdur. Çünki yazıçılıq siyasətdən yüksəkdədir və ictimai fikrə təsir imkanları fərqli cəhətdən dəyərləndirilməlidir. Yazıçı fikirlərini əsərləri vasitəsilə oxucuya çatdırmalıdır, həm də bunu elə etməlidir ki, hansısa siyasi fikri mənimsədiyini biruzə verməsin.

Müqayisələrlə daha da dəqiqləşdirim. Məsələn, bu gün çox geniş yayılmış şeylərdən biri də müxtəlif dini, sosial və siyasi fikri mənimsəmiş sadə insanlarla həmin düşüncə biçimlərini biznesə çevirmiş mütəxəssislərin (və ya mənəviyyat əmiciləri) çox möhkəm və yalnız bir perspektivdən dəyərləndirilə biləcək ağıl birliyi içərisində olduğunu müşahidə edir, beləliklə, ikinci sıradakılar çox geniş kütlələri ətraflarına toplayaraq vurğuladığım dünyagörüşünə sahib insanlar üzərindən pul qazanırlar. Lakin bu “düşüncə birliyi” təktərəflidir və məncə, sui-istifadə hallarına açıqdır. Yazıçı isə bütün kəsimlərə xitab etməlidir. Onun bu xitabında ayrı-seçkilik olmamalı, obyektiv müşahidənin dolğun ifadəsinə diqqət yetirilməlidir.

Qeyd etdiyim xüsusda İlahə Səfərzadə vurğuladığım mövqedən çıxış edib. Əsərdə obrazın ölkədə baş verən hadisələrlə bağlı xəbərləri oxuduğu səhnədə ümumi mənzərənin nədən ibarət olduğunu anlayırıq: “Başı qarışsın deyə xəbər başlıqlarını oxudu. Məşhurların həyatından mənasız foto və xəbərlər, ölkədə hər şeyin bahalaşmasına etiraz edən insanlar, maaşı hədsiz qalxan vəzifə sahibləri, bunu məsxərəyə qoyan digər insanlar və bu mövzuda başqa başlıqlı xəbərləri keçdi. Başını qarışdıracaq ürəkaçan xəbər tapa bilmədi, telefonu söndürüb kənara atdı” və ya “İşsizliyin hədsiz artması, qiymətlərin bahalaşması, gəlirin az, xərclərin çox olması insanların böyük bir qismini getdikcə daha səfil hala salırdı” kimi cümlələrdə əhalinin sosial vəziyyətinin necəliyini başa düşürük.

Həmçinin müəllimlik sənətilə bağlı obrazın dilindən səsləndirilən fikirlər də üzərində düşünülməli aktual reallığı əks etdirir.

Bu artıq müəllif mövqeydir və əvvəldə bildirdiyim kimi, yazıçı mövqeyi bu cür ifadə edilməlidir.

Xanım yazıçının əsərində qadın obrazının yaradılması

İki il əvvəl Nadir Yalçının “Yad” hekayəsini feminist cəhətdən tənqid etməyə çalışmışdım. Orada kişi yazıçının qadın obrazını necə işlədiyi, qadının yoxluğunun ailə daxilində hansı hadisələri tətikləyəcəyi və situativ dəyərləndirmənin necə olacağı, ümumilikdə isə cəmiyyətin qadına yanaşma tərzinin ortaya çıxması haqqındakı şüuraltı düşüncəsinin əsərə yansıması üzərində durmuşdum. İlahə Səfərzadənin “Gerçəyin izində” romanında isə xanım yazıçının gözü ilə qadınların dünyası və onların toplumda tutduğu mövqenin təsvirinə baxmaq yerinə düşər.

İlk olaraq qeyd etməliyəm ki, yazıçının digər romanları və hekayələrində də əsas obrazlar qadınlardır və İlahə Səfərzadə oxucuya dünyaya qadınların gözlərilə baxma fürsəti verir. Qadının cəmiyyətdəki yerinin sorğulanması, toplumsal hüquq bərabərsizliyi kimi məsələlər “Gerçəyin izində” romanında ön plandadır.

Əsər boyu müəllifin mövcud cəmiyyətdə qadın olma problemi üzərində düşündüyünü görürük. O sual edir: “Əslində, qadınları “pis” dedikləri yola düşməyə vadar edən məhz kişilər deyildimi?”

Qadının üzərinə yüklənmiş sosial məsuliyyətləri də “Gerçəyin izində” romanında görürük. “Nə olursa-olsun, qadın ailəsini dağılmağa qoymamalıdır, öz hüququndan, istəyindən, hətta qürurundan vaz keçsə belə, o ailə dağılmamalıdır” düşüncəsini ictimai basqının nəticəsi, qadınların o düşüncəyə tabe etdirilməsi kimi işləyən müəllif kişi və qadının xəyanəti arasındakı fərqə diqqət çəkərək birinci halda bunun normal qəbul edildiyini və “kişilik”, ikinci halda isə “fahişəlik” hesab olunduğunu vurğulayır. Yazıçı yanaşmasında qadınların bu halı qəbul etdiyi düşüncəsində olduğunu da sezmək mümkündür.

Romanın əsas qəhrəmanının qadın olması ilə bərabər, süjetin təməlində dayanan və hadisələrin baş vermə səbəbi kimi “qadın düşmənliyi” göstərilir. Psixoloji travmanın bu formada üzə çıxmasını müəllifin mübaliğəli simvol daraltması kimi başa düşürəm. Yəni tərəzinin gözlərindəki tarazlıq ən yüksək həddə pozulub və bunun səbəbi də əsərdə qadın hüquqsuzluğunun (əslində, oyuncaq olduqlarının) düşmənliyə vardırılması, beləliklə, simvolun minimuma endirilməsidir.

Qeyd etdiyim məsələlərin sorğulanması, öz-özünə fikir alışverişi əsər boyu davam edir. Onu da bildirməliyəm ki, müəllifin sözügedən əsərində digər romanlardan fərqli olaraq, sosial reallıq daha qabarıqdır.

Müəllif tələskənliyi

İlahə Səfərzadənin müstəqil süjet qurma və onları əlaqələndirmə, həmçinin dinamikliyi qoruma barədə bacarığının yüksək olduğunu əvvəldə də vurğulamışdım. Lakin hər üç romanında müşahidə etdiyim bir şey var: Müəllif əsəri sonlandırmağa tələsir. Yazıçı oxucuların əsərin sonluğunun necə olmasından savayı, o sona gətirib çıxaran hadisələr zənciri ilə də maraqlandığını gözardı edir. Burada nəzərdə tutduğum düyünün açılması ilə finalın eyni olması deyil. Düzdür, eynidir, lakin bu ikisi arasında baş verən hadisələr xülasə şəklində anladılır, təhkiyəçilik ön plana çıxır, bu da həmin hissənin əsərin ümumi ruhu ilə uyuşmadığı təəssüratını oyandırır.

“Gerçəyin izində”

Hadisənin aydınlaşdırılması baxımından gerçəyin izinə düşərək nəticəyə varılan romanda həm də sosial-siyasi reallıqlar üzə çıxarılır, ümumi ictimai rəyin qadınlığa yanaşma tərzi ortaya qoyulur, tənqidi baxış bucağı sərgilənir. Mətnə yerləşdirilmiş bu detalların ümumi oyanışa xidmət etdiyi şübhəsizdir.

İlkin mənbə: İlahə Səfərzadənin “Gerçəyin izində” romanı

Müəllif: Aqil Bəkir

Aqil Bəkiin yazıları

İlahə Səfərzadənin yazıları


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru