“Zərdabın Sarıqaya kəndində çəkilmiş maraqlı foto. Bir ailədən 6 uşaq dərsə yola düşüb. 4 qız, 2 oğlan. Hələ biri də var, onun isə məktəb yaşı hələ çatmayıb. Məlumat üçün bildirək ki, bu uşaqlar Sarıqaya kənd orta məktəbinin müəllimi Amil Mustafayevin övladlarıdır. Onun 7 övladı var. Allah qorusun. Maşallah.”
“Türk xalqının zəngin mədəniyyətinin sübutu olan ozan-aşıq sənətinin tarixi qədimdir. Dədələrimizin bizə mirası olan bu irsi yaşatmaq, gələcək nəsillərə ötürmək biz ozanların boynuna düşən vəzifə yüküdür. Bu sənətə olan istəyin zəifləməsi mənim ağrılı yerimdir”
Aşıq Maqsud Koca
Qədim dövrlərdən süzülüb gələn ozan səsi bütün türk soylarının folklor nümunəsi olaraq, bu günə qədər də qorunur, nəsildən nəsilə ötürülür. Türkün milli irsi olan, aşıq sənəti, folklor nümunələri milli kimliyimizin əsası olaraq, qədim epik dastanlarını, xalqın azadlığını, qəhrəmanlığını, dostluğunu, məhəbbətini, ilahi eşqi qədim dövrlərdən “ozan”, “varsaq”, “dədə”, “açıq” adları ilə yaşatmaqdadırlar.
Saz səsini eşidən hər bir türkün qanı cövlan edir, ruhu pərvazlanır. Elə bir türk eli, türk obası yoxdur ki, orda saz səsi eşidilməsin. Dədə Qorqudun köksünə sığınan sazımızın sevdalılarından, daşıyıcılarından biri olan Molla Cümə deyir ki;
Aşıqlıq Adəmdən icad olubdur, Ol Adəm atanın nəvəsiyəm mən. Nə qədər dünyaya aşıq gəlibdir, Küllü aşıqların anasıyam mən.
Sözün qüdrətini, milliliyini ehtiva etməyə çalışan aşığın yaradıcılığının möhürüdü ilk misra. Türkün qədimliyini, incəsənətin, mədəniyyətin beşiyi olan türk ellərini andırır.
Bu gün daha bir qoruyucu ocaqdayam. Türkiyədən duyulan bir fəryadın izindəyəm. Onu uzun illərdir ki, tanımağıma baxmayaraq, eyni tədbirlərdə olmağımıza rəgmən müsahib olmaq imkanım olmamışdı. Mətbuatdan və sosial şəbəkələrdən davamlı izləyicisinə çevrilmişdim. Adamın narahatlığı, milli irsə, kökünə olan bağlılığı, ozan sənətinin yaşaması, gələcək nəsillərə ötürmək üçün etdiyi mücadilə diqqətimdən yayınmamışdı. Bu da ona və sənətinə olan sayğı, sevgi və ehtiramı daha da artırdı. İstanbulda Aşıqlar Odasında, ozan məclisində qonaq olduq. Kiçik oda böyük ürəyini, qapılarını açmışdı ozansevərlərin üzünə. Həm türk, həm Azərbaycan aşıqlarının, şairlərinin seirləri səsləndirilən, qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu və məhəbbəti vəsf edən mahnıların klassik ruhununun zənginlyində divarlardakı şəkillər və qədim əşyalar da diqqətimdən yayınmadı. Bu odada böyük bir sevginin, məsuliyyətin, vətənsevərliyin, soy-kökə bağlılığın nişanəsi vardı. Bütün estetik idealını ozançılığın geniş bədii gerçəkliyində əks etdirməyə çalışmışdı. Həm məclisdən, həm odadan, həm efirdəki, mətbuatdakı çıxışlardan hiss olunan narahatçılığın fəryad dolu iniltisi dolurdu qulaqlara. Bu səs keçmişdən gələcəy səslənən Fəryadinin səsiydi.
Nağıl dili yüyrək olar-deyir ozanlarımız. Maqsud Koca Fəryadi 1961-ci ildə Azərbaycan əsilli ailədə dünyaya göz açıb. Türkiyənin cənnət guşələrindən biri olan Qarsın Arpaçay kəndində aşıq İsgəndərin ocağında saz səsində böyüyən Maksud genetik olaraq sazı sevməyə başlayır. Atasından əlavə ustad aşıq Sosgertli Hicranidən də dərs almağa başlayır. Babası Rahim Koca, atası İsgəndər Koca, əqrəbaları aşıq Mehmet Hicrani, aşıq Ali Rıza Ezgi ozan sənətinin tanınmış isimlərindəndirlər. Qarsın çətin coğrafi mövqeyi, iqlim şəraiti hamı kimi Maqsudun da həyat və yaradıcılığına təsirsiz ötüşmür. Kənddə məktəb olmadığı üçün təhsili yarımçıq qalan Maqsud el şənliklərinə qatılmağa başlayır. Atasından dastançılığı öyrənən aşıq, ozan sənətinin dərinliklərinə yiyələnməyə başlayır. Onun folklora olan dərin sevgisi 1977-ci ildə onu İstanbula, ustad aşıq Mehmet Hicraninin yanına götürür. Aşıq havaları ilə püxtələşən Maqsud təkcə türkiyəli ozanların deyil, Azərbaycan ozanlarının da mahnılarını səsləndirir, şairlərini təbliğ edir. Sonradan isə öz şeir və bəstələrilə çıxış etməyə başlayır. Ustadı Maqsudun fədakarlığını, ozan sənətinə olan sevgisini və onun yaşanması üçün verdiyi çabanı, səssiz fəryadını, narahatçılığını təqdir edərək ona Fəryadi ləqəbini verir. Məclisə aşıq gəldi, elə yaraşıq gəldi deyiminin gözəlliyində ömrünü bir az da gözəlləşdirən Fəryadi 1977-ci ildə ilk albomunu buraxır. Aşıq qocalar gəzər, eldə ucalar gəzər. Ucala-ucala gəzən aşıgın ugurları artmağa başlayır. Onun sadəliyi, təvazökarlığı, sənətsevərliyi qəlbləri fəth edir. Yaradıcılığını daha da genişləndirən Fəryadı 1986-ci ilə qədər 8 albom buraxır. Lakin bu da aşığı qane eləmir. Içindəki narahatlıq, səssiz fəryad onu rahat buraxmır. O, hiss edir ki, vicdan yükü məsuliyyət yüküylə üst-üstə düşür, onu bir türk olaraq milli irsi qorumağa, nəsildən nəsilə ötürməyə vəzifə borcuyla yükləyir. O, ona ilahidən vergi olaraq verilmiş, Dədə Qorqudun əmanətini ürəyindən, ruhundan süzülüb barmaqlarına dolan, odun parçasından düzəldilmiş sazın tellərində nəğməyə çevrilən bu müqəddəsliyi yaşatmalıdır. Məşhur aktyor Brendan Fletçer deyir ki, hər insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir saat vardır. İş, o saatı qaçırmamaqdadır…Fəryadi də artıq o saatın gəldiyini hiss edir. Qəlbinin hökmünə baş əyərək doğulduğu yurda yol alır. 1986-cı ildə Qarsda Aşıqlar qəhvəxanası açır və orda məclis yaradır. 1988-ci ildə ailəsi ilə İstanbula yerləşir və yaradıcılığını genişləndirməyə çalışır. Televiziya verlişlərinə, konsertlərə, onlayn konfranslara qatılan ozanımız daha bir uğur əldə edir. Türkiyə Cümhuriyyətinin 70 ilinə həsr etdiyi “Mustafa Kemal” adlı şeiri Mədəniyyət Nazirliyinin keçirdiyi şeir yarışmasında ikinci olur. Artıq daha da məşhurlaşan şairin şeirləri dərslik kitablarına salınmağa başlayır.
Ozan sənətini daha geniş çərçivədə sərgiləmək üçün öz hesabına Avropa ölkələrinə gedərək, orda yaşayan türk xalqlarına konsertlər verir, tədbirlər keçirir, milli irsi təbliğ edir. İnsan üçün ən böyük vicdan Vətənə layiqli övlad olmaqdır. Ləyaqətli insan özünü deyil, vətənini və millətinin gələcəyini də düşünür. Artıq yetirmələri ilə tanınan aşığın daha bir istəyi çox böyük çətinliklə də olsa həyata keçir. O, 1996-ci ildə İstanbulda Aşıqlar Odası Kültür Evini qura bilir. 32 aşığın qatıldığı bu möhtəşəm layihə artıq hər yerə səs salmağa başlayır. Folklora, ozan sənətinə marağı olan gənclər bu ocağa üz tuturlar. Fəryadi ləqəbinin ruhuna verdiyi böyük təpkiylə o, 2017-ci ildə böyük İstanbulun Halkalı adlanan ərazisində daha bir Aşıqlar Evi qurur. Azərbaycan aşıqları ilə də əlaqələrini dərinləşdirən Fəryadi 2001-ci ildə aşıq Zülfiyyə ilə “O sahildən bu sahilə” adlı bir albom çıxardır. Artıq efirlərdə yer verilən aşıq 2002-ci ildə özəl kanallarda dastanlar söyləməyə başlayır. “Ozan telindən” adlı verilişlə çıxış edir. Türk dünyasından gələn ozanları efirə dəvət edərək, gənclərə daha geniş meydan verir.
Ozan sənətinin təbliği və gənc ozanların yetişdirilməsindəki xidmətlərinə görə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Yaşayan İnsan Hazinesi” adlı mükafata layıq görülür. Bundan sonra isə müxtəlif mükafatlara layiq görülən ozan öz yetirmələrinə ozan sənətinin incəliklərini öyrədərək, yaratdığı Xalq Ozanları Kültür Evini onlara miras buraxmaq istədiyini deyir. Sazın-sözün sehrində məclis aparan, aşıqlara meydan verən Fəryadinin sənətə olan sevgisi, bağı eşq fəlsəfəsi aşılayan lirikanın təsirindən doğurdu. “Mənim nələr çəkdiyimi kim bilir”, “Yüregin yansın”, “Kime güveneceksin” kimi şeirlərilə möhürünü vuran ozan hazırda Türkiyənin “Ulusal” kanalında proqram aparıcılığı edir. Eyni zamanda aşıqlıq sənətinin içində azərbaycanlı ozanlarını və şairlərini də təbliğ edərək, yaşadır. Kökü Azərbaycana bağlı olan bu təmkinli, təvazökar insan Akademik F.Qasımzadənin təbirincə desək, əlində sazı kəndləri dolaşır, toylarda, bayram və ayinlərdə, elin qurduğu keyf və şadlıq məclislərində iştirak edir, saz çalır, nəğmə və dastan qoşur, oxuduğu lirik şeirlərlə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşılayır. Saz aşığı bütün varlığı ilə xalqa bağlıdır. O öz xalqı ilə bir yerdə qaynayıb-qarışır, onun sevinc və kədərinə şərik olur, onunla birgə nəfəs alır.
Adi insanlar vaxtlarını neçə keçirməyi düşünür, müdrik insanlar isə vaxtdan necə faydalanmağı.
Böyük tarixçi alim Riçard Nelson deyir ki, ötən günün qəm-kədərinə yaşadığınız bugünkü günü korlamağa izn verməyin. Təfəkkürü zəngin olan insanlar daima önə baxarlar. Üfüqləri fəth etməyə yaddaşlarda qalmağa, eli, obası üçün yararlı olmağa çalışırlar. Türkiyədən kiçik bir odadan ucalıb, Azərbaycana və bütün türk ellərinə yayılan Fəryadinin səsinə hər gün demək olar ki qonaqlar gəlir. Onun yaratdığı kiçik oda hər şənbə günü müxtəlif qonaqlarla zənginləşir, gözəlləşir. Həm dünyasını dəyişən, həm uzaqda, yaxında olan ustad aşıqlarının ruhları şad, qəlbləri sevinclə dolur bu odadan. Bu oda tarixin səsi, milliliyin göstərgəsi, ozan ruhlarının yaşadığı, yaşadıldığı məkan olaraq sevilir.
Hansı sənətin sahibi olursan ol, yaratmaq istədiyini sevərək yaradarsan laləzar olur. Laləzar isə hər zaman bülbüllərin yuvasına çevrilir, cəh-cəhləri könül oxşayır. Bizim Aşıqlar Evi kimi.
Artıq biz də bu evin, bu ocağın, bu ailənin bir üzvünə çevrilərək, ozanlara dəstək olmağa çalışacağıq. Onların sazına qələmimizlə rəng verərək rəngarənglik yaradacağıq. Bu sənətin təbliği milli varlığmızın sağlam yaşamıdır.
Əziz ozan fədaisi Maqsud Koca və onun davamçıları, bu odaya üz tutan bütün ozanlarımız, hər birinizə uğurlar diləyirik… Çıxdığınız bu müqəddəs və məsuliyyətli yol dədələrimizin yolu, dilləndirdiyiniz saz səsi keçmişimizin gələcəyə səslənən səsidir. Yazan əlləriniz, deyən diliniz, telə toxunan barmaqlarınız var olsun!
Bütün türk ellərimizdən ozan səsi, saz səsi əskik olmasın!
Son günlər “Xəzər TV”də yayımlanmış süjetdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) adı ictimaiyyətdə çaşqınlıq doğura biləcək kontekstdə hallandırılmış və bu, təşkilatımızın nüfuzuna ciddi xələl gətirmişdir. Bununla bağlı mövqeyimizi bildirməyi vacib sayırıq.
AVMVİB 1994-cü ilin 24 iyul tarixində təsis edilmiş, 26 avqust 1994-cü ildə isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış rəsmi ictimai birlikdir. Təşkilatımız 31 illik fəaliyyəti dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş minlərlə müharibə iştirakçısını bir araya gətirən, dövlətçilik və vətənpərvərlik prinsipləri əsasında fəaliyyət göstərən nüfuzlu bir qurum kimi formalaşmışdır.
AVMVİB tərəfindən vaxtilə təqdim olunan tanıtma və yubiley nişanları heç bir hüquqi və ya imtiyaz verməyən, yalnız təşkilat üzvləri və əməkdaşlıq göstərmiş şəxslər üçün hazırlanmış simvolik təşəkkür nişanlarıdır. Bu nişanların üzərində təşkilatın loqosu, adı və rəsmi təsis tarixi aydın şəkildə göstərilmişdir. Təşkilatımız bu nişanları heç vaxt dövlət təltifi kimi təqdim etməmiş, onların yalnız ictimai status daşıdığını dəfələrlə bəyan etmişdir.
Qeyd etmək istərdik ki, AVMVİB tərəfindən bu cür nişanların təqdimatı artıq təxminən 2 ildir ki, dayandırılmışdır. Bu səbəbdən də bu gün həmin məsələnin yenidən gündəmə gətirilməsi, xüsusilə də təşkilatımızın adını qeyd etməklə süjetdə təqdim olunması obyektivlikdən uzaqdır və ictimai rəyə yön verilməsi qərəzli yanaşma təsəvvürü yaradır.
Qeyd edilən süjetdə təşkilatımızın adının belə bir kontekstdə hallandırılması bizi ciddi şəkildə narahat etmiş və təşkilatımızın ictimai nüfuzuna mənfi təsir göstərmişdir. Bu cür yanlışlıqlar və məqsədli təqdimatlar ölkəmizin müharibə veteranlarının təşkilatlanması və onların vətənpərvərlik ruhunun formalaşdırılmasında mühüm rol oynayan bir qurumun fəaliyyətini kölgə altına almağa yönəlik kimi qiymətləndirilə bilər.
Biz bir daha bildiririk ki, AVMVİB daim dövlətimizin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmiş, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq, şəffaf və hüquqi əsaslarla fəaliyyət göstərən bir təşkilatdır. Qarabağın azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş qəhrəmanların ailələri, yaralı döyüşçülər və veteranlar bizim əsas fəaliyyət istiqamətimizdədir.
AVMVİB olaraq, hər zaman dövlət orqanları ilə əməkdaşlığa açıq olduğumuzu, hər hansı sual və ya qeyri-müəyyənlik yarandıqda qarşılıqlı hörmət və əməkdaşlıq əsasında aydınlaşdırılmasının daha məqsədəuyğun olduğunu bildiririk.
Hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyəti adından — İctimai Birliyin sədri Füzuli Rzaquliyev 11 sentyabr 2025-ci il Bakı şəhəri
Milli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Müasir dövrdə dünya arenasında təhsilin əhəmiyyəti və rolu insanların həyatında günü-gündən artır. Cəmiyyətdə təhsil önəmli sahə kimi elmin inkişaf və tərəqqi rəmzinə çevrilib.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Ona görə də hər bir ölkədə təhsilin inkişaf səviyyəsini dövlət diqqət mərkəzində saxlayır. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb, beləliklə, həmin gün “Bilik Günü” elan edilib.
Milli Kitabxanada bu gün münasibətilə “15 sentyabr – Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Azərbycanda təhsilin inkişafı və təhsil siyasəti, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu, Milli təhsilin uğurları və hədəfləri, Süni intellekt təhsil prosesində və s. mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar və kitablar təqdim olunur.
Ənənəvi sərgidə isə Azərbaycanda təhsil tarixi, elm və təhsil siyasəti, Ulu Öndər Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı, Milli təhsil strategiyası, Heydər Əliyev fondunun Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyəti, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, görkəmli Azərbaycan pedaqoqları və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Milli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub – tədbir barədə ətraflı məlumat:
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/bilik-gunu
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
13 sentyabr İldırım Əkbəroğlunun (Füzuli) anadan olduğu gündür. Doğum günündə şairi rəhmətlə anır, canından çox sevdiyi Azərbaycana həsr etdiyi sonetlər cələngini təqdim edirik:
“DƏRDİM, SEVİNCİM” (Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…) I Olmasın, olmasın sənsiz bir günüm, Ancaq qucağında uyuyaram mən. Kimə yetə bilər harayım, ünüm Əgər sən olmasan, ey ana Vətən.
Qdludur torpağın əzəldən, başdan Dağlarda qarın da qığılcım çaxar. Sənin ürəyini döyündürən qan Mənim də qəlbimdən dolanıb axar.
Fikirlər uçdumu uzağı çəkər, Görüb dərdlərini sızlasam əgər Demə uşaq kimi ağlar, kürəm mən.
II
Demə uşaq kimi ağlar, kürəm mən. Sənin çəkdiklərin tarixdə azmı. Sökülən, danılan, dağ çəkdirilən Bir ana övladı de, ağlamazmı?
Çiçəklər içində çiçəyin incə, Nəğmən nəgmələrə ilk cığır açdı. Elə bir ocağa döndü ki, Gəncə Bütöv yer üzünə nurunu saçdı.
Dildən dilə düşdü şöhrətin, adın Çoxları üstünə oynatdı atın. O gündən qaraya tutuldu günüm.
Eh, bir də həyatda deyilki yalan Pis gözə bıçaqdır qiymətli olan Eşit, Azərbaycan, başına dönüm.
III
Eşit, Azərbaycan, başına dönüm, Çiçəklər oxşayar, tikanlar dalar. Yadından çıxıbmı “Məvailər”im… Qiymətli zər kimi oğurlandılar.
Vətən yanğısıdır, Vətən yanğısı, Insan ürəyində dərdin dərini. Bəlkə də dönəndə durna sırası Oxuyur onların nəğmələrini.
Dəyişən dəyişib, qalanlar qalır, Kimi üz çevirib astarın salır. Tarixsə dəyişməz həməndir, həmən.
Pərvanə vurğundur yanarsa şamda, Bəzən qovurlanıb, sızıldasam da Sənin şöhrətinlə öyünürəm mən.
IV
Sənin şöhrətinlə öyünürəm mən Dillərdə əzbərin birmi, ikimi. Saysız övladın var dillərdə gəzən, Həsən oğlu kimi, Nizami kimi
Çoxu çiçək olub öz çəmənində Olana olan tək qiymət verən az. Qarşımda eşmirəm ocağı mən də Sənin çiçəyindən gülündən olmaz.
Düşüb şerləri hey dildən-dilə Sənin Nizaminin hikməti ilə Ilkin açmadımı dünyada bahar.
Azmı çürüyübdür qılınclar qında, Ulu əsrlərin ulu yolunda Qartal duruşun var, qartal adın var.
V
Qartal duruşun var, ulu adın var. Cır meyvə gətirməz cır deyilsə tum. Doğuldun, bələyin oldu dümağ qar Qurdu beşiyini Turan xatunun.
Qəlbinin mayası od idi deyə Oğlun da, qızın da pir bildi odu. Sənin sevincinə, yaşına yiyə, Ağsaqqal seçdilər Dədəm Qorqudu.
Başsız el-obadan əksilməz qada, Ixtiyar sahibi şah olubsa da, Sözü ötən olub ağsaqqalının.
Bir alaq kökündən göyərər mini Necə ki, görmədin Aruz kimini, Başından aşıbdır dövlətin, varın.
VI
Başından aşıbdır dövlətin, varın Var-dövlət daş-qaşdır, qızıldır məgər?! Şerin var bir bəndi fateh şahların Bütöv sərvətinə, zərinə dəyər.
Çox düşüb kəsərdən baş kəsən yaraq, Kəsərdən düşməyib sözün sətiri. Haq sözü daş-qaşdan üstün tutaraq Dahi olmadımı oğlun Xəqani.
Nə olsun çoxları özündən deyib, Həmişə başını aşağı əyib Meyvəli ağaclar, ay gözümə nur.
Keçib qanımıza qəlbindəki köz, Nahaqdan üzünə haqq dediyin söz- Dünyanın özünə çıraq olubdur.
VII
Dünyanın özünə çıraq olubdur. Bir el yolunda da çıraq yandıran. Dilindən köz alıb, dağından qürur Yoluna nur oldu Xətai balan.
Çox tapdaq olmuşdun düşmənə, yada Boynu bükülüydü açan gülün də. Həsrəti qürbətdə zoğ atdısa da Füzuli axır ki, ötdü dilində.
Doğma havasını çalmaq dəmində, Ötə bilərsə də özgə simində…. Daha gözəl ötüb öz simi tarın.
Demə ki, dərd deyil, dərdsə də azdır. Şerini özgənin dilində yazdı Sinəndə göz açan söz sərrafların.
VIII
Sinəndə göz açan söz sərrafların Vaxt olub çiçəkcə anılmayıblar. Dilləri dillərdə ötüb onların, Ancaq haqq yolunda yanılmayıblar.
Fəzlullah Nəimin iki bölünüb, Dözmüsən dərdini sən uda-uda. “Ənəlhəqq” söyləyib Allaha dönüb, Nəsimi – dərisi soyulubsa da.
Tarix canı deyib hər soyan kəsə Ancaq görmüşük ki, soyulan isə Haqqın yollarına şəfəq, nur salıb.
Onunla fəxr edib öyündüm ki, mən- Talanıb, soyulub, danılsan da sən, Çoxunun gözləri əlində qalıb.
IX
Çoxunun gözləri əlində qalıb Baxma ki, çoxları daş atıb sənə . Nadir əsərlərin azmı talanıb, Dönüb özgələrin qiymətlisinə.
Söz də tarix deyil hər yetən dana, Qarğa verə bilməz bül-bül yerini. Məgər çıxmadımı, de öz adına Bodenşted Vazehin nəğmələrini?…
Qələm dediyini deyə bilməz ox, Bu həyat yolundsa çox görünüb, çox, Talayan alçalıb, soyan alçalıb.
Elə soyulmağın dərddimi təkcə, Yox, sənə can atıb yetişmədikcə…. Çoxunu dərd alıb, fikir-qəm alıb.
X
Çoxunu dərd alıb, fikir-qəm alıb, Sən çiçək açdıqca, gətirdikcə bar. Bəzən də illərcə qonağın qalıb, Sənə quyu qazan, tor quran da var.
Yolunda keçsək də, bir, canımızdan, Uyduq neçəsinin əməllərinə. Özümüz sıyrılıb öz qınımızdan, Qırdıq özümüzü düşmən yerinə.
Qeyrət məqamında uduzmuşuq biz- Elə ki, bilinib kəramətimiz, Səni döndəriblər yola, səkiyə.
Sənin çörəyini yeyənlər ki, var, Çox məqam gözləyib, çox göz qoyublar, Qızıl qanını da sorsunlar deyə.
XI
Qızıl qanını da sorsunlar deyə Sərhədlər keçiblər, dağlar aşıblar. Zoru keçməyəndə keçib hiyləyə, Söz verib, and içib “qardaşlaşıblar”.
Eləı ki hiylənin yırtılıb qını, Əvvəl qeyrətini veriblər bada. Dartıb bədənindən şah damarını, əmzik tək əmiblər onu sonra da.
Xəncər qayıdarmı sipər yoxdusa , Övlad ürəyində təpər yoxdusa….. Ay anam, nə xeyri deyilən sözün.
Mənim də öz gücüm çatır dilimə, Ay Vətən, günahkar özünsən demə. Bil, alnın açıqdır, bil, ağdır üzün.
XII
Bil, alnın açıqdır, bil, ağdır üzün. Səndə sınmaz olan duruşa əhsən . Ay elim, ay obam, fikir ver özün, Bu dərdə sənsən ki, tab gətirmisən.
Bir de hansı qartal uça bilərdi Bircə qandıyla zirvə tənində. De, hansı torpaqda çiçək gülərdi Sənin torpağın tək darda, çətində.
Paklıq ələnibdir səndəki oda, Bir gözün həmişə ağlayıbsa da Əsrlər içində gülüb bir gözün.
Baxıb keçmişinə balan kimi mən, Üz tutub deyirəm, inan, ürəkdən Bütövdür yerişin, bütövdür sözün.
XIII
Bütövdür yerişin, bütövdür sözün Belə bir gedişi ariflər anlar. Qaranlıq uçruma bürünsələr də, Büdrəməz heç zaman bütöv olanlar.
Mən də bir övladam yuxusu sərsəm, Taleh gəncliyimlə oynadı oyun. Adına zərrəcə ləkə gətirsəm, Qoy gəlsin burnumdan çörəyin, suyun.
Özümə qənimmiş mənim bu andım…. Ömür yollarında sərtlik qazandım…. Alnımı daşlara hey döyə-döyə. Iki yad ocağa bölünməz bir ev, Ay Vətən, qəlbimdə bütövsən, bütöv, Qəlbini bölsə də Araz ikiyə.
XIV
Qəlbini bölsə də Araz ikiyə, Nəğməni bir tonda çalan tarın var. Üz tutub o taya “Şəhriyar” deyə Səsinə səs verən Bəxtiyarın var.
Bir ağac kökündən söylə bir mənə Iki özgə ağac çıxa bilərmi?! Bir çay əsrlərlə biri-birinə Söykənən dağları yıxa bilərmi?!
Açdım əllərimi qucam mən səni Tikanlı məftillər qoymur birini, Biri də halsızdır başına dönüm.
Təki hürsün itin, yansın çırağın, Təki məndən olsun gələn sorağın, Olmasın, olmasın sənsiz bir günüm.
XV
Olmasın, olmasın sənsiz bir günüm, Demə uşaq kimi ağlar, kürəm mən. Eşit, Azərbaycan, başına dönüm Sənin şöhrətinlə öyünürəm mən
Qartal duruşun var, ulu adın var. Başından aşıbdır dövlətin, varın Dünyanın özünə çıraq olubdur. Sinəndə göz açan söz sərrafların.
Çoxunun gözləri əlində qalıb Çoxunu dərd alıb, fikir-qəm alıb Qızıl qanını da sorsunlar deyə
Bil, alnın açıqdır, bil, ağdır üzün. Bütövdür yerişin, bütövdür sözün Qəlbini bölsə də Araz ikiyə…
Bir gün məni dəli küləklərdən, həzin nəğmələrdən, qələmindən süzülən duyğulu şeirlərdən soruşacaqsan. Səni atıb gedən sevgilərin sonunda məni soracaqsan , axtaracaqsan. Məni yox olduğum yerdə var sanacaqsan. Gecələrin qaranlığında yuxuları sındıran dan yerindən, üfüqdə şəfəq-şəfəq sökülən Günəşdən soruşacaqsan. Arxamca boylanacaqsan son ümidin qırıldığı an yenə məni düşünəcəksən. O zaman unutmayıb, unudulacaqsan . Ümidimin talan olmuş son nöqtəsində məni soruşacaqsan. Sən mənim , mənsə zamanın tutub ətəyindən sənin bitib tükənməyən arzularından köçəçəyəm sonsuzluğa . Yenə məni axtaracaqsan, soruşacaqsan. Özünü boş-boşuna yoracaqsan. Ehey, yorma özünü! Mən sənin üçün ölüyəm. İnsan öldükdən sonra sevilir, anılır, amma geriyə dönmür . Amma geriyə dönmür…
Görürsən, Elçin də boynunu burub, Onu da dərd, kədər, qəm, qüssə yorub, Dolub sənin kimi, dayanıb, durub, Ancaq yox nə hirsi, nə kini, bulud.
HEYİF SEVGİMİZƏ
Heyif sevgimizə, çox şirin idi, Döndü birdən-birə, o acılaşdı. Nədən tale bizə “ayrılın” dedi? Qəlbimdə kədərlə qəm bacılaşdı.
Uçdu bir sevginin divarı, damı, Sağ qalan bu eşqin təməli oldu. Deyirlər pis gözlər yıxır adamı, Hansı xəbis gözün əməli oldu?
O gün, yollarımız ayrılan vaxtı, Yanan qəlbimizdən köz qoparmışıq. Ayrıldıq, beləymiş bu eşqin bəxti, Hərəmiz ürəkdə od aparmışıq.
Görən hansı evin çırağısan sən, Qurduğun ocağın istisi varmı? Ölməyən bir eşqin dayağısan sən, Bu eşqin mənimtək xəstəsi varmı?
Kim bilir, hardayıq indi hərəmiz, Durub aramızda ayrılıq, həsrət. İndi yuxulardır görüş yerimiz, Hələ də qəlbimi döyür məhəbbət.
15.08.2023
SALAM, ŞUŞA!
Otuz il bizimçün döndün xəyala, Nəhayət yetişdik şirin vüsala, Səni görmək üçün çıxmışam yola, Arzum həqiqətlə yürüyür qoşa, Salam, Şuşa!
Qəhrəman ordumuz keçilməz dağla Gəldi harayına dişlə, dırnaqla, Qırdı düşmənləri yüngül yaraqla, Salıb öz izini qayaya, daşa, Salam, Şuşa!
Yaşadın bəxtinə düşən qədəri, Unut bundan sonra qəmi, kədəri, Hər dün gözəlləşən gözəl şəhəri Bütün elim-obam gəzib dolaşa, Salam, Şuşa!
Nəhayət yetişdim Cıdır düzünə, Bələndim Vaqifin şirin sözünə, Düşərək ustadın aydın izinə, İlhamım çağladı, təb gəldi cuşa, Salam, Şuşa!
Gəldim, gözlərində gülüşü gördüm, O mavi səmanı, günəşi gördüm, Səni əbədilik qəlbimə hördüm, Daha bundan sonra bəxtəvər yaşa, Salam, Şuşa!
18.07.2024
BU ZƏFƏRİ GÖZÜMÜZTƏK QORUYAQ
O zaman ki, Vətən yada yem idi, Hər günümüz kədər idi, qəm idi, Nər oğullar düşmən üstə yeridi, Mənfurlardan təmizləndi Qarabağ, Bu zəfəri gözümüztək qoruyaq.
Bu torpaqda ulu bizik, əzəl biz, Hər qarışda babalarım salıb iz, “Qisas” dedi bizə Vətən eşqimiz, Yurdumuzdan yadellini darayaq, Bu zəfəri gözümüztək qoruyaq.
Hər qayası and yerimiz, pir oldu, Pir uğrunda igidlərim şir oldu, Şəhid qəbri ən müqəddəs yer oldu, Şəhidləri unutmayaq, arayaq, Bu zəfəri gözümüztək qoruyaq.
Doğransa da Vətən yüz yol, diridir, Qarabağım dərdin yüzdən biridir, Bu qələbə ruhdan buzu əridir, Savalana salam deyir Murovdağ, Bu zəfəri gözümüztək qoruyaq.
Nəhayət ki, qovduq yurddan düşməni, Qarabağdan qaçdı, getdi erməni, Xoşbəxt görək bundan sonra Vətəni, İndi daha yaramızı sarıyaq, Bu zəfəri gözümüztək qoruyaq.
26.04.2024
AZ DEMİŞƏM
Sənə mən, nazlı nigarım, həmişə “can” demişəm, az demişəm. “Məni candan eləyən sevgili canan” demişəm, az demişəm.
Nə atam var, nə anam, gör neçə vaxtdır aparıbdır Yaradan, O səbəbdən də sənə “ən əziz insan” demişəm, az demişəm.
Döyüşərkən mələk ilə nəzər etdim tökülən göz yaşına, Gözü şəhlam, gözünə canımı qurban demişəm, az demişəm.
Məni məftunmu edər hər gözü muncuq, dili şəkkər, sözü bal? “Olmuşam dünyada yalnız sənə heyran” demişəm, az demişəm.
Demə eşqimlə bu şair itirib ağlını, sərsəm dolanır, “Ürəyindir bu dəli eşqimə ünvan” demişəm, az demişəm.
Gecətək qapqara Məlhəmli günün, ay gözəlim, ağ elədin, Səni öz bəxtimə sübhtək açılan dan demişəm, az demişəm.
29.11.2024
ÇƏKİR
Onda ki, nazlı nigarım gözünə qarə çəkir, Yandırır qəlbimi eşq atəşinə, narə çəkir.
Lalətəkdir yanağı, qönçə qızılgül dodağı, Mən gülün aşiqiyəm, qəlb məni gülzarə çəkir.
Yoxmu, Tanrım, görəsən, ağ günü aşiq olanın, Eşqə məhbus olanın kim gününü qarə çəkir?
Gözlərindən çilənən nur məni divanə edir, Düşdüyüm çöllərə, ellər, məni mahparə çəkir.
Qəlbimi qəsb eləyibdir o mələk üzlü gözəl, Fikrimi qəlb bu səbəbdən elə dildarə çəkir.
Süzdürüb gözlərini son dəfə baxdın mənə tərs, Yoxsa Məlhəmli bu eşqlə səni zinharə çəkir?