
MƏN TANIYAN XOSROV NATİL
(Şair Xosrov Natilin 67 yaşına)
Xeyirdə-şərdə (düzünə qalsa, 30 il köçkünlük həyatı sürmüş zəngilanlılar, elə digər rayonlarımızdan olanlar da, bir-biri ilə daha çox yas mərasimlərində görüşürlər) qarşılaşdıqca həmişə səmimiliyi, mehribançılığı ilə seçilən şair dostumuzdan nə vaxtsa yazacağımı planlaşdırmamışdım. Mən də digər dost-tanışları kimi onu müasir poeziyamızın az-az tapılan özünə və sözünə sadiq adamlarından biri kimi tanıyıram. Bütün sağlam münasibətlər fonunda bir-iki stolüstü, – sözsüz ki, süfrənin tələblərinə uyğun və ürəkdostu, – həm də iki qələm adamının duyğuları çərçivəsində, bir az peşəkarcasına söhbətimiz də olub. Bəri başdan bildirim ki, Xosrov da mənim kimi tərifdə təhrifi sevmir, – yazıları, şeirləri qədər sadədir. Ümidini də elə bu sadəliyinə bağlayaraq:
Ümiddən o yana umacağım yox,
Elə ümidim də məndən xatircəm, – deyir.
Ümidin ümid yiyəsindən xatircəm olması insanın insan kimi yaşamağının şairanə ifadəsidir.
Xosrov Natillə hərdən görüşürük, söhbətləşirik. Şeirdən, şeiriyyətdən, şairlərdən və şeiri korlayanlardan danışırıq. Deyir, vallah, qüsuru olan şeir müəlliflərinin günahı daha çox onlardan şair, şairə düzəldib qurbanlıq quzu kimi ortalığa buraxanlardadır. Özləri huylayırlar, özləri də tərifini göyün yeddi qatına çıxardırlar. Ədəbiyyat, incəsənət bu üzdən üzüqaradır. Bir dəfə gileyləndim ki, o bizim 50-dən çox kitabın müəllifi olan həmyerli yazarımız bütün xoş münasibətlərimə rəğmən niyə həmişə mənimlə düz sarımır. Xosrov cavab verdi ki, onun da sevgisi səninlə düz sarımamağındadır. Yadına salırsa, yaxşıdır, ancaq görünür bəyənmədiyi, onun ruhuna yad olan nə isə var, diqqət elə, ancaq cox da ürəyinə salma, öz yolunda ol. Bax, belə sadəcəsinə mənə mətləbi açıqladı Xosrov Natil, özü düşündüyü və dəyərləndirdiyi kimi! Çünki bu sadə insan özündən, öz xarakterindən uzaq düşə bilmir və bunu istəmir də. Xosrovu tanıyanlar özləri də onun zərrəcə başqa cür olması ilə razılaşmazlar.
Onu atasına oxşamasında qınayanlar (“Dedilər atana oxşama, bala”) görəsən Xosrova, – dövrümüzün istedadlı şairinə, halal çörək yiyəsinə, yaxşı insan və etibarlı dost olan birisinə öz ürəyincə yanaşıb və öz gözüylə baxsaydılar nə deyərdilər…
Tək yadlar desəydi nə var idi ki,
Hərdən azaylandı doğma bibim də.
Mən niyə atama oxşamayım ki,
O vaxtdan qarası qaldı qəlbimdə.
Ən doğrusu müəllifin son misrada “Yaxşı ki, atama oxşamışam mən” qənaətinə gəlməsidir. Çünki dəhşət oğulların atalarına, başqa sözlə övladların valideynlərinə oxşamamalarındadır!
Xosrov Natillə arabir görüşsək də, söhbətlərimizin mövzusu uzun müddət yadımızdan çıxmır, bizi xoş ümidlərə, gözəl niyyətlərə yönləndirir. Niyyətimiz isə aşkar və aydındır – təmsil etdiyimiz Zəngilanın yaradıcı adamlarını daha çox görüşdürmək, rayonumuzun keçmiş və bugünki ədəbi mühitinə işıq salmaq, ustad şairlərin ənənələrinə sadiq qalmaq, bir sözlə yazıb-yaratmaq! Bunun üçün isə toparlanmaq, bir yerdə olmaq, vaxtaşırı söhbətləşmək lazımdır!
P.S: Qeyd etdiyim kimi, Xosrov Natil tərifi xoşlamır, fikrini qısa və konkret, mənalı və məzmunlu ifadə etməyə üstünlük verir. Bu ilki ad günü münasibətilə qələmə aldığım bu yazı kimi! Təbrik edirəm, XOSROV NATİL!
MÜƏLLİF: MAHİR CAVADLI, şair-jurnalist
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru