TUNCAY ŞƏHRİLİ – SEVGİ ÇƏLƏNGİ

TUNCAY ŞƏHRİLİ – SEVGİ ÇƏLƏNGİ (14.02.2026) – PDF: 14.02.26.pdf


 TUNCAY ŞƏHRİLİ – SEVGİ ÇƏLƏNGİ (14.02.2026) – PDF

Məlumatı hazırladı: Günnur Ağayeva


I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Firuzə Bisavad İslamqızı Ələsgərli – Bacı

BACI

(Bacım Pakizər xanımın əziz xatirəsinə ithaf edirəm)

Geri qayıdaydı – dönəydi zaman,
Kaş görəydim səni bircə an, bacı.
Qız-gəlinə toy paltarı biçəydin,
Açılaydı nur üzünə dan, bacı…

Vəsfini söyləsəm, heç gəlməz saya…
Pak idin, halaldan tutardın maya.
Bütün el ağlayır, deyir: – dünyaya
Gəlməz, Pakizərtək bir insan, bacı.

Xatırladım fələyin kəc oynunu:
Təkbaşına təkan verib çiynini;
Faciədən xilas etdin qaynını…
Sayıldın mahalda qəhrəman, bacı.

Bir yetimə yazılmışdı qismətin;
Qoşalaşıb, çəkərdin hər zəhmətin.
Yerindəydi abır-həya, ismətin,
Həlim xasiyyətli, mehriban bacı.

Yanar idin kimsəsizlər oduna;
Fərq qoymazdın qohumuna, yadına.
Pay tutardın uşaq, böyük adına;
Getdi bir də gəlməz o dövran, bacı…

Hatəm süfrəliydin, əlisəxalı,
İlqarına düzgün, əhdə vəfalı.
Bəyzadə geyimli, atlas yaxalı,
Min bir rəng çalardı zər-xaran, bacı…

Ata-ana bəxşişiydi bu cüt zər;
Pəhləvan Ələsgər, xanım Pakizər.
Sizsiz keçməz idi heç bir xeyir-şər;
Türfə tutuldunuz hər zaman, bacı.

Gəncliyindən qazanmışdın hörməti,
Bir kimsədən götürməzdin minnəti.
Sirr saxlayar, ünə salmaz zilləti;
Görünməzdin halı pərişan, bacı.

Səhər alaqaranlıqdan durardın,
İşlərini səhmanlayıb, qurardın.
Ev-eşiyə bəzək-düzək vurardın,
Adlanardın “Alıcı tərlan”, bacı.

Bircə çeşid yayınmazdı gözündən;
Yenisini kəşf edərdin özündən.
Ürək qırmaz, heç çıxmazdın sözündən,
Üz döndərib qohum, nə yaddan, bacı.

Nə çətin iş olsa, sinə gərərdin;
Yolçuluqda yoldaşını yorardın.
Dəstgah açıb, açıq süfrə sərərdin;
Usanmazdın belə bir addan, bacı.

Yarına həm yoldaş, həm qardaşıydın,
Mərəkələr, məclislərin başıydın.
Bahalıydın, üzüyünün qaşıydın,
Səni gəzdirərdi bir sultan, bacı…

Yuva qurmuşdunuz dişlə-dırnaqla;
Fərhad biləklərlə, külüng barmaqla.
Ruziniz qaynardı çeşmə-irmaqla;
Mayan yoğrulmuşdu halaldan, bacı.

Ac yola salmazdın heç bir qonağı,
Üzünə çıxmışdı qəlbinin ağı…
Aran-Turan gəzən səsi-sorağı
Yayılmış, dillərdə bir dastan bacı.

Örnəkdi, yuduğun paltarın ağı;
Nizamla yığdığın tütün yarpağı…
Müqəddəs yurdumuz Göyçə torpağı,
Cəm olmuşdu səndə hər nişan, bacı.

On iki övladın altıdan biri,
Cənnəti-əlada tutarsan yeri.
Sən tək yaranmışdın, mələk, ya pəri,
Gəl, salma özündən bizi gen, bacı.

Elə bilirdim ki, arxamda dağdın,
Sənə söykənirdim, neçə ki, sağdın,
Nə tələm-tələsik köçünü yığdın..,
Niyə etibarsız çıxdın sən, bacı?!

Ürəkli böyütdün balalarını,
Tutdun xoş diləkli arzularını…
Aslan nəvən düşkün etdi yarını,
Bulmadı dərdinə bir dərman, bacı…

Könlündən keçirmiş, gələsən bizə,
Bəlkə qışdan ötüb, çıxasan yaza.
Yar ola bilmədim sən əlacsıza,
Bağışla, etmədim heç mehman, bacı.

Bilmirdinmi, mənim günüm necədi?!
Gecəm zülmət, gündüzüm də gecədi.
Arzum çoxdu, istədiyim bircədi;
Çəkiləydi başım üstdən çən, bacı.

Türfə nəvən qırmasaydı dizini,
Hərlənərdin, girələrdin özünü…
Xoş yaşardın qalan ömrün azını;
Gündə keçirməsən həyacan, bacı.

…Təzə görən elə bildi beləydin:
Köçü gedən, yurdu ağlar Lələydin.
Ta demirlər, sərraf gözdə giləydin,
Əzəlin olmuşdu bir meydan, bacı.

Ayrılığın bizə çətindən-çətin,
Söylənir hər yerdə xətir-hörmətin.
Vardı boynumuzda haqqın, zəhmətin,
Əziz tutulacaq xatirən bacı…

Cənnət məkanlı ol, üzün ağ olsun!
Oğlun, qızın, əzizlərin sağ olsun!
Rəhmət diləsinlər, gözəl çağ olsun,
Özün köçdün, yurdun olsun şen, bacı!

Astan dözmür, deyir: – mən də köçəydim;
Ölüm şərbətini birgə içəydim;
Öz əlimlə kəfənimi biçəydim…
Hey ağlayır, belə keçir gün, bacı…

Kim istərdi, bu dünyadan doyasan…
Yalvarıram, istəyimi duyasan,
Firuzəni bircə dəfə öyəsən,
Can deyəndə, bir deyəsən: – can, bacı!
04.02.2026

Müəllif: Firuzə Bisavad İslamqızı Ələsgərli

ARAZ YAQUBOĞLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SEVİNCLİ OLDUĞU QƏDƏR DƏ KƏDƏRLİ

SEVİNCLİ OLDUĞU QƏDƏR DƏ KƏDƏRLİ

Bu yaxınlarda – yanvar ayında sevincli, sevincli olduğu qədər də kədərli bir xəbər aldıq. Nəslimizin ağsaqqalı, atamla əmizadə olan, Azərbaycan Texniki Universitetinin dosenti Savalan müəllim qohumlara belə bir xəbər çatdırdı: “Atam Xanlar Rəsul oğlu Almaniyanın Aşağı Saksoniya bölgəsində alman əsirliyində (əsir nömrəsi: 51569) torf istehsalı və bataqlıqların qurudulması işlərində məcburi əməyə cəlb edilmiş, aclıqdan, ürəktutmadan 1943-cü il fevral ayının 27-də günorta saat 14:30-da vəfat etmiş, toplu qəbiristanlıqda 235 saylı məzarda dəfn olunmuşdur. Qardaşım Qiyasın nəvəsi Kərimli Anar Vüqar oğlu 18 yanvar 2026-cı il tarixdə atamın qəbrini ziyarət etmişdir”.
Təxminən 2005-ci ildən apardığım tədqiqatlar zamanı müəyyən etdim ki, Göyçə mahalının Daşkənd kəndindən İkinci Dünya müharibəsinə təxminən 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni, 126 nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri ABŞ-də (Məhərrəm Musayev), biri isə Türkiyədə (Niftalı Xəlilov) qalıb yaşamışdır. Aparılan tədqiqatın nəticəsi tərəfimizdən “Respublika Xatirə Kitabı Redaksiyası”na təqdim olunmuş və “Azərbaycan Respublikası Xatirə Kitabı” adlı ensiklopediyada çap olunmuşdur. Bu qanlı müharibə bizim Rəsullular nəslindən də yan keçməmiş, bir çoxları bu müharibəyə könüllü olaraq getmişdir. Altı nəfər müharibədə itkin düşüb, həlak olmuş, doqquz nəfər isə müharibə veteranı kimi doğulduqları Daşkənd kəndinə qayıtmışlar.
Müharibədə həlak olub geri qayıtmayan altı nəfərdən biri də Nəsib babamla babaları qardaş olan Xanlar Rəsul oğlu Kərimov idi. Nəsib babamla Xanlar babanın müharibədən öncəki illərə aid qoşa çəkdirdikləri şəkilləri də bu gün bizlər üçün çox dəyərli bir yadigardı. Xanlar Kərimov 1903-cü ildə Novo-Bəyazid qəzasının Daşkənd kəndində doğulmuşdu. Geniş dünyagörüşü, dərin biliyi olan Xanlar Kərimov mühasib kimi əvvəlcə Basarkeçərin bir çox kolxozlarında, sonralar isə ümumilikdə Basarkeçər rayonunun baş mühasibi işləmişdir. O, bacısı Şəkərin oğlu Niftalı Xəlilova da mühasiblik peşəsini öyrətmiş, özü ilə bərabər o da mühasib işləmişdir. Xanlar Kərimovun öz dəsti-xətti ilə yazdığı, İmam Əlinin şücaətlərindən bəhs edən “Xəvər-zəmin” kitabı son illərə qədər qalırdı.
Xanlar Kərimov təxminən 1930-cu illərin əvvəllərində Hacı Məhəmmədlilər nəslindən Alı kişinin qızı Gülgəz xanım ilə ailə həyatı qurub. Onların Tehran, Sabir, Xalid, Qiyas və Savalan adlı dörd oğlu, bir qızı dünyaya gəlib.
1941-ci ilin sentyabr ayında Xanlar Kərimovu vəzifəsinə görə müharibəyə səfərbər etməsələr də, o Basarkeçər Rayon Hərbi Komissarlığına müraciət etmiş, könüllü olaraq döyüşlərə qatılmağını istəmiş, müharibəyə göndərilmişdir. Qardaşı Hüseynin oğlu rəhmətlik Vərqa müəllimlə söhbətlərimiz zamanı əmisini xatırlayır və belə deyirdi:
“Xanlar əmim müharibədən qabaq iki il həqiqi hərbi xidmətdə olmuşdu. 1941-ci il idi, biz uşaqlar otaqda oynayırdıq. Tanrıverdi müəllim gəldi və Xanlar əmimə dediki hökumət səni işinə görə bron edib, müharibəyə aparmır. Nə vaxt çağırarlar onda da gedərsən. Sən niyə axı özün gedirsən? Xanlar əmim də dedi ki, Tanrıverdi, faşistlər torpaqları ala-ala gəlib Qafqaza çatıb. Kənddə bığıburma cavan qalmayıb, camaat nə bilir bron nədi, sonra deyərlər bu müharibəyə getmir, kişi deyil. Mən qala bilmərəm, gedəcəm!”
SSRİ Müdafiə Nazirliyinin arxiv sənədlərində yazılır: “Kərimov Xanlar Rəsul oğlu sıravi əsgər kimi Primorsk ordusu 775-ci atıcı alayın 9-cu rotasının atıcısı olmuşdur. 5 mart 1942-ci ildə onun xidmət etdiyi rotanı bütünlüklə alman faşistləri Sevastopolda əsir götürmüşdür”. Digər bir sənəddə isə “1942-ci ilin may ayında itkin düşmüşdür” deyə qeyd vardır.
Bundan sonra Xanlar Kərimov haqqında həqiqətə uyğun olmayan fikirlər söylənilmiş, guya özünün könüllü əsir düşdüyü, hətta müharibədən sonra Almaniyada və ya Türkiyədə qalıb yaşadığını da danışırdılar. Bunlar hamısı dəqiq olmayan, reallığa söykənməyən rəvayətlərdən, ziddiyyətli fikirlərdən ibarət imiş. Əsl həqiqət isə onun nəvə-nəticələrinin 83 il sonra əldə etdikləri məlumat oldu. Sevə-sevə vətəndaşı olduğumuz Sovet hökuməti isə insanlara əzab-əziyyət vermiş, dəqiq olmayan məlumatlar əsasında bu ailəni daim təzyiq altında saxlamışlar. Hətta Savalan müəllim söyləyir ki, Sovet hökuməti 1942–1946-cı illərdə üç dəfə əmlaklarını müsadirə etmiş, onlara olmazın əzabını vermişlər.
Xanlar Kərimovun övladları ali təhsilli olub rəhbər işlərdə çalışsalar da, guya atalarının öz istəyi ilə əsir düşməsi səbəbindən hər zaman qorxu içərisində yaşamış, layiq olduqları daha yüksək vəzifələri tuta bilməmişlər. Oğlu Qiyas Kərimov Bakı Ali Partiya Məktəbini qırmızı diplomla bitirməsinə, Kəlbəcər rayon Komsomol Komitəsinin katibi işləməsinə baxmayaraq haqqı olan hər hansı rayonun birinci və ya ikinci katibi vəzifəsinə irəli çəkilməmiş, çox geridə qalmış Bərdə rayonunun Telman kolxozuna sədr göndərilmişdir. Onun peşəkarlığı sayəsində həmin kolxoz bir neçə ilə rayonun ən qabaqcıl təsərrüfatlarından biri olmuşdur. Eləcə də, Xanlar Kərimovun digər oğlu Xalid Rəsulov da haqsızlığın qurbanı olmuşdur. Belə ki, Xalid Rəsulov nəinki Azərbaycanın hətta, Özbəkistanın pambıq qəhrəmanları ilə aralarında gedən yarışda qalib olmasına baxmayaraq onun haqqı olan Sosialist Əməyi Qəhrəmanı adı ona verilməmişdir. Qeyd edim ki, hər iki qardaş dəfələrlə “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalına, “Sosializm yarışının qalibi” və başqa onlarla orden, medal və mükafatlara layiq görülmüşlər.
Mövzu ilə qismən bağlı olduğundan burada Aşıq Hacı Bayramovun 1991-ci ildə Almaniyaya qastrol səfərə gedəndə konsertdən sonra bir nəfərlə olan görüşünü xatırlatmaq istərdim: “Bir nəfər Aşıq Hacıdan haralı olduğunu soruşur. O da Göyçə mahalının Daşkənd kəndindən olduğunu deyir. O adam aşıqdan Daşkənddə yaşayan Kərbəlayı Əmrahı, İsmayıl kişini, Xanları və o cümlədən Rəsullulardan bir neçə adamı soruşur. Aşıq Hacı ondan soruşur ki, bəs siz kimlərdənsiniz, bu adamları niyə soruşursuz? Deyir, elə belə maraqlanıram. Adam onu da əlavə edir ki, indi tələsirəm, sabah gəlib səni qonaq aparacam. Amma o adam səhəri gün gəlmir və növbəti görüş baş tutmur. Aşıq Hacı güman edərək belə deyərdi: O, adam Rəsullulardan ya Məhəmməd idi, ya da Xanlar, bəlkə də Müzəffər idi. Amma o adam daha çox Kərbəlayı Əmrahla maraqlanırdı”.
Müharibədən sonra Türkiyədə qalıb yaşayan, Xanlar Kərimovun bacısı Şəkərin oğlu Niftalı Xəlilov 18 iyul 1959-cu ildə qardaşı Əli Xəlilova yazdığı məktubdan bir hissəni olduğu kimi burada təqdim etməyi də vacib hesab edirəm:
“Ali, yavrum, Koçernin eşi Selmi Elbeyinin küçük kızı deyilmi? Setter kimin kızını aldı, resmini neden göndermedi, yoksa darğınmısınız? Sakının, onu hoş dutun emim yadigarıdı onu sizlerden ayırmam. Letive kimle evlendi, Medoş emimin Haceri kimle evlendi? Hannar daymın, Hüseyin daymın, bizim Karaşın, Balış emimin cocukları kimle evlendi ve kendileri nasıllar, Hannarın ailesi Gülgez ne oldu, Hacının oğlu Süleymen eve geldimi? Mahı neden öldü, derdi neydi, etraflı yaz. Kurban emim dururmu, çocukları nasıllar?”
Daşkənddən müharibəyə gedib-qayıtmayanlardan söz düşəndə Vərqa Kərimov deyərdi ki, Dədəm kəndin başından başlayar bir-bir müharibədən qayıtmayanları sayar, təsbehin daşını çevirərdi. 101 təsbeh bitərdi amma ölənlər bitməzdi. Vərqa müəllimin atası, Xanlar Kərimovun isə qardaşı Hüseyn kişinin məzar daşına 1965-ci ildə yazılan şeir də çox ağrılı, kədərlidir:

Əvvəl gündən oldum mən də bəxtiyar,
Deyirdim, yanımda beş qardaşım var.
Getdi o qardaşlar, hanı o Xanlar?
Ona qismət oldu o qürbət diyar.
Ey fələk, ey həyat, yollarına bax,
Yaranmış nə bilir nələr olacaq.
Ey daş, nişana ver gözdə Vətəni,
Bəlkə qardaş gəlib oxuya səni.

Müharibə Rəsulluların ziyalılarını, görən gözünü, duyan qəlbini yox etdi, desək yanılmarıq. Nəslin azman şairi Həsən Xəyallı əmisioğlanları Hüseyn Kərimova və Xasay Hacıyevə yana-yana ürək ağrısı ilə yazırdı:

…Həsən Xəyallıyam, qopur fəryadım,
Düşəndə yadıma tərlan Sayadım!
Xanlarla qırıldı qolum-qanadım
Qeyri kimsələrdən uzaq kimiyəm.

…Getdi Zülfiqarım, getdi Nəsibim,
Xoş ləhcə Xanlarım, o Məhəmmədim.
Öldü tərlan Sayad, qırıldı belim,
Qəmlər qucağında bir qalan mənəm.

Son olaraq bir maraqlı faktı da oxucuların nəzərinə çatdırmaq istərdim. Vərqa müəllim deyərdi ki, Xanlar əmim doğulan il babam Rəsul vəfat edib. Bu yaxınlarda apardığım tədqiqatların nəticəsi olaraq çap etdirdiyim “Soyumuz, kökümüz, özümüz” adlı kitabda kameral siyahılara, eləcə də Vərqa müəllimin dediyinə əsaslanaraq müəyyən etmişdim ki, Rəsul Hacı Kərim oğlu 40 yaşında vaxtsız vəfat edib. Maraqlıdır ki, 1903-cü ildə doğulan onun oğlu Xanlar Kərimov da 1943-cü ildə 40 yaşında haqqın dərgahına qovuşub.
Ruhun şad, məkanın cənnət olsun, Xanlar baba.

Araz YAQUBOĞLU,

tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü

ARAZ YAQUBOĞLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müntəzir (Ortiqcan Cabbarova)

Müntəzir (Ortiqcan Cabbarova)
Müntəzir (Ortiqcan Cabbarova) 1952-ci ildə Namangan vilayətinin Pop rayonunun Uyğur kəndində anadan olmuşdur. 1975-ci ildə Kokand Dövlət Pedaqoji İnstitutunun özbək dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Uzun illər rayon məktəblərində şagirdlərə ana dili və ədəbiyyat fənlərini tədris etmişdir.
Bununla yanaşı, rayon qəzeti olan “Pop Tonqi” qəzetinin redaksiyasında bir neçə il jurnalist vəzifəsində çalışmışdır.
Şairənin şeirləri rayon, vilayət və respublika qəzet və jurnallarında, həmçinin “Pop Ahəngləri”, “Şükrona”, “Gülşən diyar təranəsi”, “Qırğız–Özbək antologiyası” kitablarında dərc edilmişdir.
Onun “Marjonun üzülməsin” adlı kitabı 2016-cı ildə “Mühərrir” nəşriyyatında, “Gözəl bayatlar” adlı şeirlər toplusu 2024-cü ildə, “İlahi çeşmə” adlı şeirlər və esselər toplusu isə 2025-ci ildə “İstedad Ziya Press” nəşriyyatı tərəfindən nəşr olunmuşdur.
İstedadlı yaradıcılıq nümunələri “XXI əsr Namangan ədəbi bostanı” antologiyasına daxil edilmişdir.

ÜRƏKLƏRDƏ TURAN NƏFƏSI

Esse
– I –
Bu ilin sevimli aprel ayının son günlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Dünya türk xalqlarının X poeziya və musiqi festivalı mənim iştirak etdiyim ən gözəl toplantılardan biri oldu. Ora getmək üçün Daşkənd–Almatı qatarına mindik. Vaqonun qapısı önündə dayanan nəzarətçi gənclərdən biri yerlərimizi göstərərkən soruşdu:
— Qazaxca danışım, yoxsa rusca?
— Qazaxca danışa bilərsiniz, biz başa düşürük, — dedik.
Bu səmimi münasibətdən bir-birimizə qəlbən yaxınlığımız, qohumluğumuz açıq-aydın hiss olunurdu.
Ertəsi gün festivalın açılış mərasimi oldu. Bu tədbirdə iştirak edən özbək, qazax, qırğız, azərbaycanlı və digər türk xalqlarının nümayəndələri — şairlər, yazıçılar, jurnalistlər milli geyimlərdə gəlmişdilər. Festivalı qazax aşığı Erjan Alaşqan ağa açdı.
O, əsrlər boyu kökləri eyni qaynağa bağlı olan türk xalqları haqqında elə bir coşqu ilə danışdı ki, həyəcanla çalınan alqışların sədası bütün zalı titrətdi.
— Biz türklərik! — dedi o. — Kimimiz Balkan türkü, kimimiz Qafqaz türkü, kimimiz Daşkəndin, Xivənin türkü, kimimiz Altayın türkü!
Biz bir elik, bir millətik, qanımız birdir, canımız birdir. Zamanlar keçsin, dövrlər dəyişsin — biz dəyişə bilmərik.
Bizim üçün özbək, qazax, qırğız deyə ayrı-ayrı millətlər yoxdur, bir türk ulusu vardır. Başımız bir olsa, birliyimiz güclü olsa, bizə qalib gələcək düşmən yoxdur!
Festival iştirakçılarının həyəcanlı simalarında, sevgi dolu baxışlarında bir-birinə olan hörmət və qardaşlıq nuru parlayırdı.
Doğrudan da, Yer üzünün böyük bir hissəsində yaşamış türk xalqları müxtəlif tarixi səbəblərdən parçalanmış olsa da, qardaşlıq və birgəlik duyğularını qoruyub saxlayan varislərik. Mən tarixçi deyiləm. Lakin bəzi mənbələrə əsaslanaraq ulu yurdumuz haqqında qısaca danışmağı yerində sayıram.
Nitqimizdə tez-tez “Türk”, “Turan”, “Türküstan” anlayışlarını işlədirik. Mənbələrə görə “Türk” adı Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk adı ilə bağlıdır. Nuh peyğəmbərin Ham, Sam və Yafəs adlı üç oğlu olmuş, tufandan sonra Yer üzünü bu üç oğul arasında bölmüşdür. Yafəsin böyük oğlunun adı Türk idi. Yafəs vəfat etdikdən sonra onun yerinə ilk oğlu Türk hökmdar olur. Rəvayətlərə görə, Türk ədalətli və mərhəmətli hökümdar idi. Deməli, Türk Turan ölkəsinin ilk xaqanı olmuşdur.
Turan torpağı isə “Şərqdə Sakit okeandan Qərbdə Balkanlara qədər, Cənubda Himalay dağları, Tibet və Şimali Hindistandan Şimal qütbünə qədər uzanan sonsuz bir ərazini” əhatə edirdi.
“Turan” anlayışını işlətdikdə, ulu babalarımızın minillər öncə yaşadığı geniş bir coğrafiyanı nəzərdə tuturuq. Türküstan isə Turanın mərkəzi hissəsidir…

II

Festival günlərində hər gün müxtəlif mövzularda tədbirlər keçirilirdi.
Qazaxıstan Milli Kitabxanasında böyük sərkərdə Muğalı Bahadır Künqovar oğlunun anadan olmasının 855 illiyinə həsr olunmuş elmi-praktik konfrans da olduqca təsirli keçdi.
Yaradıcı qrupumuzun bir hissəsi “Edelveys” yaradıcılıq evində, biz isə Əl-Fərabi adına mehmanxanada yerləşdik. Bizə Türkiyədən gələn yaradıcılar da qoşulmuşdu.
Hər axşam onlarla bir araya gələr, səmimi məclislər qurardıq, qızğın poeziya gecələri keçirərdik. Hər birimiz öz dilimizdə şeirlər oxuyar, mahnılar oxuyardıq. Bu görüşlərdəki duyğular, ilhamlar və nəğmələr sanki ürəklərimiz arasında körpüyə çevrilirdi.
Məni xüsusilə Beynəlxalq Türk Dilli Xalqlar Poeziya və Musiqi Festivalının təşkilatçısı, Türk Dünyası Beynəlxalq Çukurova Ədəbiyyat Dərnəyinin rəhbəri Halise Tekbaş xanım heyran edirdi. Qaraçadan gəlmiş, orta boylu, qapqara gözləri işıldayan bu fədakar qadının qəlbində və sözlərində türk xalqlarının birliyi çağırışı vardı.
Biz yaradıcılar harada və nə zaman görüşsək, dərhal bir-birimizlə tanış olur, ünvanlarımızı bölüşürdük. Mən azərbaycanlı şairə Bənövşə Daşdili ilə yaxın dost oldum. O mənə “Sən yanımda olmayanda”, “İlk sevgimiz nağıl idi, əzizim” adlı kitablarını hədiyyə etdi.
Bir həftəlik görüş biz yaradıcılar üçün az gəldi. Vaxtı qısqanırdıq. Görüşən kimi şeir, ədəbiyyat haqqında söhbət edirdik, xatirə şəkilləri çəkdirirdik. Hamımız türk xalqlarının layiqli varisləri olduğumuzla qürur duyurduq.
Essemin sonunda türk xalqları haqqında böyük şəxsiyyətlərdən birinin fikrini qəlbinizdəki sakit, amma oyaq duyğuların ixtiyarına buraxmaq istəyirəm:
“Türklər hansı işi görsələr, mütləq uğur qazanırlar. Basra ədəbiyyatı, Yunan fəlsəfəsi, Çin sənəti türklərə əvvəldən məlum idi. Türklər çevik, canlı, fəal və zəkalıdırlar. Onlarda mənəvi dəyərlər maddi dəyərlərdən üstündür. Müharibədə məsuliyyət baxımından onlar yer üzündə lənətlənməmiş yeganə millətdir. Türklərdə vətənpərvərlik hissi çox güclüdür. Onlar yaltaqlıqdan, ikiüzlülükdən, yalandan, böhtandan, hiylədən uzaqdırlar. Türklərin qəlbi safdır. Onların dili bədəni və səsi kimi gözəldir.”
Türk xalqları, onların qəhrəmanlıqla dolu keçmişi, ədəbiyyatı və sənəti haqqında deyilmiş saysız-hesabsız dəyərli fikirlər var. Ulu əcdadlarımız və Turan yurdumuz haqqında yazmaq üçün minlərlə səhifə gərəkdir.
Bu gözəl festival təəssüratlarını yekunlaşdırarkən vurğulamaq istəyirəm ki, bizim yaradıcı qəlblərimizi coşduran duyğu — xalqımıza, əcdadlarımızın ruhuna, dünya xalqları arasında böyük mövqeyə malik Ulu Turana olan sonsuz məhəbbət idi.
Bizim səylərimiz və çağırışlarımız Turan torpağının varisləri olan türk xalqlarının birliyinə, türk xalqları ədəbiyyat və sənətinin daha da inkişafına atılmış bir addım idi. Bu addımlar bütün türk xalqları və yaradıcılar üçün mübarək və uğurlu olsun!

  • “Vətən duyğusu” kitabından.
  • Əl-Cahiz, məşhur ərəb tarixçisi, IX əsr, “Türklərin fəziləti” əsərindən.

Tərcümə: Cahangir NAMAZOV

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Akif Əli – “Salam, cənab Baş nazir…”

“Salam, cənab Baş nazir…” Artur Rasi-zadə. Portret cizgiləri
(kitabdan fraqmentlər)

Mən bu kitabı 2019-da Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən könüllü şəkildə ərizə yazaraq ayrıldıqdan sonra yazmışam. NK-da birgə işlədiyimiz illər ərzində Artur Rasi-zadəyə dəfələrlə haqqında yazmaq təklif olunsa da, son dərəcə təvazökar təbiətli bu alicənab insan özü barəsində nəinki kitabın, hətta kiçik bir məqalənin belə yazılıb dərc olunmasına razılıq verməyib.
Yalnız o, vəzifədən getdikdən və bir müddət sonra mən də öz istəyimlə dövlət qulluğundan ayrılıb yenidən yaradıcılıq sahəsinə qayıtdıqdan sonra, belə bir məsuliyyəti öz üzərimə götürdüm. Çünki milli dövlətçilik tariximizin mühüm səhifəsinə çevrilmiş sabiq Baş nazirin fəaliyyətindən yazmaq üçün daha izn almaq lazım deyildi. O artıq tarixi şəxsiyyət olaraq xalqa məxsusdur

Kitabda Azərbaycan Respublikasının sabiq Baş naziri A.Rasi-zadənin həyat və fəaliyyətinə dair bir sıra ilginc məqamlar, xarakterinin özəllikləri, çoxşaxəli fəaliyyətindəki müəyyən epizodlar, həmçinin NK Aparatının fəaliyyəti barədə maraqlı faktlar, sənədlər, şəxsi müşahidə və mülahizələr yer alıb.
Onu deyim ki, kitab 2020-ci ildə A.Rasi-zadənin 85 illik yubileyinə hədiyyə kimi yazılsa da, dünyanı bürüyən koronavirus pandemiyası dövründə tətbiq olunan qlobal karantin rejimi səbəbindən çapı ləngidi və yalnız ötən il, – 2025-ci ilin yayında çapı mümkün oldu.

Bu gün Artur müəllimin doğum günüdür. Kənd təsərrüfatı mütəxəssisi, pedaqoq və şair Tahir Rasizadənin oğlu Artur Rasi-zadə 1935-ci il fevralın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncədə anadan olub.
Ancaq Xocalı faciəsindən sonra o heç vaxt özünə ad günü keçirməyib.
Mən “Salam, cənab Baş nazir…” kitabından bu günlə səsləşən kiçik bir fraqmenti yada salmaqla, həm də hörmətli Artur müəllimi təbrik etmək, ona ən xoş arzularımı bildirmək istərdim.
***
“YADDAN ÇIXMAZ QARABAĞ”
…Hər bir namuslu Azərbaycan vətəndaşı üçün şərəf göstəricisi olan Qarabağ probleminin həllində Vətənin, Dövlətin və Xalqın mövqeyi təbii ki, Baş nazir Artur Rasi-zadə üçün prioritet məsələ idi. Apardığı bütün rəsmi danışıqların mərkəzində bu məsələ dayanırdı. NK-da işlədiyi bütün müddət ərzində iqtisadi-sosial sahələrlə yanaşı, ən çox diqqət ayırdığı qondarma “Dağlıq Qarabağ münaqişəsinin” həlli istiqamətində idi.

…Baş nazirin kabinetindəki kitab rəfində bir dəstə A-4 formatında kiçik ölçülü Azərbaycan xəritəsi və Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən rəngli foto-bukletlər yığılmışdı. Onun tapşırığı ilə köməkçinin əvvəlcədən danışıqlar masasına gətirdiyi həmin kiçik xəritə və buklet əsasında Baş nazir “Dağlıq Qarabağ” probleminin mahiyyətini detallarınadək gələnlərə izah edir, sanki bu məsələ ilə bağlı onlardakı “savadsızlığın ləğvi” ilə məşğul olurdu. Pedaqoq səbri ilə Azərbaycanın geopolitik mövqeyinin özəlliklərini başa salır, əraziləri işğal etmiş Ermənistanın Qarabağın nə dağı, nə də aranı ilə heç bir əlaqəsi olmadığını xəritədə göstərirdi. Həmçinin qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çoxsaylı çadır şəhərciklərinin səpələndiyi bölgələri göstərib konfliktin miqyasını anladırdı.
Müzakirələrin sonunda həmin materialların bir nüsxəsini qonaqlara hədiyyə verirdi.

Yüksək səviyyəli belə danışıqlar adətən çox gərgin keçirdi. İri dövlətlərin pərdə arxasından ermənilərə dəstək verdiklərini, öz mənafeləri naminə təcavüzkar forpostdan maşa kimi istifadə etdiklərini yaxşı bilən A.Rasi-zadənin əsəbləri gərilir, hirslənir, ən kəskin ifadələrlə işğalçılıq siyasətini pisləyir, təcavüzkarın cəzasız qalmayacağını əminliklə bəyan edirdi.
Dünyadakı mövcud ikili standartlardan daim acı təəssüflə söz açan Baş nazir, bu münaqişənin yaranma səbəbləri və onun uzanmasında maraqlı olan tərəflərin kimliyi, məqsədi, məramı, ikibaşlı oyun niyyətləri barədə həqiqətləri son dərəcə kəskin, bəzən tam çılpaqlığı ilə üzlərinə deyirdi. Aparılan bu qaydasız siyasi oyunların müasir dünyada bəyan edilən sivil münasibətlərə, beynəlxalq hüquqa zidd olduğunu vurğulayırdı.
Qlobal “oyunlar və oyunçular” barədə Azərbaycan rəhbərliyində müfəssəl məlumatın olduğunu göstərən sənəd-sübutlar əsasında düşmənin məkrli planlarını ifşa edən A.Rasi-zadə erməni torpaqlarımızdan çıxmayana qədər “Sülh sazişi” adı altında heç bir sənədə heç vaxt qol çəkilməyəcəyini və xalqın mənafeyini ifadə edən bu mövqeyin gələcəkdə də dəyişməyəcəyini birmənalı şəkildə bildirirdi.

…O hər dəfə düşmənə könüllü elçilik edənləri başa salmağa çalışırdı ki, özlərini nahaq yormasınlar. “Azərbaycanda heç kim heç vaxt “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun müstəqilliyinə razı olmayacaq. Eləcə də bir qarış torpağı da Ermənistana verməyəcək. Heç kim və heç vaxt!” Və əlavə edirdi: “Bir halda ki məsələ dinc yolla həllini tapmır, vaxt gələr biz özümüz güc toplayıb savaşla torpaqlarımızı azad edərik. Sağlıq olsun!”
Təbii ki, Qarabağ məsələsinə dair Hökumətdən davamlı olaraq sərgilənən belə kəskin və prinsipial mövqe beynəlxalq müstəvidə təsirsiz ötüşmürdü.

Qarabağ danışıqlarında “qədim, mədəni xalqın” qocalara, qadınlara, uşaqlara etdiyi əzazillik, işgəncə, törətdikləri vəhşiliklər barədə Baş nazirin məlumatlarını eşidən, foto-sənədlərə baxan elə ölkələrin nümayəndələri də vardı ki, bu dəhşətli faktlardan xəbərsiz olduqlarını, ermənilərin belə qeyri-insani, vandal əməllərini ilk dəfədir eşidib gördüklərini deyirdilər (bu hal ölkəmizi xaricdə təmsil edən rahat səfirliklərimiz üçün də ciddi qınaq idi). Onlar erməni millətçilərinin günahsız insanlara qarşı törətdiyi vəhşi əməlləri əks etdirən fotoşəkillərə çox baxa bilmir, dərhal səhifəni çevirirdilər.

Xocalı soyqırımına dair hazırlatdığı bukleti səhifə-səhifə açıb ordakı tükürpədici fotoları israrla qonaqlara göstərən A.Rasi-zadə isə soyuqqanlı şəkildə ifşaedici çıxışını davam etdirirdi: “Baxın, baxın, dünyadan gizlədilən həqiqət bundan ibarətdir! Ermənilər bütün dünyaya yayırlar ki, guya keçən əsrdə türklər onlara qarşı nəsə törədib. Əllərində isə heç bir konkret sübut yoxdur. Yüz il bundan qabaq nələr olub, necə olub – heç kim bilmir. Ancaq bu şəkillərdə gördüyünüz Xocalı soyqırımı lap bu yaxınlarda, dünyanın gözü qarşısında baş verib. Onu törədənlər isə indiki Ermənistanın rəhbərləridir… Baxın və bilin ki, həqiqət budur!”

Bir dəfə xanım qonaqlardan biri Xocalı bukletini vərəqlədikdən sonra halı pisləşdi, həyəcanla kitabçanı örtdü: “Yox, yox,- dedi. – Bu şəkillərə baxmaq mümkün deyil… Dəhşətdir! Onları gördükdən sonra, adamın boğazından yemək keçməz…”

Danışıqlar masası arxasında Azərbaycanın Baş naziri yüksək ziyalı mədəniyyəti ilə, centlmensayağı etiket normaları daxilində Qarabağın “qara baxtına” dair həqiqətlərin mahiyyətini əcnəbi nümayəndələrin nəzərinə təfərrüatı ilə çatdırdıqca, xaricilər susub diqqətlə və gizlin bir maraqla altdan-altdan ona baxırdılar. Azərbaycanın qətiyyətli Hökumət başçısını yerli, regional və beynəlxalq problemlər okeanında ən uzaq sahillərə qədər “intellekt sınağına” çəksələr də, bütün müstəvilərdə qarşılarında yüksək səviyyəli, təcrübəli, prinsipial dövlət xadimini, geniş erudisiyaya malik vətənpərvər rəhbər işçini və çox mədəni, savadlı, nəzakətli, kübar bir şəxsiyyəti, təvazökar ziyalını görüb az qala təəccüb edirdilər.
Aramsız olaraq Nazirlər Kabinetinin qədim binasındakı 5-ci mərtəbədə yerləşən bu geniş kabinetdən axın-axın gəlib-keçən beynəlxalq güc təmsilçilərinin “bədən dilinə” əsasən hiss edilirdi ki, onlar ənənəvi “qonaqpərvər günəşli Azərbaycanda” həqiqəti bu qədər çılpaqlığı ilə eşidəcəklərini təsəvvürlərinə belə gətirmirlərmiş.

Çünki xalqdan ayrı düşən çeşidli iqtidarların fərasətsizliyi üzündən bir-bir pozisiyaların əldən verildiyi ilk müstəqillik dövrlərindən fərqli olaraq, indi necə deyərlər, daş qayaya rast gəlmişdi…

Yeni iqtidara nə qədər təzyiq etsələr də, hətta ölkəmizin aqibəti üçün “qorxulu nağıllar” danışsalar da, onu təmtəraqlı “Öz müqəddəratını təyinetmə” tələsinə salıb “Dağlıq Qarabağ”ın müstəqilliyinə, torpaqlarımızda ikinci erməni dövləti yaratmaq istəklərinə nail ola bilmirdilər. Odur ki, üzbə-üz əyləşdikləri Baş nazirin timsalında yeni Azərbaycan hakimiyyətinə üstün gəlməyin mümkün olmadığını gördükdə, özləri çıxılmaza düşərək, növbəti həmləyə qədər yığışdanıb gedirdilər.

Münaqişənin həlli yenə uzanırdı…

(Bax: Akif ƏLİ. “Salam, cənab Baş nazir…” Artur Rasi-zadə. Portret cizgiləri – Bakı, CBS , 2020, 124 səh.)

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb

Əhməd bəy Ağaoğlu

Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistolyar irsi” monoqrafiyasının yeni nəşri işıq üzü görüb. Ədəbiyyat İnstitutu Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli 6 saylı qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktoru Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayevadır.
Monoqrafiyanın “Giriş” hissəsində Əhməd Ağaoğlu XX əsr Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni fikir tarixinin bənzərsiz nümayəndəsi, cəmiyyətin müasirləşməsi haqqında görüşlərinə görə M.F.Axundzadənin layiqli davamçısı olaraq təqdim edilir. Müəllifin fikrincə, M.F.Axundzadənin maarifçilik konsepsiyasında fəal xalq məsələsi öndə dayandığı kimi, Ə.Ağaoğlunun düşüncəsində yetkin millət anlayışı xüsusi önəm kəsb edir.
Monoqrafiyanın birinci fəslində Ə.Ağaoğlunun bioqrafiyası zəngin faktlar əsasında təqdim olunur, yazıçının həyatının Şuşa, Tiflis, Paris, Bakı, Ankara və İstanbul dövrü araşdırılır, müasirləri ilə əlaqələrinə ətraflı nəzər salınır. İkinci fəsildə Ə.Ağaoğlunun bədii-fəlsəfi nəsri “Sərbəst insanlar ölkəsində”, “Mən kiməm”, “Tanrı dağında” və “Könülsüz olmaz” əsərləri əsasında tədqiq olunur. Həmin əsərlərdə Ə.Ağaoğlunun türkçülük görüşləri öz əksini tapır. Monoqrafiyanın üçüncü fəslində ədibin Maltada sürgünlükdə qələmə aldığı xatirələri, “Sərbəst firqə xatirələri” və “Altmış yeddi il sonra” memuarları araşdırılır. Müəllifin fikrincə, memuarlar Ə.Ağaoğlunun gerçək obrazının qavranılmasında müstəsna əhəmiyyətə malikdir. Sonuncu fəsildə Ə.Ağaoğlunun epistolyar irsi tədqiq olunur. Onun Maltadan ailə üzvlərinə, habelə Nəriman Nərimanova və müxtəlif illərdə Əli bəy Hüseynzadəyə göndərdiyi məktubların təhlilindən belə nəticə hasil olur ki, yazıçının epistolyar irsi onun xarakterini, zövqünü, baş verən ən mürəkkəb tarixi hadisələrə baxışlarını, siyasi dünyagörüşünü müəyyənləşdirməyə imkan verir. Monoqrafiya Azərbaycan, türk və rus dillərində olan zəngin zəruri bədii və elmi mənbələr əsasında hazırlanıb. Monoqrafiyanın ikinci nəşri Ə.Ağaoğlunun həyatı və yaradıcılıq irsinə böyük maraqla bağlıdır.

Mənbə: Mehman Həsənli

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya”

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ortaq türk əlifbası ilə hazırlanmış ilk poeziya antologiyası “Elm” nəşriyyatında işıq üzü görüb

“Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” adlı antologiyada Azərbaycan və Türk dünyası arasında tarixi və müasir ədəbi əlaqələr poeziya nümunələri vasitəsilə ortaq əlifbada təqdim edilib.
Qeyd edək ki, nəşrdə istifadə olunan latın qrafikalı 34 hərfli ortaq türk əlifbası Beynəlxalq Türk Akademiyasının rəhbərlik etdiyi Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 2024-cü ildə Bakı şəhərində keçirilmiş toplantıda qəbul edilmiş yekun qərara əsaslanır. Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr yazıldığı türkcədə və ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib.
Nəşrdə Azərbaycan şairlərinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan və İraq-türkmanları haqqında şeirləri Azərbaycan dilində, həmin türk ellərindən olan müəlliflərin Azərbaycan mövzusunda yazdıqları şeirlər onların öz türkcələrində yer alıb.
“Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə hazırlanıb və “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözü ilə nəşr edilib. Kitabın tərtibçisi və redaktoru filologiya elmləri doktoru Mehman Həsənlidir. Kitabın tərtibatı üzərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Kərimova, mətnlərin ortaq əlifbaya uyğunlaşdırılmasında isə Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Qətibə Quliyeva çalışıb. Kitabdakı şeirlərin bir çoxu Türk respublikalarının kitabxana fondlarından, digər resurslarından toplanmışdır və ilk dəfədir ki, bir kitabda nəşr edilir.
Nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə başlayır.
Akademik İsa Həbibbəylinin “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözündə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, son yüz ildə türkologiyanın inkişaf yolu və perspektivləri şərh olunur, latın qrafikasına keçid haqqında qəbul edilmiş qərarın əhəmiyyətindən danışılır.
Antologiyanın ədəbi mətn hissəsi Azərbaycanın xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri ilə açılır. Nəşrin Azərbaycan-Türkiyə bölməsində Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” və Yavuz Bülent Bakilərin “Azərbaycan ürəyimdə bir şahdamardır” şeirləri verilmişdir. Azərbaycan-Özbəkistan bölməsində Xəlil Rza Ulutürkün “Özbəkistan” və özbək şairi Abdulla Aripovun “Azərbaycan” şeirləri yer almışdır. Antologiyanın Azərbaycan-Qazaxıstan bölməsində Zəlimxan Yaqubun “Əhməd Yəsəviyə Zəlimxan Salamı” və qazax şairi Ədilkərim Əhmədovun “Salam, Azərbaycan!”, Azərbaycan-Qırğızıstan bölməsində Xəlil Rza Ulutürkün “Azərbaycan–Türk Salamı” və qırğız şairi Alıkul Osmanovun “Paravoz”, Azərbaycan-Türkmənistan bölməsində Süleyman Rüstəmin “Aşqabad” və türkmənlərdən İtalmaz Nuriyevin “Azərbaycan” şeirləri oxuculara təqdim olunmuşdur. İlk dəfə olaraq Azərbaycan-Şimali Kipr bölməsində xalq şairi Qabilin “Kipr” və Kiprdən Mahmut İslamoğlunun “Hazar” şeiri diqqətə çatdırılır. Azərbaycan-Tatarıstan bölməsində Bəxtiyar Vahabzadənin “Abdulla Tukay” və qarşı tərəfdən Məhəmməd Mirzənin “Bakı-Kubarık Jil”, Azərbaycan–Başqırdıstan bölməsində Əli Nəcəfxanlının “Başqırdıstana” və Başqırdıstanın xalq şairi Mustay Kərimin “Xuş Kildeqez!”, Azərbaycan-Altay bölməsində Sabir Rüstəmxanlının “Oxu, Altay Gözəli” və Altaylardan Pasley Samıkın “Azerbaycan poeti Fikret Gocağa” şeirləri oxuculara çatdırılır.
Azərbaycan-İraq-Türkman bölməsində isə xalq şairi Nəriman Həsənzadənin “Kərkük yaylağı” və Fevzi Əkrəm Tərzinin “Azerbaycan Destanı” şeirləri yer alıb.
Kitabda Azərbaycan və Türk dünyasından hər ölkənin səhifəsində həmin respublikanın tarixi memarlıq irsini əks etdirən foto-kollajlar da təqdim olunub.
Milli Elmlər Akademiyasının nəşr etdiyi “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası Azərbaycanda yeni ortaq latın qrafikası ilə nəşr olunmuş ilk kitab kimi Birinci Türkoloji Qurultayın 100 illiyinə töhfədir.

Mənbə və müəllif: Mehman Həsənli

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycanda Dr. Şəmsəttin Kuzəçinin “Kərkükün günəşi” adlı kitabı təqdim olunub

Azərbaycanda Dr. Şəmsəttin Kuzəçinin “Kərkükün günəşi” adlı kitabı təqdim olunub

16 fevral 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan salonunda Azərbaycan Yazıçılar Birliyinin, Vektor Beynəlxalq Elmlər Akademiyasının və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə tanınmış tədqiqatçı, ictimai xadim, şair, Dr. Şəmsəttin Kuzəçinin “Kərkükün günəşi” adlı şeir kitabının təqdimatı keçirildi.

BAŞININ ÜSTÜNDƏ TANRI KÖLGƏSİ

BAŞININ ÜSTÜNDƏ TANRI KÖLGƏSİ

Ancaq haqq sözü var onun dilində,
Tanrının sığalı qalıb telində.
Əsl müəllim kimi, ziyalı kimi,
İnan nur ələyir hər yana Solmaz!

Müəllim adı şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu məsuliyyəti dərk edən, peşəsini vicdanla, ləyaqətlə yerinə yetirən müəllimlərə həmişə böyük hörmət və sayğı olub.
Ulu öndər Heydər Əliyev müəllim adını uca tutardı, müəllimliyi bütün peşələrdən ən şərəflisi hesab edərdi. Ulu öndər deyirdi: “Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur”.
Solmaz Nəzərova tərcümeyi-halında yazır: Mən Nəzərova Solmaz Kamil qızı 25 dekabr 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. 1967- ci ildə Sumqayıt şəhərində 8 saylı məktəbdə ibtidai təhsilimi başa vurandan sonra, orta təhsilimi 23 saylı məktəbdə almışam. 1977- ci ildə orta məktəbi bitirib sənədlərimi V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinə vedim, ancaq müsabiqədən keşə bilmədim.
Sumqayıtda yerləşən tikiş fabrikində əmək fəaliyyətinə başladım. Bir müddət tikiş fabrikində çalışdım. Sonra 20 saylı tam orta məktəbə “Pioner baş dəstə rəhbəri” vəzifəsini yerinə yetirməyə başladım.
1983-cü ildə yenə də APİ-nin filologiya fakültəsinə qəbul olunmaq üçün imtahan verdim və filologiya fakültəsinin qiyabi şöbəsinə daxil oldum. Hələ tələbə ikən 1985-ci ildən pedoqoji fəaliyyətə başladım və aşağı siniflərdə Azərbaycan dili və ədəbiyyat fənnin tədris elədim.
1988-ci ildə APİ-nin filologiya fakültəsini başa vurub ali təhsilli müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini gənc nəsilə mənimsətməyə başladım.
1988- ci ildə Fazil Abbasquluzadə ilə ailə həyatı qurdum. Fazil müəllim APİ-nin Bədii qrafika fakültəsində təhsil almışdı.
1988- ci ilin sentyabr ayından təynatla İsmayıllı rayonuna getmişdir. 1988-1993- cü ilə qədər hər ikimiz İsmayıllı rayonunda müəllimliklə məşğul olduq.1993- cü ilin sentiyabr ayından Sumqayıt şəhəri 29 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıram .
Üç övladımız var: bir qız, iki oğlan. Hər üçü ali təhsillidir. Üç nəvəmiz var.
Tələbəlik illərindən 37- il ötüb-keçir. Bu illər ərzində Hüseyn müəllimin təşkilatçılığı ilə bir neçə dəfə görüşüb ötən illəri birlikdə xatırlamışıq, bu görülərdə bir-birimizlə daha sıx əlaqə yarada bilmişik.
…Təhsil hər bir ölkənin, hər bir xalqın aparıcı qüvvəsidir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun ən fəal iştirakçılarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Gənc nəslin vətəndaş kimi formalaşmasında Solmaz müəllimənin də xidmətləri unudulmazdır.
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"