Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.
Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.
Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.
Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.
Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.
Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”
Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…
Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.
Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.
HAŞİYƏ
İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.
Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…
30.12.2020. BAKI.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1.“Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev”, “Təzadlar” qəzeti, 12.01.2021, say: 01 (2286), s.5-14.
Həsrət məni axtarandan Yaman dərdə düşmüşəm mən Gizlənmişəm hər ayrılıq Dönən sakit küçələrdə Boylanmışam arxaya mən, Gah qabağa,gah sağa mən, Sənin yaxıb,zay qoyduğun Xəstə,yanıq bu sola mən. Baş qatmışam hər küçədə, Bəzən özgə kölgələrdə, Nəfəs dərib aram-aram Həsrətindən qaçmışam mən. Yaman dərdə düşmüşəm mən. Çox düşmüşəm,zay olmuşam, Hər sevənə xar olmuşam, Çox vaxt sənən inciy düşüb, Öz anama ar olmuşam Açdığın bu boşluğu mən, Çox boşluqla doldurmuşam.
İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik. Xalqımızın mənəvi sərvəti, dövlət müstəqilliyinin başlıca rəmzlərindən olan Azərbaycan dilinin öz ana yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur. Bakının küçə və prospektləri əcnəbi dillər tərəfindən “işğal olunub”. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin keçirdiyi monitorinq zamanı məlum olub ki, paytaxtın mərkəzi küçə və prospektlərdə ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilmir. Bəzi yerlərdə vəziyyət daha acınacaqlıdır. Məsələn, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. Ötən illərdə məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilmişdir.
Bu məktublar ən yaxşı halda Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə (ADRA) göndərilir. ADRA nümayəndələri isə sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışırlar. Belə görünür, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər.
Hörmətli Sahibə xanım!
1. Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Bakı küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir. Bunun qarşısı alınmalıdır.
2. “Dövlət dili haqqında” qanuna əməl edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.
3. Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib (maddə 21). Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmalıdır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır.
4. Azərbaycan dilinin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir (“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 1.2. maddəsi)
5. Yenə həmin Qanunda (maddə 17) dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının…” adında işlədilməsi tələb edilir. Eləcə də qanunda qeyd edilir: “…göstərilən təsisatların adını əks etdirən lövhələr… dövlət dilində tərtib olunur”.
6. Yenə həmin Qanuna görə, “… bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır” (maddə 18.1.).
7. Bakının küçələrində Azərbaycan dilində yazılan lövhələrdə hətta orta məktəb şagirdlərinin tuta biləcəyi minlərlə (!) leksik, orfoqrafik, qrammatik və punktuasiya səhvləri var. Belə kobud səhvlər dövlət orqanlarının nüfuzuna ağır zərbə vurmurmu?
Hörmətli Sahibə xanım!
Deyilənləri nəzərə alaraq, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi xahiş edirik. Həmçinin istərdik ki, bir sıra əlavə məqamlara aydınlıq gətirmək üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul edəsiniz.
Hörmətlə
1. Solmaz Rüstəmova-Tohidi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor 2. Xəlil Yusifli, Əməkdar elm xadimi, professor 3. Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru 4. Qəzənfər Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, professor 5. Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor 6. Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor 7. Fazil Mustafa, millət vəkili 8. Mənsim Məmmədov, fizika-riyaziyyat elmləri namizədi, BAAU-nun professoru 9. Mayıl Əsgərov, filologiya elmləri doktoru, professor 10. Ədalət Tahirzadə, Bakı Avrasiya Universiteti, professor 11. Gülzar İbrahimova, siyasi elmlər doktoru, professor 12. Tərlan Quliyev, filologiya elmlər doktoru, Bakı Musiqi Akademiyası, professor 13. Seyfəddin Rzasoy, AMEA Folklor İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, professor 14. Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESCO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti 15. Qorxmaz Quliyev, filologiya üzrə elmlər doktoru, professor 16. Məzahir Ertuğ Avşar, Antalya Ağdəniz Universiteti, professor, rəssam 17. Toğrul İsmayıl, Kahramanmaraş Şütcü İmam Üniversiteti, professor 18. Tahirə Allahyarova, professor. 19. Rafiq Yusifoğlu, şair, ədəbiyyatşünas, professor 20. Kamil Bəşirov, filologiya elmləri doktoru, ADPU, professor 21. Xaləddin İbrahimli, professor 22. Esmira Fuad, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini aparıcı elmi işçisi, dosent 23. Əkrəm Bağırov, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent 24. Səidə Qafarova, ADU, dosent 25. Aygün Kərimova, Bakı Dövlət Universiteti, fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru 26. Şəkər Orucova, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent 27. Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent 28. Elmira Məmmədova-Kekeç, AMEA Şərqşünaslıq İnstitutu, dosent 29. Könül Hacıyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent 30. Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent 31. Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent 32. Güldəniz Qocayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent 33. Afina Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent 34. Mütəllim Rəhimov, fəlsəfə elmləri namizədi, dosent 35. Əjdər Yunusov, tarix elmləri namizədi, dosent 36. Seyfəddin Altaylı, dosent 37. Ədalət Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent 38. Pərvanə Məmmədli, fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas 39. Aybəniz Kəngərli, filologiya elmləri doktoru 40. Natella Quliyeva, Bakı Avrasiya Universitetində dekan müavini, dosent 41. Salman Süleymanov, filologiya üzrə fəlsəfə doktoru, dosent 42. Zəhra Allahverdiyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dosent 43. Dilşad Veysəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent 44. Alı Balayev, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent 45. Kəmalə Qəhrəman, BDU, dosent 46. Əlövsət Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru, dosent 47. Elza Mollayeva, BDU, “Pedaqogika” kafedrasının dosenti 48. Məmmədəli Babaşlı, AMEA Şərqşqnaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent 49. Səadət Kərimi, İsveç Umea Universitetində elmi işçi və lektor/dosent 50. Nuridə Novruzova, Bskı Slavyan Universitetinin dosenti 51. Şəhla Məcidova, filologiya üzrə fəlsəfə doktoru 52. Şəlalə Mahmudova, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru 53. Ramazan Qafarlı, filologiya elmləri doktoru 54. Şükür Mustafa, kimya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim 55. Dilrüba Cəfərova, filologiya üzrə fəlsəfə doktoru 56. Aygün Həsənoğlu. Yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru 57. Ruslan Abdullayev, dosent, filologiya üzrə fəlsəfə doktoru 58. Yeganə Hüseynova, Gəncə Dövlət Universiteti, müəllim, filologiya üzrə fəlsəfə doktoru 59. Hafiz Rüstəm, şair-publisist, şərqşünas 60. Araz Qurbanov, jurnalist 61. Səhər Əhməd, şair 62. Qurban Yaquboğlu, yazıçı, AYB üzvü 63. Sevinc Nəzərli, İsveç Azərbaycan Dram Teatrının bədii rəhbəri 64. Sona Cabbarzadə. AMEA Əlyazmalar İnstitutunun əməkdaşı 65. Yeganə Məmmədova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü 66. Jalə İsmayıl, redaktor 67. Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri 68. Çiçək Hüseynova, Bakı Avrasiya Universiteti, müəllim 69. Mirzə Ənsərli, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi 70. Aynurə Əliyeva, ADPU-da müəllim 71. Şəfayət Avılbəyli, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi 72. Rəna Bağırova, Müdafiə Sənayesi Nazirliyi, Aerokosmik agentlikdə aparıcı elmi işçi 73. Zəminə Rüstəmbəyli, türkoloq 74. Turanə Zeynalova, Bakı Avrasiya Universitetində müəllim 75. Sevinc Talıbova, Bakı Avrasiya Universitetində müəllim 76. Əlirza Balayev, əməkdar jurnalist 77. Əlövsət Əmirbəyli, Xəzər universiteti, İctimai əlaqələr və media üzrə direktor 78. Mehriban Sərdarova, ADPU, Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi 79. Nəriman Əbdülrəhmanlı, yazıçı 80. Sülhiyyə Musaqızı, yazıçı-jurnalist 81. Natəvan Bağırova, filoloq 82. Gülyaz Əliyeva, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədr müavini 83. Pərvanə Bayramqızı, yazıçı 84. Afiq Muxtaroğlu, AYB üzvü, Niderland Krallığı 85. Ayaz İmranoğlu, “İnamın gəlişi” qəzetinin baş redaktoru 86. İlqar Türkoğlu, AYB və Dünya Türk Yazarlar Birliyinin üzvü 87. Mahir Qafarov, rejissor 88. Şeyda Nəsibli, jurnalist 89. Rəsul Mirhəşimli, “avropa.info” saytının baş redaktoru 90. Rəfael Tağızadə, şair-publisist 91. Gülnarə Rəfiq – “Konservatoriya” elmi jurnalının məsul katibi, “Tərəqqi” medalı laureatı 92. İsmayıl Tanrıverdi, BDU-nun Erməni Araşdırmaları Mərkəzinin direktoru 93. Zaur Ustac, yazıçı 94. Nadir Qocabəyli, yazıçı 95. Aygün Mirzəyeva, ingilis dili müəllimi 96. Pərvanə Qədirsoy, müəllim 97. Həcər Paşayeva, müəllim 98. Cahan Quliyeva 99. Könül Aydın, filoloq 100. Məhsəti Şərif, jurnalist 101. Fizzə Heydərova, jurnalist 102. Elmira Cəfərqızı, filoloq 103. Vüsalə Məmmədli, müəllim 104. Etibar Sadiqov 105. Ismayıl Məmmədov, Lerik Rayon Mədəniyyət Mərkəzinin metodisti 106. Vəfa Ibrahimli, Azərbaycan dili və ədəbiyyat müəllimi 107. Sevil Gültən, tərcüməçi 108. Gulnar İbadova. AMEA dissertant. Ərəb dili müəllimi və tərcüməçi 109. İlyas Babaşzadə, mühəndis 110. Aynur Bəşirova, Azərbaycan dili və ədəbiyyat müəllimi 111. Səbinə İmanova, müəllim 112. Nabat Abdullayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi 113. Məleykə Əliyeva, müəllim 114. Xanımgül Həsənova, müəllim 115. Vaqif Osmanov, hidrometeoroloq 116. Nərmın Qasımova, müəllım 117. Gülçöhrə Xəlilova, Azərbaycan dili və ədəbiyyat müəllimi 118. Səadət İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi 119. Mustafakamal İslamov, mühəndis 120. Firuz Cəfərli, iş adamı 121. Aida İskəndərova, Azərbaycan dili və ədəbiyyat müəllimi, “Tərəqqi”medalı laureatı 122. Esmira İsmayılova, jurnalist 123. Sürəyya Zeynalova, Azərbaycan dili və ədəbiyyat müəllimi 124. Əminə Mərdanova, təqaüddə olan həkim 125. Zahir Cövziyev, mühəndis 126. Sürəyya Allahverdiyeva, təqaüdçü 127. Asif Abbaslı, Azərbaycan dili və ədəbiyyat müəllimi 128. Famil Cəfərli, jurnalist 129. Aygül Şərifova, Azərbaycan dili və ədəbiyyat müəllimi 130. Anar Mahmudov, tərcüməçi 131. Zeynəb Qurbanlı, tələbə 132. Zümrüd Məmmədzadə, Quba ş. H. Əliyev adına 1 saylı tam orta məktəb, Azərbaycan dili və ədəbiyyat müəllimi 133. Mətanət Paşayeva, Elmi Kardiologiya İnstitutunda elmi işçi, dissertant həkim, kardioloq-reanimatoloq 134. Zoya Məmmədova, pensiyaçı müəllim 135. Sima Cəfərova, Bakı Avrasiya Universitetində kitabxana və informasiya mərkəzinin müdiri 136. Rafiz Kərimov, mühəndis, təqaüdçü 137. İsa Mehralıyev, “Kriogen” MMC-də baş mühəndis 138. Zakir Cəfərov, mühəndis, təqaüdçü 139. Məftunə Kərimova, orta məktəbdə direktor müavini 140. Sahirə Məmmədova, Füzuli rayon 27 nömrəli orta məktəbin direktoru 141. Şəfiqə Əhmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi 142. Sakitə Qulamova, Azərbaycan dili və ədəbiyyat müəllimi 143. Elsevər Hüseynoğlu, materilaşünas mühəndis 144. Təravət Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi 145. Elxan Ağayev, Azərbaycan dili və ədəbiyyat müəllimi 146. Siddiqə Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi 147. Aynur Ələkbərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi 148. Həsən Əliyev, təqaüdçü müəllim 149. Aybəniz Zeynalova, Azərbaycan dili və ədəbiyyatı müəllimi 150. Gülnar Xəlilova, təqaüdçü həkim-pediatr 151. Rəmzi Sadıqlı, mühəndis 152. Haşım Əkbətov, həkim 153. Şakira Bədəlova, təlim-tərbiyə üzrə direktor müavini 154. Leyli İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi 155. Şəhla Soltanova, Azərbaycan dili və ədəbiyyat müəllimi 156. Aytəkin Axundzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi 157. Səkinə Novruzova, Azərbaycan dili və ədəbiyyat müəllimi 158. Validə Məmmədova, müəllim 159. Təhminə Əsgərli, Azərbaycan dili və ədəbiyyat müəllimi 160. Aysel Xanaliyeva, Təhsil İnstitutunun aparıcı mütəxəssisi, filoloq 161. Firəngiz Əsgərzadə, təqaüdçü 162. Səhlədar Hidayətoğlu 163. İbrahim Babayev, iqtisadçı-mühəndis 164. Əbilov Təmşiət, Azərbaycan dili və ədəbiyyat müəllimi 165. Röyadə Musayeva, ibtidai sinif müəllimi 166. Qaraş Əkbərov, Azərbaycan dili və ədəbiyyat müəllimi 167. Xatirə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi 168. Rəvanə Sadıqlı, Azərbaycan dili və ədəbiyyat müəllimi 169. Aygün Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi 170. Aynur Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi 171. Vəfa Hətəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi 172. Məmməd Məhəmmədov, riyaziyyat müəllimi 173. Məmmədağa Nuriyev Azərbaycan dili və ədəbiyyat müəllimi 174. Ramil Tanrıverdi, tarix müəllimi 175. Azər Quliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi 176. Mir Nazim Mirişov, politoloq 177. Aytac Əliyarlı, Azərbaycan dili və ədəbiyyat müəllimi 178. Aysel Tahirzadə, tarix müəllimi 179. Şəmsiyyə İbadova, fizika müəllimi 180. Zümrüd Quliyeva, riyaziyyat müəllimi 181. Məleykə Mehdiyeva, informatika müəllimi 182. Ülviyyə Hüseynova, müəllimi 183. Vüsalə Musayeva, ingilis dili müəllimi 184. Gülnar Əzimova, informatika müəllimi 185. Gülşən Hüseynova, rus dili müəllimi 186. Gülgün Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi 187. Aygül Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi 188. Nuriyyə İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi 189. Böyükxanım Qarayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi 190. Bahar Ağayeva, filoloq 191. Natəvan Rzayeva, filoloq 192. Məlahət Mustafayeva, filoloq 193. Rasimə Ağamalıyeva, filoloq 194. Məryəm Quliyeva, ingilis dili müəllimi 195. Sevda Mustafayeva, filoloq 196. Töhfə Bilalova, kimya müəllimi 197. Mahirə Məmmədova, ingilis dili müəllimi 198. Nərminə Məmmədova, filoloq 199. Səadət Ələsgərova, filoloq 200. Firəngiz İmanova, filoloq 201. İradə Əmrahova, filoloq 202. Zinyət Ağaşirinova, filoloq 203. Xurşud Rüstəmova, ingilis dili müəllimi 204. Şamaxı Cəbiyeva, ibtidai sinif müəllimi 205. Əntiqə Həsənova, ingilis dili müəllimi 206. Aida Rzayeva, ibtidai sinif müəllimi 207. Tünzalə Mahmudova, filoloq 208. Sədaqət Salayeva, fizika müəllimi 209. Arzu Məcidova, riyaziyyat müəllimi 210. Şükufə Cəbiyeva, riyaziyyat müəllimi 211. Mətanət Əliyeva, tarix müəllimi 212. Xalidə Həsənova, əmək müəllimi 213. Pəri Mehrani, filoloq 214. Səidə Sideifzadə, filoloq 215. Afaq Qəmbərova, jurnalist 216. Səxavət Tağlar, Azərbaycan dili və ədəbiyyat müəllimi 217. Ruslan İbayev, Azərbaycan dili və ədəbiyyat müəllimi 218. Könül Aydın (Mingəçevir), Azərbaycan dili və ədəbiyyat müəllimi 219. Alagöz Əlizadə, mühasib Müraciətin mətninin adları yuxarıda qeyd edilən şəxslər tərəfindən müzakirə olunaraq qəbul edildiyini imzamla təsdiq edirəm: Vasif Sadıqlı
Hər obanın bir yaylağı, Hər tərlanın öz oylağı; Dolaylarda bahar çağı: Bir doyunca gəzim, dağlar!
Qayaları baş – başadır, Güneyləri tamaşadır. Gödək ömrü çox yaşadır, Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada, Bir gün ömrüm gedər bada; Vurğunu da salar yada Düz ilqarlı bizim dağlar
ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!
Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Gözlərində min bir sual Heykəl kimi dayandı lal… O bəxtəvər gözəlin də Mən oxudum gözlərindən: Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım, Gecə – gündüz çöldə qaldım, Dağ başından enib düzə Bir ox kimi süzə – süzə Neçə ceyran nişan aldım; Cavab gəldi güllələrdən: Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta, Ötür sazım min sim üstə. Andı yalan, eşqi yalan, Dostluğu da rüşvət olan, Ürək yıxan bir iblis də Üzəvari deyir hərdən: Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək Alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm… Bilirəm ki, deməyəcək Bir sevgilim , bir də Vətən: -Şair, nə tez qocaldın sən!
CEYRAN
erdən ayağını quş kimi üzüb, Yay kimi dartınıb, ox kimi süzüb, Yenə öz sürünü nizamla düzüb, Baş alıb gedirsən hayana, ceyran?
Əzəldən meylini salıb çöllərə, Bəxtini tapşırdın bizim ellərə, O qara gözlərin düşdü dillərə. Dişlərin oxşayır mərcana, ceyran!
Bir məsəl qalmışdır ata-babadan: Uçarda turacdır, qaçarda ceyran Bir mən deyiləm ki, hüsnünə heyran, Şöhrətin yayılıb hər yana, ceyran!
Sükuta qərq olmuş ürəyimlə mən Keçirəm yenə də Muğan çölündən. Yanında balası, yağış gölündən Əyilib su içir bir ana ceyran!
Elə ki, son bahar min büsat qurur, Kolları-kosları yıxıb uçurur, Sıxlaşıb bir yerə baş-başa durur Düşəndə çovğuna, borana ceyran.
On addım kənarda yatmayır təkə, Gəzinir, oylağa baş çəkə-çəkə. Gələn qaraltıdır, yoxsa təhlükə? Bir özünə baxır, bir ona ceyran!
Ovçu, insaf elə, keçmə bu düzdən! O çöllər qızını ayırma bizdən! Qoyma ağrı keçə ürəyimizdən, – Qıyma öz qanına boyana ceyran! Nə gözəl yaraşır Muğana ceyran!
AZƏRBAYCAN
Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan; Eşitmişəm uzaqlardan Sakit axan arazları; Sınamışam dostu, yarı…
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamasın ellər məni.
Dağlarının başı qardır, Ağ örpəyın buludlardır. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə, Nəhs aylara, nəhs illərə. Nəsillərdən nəslərə Keçən bir şöhrətin vardır; Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə, Ala gözlü gündüzlərə; Qara xallı ağ üzlərə Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza…
Bir tərəfin bəhri-Xəzər, Yaşılbaş? sonalar gəzər; Xəyalım dolanar gəzər Gah Muğanı, gah Eldarı, Mənzil uzaq, ömür yarı!
Sıra dağlar, gen dərələr, Ürək açan mənzərələr… Ceyran qaçar, cüyür mələr, Nə çoxdur oylağın sənin! Aranın, yaylağın sənin.
Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan. Afrikadan, Hindistandan Qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar…
Bu yerlərdə limon sarı, Əyir, salır budaqları; Dağlaraının dümağ qarı Yaranmışdır qarlı qışdan, Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng, Yurdumuzun qızları tək. Dəmlə çayı, tök ver görək, Anamın dilbər gəlini! Yadlara açma əlini.
Sarı sünbül bizim çörək, Pambığımız çiçək-çiçək, Hər üzümdən bir şirə çək Səhər-səhər acqarına, Qüvvət olsun qollarına.
Min Qazaxda köhlən ata, Yalmanına yata-yata, At qan tərə bata-bata, Göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göy gölə bax!..
Ey azad gün, azad insan, Doyunca iç bu bahardan! Bizim xalı-xalçalardan Sar çinarlar kölgəsinə, Alqış günəş ölkəsinə!
Könlüm keçir Qarabağdan, Gah bu dağdan, gah o dağdan; Axşam üstü qoy uzaqdan Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.
Gözəl Vətən! Mənan dərin, Beşiyisən gözəllərin Aşıq deyər sərin-sərin, Son günəşin qucağısan Şeir, sənət ocağısan.
Ölməz könül, ölməz əsər Nizamilər, Füzulilər! Əlin qələm, sinən dəftər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır.
Bir dön bizım Bakıya bax, Sahilləri çıraq-çıraq, Buruqları hayqıraraq Nərə salır boz çollərə, İşıqlanır hər dağ, dərə.
Nazlandıqca sərin külək Sahillərə sinə gərək, Bizim Bakı – bizim ürək! İşıqdadır qüvvət sözü, Səhərlərin ülkər gözü.
Gözəl Vətən! O gün ki, sən Al bayraqlı bir səhərdən İlham aldın…yarandım mən. Gülür torpaq, gülür insan Qoca Şərqin qapısısan.
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrilarmı könül candan? Azərbaycan, Azərbaycan!
ALA GÖZLƏR
Yenə qılıncını çəkdi üstümə, Qurbanı olduğum o ala gözlər. Yenə cəllad olub durdu qəsdimə, Qələm qaş altında piyala gözlər.
Başımdan getmişdi sevdanın qəmi, Xəyalım gəzirdi bütün aləmi. Bu dustaq könlümü, deyin, yenəmi Çəkdiniz sorğuya, suala, gözlər?
Sevda yolçusuyam əzəl yaşımdan, Könlüm ayrı gəzir can sirdaşımdan; Dağıdır huşumu alır başımdan Süzülüb gedəndə xəyala gözlər.
Gərdənin minadır, boyun tamaşa, Ay da həsəd çəkir o qələm qaşa. Bir cüt ulduz kimi verib baş-başa, Yanıb şölə salır camala gözlər.
Mənim sevgilimdir o gözəl pəri, Qoy üzə vurmasın keçən günləri. Mən qədirbilənəm əzəldən bəri, Sizinlə yetmişəm kamala, gözlər.
Cahanda hər hökmü bir zaman verir, Dünən dövran sürən bu gün can verir. İllər xəstəsiyəm, yaram qan verir, Siz məni saldınız bu hala, gözlər.
YADA SAL MƏNİ
Aşıq Şəmşir, Dəlidağdan keçəndə, Kəklikli dağlardan xəbər al məni. Ceyran bulağından qızlar içəndə, Saz tutub, söz qoşub yada sal, məni.
Hay vurub, qıy vurub, səs sal dağlara, Gözəllər oylağı göy yaylaqlara. Mənim bu dərdimi de oylaqlara – Sinəmdən oxladı bir maral məni.
O ceyran baxışlı baxdı uzaqdan, Canımı odlara yaxdı nahaqdan. Yüz il də dolanıb keçsə o vaxtdan, Unutmaz aləmdə əhli-dil məni.
Gəlmişəm gəzməyə sizin dağları, Baxım yaylaqlara doyunca barı… Bu yerə şairin düşdü güzarı, Gözəl qarşıladı xoş iqbal məni.
Bəxt məni bu yerə qonaq göndərdi, Gedirəm, yamandır ayrılıq dərdi. Demə, Səməd Vurğun gəldi-gedərdi, Unutmaz bu oba, bu mahal məni…
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.