“Ulduz” jurnalının noyabr-dekabr sayı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.
Jurnal “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə açılır. Sonrakı səhifədə ümummilli lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi yer alır. Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” yazıları yer alır. Bu sayda Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Bahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi” yazılarını oxuya bilərsiniz. Əli Kərimin “Füzuli”, Zəlimxan Yaqubun “Görüş – ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası” dahi şairin yaradıcılığından söz açır.
Xüsusi buraxılışda Füzulinin söz gülşənindən seçmə qəzəllər təqdim olunur.
“Ulduz” jirnalı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi və “Təhsil” Nəşriyyatının birgə layihəsi olan xüsusi nömrənin redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.
Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri
Heydər Əliyevin Azərbaycan söz sənətinin hərtərəfli yüksəlişinə böyük diqqət və qayğısı onun nəzəri irsində mühüm dəyərə malik olan məsələlərdəndir. Onun ədəbiyyatşünaslığa gətirdiyi yeni tipli siyasi təfəkkür sayəsində ədəbi prosesin perspektivlərində müsbətə doğru kəskin şəkildə irəliləmə baş vermişdir. Milli və ictimai maraqları formalaşdıran fikirlərə, mülahizələrə, hökmlərə fərqli prizmadan yanaşaraq ədəbiyyatın ideya-estetik dəyərini, təsir qüvvəsini düzgün qiymətləndirmişdir. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri milli istiqlalın azərbaycançılıq ideologiyası prizmasından tədqiq olunmuşdur. O, azərbaycançılıq fəlsəfəsinin yaranmasını və ədəbi əsərlərdən qaynaqlanmasını ən mühüm və vacib amil kimi dəyərləndirmişdir. Onun fikrincə, ədəbiyyat azərbaycançılıq fəlsəfəsinin və ideologiyasının əsasıdır. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələlərinə dair ən önəmli saydığı Azərbaycan ədəbiyyatını inkişaf etdirmək və tanıtdırmaq idi. Onun ədəbiyyat sahəsindəki fəaliyyəti azərbaycançılıq ideologiyasına dayanır. Heydər Əliyev milli ədəbiyyat, mədəniyyət, bədii fikir, ictimai dünyagörüş istiqamətində formalaşma prosesində azərbaycançılıq bədii düşüncəsini konseptual fikirlərlə əsaslandırırdı. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri Şərqin, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bədii düşüncəsinin konseptual ümumiləşdirməsidir. Ulu öndər Azərbaycan folkloruna və klassik ədəbiyyatına çox böyük önəm verərək, onları əsas istiqamətlərindən biri kimi görürdü. Folklora, milli-mənəvi sərvətlərə qayğıkeş münasibəti ilə mədəni irsimizin qorunmasına nail ola bilmişdir. Azərbaycan folklor nümunələrinin qorunması Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin əsas amallarından olmuşdur. Folklor milli ruhun güclənməsi, vətərpərvərlik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi, xalqın mənəvi həyatını işıqlandırması, milli-mənəvi dəyərlərinin toplanılması, qorunması və təbliğində mühüm rol oynamışdır. Ümummilli lider folklor nümunələrinin hərtərəfli öyrənilməsi, onların bədii irsinin toplanıb nəşr edilməsi, ustad sənətkarlardan Aşıq Alının 180 (1981), Aşıq Ələsgərin 150 (1972) illik yubileylərinin keçirilməsi kimi göstərişləri ilə ədəbiyyat məsələlərinə necə böyük dəyər verdiyini göstərmişdir. Heydər Əliyev Azərbaycanda Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Ələkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov, Aşıq İmran Həsənov, İzzətalı Zülfüqarov, Ələsgər Şəkili, Əli Kərimov, Aşıq Əhliman, Aşıq Ədalət Dəlidağlı kimi folklor nümayəndələrinə fəxri adlar verərək onların Azərbaycan folklorunu daha da dərindən araşdırmasını, aşıq sənətini inkişaf etdirməsini, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər görülməsini tapşırmışdır. Heydər Əliyevin göstərişi ilə “Kitabi-Dədə Qorquq”un, Aşıq Şəmkirin, Dədə Ələsgərin yubileylərinin dövlət səviyyəsində birbaşa prezidentin nəzarəti altında həyata keçirilməsi onun folklora qayğısının və sevgisinin təzahürü idi. Ümummilli liderin folkora göstərdiyi qayğı elmi araşdırma mövzusu kimi müxtəlif sənət nümayəndələri tərəfindən araşdırılmışdır. Heydər Əliyev irsində Azərbaycan xalqının dünyanın qədim və oturaq xalqlarından olmasının milli mahiyyət daşıması və Azərbaycan mədəniyyəti nümunəsi kimi dünya ictimaiyyətinə qəbul etdirilməsinin yekunu nəticəsidir. Klassik Azərbaycan ədəbiyyatı nümayəndələrinə qarşı olan münasibət onun siyasi müdrikliyinin və uzaqgörənliyinin qabarıq göstəricisidir. Klassik ədəbiyyat onun üçün hər şeydən əvvəl, müasirliyi, konkret tarixi situasiyada xalqa mənəvi-mədəni xidmət göstərmək potensialını özündə ehtiva edirdi. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri milli-mənəvi və ədəbi potensialın yaradılması ilə şərtləndirilməsi nəticəsində klassiklərin əsərlərinə diqqət daha da çox artmışdır. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri ümummilli liderin ədəbiyyatşünaslıq elminin yeni inkişaf mərhələsini başlanması ilə birbaşa bağlıdır. O, ədəbi görüşlərində ədəbiyyat məsələlərini ümumxalq mövqeyindən təhlil edib, ona elmi-fəlsəfi münasibət formalaşdırıb, yeni araşdırma metodlarını, sahələrini və yollarını müəyyən etmişdir.
Heydər Əliyevin klassik ədəbiyyatımızın müxtəlif problemlərinin açılmasına və təhlilinə dair yüksək elmi tədqiqat işləri vardır. Onun ədəbiyyatın müxtəlif problemlərinin həlli istiqamətinə aid fikirlərinin özünəməxsusluğu nəticəsində ədəbiyyat tariximiz yeni yöndən işıqlanmağa başlamışdır. Heydər Əliyev klassik irsimizə yeni münasibəti formalaşdıraraq, klassik irsin tədqiqatçılarının qarşısında klassik ədəbi nümunələri yeni baxış prizmasından araşdırmaq, milli-əxlaqi dəyərlərin üzə çıxarılmasında və ona fəlsəfi münasibətin formalaşmasında klassik irsin əhəmiyyətini müəyyənləşdirmək, klassiklərimizin yaşadığı dövrü tədqiq etmək kimi şərtlər qoymuşdur. Onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi klassiklərin əsərlərinin ətraflı araşdırılması, onların yubileylərinin keçirilməsi, əsərlərinin tədqiqi və təbliği ilə bağlı verdiyi göstərişlər nəticəsində klassik ədəbi irs daha da inkişaf edə bilmişdir. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin tikilməsi və abidəsinin qoyulması Heydər Əliyevin adı ilə bağlı olub, onun klassik ədəbi irsə diqqət və qayğısı nəticəsində baş vermişdir. Heydər Əliyevin irsində Azərbaycan ədəbiyyatına yanaşmasını araşdıran zaman onun Füzulinin və Nəsiminin məzarlarının qorunması ilə bağlı fəaliyyətinin tarixi əhəmiyyəti olduqca böyükdür. Klassiklərə münasibət onun dövlətçilik və milli siyasət konsepsiyasının əsasını təşkil edir. Dahi şəxsiyyət Azərbaycan ədəbiyyatı nümayəndələrinə həmişə diqqətli olmuş və Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi sənətkarların irsinin qorunması məsələsini diqqət mərkəzində tutmuşdur. Görkəmli dövlət xadiminin nəzəri irsində ədəbiyyat məsələləri sənətkarların yubileylərinin keçirilməsi, irslərinin tədqiqi ilə bağlı fərman və sərəncamların verilməsi ilə kifayətlənilməmişdir. Onun nəzəri irsində eyni zamanda ədəbiyyatşünaslıq sahəsində fundamental əsərlərin meydana çıxması, yeni bədii əsərlərin, teatr tamaşaları və kinofilmlərin yaranması və tarixdə analoqu olmayan hadisə – Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilərək, doğulub- böyüyüb, yaşadığı Naxçıvanda dəfn edilməsi və qəbirüstü məqbərənin tikilməsi kimi məsələlər öz həllini tapmışdır. Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələlərində ədəbi-mədəni hadisələr vasitəsilə xalqı oyatmaq, mili istiqlal və azadlıq mübarizəsinə hazırlamaq mühüm yer tutmuşdur.
Heydər Əliyevin ədəbi-mədəni abidələrimizə və folklor nümunələrinə verdiyi qiymət misilsiz əhəmiyyət daşıyır. Onun nəzəri irsində ədəbiyyat məsələlərinə dair nümunələr ümumtürk və ümumşərq, bəzən də ümumdünya mədəniyyətinin çərçivəsində təhlil olunmuşdur. Dahi şəxsiyyətin Azərbaycan ədəbi fikrinin istiqamətləndirilməsindəki fəaliyyəti tarixilik və müasirliyin vəhdəti şəklindədir. Onun Azərbaycan yazıçılarının əsərlərinə olan diqqəti nəticəsində türk dünyası yazarlarının mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi əsərlərin keyfiyyəti artmışdır. Görkəmli xadimin ədəbi-tarixi prosesdəki mövqeyi və xidmətləri sayəsində Azərbaycan elmi, mədəniyyəti, incəsənəti, maarifi və digər sahələri əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Ədəbiyyatın inkişafında maraqlı olan Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” kimi jurnallar və “Ədəbiyyat” adlı qəzet dövlət hesabına nəşr olunmuşdur. Heydər Əliyev Azərbaycan ədəbiyyatının nümayəndələri olan: Əliağa Kürçaylının, Nəbi Xəzrinin, Mirvarid Dilbazinin, Aşıq Əhmədin, Aşıq Şəmkirin, Qabilin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun, Vadif Məmmədovun, Xanəli Kərimlinin, Ələddin Eyvazın, Elman Həbibin, Mətanət Hüseynxanqızının, Həmid Arzulunun, Elçinin xalqın təfəkkürünə əsaslanaraq yaratdığı bədii-fəlsəfi əsərləri xalqımızın tarixindəki roluna yüksək qiymət vermişdir. Ədəbiyyatın yaradıcı gücünü, təsir qüvvəsini, ziyalılarda milli oyanış hissini gücləndirməsini, xalqın milli-mənəvi dəyərlərinin üzə çıxarılmasını və qorunmasını, milli mənlik şüurunun formalaşmasını və təkmilləşdirilməsini çox yüksək dəyərləndirən Heydər Əliyev bu sahənin digər sahələrdən mənəvi cəhətdən daha çox əhəmiyyət daşıdığını vurğulamışdır. Ədəbi-mədəni irsimizi araşdırmaq və inkişaf etdirməyi, xalqın milli tarixinin və ədəbiyyatının öyrənilməsini, tədqiqini və təbliğini Azərbaycan ziyalılarının qarşısında şərt kimi qoymuşdur. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının dünyaya tanıtdırılmasında yüksək xidmətləri olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri mövzularına elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, Hüseyn Cavidin məzarının Naxçıvana gətirilməsi, məqbərəsinin ucaldılması, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, “Kitabi-Dədə Qorqud”un yubileylərinin keçirilməsi, vaxtaşırı yazıçılarla və şairlərlə görüşlərin keçirilməsi, “Azərbaycan”, “Qobustan” və “Ulduz” kimi ədəbi topluların sərbəst və azadfikirli ədəbi nümunələrin nəşr etdirilməsi, milli zəminə söykənən, milli yaddaşı özündə əks etdirən ədəbi əsərlərin yaranmasına böyük önəm verilməsi, azərbaycançılıq ideologiyasını özündə ehtiva edən əsərlərin yaranmasını önə çəkməsi misal ola bilər. Ədəbiyyat faktorunun görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətində rolu çox genişdir. O, ədəbiyyatın imkanlarının ölkənin və xalqın tanıdılmasındakı və milli ideologiyanın formalaşdırılmasındakı əvəzedilməz rolunu çox yaxşı bilirdi. Onun geniş və sistemli ədəbiyyat biliyinə malik olması sayəsində ədəbiyyatın təhsildəki, əxlaqdakı, mənəviyyatdakı çox böyük roluna üstünlük verilmişdir. Heydər Əliyevin bədii ədəbiyyata münasibəti ədəbiyyatın xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi görülməsində müstəsna rol oynamışdır. O, dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini həyata keçirməkdə ədəbiyyat faktorundan davamlı istifadə etmişdir.
Ədəbiyyat siyahısı:
Heydər Əliyev və Azərbaycan Yazıçılar Birliyi // Heydər Əliyev və dövlətçilk təliminin işıqları. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. (Xüsusi buraxılış). Naxçıvan: Qeyrət, 2013, №1, s. 129-131
Ümummilli lider Heydər Əliyev Məhəmməd Füzuli haqqında // Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri. 2013, № 2, s. 256-260
Ümummilli lider Heydər Əliyevin nəzəri irsində ədəbiyyat məsələləri / Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV beynəlxalq elmi konfransın materialları. Bakı: Mürtəcim, 2013, s. 400-402
Heydər Əliyev və Azərbaycan ədəbiyyatında dissidentlik // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2014, №1, s.10-13
“Ulduz” jurnalının dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi noyabr-dekabr sayı çap olundu
“Ulduz” jurnalının noyabr-dekabr sayı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.
Jurnal “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə açılır. Sonrakı səhifədə ümummilli lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi yer alır. Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” yazıları yer alır. Bu sayda Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Bahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi” yazılarını oxuya bilərsiniz. Əli Kərimin “Füzuli”, Zəlimxan Yaqubun “Görüş – ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası” dahi şairin yaradıcılığından söz açır.
Xüsusi buraxılışda Füzulinin söz gülşənindən seçmə qəzəllər təqdim olunur.
“Ulduz” jirnalı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi və “Təhsil” Nəşriyyatının birgə layihəsi olan xüsusi nömrənin redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.
HƏMİN TAR İLƏ MAYESTRO NİYAZİYƏ DÖVLƏT İMTAHANI VERDİM
Əməkdar İncəsənət Xadimi, görkəmli rejissor Nazim Nadiroğlunun (Zeynalov) şəxsi videoarxivindəki materialları izləyərkən uşaqlıq dostum, əzizim, muğamlarımızın, təsniflərimizin, xalq və bəstəkar mahnılarımızın mahir ifaçısı Sədi Allahverdi oğlu Məmmədovun ifalarına rast gəldim. Rəhmətlik Sədinin çıxışı gözlərim önündə canlananda həyacanlandım, onunla belə görüşümüz məni çox təsirləndirdi. Bu qiymətli arxiv materialını hörmətli Nazim müəllimdən mənə bağışlamasını xahiş etdim. O da bağışladı. İndi həmin videomaterial əziz xatirə kimi mənim You Tube kanalımda ( https://www.youtube.com/channel/UCvDB81jE1aiHAINCfPEGHHw ) yayımlanır.
Sədi Məmmədov həm də mənim tələbə yoldaşım olmuşdu. Biz 7 illik musiqi məktəbini bitirəndən sonra Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşduq (1968-1972 ).
Tanınmış xanəndə
Sədi Allahverdi oğlu Məmmədov.
Mən həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. Müəllimim çox səmimi, qayğıkeş insan, təcrübəli pedaqoq rəhmətlik Məşədi Nəriman Mehralıyev idi. O, mənə müraciət edəndə, “qohum” – deyərdi. Sonradan öyrəndim ki, Məşədi Nərimanla qan qohumluğumuz var. Hər ikimiz Cavanşirlər sülaləsinə mənsub olan, Qarabağ xanlığının qurucusu, ilk xanı və sərkərdəsi Pənahəli xan Cavanşirin nəslindənik.
Tarzən Məşədi Nəriman Mehralıyev.
Azərbaycan tarzənləri arasında virtuoz sənətkar kimi tanınmış Məşədi Nərimanın atası Bahadır Mehralı oğlu Qarabağ xanəndələri sırasında özünəlayiq yer tutmuş bir sənətkar olub. Nərimanın babası Məşədi Mehralı onu yeddi-səkkiz yaşlarında olarkən özüylə İmam Rza ziyarətinə aparıb. Çuxur məhəlləli Nəriman Şuşanın ən kiçik zəvvarlarından biri olub. Uşağın bu yaşda belə bir müqəddəs məkanı ziyarət etməsi müsəlman hümməti arasında xoşbəxtlik sayılır.
Çuxur məhəlləli Məşədi Mehralını qalalılar təkcə dabbaq kimi yox, həm də musiqi həvəskarı kimi tanıyıblar. Daha doğrusu, o, yaxşı qarmon çalırmış. Musiqi demək olar ki, bu sadə peşə adamının bütün ailə üzvlərinə sirayət etmiş, özünün də, övladlarının da qanına-canına hopmuşdur. Onun evindən daim muğam, mahnı səsləri eşidilmişdir. Bu nəsil Pənahəli xan Cavanşirin ortancıl oğlu Mehralı bəyin törəmələridir.
Məşədi Bahadır Mehralı oğlu və sənət dostları.
Məşədi Nərimanın atası Məşədi Bahadır Mehralı oğlu isə Qarabağın klassik xanəndələrindən biri olub. Respublikanın bir çox məşhur sənətçiləri – Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova, Fatma Mehralıyeva, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Aydın Məmmədov, Barat Fərhadov, Niqay Bayramov, Hafiz Sədrzadə və başqaları ondan bəhrələniblər.
Xalq artisti Ramiz Quliyev, kamançaçı Elman Bədəlov, Abbas Yusifov, Rafiq Nəcəfov, İlham Babayev, Aydın Mehralıyev, gitaraçı Rəmiş, Yaşar və Təyyar Xəlilov qardaşları, Zahid Vəliyev, Möhübbət Abbasov, Yusif Vəliyev, Rəsul İsmayılov və onlarca musiqi xadimi ifaçılıq sənətini Məşədi Nərimandan öyrəniblər.
Azərbaycanın görkəmli tarzənləri Hacı Məmmədov, Əhsən Dadaşov və digər incəsənət xadimləri Ağdamda, mənim sevimli və unudulmaz müəllimim Məşədi Nərimanın evində qonaq olublar.
Məşədi Nəriman Bahadır oğlu.
Məşədi Nərimanın yaradıcılığı çoxcəhətli olub. O, həm solo muğam ifaçısı, həm muğam üçlüyünün tərkibində məharətli müşayiətçi, həm də muğam müəllimi kimi tanınırdı. Məşədi Nərimanın ifasında “Xaric Segah”, onun mayəsində vurduğu barmaqlar xüsusilə diqqətəlayiq idi. “Orta Mahur” muğamını da çox gözəl, özünəməxsus bir tərzdə ifa etmişdir. Azərbaycan radiosunun fondunda Məşədi Nərimanın ifasında “Xaric Segah” və “Mahur Hindi” muğamlarının lent yazıları saxlanılmaqdadır. Onun sənətində diqqəti cəlb edən cəhətlərdən biri də xalq musiqisini və muğamlarımızı yad təsirlərdən qorumağa çalışması, milli qaynaqlara arxalanması idi.
Haşiyə – əsas mövzuya uyğun əhvalat danışmaq, sözün birini qoyub o birinə getmək deməkdir. 1747-ci il iyulun 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hakimiyyət pis vəziyyətə düşdüyündən Azərbaycanda 20 müstəqil və yarım-müstəqil xanlıqlar təşəkkül tapıb. Belə bir tarixi şəraitdə, 1748-ci ildə Pənahəli xan Qarabağ xanlığının əsasını qoyub. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib və özünü xan elan edib. Pənahəli xan Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir və başqa Qarabağ tayfalarının Vətənə qayıtmasına şərait yaradıb. Pənahəli xan qarşılamaq üçün Azərbaycan və İraq sərhəddinədək gedərək onlara kömək göstərib. Pənahəli xan həmçinin Yevlax ərazisinə və Beyləqanın Kəbirli kəndinə gedərək yerə mıx – ucuşiş ağac parçası çalıb və deyib ki, Qarabağ buradan başlayır və Naxçıvan sərhəddinədək davam edir.
Yeri gəlmişkən deyim ki, hər ilin yay fəslində atamdan və anamdan xahiş edirdim ki, dağların qoynuna, Şuşaya, Turşsuya, Laçına və Kəlbəcərə gedək. Bütün yayı dədə-baba oylağında, Qırxqızda, Meydanda istirahət edək. Onu da deyim ki, Sovet hökumətindən xeyli əvvəl Meydanda Hurizat nənəmin atası, ulu babam Allahverdioğlu Mehdi bəyin böyük torpaq ərazisi olub. Vaxtilə o, şəxsi sərvəti olan milli Qarabağ at ilxılarını yayda həmin ərazidə bəslətdirərmiş. Sovet dövründə isə bütün qohum-əqraba yayda gəlib ulu babamıza məxsus həmin yerdə çadır qurardı və necə lazımdırsa eləcə istirahət edərdi. Sonra…
Şuşa ilə bizim nəslimizi, ailəmizi müxtəlif tellər bağlayır. Birincisi, soy-kökümüz Pənahəli xan Cavanşirin nəslindəndir. İkincisi, İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə yaşamış, Qarabağ elinə, xalqına şərəflə xidmət etmiş Axund Molla Əli adlı məşhur din xadiminin törəməsi Süleyman Sani Axundovun ləyaqətli davamçılarıyıq. Ata nənəm Hurizat xanımın anası Əziz xanım Abbas qızı Axundova Süleyman Sani Axundovun əmisi qızıdır. Əziz xanımın ulu babam Allahverdioğlu Mehdi bəylə izdivacından 7 (yeddi) övladı olmuşdur. 1) Zülfüqar, 2) Əvəz, 3) Ağalar, 4) Həşim, 5) Hurizat, 6) Gilə, 7) Xanım (bunu yeni öyrənmişəm).
Mehdi qızı Hurizat Əliyeva.
Ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edən şair, filologiya elmləri doktoru, professor rəhmətlik Famil Ağalar oğlu Mehdi ulu babam Allaverdioğlu Mehdi bəyin adını özünə təxəllüs götürmüşdür. Onun səsi mötəbər auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi.
Famil Mehdi və batalyon
komandiri Yaqub Rzayev (Ala Yaqub).
Ata babalarım Məhəmmədəli bəy, Kərbəlayi Mikayıl bəy və onun oğlu Məhəmməd bəy də Pənahəli xan Cavanşirin nəslindəndir. Məhəmməd babam təxminən 50 yaşında rəhmətə gedib. Mən onu görməmişəm. Ancaq bilirəm ki, Babam Məhəmməd bəy çox savadlı, yaraşıqlı, görünüşünə diqqətlə yanaşan bir ziyalı və sonda tacir olub. 5 xarici dildə sərbəst danışırmış. Almaniyadan Qarabağa “Zinger” markalı tikiş maşınları gətirtdirib əhaliyə kreditlə satdırırmış. Onun ağdamlı bir şəriki də olub, Musa kişi. El arasında onlara tikiş maşınının adı ilə “Zinger Məhəmməd” və “Zinger Musa” deyirmişlər. Təəssüf ki, ata babamın nəsli haqqında dərin məlumatım yoxdur. Ancaq araşdırmalarım davam edir.
Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.
1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.
Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.
Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin – Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, Cavanşirlər nəslindənik.
Gilə nənəmin əri Əliş bəyin ocağında.
Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir.
Mətləbdən çox uzaqlaşdım, deyəsən. Məşədi Nəriman Mehbalıyev kimi görkəmli bir tarzənin sinfində təhsil alaraq yavaş-yavaş musiqi dünyasının dərinliklərinə baş vurdum. Bir gün dərsdə Məşədi Nərimandan xahiş etdim ki, evə verdiyi tapşırığı onun tarında ifa etməyimə icazə versin. Müəllimim razılaşdı. Məşədi Nərimanın tarını köksümə sıxanda sanki mənə əlavə güc gəldi. Tarın məsuliyyətindən və həyacandan musiqi parçasını nə vaxt başa vurduğumdan xəbərim olmadı. Ancaq özüm də hiss elədim ki, tapşırığı evdə hazırladığımdan da yaxşı çaldım. Məşədi Nəriman ayağa qalxaraq əlini çiynimə qoydu və dedi:
– Sağ ol, oğlum, çox yaxşı ifa etdin. Götür bu tarı, sənə bağışlayıram.
Mən isə tərəddüd etdim. Dedim ki, müəllim, axı bu çox qiymətli hədiyyədir. Lakin Nəriman müəllim israrla tarı götürməyimi tələb etdi. Mən öz tarımı və müəllimimin mənə bağışladığı tarı götürüb evimizə gəldim. Atam və anam əvvəlcə danışdıqlarıma şübhə ilə yanaşdılar. Səhəri gün atam tarı götürüb mənimlə “Uçiliş”ə getdi. Tarı Nəriman müəllimə qaytarmaq istədi, Məşədi Nəriman götürmədi. Onda atam pul təklif etdi. Məşədi Nəriman incik tərzdə dedi:
– İrşad müəllim, mən sizin xətrinizi dünyalar qədər istəyirəm, inciməyin, mən bu tarı milyona da satmaram. Ancaq Adilə bağışlayıram, çünki o, istedadlı uşaqdır.
– Bununla da söhbət bitdi.
Məşhur Xosrov Fərəcov.
1972-ci ilin yazında Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbini bitirmək üçün dövlət imtahanı verməli idik. Məktəbimizin direktoru rəhmətlik Xosrov Fərəcov axırıncı kurs tələbələrini yığıb iclas keçirdi və bizə bildirdi ki, dövlət imtahanını qəbul etmək üçün Bakıdan qonaqlar gələcək. Sizin borcunuz dövlət imtahanına diqqət və məsuliyyətlə yanaşmaq, əla qiymətlər almaqdır. Sonra Xosrov müəllim qızlara tapşırdı ki, həyətinizdən qonaqlara təqdim etmək üçün qızıl güllər yığıb gətirərsiniz, oğlanlara isə tapşırıq verdi ki, hərəniz evinizdən bir xalça gətirin, o xalçalar darvazadan binanın içərisinədək gələn qonaqların ayaqları altına salınacaq. Direktor necə demişdi elə də etdik. Nəhayət, qonaqlar gəldi. Biz rəhmətlik Mayestro Niyazini və onunla gələn mütəxəssisləri görəndə çox sevindik. Onları alqış sədaları altında direktorun otağınadək müşayiət etdik. Hamımızın üzü təbəssümdən şəfəq saçırdı.
Niyazi Zülfüqar bəy oğlu Tağızadə
Əvvəldə dedim axı, fərqli tələbəsi olduğumdan Məşədi Nəriman Mehralıyev öz tarını mənə bağışlamışdı. Mən həmin tar ilə rəhmətlik Niyazi Zülfüqar bəy oğlu Tağızadəyə dövlət imtahanı verdim. Sürətli bilək tələb edən “Orta Mahur” muğamını ifa edib həmin imtahandan üzü ağ çıxdım. O tarı böyük ustaddan əziz bir xatirə kimi bu gün də qoruyub saxlayıram. Allah ustadım, unudulmaz Məşədi Nəriman Mehralıyevə rəhmət eyləsin. Qəbri nurla dolsun. Qarabağdan, Ağdamdan nigaran qalan ruhu şad olsun.
Jurnalist Adil İrşadoğlu.
Məşədi Nəriman geniş dünyagörüşünə, yüksək mədəniyyətə, gözəl insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Milli musiqimizin inkişafı uğrunda yorulmadan çalışan, bu sahədə əvəzsiz xidmətləri olan ustad sənətkarın yolunu bu gün onun oğlu Aydın Mehralıyev davam etdirir. Tar ixtisasını notla tədris edən Aydın Mehralıyev muğam ifaçılığında atasının barmaqlarını yaşadır. O, uzun illər Ağdam “Şur” ansamblının fəal üzvü olmuşdur. 1982-ci ildə “Natəvan qızlar bayramı”nda, 1990-91-ci illərdə “Xarı Bülbül” beynəlxalq folklor festivalında ifaçı kimi iştirak etmişdir.
Aydın Nəriman oğlu Mehralıyev.
1991-ci ildə atası Məşədi Nərimanın anadan olmasının 75 illiyi münasibətilə keçirilən xatirə gecəsi Mehralıyevlər ailəsinin və Ağdam ictimaiyyətinin xatirində əbədi yaşayacaqdır. Həmin gecədə Aydın Mehralıyev Qədir Rüstəmovun oxuduğu “Mirzə Hüseyn Segahı”nı məhz Məşədi Nərimanın yolu və ştrixlərilə müşayiət etməsi musiqisevərlərin yaxşı xatirindədir.
Qədir Rüstəmov və Aydın Mehralıyev.
Yeri gəlmişkən onu da nəzərinizə çatdırım ki, Aydın müəllim unudulmaz xanəndəmiz Qədir Rüstəmovu 40 il tarı ilə müşayiət edib. Onlar Azərbaycanın şəhər, qəsəbə və kəndlərində bir-birinin ardınca maraqlı, yaddaqalan konsertlər veriblər. Müharibə vəziyyətində yaşayan Ağdamda Məşədi Nərimanın yubileyinin keçirilməsi xalqın ustad sənətkarına bəslədiyi məhəbbətin, ehtiramın bariz nümunəsi idi.
Məşədi Nərimanın
anadan olmasının 75 illiyində.
Bəli, milli musiqi mədəniyyətimizdə öz yeri olan qüdrətli sənətkarlar nəslinin – Mehralıyevlər sülaləsinin zəngin irsi dərindən öyrənilməyə və tədqiq olunmağa layiqdir.
Kəkilli, ayağı xınalı ana göyərçin dan yeri söküləndə gözlərini açıb, qanadlarını gərdi. Axşam bərk soyuq olduğundan canı azca üşümüşdü. Havalar get-gedə soyuyurdu. Belə davam edərsə, yəqin ki, yaxın günlərdə qar yağacaqdır, – deyə Kəkilli ana göyərçin qanadlarını geniş açaraq, buz kimi soyuq havanı ciyərlərinə çəkdi.
Göyərçinlər neçə illərdi ki, şəhərin mərkəzindəki böyük binanın damında məskən salmışdılar. Bir dəstə göyərçindilər. Hamısı da bir-birinə doğma, yaxın idilər.
Kəkilli, ayağı xınalı ana göyərçin neçə illər bundan qabaq cütləşdiyi Çil erkəyi ilə xoşbəxt yaşayırdı. Dəstədəki göyərçinlərin yarıdan çoxu onların doğma balalarıydi. Bu günə qədər yaşayışlarından narazı deyildilər. İnsanlar onları sevir, qayğı göstərir, yemləyirdilər.
Məskən saldıqları binanın qarşısındakı kiçik meydançada hər səhər onlara yem gətirən qoca bir qarı vardı. Qoca qarı hər gün sübh tezdən gələr və onları yemləyərdi. Göyərçinlər qoca qarıya çox öyrəşmişdilər. Onu görən kimi yuvalarından “pırrr” eyləyib uçar və o xeyirxah qarının ətrafında dövrə vuraraq nazlanardılar.
Qoca qarı da onları çox sevirdi. Əlağacına söykənərək, bükülmüş qəddini bir azca düzəldib, bir xeyli onlara tamaşa edərdi. Sonra əlində gətirdiyi torbanın ağzını açar və içindəki buğda dənlərini asfaltın üzərinə səpərdi.
Ac göyərçinlər havada qanad çalaraq yerə enib, asfaltın üzərindəki dənləri acgözlülüklə dənləməyə başlardılar. Yeyib çinədanlarını doyuzdurduqdan sonra havaya qalxıb, qoca qadının başı üzərində bir neçə dəfə dövrə vuraraq, sanki öz minnətdarlıqlarını ona bildirərək yuvalarına doğru uçardılar.
Neçə illərdi ki, beləcə davam edirdi. Hər dəfə göyərçinlər səhər tezdən qoca qarını görən kimi onun yanına uçar və qadının gətirdiyi yemi acgözlülüklə dənləyib yeyərdilər. Artıq onlar buna vərdiş etmişdilər. Qadın gözə görünməyincə, onlar da yaşadıqları binanın damından bayıra çıxmazdılar.
Bir gün göyərçinlər yuxudan ayılıb ətrafa göz gəzdirdilər. Son payız günəşinin solğun şüaları ətrafa yayılsa da, qoca qarı hələ görünmürdü. Ara-sıra belə hallar olurdu. Qoca qarı, ya xəstələnib yorğan-döşəyə düşəndə, ya da vacib bir işi olanda qonşularından kimsə özünü çatdırıb göyərçinlərin yemini gətirib verərdi. Belə hallara çox az-az təsadüf olurdu.
Göyərçinlər bir az da gözlədilər, amma yenə də onları yemləyən qarıdan bir xəbər-ətər yox idi. Artıq, günortadan xeyli ötmüşdü. Göyərçinlərin qarnı ac idi. Buna baxmayaraq, onlar yuvalarından bayıra çıxmağa tələsmirdilər.
Göyərçinlərin gözü Çil ata göyərçində idi. Ondan qərar gözləyirdilər. Çünki Çil göyərçin onların hamısından yaşlı, həm də dəstənin böyüyü idi. Ata göyərçin çox narahat görünürdü. Kəkilli, ayağı xınalı ana göyərçinin səbri tükənmək üzrəydi. Hələ indiyə kimi o belə halla rastlaşmamışdı. Odur ki, Çil ata göyərçindən soruşdu:
– Bəlkə, sən deyəsən nə baş veribdi?!
Çil göyərçin bir neçə dəfə boynunu sağa-sola hərləyib qanadlarını astaca çırpdı:
– Doğrusu, mən də bu hala mətəəl qalmışam. O qarıya görəsən nə olubdur? Bəlkə, o ölübdür?
Ata göyərçinin bu sözləri ətrafdakıları bərk təşvişə saldı. Quşlar qorxu içində boyunlarını döndərib ona tərəf baxdılar.
– Hə də, qoca qarıdır, nə desən ola bilər, – deyə ata göyərçin quşları başa salmağa çalışdı. Göyərçinlərin içindən Qara quyruq göyərçin dərindən ah çəkib dedi:
– Bəs, onda bizim halımız necə olacaqdır?! Biz haradan yem tapacağıq? Onsuz da, son vaxtlar bu şəhərdə insanların vəziyyəti o qədər də yaxşı deyil. Kasıbçılıqdandır, ya nədən insanlar əllərindəki yeməklərin qırıntılarını da bizə atmırlar. Elə bil aclıq baş veribdir yeməklərin son qırıntılarını da ağızlarına təpib, acgözlülüklə gəvələyirlər. Qabaqlar, səkilərin qıraqları, zibil qablarının içi çörək qırıntıları ilə dolu olardı. Nə oldu görəsən bunlara?
Kəkilli ana göyərçin Çil ata göyərçinə sığınıb, onun böyür-başını dimdiklədi:
– Bir havaya qal, uç gör bu nə məsələdir? Axı, səndən başqa bu işi kim görəcəkdir? Görmürsən, balalarımız aclığa tap gətirə bilməyib, ağızlarına gələni danışırlar?
Ata göyərçin qanad çalıb, yaşadıqları binanın ətrafında bir-iki dövrə vurdu. Göy üzündən hər şey apaydınca görünürdü. Adamlar həmişə olduğu kimi ora-bura vurxunurdular. Çil göyərçin dövrə vurub meydanın ortasındakı heykəlin üstünə qondu.
O, bir xeyli heykəlin üstündə oturub ətrafa nəzər saldı. Hər kəs öz işində idi. Qoca qarıdan da bir soraq yox idi.
Bir azdan səbri kəsilən Çil ata göyərçin uçub yuvaya döndü.
Quşlar onu səbirsizliklə gözləyirdilər. Yuvaya qayıdan kimi tez onu dövrəyə aldılar:
– Şəhərdə nə baş verib, o qadın hardadır?! – deyə yerbəyerdən soruşdular.
– Bilmirəm. Heç nə bilmirəm! Səsinizi kəsin, bir də məndən heç nə soruşmayın! – deyə ata göyərçin əsəbi halda qanad çalaraq özünü havada aslı vəziyyətdə saxladı. Araya ölü sükut çökdü. Quşlardan heç biri ata göyərçinin qorxusundan daha səsini çıxartmadı.
Göyərçinlər o günü ac-susuz keçirtdilər. Axşam hamı yuxuya gedəndən sonra Kəkilli ayağı xınalı ana göyərçin Çil ata gəyərçinin böyrünə sığınaraq astaca:
– Ağlın nə kəsir, əzizim, sabah da beləcə ac qalacağıq?!
Çil göyərçin dərindən köks ötürüb:
– Bilmirəm. Bəlkə də, hə… bəlkə də yox! – Məni ən çox narahat edən ac qalmağımız deyil, o qoca qarının taleyidir. Görəsən, ona nə olmuşdur?
Kəkilli ana göyərçin məsələni dərinləşdirməmək üçün dedi:
– Sabahı gözləyək. Elə bilirəm ki, hər şey yaxşı olacaqdır.
Səhər açılanda, artıq, qar yağırdı. Hava bərk soyumuşdu. Göyərçinlər bu gecə acqarına yatdıqlarına görə, yuxudan lap tez oyanmışdılar. Qarınları ac olduğu üçün bir-birlərini dimdikləyib, civildəşirdilər. Hamısının gözləri heykəlin qarşısındakı meydançaya dikilmişdi, qoca qarının yolunu gözləyirdilər. Vaxtın ötməsinə baxmayaraq, hələ də qoca qarıdan bir xəbər yox idi. Görəsən, o hardadır?! – deyə quşlar sual dolu baxışlarla bir-birlərinin üzünə baxırdılar.
Günortadan xeyli ötmüşdü. Hələ də, qarıdan bir soraq yox idi. Göyərçinlərin canını qaraqayda almışdı. Ümidləri tamam kəslimişdi. Dəstədə narazılıqlar eşidilməkdə idi. Çil ata göyərçin qərarını verdi:
– Yuvalarınızdan dağılın!.. İtilin burdan, tənbəllər. Gedin, çöldə-bayırda qarnınızı doyurun. Lap, əvvəlki vaxtlarda olduğu kimi. Bəsdirin, zəhləmi töküb civildəşdiniz. Ola bilsin ki, bundan sonra daha bizi yemləyən tapılmasın.
Dəstə üzvləri onun bu sözlərinə bənd imiş kimi yuvalarından “pırr” eyləyib uçaraq, ətrafa səpələndilər. Yuvada Çil ata göyərçin, bir də Kəkilli ana göyərçin qaldı.
– Mən bu məsələnin axırına çıxmalıyam. Görüm, nə baş veribdir? – deyə Çil ata göyərçin qəmli-qəmli köks ötürdü.
– Haradan öyrənəcəksən bunları? – ana göyərçin yazıq-yazıq onun üzünə baxdı.
– Qonşumuz Ala Sağsağan bilməmiş olmaz. Hərçəndi, mənim ondan xoşum gəlmir, o çox sözbaz, xəbərçi, əclaf bir quşdur. Amma bu işi ondan başqa bilən olmaz, gedim ondan bir xəbər öyrənim.
Ana göyərçin razılaşdı:
– Elə isə yubanma onun yanına uç, məsələni ondan soruş, – deyə Kəkilli ana göyərçin ata göyərçini tələsdirdi.
Ala Sağsağan göyərçinlər yaşayan binanın yanındakı qovaq ağacında yuva qurmuşdu. Bir müddət olardi ki, onlar qonşu idilər. Ala Sağsağanın da göyərçinlərdən xoşu gəlmirdi. Ona görə ki, qoca qarı hər səhər göyərçinlərə dən gətirəndə, o da yuvasından uçub meydana enər və göyərçinlərin payına şərik olmağa çalışardı. Amma göyərçinlər ona dən yeməyə imkan verməzdilər. Ona görə də, sağsağan göyərçinlərin əlindən bərk qəzəbli idi.
Çil ata göyərçin sağsağan yaşayan qovaq ağacına tərəf uçdu. Sağsağan qovaq ağacının budağı üstə oturub bitlənirdi. Qonşusu Çil göyərçini görəndə quyruğunu bir-iki dəfə aşağı-yuxarı qaldırıb, endirərək, qəzəblə qarıldadı.
Çil göyərçin onun yaxınlığındakı budağa qonub dedi:
– Səsini kəs görüm, qonşu. Bir məsələ barədə səndən məsləhət almağa gəlmişəm.
Sağsağan qarıldadı:
– Məsləhət?!.. Nə vaxtdan məndən məsləhət alan olmusan?! Siz ki, məni heç quş saymırsınız.
Çil ata göyərçin bir qədər susdu. Ala Sağsağan lovğalanaraq:
– Dimdiyini sallama, de görüm, nə məsələdi? Bəlkə, acınızdan ölürsünüz, sizə dən verən yoxdur, ona görə yanıma məsləhətə gəlmisən? Düz deyirəmmi?
Çil göyərçin heyrətindən qanadlarını bir neçə dəfə çırparaq:
– Hə, doğrudur! Amma bunlar nəyə görə baş verib, onu öyrənməyə gəlmişəm yanına. Sən bunları bilməmiş olmazsan.
– Bilirəm. Əlbəttə ki, bilirəm! – deyə sağsağan ağ tüklü sinəsini qabağa verdi.
– Nəyi bilirsən? – deyə Çil göyərçin maraqla soruşdu.
– Qoca qarının tutulub, cərimələnməsini.
Çil ata göyərçin eşitdiklərindən heyrətə gələrək:
– Onu niyə tutub, cərimələyiblər? Kim bunu edib? – deyə soruşdu.
– Sizi yemlədiyinə görə. – Hə, o yazığı sizə görə cəzalandırdılar.
– Bizi yemlədiyinə görə? Bəs, o qarı əvvəllər də bizi yemləyirdi, axı? Onda onu heç cəzalandıran yox idi.
– Bəli, əvvəllər də yemləyirdi. Amma bundan sonra daha yemləməyəcək. Ona görə ki, insanlar qanun çıxartdıblar ki, siz göyərçinləri yemləmək olmaz.
– Niyə?! Çil göyərçin təəccüblə sağsağanın üzünə baxdı.
– Niyə?.. Niyə?… Ona görə ki siz xəstəsiniz, mikrob, infeksiya yayırsınız, hər yeri zibilləyirsiniz. Qısası, murdar quşsunuz.
– Yalandır. Biz xəstə deyilik, biz Sülh göyərçinləriyik. Məgər, bunu insanlar bilmirlər? Axı onların özləri bizə “Sülh göyərçini” adını veriblər. Biz sənin kimi quşlardan fərqli olaraq, eybəcər, yırtıcı deyilik, insanlara həmişə yaxın olmuşuq, onlarla həmişə bir yerdə mehriban yaşamışıq.
– Sülh göyərçinləri… Pah… Ala Sağsağan qəhqəhə çəkib güldü. O, çox-çox əvvəllər olub, ağıllı adamların zamanında. İndi dünyanın hər yerində müharibələr gedir, insanlar bir-birlərinin qanını axıdırlar. Kimə lazımdır sülh? Adamlara sülh lazım olmadığı kimi, heç sülh göyərçinləri də lazım deyil. Ona görə də, sizin haqqınızda ayrıca qərar çıxardıblar ki, sizi kim yemləsə, o adam cəzalanacaqdır! Qoca qarını da, iki gün bundan qabaq mənim gözlərimin qarşısında maşına basıb apardılar. İndi o sorğu-sualdadır. Eşitdiyimə görə, onu elə cərmələyiblər ki, nəinki, builki təqaüdü, hələ gələn ildə də alacağı təqaüdündən cərimə ödəyəcəkdir. İndi özü ac-susuz oturub evinin bir küncündə, sizi düşünməyə taqəti belə yoxdur, ay yazıqlar. – deyə Ala Sağsağan qəhqəhə çəkib güldü.
– O sağdır! – deyə, Çil göyərçin zarıdı.
– Hələlik, sağdır. Amma yəqin ki, bir-iki günə acından öləcəkdir.
Çil göyərçin bu sözləri sağsağandan eşidəndə gözləri doldu. Ac qaldıqlarına görə yox, qoca qarını ac qoyduqlarına görə heyfsləndi.
– Bəs, niyə insanlar, təkcə bizə bu qərarı çıxarıblar. Axı, küçələrdə gör nə qədər sahibsiz itlər, pişiklər dolaşır. Bəs, onlar xəstəlik yaymırlar? Elə sizin özünüz, azmı xəstəlik yayırsınız? Bəs, siz kimə lazımsınız?
Sağsağan uçub bir az yaxına, Çil göyərçin qonan budağa qonub uzun dimdiyini ona tərəf uzadaraq yavaşca:
– A bədbəxt quş, zamanə çox dəyişibdir. İndi mənim kimi sağsağanların dövrüdür. Sənə qonşu kimi bir məsləhət verim, nə qədər ki, acınızdan gəbərməyibsiniz, uçun gedin buralardan, yazıqsınız. Sizə görə, yazıq adamlar da əziyyət çəkirlər. Heç olmasa onları düşünün.
Ala Sağsağanın bu sözlərindən sonra Çil göyərçin qanad çalıb yuvasına qayıtdı.
Quşlar yuvada onu gözləyirdilər. Çil göyərçin məyus-məyus quşlara nəzər yetirdi. Quşların hamısı gözlərini onun gözlərinin içinə dikib nə baş verdiyini öyrənmək istəyirdilər.
Çil göyərçin asta-asta başını qovzayıb dedi:
– Yığışın, bu məkanı tərk edib gedirik!..
– Niyə?!.. – quşlar yerbəyerdən civildəşdilər.
– Ona görə ki, deyəsən, insanlara əmin-əmanlıq lazım deyil. Onlar sülh istəmirlər. Sülh olmayan yerdə isə, xeyir-bərəkət, dinclik olmur, əzizlərim. Əmin-əmanlıq olmayan yerdə isə, bizə ehtiyac yoxdur, – deyə Çil ata göyərçin dərindən köks ötürdü.
– Bəs, onda biz hara uçaq? Axı, hər yerdə qanqadadır, müharibələr gedir. Şərqdən tutmuş qərbə, cənubdan tutmuş şimala qədər dünyanın hər yerində od-alov yağır, insanlar bir-birlərinin qanını tökürlər, – deyə Kəkilli ayağı xınalı ana göyərçin kövrəldi.
Çil ata göyərçin xırıltılı, boğuq səslə:
– Elədir. İndi hər yerdə insanlar bir-birlərinə qənim kəsilibdir, bir-birlərinin qanını tökürlər. Dünyanın bu qədər nizamsız, təlatümlü vaxtı olmamışdı. – Mənə qulaq asın, hamı eşitsin! – deyə Çil ata göyərçin səsini ucaltdı:
– Biz göy üzünə uçuruq, açıq səmaya. Bizim yerimiz hələlik ora olacaqdır. Gücünüz çatdığı qədər dözün, qanad çalın, bizim başqa çarəmiz yoxdur. Öləriksə, qoy səmada, mavi göylərdə ölək, adımıza layiq, Sülh göyərçinləri kimi…
Göyərçinlər qanad çalıb havaya qalxdılar. Açıq səmada onlar dövrə vuraraq, çox xoşbəxt görünürdülər…
Xeyirdə-şərdə (düzünə qalsa, 30 il köçkünlük həyatı sürmüş zəngilanlılar, elə digər rayonlarımızdan olanlar da, bir-biri ilə daha çox yas mərasimlərində görüşürlər) qarşılaşdıqca həmişə səmimiliyi, mehribançılığı ilə seçilən şair dostumuzdan nə vaxtsa yazacağımı planlaşdırmamışdım. Mən də digər dost-tanışları kimi onu müasir poeziyamızın az-az tapılan özünə və sözünə sadiq adamlarından biri kimi tanıyıram. Bütün sağlam münasibətlər fonunda bir-iki stolüstü, – sözsüz ki, süfrənin tələblərinə uyğun və ürəkdostu, – həm də iki qələm adamının duyğuları çərçivəsində, bir az peşəkarcasına söhbətimiz də olub. Bəri başdan bildirim ki, Xosrov da mənim kimi tərifdə təhrifi sevmir, – yazıları, şeirləri qədər sadədir. Ümidini də elə bu sadəliyinə bağlayaraq:
Ümiddən o yana umacağım yox,
Elə ümidim də məndən xatircəm, – deyir.
Ümidin ümid yiyəsindən xatircəm olması insanın insan kimi yaşamağının şairanə ifadəsidir.
Xosrov Natillə hərdən görüşürük, söhbətləşirik. Şeirdən, şeiriyyətdən, şairlərdən və şeiri korlayanlardan danışırıq. Deyir, vallah, qüsuru olan şeir müəlliflərinin günahı daha çox onlardan şair, şairə düzəldib qurbanlıq quzu kimi ortalığa buraxanlardadır. Özləri huylayırlar, özləri də tərifini göyün yeddi qatına çıxardırlar. Ədəbiyyat, incəsənət bu üzdən üzüqaradır. Bir dəfə gileyləndim ki, o bizim 50-dən çox kitabın müəllifi olan həmyerli yazarımız bütün xoş münasibətlərimə rəğmən niyə həmişə mənimlə düz sarımır. Xosrov cavab verdi ki, onun da sevgisi səninlə düz sarımamağındadır. Yadına salırsa, yaxşıdır, ancaq görünür bəyənmədiyi, onun ruhuna yad olan nə isə var, diqqət elə, ancaq cox da ürəyinə salma, öz yolunda ol. Bax, belə sadəcəsinə mənə mətləbi açıqladı Xosrov Natil, özü düşündüyü və dəyərləndirdiyi kimi! Çünki bu sadə insan özündən, öz xarakterindən uzaq düşə bilmir və bunu istəmir də. Xosrovu tanıyanlar özləri də onun zərrəcə başqa cür olması ilə razılaşmazlar.
Onu atasına oxşamasında qınayanlar (“Dedilər atana oxşama, bala”) görəsən Xosrova, – dövrümüzün istedadlı şairinə, halal çörək yiyəsinə, yaxşı insan və etibarlı dost olan birisinə öz ürəyincə yanaşıb və öz gözüylə baxsaydılar nə deyərdilər…
Tək yadlar desəydi nə var idi ki,
Hərdən azaylandı doğma bibim də.
Mən niyə atama oxşamayım ki,
O vaxtdan qarası qaldı qəlbimdə.
Ən doğrusu müəllifin son misrada “Yaxşı ki, atama oxşamışam mən” qənaətinə gəlməsidir. Çünki dəhşət oğulların atalarına, başqa sözlə övladların valideynlərinə oxşamamalarındadır!
Xosrov Natillə arabir görüşsək də, söhbətlərimizin mövzusu uzun müddət yadımızdan çıxmır, bizi xoş ümidlərə, gözəl niyyətlərə yönləndirir. Niyyətimiz isə aşkar və aydındır – təmsil etdiyimiz Zəngilanın yaradıcı adamlarını daha çox görüşdürmək, rayonumuzun keçmiş və bugünki ədəbi mühitinə işıq salmaq, ustad şairlərin ənənələrinə sadiq qalmaq, bir sözlə yazıb-yaratmaq! Bunun üçün isə toparlanmaq, bir yerdə olmaq, vaxtaşırı söhbətləşmək lazımdır!
P.S: Qeyd etdiyim kimi, Xosrov Natil tərifi xoşlamır, fikrini qısa və konkret, mənalı və məzmunlu ifadə etməyə üstünlük verir. Bu ilki ad günü münasibətilə qələmə aldığım bu yazı kimi! Təbrik edirəm, XOSROV NATİL!
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
MƏMMƏD ƏMİN RƏSULZADƏNİN PEDAQOJİ FƏALİYYƏTİ VƏ İDEYALARI
Məmməd Əmin Rəsulzadə Azərbaycan milli azadlıq mübarizəsinin öncül liderlərindən biri olmaqla yanaşı, həm də Azərbaycanın təhsil və maarif sahəsində əvəzolunmaz xidmətlər göstərmişdir. O, milli təhsil ideyalarının həyata keçirilməsində, xüsusilə də məktəblərin milli xarakter alması və ana dilində tədrisin genişləndirilməsi istiqamətində mühüm töhfələr vermişdir. Rəsulzadənin fikirləri onun dövrünün təhsil problemlərini dərindən dərk etdiyini və bu problemlərin həlli üçün orijinal yanaşmalar təklif etdiyini göstərir.
M.Ə.Rəsulzadənin Azərbaycan Milli Şurasındakı fəaliyyəti-M.Ə.Rəsulzadə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri olmaqla, 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri seçilmiş və Azərbaycanın müstəqillik aktının elan olunmasında mühüm rol oynamışdır. Parlamentin formalaşması və Cümhuriyyətin ilk hökumət böhranının həllində göstərdiyi liderlik keyfiyyətləri onun siyasi və dövlətçilik bacarıqlarını nümayiş etdirir.
Maarifçilik və Bakı Dövlət Universitetinin yaradılması – Rəsulzadə Bakı Dövlət Universitetinin təsis edilməsini milli maarif və təhsilin inkişafı baxımından dövlətin əsas vəzifələrindən biri hesab etmişdir. Universitetin təsisində onun oynadığı rolu vurğulayan mənbələrdə bildirilir ki, o, maarifçilik missiyasını hər zaman prioritet olaraq görmüşdür. V.İ.Razımovskinin qeyd etdiyi kimi, onun təşəbbüsləri ilə universitetin təsisində qarşı duran maneələr aradan qaldırılmışdır.
Milli məktəblərin vacibliyi – Məmməd Əmin Rəsulzadə milli məktəblərin təhsil sistemində əsas rol oynamasının tərəfdarı olmuşdur. O, dövrünün təhsil ocaqlarında çatışmazlıqları açıq şəkildə göstərmiş və onların islah olunması üçün real həll yolları təklif etmişdir. “Tərəqqi” qəzetində dərc olunan məqalələrində o, ana dilində tədrisin və milli məktəblərin vacibliyini vurğulamış, bu məktəblərin cəmiyyətin tələblərinə uyğun olmasının vacibliyini bildirmişdir.
Müəllim kadrlarının hazırlığı – Rəsulzadə müəllim hazırlığı məsələsinə xüsusi diqqət yetirmiş, bu sahədə əsaslı dəyişikliklərin zəruriliyini qeyd etmişdir. Onun fikrincə, həqiqi milli müəllimlər yalnız ana dilini bilən, milli dəyərlərə bələd olan kadrlar ola bilərdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ölkə daxilində köçürülməsi təklifini irəli sürən Rəsulzadə, müəllimlərin milli ruhda hazırlanmasının təhsil üçün mühüm olduğunu vurğulamışdır.
Təhsil islahatları və məscid məktəbləri – Rəsulzadə məscid məktəblərinin dövrün təhsil tələblərinə cavab vermədiyini, lakin onların milli xarakterini qoruyaraq modernləşdirilməsinin zəruriliyini bildirirdi. O, “məscid məktəblərinə xor baxmamağın” və bu müəssisələrin təhsil sistemində uyğun şəkildə islah olunmasının vacibliyini qeyd etmişdir.
Məmməd Əmin Rəsulzadənin pedaqoji ideyaları və təhsil sahəsində fəaliyyəti bu gün də aktualdır. Onun milli təhsil konsepsiyası, müəllim hazırlığına dair yanaşmaları və təhsildə ana dilinin önəmi ilə bağlı vurğuladığı məqamlar hər bir cəmiyyətdə dəyərləndirilməli və tətbiq edilməlidir. Rəsulzadənin irsi, həm siyasi, həm də pedaqoji baxımdan, milli inkişaf və tərəqqi üçün qiymətli bir mənbədir.