95 illik yubileyi münasibətilə “Heydər Əliyev” ordeni ilə təltif edilən Xalq şairi Nəriman Həsənzadə müasir dövr milli ədəbiyyatımızın inkişafında, mənəvi dəyərlərin qorunmasında xüsusi xidmətləri olan görkəmli yaradıcı ziyalı kimi xalqın sevgisini qazanıb. Mətbuatda, sosial şəbəkələrdə Xalq şairinin yubileyi münasibətilə ziyalıların, söz və qələm adamlarının silsilə yazıları bu sevginin əlamətidir. Müasir mədəniyyətə mühüm töhfələr verən Nəriman müəllim yaradıcı gənclərin inkişafında da əhəmiyyətli rol oynayıb. O cümlədən, vaxtilə mənim də yaradıcılıq yollarımda bu xeyirxah insanın izi olub. Ötən əsrin 80-ci illərinə qısa ekskurs etməklə, onun xeyirxahlığı barədə fikirlərimi hörmətli oxucularla bölüşmək istərdim. Məlumdur ki, Nəriman Həsənzadə 1976–1990-cı illərdə dövrün ən məşhur mətbu orqanlardan olan “Ədəbiyyat və incəsənət” qəzetinin Baş redaktoru işləyib. Mən onun rəhbərlik etdiyi redaksiyanın tapşırığı ilə, populyar vokal ustası Fidan Qasımova haqqında yazdığım “Nəğməli Fidan” oçerki 1977-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olundu. Bu – mənim çap mətbuatında çıxan ilk yazım idi. “Azərbaycanfilm”dən ayrılıb AzTeleRadio Komitəsində daimi işə keçəndən sonra, həm efir üçün, həm də mətbuat üçün müxtəlif janrlarda yazılar yazırdım. Əsasən bədii-publisitik məqalələrlə yanaşı, ən çox sevdiyim ədəbi növ satira və yumor idi. Belə ki, o dövrün bəzən məcburi konyuktur passajlarından uzaqlaşmaq üçün ən yaxşı dayanacaq yeri elə satira və yumor idi. İnsafən, sovet mətbuatında nə qədər ciddi senzura olsa da, yenə müəlliflər satirik-yumoristik yazılar yazırdı və cəsarətli redaktorlar sayəsində həm də çap etdirə bilirdi. Beləcə, Nəriman müəllimin baş redaktor olduğu 1976-1990-cı illər arasında mən Azərbaycan Radiosu ilə yanaşı, “Ədəbiyyat və incəsənət” qəzetində də publisitik yazılar, oçerk və məqalələr, kiçik həcmli satirik-yumoristik miniatürlər, monoloqlar, parodyalar, felyetonlar, hekayələr dərc etdirirdim (Sonradan o yazıların əksəriyyətini kitablarıma daxil etdim). Bu yazıların işıq üzü görməsi üçün Radioda Mailə xanım Muradxanlıya, qəzetdə isə Nəriman Həsənzadəyə minnətdaram. Nəriman müəllim ən azı 15-20 yazımı “Ədəbiyyat və incəsənət” qəzetində çapa imzalayıb (o dövrdə gənclərin qəzet-jurnallarda çap olunması indiki kimi asan deyildi). Yadımdadır, 1981-ci ildə mən gənclik maksimalizmi ilə qələmə aldığım çox ciddi tənqidi məqalə olan “Gülünc komediya” adlı yazımı Nəriman müəllim cəsarətlə çapa imzaladı və yazı yaradıcı insanlar, xüsusən teatrallar arasında böyük rezonansa səbəb oldu. Baş redaktor kimi bəyəndiyi yazılarımdan biri də 1983-cü ildə fenomenal hüquqşünas İkram Kərimovun fəaliyyəti barədə Mərkəzi (Moskva) mətbuatında çıxan “Xalq etibar edib, qanun ixtiyar verib” başlıqlı oçerkin tərcüməsi idi. Bu kiçik xatirədə bütün yazılarım haqqında danışıb adlarını uzun-uzadı sadalamağa ehtiyac görmürəm. Ancaq onun özünün də ən çox xoşuna gələn bir yazım barədə xatirəmi bölüşmək istərdim.
…Bir dəfə istirahət-müalicə məkanlarından birində mən həkimlərlə söhbət edəndə, onlardan birinin şəffaf ağ xalatının döş cibinə pul basıdlığına fikir verdim. Adətən pulu belə açıq-açığına döş cibdə gəzdirməzlər və düşündüm ki, yəqin adam pulu ordan götütüb gizlətməyi unudub. Və həmin məqamda beynimdə bir süjet parladı. Axşam bu mövzuda satirik miniatür yazıb “Ədəbiyyat və İncəsənət” qəzetinə apardım. Nəriman Həsənzadə yazını götürdü və sonra oxuyub firkirni deyəcəyini bildirdi. Aradan bir-neçə gün keçmiş dedilər yazın çıxıb qəzetdə. Təşəkkür üçün redaksiyaya getdim. Nəriman müəllim çox böyük mehribanlıqla məni qarşıladı, özünəməxsus mülayim səsilə səmimi təbrik etdi və mənim təşəkkürümə imkan vermədən, özü o yazı haqqında, onun ideyası, aktuallığı, reallığı barədə danışmağa başladı. Yazı çox xoşuna gəlmişdi. Və dediyi təriflərdən bir cümlə hələ də qulaqlarımı və zövqümü oxşamadadır; təxminən belə: “Ay Akif, dədəmin goru haqqı, lap Mirzə Cəlil sayağı demisən e… Sözü belə deyərlər…” və s. Biz səmimi sağollaşıb ayrıldıq. Uzaq 1985-ci ildə Nəriman Həsənzadənin bəyənib cəsarətlə çapa verdiyi “Ağ xalat” adlı həmin satirik yazını burda hörmətli oxuculara təqdim edirəm. Və ustad qələm adamı, görkəmli şair, dramaturq, hörmətli Nəriman müəllimə Tanrıdan möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram. *** Akif ƏLİ AĞ XALAT (Məzhəkə) Bu ağ xalatı geyən yox idi. Tərtəmiz, ağappaq, nişastalı-ütülü halda xəstəxana anbarından asılıb qalmışdı. Yırtığı-yamağı da yox idi ki, deyəsən ayıbdır deyə geymirlər. Bu xalatı təsərrüfat müdiri xəstəxanaya təzə işə girən cavanlı-qocalı çox həkimə təklif eləmişdi. Yaxın duran yox idi. Nə təcrübəli, nə təcrübəsiz bir həkim ona sahib olmaq istəmirdi. Özləri evdən başqasını tikib gətirirdilər, amma bu hazır mala yiyə durmurdular. Allahu-Əkbər! Təkcə bağbanın o xalatda gözü vardı. Çünki o da bu fani dünyada bir dəfə ağ xalat geyib həkimlərə qoşulmaq istəyirdi.
Təsərrüfat müdiri bir dəfə xalatı bir yaşlı həkimə göstərdi. Həkim alıb o üz-bu üzünə baxdı və başını bulayıb geri qaytardı. Bir ortayaşlı həkim isə bir az fikirləşəndən sonra xalatı geyinib səhər-səhər palataları gəzdi və sonra da xəstəxanada bir dövrə vurub gətirdi dinməz-söyləməz asdı yerinə. Səhərisi özünə evdən başqa xalat gətirdi. Bir gün institutu təzə qurtarıb gəlmiş bir gənc həkim tapıldı ki, xalatı alıb dinməzcə geydi, getdi işinin dalınca. Təsərrüfat müdiri rahatca nəfəs aldı ki, şükr, bu da belə getdi. Bağbana da dedi ki, odur, axırıncısı qalmışdı, onu da verdim getdi. Bağban bikeflədi ki, bəs mənim təmiz ağ xalat geymək arzum, filan-beşməkan… Təsərrüfat müdiri qayıtdı cavabında düşdü bunun üstünə ki, a kişi, sən ağ xalatı neynirsən? Sən hara, təmiz xalat hara? Köhnə plaşdan-zaddan tap keçirt əyninə. Ağ xalat həkimlərçündür. Həkimin nişanəsidir, adıdır, şanıdır, şərəfidir ağ xalat… Sən iki dəqiqənin içində onu ləkələyərsən, bihörmət eləyərsən… Amma üç gündən sonra, cəmi üçcə gündən sonra, gənc həkim də gətirib dinməz-söyləməz xalatı təhvil verdi təsərrüfat müdirinə və gülümsəyə-gülümsəyə çəkilib getdi. Paho! – A kişi, gəl, gəl apar geyin bu xalatı, heç kim istəmir. Deyəsən sənin gözün arxasınca qalıb deyə baxtı açılmır. Apar istəyirsən ləkələ, istəyirsən çirkləndir, istəyirsən lap… Bağban sevinə-sevinə təptəzə, ağappaq, nişastalı-ütülü xalatı əyninə keçirib yaxasını bərk-bərk düymələdi və birdən-birə mənsəbə çatmış görməmiş adamlar kimi vüqarlı görkəm alıb şəst ilə bağçada atıb gəldiyi qara şlanqa tərəf addımladı. Kişi həyəcandan əllərini də qoymağa yer tapmırdı. Çünki xalatın cibi yox idi. Cibsiz idi bu xalat, ay səni yaradana qurban olum… Cibsiz! Bu da belə! (“Ədəbiyyat və İncəsənət” qəzeti, 1985)
*** Zəruri qeyd: Sonralar həmin miniatür əsasında kinossenari yazıb “Azərfbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kino-jurnalının redaksiyasına apardım. Ustad kino xadimləri Ziyafət Abbasov, Ceyhun Mirzəyev, Vaqif Mustafayev oxuyub bəyəndilər, çəkilişinə razılıq verdilər. Və görkəmli kinorejissor Vaqif Mustafayev xalatın cibləri haqqında olan o ssenari əsasında “Tərsinə” adlı çox populyar olan süjet çəkdi (bax: “Mozalan” kinojurnalı, № 121, 1987-ci il).
Allah onu dünya malıyla, can sağlığıyla çox imtahana çəkib, necə deyərlər, əzib əzişdirib, sonda şükranlığına, imanına bağışlayıb…
Deyir ki:- “Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”
Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir…
“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qəzetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qəzeti buraxmaq istəyirlər. Mən də dedim, əlimdə tərcümələrim var. Dedi, gətir, çap edək. Elə oldu ki, həmin qəzeti birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qəzetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qəzetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qəzeti buraxdıq.”- söyləyir…
Saysız-hesabsız istək və arzuları var. Bunları reallaşdıra bilməyəndə, özünəməxsus xəyal aləmində həyata keçirir. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir…
Deyir ki:- “Mənsub olduğum ədəbi nəslin giley-güzarı bitməsə də əsas məsələ, ortada böyük qələbəmiz var. Demək, bizim qismətimizdə Qarabağı azad görmək də var imiş. O ki qaldı mənim ədəbiyyatda qalıb-qalmayacağıma bunu yalnız gələcək müəyyən edəcək. Təəssüf ki, mən o günü görməyəcəm. Amma inanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam…”
Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib…
“Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq…”- söyləyir.
…Hazırda “Mücrü” jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 15-ə yaxın kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayna dillərinə tərcümə olunub…
Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var…
Daxili aləmi çox rəngarəngdir. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır…
…Martn 3-ü həm Kənanın və həm də ömür-gün yoldaşı İlhamə Dağlının ad günüdür. Bu münasibətlə hər ikisini təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasınlar, cüt yaşasınlar!
Ana həsrətinin poetik fəlsəfəsi (Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yenicə işıq üzü görmüş “Ana həsrəti” adlı kitab haqqında olacaq. Azərbaycan poeziyasında ana obrazı hər zaman müqəddəs, toxunulmaz və dərin mənəvi məna daşıyan bir zirvə kimi qəbul olunub. Bu zirvəyə qalxmaq isə yalnız səmimi hiss, daxili ağrı və poetik məsuliyyət tələb edir. Tanınmış şair Nicat Ərtürkün “Ana həsrəti” adlı şeirlər kitabı məhz bu mənəvi zirvəyə doğru atılmış səmimi və məsuliyyətli bir addımdır. QISA ARAYIŞ Nicat Ərtürk – Qasımzadə Nicat Ərrəhman oğlu 1982-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olub. İxtisasca ali təhsili iqtisadçıdır. Azərbaycan Yazıçılar Birliynin üzvü, ədəbiyyat sahəsində müvəffəqiyyətlərə görə təqdim edilən nüfuzlu “Qızıl qələm”, “Ziyadar” kimi mükafatların laureatıdır. “Səsləyir Zəngəzur, Qarabağ bizi” və “Zirvələrin fatehi” adlı kitabların müəllifidir. Haqqında söhbət açdığımız “Ana həsrəti” kitabı müəllifin oxucularla üçüncü görüşüdür. Kitabdakı nümunələr mövzusundan asılı olmayaraq bəzən həddindən artıq pafoslu görünsə də, əslində olduqca səmimi və fərdilikdən uzaq, ümumiləşdirilmiş problemlərin çözümü yolunda atılmış cəsarətli addımlar kimi qiymətləndirilməlidir. Kitabın adından başlayaraq oxucu dərhal anlayır ki, burada söhbət sadəcə fərdi bir kədərdən deyil, ümumbəşəri bir duyğudan – ana həsrətindən, insan varlığının ən kövrək və ən saf nöqtəsindən gedir. “Ana həsrəti” həm konkret bir itkinin ağrısı, həm də insanın mənəvi dayağını itirməsinin fəlsəfi izahıdır. Kitabda toplanmış şeirlərdə insan varlığının mənası, həyatın faniliyi, zamanın amansız axını və mənəvi dəyərlərin önəmi poetik düşüncə müstəvisində təqdim olunur. Şair şəxsi hiss və yaşantılarını ümumbəşəri ideyalar səviyyəsinə yüksəltməyi bacarır. Bu xüsusiyyət Nicat Ərtürkün poeziyasını sırf emosional ağrıdan çıxarıb dərin fəlsəfi qatlara daşıyır. Kitaba daxil edilmiş şeirlər içərisində ondan artıq nümunə adı və məzmunu ilə birbaşa anaya, ana həsrətinə bağlıdır. Bundan əlavə topludakı digər şeirlərin də böyük əksəriyyətinin ya məzmunu, ya da mətn daxilində bəzi fraqmentlər ana adı, ana həsrəti ilə dolayısıyla əlaqəlidir. Ana obrazı şeirlərdə yalnız bir insan deyil, mərhəmətin, qayğının, ilkin saflığın və ruhun sığınacağı kimi təqdim olunur. Ana itkisi isə sadəcə fiziki ayrılıq deyil, insanın iç dünyasında yaranan böyük boşluq, mənəvi yetimlik hissidir. “Ana həsrəti” kitabında dil sadə, anlaşıqlı, lakin dərin məna yüklüdür. Şair bəzəkli ifadələrdən daha çox, oxucunun qəlbinə toxunan səmimi sözlərə üstünlük verir. Bu sadəlik poeziyanın təsir gücünü azaltmır, əksinə, onu daha da gücləndirir. Nicat Ərtürkün şeirlərində daxili ahəng, ritm və emosional tarazlıq diqqəti cəlb edir. Hər misra bir hissin, bir düşüncənin daşıyıcısıdır. Oxucu bu şeirləri oxuyarkən təkcə müəllifin ağrısını deyil, öz daxilində gizlənmiş ana həsrətini də kəşf edir. Kitabın “Anamın əziz xatirəsinə ithaf edirəm” sözləri ilə başlaması bu poeziyanın ideya-mənəvi xəttini əvvəlcədən müəyyənləşdirir. Bu ithaf kitabı sadəcə bir şeir toplusu yox, ruhi etiraf, minnətdarlıq və sədaqət manifestinə çevirir. Oxucu anlayır ki, qarşısında duran misralar yazı masasında deyil, qəlbin ən dərin qatlarında doğulub. “Ana həsrəti” müasir oxucu üçün təkcə poetik zövq mənbəyi deyil, həm də mənəvi düşüncə kitabıdır. Bu şeirlər insanı öz kökünə, dəyərlərinə, valideyn sevgisinin əvəzsizliyinə qaytarır. Sürətli və maddiləşmiş dünyada bu cür əsərlər oxucuya dayanmağı, düşünməyi və hiss etməyi xatırladır. Ana həsrətinin poetik fəryadı, ümumiləşdirilmiş nisgil, milli kimlik məsələləri, əcdadlara ehtiram, özünü tanıma və təqdim etmə yuxarıda qeyd etdiyim kimi demək olar ki, topluda yer alan bütün nümunələrin məğzində dayansa da, söhbətimizi Nicat Ərtürkün “Ana həsrəti” kitabında (səhifə 53) yer almış eyni adlı şeirindən gətirəcəyim misallarla daha da zənginləşdirmək istəyirəm. Ana obrazı Azərbaycan poeziyasının ən müqəddəs, ən kövrək və ən dərin qatlarından birini təşkil edir. Bu obraz təkcə doğmalıq, qayğı və mərhəmət deyil, eyni zamanda insanın daxili dünyasının dayağı, mənəvi sığınacağıdır. Məhz bu baxımdan Nicat Ərtürkün “Ana həsrəti” şeiri ana mövzusuna həsr olunmuş əsərləri (əsərlər) içərisində xüsusi emosional dərinliyi və səmimiyyəti ilə seçilir. Şeirin ilk misralarından etibarən oxucu faciəli bir dönüş nöqtəsi ilə üz-üzə qalır: Dəyişdi gözümdə, dəyişdi zaman, Fırlandı başıma fırlandı dünyam. Bu misralarda zaman artıq adi axarında deyil. Ana itkisi ilə birlikdə zaman anlayışı da mənasını itirir, dünya oxun ətrafında fırlanan ağır bir yükə çevrilir. Şair burada şəxsi ağrını ümumbəşəri hissə çevirir: ana yoxdursa, həyatın nizamı da pozulur. Şeirin növbəti bəndlərində sevincin göz yaşına, evin işığının sönməsinə çevrilməsi təsvir olunur: Xoş günlər bir anda kədər döndü, Sevinc göz yaşlarım qəhərə döndü. Ana evin ruhudur. Onun yoxluğu təkcə bir insanın itkisi deyil, bir ocağın sönməsi, bir ailənin mənəvi sütununun dağılmasıdır. Şair bu həqiqəti bədii dillə, lakin son dərəcə real duyğularla ifadə edir. “Ana həsrəti” şeiri eyni zamanda insanın psixoloji sarsıntısının poetik gündəliyidir: Bir əsər qalmadı səbri-dözümümdən. Burada artıq təskinlik yoxdur. Şair etiraf edir ki, ana həsrəti qarşısında ən möhkəm iradə belə sarsılır. Bu etiraf şeiri daha da səmimi və inandırıcı edir. Əsərin diqqətçəkən cəhətlərindən biri də taleyə və zamana yönəlmiş açıq etirazdır: Etiraz edirəm sənsiz zamana, İstədim ki, artıq zaman dayana. Bu misralar insanın acı qarşısında acizliyini, eyni zamanda üsyankar ruhunu əks etdirir. Şair üçün zaman artıq şəfa verən deyil, əksinə, ağrını uzadan bir gücdür. Şeirin hər bəndinin sonunda təkrarlanan: Anama həsrət qaldığım günü misrası bir növ şeirin ürək döyüntüsünə çevrilir. Bu təkrar oxucunun yaddaşına həkk olunur və ana itkisinin unutulmaz, dəyişməz bir həqiqət olduğunu vurğulayır. Nicat Ərtürkün “Ana həsrəti” şeiri sadəcə bir şəxsi kədərin ifadəsi deyil. Bu əsər ana sevgisinin əvəzsizliyini, ana itkisi ilə insanın daxilində yaranan boşluğu, zamanla belə sağalmayan yaraları poetik dillə ortaya qoyur. Şeir oxucunu həm düşündürür, həm də öz ana xatirələri ilə üz-üzə qoyur. Bu əsər bir daha sübut edir ki, ana həsrəti – zamanla keçməyən, sözlərlə təsəlli tapmayan, yalnız poeziyada nəfəs alan bir dərddir. Nicat Ərtürk bu dərdi səmimi, sadə və təsirli bir dildə ifadə edərək oxucunun qəlbinə yol tapmağı bacarmışdır. Nicat Ərtürkün “Ana həsrəti” kitabı Azərbaycan poeziyasında ana mövzusuna həsr olunmuş səmimi, dərin və fəlsəfi kitablar arasında öz layiqli yerini tutmuşdur. Bu kitab oxucuya təkcə bir şairin daxili dünyasını deyil, hər bir insanın qəlbində gizlənən ana sevgisini və həsrətini göstərir. “Ana həsrəti” – bir kitabdan daha çox, bir qəlbin səsi, bir ruhun etirafı və bir ömrün poetik xatirəsidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. 28.02 – 01.03.2026. Bakı.
Sənli arzularım Tanrıya ibadət kimidir, bütün qəlbimlə dua edirəm, gözləyirəm, Göz yaşlarımı Mələklərdən gizləyirəm, Tanrı isə hələ də susur… Sənli yuxularım səadət kimidir, Heyif ki, gözlərimi açanda xoşbəxtlik məndən küsür, Sənsizlik ruhumu üzür…
Harda ad günü tortu görsəm Sənlə birlikdə heç vaxt tutmadığımız arzumuzu, heç vaxt üfürmədiyimiz şamları xatırlayıram… Biz ancaq dodaqlarımız danışanda gözlərimizi yummuşuq, bəlkə ona görə bəxtimiz kor olub, Bəlkə ona görə gecələri yuxumuz ərşə çəkilir, Elə bil yastığımıza qor dolub. Eh! Bizdən küsən fələk, Biz səndən nə ummuşuq?!
Ay adı dilimdə düyünlənib Dodaqlarımda əsir olanım, Əsarətin mübarək… Bu dünyaya göz açmaq hər oğulun işi deyil, Cəsarətin mübarək… Hələ dənizin tən ortasındasan, Limana çox var… Qarşıda saysız fırtınalar, tufanlar, Dəryada nəhəng balıq udanlar… Ay mənim boz dünyadakı göyqurşağım, Doğum günün mübarək!
Şair Nicat Ərtürkün “Ana həsrəti” kitabının təqdimatı keçirilib
Manset.azxəbər xəbər verir ki, “Ana həsrəti” kitabının təqdimatı Xocalı faciəsi şəhidlərinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbir Əsəd Cahangirovun aparıcılığı, şair Kəmaləddin Qədim, yazıçı Zaur Ustac, aktyor Habil Xanlarov və başqa tanınmış şəxslərin, ziyalıların iştirakı ilə baş tutub.
İxtisasca iqtisadçı olan Nicat Ərtürk üçüncü kitabı olan “Ana həsrəti”ni vaxtsız itirdiyi anasına həsr edib. Öz şeirlərində müxtəlif mövzulara – vətən, el-oba, yurd, valideyn, övlad sevgisi mövzularına toxunan şair əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundandır.
Tədbir zamanı şair Nicat Ərtürk Media Araşdırmaları mərkəzi və Azər KİVİHİ tərəfindən “Şərəfli ömür yolu” media mükafatı və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub. Sonda xatirə fotosu çəkdirilib və şair oxucularının kitablarını imzalayıb.
Bu barədə heç vaxt, heç yerdə yazmamışam. Onda mənim 22 yaşım var idi. Üstündən 38 il keçəndən sonra, o dövrdə yaşadığım hadisələri sizinlə bölüşmək qərarına gəldim. Axı, insan yaşa dolduqca nə vaxtsa gördüklərinin mahiyyətini daha yaxşı anlayır…
Təqvimdə 27 fevral 1988-ci il idi. Sumqayıt od tutub yanırdı. Alışdırılmış avtomobillərin qara tüstüsü şəhərin üzərində müharibə ab-havası yaratmışdı. Bir qrup erməni evlərə soxulur, öz soydaşlarını eyvandan, pəncərədən çölə atır, erməni qadın və qızları zorlayırdılar. Hamı əsəbi, hər kəs təlaş içində idi. Hadisələri doğru-düzgün qiymətləndirməyin vaxtı deyildi. İnsanları yayılan şayələr idarə edirdi…
Təqvim 28 fevral 1988-ci ili göstərirdi. Dünən şəhərdə baş verən hadisələr hamı kimi məni də sarsıtmışdı. Ç.İldırım adına Politexnik İnstitutunun axşam şöbəsinin tələbəsi idim. Gündüzlər isə Sumqayıt Superfosfat zavodunda ekspeditor işləyirdim. Səhər birtəhər özümü zavoda çatdırıb yenicə işə başlamışdım, hay düşdü ki, ermənilər uşaq bağçalarına girib qadınları zorlayır, uşaqları öldürürlər. Ətrafımda olan gənclər kimi mən də bir parça “armatur”u qəzetə bükərək özümlə götürdüm və avtobus dayanacağına doğru yürüdüm. Yalan olmasın, bəlkə də zavodun bütün gəncləri orada idi. Nəisə, avtobuslara doluşub şəhərə yola düşdük. Biz şəhərə çatanda sovet əsgərləri qarşımızı kəsib, geriyə qayıtmağımızı tələb etsələr də, özümüzü qaynar nöqtəyə- köhnə avtovaqzalın yanına çatdıra bildik. Məlum oldu ki, yalan məlumat yayılıb. Dünənki hadisələrdən sonra şəhərin bütün ermənilərini klublara yığıb mühafizə edirlər. Heç kimin tanımadığı kimlərsə səsgücləndirici vasitəsi ilə elə hey qışqırırdı- “Vurun, Əli şiələri, əsgərlər bizim düşmənlərimizdir. Erməniləri müdafiə edirlər. Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”…
Əsəblərini cilovlaya bilməyən gənclər əsgərlərə daş atır, şəhəri tərk etmələrini tələb edirdilər. Mən də onların arasında idim. Baş o qədər qarışmışdı ki, bir də gördüm ki, 7-8 rus əsgəri məni mühasirəyə alıb. Əlimdəki daşları yerə atmağımı tələb edirdilər. Daşları yerə atan kimi onlardan biri avtomatın qundağı ilə burnuma vurdu. Digəri isə əsgər beli ilə başıma zərbə endirdi. Bir də onu gördüm ki, iki əsgər qollarıma girib məni “katalaşka” adlandırılan “KPZ” maşınına qaldırır. Maşın insanlarla dolu idi. Sınmış burnumdan, başımdan axan qan dayanmaq bilmirdi. Kimisi dəsmal verir, kimisi boynundakı şərfi çıxarıb mənə uzadırdı. Az vaxt keçmişdi ki, bizi Sumqayıt Milis şöbəsinə apardılar. Müstəntiqlər dindirəndən sonra şöbənin müvəqqəti təcridxanlarına yerləşdirdilər. Bir gün orada qaldıq, sonra bizi Bayıl türməsinə apardılar. On dörd gün orada qalandan sonra əməlimdə heç bir cinayət tərkibi olmadığı üçün çoxları kimi məni də yenidən Sumqayıt Milis şöbəsinə gətirib azadlğa buraxdılar. Qalanı acı xatirələrdir…
Təqvimdə 28 fevral 2026-cı ildir. Sumqayıt hadisələrindən artıq 38 il ötür. İndi anlayıram ki, o hadisələr ssenarisi KQB-də yazılan, mənfur ermənilərin səhnələşdirdiyi faciə-tamaşa idi…
“Xaltanli Taği” və “Haqdan yanan çıraq” kitabları və onların müəllifi haqqinda qeydlər
XVIII-XIX əsrlərdə yaşayıb yaratmış müqtədir el sənətkarı Aşıq Xaltanlı Tağı haqqında ilk dəfə illər öncə qobustanlı el şairi rəhmətlik Dərdli Cavaddan eşitmişdim. O, aşığın bir çox şeirlərini əzbərdən bilirdi, hər görüşümüzdə bu barədə maraqlı söhbətlər edərdi. Düşündüm ki, rəhbəri olduğum Dirili Qurbani Məclisində Xaltanlı Tağı ilə bağlı bir xatirə günü keçirək. Fikrimi Cavad kişi ilə də bölüşdüm, məclisdə tədbirin keçirilməsinə qərar verdikdən sonra onu da dəvət etdim. Yaşlı olmasına baxmayaraq sevə-sevə gəldi. Söz söylədi, həm Xaltanlı Tağıdan, həm də öz şeirlərindən oxudu. Tədbirdə, maraqlı çıxışı ilə məclis üzvlərinin diqqətini cəlb edən görkəmli şair Tofiq Nurəli də iştirak edirdi. Bu məqaləni yazmağa başlayanda həmin anları xatırladım…
Şirvan aşiq məktəbinin yaradicisi Xaltanli Taği haqqinda yeni monoqrafiyanın müəllifi – ümumtəhsil məktəbində işıqlı ömrünü şagirdlərinə həsr etmiş sıradan bir pedaqoq olsa da, fəaliyətində tədqiqat yönlü saysız-hesabsız məqalələrin müəllifi araşdırmaçı, publisist-yazar, ali dərəcəli Azərbaycan dili və ədəbiyyatı müəllimi Tahir Həsənlidir. O, ucqar dağ kəndi olan, sanballı ziyalıları ilə tanınan Qubanın Yerfi kəndində yaşayır. Tahir müəllimlə ilk tanışlığım, tanınmış yazıçı dostum Rövşən Yerfinin dəvəti ilə ata yurdunda – qardaşıgildə qonaq olduğum zaman baş verdi. Arxivi xatırladan yarımotaq boyu mini ktabxanası mahiyyətcə çox zəngin və orjinallığı ilə diqqətimi cəlb etmişdi. Ədəbi jurnallar, klassiklərin əsərləri, dərc olunduğu nəşrlər, ölkə və bölgə üçün əhəmiyyətli yazıların çap olunduğu qəzet və jurnal nüsxələri. O zaman ilk gəlişimdəcə yaddaşımda xoş təəssurat buraxan Yerfi haqqında yazmaq qərarına gəldim. Tahir müəllimin unikal bilgisi və hafizəsi söyləmələri ilə anındaca diqqətimi cəlb eləmişdi. Məqalə üçün kifayət qədər zəngin material əldə etmək imkanım oldu. Beləliklə, ardıcıl əməkdaşlıq etdiyim “Kaspi” qəzetində “Qubadan Qonaqkəndəcən” adlı bir səhifəlik məqaləm dərc edildi. Bu yazımda bacardığım qədər Yerfi kəndinin tarixi, əhalisi, təbiəti, təsərrüfatı, təhsil və mədəniyyəti, tanınmış simaları haqqnda məlumat vermək istəmişdim. Bildiyim qədər buna nail olmuşdum da. O zaman Tahir müəllimdən aldığım informsiyalar yazının hazırlanmasında mənə çox kömək etmişdi. Hələ onun dərc etdirdiyi məqalələr. Onlarda nələr yox idi? Xüsusilə, təhsillə bağlı müəllimin vəzifəsi və onun görməli olduğu işlər barədə yazdıqları müəllifin fövqəl maarifçi olduğunu göstərirdi. Qabaqcıl təhsil işçisi kimi metodikası və pedaqoji təcrübəsi bölgə məktəblərində tətbiq olunurdu. Tövsiyələrinə diqqətlə yanaşılırdı. Bu tövsiyələr tədris prosesində səmərəli nəticənin əldə olunmasında və düzgün qiymətləndirmədə meyar kimi götürülürdü. Yalnız müəllim olmaqla kifayətlənməyən Tahiq müəllimin ardıcıl mütaliələri və maraqlı araşdırmaları onu elmi tədqiqat sahəsində axtarışlar aparmağa sövq edir. Qəzet-jurnal dairəsindən çıxıb elmi-publisistik kitablar üzərində düşünür. Doğulub böyüdüyü və hazırda da yaşadığı kənddən bəhs edən “Yerfililər”, “Yerfi töhfələri”, eləcə də “Qaçaq Mayıl dastanı”, “Xaltanlı Tağı”, “Haqdan yanan çıraq” kimi elmi-publisistik kitabları az zaman içində diqqəti cəlb edir və görkəmli folklorşünas alimlərin qiymətini alır. AMEA Folklor İnstitunun şöbə müdiri, “Dədə Qorqud” elmi jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı: “Son illərdə Xaltanlı Tağının həyat və yaradıcılığı ilə ciddi məşğul olan Tahir Həsnlnin Azərbaycan jurnalında işıq üzü görən “Xaltanlı Tağı” məqaləsi ilə el sənətkarının araşdırmalarının yeni mərhələsi başlanır. Ciddi axtarışlar nəticəsində müəllif Xaltanlı Tağıya həsr etdiyi monoqrafiyasını tamamlamağa müvəffəq olmuşdur.
Monoqrafiyanın ilk bölməsində aşıq sənətinn tarixinə qısa ekskursiya edilir və Xaltanlı Tağının həyatına aid bir çox faktlar dəqiqləşdirilir. Onu vurğulamaq lazımdır ki, el sənətkarının yaşadığı bölgənin azsaylı xalqlarla zənginliyini nəzərə alan tədqiqatçı olduqca düzgün fikir irəli sürərək yazır ki, “XIX əsrin əvvəllərində öz istedadı ilə diqəti cəlb edən Xaltanlı Tağının təhsil illəri və yaradıcılıq dövrü Rusiyanın Azərbaycanın şimalını işğal etdiyi dövrə düşür. Bu zamanlarda Azərbaycanın şimalında, Dərbənddən Xaltanadək dağlıq ərazilərdə yaşayan, müxtəlif dillərdə danışan azsaylı xalqların savadlı, ziyalı, yaradıcı nümayəndələri öz əsərlərini ana dili kimi bildikləri Azərbaycan türkcəsində yazır, bu dilin ətrafında birliklərini ifadə edir, ümumilikdə, Azərbaycan ədəbiyyatını inkişaf etdirirlər. Nəticə etibarı ilə bu xalqları dil, din və vətən birləşdirirdi.”
Müəllif monoqrafiyanı işləyərkən tədqiqat prosesində onu elmi qaydalara uyğun 10 mövzu üzrə bölmüş, əldə etdiyi nəticələri ümumiləşdirmiş, “bir-birini tamamlayan, zəngin tarixi və bədii materialı əsaslı şəkildə şərh edən bölmələrə daxil etmişdir” (R.Qafarlı). Həmin mövzular bunlardır: “Aşiqanə lirik şeirləri”, “İctimai motivli şeirləri”, “Xaltanlı Tağının səyahət coğrafiyası”, “Xaltanlı Tağının “Vücudnaməsi”, “Şeyx Əzizəddinin vəsfi”, “Əlif-be (Allahın mədhi)” şeiri haqqında”, “Nə qazandın bu dünyada”, “Didaktik-fəlsəfi şeirləri və dastan yaradıcıığı” və Xaltanlı Tağı yaradıcılığının bədii xüsusiyyətləri. Göründüyü kimi, tədqiqatçı el sənətkarının bədii yaradıcılığının bütün istiqamətlərini sistemli şəkildə tədqiqata cəlb edib olduqca dolğun, əhatəli, dəqiq elmi-nəzəri fikirlər irəli sürür. Monoqrafiyanın sonunda Xaltanlı Tağının bədii irsindən seçilmiş nümunələr verilir. Nəhayət, görkəmli folklorşünas alim, professor R.Qafarlı əminliklə qeyd edir ki, monoqrafiya ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaq və Azərbaycan folklorşünaslığını zənginləşdirəcək. Biz də bu fikirdəyik. Belə ki, Tahir müəllim özünəqədrki tədqiqatları nəinki davam etdirmiş, hətta öyrənilməmiş ən xırda boşluqları belə doldurmuş, aşıq-şairin böyüklüyünü, yaradıcılıq siqlətinin dərinliyini təfsilatı ilə üzə çıxarıb diqqət mərkəzində saxlamağı bacarmışdır. Əsərdə müəllif özü də etiraf edir ki, Xaltanlı Tağı yaradıcılığı mərhum folklorşünas Ağalar Mirzə tərəfindən araşdırılaraq monoqrafiya şəklində çap olunmuşdu. Prof. Ramazan Qafarlı da kitaba yazdığı ön sözdə bunu qeyd edir. O, göstərir ki, Azad Nəbiyev də tədqiqatlarında bu el sənətkarının yaradıcılığına az-çox toxunmuşdur. Burdan belə çıxır ki, T.Həsənlinin bu kitabı daha əhatəli və daha şaxəli şəkildə işlənib. Ən xırda məsələlər göz önünə gətirilib, müəllif nəzərdə tutduğu bütün məsələlərə ciddi problem kimi yanaşıb, ona görə də uğurlu nəticə əldə edə bilib. Monoqrafiyanın “Xaltanlı Tağının həyat və yaradıcılığı haqqında” adlanan giriş hissəsində biz bunu aydın görürük. Tədqiqatçı burada öncə aşığı yetişdirən mühit barədə bizə dolğun məlumatlar verir. Bölgədəki mövcud aşıq məktəbləri haqqında sistemli şəkildə apardığı araşdırmalar və gəldiyi qənaətlər kitabın sanballı alınmasında mühüm faktorlardan biridir. Şirvan aşıq məktəbindən çıxmış ünlü aşıqların tarixilik nöqteyi-nəzərindən təqdimi, o sırada Xaltanlı Tağının adının xüsusi olaraq çəkilməsi müəllifin bu sənətkara qeyd-şərtsiz rəğbətinin olduğunu bildirir. Bu da təbiidir. Quba kimi unikal bir bölgədə bütün parametrləri ilə əsl aşıq-şair kimi doğulan və yaradıcılıq fəaliyyəti ilə ustad kimi tanınan və sevilən Tağı nədənsə az kütləviləşmiş, sanki kölgədə qalmışdır. Tədqiqatçının bizə görə onu önə çəkməsi təqdirəlayiqdir. Bölgələrimzdə gizlində qalan bu cür sənət adamlarının aşkarlanıb tanıdılması çox vacibdir. Əgər ölkəmizin mənəvi cəhtdən zəngin olduğu fikrindəyiksə, gərəkdir ki, onun maddi sərvətləri kimi zəngin insanlarını da qabarıq şəkildə təqdim etməyi bacaraq. Bu baxımdan Tahir müəllimin illərlə ardıcıl və sistemli çalışmaları nəticəsində ortaya qoyduğu elmi-metodiki və publisistik yazıları bir örnəkdir, nümunədir. Xaltanlı Tağı və ona həsr etdiyi bu monoqrafiya, eləcə də ədəbiyyatşünas alimlərin inamla qeyd etdikləri “Haqdan yanan çıraq” adlı aşıq haqqında roman sözsüz elm və ədəbiyyat xəzinəmiz üçün bir inci qədər dəyərlidir. Bu əsərin bir üstün cəhəti var ki, onu yalnız adi bədii əsər deyil, həm də tarixi roman kimi qiymətləndirmək lazım gəlir. Əsərdə cərəyan edən hadisələr o dövrün tarixi şəraiti nəzərə alınmaqla işlənib. Biz burada işğalçı rus ordusuna qarşı 25 il mübarizə aparan məhşur Şeyx Şamil hərəkatı və bu hərəkatın içində olan Molla Nuru görürük. Müəllif yazır: “Tağının müasiri olan tarixi şəxsiyyətlərdən biri də Qaçaq Molla Nurdur”. Təhsilini başa vurandan sonra da tez-tez Təngə dərəsindən keçən yolla Dərbənd ərazilərinə səfərləri zamanı onun Molla Nur haqqında dillərdə dolaşan söhbətləri, qoşquları eşitməsi, yaxud Molla Nurla görüşməsi şübhə doğurmur. Aşıq Molla Nura aid olan “Soruş” rədifli şeirində belə deyir:
Qurtarıb ölümdən darda qalanı,
Dilində olmayıb bircə yalanı.
O, əqli kamilin ərzi-halını
Tağıdan soruşma, ellərdən soruş.
Göründüyü kimi, T.Həsənli tədqiqatçılıq axtarışlarında Aşıq Tağının Molla Nurla görüşünü dəqiqliklə müəyyən edərək onu üzə çıxarır. Təkcə bu deyil. O, elmi fəhmilə müəllifi olduğu hər iki əsərində, bunlara qədər isə dərc etdirdiyi müxtəlif məqalələrində tam aydınlığı ilə bəlli olmayan yeni-yeni faktlarla diqqət mərkəzində olub. Təəssüf ki, müəllifin bu yöndəki ardıcıl çalışmaları və əldə etdiyi uğurlu nəticələr nə elmi, nə də ədəbi mühit tərəfindən lazımi qiymətini almayıb. Hələ onun publisistik qeydləri. Doğrudur, onların bir çoxu saytlarda və bəzi mətbu orqanlarda dərc olunub. Yazıçı bu məqalələrində cəmiyyətin özəyində kök salmış problemləri qabardır, eyni zamanda onların həlli yollarını göstərir.
Tahir müəllimin publisistikasına nəzər salsaq görərik ki, onların hər biri, belə demək mümkünsə, özəlliklə hamısı elmi-sosial mahiyyət kəsb edir. Ona görə də, həm maraqla oxunur, həm də dərindən düşündürür. T.Həsənli yuxarıda dediyimiz kimi uzun illər bir dağ kəndində müəllim vəzifəsində fəaliyyət göstərib, nümunəvi pedaqoq olub, yeniyetmə və gənclərin psixologiyasını yaxşı bilib. Onları ölkəmizin gələcəyi üçün hazırlayanda mövcud problemlərdən çıxış yollarını göstərib. Şimal bölgəsinin xüsusiyyətlərini, söz adamlarını, tarixi şəxsiyyətlərini, mədəniyyət və sənətkarlıq vərdişlərini, təbiətini sabahdaşlarımıza sevgi ilə, sayğı ilə, ürəyinin odunu vermiş kimi aşılayıb. Gələcək nəsil Tahir müəllimin bu əsərlərindən həm də onları öyrənəcək. Düzdür, tarix və ədəbiyyat dərsliklərində, dərs vəsaitlərində, uyğun tədbirlərdə bunlar məktəblilərə öyrədilir. Ancaq bu kitablar bir fundamental mənbə kimi, elmi-ədəbi baza kimi bölgənin daha yaxşı tanıdılmasında müstəsna əhəmiyyət daşıyacaqdır.
Bəs nədən T.Həsənlinin “Haqdan yanan çıraq” əsərini roman adlandırırıq? Müəllif özü bunu heç yerdə qeyd etməyib. Ancaq professor Xatirə Bəşirli Azərbaycan Respublikası Aşıqlar Birliyinin azerab.az saytınada dərc olunmuş “İlk aşıq romanı” adlı məqaləsində bunun səbəblərini açıq göstərib. “Professor Məhərrəm Qasımlı mənə bir kitab təqdim etdi və soruşdu ki, sən heç aşıq haqqında roman görmüsən, oxumusan…?! Düşünürəm ki, böyük ozanımız Dədə Qorqudun düzüb qoşduqları, eləcə də “Koroğlu”, “Şah İsmayıl”, “Qurbani”, “Əsli və Kərəm”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” və s. dastanlar əslində elə aşıqların özləri haqqında düzüb-qoşduqları aşıq romanlarıdır.” Professor X.Bəşirli daha sonra yazır ki, Tahir Həsənli “Haqdan yanan çıraq” adlı əsərində bilavasitə Xaltanlı Tağının həyatını romanlaşdırıb, yəni “öz çapında bir ilkə imza atıb.”
Aparılmış tədiqatlarlra görə Xaltanlı Aşıq Tağı XVIII əsrin sonu, XIX əsrin ortalarında Quba rayonunun Xaltan kəndində doğulub. Şirvan bölgəsində fəaliyyət göstərən bir el sənətkarı kimi tanınıb. X.Bəşirlinin də qeyd etdiyi kimi, roman Quba, Dərbənd xanlıqlarında yaşanmış ictimai-siyasi, qismən də mədəni hadisələr fonunda qələmə alınıb. T.Həsənli kitabda Aşıq Tağının babası, atası, özü və nəvəsinin həyatını əhatəli şəkildə işıqlandırıb.
Biz dastan-romanı oxuduqca Azərbaycan məhəbbət dastanlarında cərəyan edən hadisələri burda da izləyə bilirik. Məsələn, müəllifin Xaltanlı Tağının əsl haqq aşıqları kimi yuxuda buta aldığına işarə etməsi buna misal ola bilər.
Yatmış idim xabi-qəflət içində,
Məndən bir can alan hayıxdı getdi.
Eşqin qəmzəsini çəkdi sinəmə,
Boylandım dalınca o çıxdı getdi.
Yar deyib həmişə edərəm fəryad,
Gözlərim qan ağlar, ürək olmaz şad.
Tərlan yuvasından Tağı bir səyyad,
Aldı öz əlilə, buraxdı, getdi.
Haqq aşığı Qurbanidə:
Oturmuşdum Təktüklünün başında
Ocaq qırağında, pirin tuşunda.
Badə içdim səfər ayın beşində,
Aldım nuş eylədim, dedim “bəli”di…
…Oyandım qəflətdən, açdım gözümü, Ərənlər payinə sürtdüm üzümü, Dindirdilər, haq söylədim sözümü, Hər kəlməmə doxsan bəyan dedilər.
Adətən yuxuda buta verilən aşıq gec ayılır, qəribə yuxular görür. Tanımadığı yaşlı kişinin (bəzi dastanlarda dərviş) ona məlum olmayan məkanda bir gözəl qızı göstərib, bax onu sənə buta verdim, deyirlər. Tahir müəllim isə burda yeni bir variantdan istifadə eidir. Tağı gördüyü yuxunu nənəsinə danışır: “Yuxuda gördüm, uzun bir yol gedirəm. Babamdan da qoca, ağ saqqallı bir kişi mənə dedi ki, oğul, qorxma, get oxu, ucadan oxu, qoy səsini hamı eşitsin, səsin səni qoruyacaq. Mən bilmədiyim sözlər oxuyurdum…” Belə hallarda adətən buta verilən aşıq saz çala, söz qoşa bilir, həm aşiq, həm də aşıq olur Tağı kimi. “Ağ saqqallı, ağ donlu bir kişi mənə sazı uzadıb dedi ki, al çal, oğul, xalqını düz yola çağır…”
Dastanlarımızda aşığın sınaq meydanına çəkilməsi, sınanması qabarıq təsvir olunan nümunələrdəndir. Toy məclislərindən birində dövrəsində cəm olmuş qızlardan biri onu sınağa çəkmək məqsədilə: “Aşıq, bu, mənim nənəmdir, gəlsənə, ona bir tərif deyəsən?” Dastanlarımızda bu cür hallarla çox qarşılaşırıq. Xüsusilə, ustad aşıqların yeni buta verilmiş gənc aşıqları sınağa çəkmələri nadir hal deyil. Dirili Qurbaninin çox erkən yaşlarında Aşıq Dədə Yediyar kimi azman bir aşığın sınağından qalib çıxması tipik nümunədir.
Romanda aşıqların toylarda dastan söyləməsi, onlara digər çalğıçılarla müqayisədə xüsusi önəm verilməsi diqqətdən yayınmır. Aşıqların yarışmalara cəlb olunması, meydanlarda sınağa çəkilməsi bərkdən-boşdan çıxmaları üçün stimul olub. Əsərdə bu yüksək qiymətləndirilir. Aşıqlığa yeni başlayan bir gənc aşığın kamil, ustad aşıqlardan xeyir-dua alması yada salınır. Belə nümunələr demək olar ki, bütün məhəbbət dastanlarında mövcuddur. Tipik nümunə kimi “Qurbani” , “Aşıq Qərib”, “Valeh və Zərnigar”, “Tahir və Zöhrə” dastanlarını göstərmək olar.
“Xaltanlı Tağının həyat və yaradıcılığı haqqında” (“Xaltanlı Tağı”, 2024) adlı müəllifin giriş yazısı aşığın həm həyatı, həm də yaradıcılıq fəaliyyəti barədə dolğun məlumat almağa imkan verir. “Haqdan yanan çıraq” romanı barədə bir neçə kəlmə demək istərdim. Bu kitabın adını müəllif Tağının bir şeirindən götürmüşdür və qeyd olunmalıdır ki, çox da uğurlu seçimdir. Aşığın keçdiyi yol bunu deməyə əsas verir . Əsəri oxuduqca biz bunu görürük.
Gərək olmayasan ağıl möhtacı,
Olsan, bu dünyada əziyyətin var.
Qaldırsan yıxılanı, doyursan acı,
Sanarsan Kəbəyə ziyarətin var.
Nə qədər cəhd etsə söndürməz yağı,
Bir kəsin yanırsa haqdan çırağı.
Başını uca tut, Xaltanlı Tağı,
Ellərin içində çün hörmətin var.
Əsərdə təsvir olunan hadisələr məkan və zaman etibarı ilə məlum tarixi şəraitdə – Şeyx Şamilin çar Rusiyasına qarşı apardığı azadlıq mübarizəsi fövqündə önə çıxır. Təsadüfi deyildir ki, bu tarixi romanda Aşıq Tağının Şeyx Şamillə bağlı xatirələri də diqqəti cəlb edir. Həmin dövr Şeyx Şamil hərəkatının geniş vüsət aldığı tarixi məqam kimi müəllif tərəfindən ustalıqla qələmə alınıb. Biz buna əsər boyu rast gəlirik. Məsələn, qeyd olunur ki, Aşıq Tağı oxuduğu mədrəsədə Şamil (sonralar Şeyx Şamil), Məhəmməd, Həmzət, Abdulla kimi görkəmli şəxsiyyətlərlə bir təhsil almışdır.
Biz burada Şamilin timsalında açıq şəkildə azadlıq mücahidlərinin mübariz həyatını görürük. Müəllif onları böyük sevgi ilə təsvir edir. Eyni amal uğrunda – Şeyx Şamilin ətrafında birləşən azadlıq mücahidləri azğın düşmənə qarşı cəsarətlə, qəhrəmanlıqla döyüşürdülər. Romanda hərəkatın başında duran Şeyx Şamilin təsadüfi adam olmadığı dinə və elmə söykənən bir şəxsiyyət olduğu bildirilir. “Şamil çox savadlı adamdır, böyük kitabxanası var”. Ona görə də qalibiyyətlə hünər göstərib zəfər çalmağı bacarır. Dəfələrlə rusları məğlubiyyətə uğradan “Şeyx Şamil 20 minlik qoşun yarada bilmişdi.”
Romandan bəlli olur ki, Xaltanlı Tağını – Aşıq Tağını yetişdirən mühit, tarixi-siyasi hadisələr, ədəbi-tarixi simalar, səyahət etdiyi diyarlar əlbəttə ki, onun dünyagörüşünün, ədəbi zövqünün formalaşmasında əsas göstəricilərdəndir.
Xaltanlı Tağı bir el aşığı idi. Müəllifin təsvirində bəlli olur ki, o təhsil görmüş, həmçinin el içində deyildiyi kimi vergili aşıq olub. Odur ki, şeirlərində bir ustad sığalı var. Heç şübhəsiz, onun qoşmalarına özündən əvvəlki klassiklərin təsiri olmamış deyil. Biz bunu “Vermərəm səni” rədifli qoşmasında görürük. Belə bir şeirə Qurbanidə də rast gəlirik.
Dirili Qurbani:
Başna döndüyüm, ay Pərizada, Can içində cana vermərəm səni. Neynərəm bostanı, neynərəm bağı, Yüz bağü bostana vermərəm səni!
Dağlarda maralsan, çöllərdə ceyran, Ordubad, Naxçıvan boyuna heyran, Tamaşaya gələr cümlə Gülüstan, Külli Dağıstana vermərəm səni.
Xaltanlı Tağı:
Başna döndüyüm, a Gülşən xanım, Can içində cana vermərəm səni. Yığsalar dünyanın varın, dövlətin,
Zənnimcə, bu müqayisə-qarşılaşma Xaltanlı Tağının klassiklərin, o cümlədən Dirili Qurbaninin (XV-XVI əsrlər) yaradıcılığına bələdliyi ilə izah oluna bilər. Bir-birindən bəhrələnmə bütün dövrlərdə, bütün zamanlarda yaradıcı insanlar üçün bir məktəb, bir örnək qədər faydalı olub. Hər iki əsərindəTahir müəllim bir araşdırıcı müəllif kimi, filoloq kimi Xaltanlı Tağının şeirlərində bədii təsvir vasitələrindən məharələ bəhrələnməsindən danışır, “məcazın müxtəlif növləri ilə gözəl portiret” yaratmışdır deyə qeyd edir. Göstərir ki, aşıq şeirlərində, məsələn, “Arasında” rədifli qoşmasında zəncirləmə növündən istifadə etmişdir. O, yazır: “Əvvəlki bəndin son misrasının başladığı “Əgər olsan yüz min” sözləri ilə sonrakı bənd başlayır. Bu qayda ilə bütün bəndlər bir-biri ilə bağlanır. Daha sonra yazır: Tağı dinləyicilərini düşündürmək üçün bədii sualdan istifadə edir. Əsasən didaktik-fəlsəfi şeirlərində həlli tapılmayan, amma hamını düşündürən məsələləri qabardır, sualla müraciət edərək onların diqqətini bir yerə cəmləyir:
Oyan, ey əhli dünya, dur bu dünyadan nə istərsən?
Bu dünya çox bivəfadır, bu vəfadan nə istərsən?
Tağı, bu dünya bəladır, ona çoxlar mübtəladır,
O, bir köhnə xarabadır, xarabadan nə istərsən?
Müəllif aşığın yaradıcılığında atalar sözlərindən yerində məharətlə istifadə olunduğunu bildirir, dini şeirlərinin mahiyyətinə varır, onların əhəmiyyətini qeyd edir. Tahir müəllim Xaltanlı Tağının apardığı toy məclislərində onun bir sənət adamı kimi ədəb-ərkanı gözləməyinin vacib bildiyini yüksək qiymətləndirməklə bərabər, aşığın yerişini itirən, özünü yekə tutan, yemək-içməyini, böyük-kiçik yeri bilməyən insanları tənqid etdiyini vurğulayır. Müəllif aşığın təbiət şeirlərinə haqlı olaraq xüsusi önəm verir: “Tağı təbiəti təsvir edən şeirlərində sözün təsvir gücü ilə gözəlikləri bədii boyalarla canlandırır. Oxucunun təxəyyülndə yurdun əsrarəngiz mənzərələri göz önünə gəlir. Aşıq gördüklərini sadəcə təsvir etmir, onu insan obrazında canlandırır, təbiətlə vəhdətini yaradır. O, doğma yurdu səfalı Qubanın əsrarıngiz təbiətini, onun gözəlliklərini “Nə gözəl” şeirində belə vəsf edir:
Xaliq xəlq edəndə cümlə-cahanı,
Xoş yaradıb bu torpağı, nə gözəl!
Dəlisov çayları, şərbət suları,
Çəməni, çölləri, dağı nə gözəl!
Qızılgüllər qönçələnib oyanıb,
Ağacları baş əyibən dayanıb,
Budaqları al-qırmızı boyanıb,
Nügədinin solu-sağı nə gözəl!
Araşdırmaçı T.Həsənli Xaltanlı Tağı yardıcılığında bu nüansa xüsusi hal kimi diqqət yetirir və onu yüksək qiymətləndirir.
Haşiyə: Fikrimizcə, həm aşığın, həm də tədqiqatçının ətraf mühitlə bağlı məsələyə özəl hal kimi yanaşmaları insan-təbiət münasibətləri baxımından realdır. Təbiət bütün canl varlıqların yaşama səbəbidir. Digər tərəfdən yaradıcı insanların ilham mənbəyidir, qüvvəverici, enerji istehsalçısı və daşıyıcısıdır. Onu nəzərə almamaq olmaz. Odur ki, təbiəti öyrənməyin və qorumağın rəsmi qaydalarından çox əvvəllər müxtəlif sənət növləri vasitəsilə biomüxtəlifliyin saxlanması mümkün olmuşdur. Bu cəhətdən yanaşsaq bir aşıq kimi Xaltanlı Tağı da bu tip yaradıcılıq örnəkləri ilə əməli fəaliyyət göstərmişdir.
Yazıçı-publisist Tahir Həsənliyə görə Azərbaycan aşıq poeziyasında, xüsusilə sovet illərində yaradılmış müasir vücudnamələrdə aşıqlar daha çox öz həyatları ilə bağlı fikirlərini ifadə etmişlər. “Xaltanlı Tağının “Vücudnamə” adlı bu şeirində isə hər bir insana aid ola biləcək bir ömür əks olunub. Mövzu və məzmun dolğunluğuna görədir ki, Xaltanlı Tağının bu şeiri bəzi tədqiqatçılar tərəfindən “İnsan” poeması da adlandırılır. Müəllif eyni zamanda bu şeirin quruluşuna diqqəti yönəldir: “3 mərhlədən ibarət bətn dövrü üç bənd, 100 illik insan ömrü on bənd, qiyamətə qədər ki, dövr isə 6 bənddə ifadə olunmuşdur” deyə qeyd edir.
Müəllif həmçinin qeyd edir ki, Tağının şeirlərində məzmun ardıcıllığı bir qayda olaraq qorunmuş və bədii baxımdan ifadə tərzi saxlanmışdır. “Xaltanlı Tağı böyük alim və şair Məhəmməf Yaradanın mədrəsəsində təsəvvüf mühitində dərs almışdır”. Şübhəsiz, bu ona elmi-dini biliklər aşılamışdır. Belə nəticəyə gəlmək olar ki, aşığın şeirlərində haqqa, ədalətə çağırış, pis əməllərdən uzaq durmağın dini biliklər əsasında ifadə edilməsi təsadüfi olmamışdır. Aşığın 33 bəndlik “Bu mənzildə” şeiri bu fikirlərin təbliği məqsədilə söylənmişdir.
“Xaltanlı Tağı” monoqrafiyasında müəllif qeyd edir ki, “İslami əxlaqı mənimsəmiş Aşıq Tağı yaşadığı ömrünü saf niyyətə, xoş əməllərə, xeyirxahlığa, nəcibliyə, sərf etmiş, halal zəhməti ilə dolanmağı üstün bilmiş, heç vaxt var-dövlət əsiri olmamışdır. Dünya malına görə əqidəsinə, əxlaqına nöqsan tutula biləcək hərəkətlərdən uzaq olmuş, el aşığı, el ağsaqqalı, elin müdrik bir ziyalısı kimi hörmət qazanmış, illər keçdikcə adı hörmətlə çəkilmiş, xalqın yaddaşlarından silinməmiş, əməli, sözü ilə qəlblərdə yaşamışdır.” “Onun qəlbi bir kəndə, bir mahala sığmamış, tez-tez səfərlərdə olmuş, bəlkə də buna görədir ki, külliyyatının xeyli hissəsi ələ gəlməmişdir. Demək olar ki, Azərbaycan türkcəsinin işləndiyi ərazilər Tağının coğrafiyasıdır.” Bu da müəllif Tahir Həsənlinin ünlü bir ustad aşığa verdiyi qiymətdir, dəyərdir!
Sonda müəllif yerli sakinlərə istinadən qeyd edir ki, Aşqlar Birliyindən Xaltan və Utuq kəndlərinə gəlib Tağının şeirlərini toplayan olmuşsa da səs-soraq çıxmayıb. Ustad aşıq Haşım Balasıyevin də topladığı iki dəftər şeirdən birini yoxa çıxarıblar. Lakin qeyd etmək lazımdır ki, mərhum Ağalar Mirzənin dissertasiya işi əsasında “Xaltanlı Tağı” kitabı çap olunmuş və burada 87 şeiri verilmişdir. Təəssüflənməyə dəyər ki, Quba yalnız təbiətinə və sərin havasına görə istirahət məkanı kimi yada düşür. Halbuki, bu bölgə də digər bölgələrimiz kimi Azərbaycan mədəniyyətinə, elminə qiymətli, zəngin insanlar bəxş edib. Məsələn, burada Aşıq Oruc, Aşıq Yarbala, Barmaqsız Aşıq və b. aşıqlar olub. İndi də var.
Müəllif Tahir Həsənli monoqrafiyasını bu sözlərlə bitirir: “Axtarışlarımız nətiicəsində yeni şeirlər əldə edilmiş, indiyədək Aşıq Tağı haqqında yazılanlardan fərqli olaraq bu kitabdakılar faktlara, arxiv materiallarına, yeni nəşr olunmuş əsərlərə əsaslanmış, geniş oxucu kütləsinin marağına uyğun bir səviyyədə təhlil edilmişdir”. Tahir Həsənlinin bu istiqamətdəki çalışmaları süni intellekt vasitəsilə də qiymətləndirib. Orda da doğru olaraq qeyd edilir ki, Tahir Həsənli yalnız kitablarla kifayətlənmir – o, Xaltanlı Tağının şeir və yaradıcılıq xüsusiyyətlərini analiz edən tədqiqatlar və məqalələr də yazmışdır. Onun tədqiqatları Xaltanlı Tağının hələ əvvəlcədən araşdırılmamış və bədii irsinin geniş oxucuya tanıdılmamış hissələrini ortaya çıxarır. Bununla o, XIX əsr Azərbaycan aşıq poeziyasının anlaşılmasına, klassik nümunələrin toplanmasına və şairin irsinin müəyyənləşdirilməsinə böyük töhfə verir.
Yusif DİRİLİ (Mahmudov), tarix üzrə fəlsəfə doktoru