
Sehrli kitab
Fevral ayının ortaları idi. Bir gün əvvəl dayanmadan yağan qar hər tərəfi ağ örpəyə bürümüşdü. Uşaqlar necə sevinirdilər… Yolların buz bağlamasını bəhanə kimi istifadə edən uşaqlar məktəbə getməmiş ,dostları, bacı-qardaşları, ailələri ilə parklara, həyətlərə axışmışdılar. Kimisi qardan adam düzəldir ,kimisi əlində düzəltdiyi yumru qar topasını yanındakının üzərinə atır, onunla şirin savaşa girir, kimisi də qara, onunla oynayanlara tamaşa edirdi.
Dünənin əksinə olaraq bu gün günəş şüaları ətrafı isidir, yerdəki qarları əridirdi. Elnur balkondan dünən düzəltdiyi qar adamına baxırdı. O ,yavaş -yavaş əriyirdi. Birdən evdən nənəsinin səsini eşitdi:
-Nənən qurban sənə ,Elnur, gəl, keç içəri. Hava soyuqdur ,xəstələnərsən.
-Yaxşı, nənə ,gəldim.
-Nənə sənə qurban ,acmamısan ki?
-Yox ,nənə. Mən gedim babanın yanına. Sonra da dərslərimi edəcəm. Sabah məktəbə gedəcəyik.
Nənə Elnurun üzündən öpəndən sonra ona sevdiyi ağ kişmişdən verdi. Elnur qonaq otağından çıxıb babasının yanına gedəndə onun kitab oxuduğunu gördü. O,kitab oxuyanda çox fərqli görünürdü. Sanki həmişə Elnuru, həyat yoldaşını zarafatları ilə güldürən , nəvəsi ilə uşaq kimi oynayan Kərim babanın yerinə ciddi,başqa xasiyyətli adam gəlirdi. Kitab oxuyanda kimsə onu narahat etsə, evdə səs salsa , Kərim baba əsəbləşərdi. Gülçöhrə nənə onun bu xasiyyətini heç xoşlamırdı. Kərim baba kitab oxuyan kimi Gülçöhrə nənə həmişə belə deyir:
-Yenə aldı o kitabı əlinə. İndi gəl gözlə heykəl kimi . Görək Kərim kişi nə vaxt oxuyub bitirəcək kitabını .
Elnur da qıraqdan baxıb baş verənlərə gizlicə gülürdü. Babasını narahat etməməkdən ötrü birbaşa otağına getdi. Şkafdan kitablarını götürüb dərsləri ilə məşğul olmağa başladı. Sevdiyi ağ kişmişdən yeyə-yeyə Azərbaycan dilindən başqa bütün dərslərini bitirdi. Bir tapşırığı qalmışdı, esse yazmalı idi,ancaq necə başlayacağını, nə yazacağını bilmirdi. Mövzunun adı belə idi: “Sehrli dəyənəyiniz olsaydı, hansı möcüzənin baş verməsini istərdiniz?”
Elnur dəftəri bağlayıb çarpayısına tərəf getdi. Balaca rəfin üstündən çərçivəyə salınmış şəkli götürüb yatağında oturdu. Sakitcə şəklə baxmağa başladı. Gözündən bir-iki damla yaş süzüldü. Sonra nənəsinin dediyi sözləri ağlına gətirib gözyaşlarını sildi.Şəkli çərçivəsindən çıxardı və yenidən diqqətlə ona baxmağa başladı.
Bu şəkil çəkiləndə Elnurun bir yaşı var imiş. Nənəsi deyir ki, o vaxt belə sakit uşaq deyilmiş. Anasından başqa heç kimin yanında qalmırmış . Kim onu qucağına götürüb əzizləmək istəsə, ağlamağa başlayırmış. Ağlayanda da onu sakitləşdirməyin yeganə yolu anasının qucağına getməyi olurmuş. Elə şəkildə də atasının qucağında olmasına baxmayaraq bir əli ilə anasının donunun ətəyindən tutub.
Elnur şəkildəki özünə baxıb gülümsədi. Sonra ciddi görkəm alaraq nəzərlərini anasına yönəltdi. Qıraqdan ona baxan olsaydı, onun bu halını Kərim kişinin kitab oxuyarkən aldığı vəziyyətə oxşadardı. Anası şəkildə necə gözəl görünürdü. Gülən zaman yanağında əmələ gələn qəmzəsi, çiyinlərinə tökülən qara saçları ,əyninə geyindiyi sarı rəngli don ona çox yaraşırdı. Nənəsi Elnura həmişə deyərdi ki, yanağındakı qəmzəsi ,qara gözləri, yumru çənəsi ilə anasına daha çox oxşayır.
Elnur üzü təmiz qırxılmış, gur saçlı ,enli kürəkli atasına baxanda onu qucağında saxladığını aydın görürdü. O ,bir əli ilə Elnuru, digəri ilə həyat yoldaşı Nuranənin əlini tutmuşdu.
Bu şəklin çəkildiyi zamandan səkkiz il ötür. Şəkildəki Elnur indi böyüyüb məktəbə gedir, tərbiyəli, ağıllı, nümunəvi bir oğlan olub. Amma anası və atası indi onun yanında deyil. Hər ikisi yeddi il əvvəl avtomobil qəzasında dünyalarını dəyişmişdilər. Xoşbəxtlikdən, Elnur o gün nənə və babasının yanında idi. Yoxsa, o da indi bu dünyada yox idi.
Elnur anası Nuranənin, atası Elşadın üzünü xatırlaya bilmirdi. Axı hadisə baş verəndə o,çox balaca idi. Ona görə də hər gün bu şəklə bir dəfə də olsa , baxırdı. Onları bircə dəfə görmək üçün nə desələr edərdi. Amma ,heyif ki, bu mümkün deyildi Onların yoxluğunu bu şəkil vasitəsilə hiss etməməyə çalışırdı,əlbəttə , nənə və babasının da bu işdə rolları böyük idi. Nə yaxşı ki onlar vardı. Onlar olmadan həyatını, gələcəyini təsəvvür belə etmək istəmirdi. Kaş anası ,atası da yanında olaydı. Kaş o qəza baş verməyəydi. Kaş şəkildəki o günə qayıdardı…
Şəklə bir dəfə də diqqətlə baxdı, sonra çevirdi. Arxasındakı sözləri oxuyub gözlərini yumdu. “Nuranə, Elnur, Elşad . 17.05.2015”
Zəngin səsi Elnuru yuxusundan oyatdı. Saat 07:00 idi . Böyük ehtimalla yuxuya gedəndən sonra nənəsi saatı qurmuş, otağı səliqəyə salmış və ən əsası şəkli çərçivəyə salıb yerinə qoymuşdu. Elnur yerindən durdu, əl-üzünü yudu, əynini geyinib yerini səliqəyə saldı, çantasını hazırlayandan sonra yemək üçün qonaq otağına getdi. Həmişəki kimi nənəsi süfrəni elə hazırlamışdı ki, iştahası olmayan insan belə özünü bu təamları dadmaqdan saxlaya bilmirdi. Babası isə televizorda səhər xəbərlərinə baxırdı. Elnur hər ikisinin üzündən öpüb yemək süfrəsinin arxasına keçdi. Təxminən on dəqiqədən sonra sağollaşaraq evdən çıxıb məktəbə yollandı .
Məktəbdə zəng vuruldu. Sinif otaqlarının qapıları açıldı və uşaqlar evə getmək üçün məktəbin həyətinə qaçmağa başladılar. Elnur da çantasını çiyninə taxıb Malik ilə evə yollandı. Elnur çox bikef görünürdü. Malik:
-Elnur ,niyə qanını qaraldırsan? Sevinc müəllim səni bir dəfə danladı deyə pis şagird olmursan ki. Bizi hər gün danlayır ,heç biz sənin kimi bikef olmuruq. Hələ nə qədər esse yazacağıq, onda hamısını yazarsan. Birini yazmayanda heç nə olmur. Tez elə, gül, qoy o qəmzələrini görüm. Yoxsa sənlə danışmıram ha!
Malik dediklərindən sonra gülməyə başladı. Elnur da ona qoşuldu:
-Yaxşı, sənin sözünü yerə salmayacam ki. Sabah gözləyərsən məktəbə bir yerdə gedərik.
-Baş üstə.
Bir az gedəndən sonra söhbətlərini bitirdilər. Evlərinə gedən yol burada ayrıldığı üçün sağollaşıb öz yolları ilə getdilər. Bir xeyli yol qət etmişdi ki, yolda parıldayan əşya Elnurun diqqətini cəlb etdi. Addımlarını tezləşdirərək həmin əşyaya çatmağa tələsdi. Ona baxanda təəccübləndi. Birinci dəfə idi ki belə kitab görürdü. O, qəhvəyi-qırmızı rəngli idi. Üzərində ağac şəkli vardı. Ağacın altında isə bir neçə işarə var idi, yəqin ki , ora nə isə yazılmışdı. Ən qəribəsi o idi ki ,kitabın kənarlarına güzgü parçaları yapışdırılmışdı. Kitabın alt və üst cildləri qara lent vasitəsilə bağlanmışdı. Elnur kitabı çantasına qoyub yoluna davam etdi.
Evə çatanda qapını döydü. Qapını Kərim kişi açdı. Elnuru görən kimi dedi:
-Nənəsi ,evimizin yaraşığı məktəbdən gəldi. Sən yeməyi hazırla, biz də o vaxta kimi söhbət edək. Görək bu gün ağıllı balamız məktəbdə yeni nə öyrənib, günü necə keçib.
Elnur babasının üzündən öpüb dedi:
-Baba, yeməyimi yeyim ,dərslərini hazırlayım, sonra gəlim sənlə söhbət edək. Olar? Bu gün çox dərsim var.
-Hə , niyə olmur ki. Mən sənlə nə vaxt istəsən , söhbət etməyə hazıram. Əsas dərslərindir.
Yeməkdən sonra Elnur tez otağa keçib çantasından kitabı çıxardı. Bir xeyli kitaba baxandan sonra gedib qapını bağladı. Qara lenti dartıb kitabı açdı. Kitab işıldamağa başladı. Elnur qorxusundan iki-üç addım geri çəkildi. Bir -iki dəqiqədən sonra yenidən Kitaba yaxınlaşdı. Açılmış ilk səhifədə onu tapan şəxsin kitabı əlinə götürməli olduğu yazılmışdı. Elnur dərindən nəfəs alaraq kitabı ehtiyatla əlinə götürdü. Bu vaxt kitabın səhifələri yenidən tərpənməyə başladı. Səhifədə yenidən yazılar göründü. Amma bu dəfə kitabdan səs də çıxdı. Hə,o, danışırdı. Yazdıqlarını səsli şəkildə söyləyirdi:
-Mənim məni tapan şəxsin bir arzusunu gerçəkləşdirmə bacarığım var. Həmin şəxsin məndən istifadə etməsi üçün yalnız və yalnız bir haqqı var. O mən barədə heç kimə bir söz deməməlidir. Əks halda arzusu yerinə yetməyəcək. Mənə sahib olan şəxsin məndən sual soruşmaq üçün bir haqqı var. Sualı soruşmaq üçün kitabın kənarında olan üçüncü güzgüyə gözübağlı toxunub sualı səsləndirmək lazımdır. Arzunu gerçəkləşdirmək üçün ağacın üstündə ardıcıl düzülmüş ədədlərin sirrini açıb cavabı yüksək səslə üç dəfə təkrarlamaq lazımdır. Bunu etməzdən əvvəl arzunu bütün qəlbinlə ürəyindən keçirmək mütləqdir.
Elnur mat-məəttəl kitaba qulaq asırdı. Nə etsin bilmirdi. Gedib nənə-babasına bu barədə məlumat vermək istədi. Ancaq kitabın dediklərini xatırlayıb fikrindən daşındı. Kitaba sual vermək barəsində tərəddüd edirdi. Necə gülünc vəziyyətə düşmüşdü. Nəyə inanmalı olduğunu bilmirdi. Yaşadıqları elə bil yuxu idi. Dərindən nəfəs aldı ağacın üzərindəki ədədlərə nəzər yetirdi. Ardıcıllıq belə idi: 6;18;20;28;24. Riyazi cəhətdən düşünməyə başladı. Bütün ədədlər cüt idi, ikiyə bölünürdü. Amma müəyyən qanunauyğunluqla düzülməmişdilər. Bəs bu ədədlərin sirri nədir? Nəyə görə bu sıra? Nə üçün bu ədədlər? Bunun nə mənası vardı axı?
On dəqiqə olardı ki, bir nəticəyə gəlməmişdi. İşi tezləşdirmək lazım idi. Yoxsa evdəkilərin xəbəri ola bilərdi. Birdən ağlına əlifbanı təzə əzbərləyəndə müəlliminin onlarla oynadığı oyun yadına düşdü. Müəllim xanlar ədədlər yazırdı,uşaqlar da həmin ədədləri əlifbadakı hərflərlə əvəzləyəcək gizli sözü tapırdılar. Yəni ədədlər hərflərin əlifbadakı sıra nömrəsini göstərirdi. Tez ədədlərə bir də baxdı:
6;18;20;28;24. Ədədləri hərflərlə əvəz edib vərəqə yazdı. Yaranan söz “Elnur” idi. İndi qalırdı əsas məsələ: cavabın doğruluğunu yoxlamaq. Özünü ələ aldı, həyəcanını boğdu,arzusunu ürəyindən keçirdi və üç dəfə yüksək səslə cavabı təkrar etdi:Elnur,Elnur,Elnur. Kitab iki dəfə açılıb bağlandı. Elnur qorxudan gözlərini yumdu. Özündən asılı olmadan gözlərini açanda qarşısında gördüyü mənzərədən əvvəl qorxdu. Gözlərini ovuşdurub yenidən açdı . Yenə eyni mənzərə gözləri qarşısında idi. Qabağında iki şəxs dayanmışdı. Onlar Elnura həm çox yaxın ,həm də çox uzaq olan insanlar idi- Elnurun anası Nuranə, atası Elşad . Hər ikisi eynən şəkildəki kimi geyinmişdi. Üzlərindəki təbəssüm belə eyni qalmışdı. Tək fərq Elnurun böyüməsi idi . Ata və anası yaxına gəlib Elnuru qucaqladılar, öpdülər, saçını oxşadırlar. Heç biri danışmırdı. Amma qəlbləri bir-birilərinə elə sıx bağlı idi ki, danışmasalar belə, ürəklərindən keçənləri başa düşə bilirdilər. Nuranə Elnurun gözündən süzülüb axan yaşları gördükdə dayana bilmədi, səssizliyi pozub danışmağa başladı:
-Elnur,canım , sil gözünün yaşını. Yoxsa nənənin dediyini yaddan çıxarmısan?
Biz sənin ağlamağını, gülməyini, çətinliyini, uğurunu sənin yanında olmasaq belə görürük. Fiziki cəhətdən yanında deyilik ,bilirəm ,bu sənə çox əzab verir, amma mənən hər saat, hər dəqiqə ,hər saniyə biz səninləyik. Güclü ol. Hərəkətlərinlə nümunəvi insana çevril. Nənənin ,babanın ,bizim fəxrimiz ol.
Səs Elnura o qədər doğma gəlirdi ki. Bütün ömrü boyu bir söz söyləmədən bu səsi bezmədən dinləyə bilərdi. Tez gözünün yaşlarını sildi. Danışmaq istəyirdi, amma bacarmırdı. Sanki nitqi tutulmuşdu. Anasını bərk-bərk qucaqladı. Sonra atasının dizləri üstə oturdu. Elşad onu öpüb bağrına basdı. Nuranə də onların yanına gəldi. Şəkildə olduğu kimi stullarda oturdular. Elşad Elnuru bir əli ilə qucaqladı. Bir əliylə isə Nuranənin əlindən tutdu. Elnur da tez anasının donundan yapışdı. Sonra “Sizi sevirəm, özü də lap çox sevirəm!” -dedi. Elə bu vaxt yağış yağmağa başladı.
Elnur üzünü göyə tutanda iki damla yağış gözünün üstünə düşdü.
Qan-tər içində yuxudan oyanan Elnur çarpayısında donub qalmışdı.
Yaşadıqlarını anlamağa çalışdı. Yataqdan qalxdı, ətrafına göz gəzdirdi, lakin sehrli kitabı tapa bilmədi. Heç çantası da yığılmamışdı. Azərbaycan dili dəftərini açdı. Ev tapşırığını- esseni yazmamışdı. Yatmazdan əvvəl nə etdiyini yada salmağa çalışdı. Axırıncı dəfə ailəsinin şəklinə baxırdı. Çarpayısına yaxınlaşıb şəkli axtardı. Şəkil yastığının yanında idi. Hər şeyi indi başa düşdü. Şəklə baxarkən yuxuya gedibmiş. Həqiqət zənn etdiyi hadisələr,sən demə, yuxu imiş. Gülümsədi. Yuxu olsa belə,anasını, atasını görə bilmişdi. Onlarla danışmışdı da. Bir neçə dəqiqəlik də olsa, onları yanında hiss etmiş, nəfəslərini duymuş, səslərini eşitmişdi. Nəyə desən dəyərdi bu. Yazı masasına keçdi. Yuxusunu aldığı üçün özünü yorğun hiss etmirdi. Həm də artıq tapşırığını necə yazacağını bilirdi. İşinə yenicə başlamışdı ki, nənəsinin səsini eşitdi:
-Gözümün işığı, Nənən sənə qurban,gəl, yemək hazırdır.
Elnur dəftəri bağladı. Əllərini yuyub masaya getməyə tələsdi. Çünki ətrafa yayılan qoxudan anladı ki, bu gün axşam yeməyinə onun sevdiyi yarpaq dolması var.
Müəllif: Salahlı Aytac
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsi