MA MÈRE On l’a appelée tapis, Elle a jeté le monde sous nos pieds… On l’a appelée tapis brodé, Elle a suspendu le monde devant nos yeux… Notre monde est resté brodé, Jusqu’à ce que nous comprenions les motifs… La parole du Père, c’est ma Mère qui nous l’a transmise dans sa langue… À qui elle est parvenue, à qui elle parviendra encore dans cent ans… Dans les deux cas, il y a profit dans la parole de ma Mère, Mon histoire secrète repose; Dans chaque nœud de ma Mère, Dans chaque motif, Dans chaque tapis, Dans chaque broderie…
Elle a tissé la parole du Père dans des secrets, Elle l’a rangée dans les besaces, Pour qu’elle devienne offrande aux enfants… Nœud par nœud, fil par fil, trame par trame, Ma Mère nous a montré que Le monde qu’elle déployait sous nos yeux N’était que fil et laine… Certains l’ont compris, d’autres le comprendront dans cent ans… Dans les deux cas, il y a profit dans la parole de ma Mère, Mon histoire secrète repose; Dans chaque nœud de ma Mère, Dans chaque motif, Dans chaque tapis, Dans chaque broderie…
Elle a transporté l’arche vers les trames, Elle a roulé la terre en petites pelotes… Elle a attaché le bout du fil à notre poignet, Pour que nous ne perdions pas le fil de la pelote… Elle a martelé mille fois un signe, Pour qu’il reste comme une boucle d’oreille à nos oreilles… Ma Mère nous a fait connaître le monde en mille saveurs… Symbole après symbole, empreinte après empreinte Le monde est passé par la trame de ma Mère… Du fermoir de mon Père à l’assortiment de ma Mère est passé le monde… Le monde est toujours un tapis pour un nouveau monde!!!
Azərbaycan ədəbiyyatının zəngin ənənələri içində hər dövrün öz səsi, öz nəfəsi vardır. Orta əsrlərdə Nəsimi hürufi ideyaları ilə insanın ali dəyərini, azad düşüncəni ucaltdığı kimi, müasir dövrdə Zaur Ustac da milli dəyərləri, bütöv Azərbaycan amalını, azad ruhu poeziyasının mərkəzinə gətirmişdir.
İmadəddin Nəsimi sözün qüdrəti ilə insanı kainatın mərkəzinə qoyur, insanı Tanrıya yaxınlaşdırır, hətta “insan ilahi varlığın aynasıdır” düşüncəsini ifadə edirdi. Onun qəzəllərində və rübailərində hürufi fəlsəfəsi ilə yanaşı, milli ruhun da dərin izləri görünür.
Zaur Ustac isə müasir dövrün sınaqları fonunda eyni missiyanı davam etdirir. O, poeziyada “Bütöv Azərbaycan” ideyasını ön plana çəkərək millətin bütövlüyünü, mədəni dəyərlərin qorunmasını və gələcək nəsillərə ötürülməsini əsas amal kimi göstərir. Zaur Ustacın yaradıcılığında kitab sevgisi, milli kimlik və vətənpərvərlik ön plandadır.
Hər iki şair sözün gücünə inanır. Nəsimi əsrlər öncə “söz”lə insanı Tanrıya qovuşdururdusa, Zaur Ustac bu gün “söz” vasitəsilə milləti tarixi yaddaşına, kökünə və gələcək hədəflərinə qovuşdurur. Onları birləşdirən ən böyük məqam isə insan və söz qarşısında daşıdıqları məsuliyyətdir.
Beləliklə, Nəsimi – klassik Azərbaycan poeziyasının “mən” fəlsəfəsini yaratmış dahi, Zaur Ustac isə müasir poeziyamızda milli idealların sadiq carçısıdır.
İnsanın dünyaya gəlişi ilə gedişi arasında böyük bir zirvə var. Gərəkdir ki, o zirvəni şərəflə yaşayasan. Xalqına, elinə, obasına gərəkli insanlar daim o zirvəni layiqincə aşa biliblər. Elinə, obasına, xalqına gərəkli şəxsiyyətlərdən biri də şair Aqil İman idi. Təəssüf ki, az ömür yaşadı. Ancaq Aqil İman sözün həqiqi mənasında mənalı bir ömür yaşadı. Dünyanın bütün pisliklərindən uzaqda dayanıb ömrünü sözə bağışladı. Atlıları atından, şahları taxtından salan sözə! Həmişə sözünün ağası oldu, söz onun ağası olduğu üçün. Neçə-neçə şeirləri özündən xəbərsiz Göyçə və Qarabağ mahallarında dillər əzbəri oldu. Hansı şairlərin şeirləri dillərdə nəğmələşib, şeirsevərlərin könlünü oxşayırsa, o şairlər heç vaxt ölmürlər. Bu qəbildən olan şairləri yazdıqları şeirlər əbədiyaşar edir. Bəli, Aqil İman da belə şairlərdən idi. Aqil İman çox şirin ləhcəylə – qədim Göyçə şivəsində bulaq axarı ilə danışardı, zəngin nitq mədəniyyətinə malik gözəl natiq idi. Söhbətlərinə qulaq asdıqca, onu dinləməkdən doymaq olmurdu. Ovqatının xoş vaxtında yazıçılar, şairlər haqqında maraqlı söhbətlər edər, rəngarəng, yeni şeirlər söyləyərdi. O, həm də Qarabağ toylarında məşhur masabəyi idi. Ən ağır məclislərə Aqil İman dəvət olunardı. Elə şəxsən mənim toy şənliyimdə də Aqil İman masabəyi idi. Aqil İman Aşıq Ələsgərdən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Hüseyn Arifdən, Məmməd Arazdan, Məmməd İsmayıldan, Zəlimxan Yaqubdan, el şairləri Rasim Kərimlidən, İsmixandan, Sərraf Şiruyədən, Sücaətdən, Bəhmən Vətənoğlundan, Azaflı Mikayıldan gəraylı, təcnis, qoşma, divani söyləyəndə şeir pərəstişkarlarına xüsusi zövq verirdi. Onun özünəməxsus deyim üslubu, qulağa yatan məhrəm səsi vardı. Hətta Sərraf Şiruyə dəfələrlə etiraf edərək deyir ki, İman məclisi məndən daha rövnəqli, daha şövqlə aparırdı. Aqil İman rəhmətlik atam Yaqub Hacıyevlə doğma əmioğlu olduğundan, həm də hər ikisi Bərdə rayonunda Dəmir Beton Məmulatları Zavodunda mühəndis işlədiyindən daim işə səhər birlikdə gedər, axşam da birlikdə qayıdardılar. İman əmim bizə tez-tez gələrdi. Axşamlar atamla söhbət edər, televizora birlikdə baxar və çox vaxt da keçmişdə Göyçədə olmuş tarixi hadisələrdən, dünyada gedən ictimai-siyasi proseslərdən danışardılar. Bir axşam İman əmim bizə gələndə mənə cibindən bir vərəq çıxarıb dedi ki, Araz, dünən axşam yazdığım şeirdi, al, oxu gör necədi? Və onu da əlavə etdi ki, şairlərin ilk oxucusu həmişə öz yaxınları olublar. Mən özüm də poeziyasevər olduğumdan şeiri böyük həvəslə oxudum və çox da xoşuma gəldi:
Ümman olan könlüm, çay olan könlüm, Niyə sısqa oldu gözündə sənin? Aqillər yanında bal olan sözüm, Niyə zəhər oldu sözündə sənin?
Yaralı kamanam, həzin bir neyəm, Qopan fırtınayam, əsən küləyəm. Coşan şəlaləyəm, ötən tütəyəm, Çəmənində sənin, düzündə sənin.
Söylə görüm, niyə məndən küsmüsən? Bircə kəlmə danışmırsan, dinmirsən. Biçarə İmana cavab vermirsən, Gözlərim qalıbdı üzündə sənin.
Bu şeir elə o vaxtdan məndə qaldı. Yeri gəlmişkən onu da qeyd edim ki, Aqil İman çox vaxt yazdığı şeirləri saxlamaz və əlyazmalarını da yaxın dostlarına, şeir pərəstişkarlarına verər, harada yazardısa, orada da qalardı. Bu yaxınlarda İman əmimin böyük oğlu Qılman mənimlə söhbətində bildirdi ki, atam Aqil İmanın şeirlərini toplayıb çap etdirmək istəyirəm. Mən ona bildirdim ki, məndə də Aqil İmanın bir neçə qoşması var, verərəm onları da kitaba daxil edərsən. Və söhbət əsnasında Qılman İmanı alqışladım. Eşq olsun belə gəncə! Şükürlər olsun ki, Aqil İman vaxtsız vəfat etsə də, Qılman İman kimi dəyərli və istedadlı şair oğlu var. İnanıram ki, Qılman İman babası Həsən Xəyallının, əmisi Sərraf Şiruyənin, atası Aqil İmanın layiqli davamçısı olacaq. Axı, bu nəsildə sözün qiyməti daim dəyərləndirilib, uca tutulub. Ustad şairləri, el qəhrəmanları ilə məşhur olan bu nəslin davamçıları belə də olmalıdır. Aqil İmanın vaxtsız ölümü onu tanıyanların hamısını sarsıtdı. Onun haqqında olan fikirlərim ürəyimdə qalaqlanıb şeirə çevrildi:
Araz səndən saldı bəhsi, Dostların titrədi səsi. Söz dağının şah zirvəsi, Şahi-xaqanım, hardasan?
Aqil İman özünü sağlığında geniş şəkildə şair kimi tanıtmadı. Bu onun təvazökarlığından, poeziyaya ciddi münasibətindən və özünə qarşı tələbkarlığından doğurdu. Ancaq onun kiçik bir qaralaması onu sevənlər üçün böyük bir sənət nümunəsi idi. Heyif ki, az yaşadı, özü ilə yazılacaq çox mövzuları apardı… Ruhun şad olsun, Aqil İman!…
Gəncliyimdə bədahətən meyxana deməyim də vardı. Məhəllədə yığışırdıq, iki-üç nəfərə də ipucu verirdik. İpucunun iki sətri hələ də yadımda qalıb. Məncə belə idi:
Athaatdı, gəlib atıb vurdular, Əcəb deyib kəlləmizi qırdılar.
Hə, “at” sözü çoxşaxəlidir, dərin çalarları var. Məsələn, at heyvan cinsi, güllə atmaq, bıçaq atmaq, çoxmaq -selbələmək, yəni onu atmaq, vıyıldatmaq. Bir də var at sözündən yaranan “atmaq”, yəni kəf gələn, atanşik, dolandırıcı, başını və ailəsini dolandıran. Bu barədə yaxşı atalar misallarımız da var. Bu atalar misalları da həmişə ya ikibaşlı, ya da çoxbaşlı olur. Məsələn dovşana qaç deyir, tazıya (it növü) tut. Buradan nə nəticə çıxır? Sözü deyən adam bu yazıq heyvanların hər ikisinə atır. Tazı dovşanı tuta bilməsə sözü deyən adam dovşanın yanında genələcək ki, bəs, gördün, səni itin ağzından necə qurtardım?! Hələ bir itin də üstünə bütün hirsin, pasın tökəcək ki, ə qurumsaq, bir dənə dovşanı da tuta bilmirsənsə, səni niyə yedizdirirəm? İt bu adamın yanında gözükölgəli olacaqdı, sahibini görən kimi quyruğunu qısıb gözdən uzaq bir yer axtaracaq. Yox, əgər tazı dovşanı tutub sahibinin ayaqları altına atanda adam gəriləcək, genələcək, ətrafdakılarına da deyəcək ki, görürsən, vəziyyətdən baş çıxartmaq hər oğulun işi deyil, e… Başqa bir atalar misalı: “Dovşanı araba ilə tutur”. Bu da atmağın bir növü. Burada üçüncü tərəf də var. Arabanı müsadirə etmək üçün arabaçıya deyir ki, get dovşanı araba ilə tut. O da gedib tutur. Hə, əsl həngamə bundan sonra başlayır. Üçüncü şəxs arabaçını çəkir haqqı divana, bəs bizim qanunlara görə dovşanı araba ilə tutmaq olmaz. Bu həm də imzaladığımız beynəlxalq konvensiyaya ziddir. Odur ki, arabanı müsadirə edirik. Arabaçı yalvar-yaxar edir ki, ayə qıvlasız, uşaqlarımı bu araba ilə dolandırıram, nə müsadirə. Üçüncü şəxs baş barmağını yuxarı qaldırıb deyir “sən öl” mənlik deyil, oralıqdır. Atan belə olar..e..e.. Bu müsadirədən o yuxarıların heç xəbəri də olmur, əgər səsi çıxmasa. Görürsən atan belə olar, həm yuxarılara atır, həm də aşağılara.
Dünyada da athaatdır. Putin Ukraynaya atır (bombalayır), Trampa atmaq istəyir. Ukrayna Rusiyanın neft infrastrukturlarına atır (dağıdır). İzrail Qəzzaya, İrana, Suriyaya atır. Tramp da hamıya atır (hədə gəlir). Hə, bu məmləkətdə də atan atanındır, hətta bunun şiddətləndirmə dərəcəsi var, “athaat”. Tuthatut olur, athaat niyə olmasın? O gün biri məndən soruşur: -Mirzə, bu necə olur? Birinin aylıq maaşı dörd yüz manatdır, amma ayda min beş yüz manat xərcləyir. Arvadı da işləmir, iki uşağı da azyaşlıdır. Cavab verdim ki, təkcə sən deyilsən buna təəccüblənən. Bütün dünya məmləkətin belə “savadlı” hərəkətinə mat-heyran qalıb. Hamı o min yüz manatı axtarır ki, bəs bu vəsait nəyin hesabına formalaşır. Hə, indi mən sizə deyim haradan formalaşır. Hamı bir-birinə atır, bir sözlə athaatdı. Süpürgəçidən tutmuş ta “vicdanlı” məmurlara qədər. Deyəcəksən süpürgəçi də atır? Bəs nə bilmişdiniz?! O gün qəzet almağa gedəndə görürəm ki, o nimdaşı çıxmış süpürgə ilə zir-zibili bir mağazanın qapısı ağzına itələyir. Barmağımı dişləyib, dedim ki, aha, mağaza sahibi bunun aylığını verməyib. Uzağı deyəcək ki, küləyin burulğanı bütün bunları sənin qapına yığıb. Yadıma bir əhvalat düşdü. İkimininci illərin əvvəlində ABŞ səfirliyi ərazisini genişləndirmək üçün ətrafdakı binaların mənzillərini şəhər icra hakimiyyəti vasitəsilə satın alırdı. Bir gün redaksiyaya yaşlı bir kişi gəldi ki, bəs Hacıbala müəllim mənzilimin pulunu vermir. Mirzə, bunu yaz, yazdım. Bir aydan sonra gəldi ki, Mirzə, sən yazdın, pulumun bir hissəsini aldım yenə. Baxdım ki, bu kişi məni qazlamaq istəyir. Dedim ki, get ver məhkəməyə, səfirin qəbulunda ol. İndi baxın, o vaxtdan bəri şəhərin müxtəlif hissələrində söküntülər olub, nə qədər adama atıblar. Elə mənim özümə də atıblar. Mirzəağa Əliyevdə evim söküləndə mansardımın pulunu vermədi Hacıbala müəllim. Daş atıb başın tutdu ki, olmaz. Başını daşın altına tuta-tuta mənə atdı. Böyük “atanşik”lərdən biri də toy mərasimidir. Gedib şadlıq evində toyun keçirilməsini müəyyən qiymətə danışırsan. Sarayın sahibi şərt qoyur; toydan sonra saraydan heç bir ərzaq apara bilməzsən. Niyə, a kişi, bu ərzağın pulunu verməmişəm, niyə apara bilmirəm? Sənə nə var bu ərzağı hara göndərəcəm? Bəlkə yetimləri sevindirəcəm bu ərzaqlarla. Yox, adamın üzünə dururlar ki, olmaz. Xoruzun quyruğu burada görünür. Qalan ərzağı növbəti toyun ərzaq siyahısına salır. Hələ mən demirəm, zirzəmilərdə istehsal edilən araqlar, müxtəlif içkiləri xarici mal adı ilə necə sırıyırlar. Hara baxırsan, AQTA? Hara lazımdır, ora da baxır. Ağrımayan başına yaş dəsmal niyə qoysun? Ən böyük “atanşik”lərdən biri də marketlərdir. Market sahibləri üçün Allah ölüb. Nə Allahları var, nə dinləri var, nə də imanları. Baxın, mənim cibimdə on manat pul var. Girirəm marketə on manatlıq ərzaq götürürəm. Bilirəm ki, ƏDV (əlavə dəyər vergisi), yəni on səkkiz faiz bu qiymətin içindədir. Yaxınlaşıram kassaya, kassir deyir ki, on bir manat səksən qəpik. Niyəsini, soruşanda cavab verir ki, on səkkiz faiz ƏDV. Bah atonan, sən demə bunlar alıcıdan ərzağın qiymətinin otuz altı faizini çığırda-çığırda alırlar. Elə ərzaq var ki, topdansatışda iki manata aldığı bir nəsnənin üstünə yüz əlli faiz qiymət artırır, yəni beş manata satır. Odur ki, camaat küçə ticarətinə daha çox üstünlük verir. Çek verməsələr də, bir manatın üstünə ƏDV gəlmirlər. Bu marketlər var ha, adamı göz görə-görə soyurlar. Gedirsən “Ramazan” çörəyi almağa, çəkisi 360-390 qram, qiyməti bir manat on qəpik. Hardasa bir kilosu üç manat otuz qəpik. Tarif Şurası bəs deyirdi ki, çörəyin qiymətini qaldırmaq olmaz. Bu qiymətə beş yarım “zavod” çörəyi almaq olar. Deməli “Ramazan” çörəyinin bir tonu, üç min üç yüz edir. Vay dədə, vay! Qaz vurub, qazan doldurmaq buna deyərlər, e.., cınqırını da çıxarda bilmirsən. Cınqırını çıxartmamaq üçün elə bil marketlərin hamısına “atanşik” duası yazıblar. Qaz demişkən, orada borulara elə hava vururlar ki, sən özündən çıxarsan, hava borudan çıxmır. Dörd saat gözləyirsən ki, sözün əsl mənasında bu zəhrimar qaz boruya nə vaxt dolacaq? Bu MTK-lardan heç danışmağa dəyməz. Pay sahiblərinə elə atırlar ki, əlin üzündə qalır. Elə oyunlardan çıxırlar ki, adam deyir bu nə oyundur düşmüşəm. Nazirlər Kabinetinin təsdiq etdiyi “Mənzil Məcəlləsi” onlar üçün tuneldən keçən qatara bənzəyir. Uzun fit verib tunelə girir. Ordada qaranlıq, zülmət. Paravoz işıqlarını yandırmasa elə bilirsən ki, sonsuzluğun içindəsən. MTK pay sahiblərinə yeriyən pul qabı kimi baxırlar. Nə isə MTK-lar atmaq üzrə rekord qırdıqlarına görə, onlardan ayrıca yazmaq lazımdır. Bu it-pişiyin idarəsi var, hə onu deyirəm. O idarə itlərə, pişiklərə atır. Şəhər doludur küçə itlərilə, pişiklərilə. İt kimisə qapır, pisiklər bit-birəni küçələrə doldurur. Hətta bəzi insanların bu küçə heyvanlarına yazıqları gəldiyi üçün onları yemləyirlər də. Daşdan səs çıxır, bu idarədən səs çıxmır. Onlarda şəffaf heç yoxdur. Bir dəfə mətbuata çıxıb demirlər ki, bu işləri gördük. Daha küçə itləri üstünüzə tullanmayacaq, sizi qapmayacaq. Əvəzində pul silmək üçün sovetlərdən qalan “pripiska”ları köhlən ata mindirib “Cıdır” düzündə cövlan edirlər. Kücələri işıqlandıran idarə küçə işıqlarına atır. Banklar müştərilərinə, müştəri də krediti ödəyə bilmədiyi üçün qaçıb gizlətməklə banka atır. Bulvar İdarəsi dənizə atır, sonra da gedib “Ağ şəhər”də altı-yeddi mənzil alır. Kənd təsərrüfatına su yönəldən idarə sahibkara göz-qaş eləyir ki, cibimi doldurmasan susuz qalacaqsan. Liftlərin tros idarəsi trosa atır. Hansını deyim? Bir sözlə athaatdı. Sən də deyirsən ki, dörd yüz manat maaş alan adam, necə min beş yüz xərcləyir? Hə, di bəsdir. Yazını bitirim, durum görüm mən də kimə atıram.
29.08.25
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Azərbaycan ədəbiyyatının tanınmış simaları bir fotoda: Məhəmmədhüseyn Təhmasib, Əli Sultanlı, Cəfər Xəndan, Mir Cəlal Paşayev, Cəfər Cəfərov, Məmmədcəfər Cəfərov.
Yaradıcı insanlar xəyalpərəst olur, oxumağa, yazmağa, çəkməyə bir bəhanə axtarır.Bu, sanki onları əhatəsində olan insanlardan daha da xoşbəxt edir.Amma hər yaradıcı insanda insani keyfiyyətlər, həqiqi şəxsiyyət kimi formalaşmaq, vicdan və mərdlik anlayışı olmur.Ən azından insan yaşadıqca, yaşa dolduqca bu qənaətə gəlir. Barəsində yazacağım şəxs 29.08.1998-ci ildə Qax rayonunun Ağçay kəndində anadan olan, Cavidan İsaqlıdır.Onun şəxsi həyatı barədə çox yazmayacağam.Amma oxucuların nəzərinə çatdırım ki, 27 yaşlı gəncin həyatda gördüyü hadisələri, içində özünü tapdığı nüansları 10-umuzdan 5-imiz görməmişik.Hər şeyə rəğmən isə Cavidan məğrur dayanmağı, həyatla mûbarizə aparmağı bacarıb, hələ də bacarır.Çoxları kimi, qeyri-səmimi rəftarla, “day-day” kimi mənasız və şablon, iyrənc məsələlərlə bu yerlərə gəlib çatmayıb.Öz əməyi, xüsusi səs tembri, əzmi ilə daim qazanıb.Ayağından bassalar da, yoluna tikan əksələr də hər kəsə qalib gəlib. Gəlin, onun ilk yaradıcılığa başladığı illərdən yazım, siz də oxuyun.Şeirləri ilə sinif yoldaşların, müəllimlərinin qəlbini ovsunlayırdı.Musiqiyə olan həvəsi isə onu daha da inkişaf etdirirdi.Şagird olduğu, tələbə olduğu dövrdə müxtəlif dôvlət tədbirlərində, müsabiqələrdə iştirak etdi.Fəxri fərmanlar, sertifikatlarla təltif olundu.Bəli, baxın, indi isə o Qaxın gənc və yenilməz starına çevrilib.Hərçənd ki, yenə vurğulayıram, o bu zirvəyə öz iradəsi ilə çatıb. Bu yaxınlarda sôzləri, şairə Şəlalə Məmmədovaya məxsus “sevgi qadını” mahnısının təqdimatı oldu.Mən deyərdim ki, Qaxda belə bir formatda, maraqlı bir klip yayınlanmayıb…
Mən sadəcə dəyərli gənc dostumuza uğurlar arzu edirəm.Daha da yüksəklərə, lap yüksək zirvələrə ucalsın!Ədəbi, tərbiyəsi, əxlaqi keyfiyyətinin göstəricisi kimi!
Baş açmırıq sözümüzdən, Əyrimizdən, düzümüzdən, Hər gün bir az özümüzdən Əlimiz üzülüb gedir.
Düz yolumuz qala-qala, Əyilirik sağa, sola, Yada calaq ola-ola Kökümüz kəsilib gedir.
Səs batıb küyün altında, Dil yatıb düyün altında, Bu boyda göyün altında Yer necə əzilib gedir.
Səni yeyib bitirdilər, Bizsə sənin yemin olduq. Böldülər ata malıtək, Kimin idin, kimin oldun, Belə vətən olmur axı.
Bir belə dar ağacların Kimin üçün qurdun, Vətən? Medal-medal, alqış-alqış Üzümüzə durdun,Vətən, Belə vətən olmur axı.
Tikələndin, parçalandın, Torpağın göyə sovruldu. Sən ki, tərtəmiz mələkdin, Nə vaxt şeytana vuruldun, Belə Vətən olmur axı.
Halal harama qarışdı, Gözünü qan örtdü, Vətən. Sənin daşın, qayan olmaq İndi ağır dərddi, Vətən, Belə vətən olmur axı.
Yadımdadı, Balacaydım, Qardaşım mələk olub uçmuşdu göy üzünə (elə deyirdi atam) Uşaq ağlımla göy üzüylə haqq-hesab çəkirdim hər gün, Hər gün məktub yazırdım Allah babaya anamın adından, Qardaşımı geri göndərsin deyə dil tökürdüm Tanrıya. Hər gün bir az da inanırdım dualarıma, hər gün bir az da aldanırdım. …Qardaşımdan bizə bir balaca papaq qalmışdı yadigar, Üstündə süd qoxusu, bir də anamın göz yaşı. Hər gün təkliyə çəkilib, bağrıma basırdım, ciyərimə çəkirdim qoxusunu . Bulaşırdı üstüm, başım anamın göz yaşına. Sonra gizlətdilər məndən süd qoxulu papağı, Axtardım, çox axtardım, tapmadım. Yavaş-yavaş öyrəşdim onsuzluğa, Öyrəşdim, amma unutmadım, Unutmağa qoymadılar axı – Sağ olsun dırnaq içindəki qohumlar, yadlar, yaxınlar, uzaqlar. Bir də uzun-uzadı gecə darıxmaqları vardı, Çox vaxt məni yuxudan anamın hıçqırıqları oyadardı. Girərdim qucağına, qoxumu içinə çəkərdi, ovunardı. Vaxt keçdi, bütün qızların qardaşları böyüdü, Bircə mənim qardaşım həmişə süd qoxudu. Mən böyüdükcə bir qardaşsız qız da boy atdı içimdə ürlək, nigaran – Başında qovğa, qolunda təklik, gözündə intizar, ürəyində həsrət. Sonra başıma nə çox “qardaş” yığıldı, İlahi – İçlərində qaranlıq, baxışlarında sazaq, salamlarında minnət. Yavaş-yavaş keçdim bütün qaranlıqları, töhməti, tənəni, Küləyi də keçdim, yağışı da, sazağı da. Sonra bütün bütlər sındı, dağıldı, Gözəl-göyçək, bərli-bəzəkli ayrılıqlar gəlib tapdı məni – Qatı açılmayan, təptəzə. Sonra sükutun və tənhalığın bütün rənglərinə vuruldum, Aşdım bütün divarları, hasarları aşdım, Beləcə barışdım – Özümlə, taleyimlə, təkliyimlə… Qurdlar, köpəklər çıxdı qarşıma hər addımbaşı, yeridim bütün ağrıların, əzabların üstünə əliyalın, ürəklə – Burnumda süd qoxusu, bir də üstümdə anamın göz yaşı…
Köhnə kənd , Kərpic evlər, Yollar, ağaclar, kölgələr. Yalına yalmanan itlər, Qoyunlar, quzular, atlar. Araba cırıltısı, Qurbağa qurultusu. Dəryaz səsi, Ot xışıltısı. Aynabənddən sallanan arı pətəsi, Qarışqalar, çəyirtkələr, İlanlar, pişiklər, siçanlar. Sərçə yuvasına daş atan uşaqlar, Yolun qırağında tum satan qarı ovcunda qabar, qabarın üstündə dəmir pullar, Pulların üstündə dualar… Havada torpaq qoxusu, İçində rəngli-rəngli arzular. Ulduzlu gecələr, Tər-tərtəmiz xəyallar… Lampa işığı, kitablar… Eh, nələr, nələr.. Sonra təyyarə biletləri, Uzaq şəhərlər, Binalar, küçələr, Limanlar, dənizlər, ayrılıqlar, əzablar…
Yana-yana külüm qalıb, Yağır külümün üstünə. Səssiz-səmirsiz gedirəm, Hər gün ölümün üstünə, Nədi közümdən çəkdiyim?
Dörd tərəfim qaranlıqdı, Mən də tənha yalquzağam. Hardan tapdı bu Söz məni, Mən ki, hamıdan uzağam, Nədi sözümdən çəkdiyim?
Neynirəmsə çiçəkləmir, Ürəyim daş yuvasıdı. Çöldə günəş gülümsəyir, Ruhumda qış havasıdı, Nədi özümdən çəkdiyim?
Xəyallarım baş aldadır, Aldadır dərə, dağ məni. Görək harda azdıracaq İçimdəki uşaq məni, Nədi üzündən çəkdiyim?
Nə gözəl parlayır günəş bu səhər, Gözləri alışır səhərin bu gün. Qonub pəncərəmə yaz təbəssümü, Sevgiyə açılıb səhərim bu gün.
Uçuram ruhumun qanadlarında, Mənimdi bu çəmən, bu çöl, bu orman. Gəzirəm baharı xəyallarımda, Dərə dolaşıram, düz dolaşıram.
Duyğular qaldırıb göylərə məni, Ayağım üzülüb yerdən bu səhər. Günəşi çəkirəm ciyərlərimə, Dadıram işıqdan, nurdan bu səhər.
Basmışam bağrıma bəxtəvərliyi, Könlümdən təptəzə arzular keçir. Bu səhər gözündə ümid doğulub, Payızın içindən bir bahar keçir.
Bu bahar da bitəcək, Dəyişəcək yerini günəşlə ayaz. Yarpaqlar xəzələ, xəzəllər torpağa dönəcək, Köçəcək hər şey zamanın yaddaşına: Siyah, bəyaz… Gecəylə gündüz yarışa çıxacaq yenə, Günlər aylara, aylar illərə qarışacaq. Sonra unudulacaq köhnə sevdalar, Köhnə albomlardakı köhnə şəkillərin yaddaşına hopacaq köhnə duyğular, Üstünü toz basacaq xatirələrin, Sonra büsbütün yaddan çıxacaq hər şey, təzə sevdalar doğulacaq – Payız qoxulu, külək saçlı, Yağış gözlü, ayrılığa sevdalı, ürkək, qorxaq. Küçələr həsrətə, gecələr göz yaşına bələnəcək. Təzə arzular baş qaldıracaq payız rəngdə, payız dadda, Boğulacaq hicran yağışında rəngli xəyallar, Təzə ümidlər boylanacaq torpaq altdan, Sonra hər gün buğda dənəsi boyda qırılacaq ümidlər. Sonra təzədən bahar gələcək, Qırıldığı yerdən birləşəcək könüllər, Göz yaşı içində tərtəmiz duyğular göyərəcək – baxışlarında nida, saçlarında sığal, Yarı həsrət, yarı vüsal.
Eyni payız, Eyni şəhər, Eyni ayrılıq, Eyni həsrət, Eyni qədər, Eyni peşmanlıq, Eyni kədər… Xəyallar, xəzəllər, küçələr.
Əyilib beli, buxunu, Bu ev nə yaman köhnəlib. Bu evdə zaman dayanıb, Köhnəlib, aman, köhnəlib.
Quş uçur, qulaq tutulur, Bağlanıb bağı, bərəsi. İlahi, burdakı sükut Adamın nəfəsin kəsir.
Bu evin yiyəsi hanı, Hanı bu evin qonağı? Son dəfə kim söndürübdü Görən bu evin çırağın?
Asılmışam pəncərədən , Bu küləkdən, bu gecədən, Yenə də zülmət küçədə Dolaşır ruhum, dolaşır.
Mən tənhayam, gecə tənha, Külək tənha, küçə tənha, Ürəyimdə neçə tənha Düyünüm, dağım dolaşır.
Başımda yüz qara fikir Gecəni canına çəkir, Şeir-şeir, şəkil-şəkil Dilimdə ahım dolaşır.
Həm yaxınsan, həm də uzaq, Bu sevgidi, yoxsa sınaq? Divar-divar, otaq-otaq Üstümdə qoxun dolaşır.
Çiynimdə qəbir yükü var, Sus yükü,səbir yükü var, Yükümü tutub o ki,var Gedirəm üzü sabaha.
Zamandan, vaxtdan keçirəm, Qismətdən, baxtdan keçirəm, Hələ sınaqdan keçirəm, Gedirəm üzü sabaha.
İnanma çıxım əlindən, Bu dərdin, ahın əlindən, Tutmuşam yoxun əlindən, Gedirəm üzü sabaha.
Bu dünyanı bölgələrə bölmüşük, Qitələrə, ölkələrə bölmüşük. Tayfalara, nəsillərə, soylara, Savaşlara, hikkələrə bölmüşük. Oynamışıq şəhər belə, kənd belə, Hasar belə, çəpər belə, bənd belə. Uduzmuşuq, qumar-qumar bölmüşük, Cənub cənub, şimal şimal bölmüşük. Ayırmışıq məzhəb ayrı, din ayrı, Mələk ayrı, şeytan ayrı, cin ayrı. Çörəyindən, havasından almışıq, Dədəsindən, babasından almışıq. Qoymamışıq daş üstündə daş qala, Eləmişik sinəsini daş qalaq. İşığından, ocağından etmişik, Anasının qucağından etmişik. Bölüb-bölüb axırına çıxmışıq Bir birinə vura-vura dünyanı, Dağıtmışıq qura qura dünyanı.
İçimdə bahar həvəsi, Çölümdən ayrılıq keçir. Alışıram öz odumda, Külümdən ayrılıq keçir.
Ruhumda küləklər əsir, Gah yubanır, gah tələsir, Baxışlarım sevgi gəzir, Dilimdən ayrılıq keçir.
Gözlərimdə qəm yükü var, Kirpiyimdə nəm yükü var, Saçlarımda dən yükü var, Telimdən ayrılıq keçir.
Yaman yorur xəzan məni, Nə ağırmış cəzam mənim, Hara çəkir qəzam məni? Yolumdan ayrılıq keçir.
Nəyi var gələn payızın? Üzümə gülən payızın, Dərdimdən ölən payızın Könlündən ayrılıq keçir.
Azərbaycan SSR ilk Xalq yazıçısı, ilk Sosialist Əməyi Qəhrəmanı, XX əsr Azərbaycan ədəbiyyatında roman – epopeya janrının bünövrəsini qoymuş Süleyman Rəhimov və qızı Rəfiqə xanım.
Polkovnik-leytenant Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər. Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan “Kalvavəllər” Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Vaqif Əliyevin isə ikinci oğludur.
Anar valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Həsənqaya sovetliyinin Göyarx kəndinə köçmüş və 1986-cı ildə burada yerləşən rus dilli Levonarx kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1988-ci ilə qədər burada təhsil almışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür. Anar Əliyev burada təhsilini azərbaycan dilində davam etdirmişdir. 1993-cü ilə qədər bu məktəbdə təhsil almışdır. 1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil almışdır.
1995-ci ildə 9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahanla qəbul olmuşdur. 1997-ci ilə qədər bu liseydə təhsil almışdır. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur. 2001-ci ildə ali hərbi məktəbi “qoşun kəşfiyyatı” ixtisası ilə bitirmişdir. Həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur. Anar Əliyev 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etmişdir.
2001-ci ildə ali hərbi təhsilini başa vuran Anar Əliyev Müdafiə nazirinin 25.08.2001 tarixli əmrinə əsasən “leytenant” rütbəsi ilə Bakıda yerləşən “N” saylı kəşfiyyat briqadasında hərbi vəzifəsinə başlamışdır. 2002-ci ildə dinləyici kursunu bitirmiş və “N” saylı hərbi hissədə xidmətə davam etmişdir. Anar Əliyev 04.09.2002-ci ildən 01.05.2004-cü ilədək hərbi hissənin xüsusi təyinatlı taqım komandiri olmuşdur. 04.09.2003-cü ildə “baş leytenant” rütbəsi almışdır. 01.05.2004-cü ildən 20.12.2006-cı ilədək hərbi hissənin xüsusi təyinatlı qrup komandiri, 20.12.2006-cı ildən 12.04.2007-ci ilədək bölük komandiri vəzifəsində xidmət etmişdir. 15.12.2007-ci il tarixdə ona “kapitan” rütbəsi verilmişdir. 12.04.2007-ci ildən 26.01.2008-ci ilədək taborun bölük komandiri, 26.01.2008-ci ildən 15.06.2009-cu ilədək xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifələrini icra etmişdir. 15.06.2009-cu ildən 07.09.2012-ci ilədək xüsusi təyinatlı dəstə komandiri vəzifəsini icra etmişdir. Müdafiə Nazirliyinin iyun 2012-ci il tarixli əmrinə əsasən Anar Əliyevə “mayor” rütbəsi verilmişdir. 2014-cü ildə Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir. Müdafiə Nazirliyinin iyun 2015-ci il tarixli əmrinə əsasən Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl “polkovnik-leytenant” rütbəsi verilmişdir. Anar Əliyev 18.07.2014-cü ildən 01.05.2015-ci ilədək “N” saylı hərbi hissənin qərargah rəisi, 01.05.2015-ci ildən 27.08.2018-ci ilədək komandir, 27.08.2018-ci ildən 13.06.2020-ci ilədək hərbi hissənin komandiri vəzifəsini icra etmişdir. 13.06.2020-ci il tarixdə hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Əliyev bu vəzifəni 2020-ci ilin oktyabrın 17-dək icra etmişdir.
Həmçinin, Anar Əliyev qüsursuz xidmətlərinə görə bir neçə dəfə qiymətləndirilmişdir. 26.06.2008 tarixli əmrə əsasən qüsursuz xidmətinin 10 illiyinə görə 3-cü dərəcəli, 26.06.2014 tarixli əmrə əsasən qüsursuz xidmətinin 15 illiyinə görə 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir. O, xidməti nəticəsində USTA dərəcəsi də almışdır. Anar Əliyev təlimlərdə əldə etdiyi təcrübələrdən kəşfiyyata aid dərslik kitabı yazmaq istəyirdi.
Anar Əliyevin iştirak etdiyi təlimlər 2003–2019-cu illəri əhatə edir. 3 noyabr-21 noyabr 2003-cü ildə Türkiyə Respublikasında “təməl paraşüt” kursunda, 2005-ci ildə Macarıstanda “ingilis dili” kursunda, 9 yanvar – 17 fevral 2006-cı ildə Çexiyada “sülhməramlı əməliyyatlar üçün təlimatçı” kursunda, 17 yanvar – 2 fevral 2007-ci ildə İsveçrə Konfederasiyasında “qış dağ” kursunda, 2009-cu ildə Rumıniyada “hərbi əməkdaşlıq və təcrübə mübadiləsi”, həmçinin, həmin ildə Türkiyədə keçirilən “sərbəst paraşüt” kurslarında, 18 yanvar-12 fevral 2010-cu ildə Sloveniyada “təkmilləşdirilmiş qış-dağ” kursunda, 7 may-13 may 2010-cu ildə İordaniya Krallığında baş tutan SOFEX-2010 (az. Xüsusi Əməliyyat Qüvvələri Sərgisi – 2010) hərbi sərgisində iştirak etmişdir. O, sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurslardan keçmişdir.
2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib. Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Anar Əliyev bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.
2018-ci ilin mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında yaxından iştirakına, döyüşlərdə fərqlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.06.2018-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev “Şücaətə görə” medalı ilə təltif edilmişdir. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə məruzə ediləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.
27 sentyabr 2020-ci ildən başlanan Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda xidmət etmiş, lakin, Komandanlığa müharibədə iştirak üçün müraciət etmişdir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının 11 oktyabr 2020-ci il tarixli 0120 saylı Sərəncamına əsasən Anar Əliyev Vətən müharibəsində iştirak etməyə başlamışdır. Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənmişdir. Xocavənd rayonu ərazisində 10 gündən çox davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Onun da rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın fərqlənməsi nəticəsində 14 oktyabr tarixində Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndləri Azərbaycan qoşunları tərəfindən azad olunmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da iştirak etdiyi əməliyyatlar nəticəsində 15 oktyabr tarixində Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etmişdir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Həmin gün Anar Əliyev “N” saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətində irəliləyərək Tehran Mənsimovun qrupuna yol açmışdır. 20 oktyabr tarixində bir neçə gün davam edən əməliyyatlar nəticəsində digər rayonlarının bir çox yaşayış məntəqəsi kimi Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə İlham Əliyevə məruzə etmişdir.
Anar Əliyev sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşmuşdur. Komandirliyini etdiyi briqadanın da iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilmişdir. Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan müavini Zaur Cavanşir və keçmiş Komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, “772 metr” yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilmişdi. Döyüş yoldaşlarının dediklərinə görə, o, qəfildən əvvəlcə, sağ qolundan, sonra isə gözündən vurulmuşdu. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur. Lakin, yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Açılan intensiv atəş və atılan əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev 21 oktyabr tarixində şəhid olurlar.
23 oktyabr tarixində onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabr tarixində diaqnostika mərkəzindən boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün gətirilmişdir. Son vida mərasimindən 1 gün sonra, 25 oktyabr 2020-ci ildə izdihamla, Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşləri və Azərbaycanın himn sədaları altında II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Qəfil xəbər bizi yaman sarsıtdı, eşitdiklərimizə inanmaq istəmədik. Uzun illər bir redaksiyada çalışdığımız həmkarımızın, tanınmış şair-jurnalistin, xeyrixah, elcanlı, həyatsevər, sədaqətli qələm dostumuzun gözlənilmədən həyatdan köçməsinə necə inanaydıq? Daim “Samur” qəzeti redaksiyası ilə əlaqə saxlayır, yaradıcılıq uğurlarını bizimlə bölüşürdü. Bir neçə ay əvvəl onun 85 illik yubileyi ilə əlaqədər Respublika Mətbuat Şurasında keçirilmiş tədbirdə iştirak etmişdik. Keçmiş qələm dostlarını, Sovet kəndi” qəzetində uzun illər bir gə çalışmış Vaqif Bəhməlini, Rüstəm Rüstəmovu, Müzəffər Məlikməmmədovu və Sədaqət Kərimovanı görüb necə də sevinmişdi. Kövrəlmişdi, sanki deməyə söz tapmırdı. Uzun müddət ağır xəstəliyə sinə gərib qalib çıxdığını bilirdik. Ağrılardan əziyyət çəksə də yenə əvvəlki kimi həyat eşqi ilə dolu görünürdü. Əvvəlki Arif İsmailov idi. Deyən, gülən, zərafatçıl. Onun bu əhvalı bizi çox sevindirdi. “Sovet kəndi” qəzetində birgə işlədiyimiz illəri yadımıza saldı. O, redaksiyanın ən gözəl tədbirlərinin təşkilatçısı, qazetin bayram saylarının ən yaxşı tərtibçisi idi. Başdan-başa qazetçi idi Arif Əbdüloğlu. Onun məqalələrini, oçeyklərini, zarısovkalarını oxucular böyük maraqla oxuyardı. Çünki bu yazlarda onun ürək döyüntüləri var idi. Bunu bir dəfə letuçkada da qeyd etmişdik. Gülümsəyib, 1960-cı ildə “Sovet kəndi” adı ilə çıxanda qəzetin baş məqaləsində verilmiş sözləri bizə xatırlatmışdı: “Sovet kəndi” ona nail olacaqdır ki, qəzətdə dərc edilən yazılarda sadə adamların ürək döyüntüləri eşidilsin. Həqiqətən də, 31 il qəzetin səhifələrində sadə adamların ürək döyüntüləri eşidildi. Çünki jurnalistlərimizin qələmə aldıqları yazılarda onların özlərinin ürək döyüntüləri var idi. Bunu bizə Arif İsmayılov kimi üstad qələm dostlarımız təlqin etmişdi. Arif Əbdüloğlu həm də istidadlı şair idi. Onun bədii yaracılığının leytmotivini vətənpərvəlik mövzusu təşkil edir. Şeir və poemalarında oxurculara vətənə məhəbbət, düşmənə nifrət hissləri aşılayan, onları həyatı, insanları sevməyə, bəşəri və ülvü hissləri yaşamağa səsləyən Arif Əbdüloğlunun 2019-cu ildə işıq görmüş “Vətəndir sevdiyim, sevildiyim yer” (Redaktoru Sədaqət Kərimova) və 2024-cü ildə nəşr olunmuş “Bitövləşən vətənim” (Redaktoru Telman Cəfərov) kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. “Bitövləşən vətənim” həm də Ankarada türk dilində nəşr olunub. Onun bitöv vətən obrazını təcəssüm etdirən “Şuşa zirvəsi”, Maştağanın tarixindən bəhs edən “Qeyrət qalası”, məşhur xeyriyyətçi Hacı Zenalabdin Tağıyevin fəaliyyətinə həsr olunmuş “Şolların çətin yolu” poemaları müasir ədəbiyyatımızın gözəl nümunələridir. Jurnalist fəaliyyətinə 1963-cü ildə Zəqatalada çıxan rayonlararası “Qırmızı bayraq” qəzeti redaksiyasında başlamış Arif Əbdüloğlu sonraki illərdə “Sovet kəndi” və “Həyat” qəzetlərində çalışmış, bu sahədə qazandığı yaradıcılıq uğurlarına görə Azərbaycan Jurnalistlər İtifaqının “Qızıl qələm” mükafatına layiq görünmüşdür. O, Azərbaycan mətbuatının 150 illiyi ilə əlaqədar olaraq 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. Qələm dostumuzun həyatda qazandığı ən böyük uğur və mükafat isə böyük oxucu sevgisidir. Bu sevgi onun adını həmişə yaşadacaq, çünki bu gün də, gələcəkdə də “Sovet kəndi” və “Həyat” qəzetlərinin toplusunu vərəqləyən hər kəs onların səhifələrində Arif Əbdüloğlunun ürək döyüntülərini hiss edəcək. Allah rəhmət eləsin!