Təxminən üç il bundan qabaq “Azərbaycan” jurnalına bir neçə şeir göndərdim . Xeyli vaxt gözlədim , amma şeirlərdən səs-soraq çıxmadı. Sonra dözməyib Qəşəm Nəcəfzadəyə zəng etdim ki, görüm şeirlərin aqibəti necə oldu. Allahtərəfi çox səmimi söhbətimiz oldu. Yaradıcılığımı ürəkdən təqdir etdi , uğur dilədi və söz verdi ki, tezliklə dərc olunacaq. Sakitləşib oturdum. Bir il beləcə keçdi. Amma nəticə olmadı. Hərdən xatırladırdım özünə, o da söz verirdi. Sonra Sumqayıt Poeziya Evində kitablarımın təqdimatı keçirildi və işinin , gücünün aşıb daşdığı vaxtda Qəşəm Nəcəfzadə imkan tapıb tədbirə gəldi. Elə bildim şeirlərim dərc oldu. Sevindim ( Özünə bildirməsəm də) . Orda da odlu alovlu çıxışından sonra bir də söz verdi ki, şeirlərin tezliklə işıq üzü görəcək. Artıq xeyli sakit idim. Qəşəm Nəcəfzadə sözünü götürüb gəlmişdi sözümün görüşünə. Bundan böyük uğur var idimi? Elə “Azərbaycan” jurnalında dərc olunmuş kimi vardım. Tədbirdə kiitabları vərəqlədikcə kəşf edirdi məni Qəşəm Nəcəfzadə sanki və kəşf etdikcə qəribə bir peşmanlıq da hiss edirdim səsində. Elə baxışlarında da. Hətta araya salıb üzr də istədi iştirakçıların içində. Məndən yox ha, sözümdən. Özümdə qəribə bir əminlik yarandı. Necə olmasa ədəbiyyatda sözünü deyən, dəst-xəttiylə seçilən şair mənə dəyər verib tədbirə gəlmişdi. Müəyyən yaşım olsa da, uşaqlıqdan ədəbiyyata gəlsəm də sən demə mənim də sözə ehtiyacım varmış. Hər halda məndən neçə bayram böyük şairin bu gəlişi böyük dəyəriydi sözə, poeziyaya. Tədbirdən sonra yenə gözlədim. Yenə söz verildi,dərc olunmadım. Sonra bir də, bir də .. Bu dəfəki telefon danışığımız əvvəlkilərə bənzəmədi. . Araya küskünlük düşdü. Çəkilib oturdu hərə öz sözündə. Nə o sözündən usandı, nə mən. Amma bütün bunlarla yanaşı billrdim ki, Qəşəm Nəcəfzadə küs adamı deyil. . Nəyi var dilindədi. Ürəyi başqadı. . Bir az qüruruna sığınandı. Amma içindəki təlatümü də ona dinclik verməz. Özü demiş şairi şairdən gözəl kim tanıyar? Qəşəmi də sözü ələ verir həmişə. Yazdıqlarından bilirəm , tanıyıram onu. Sözü bişirməmiş çıxarar ağzından bəzən. Amma sonra…Sonrasını bir özü bilir, bir də Tanrısı. Bir az tör-töküntü, bir az köntöv fikirlərinin içində bir aydınlıq, işıq var. Qaranlığı yoxdu. Necə görünürsə ,elədi. Bəzən sonda deyiləcək sözü əvvəldə desə də özüdü. Bir gün Qəşəm Nəcəgzadə Fəxrəddin Teyyubdan xəbər göndərdi ki, yeni şeirlərindən göndərim. Göndərmədim və əvəzində onun çox sevdiyim şeirlərindən birini səsləndirdim . Göndərdim özünə. Bilirəm axı sözə aldanan şairdi. Üsyankardı, bircə anda əsib coşandı. Amma bir sözə bənddi . Ürəyini bilirəm. Söz də söz olsun gərək amma. Çox sevindi . Səs atdı . Ürəyi sakit olmadı. Zəng etdi. Təşəkküründə də tayı bərabəri olmayan şairdi axı. Telefonun o tayında onun sevincini görə bildim . Səsindən. Artıq “Azərbaycan” jurnalını da, ora göndərdiyim yazıları da yadıma salmırdım. Xasiyyətimə bələdəm axı. Güclə barışmışdıq. Sonra AYB-nin Natavan klubunda yeni kitablarımın təqdimatı oldu. Dəvət elədim. Dedi ki, cənub bölgəsindıyəm və çalışacam ki, tədbirdə iştirak edim. . Bildim ki, gələcək. Az-çox tanıyıram axı. Gəldi də. Yorğun idi. Üstü, başı, saçları, gözləri, səsi -təpə-dırnaq yorğun görünürdü. Uzaq yoldan gəlmişdi . Həm də neçə günün narahatlığı çökmüşdü üstünə. Düzü narahat oldum onun bu pəjmürdə halına. Amma peşman da olmadım dəvət etdiyimçün. Danışdı. Bir qədər sakit, yuxulu, yorğun. Burda da söz verdi ki, dərc edəcək şeirlərimi. Doğrusu dərc olunmaq həvəsim qalmamışdı daha. Bu sözü də dostlar aldılar onun ağzından bu dəfə . İkimizin ortaq dostlarımız. Daha heç yadına da salmırdım onun.Özü gəlmişdi . Bəs idi. Sonra? Sonra dərc oldu şeirlərim. Xəbəri də özü verdi mənə. Qəribədi. Bu dəfə nə mən sevindim, nə də şeirlərim. Heç jurnalı axtarmaq həvəsinə də düşmədim. Sadəcə təşəkkür etdim. Vəssalam. Bu dəfə Qəşəm Nəcəfzadə sevinirdi mənim əvəzimə. Çiynindən dağ götürülmüşdü sanki. Onun sevincinə mən də sevindim . Bu gün onun dünyaya gəldiyi gündü. Bu ağrılı, acılı, qanlı, qadalı dünyaya. Adamlıq, oğulluq, atalıq, dostluq, şairlik yükünü çəkə-çəkə bir ili də yola verdi. Şükür. Bilirəm ki, həyatı qova-tuta yaşayan bu yorğun şairin hələ həyata keçməyən çox arzusu var.Yazıb yaratmaq eşqi isə öz yerində. Təki sağlıq olsun . Köhnə yaş tarixdə qaldı. Yeni yaşın mübarək, Qəşəm Nəcəfzadə.
01 Aprel –Şair, yazıçı- jurnalist, Əməkdar Mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin anadan olmasının – 65 illiyidir (1959),
Qəşəm Nəcəfzadə (Nəcəfov Qəşəm Mirzə oğlu; 1 aprel 1959, Əliqullar, İmişli rayonu) — Şair, yazıçı- jurnalist, Əməkdar Mədəniyyət işçisi, “Azərbaycan” Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri,Azərbaycan Respublikası Audiovizual Şurasında ekspert, Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı, Teleradio Akademiyasında müəllim, Mədəniyyət nazirliyinin “Qızıl kəlmə”, “Milli kitab”, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq ” Rəsul Rza”, “Tofiq Mahmud” mükafatları laureatı, 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya Festivalının iştirakçısıdır. İndiyə kimi 40 şeir kitabı çap olunub. Bu kitablardan 18-i xarici ölkələrdə işıq üzü görüb. Şeirləri 20 dən çox dilə; ingilis, rus, ispan, fransız, alman, italyan, alban, çin, tamil, fars, holland, polyak və başqa dillərə tərcümə olunub.
Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısıı çap dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.
2023-cü ildə Ulu Öndərə həs etdiyi “İki iyirmi üç arasında” pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib.
Mükafatları.
2007-ci ildə şeirləri beynəlxalq “Rəsul Rza” mükafatına layiq görülüb. Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin “Tofiq Mahmud adına mükafat”ına layiq görülüb. 2016-cı ildə Milli kitab mükafatına layiq görülüb. 2017-ci ildə Qızıl kəlmə mükafatına layiq görülüb. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 9 iyul 2019-cu ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilmişdir. 2022-ci ildə Turan Birliyi Ordeni ilə təltif edilib.
Yaradıcılığı
Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib.
Şairin indiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub.
Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.
Əsərləri
“Sevginin sonunu deməyin mənə” Bakı, Yazıçı-1990 “Yatmış dəniz şəkli” Bakı, Gənclik-1991 “Bir gəlin dalğa ilə yan-yana”Bakı, Göytürk-1994 “Gülümsəyən ağac” Bakı, Göytürk-1995 “Şeirimin bəxti” Bakı, Göytürk-1995 “Sevmək istəyirəm təzədən” Bakı, Göytürk-1996 “Sarı sim” Bakı, Göytürk-1997 “Sən yadıma düşəndə” Bakı, Qanun-1997 “Özümə doğru” Bakı, Azərnəşr-1998 “Ömür kitabıma düzəliş” Bakı, Azərnəşr- 2001 “Və sairə” Bakı, Nurlar-2004 “The Evening Stories”(Axşam hekayələri) ingilis dilində. Bakı, Şəms-2007 “Prebraşenie” (Çevrilmə) Rus dilində. Bakı, Araz-2007 “EENWORDING” (Birləşmə) Holland dilində. Hollandiya-2007 “SKETCHES OF PRISON” (Həbsxana etüdləri) İngilis dilində. Hollandiya-2007 “Qadının ölümü” Bakı, Vektor-2008 “Savaş, ayakkabı, ölüm” Ankara. Bengü-2008 Ölülər bizə gülür” Tehran-2008 “Oğlum qapını aç, qapıda bir külək ölür” Şirvannəşr- 2009 “Barmaqların öpüşü” fars dilində Tehran-2009 “Şeirin içindəki adam” esselər, məqalələr, Bakı, yazıçı- 2010 “Adı Qəşəm” Veqktor — 2014. “Vecernie luyidi” Moskva – 2014 “Bir dəli şeytan deyir”- Tehran 2015 “Çiçəkli xalça” şeirlər şeirlər Teas Press 2018 “Barış” şeirlər Bakı “Elm və Təhsil” 2019 “O qara əyri bulud” hekayələr “Elm və Təhsil” 2019 “Suyu seyr edən ağacın yuxusu” esselər “Elm və Təhsil” 2019 “Səhərlərin bir səhəri” şeirlər Gürcü dilində Tbilisi 2019 Əllərimin uçuşu” şeirlər rus dilində Moskva 2019 “Mənə bir məktub yaz” şeirlər ingilis dilində Moskva 2019 “Bir çiçək oğlanın səsi” şeirlər Fransız dilində Moskva 2019 “Mənim çiçəyim öldü” şeirlər İspan dilində Moskva 2019 “Ayaqqabılar ən kədərli şəkildir” şeirlər holland dilində Moskva 2019 ” Gəncə soneti” 2023 “Ölüm o dünyada qaldı” 2021 “Şuşa qalxıb ayağa” 2023 “Yerdən aşağı göydən yuxarı”…2021 “Və ya” şeirlər −2023 “Gün əyiləndə” şeirlər −2023
Bakıya yeni köçdüyüm dönəmlərdə çox əziyyət çəkmişəm. Maddi-mənəvi sıxıntılar gah intihara sürükləyirdi, gah ölkədən çıxıb getməyi düşünürdüm, gah qaçıb kəndə getmək istəyirdim. Potensialımın olduğunu hiss edirdim, amma realizə etmək üçün çətinlik çəkirdim. Yoluma daş qoyanlar, görməzdən gələnlər, işlərimə mane olanlar çox olurdu. Qəfildən ortalığa atılmışdım ki, mən də bu işləri bacarıram, amma bacardığım işləri görmək, özümü təsdiq etmək imkanlarım məhdud idi. Dəstəbazlıq, yerlibazlıq, dostbazlıq bir yandan, əyalətdən gəlmiş 110 kiloluq, balacaboy gəncə inamsızlıq da bir yandan… Xülasə, o dönəmdə mənə həyan olan, arxa-dayaq olan insanlar çıxdı qarşıma. Mən çox şanslı adamam. Şübhəsiz ki, zəhməti sevirəm, amma şansım da üzümə gülür. Mənə yol açanların heç biri qohumum, yerlim, tanışım deyildi. Bu adamların bəziləri ilə yolumuz ayrıldı, bəziləri dünyasını dəyişdi, bəzisi ölkədən getdi. Yenə də qalanlara şükür… Təkləndiyimi hiss etdiyim ən kritik anda qarşıma yazıçı Aqil Abbas çıxdı. Bir dəfə həbsin bir addımlığından, bir dəfə küçələrə düşüb səfil olmaqdan qurtardı məni. Cavandım, bəzi şeyləri anlamaqda, qəbul etməkdə çətinlik çəkirdim. Çevrəmi yeni-yeni tanıyırdım. Dəliqanlı, hövsələsiz adamdım. Elə bilirdim ki, belə də olmalıdır. Gah işdən qovulurdum, gah da özüm başımı götürüb gedirdim. Çoxları mənə iş verməyə çəkinəndə, Aqil Abbas zəng elədi ki, “Gəl “Ədalət”də başla”. Beləcə mənim həyatımda yeni mərhələ başladı. Artıq “deputat” day-dayı olan gənc yazar idim. 🙂 Sözsüz ki, Aqil Abbas çoxlarına bu jesti etdiyi üçün xüsusi imtiyazlı deyildim. Ancaq qəzetin tarixində ən ərköyün müxbirlikdən, online versiyanın redaktorluğuna qədər yol keçdim. Aqil Abbas və İradə Tuncay mənə qanadlarımı necə bərkidəcəyimi, hansı yüksəkliyə qədər uçacağımı öyrətdi. Hər ikisi mənim üçün ailə oldu, qohumlarımdan daha çox qayğıma qaldılar. Köçüb rayona getdim dəfələrlə axtardılar, arxamca kirayə qaldığım evə qonaq gəldilər, övladlarımın başına tumar çəkib doğmalıqlarını hiss etdirdilər. Yenidən Bakıya qayıdanda ilk İradə xanım yazdı ki, “redaksiyanın qapıları üzünə açıqdır, nə zaman istəsən gəl başla”. Bu jesti, bu qayğıkeşliyi necə unuda bilərəm? İndi də harda rastlaşsaq, doğmalarım kimi görüşürəm. Düzdür, etiraf edim ki, tez-tez axtarıb kef-hal soruşmuram, bəzən utanıram, bəzən sıxılıram, bəzən çəkinirəm… və bu ayıbımı da anlayıram. Hər halda bu doğmalıq zərrə qədər azalmır. Aqil Abbas belə kişidir. Qayğıkeş, mehriban, canayaxın və 20 yaşlı cavan oğlan kimi dəli-dolu və gözlənilməz. Olur ki, hansısa çıxışına görə haqqında lağlağı, təhqir yazırlar. Özümü çox pis his edirəm, – dostu, doğması incidilən hər adam kimi. Düşüncələrimiz, əqidəmiz toqquşsa belə, bu adam mənim dostum, doğmamdır. Ona deyilən sözə biganə qala bilmirəm. Aqil Abbas dostluğunu xüsusi şəkildə, gözə soxmadan hər zaman göstərir. Hətta mən intihara cəhd edəndə tökülmüşdülər onun üstünə. Hərçənd o dönəmdə də uzun müddət idi görüşmürdük, bəlkə də yanına getsəm əlini çiynimə qoyub bir-iki yüngül zarafatla məni o vəziyyətdən də çıxarardı. Elə o məşum hadisədən sonra da, məni tək qoymadı. Saatlarla söhbətləşib, içib dərdləşdiyimiz günlər olub. Tanıyanlar bilir ki, söhbətinə doyum olmaz Aqil Abbasın… Aqil Abbasın Qarabağ, Ağdam xatirələri, torpaq nisgili başa çatanda çox sevindim. Nəhayət ki, onun Qarabağdan, Ağdamdan danışanda gözləri dolmayacaqdı. Amma bu günlərdə görüşdük, gördüm ki yox, dostum hələ də Ağdamdan danışanda kövrəlir. Amma şükür, gözlərində əvvəlki həsrət yoxdur. Niyə bu gün xüsusi olaraq təbrik yazdım? Düzü 40-ı adlayandan sonra kövrəkləşmişəm, keçmişi tez-tez xatırlayıb analiz edirəm. Son 15 gündür ki, beynimdə nədənsə o illərin xatirələri canlanır. Anlayıram ki, o vaxt Aqil Abbas qarşıma çıxmasa hər şey başqa cür olardı. Pis və ya yaxşı olardı bilmirəm, amma dəqiq bilirəm ki, indiki adam olmazdım… Xülasə, Aqil Abbas mənim xüsusi sevgim olan insanlardan biridir. Bu gün əziz dostumun, qələm yoldaşımın, Aqil əminin doğum gündür. Zəng edib təbrik etsəm, ürəyimdəkiləri rahatlıqla deyə bilməyəcəkdim, ona görə də yazdım ki, ürəyimi boşaldım. Hər zaman minnətdarlıqla xatırladığım əziz dostum, yaxşı ki, varsan! Bu gün hökmən sağlığına badə qaldıracam!
QƏDİM SÖZLƏRİMİZİN (PROTOTÜRK) ETİMOLOJİ İZAHLARI. (“DAŞ” SÖZÜNÜN DERİVATİVLƏRİ) (Məqaləni şəxsən tanımasam da dilçi alim Firudin Ağasıoğluna (Cəlilov) ithaf edirəm).
Hər bir insan özünüdərk yəni kamilləşən vaxt daxilində, ətrafında baş verən hadisələri öyrənməyə çalışır.Maraq etdiyi hər bir şeyi öyrənmək üçün suallar verir.Müəyyən yaşa çatdıqdan sonra başqasından yox, özü özündən soruşur.Bu sualların biri də “dilimizdə olan sözlər necə yaranmışdır sualıdır”.Bu sual onu ömrü boyu izləyir. Əslində bu sual dilçilik elmininin özündə də eyni mahiyyəti daşıyır.Hətta spesifik dilçilər tərəfindən aparılan akademik araşdırmalar da bu sahəni dərindən öyrənə bilməmişdir. Görəsən dilçilik elmində (tək bizdə deyil, bütün dünya dillərində) bu boşluğu yaradan səbəb nədir? Dilçilik nəzəriyyəsi ilə məşğul olan alimlər protodillərin (qədim) etimologiyasının öyrənilməsinin əsas şərtləri: qədim yazılı mənbələri, folkloru, mifologiyanı əsas götürürlər.Sözlərin rekostruksiyasında səs əvəzlənməsi, səs keçidi, səs düşümü, səs əlavələri və s.məsələlərin böyük rol oynadığını göstərirlər.Lakin sözlərin praforması (ilkin) bərpa olunsa belə, onun mənşəyini, mənanı daşıma səbəbi (semantikası) öyrənmək problem olaraq qalmaqdadır. F.Ağasıoğlunun (Cəlilovun) dediyi kimi bir sözü tapmaq üçün min cür müqayisəli təhlil aparmaq gərək olur. Mən bəlkə də dilçilik elmini cəbr (əziyyət) elmi ilə eyni paralellikdə görürəm.Sözün kökünü tapmaq riyazi kökü tapmaq qədər əziyyətlidir. Əski sözləri tapmaq üçün, gərək ən qədim insanın düşüncə tərzini öyrənib, həmin dərin qata düşməyi bacarmalısan.Onların bizə miras qoyduqları sözlərin necə yarandığını duyasan.Dilçilikdə, əsasən də qədim sözlərin öyrənilməsində sözduyumu əsas şərtlərdəndir. Görəsən insanın yaranışı haqqında verilən rəqəmlərin hansı dəqiqdir?.Bəzən milyard, milyon, bəzən də minilliklər…Ən inandırıcı olmayan isə müasir dilçilərin insan nitqinə 5-10 min il yaş vermələridir.Bir tanınmış dilçi deyibsə belə məgər bunu mənbə saymaq olarmı? Dilçi alimlərin qənaətinə görə ilkin sözlər yamsılama (təqlid, imitasiya) yolu ilə yaranmışdır.Məs: dilimizdə qu quşuna çıxardığı “qu” səsinə görə, ruslar “kukuşka”, latınlar “cuculus” və s. kimi adlanmalar yaranmışdır. Bu tədqiqata dair bir neçəsini öz araşdırdıqlarımdan deyim.”Qarğa” sözü çıxardığı “qar” səsinə; “qurbağa”nın çıxardığı “qur” sözünə və s.Hətta təzə dil açan körpələrin ifadə etdikləri:mu(su), pəpə, məmə, dədə, nənə, bibi, qaqa və s. sözlərdə yamsılama prosesində yaranmışdır. Hətta ən ilkin Amon Tanrısı da onun inancı olan inəyin çıxardığı “mo” səsindən yaranmışdır.Qədim Türklərin Qor Tanrısının adı da yeni doğulan uşağın çıxardığı “qa-ğıltlsından” yaranan nominativdir.Onlar insanın Tanrı tərəfindən yaranmasını dərk edirdilər.Və körpənin çıxardığı “qa” səsini tanrının adı kimi inanıb, qəbul etmişlər. Həqiqətən nə qədər çətin olsa da, Tanrıçılığı qəlbən sevərkən o dərin qat insan üçün açılır və həmin aləm vizual şəkildə təsəvvürə (bəlkə də təsəvvüfə) gəlir.Düşünürəm ki, sufilər də bunu arzulamışlar. Ancaq yolunu tapa bilməmişlər. Tanrını dərk etmək üçün ən qədim insanın düşüncəsini dərk etmək gərəkdir.İnsan Tanrını necə dərk etmişdir? Ta qədimdə onlar təbiətin dörd ünsürünün (su, yel, od, torpaq) onlara gətirdikləri fəlakətlərə görə onlara tapınmış, lakin faydasız olduğunu dərk edən ağıllı insanlar (homo sapiens ) onlardan güclü fövqəlbəşər qüvvəni-Tanrını tapmışlar( yəni- tapanak, tapınmaq). İnsanlar tayfa, qəbilə şəklində yaşayarkən onlar insanda səs aparatının olduğunu dərk edərək, onun vasitəsi ilə çıxardıqları siqnal mahiyyətli səslərdən başqa, bu səslərdən danışıq siqnalları da yaratmağı düşünmüşlər.Ən qədim insanlar tanrılarının adından Tanriya məxsus sözlər yaratmışlar.Məs: Tanrı sözündən məntiqə uyğun tan, tən(təndir), dan(Günəş Tanrısının doğan vaxtı) və s;Qor Tanrısının adı ilə qor(od), qut; Gün Tanrısının adından gün,ün, ön, hun, xan və s.Daha çox tanrı adları və ona məxsus adlanmalar mövcuddur. Qədim insanlar üçün Tanrı adları sanki əlifba səslərinin başlanğıcı olmuşdur.Tayfalar birləşdikcə onların da tanrı adlarından yeni səslər səs əlifbasının həcmini genişləndirirdi.Artıq bu səslərTanrı xüsusiyyətlərinə xidmətdən çıxıb, onları əhatə edən coğrafi mühiti, maddi əşyaları, məişət əşyalarını adlandırmaq üçün nitqin əsas bazasına çevrilmişdir.İnsanlar tək və yaxud toplu şəkildə adlanmalar (nominasiya) tətbiq etməyə başlaylrdılar.(Dədə Qorquddakı kimi.) Yüzlərlə dilçilərimiz Azərbaycanın coğrafiyasında yerləşən Kür və Araz çaylarının adlarını öyrənmək üçün saysız-hesabsız variantlar vermişlər.Lakin onlar sözün rekonstruksiyasını tapsalar da, onun yaranma etimologiyasını tapa bilməmişdilər.Nə üçün bu çaya bu ad verilmiş, niyə başqa ad yox.Kür çayının adının digər çay adlarına Oka və s. oxşadıb tapsalar da etimologiyanın haradan doğulduğunu müəyyən etmək onlarda problem olaraq qalmışdır. Ən Qədim Türklər (Bəzən “qədim” sözünə öz alimlərimiz də etinasız yanaşıb, onun mahiyyətini nümayiş etdirə bilmirlər.Yer üzərində yüzlərlə xalqlardan yalnız bir neçəsi bu adı daşıyır:Qədim Misirlilər, Qədim Romalılar və Qədim Oğuzlar vəssalam.) inanırdılar ki, mövcud olan hər bir şeyi Tanrı yaratmışdır.(Bu günki kimi.) Məhz Kür çayının adını onlar Ulu Tanrı Qa-nın adından Ulu dillə Kür, (Görkəml diçi alim Qəzənfər Kazımovun “Ulu dil tədqiqatı” əsasında) Araz çayınının adını isə “Ra” Günəş Tanrısının adından yaratmışlar. Bu günki müasir insanın düşüncəsindən fərqli dil fəlsəfəsi, məntiqi, təxəyyülü, mülahizəsi, psixologiyası və s. əsasında. Dilimizdə miras sözləri “söz muzeyinə” bənzətmək doğru olardı.Onlar türkün genezinin prototipləridir.Həqiqətən də bunlar hamısı hermitajdır (ermitage). Qədim sözlərimizə fikir verək.“Un” sözü.Qədim insanın təsəvvürünə görə un ruzisini yalnız tanrı yarada bilərdi.Gün Tanrısının verdiyi “un” ruzisi.Başqa dillərdə eyni paralellikdir. İngilis dilində: “flour” sözü iki tanrı adından Firondan keçmə “fr-fl” və ur(kor), fars dilində “ard” – “ar”-“har”; monqol dilində “quril”-“qor” tanrısı, Rus dilində “muka” iki tarının adından “mo” və “ka”; yunanca “alevri” yenə də iki tanrı adından “al-hor-“h” səsdüşümü və r-l əvəzlənməsi, “vri” Firondan “fir-vir” və s. Kim Fironizmə 5000 min il yaş verirsə onlar çox yanılırlar.Əgər bütün dünya dillərinə Fironizmdən keçən sözlərin izahlı sözlüyünü yaratsan 10 cildə sığmaz.Bu hələ mənim 6-7 dilə bələd olduğum statistikadandır.Fironizmi bilməyən dilçi heç bir vaxt öz dili daxil, heç bir dilin teolinqvistikasını, psixolinqvistikasını, semantikası və s. dəyərincə tədqiq edə bilməz.Dillərdə ”Firon” sözü 100 şəkil almışdır…Marr onu axtarmağın izinə düşmüş, lakin tanrıçılığı bilmədiyi üçün bütün cəhdləri bu gün də əsassız kimi sayılır. Özüm özümə təəssüf edirəm… Keçək məqalənin əsas mövzusuna. Dilimizdə olan “daş” türklərdə olan “taş” sözünə.Mən əgər bu məqalənin girişini bu qədər izahlı yazmasaydım, oxucu üçün bu fikirlər qaranlıq qala bilərdi. Əvvəldə deyildiyi kimi Tanrı adı ilə yaranan hecalar artıq tanrıçılıqdan çıxıb, əhatədə olan nəsnələrin adlanmasına xidmət etmişdir.”Tan”- “Günəş Tanrısı”nın adndakı “da” və türklərə məxsus karlaşmış fonemlə “ta” yeni sözlərin yaranmasında köməkçi rolunu oynamışdır. Qədim Türklər inanırdılar ki “daş”ı da tanrı yaratmışdır.Hətta türklərin “dağ” sözü də Tan Tanrının adındandır.Çünkü onlar Tanrını uca hesab edərək, dağları müqəddəsləşdirmişlər.”Dağ” sözü “da” hazır hecadan adını almışdır.Yerdə olan daş da dağın daşından olduğundan, yeni söz olan “da+ş” sözünü də bu mənbədən yaratmışlar.Onlar daşdan düzəldilmiş yaşadıqları primitiv evə də “dam” adını qoymuşlar.Evin içərisinin yerinə də “daş” sözündən yaranan, yəni daşın yedə olmasına nəzərən “döşəmə” adını vermişlər.Altlarının soyuq çəkməmələri üçün düzəltdirdikləri nəsnəyə də “döşək” (daşın üstünə qoyulan) adını vermişlər.Fars lüğətində “döşək” sözü eyni məna daşısa da, oğuzlardan keçmədir. ”Diş” sözü də həmin semantikadandır.Daş kimi bərk. ”Dış, tış” sözləri də “çöl” yəni “daşlıq” mənasından yaranmadır.Türklərdə işlənən”taşra- uzaq əyalət” sözü də evdən uzaq, daşınılan yer kimi mənalanır. Qədim Oğuzlarda “çul” daş deməkdir.Ola bilsin ki, “Dəşti” muğamının “çölçülərə-köçərilərə) aid olduğundan bu nominasiya formalaşmışdır.Bu adlanma yəqin ki, oğuzların “Dış Oğuz” qoluna mənsbluğu bildirən semantikadandır.”Köçəri” sözünün özü də “daşınan-daş” yəni “Dış oğuz” la eyni semantik paralellikdədir. Farslarda da “dəşti” sözü “çöl” mənası verir(Türk dilindən alınmadır) “Daşımaq-taşımaq” sözü də çox maraqlıdır.Bəzən deyirlər ki, “Elə bil daş daşımışam”.”Daşımaq, daşınmaq, daşlanmaq” sözlərinin içərisində bir psixolinqvistik anlam var.Yəni “daş kimi ağır yükü daşımaq” semantikasındandır. “Düşmək” sözü.Bir şeyin yerə düşməsi.Yəni daşın üstünə düşməsi.Psixolinqvistikadır. “Düşünmək” sözü.Çox vaxt fikri bildirmək üçün ona “düşünüb-daşınmaq” da deyirik.Semantik cəhətdən “daş kimi ağır olan bir fikri” bildirir. ”Deşmək” sözü. Diş ilə deşilən mənasından yaranmadır.(dişdəkləmək-İbtidai insan düşüncəsi.) Türklərin “Dosdoğru” sözü – “tamamilə düz” yəni “daş kimi bərk”. Türk dilində olan “döşekli” sözü möhkəm, sabit mənasını bildirir. “Düşkü, düşkünlük” sözləri bizim ifadəmizdə “qəlbin qırılması” kimi başa düşülür.Yəni “düşkün” sözü “yerdəki daşa düşüb sınma” kimi psixolinqvistikdir.Axşam düştü, gözdən düşmək və s. Ən maraqlısı çox vaxt lağ etdiyimiz adama dediyimiz “düşük” sözü.Türklər bu sözü “enmiş” mənasında işlədir.Biz isə rəngli formada yəni aşağılamaq mənasında işlədirik. Dilimizdə işlənən “daşmaq” sözü “daş” sözünün omonimi olsa da, “daşmaq” sözü “aşmaq” sözündə “d” səsinin protezasıdır.Sadəcə olaraq “aşmaq-daşmaq” sözündən özünə yeni status qazanmışdır.”Daş” sözü ilə əlaqəsi yoxdur. O ki qaldı “döş” sözünə, bu bir qədər fars dili ilə müştərəkdir.Əslində döş sözü fars dilində “büst” kimi mənalanır.Bu bizim şeirriyatımızda da gözəlləmələrdə də çox işlənmişdir.Fars dilində “duşəndə, duşidən” sağıcı, sağmaq kimi mənalanır.Buna baxmayaraq “döş” sözünün ifadələrdə “döşü bərk” kimi işlənməsi insan əzasından olan döşün daş kimi bərk anlamına gəlməsi semantikanı türk dilinə yaxınlaşdırır.”Döş” sözünün sinonimləri olan “sinə, büst, qəlb” kimi sözlər də dilə gəlmə sözlərdir.”Dişləmək” sözü də uşağın döşdən süd əmməsi zamanı da işlənir.”Döş” sözü dilimizə məxsus neologizmlər də yaratmışdır.”Döşlük”, “dağın döşü”, “döşdü adam” və s. “Düşmən” sözü dilimizə fars dilindən keşmə olduğu üçün “daş” sözü ilə əlaqəsi yoxdur.Bəzi mənbələrdə “dış adam” yəni “yadelli” kimi də mənalandırılır. P.S.Məqaləni yazıb qurtaranda hörmətli alimimiz Firudin Ağsıoğlunun (Cəlilov) fikrini xatırladım.Bu yolun çətinliyi göz qarşısındadır.Ancaq çətinlikdən keçən yol daha uğurlu olur. Bilmirəm düşüncələrim qeyri adidir, yoxsa ağlabatandır.Mənbə elə özüməm.(H.Ə.)Özüm özümə inanıram.(“özünəinam”həyati şərtlərdəndir)Ancaq insan özünə kənardan da baxmağı da bacarmalıdır..Ona görə bu fikirlərimi publikaya çıxardım.Mən özünütənqidi kənar tənqiddən önəmli sayıram.Ancaq publika təmiz bir aynadır. Dilçilik nəzəriyyəsinin əsas amili yeni nəzəriyyənin tapılması yollarıdır.Nəzəriyyə özü yeni baxış deməkdir.O, mühərrik və davamlı olmalıdır. Yazımın qayəsi akademik olsa da, publikaya uyğun olaraq terminologiyadan çox istifadə etmədim. Bu məqaləni yazmaqda məqsədim bir çox alimlərin qədim sözlərimizi oxuculara “daşlaşmış”, onların təbirincə desəm “birikmə” kimi təqdim etdikləri sözlərə aydınlıq gətirməkdir.Yeri gəlmişkən “birikmə” sözü “bərkimə” sözündəndir.”Daş” sözünün müəyyən sözlərdə: vətəndaş, yoldaş, qardaş, sirdaş və s. sözlərdə şəkilçi kimi verirlər.Türk dillərində “daş” sözü müstəqil söz kimi “bərk” sözünün sinonimidir.”Bir” sözü də buradandır.Yəni bir yumruq olmaq, birlik, birgə və s. Qədim keçmişimizdən bizə gəlib çatan müqəddəs Pirlərimiz də “bir”-sözünün “daş” mənasında günümüzə gəlib çıxmasıdır.(müəllif)Həqiqətən də bütün Pirlərdə müqəddəs sayılan daşlar vardır.(Kəbədə də həmçinin.Qara daş-əcərül əsvəd)İnsanlar onu öpür, əl və üzlərini ona sürtməklə şəfa axtarırlar. Məqalə uzun olsa da oxumaq maraqlı olacaqdır.Mən özüm də bu məqaləni dəfələrlə oxuyacağam.Mənim üçün daha maraqlıdır.Sizlərə də məsləhət bilirəm. Təşəkkür edirəm.
