“TƏXƏYYÜLÜN SƏNƏT DÜNYASI” – RƏNG, MUSİQİ VƏ YARADICILIĞIN VƏHDƏTİ

“TƏXƏYYÜLÜN SƏNƏT DÜNYASI” – RƏNG, MUSİQİ VƏ YARADICILIĞIN VƏHDƏTİ
30.08.2026-cı il tarixində Türk Dünyası Rəsm Qalereyasında “Təxəyyül Art Group”un təşkilatçılığı və Azərbaycan Xalçaçıları İctimai Birliyinin dəstəyi ilə sənətin müxtəlif istiqamətlərini bir araya gətirən möhtəşəm genişmiqyaslı yaradıcılıq tədbiri keçirilib.
Sənətsevərləri, rəssamları, mədəniyyət və incəsənət xadimlərini bir araya gətirən tədbir özündə rəngkarlıq, musiqi, rəqs və milli geyim sənətini birləşdirərək fərqli sənət istiqamətləri arasında yaradıcı dialoq yaradıb.
Tədbir “Təxəyyül Art Group”un yaradıcılıq fəaliyyətinin, həyata keçirdiyi layihələrin və sənətə verdiyi töhfələrin təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyıb.
Sənət dünyasına açılan
tədbirin açılışında Türk Dünyası Rəsm Qalereyasının direktoru Məzahir Rüstəmov, “Təxəyyül Art Group”un rəhbəri, xalçaçı-rəssam Natiq Nəcəfzadə, “Təxəyyül Art Group”un rəhbər müavini, rəssam-qrafik dizayner Vüsalə Yunusova çıxış edib, sənətin cəmiyyətdə birləşdirici rolu, yaradıcı insanların qarşılıqlı əməkdaşlığının əhəmiyyəti və Azərbaycan incəsənətinin təbliği istiqamətində həyata keçirilən layihələrin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində “Təxəyyül Art Group”un keçdiyi yaradıcılıq yolu, təşkil etdiyi sərgilər və həyata keçirdiyi layihələri əks etdirən xüsusi videoçarx nümayiş olunub.
Tədbirin fəxri qonaqları sırasında Azərbaycan incəsənətinin tanınmış nümayəndələri yer alıb.
Xalq rəssamı, professor Arif Əziz, Alaş mükafatı laureatı Əkbər Qoşalı, Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri professor Tarek M. Aboul Fotouh, AZMİU-nun dosenti Gülağa Ələsgərov, miniatür rəssamı Pəri Miniatür, İncəsənət Gimnaziyasının müəllimləri, rəssamlar İlqar Əkbərov, Qənirə Əsgərova, Günay Əsgərova tədbirdə çıxış edərək sənətin inkişafı, yaradıcılıq təşəbbüsləri və mədəni əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
“Təxəyyülün izi” – hər fırçada bir imza kollektiv rəsmin ərsəyə gələrək
tədbirin ən yaddaqalan məqamlarından biri olub.
Böyük kətan üzərində keçirilən performansda fəxri qonaqlar, rəssamlar və tədbir iştirakçıları birlikdə rəsm çəkərək öz yaradıcılıq izlərini qoyublar.
Performansın başlanğıcını Xalq rəssamı, professor Arif Əziz verib. Onun kətan üzərinə vurduğu ilk fırça toxunuşu sonradan digər iştirakçıların yaradıcılıq izləri ilə tamamlanaraq kollektiv sənət əsərinə çevrilib.
“Təxəyyülün izi” performansı fərqli sənət düşüncələrinin bir kətan üzərində birləşməsini və sənətin insanları vahid yaradıcılıq ideyası ətrafında bir araya gətirmək gücünü nümayiş etdirib.
Musiqi, rəqs və rənglərin harmoniyası tədbirin bədii proqramının rəngarəngliyi ilə də seçilib.
Beynəlxalq mükafat laureatı, Xalq artisti Fidan Hacıyevanın tələbəsi, vokal ifaçısı Aynur Yunusova və Vüsalə Yunusovanın piano ifasında Azərbaycan bəstəkarı Niyazinin “Arzu” romansı səsləndirilib.
Zəhra Alıyeva “Şuşanın dağları” rəqs nömrəsini təqdim edib.
İncəsənət Gimnaziyasının müəllimi, rəssam Günay Əsgərova isə “Məhəbbət çırağı” musiqi nömrəsi ilə çıxış edib.
Tədbirdə müasir təqdimatda milli geyim sənətinə də xüsusi yer ayrılıb.
Modelyer rəssam Vüsalə Əsədovanın “Azərbaycan bayrağı” adlı geyimi milli və müasir üslubun sintezini, Azərbaycan bayrağının rənglərinin estetik ifadəsini və sənətlə modanın vəhdətini Cəmilə Əsgərova model olaraq nümayiş etdirib. Eləcə də modelyer İlahə Sadıqovanın “Bakı” və “Şuşa” adlı milli geyim nümunələri də təqdim olunub.
Daha sonra qrup müavini rəssam-dizayner Vüsalə Yunusova özünün “Meksika rəqsi” adlı əsərini Məzahir Rüstəmova hədiyyə edib.
Tədbirin sonunda qonaqlar sərgidə nümayiş olunan sənət əsərləri ilə tanış olub, rəssamlarla ünsiyyət qurub, əsərlər haqqında fikir mübadiləsi aparıblar.
Sənətsevərlər üçün bu hissə rəssamlarla birbaşa ünsiyyət qurmaq, onların yaradıcılıq dünyası ilə yaxından tanış olmaq baxımından xüsusi maraq doğurub.
Tədbir fotoqraf Nofəl Ümid və videooperator Sərvər Kamranlının xatirə olaraq yaddaqalan çəkilişkəri ilə yekunlaşıb.
“Təxəyyül Art Group” yaradıcılığın yeni ünvanı “Təxəyyülün Sənət Dünyası” yalnız sərgi deyil, sərhədləri aşa bilən müxtəlif sənət sahələrinin bir platformada görüşdüyü yaradıcı bir mədəniyyət layihəsi kimi yadda qalıb.
Tədbir bir daha göstərib ki, sənət yalnız kətan üzərində deyil, musiqidə, rəqsdə, geyimdə, söz və insan münasibətlərində də öz ifadəsini tapır.
“Təxəyyül Art Group”un əsas məqsədi də məhz bu yaradıcılıq müxtəlifliyini bir araya gətirmək, rəssamların və digər sənət sahələrinin nümayəndələrinin əməkdaşlığı üçün yeni imkanlar yaratmaq və Azərbaycan incəsənətini daha geniş auditoriyaya təqdim etməkdir.

“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!

Məqaləni hazırladı: Vüsalə Yunusov

Foto: Nofəl Ümid

Video: Sərvər Kamranlı

Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov Zaur Ustac

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir