
Belə soyuq olma bu bahar çağı,
Qar kimi başıma çox ələnibsən.
Özgəyə açılmaz qəlbimin bağı,
Gözümə, könlümə ilmələnibsən.
Əgər üzük yoxsa nə lazım qaşı…
Həsrət ağrı kimi gəzir canında.
Əzəldən belədir dünyanın işi,
Kimin qəlbindəsən, kimin yanında…
Qaldım çox üz-üzə daş inadınla,
Eh mən də sonunda dəyişkən oldum.
Özümü sevirəm sənin adınla,
Düşünə-düşünə eyni sən oldum.
Keçir günlər, aylar, illər beləcə,
Razıyam dərya ol, say damla məni.
Gəl mənim ömrümə bir aylı gecə,
Gəl başına dönüm, tamamla məni.
Gəl, ömrün payızı, qışı gəlmədən,
Beş-on gün qalıbdı yazdan, yaşayaq,
Heç bir ayrılığa olmasın nədən,
Bu eşqə təzədən – başdan başlayaq.
22.03.2025
AD GÜNÜNƏ HƏDİYYƏM
Həyatın yolları düz, dolanbacı,
Kiminə şirindir, kiminə acı,
Kökdən gəlir gücün, çinar ağacı,
Bir məktub asıram budaqlarına,
Çatsın, ad gününə hədiyyəm olsun.
Köksün bu dünyanın rahat yerimi?!
Orda unuduram dərdi-sərimi,
Bir quşa öyrədim sevgi şeirimi
Göndərim, qonaraq ayaqlarına
Ötsün, ad gününə hədiyyəm olsun.
O bir eşq quşudur, sevgi quşudur,
Dünyada ən dadlı tamın nuşudur,
Səadət quşudur, sevinc quşudur,
Uçub dodağımdan dodaqlarına
Öpsün, ad gününə hədiyyəm olsun.
22.03.2025