1905-1906-cı illərdə Şimali Azərbaycanda bütün amansızlığı ilə davam edən soyqırım sakitləşmiş, ortalıq durulmuşdu…. hətta o qədər durulmuşdu ki, üzərindən cəmisi on bir il keçməsinə baxmayaraq şəffaflıqdan gözlərimiz qamaşır, Bakı sovetinə seçkilərdə milli fərq qoyulmadan ən layiqli namizədlər seçilsin deyə təkliflər verirdik… Nə yaxşı ki, hay qənaət öndərləri ortaq namizədlərin seçiləcəyi toplantılara gəlmədilər… Kimisi buna barışıq əlimizin havada qalması, kimisi erməni xislətinin murdarlığı deyə bilər, amma başları kəsilmiş körpələrimizin qara torpağı sulayan al qanları qurumadan barışığa getmək, ortaq namizədlərlə seçkiyə qatılmaq istəyi daha çox bizim xarakterimizin zəifliyi idi… Və 1918-ci ilin Novruz bayramı yaxınlaşırdı… Oxuma-yazma bilməyən sadə xalq kütlələrinin nə qazetlərin yazdıqlarından xəbəri var idi, nə də dünyanın var gücü ilə bir-birini boğazlayan imperiyalarının siyasi durumundan… Savaşın var-yoxdan çıxartdığı yoxsul insanlar keçim dərdində idi, kəndli kədərli gözlərlə tükənməkdə olan ərzağına baxır, şəhərli axşama çörək almaq üçün 13-14 saat çalışırdı… Bir də xainlər vardı, bizi yerimizdən-yurdumuzdan etmək üçün çeşidli planlar quran, ittifaqlar yaradan xainlər… Martın 15-də Bakı soveti ilə daşnaklar və bolşeviklər müsavata qarşı birlikdə mübarizə aparmaq üçün müqavilə imzaladılar. Artıq güclərini birləşdirən antitürk, qüvvələrinin Qafqazı müsəlmanlardan təmizləmək üçün dostları da vardı, silahları da… Və martın sonlarında başlandı soyqırımı günahsız bir millətin ta Bakıdan Ərdahana, Təbrizdən Dərbəndədək… Martın sonlarında haylar Bakıda soyqırıma başladılar…. Qarşısı alınmaz alov kimi sürətlə bütün Azərbaycana yayılan soyqırım mərhələlərlə 1918-ci ilin sonunadək davam etdi. Onlarla şəhərimiz, yüzlərlə kəndimiz darmadağın edildi, beşikdəkindən ahılınadək yüz minlərlə insan ağla gələ biləcək ən qəddar, ən vəhşicə üsullarla qətl edildi, həyatdan qoparıldı… On minlərlə ümid söndü, arzular, xəyallar yarımçıq qaldı… Neçə-neçə dodaqda oxunmamış şeir, söylənməmiş mahnı qaldı… Və hər yerdə yandırılmış məscidlər, dağıdılmış evlər, qan-rəvan içində tanınmaz cəsədlər qaldı… Və Çəmbərəkənddə ilk şəhidlər xiyabanımız salındı… Bolşevik istilasından sonra beynəlilmləlçi kommunistlərimizin şumlayıb yerində istirahət parkı açdıqları şəhidlər xiyabanı….
Azərbaycan Prezidentinin 1998-ci ilin 26 martındakı fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi… İşğal altına düşüb çıxdıqadan sonra səksəninci ildönümündə olsa da, 1918-ci ilin soyqırımına siyasi qiymət verildi.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlaması
TikTok sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılmışdır. Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.
“Yazarlar” jurnalının redaksiya heyətinin üzvü Aysel Əliyeva ( AYSEL NAZİM ) Qırğızıstan Yazıçılar İctimai Birliyinə üzv qəbul olunub. Əməkdaşımız sevincini belə ifadə edib: – “Bu gün baharın ilk müjdəsini aldım. Qırğız Yazıçılar Birliyinin vəsiqəsi və döş nişanıyla təltif olunub, üzvü seçildim. Qırğızstan Yazıçılar İctimai Birliyinin rəhbəri Б. Карагулова xüsusi minnətdarlığımı bildirirəm. Şair dostum Muqimjon Nurboyev bəy var olun! Yaşasın , var olsun Azərbaycan-Qırğızıstan qardaşlığı, ədəbi-mədəni əlaqələri!”
Kollektivimiz adından Aysel xanımı təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Aysel xanım!