Kateqoriya arxivləri: Vaqif YUSİFLİ

Vaqif İbrahim – Hüseynov 1936-cı ildə Lənkəranda doğulub

Vaqif İbrahimVaqif İbrahim oğlu Hüseynov 1936-cı ildə Lənkəranda doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İlk mətbu şeiri 1958-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. “Leninçi” adlı Lənkəran rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib (1958-1965), “Çağırış” adlı Masallı rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, sonra redaktor olub (1965-1977). Sosial yüklü məqalə və felyotonları, dövrün ədalətsizliklərinə qarşı sərt şeirləri, redaktor kimi prinsipial mövqeyi onun qısa bir zaman ərzində tanınmasına və nüfuz qazanmasına zəmin yaradıb.

Rəhbərlik etdiyi qəzetdə ən müxtəlif sahələrdəki problemləri işıqlandırması, rayon rəhbərliyinin təzyiqlərinə boyun əyməməsi “Çağırış” qəzetinin redaktorluğundan getməsi ilə nəticələnib. 1978-ci ildə doğulduğu Lənkərən rayonuna qayıdıb və omrünün sonunadək radio verilişləri redaksiyasının redaktoru vəzifəsində çalışıb.

1967-ci ildə “Sevərək yaşayanlar” povesti, 1983-cü ildə “Dəniz çağırır” kitabı, 1985-ci ildə “Vətən sənə borcum qaldı” kitabı çap olunub.

Vaqif İbrahim 1985-ci ildə 49 yaşında vəfat edib.

Ruhu şad olsun. Amin.

VAQİF YUSİFLİ YAZIR

Vaqif Hüseynov (1936-1985) əlli yaşına çatmamış, özü də nigaran halda dünyasını dəyişdi. Şeirlərinin yaşayacağı-yaşamayacağı, bir şair kimi yad edilib-edilməyəcəyi fikri ilə getdi dünyamızdan.
Sağlığında tanınırdı, sevilirdi. Masallıda, Lənkəranda yaşamasına baxmayaraq respublika ədəbi ictimaiyyəti onu istedadlı bir şair və jurnalist kimi qəbul edirdi. O, Lənkəranda “Leninçi”, Masallıda “Çağırış” qəzetlərində işləmiş, hər iki qəzetin nüfuzunu qaldırmış, respublikada, hətta o zamankı SSRİ miqyasında bir naşir kimi tanınmışdı. “Çağırış” qəzetində redaktor işləyərkən “Pravda” qəzetində bu rayon qəzetinin işi təriflənmişdi. Bir sözlə, Vaqif Hüseynov Cənub bölgəsində ən hörmətli və nüfuzlu bir ziyalı kimi hamının rəğbətini qazanmışdı. Deyək ki, o illərdə Masallı və Lənkərana yolu düşən şairlər, sənət adamları Vaqif Hüseynovun da qonağı olurdular. Çox təəssüf ki, bu şöhrəti gözü götürməyənlər oldu. Masallıda, “Çağırış” qəzetində redaktor işləyərkən rayon partiya komitəsinin birinci katibi Vaqifi şərlədi. Təpədən dırnağa hirs və hikkə, namuslu ziyalılara qarşı qərəzçi olan Katibin qarşısında çoxları əyildi, sındı, mənliyini itirdi, bir çoxları buyruq qulu oldular (o dövrdə rayonlarda hakimi-mütləq olan kiçik padşahlarının diktatorluğunu unutmamışıq), amma Vaqif əyilmədi, bu cırtdan despotun yanında başını dik tutdu. Mənəvi təqiblər başlandı, qəzetin “nöqsanlı işi” rayon partiya komitəsinin büro iclasına çıxarıldı. Vaqif Hüseynov işdən azad olundu, bu iş Bakıya da gedib çatdı, amma heç kəs bu haqsızlığın qarşısını ala bilmədi. Rayon qəzetinin şərəfini, nüfuzunu bir respublikada tanıdan, “Qızıl qələm” mükafatı laureatı, həm də istedadlı bir şair bir nadan katibin qərəzçiliyi ucbatından öz işindən təcrid oldu, hardasa kiçik mühasib işinə düzəldi, az maaşla balarını dolandırmaq lazım idi. Amma o despotcığaz hələ Masallıdaydı, dünən Vaqifin şərəfinə ucu güllü, ütülü tost söyləyənlər isə bir andaca qeybə çəkildilər. Və Vaqif Hüseynov Masallını tərk edib Lənkərana köçdü. Radio redaksiyasında balaca bir maaşla işləməyə başladı və əlli yaşı olmamış bütün bu haqsızlıqların qövr elədiyi ürəyi dayandı…g
Vaqif Hüseynov unudulmayıb. Haqsızlığın ömrü uzun sürmədi. Sular duruldu. O despot katibdən bu dünyada bir xoş xatirə belə qalmadı, köçünü sürüb getdi və kimsə onu yad eləmir, amma Vaqif Hüseynov yaşayır. Lənkərandakı şəhər mədəniyyət evi onun adını daşıyır. Sağ qalan şair dostları və ondan poeziya dərsi alan cavanlar (indi onlar da Vaqif yaşına gəlib çatıblar) onu yad edirlər. Vaqifin Bakıda və Lənkəranda 70 illiyi təntənə ilə qeyd olundu. Vəfatından sonra “Vətən, sənə borcum qaldı” və “Mənə vaxt verin” şeir kitabları işıq üzü gördü.
Əlbəttə, onu bir şair kimi çox sevdim və indi-XXI əsrin ikinci onilliyində onun şeirlərinin heç də köhnəlmədiyini görürəm.
Şair kimdir? Bu sual əsrlərdən bəridir səslənir. Bu gün də bir daha, bəlkə daha israrla səslənməlidir. Çünki:

Şeirə təpilibdir yuxuyozanlar,
Axı, söz sinədə boğulmur daha!
Odur ki, çoxalıb şeir yazanlar,
Fəqət əsl şair doğulmur daha!

Mən də istəmirəm boğulsun istək!
Mən də istəmirəm kilidlənsin dil!
Ancaq şairsənsə möcüzə göstər!
Onsuz peyğəmbər də peyğəmbər deyil!

Bir şeir yüz gözün yaşını silsə,
Təslim olsa xərçəng, sağalsa vərəm.
Dəli ağıllansa, kor görə bilsə,
Mən ona, mən ona şair deyərəm!

Nə vəzifə ara, nə şöhrət, nə taxt,
Ömür ki tələsən səhər yelidir.
Unutma, unutma, unutma heç vaxt
Şair də möcüzə göstərməlidir.
Vaqif Hüseynov bu şeirdə yaratdığı şair obrazına layiq olmağa çalışırdı. Əsl şair üçün isə əyalətdə, ya mərkəzi şəhərdə yaşamağın heç bir fərqi yox idi. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra (4-1958) doğulduğu, boya-başa çatdığı Lənkərana qayıtmışdı. Ədəbi-publisistik yaradıcılığını da elə Lənkəranda, sonra Masallıda davam etdirmişdi. Amma gözdən-könüldən iraq deyildi, şeirləri mərkəzi mətbuatda tez-tez çap olunurdu.

Ah, bu necə lövhədir!
Düşünürəm bayaqdan.
Düşmür söz qəlibinə.
Xana-xana pəncərəm.
Göyün bir parçasını
Salıb öz qəlibinə
Pəncərəm xana-xana,
Asiman xana-xana.

Vaqif Hüseynov dünyaya, onun gözəlliklərinə, cəmiyyətə, cəmiyyət hadisələrinə, təbiət və təbiət hadisələrinə öz ömrünün “xana-xana pəncərəsindən” baxırdı. Dünya gözəl idi, həyat şirin. Amma bu gözəl dünyada narahat bir şair ömrü çırpınırdı.
Onun “İnsan” sonetlər çələngi XX əsr insanının duyğu və düşüncələrindən süzülmüşdü. Əsrin həyəcanları, bu həyəcanları içində yaşadan bir şairin öz oğluna vəsiyyəti idi bu sonetlər çələngi.

Hamıdan güclüsən insan, ey insan!
Səni sarsıtmayıb xaqanlar, şahlar.
Əllərin göylərdən üzülən zaman
Ayağın altına düşüb allahlar.

Başın günəşdədir, gücün torpaqda,
Sabahın həqiqət, keçmişin nağıl.
Oğluma danışdım hünərin haqda,
-Sən də hünərli ol,-dedim, – ay oğul!

İnsan cərgəsinə qoşul, ay bala!
Bir qartal qanadlı quş ol, ay bala!
Simurq tək hayan ol insan oğluna.
Bu dünya tamaşa, şəbih deyil ki!
İndidən anla ki, indidən bil ki,
Xalı döşənməyib ömür yoluna.

Vaqif Hüseynov “müharibə uşağı” idi. Atası İbi kişi müharibədən qayıtmadı. Bu həsrəti, bu nisgili o, bir çox şeirlərində və “Atam yaşındayam mən” poemasında ifadə elədi. “Söylə, hardasan, ata?! Tapıb son ünvanını Gəldim Sapun-qaraya, Cavab ver, məlhəm göstər Qəlbimdəki yaraya”…
Vaqif təbiət vurğunu idi. Necə olmayaydı? O, Lənkəran kimi başdan-ayağa təbiət möcüzələri ilə dolu bir diyarda doğulmuşdu. Lakin insanları, vəzifəli adamları mədh eləmədiyi kimi, təbiətin də məddahı deyildi, amma təbiətin gözəlliklərini, möcüzələrini şeirlərində canlandırırdı. Onun “Lənkəran” sonetlər çələngində, həmçinin neçə-neçə şeirində Lənkəranın, Cənub bölgəsinin gözəllikləri, buraların dağları, meşələri, Xəzər dənizi konkret lövhələrlə rəsm edilir, sanki təbiətdən şeirə köçürülürdü. Budur, qış lövhələri:

Buz tutub dərədə bulağın gözü,
Gərək qar dolduraq susuz sənəyə.
Axır ki, əsl qış gəldi, “qar” sözü,
Az qala dönmüşdü bir əfsanəyə.

Balalar quş kimi pərvazlanaraq
Evlərdən həyətə tökülmüşdülər.
Bir dünya sərçəylə bir dünya uşaq
Elə bil multfilmə çəkilmişdilər.

Başqa bir lövhə: payız.

Dərəyə səs düşdü, qaya bağırdı,
Düşən ildırımdı, kişnəyən göydü.
Bir parça gecənin rəngi ağardı,
Bir daraq ağ yağış torpağı döydü.

Əsib silkələndi payız gecəsi,
Buluddan-buluda od düşdü sanki.
Heyrətlə boylanan bir dağ keçisi
Zirvədə heykələ dönmüşdü sanki.

Vaqif Hüseynov elə bir dövrdə yaşayırdı ki, vəzifə, şan-şöhrət uğrunda ləyaqətsiz mübarizələr, pulun çirkin rolu, yaltaqlıq, riyakarlıq kimi mənfi hallar baş alıb gedirdi. Bunlar indiki dövrdə bəlkə daha çoxdu.
Amma o illərdə belə neqativ hallara qarşı mübarizə aparmaq, sözü üzə demək çox çətin idi. Amma ümumi şəkildə olsa da, Vaqifin satirik şeirlərində bu mənfiliklərə qarşı saçılan atəşləri görürük. Onun pula aid yazdığı şeirləri buna misal ola bilər: “Səni kim doğdu, kim əkdi, kimdən aldın ad, Pul! Dad qıldı kimlər ol gün, kimlər oldu şad, Pul! Sən ayaq açdıqca, dil açdıqca açdın qol-qanad, Qol-qanad açdı, ayaq açdı fitnə-fəsad, Pul! Yer özü pul kisəsi, ay da, Günəş də o sayaq, Fərş-Pul, əflak-Puldur, fərd-pul, Əfrad-Pul! Bir qulaq ver nə deyir rənginə həsrət Vaqif, Dad əlindən, dad əlindən, dad əlindən, dad Pul!”
Vaqifin bir qisim şeirləri “Yaxşı adamları qoruyaq gərək!” başlığı altında təqdim edilir və bu da səbəbsiz deyil. O, əksər şeirlərində İnsanı tərənnüm edirdi, onun əməyini, qəlbinin gözəlliklərini şeirdə canlandırırdı. Keçən əsrin 60-80-ci illərində şairlərin bir çoxu böyük vəsfguluq və tərənnümçülüklə Lenini, partiyanı, sinəsi ulduzlu Sosialist Əməyi Qəhrəmanlarını tərifləyirdilər, Vaqif Hüseynov isə bunlardan, bu ənənəvi məddahlıqdan qaçırdı. O, konkret olaraq bir insanı yox, ümumiyyətlə, həyatın, bəşərin, tarixin yaradıcısı olan insanı şeirlərinin qəhrəmanına çevirirdi. Onun şeirlərinin qəhrəmanı olan bu İNSAN azərbaycanlı idi, milli mənsubiyyəti məlum idi:

Nə yaxşı ki, bu dünyaya yolum düşüb!
Təsadüfmü, zərurətmi doğub məni?
Bağrım olub oyum-oyum, deşim-deşim,
Zaman əzib, güllələyib, boğub məni.

Fəqət yenə dikəlmişəm ayaq üstə,
Ağır illər keçib gəlib izim mənim.
Üzərimə düşmən axıb dəstə-dəstə,
Bircə kərə yer görməyib dizim mənim.

Qüvvət alıb Nəsimidən, Xətaidən,
Torpğımı qorumuşam gözüm kimi.
Qılınc ilə, qələm ilə məşhuram mən,
Qılıncım da kəsərlidir sözüm kimi.

Mən insanam, qüdrətim var, şöhrətim var,
Mən insanam, yerin, göyün məbədiyəm!
Qoy eşitsin uzaq, yaxın kainatlar:
Bu dünyada qonaq deyil, əbədiyəm!

Vaqif Hüseynovun ölümündən 36 keçir. Bu illərdə çox sular dəyişib, məmləkətimizdə çox hadisələr baş verib. Quruluş dəyişib. İnsanlar dəyişib, zövqlər yeniləşib. Azadlıq qazanıb, müstəqillik əldə etmişik. Vaqif Hüseynov yaşasaydı, bütün bu yeniliklərdən, dəyişmələrdən yazardı. Poeziyasında yeni Azərbaycanla baş-başa verərdi. Amma sağlığında bu günləri çox arzulamışdı… Allah rəhmət eləsin, – deyirik…

Müəllif: VAQİF YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

Vaqif İbrahimin yazıları

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vaqif YUSİFLİ -Sonet çələngi haqqında

Yüz on beş il bundan öncə – 1907-ci ildə – “Füyuzat” jurnalının 20-ci sayında “Xəyali-mənfur” adlı bir şeir oxuculara təqdim edilir. O şeirin müəllifi əslən  Cənubi azərbaycanlı, Bakıda və Təbrizdə baş verən inqilabi hərəkatların iştirakçısı,  amma eyni zamanda lirik şeirləri ilə də mətbuatda çıxış edən Səid Səlmasi  (1883-1909) idi. Və bu şeir sonralar tədqiqatçılarımızın qeyd etdiyi kimi, Azərbaycan ələbiyyatında dərc olunan ilk sonet nümunəsiydi. Yeri gəlmişkən qeyd edilməlidir ki, vətəni İtaliya olan sonetin Azərbaycan ədəbiyyatında nəşv-nüma tapması və illər keçdikcə əsas şeir formalarından birinə çevrilməsi barədə, ümumiyyətlə, sonetin bizim ədəbiyyatda keçdiyi inkişaf yolu ilə bağlı bir neçə sanballı tədqiqat əsərləri yazılmışdır. Bu sırada ilk təşəbbüs akademik İsa Həbibbəyliyə məxsusdur. Onun “Şeirimizdə ilk sonetlər” (1977), “Poetik formalarda novatorluq” (1979) məqalələri, həmçinin “Romantik lirikanın imkanları” monoqrafiyası (1984) sonetin ədəbiyyatımızda varlığını müəyyənləşdirən ilk yazılardır. Professor Seyfulla Əsədullayevin  “Azərbaycan poeziyasında sonet janrı. Tarixi və nəzəriyyəsi” kitabı da (2002) elmi məlumat və sonetin təbliği baxımından mühüm elmi əhəmiyyətə malikdir. Lakin professor Hüseyn Həşimlinin “Azərbaycan poeziyasında sonet və terset” (2003) sanballı elmi tədqiqatı mövzunu tam əhatə edir, monoqrafiyada elmi-ədəbi materiallar əsasında  Azərbaycan ədəbiyyatında  Avropa mənşəli  sonet və terset ətraflı şəkildə araşdırılır, sonet və tersetin mənşəyi, poetik özəllikləri, dünya ədəbiyyatında mövqeyi, poeziyamızda təşəkkülü, inkişaf mərhələləri, ideya-sənətkarlıq axtarışları barədə geniş söz açılır. Azərbaycan sonetinin tədqiqatçılarından biri də şair, ədəbiyyatşünas – sonetlər müəllifi Elşad Səfərlidir. Onun “Azərbaycan sonetinin poetik xüsusiyyətləri” dərs vəsaiti, həmçinin  “Sonet janrı və Azərbaycan soneti” monoqrafiyası da artıq Azərbaycan ədəbiyyatşünaslığında sonetşünaslığın yaranması barədə xoş təəssürat yaradır. Bu tədqiqatlarda Avropada çox populyar bir janr olan sonetin Azərbaycan ədəbiyyatında hansı özəllikləri ilə diqqəti cəlb etdiyi araşdırılır. Tədqiqatçılar keçən əsrin əvvəllərindən başlayaraq XX əsrin sonuna və bu əsrin iki onilliyinə qədər sonetin bizim ədəbiyyatda keçdiyi inkişaf yolu və ayrı-ayrı müəlliflərin sonet yaradıcılığı barədə söz açırlar.

H.Həşimli sonet şeir növünün kamilləşmə və kütləviləşmə dövrünü 1960-1980-ci illərə aid edir və tamamilə haqlıdır. Əliağa Kürçaylı, Adil Babayev, Zeynal Xəlil, Abbasağa, Şəkər Aslan, Abbas Abdulla, Məmməd Faiq, İlğifat Saleh… sonet yazan bu müəlliflər sırasında heç şübhəsiz, həm keyfiyyət, həm də kəmiyyət baxımından birinci yeri Adil Babayev tutur.

Adil Babayev Azərbaycan sonetinin 220-dən artıq möhkəm daşlar və sütunlar üzərində, həm də gözəl naxışlarla bəzənən bir binasının təməlini yaratmağa başladı və əlbəttə, sonrakı sonet müəllifləri də belə binanın ucalmasında istedadlarını əsirgəmədilər. Adil Babayevin sonetləri nəinki 60-70-ci illərdə, elə indi də maraqla oxunur, izlənilir. Onun sonetləri şeirimizin S.Vurğun, R.Rza, B.Vahabzadə adları ilə təmsil olunan “fəlsəfi şeir” tendensiyası ilə paralellik təşkil edir və bu sonetlərdə V.Şekspirin təsiri olduğunu danmaq olmaz. Zəmanədən şikayət, yaxud məhəbbətin tərənnümündə oxşar motivlərin olması dünyanın dəyişilməz qanunları ilə bağlıdır.

Əzəldən düşmənimdir riyakarlıq, xəyanət,

Onlar mənim gözümdə dəhşətlidir ölümdən.

Tutar qəlbimi ağrı, sarar fikrimi zülmət,

Məhv etməsəm, qaçsalar onlar mənim əlimdən.

Saxtakar qəlbə girər, bəzən xoş duyğu kimi,

Dolanar gözümüzdə şirin bir yuxu kimi,

İşvəsi çox, boyası çoxdur riyakarlığın.

Ümumiyyətlə, Azərbaycan şairlərinin sonetə məhəbbəti V.Şekspirin sonet yaradıcılığından pərvəriş tapıb desək, qətiyyən yanılmarıq. V.Şekspirin anadan olmasının 400 illiyi bütün dünyada, o cümlədən Azərbaycanda təntənə ilə qeyd olundu. Şair Tələt Əyyubov V.Şekspirin bir sıra pyeslərini, həmçinin sonetlərini ruscadan Azərbaycan dilinə tərcümə etdi. Deyilənə və yazılana görə, T.Əyyubovun tərcümələrində bəzi qüsurlar olub. Amma bu qüsurlara baxmayaraq, Tələt Əyyubovun tərcümələrinin əksəriyyəti V.Şekspirin poetik  ruhu ilə səsləşirdi.

Ulduza bənzəmir onun gözləri,

Onun dodaqları deyildir mərcan.

Sinəsi andırmır qarı, mərməri,

Qara saçlarına demərəm ilan.

Dəməşq güllərinə onun yanağı

Bənzəməz, götürməz müqayisəni.

Deyil bənövşənin incə yarpağı,

Bədən ətri verir onun bədəni.

Yoxdur surətində xüsusi rənglər,

Yoxdur şəfəqlərin alnında izi.

Bilmirəm necədir göydə mələklər,

Yer üstdə yeriyir mənim əzizim!

O, heç geri qalmaz – arxayınam mən, –

Yalan təşbihlərlə bəzənmişlərdən.

Şair-tərcüməçi Sabir Mustafa cəsarətli bir addım atır, V.Şekspirin sonetlərini birbaşa ingiliscədən dilimizə tərcümə edir. 1980-ci ildə bu tərcümələr kitab halında nəşr olunur. Ancaq S.Mustafa bununla kifayətlənmir, məhz V.Şekspirə məhəbbəti onun özünü də sonet yazmağa həvəsləndirir. 1998-2003-cü illərdə S.Mustafanın “Türk sonetləri” oxuculara təqdim edilir. Mövzu dairəsi geniş olan bu sonetlərdə biz Azərbaycan sonetinin yeni bir səhifəsi ilə tanış oluruq. Digər sonet müəlliflərindən fərqli olaraq S.Mustafanın sonetlərində ictimai-siyasi motivlər, türkçülüyün təbliği mühüm yer tutur.

Durub dayanmışıq yolayrıcında,

Bir allah sənindir, bir allah mənim.

Yaman qovruluruq ömrün sacında,

Bir tamah sənindir, bir tamah mənim…

Bir kökük, min yerə parçalanmışıq,

Bir budaq sənindir, bir budaq mənim.

Yadların əliylə haçalanmışıq,

Bir calaq sənindir, bir calaq mənim.

Bütövlük olsaydı əgər özündə,

Türk özü dünyaydı dünya üzündə.

S.Əsədullayevin bir fikri ilə sözümüzə davam edək. “Azərbaycan poeziyasında sonet dəniz dalğası kimi gah qabarır, gah da çəkilir”. “Çəkilmə” prosesi 60-cı illərin sonlarına qədər davam edibsə, bu da səbəbsiz deyil. Həmin dövrə qədər Azərbaycan soneti “təcrübə mərhələsində” idi. Bu mərhələdə Azərbaycan şairləri soneti milli şeirimizin digər formalarından ayırmır, onun texniki normalarına əməl edir, lakin yazdıqları sonetlərdə milli varlığımızın, milli ruhumuzun və bizi düşündürən problemlərin bədii inikasına üstünlük verirdilər. Amma 60-cı illərin sonlarından başlayaraq, məhz Adil Babayevin sonet yaradıcılığı şairlərimizi sanki həvəsə gətirdi. Xüsusilə yurdumuzun Cənub bölgəsində sonet “fırtınası” gurladı. Şəkər Aslan, Vaqif Hüseynov, Abbasağa, Mirhaşım Talışlı, Elşad Səfərli, Ağamir Cavad, Balayar Sadiq, Tərlan Əbilov, Qorxmaz Kadusi, Əhməd Haqsevər, Əli Nasir …bu şairlərin hər birinin ayrıca sonetlər silsiləsi (13 sonet) və sonetlər çələngi (15 sonet) var. Təbii ki, burada o bölgənin ədəbi mühitinin istedadlı nümayəndəsi Şəkər Aslanın təsirini unutmaq olmaz. Onun “Lənkəran sonetləri” və “Sonetlər çələngi”ndən sonra elə bil, Lənkəranda yaşayan şairlər arasında “sonet yarışı” başlandı. Bu sonet müəllifləri müxtəlif mövzulara müraciət etmişlər: yaşadıqları Lənkəranın təbii gözəllikləri, məhəbbətin, sevginin tərənnümü, vətənpərvərlik, yurdsevərlik duyğuları, ayrı-ayrı mənəvi keyfiyyətlərin poetik təsviri, son illərdə isə şəhidlik və müharibə mövzuları. Burada Şəkər Aslanın sonetlərini xüsusilə fərqləndirmək lazımdır. Onun sonetləri (əsasən italyan sonetləri formasında) öz bədii-sənətkarlıq tamlığı, mövzu-ideya bütövlüyü, bədii təvir vasitələrinin rəngarəngliyinə görə seçilir. Bunu S.Əsədullayev də, H.Həşimli də, E.Səfərli də  etiraf edirlər.

Hər ölüb gedənlə ölər məhəbbət,

Yox, belə düşünmə, düşünmə belə!

Ölüm məhv eləyir hər şeyi, fəqət

Bircə bacarmayır məhəbbət ilə.

Ölüm qəzəblənib gələrsə əgər,

Ölməzlik gətirər sevənlər üçün.

Elə buna görə deyildir məgər,

Leyli də yaşayır, Məcnun da bu gün.

Sevən ürəklərin harayı, səsi,

Ən kiçik, ən zərif sevgi nəğməsi

Əsrdən-əsrə gedən ox olar.

Dünyada sevginin heç itmir izi,

Hər bir ölənin də büllur sevgisi,

Hər bir doğulanla yenə doğular.

Bu sonet Şəkər Aslanın “Ömrün yayında” sonetlər çələngindəndir (XIII sonet). Bütün çələng boyu Ş.Aslan məhəbbəti – bu ali hissi tərənnüm edir. Və deyək ki, məzmunu formaya qurban vermir.

Burada qeyd edək ki, Azərbaycan ədəbiyyatında sonetlər çələnginin ilk nümunəsini (“Ömrün yayında”) 1978-ci ildə Şəkər Aslan yaratmışdır. H.Həşimli adını çəkdiyimiz həmin monoqrafiyada sonetlər çələnginin də yaranma tarixindən söz açır. Məlum olur ki, sonet kimi, sonetlər çələngi də İtaliyada yaranmışdır və bir sıra Avropa ədəbiyyatlarında, xüsusilə rus poeziyasında geniş yayılmışdır. Şəkər Aslan hansısa yazısında qeyd edir ki, onun sonetlər çələnginıi yazmasında rus şairi  V.Solouxinin təkidi və təsiri olmuşdur. Ş.Aslanı ondan artıq sonetlər silsiləsinin və sonetlər çələnginin ımüəllifidir.

Qısaca sonetlər çələnginin özəlliyindən söz açaq. Sonetlər çələngi on beş sonetdən ibarətdər və bu on beş sonet bir-birilə eyni ideya ətrafında əlaqələndirilir. Amma bu çələngdə formal – qaçılmaz bir qayda var ki, ona mütləq əməl etməlisən. On dörd sonetin hər birinin başlanğıc misrası on beşinci sonetdə təkrar olunur və sonuncu sonet yaranır. Bundan başqa, birinci sonetin sonuncu misrası ikinci sonetin əvvəlində, ikinci sonetin sonuncu misrası üçüncü sonetin əvvəlində (sonrakılar da beləcə) təkrarlanır. Əlbəttə, sonet çələngi yaratmaq çox çətindir, – deyə düşünə bilərik. Təbii ki, çətindir, amma Cənub bölgəsində yaşayan şairlərimiz “Şəkər Aslan dərsini” yaxşı mənimsəməyə çalışmışlar. Şəkər Aslanla yanaşı, Vaqif Hüseynovun sonetlər çələnginin də (“Məhəbbət əyləncə deyil”, “İnsan”, “Lənkəran”) Cənub bölgəsi şairlərinə təsiri az olmayıb. Onun oğluna həsr etdiyi “İnsan” sonetlər çələngi həm şeiriyyət baxımından, həm məzmunca, həm də sonetlər çələnginin formal qaydalarına əməl etmək baxımından Azərbaycan sonetinin ən sanballı nümunələrindən biridir.

Xalı döşənməyib ömür yoluna,

Büdrəyib aşanda əzilməyəsən.

Qüvvət yığ dizinə, güc ver qoluna,

Dolayda təngiyib üzülməyəsən.

Qorxunc bir dərədə yolunu azsan,

Zülmət qurşun kimi çökər üstünə.

Qranit qayanın köksünü qazsan

Zirvə daş qalağı tökər üstünə.

Ancaq heç vaxt olma zirvə girinci,

İnci ol, zirvədə nə gəzir inci?

İncini bağrında gizləyir ümman.

Şairin sözünü yadda saxla gəl:

Hamıdan ağıllı, hamıdan gözəl,

Hamıdan güclüsən, insan, ey insan.

Təbii ki, bu yazıda Cənub bölgəsində yaşayan digər şairlərin sonetləri barədə geniş söhbət açmaq fikrində deyilik. Ancaq son iyirmi ildə az qala bütün yaradıcılığını sonetə həsr edən Elşad Səfərlini və Balayar Sadiqi də unutmayaq. Elşad Səfərlinin 2017-ci ildə “Lənkəran sonetləri” kitabı çapdan çıxıb və bu kitabda Elşadın 60 müstəqil soneti və iki sonetlər çələngi cəm olub. Hüseyn Həşimli həmin kitaba yazdığı ön sözdə E.Səfərlinin sonet yaradıcılığındakı axtarışlarından söz açır. Bu axtarışlar həm onun mövzu-tematika və bədii-sənətkarlıq xüsusiyyətlərini əks etdirir, sonet haqqında sonet, çevrilmiş sonet, yarımçıq sonet, başsız sonet, məsnəvi sonet, sonet-verlibr, sonet-broxokolon, yaxud monostix, axsaq sonet, birbaşa sonet, quyruqlu sonet, ikiqat sonet… növlərini ilk dəfə Azərbaycan poeziyasına gətirir. Əlbəttə, bu sonet növlərini Azərbaycan poeziyasında görüntüləmək maraqlı təşəbbüsdr. Üstəlik, E.Səfərlinin bir sıra sonetləri ayrı-ayrı sənətkarlara ithaf olunub (V.Şekspir, B.Pasternak A.Babayev, N.Həsənzadə, Xəlil Rza Ulutürk Ş.Aslan, V.Hüseynov və b.). Biz E.Səfərliyə onu arzulayaq ki, onun “sonet əməliyyatları” izsiz qalmasın, digər sonet müəllifləri də sonetin bu növlərindən istifadə etsinlər.

Nəhayət, son on ildə sonet yaradıcılığında az qala maksimum həddi də keçən Balayar Sadiqin sonetlər çələngləri haqqında. Onun “Allahın unutduğu adam” və “Payız məktubları” kitablarında 12 sonetlər çələngi toplanıb. Amma bu, nisbi saydır, 2016-dan üzü bəri Balayarın bir o qədər də sonetlər çələngi ilə rastlaşmışıq. Balayar müasir poeziyamızda heç kimə bənzəməyən, poetik üslubunun özünəməxsusluğu ilə seçilən şairdir, Onun şeirlərində poeziyamızın yaşarı ənənələri ilə modern şeir çalarları vəhdət təşkil edir. Bu cəhət özünü onun sonetlər çələnglərində də hiss etdirir. Biz elə bu jurnalda (2020, № 3-4) dərc etdirdiyimiz bir resenziyada Balayar Sadiqin Əli Kərim yolunu davam etdirdiyindən, onun assosiativ şeirə meyil etdiyindən, bənzətmə və metaforalara üstünlük verdiyindən söz açmışdıq və onu da qeyd etmişdik ki, Balayar sonetlər çələngində də uğur qazana bilir. Təbii ki, şair şeirin hansı növünə müraciət edirsə, onun, əgər belə demək mümkünsə, poetik sifəti dəyişmir. Şeirlərində olduğu kimi, B.Sadiq sonetlər çələngində də maraqlı, hətta gözlənilməz metaforalara, bir sözlə, bədii təsvir vasitələrinə meyil edir. Təbii ki, onun istər şeirlərində, istərsə də sonetlər çələngində içində uğursuz olanları da az deyil. Amma istər şeir olsun, istər poema, istərsə də sonetlər çələngi, hər bir poetik əsər bədii tamlığı və bütövlüyü ilə diqqəti cəlb etməlidir. Balayarın “Şəhid arzusutək gülümsə, Vətən”, “Ömrün dan yerinə məktublar”, “Həsrət qoxulu misralar”, “Tənhalıq rəngləri” sonetlər çələngi həm ideya-məzmun, həm də bədii ustalıq baxımından razılıq doğurur. Necə deyərlər, “çələng” hörülür, son ilmə də tamamlanır. Bir nümunə:

Ömrün süd qoxulu uzaqlığından,

Xatirə çayları hönkürüb axır.

Taleyin ot basmış binələrindən,

Bir səs qərib-qərib üzümə baxır.

Yamanca qarışıb yolların alnı,

Suallar bürüyüb dağı, dərəni.

Uşaq yaddaşımın əlindən tutub,

Yamyaşıl bir sual aşır bərəni.

Külək göy çəmənin darayır saçın,

Sürüşüb alnından yaşıl yamacın.

Yetim uşaq kimi çəhlim çığırır.

Könül, bu harayın başına dolan,

Bəyaz saçlarımdan o tayda qalan.

Bir kəndçi uşağı məni çağırır.

Bu sonet Balayarın “Ömrün dan yerinə məktublar” sonetlər çələngindəndir və Balayarın bir şair kimi özünəməxsusluğunu bəllədir.

Amma Balayarın poetik ustalığı heç də bütün sonetlərində aşkara çıxmır.  Yaxşı olar ki, Balayar Sadiq hərdənbir nəfəsini də dərsin, tez-tez sonetlər çələnginə üz tutmaq təkrarçılığa da aparıb çıxarır.

Azərbaycan soneti haqqında oxuduqlarımızı, müşahidə etdiklərimizi, düşündüklərimizi ifadə etdik. “Uzaqdan gələn qonağın” milli şeirimizdə yerini müəyyənləşdirdik. Sonet müəllifləri haqqında söz açdıq. Nəticədə, mərhum tədqiqatçı Hüseyn Həşimlinin Azərbaycan soneti ifadəsinə haqq qazandırırıq…

Müəllif: VAQİF YUSİFLİ

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2022.- 5 mart.- S.10-11.

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məcidin şeir dünyası – Vaqif YUSİFLİ

Rəşad Məcidin şeir dünyası

(Rəşad Məcid – 60)

Rəşad Məcidi çoxdan tanıyıram, səksəninci illərdən. Deməli, aramızdakı münasibətin tarixi 40 ilə çatır. Onda tələbə Rəşad “Elm və həyat” jurnalında əməkdaşlıq edirdi, cavan, suyuşirin bir oğlan idi. Üz-gözündən, baxışlarından şair olduğunu zənn edirdim. Və səhv etməmişdim, 1981-ci ildə “Azərbaycan gəncləri” qəzetində ustad şairimiz Hüseyn Arif onun şeirlərinə “Uğurlu yol” yazmışdı. Onda Rəşadın 17 yaşı vardı. Hüseyn Arif çox nadir hallarda hansı cavan şairinsə şeirlərinə xeyir-dua verib, o, şeirdə, şairin xislətində təbiilik axtarırdı və Rəşadın şeirlərində də təbii hisslər, duyğular qol-qanad açırdı. Mən Rəşadı “dünyaya təzə söz verən” (Yesenin), hər şeirində də təzə söz deyə bilən və buna can atan bir şair kimi tanıyıram. 1993-cü ildə çapdan çıxan “Hələ ki vaxt var” şeirlər kitabında belə bir şeir vardı:

Babalar yaşıdı ağacım,

Çiçəyin, gülün yadıma gəlməz.

Sən ki, əsrlər görmüsən,

Torpaq yaşıdı dağım.

Dünya yaşıdı Gün işığım,

Bir silkələyin yaddaşınızı,

Mən sizi tanıdım,

Siz məni tanımadınızmı?

Əlbəttə, Rəşadın ayaq basdığı torpaq öz suyuynan, havasıynan, çiçəyiynən onu tanıdı, amma şairi gərək o torpaq üstündəki el tanısın, onun mühiti – şeir aləmi, adi oxucular və söz xiridarları tanısın və bu mənada, Rəşadın bir şair kimi etiraf olunması təbiidir – bunu ustadlar – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Ramiz Rövşən də vaxtında təsdiq ediblər. Amma istəyirəm onun bir şair kimi özünəməxsusluğundan söz açım.

“Həyat haradadırsa, poeziya da oradadır” (Belinski) – Rəşad Məcid həyat adamıdır və əgər belə demək mümkünsə, yaşadığı həyatın sevinclərini, ağrılarını, gözəlliklərini, sevgi dolu anlarını şeirə gətirir; obrazlaşdırır. Şair üçün romantik, ya realist olmağın fərqi nədir? Sən ay işığına baxıb ürəyini o ay işığına kökləyərsən, təbiətin gözəlliklərini öz içindəki təbiətlə qovuşdurarsan, “Arazlaşan, Kürləşən Vətəni” köksünə sıxasan, ya bir cənublu yaşıdının azadlıq çağırışına səs verəsən… Mən Rəşadın şeirlərində onun bol-bol sevinclərinin, təbiətin gözəlliklərindən ilhamlanmağının, “onu həm öldürüb, həm yaşadanın” gəlişindən “göylərə ucalıb, səmaya qalxdığının” poetik yaşantıları ilə rastlaşdım. Ona indi dəbdə olan “ovqat şairi” demək istəmirəm. Yaşadığın ovqat (kədərdən, ya sevincdən) keçici də ola bilər, məsələ onu həyatının unudulmayan anına çevirməkdədir. Deyəndə ki: “heç nə istəmirəm…heç yana baxmaq. Heç kimi görmək istəmirəm…gözlərimi yumub səni düşünmək istəyirəm” – bu səni tərpədən, qayğılandıran gözəl bir duyğudur.

Rəşad Məcidin şeirləri haqqında yazdığım bir yazıda qeyd etmişdim ki, onun şeirlərinin əksəriyyəti sanki ay işığına tamaşa edərkən yazılıb.

Bu dağlarda ay işığı –

Çəməni bürüyən şehdir,

Bir ahıl saçında zehdir.

Bu dağlar ay işığında

Nəsildən-nəsilə saflıq aparan

Yelkənli gəmidir.

Bu dağlar ay işığında

Üz-gözü südə bulaşmış

Körpə kimidir.

Ay işığının poeziyasını şeirimizə Ramiz Rövşən gətirdi, bu ay işığı Rəşadın şeirlərində “Ürəyim yol gedir ay işığında” örnək misraya çevrildi. Ay işığını sadəcə, bir təbiət hadisəsi hesab etmirəm, o, həm də tarixdir, insanın, onun əcdadının keçib gəldiyi yolu özündə əks etdirən bir güzgüdür. Bu ay işığında “cahana od ələyən, pillə-pillə qanadlanıb şimşək kimi çaxan” “Yanıq Kərəmi”nin, tarixin möcüzə sərgisi Cıdır düzünün, tənha iydə ağacının, soyulmuş dərisinin arxasından doğan cəsarət günəşinin – Nəsiminin, sahili olmayan ümman – Vazehin şeirlərinin, suları dumduru, sahilləri səssiz-səmirsiz Araz çayının əksini gördüm.

Böyük şairimiz Məmməd Arazın bir misrasını xatırlayıram: “Təbiəti şeirə gətir!” Rəşad Məcidi mən heç də təbiət şairi adlandırmıram. Onun təsvir etdiyi ay işığı da, dağlar da, dəniz də, tənha iydə ağacı da, yağış da, qar da özü ilə təbiət arasında bir harmoniya axtarmağa yönəlir. “Səni anlamağa çalışdım, gördüm ki, səhər açılır”. “Qupquru quruyan quyu öz suyunu arzuladığı qədər təşnəyəm sənə”. “Hələ ki, qar kimisən – Təzə, bol, rahat, yumşaq, geniş… Əridikcə çıxacaq üzə gizlətdiyin hər nə var”.

Azərbaycan şeiri bütün Şərq şeiri orbitində bədii təsvir vasitələrinin, şeirə naxış vuran məcazların heyrətamizliyi ilə diqqəti cəlb edib. Bircə Füzuli kifayətdir ki, şeirimizin məcaz qüdrətinin nəyə qadir olduğunu göz önünə gətirək. Və XX=XXI əsrin şairi Rəşad Məcidin şeirlərində də “Füzulidən bir dad, bir duz” olduğunu görürsən. Çoxlu misallar gətirə bilərəm, amma Rəşadın yalnız bircə şeirini misal gətirəcəyəm ki, o şeir başdan-ayağa məcazlar üstündə qurulub –

“Əllərimin qabarı, ürəyimin qabarı”

Bir pöhrə ağacdı – tumurcuqlayıb,

Bir parça çəməndi – güllü, çiçəkli.

Bardı, bərəkətdi

Əllərimin qabarı.

Gözümdə çaxan şimşəkdi,

Alnıma söykənən əlim.

Qəlbimi yandıran qəmim, kədərim,

Sonrakı ağlım, Araz dərdim.

Ağ varaqlarda çırpınan duyğularım –

Ürəyimin qabarı.

Deyə bilmədiyim sözdü – boğulub qalıb,

İki damla yaşdı,

Gözlərimdə sıxılıb qalıb

Ürəyimin qabarı,

Əllərimin qabarı.

Yaşıl-yaşıl gözəlliyini,

Budaq-budaq barını gördüm,

Sən neylədin, ürəyimin qabarı?!

Rəşadın “Çiyələk qadın” kitabındakı şeirlərin hamısı sevgidəndir. Təbiət gözəlliklərini şeirlərində özünəməxsus orijinal bədii təsvir vasitələri ilə əks etdirən Rəşad sevgi şeirlərində də bənzərsizdir. O mənada ki, yaşanılmış hisslərini qələmə alır. Biz bu hisslərin “ərazisində” vüsal-hicran dolaylarında yol gedən, bəzən uğursuzluğa düçar olub göz yaşları içində qıvrılan, bəzən də sevdiyini mələk sanan məcnunvari bir sitayişin şahidi oluruq. Bir sözlə, onun sevgi qəhrəmanını bu müqəddəs, bu ali hissin sözün yaxşı mənasında əsiri olduğunu görürük. Sevgi varsa, yaşamağa dəyər! Sev-ucalarsan! Sev-mənən zəngin olarsan! Sev-gözəllik duyğusuyla yaşayar, yaradarsan! Sevdiyin qadına pərəstişdə, heyranlıqda bulun, onu ürəyinin taxtı-tacı bil, həyat sənin üçün gözəlləşər, ülviləşər…

Budur, sevən aşiq dahi aşiq Füzulinin heykəli qarşısında öz məhəbbətini etiraf edir:

Surquclayıb yüz ağrını, əzabı,

Dərd içində səadətdən gülmüşəm.

Xoş anların yapışmışam yalından,

Göz yaşımı gülüşümlə silmişəm.

Ustadımın heykəlinin önünə,

Aşıb-daşan məhəbbətlə gəlmişəm.

Mən nə deyim bu halətə, bu hala?

Demək, hələ çalxalanır dənizim,

Sevgimizdən qımıldanır.

Bir neçə gün bundan əvvəl “Azərbaycan” jurnalının 7-8-ci qoşa sayında Rəşad Məcidin “Şuşa dəftəri” silsiləsindən təqdim etdiyi şeirlərini oxudum. Bu silsilə Vaqif Bəhmənlinin çox dəqiq qeyd etdiyi kimi: “Şuşa dəftəri”nin poetik yaddaşı həm tarixidir, həm çağdaşdır, həm də ruhani. Bu şeirlər çoxsaylı oxucu üçün ürəyin başında, sol cibdə gəzdirilməyə layiq Qarabağ himnləridir!”. Bu silsilədə hər şeir otuz illik həsrətdən sonra Şuşanın ehya olunan təzə, bir şairin sözlə hördüyü poetik rənglərdir, naxışlardır. Mən Rəşad Məcidi – illər boyu şeirlərini oxuduğum bu şairi heç vaxt “Şuşa dəftəri” silsiləsində olduğu kimi nikbin görməmişdim. “Şuşa dəftəri” müasir poeziyamızda təzə bir sözdürdür.

Süzülür dan yerindən tarixlərin işığı –

Dahilər şəhərinin işıqlı yaraşığı!

Şəninə dastan yazır,

söz qoşur haqq aşığı,

Əcdaddan paydı deyir,

qoca Şuşa sevgisi!

Azərbaycan əsgəri…

borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!

İslanıb hər qarışı şəhidlərin qanıyla,

Dönüb yalçın qayaya,

tunca Şuşa sevgisi!

Rəşad Şuşa havasının sirrini, Şuşada bitən kəkotunun, Şuşanın loğman şaxtasının və s. Şuşaya məxsus görüntülərin sözlə çəkilən rəsmlərini Rəşadın şeirlərində gördüm.

İlkin mənbə: Edebiyyatqazeti.Az

Müəllif: Vaqif YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru