Adsız liman

Adsız liman

Yaman uçub, dağılıb,
necə gedim bu yolu;
pas atıb daş divarda,
yuxumdakı at nalı;

buludların səsindən,
qulağımda küy qalıb;
ötən eşqin odundan,
canımda kösey qalıb;

ruhum bir adsız quşun,
qanadından asılıb;
heç özüm də bilmirəm,
alnıma nə yazılıb;

bir ayrı göy üzündən,
yaşıl ulduzlar baxır;
lələk-lələk buludlar,
yellənir ağır-ağır;

hər göyün öz tanrısı,
hər köyün öz adı var;
hələ yağışlar yağır,
qurumayıb buludlar;

könlümə qubar dolub,
baxışımda duman var;
orda bir adsız şəhər,
bir adsız da liman var.

13.06.2025

Müəllif: NAZİM ƏHMƏDLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanınmış şair-jurnalist Təranə xanım Arifqızının “Keçidlər” , “Payızın zəfər rəngi” kitablarının və “Yüz ilimin sədası” antologiyasının təqdimat mərasimi keçirilib

Tanınmış şair-jurnalist Təranə xanım Arifqızının “Keçidlər” , “Payızın zəfər rəngi” kitablarının və “Yüz ilimin sədası” antologiyasının təqdimat mərasimi keçirilib

12 iyun 2025- ci il. Azərbaycan Yazıçılar Birliyinin “Nətavan” klubu. Ənənəvi olaraq bu müqəddəs ocaqda yenə də söz, şeir bayramıdır, desək ifrata varmarıq.
Bu dəfə Naxçıvanda yaşayıb-yaradan, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tanınmış şair-jurnalist Təranə xanım Arifqızının “Keçidlər” , “Payızın zəfər rəngi” kitablarının və “Yüz ilimin sədası” antologiyasının təqdimat mərasimi keçirildi.
Tədbirdə şairə xanımın qələm dostları, oxucuları, yaxınları iştirak edirdi.
Təqdimatı giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair-publisist Güləmail Murad açaraq tədbir iştirakçılarını salamladı.
Öncə Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
G.Murad qeyd etdi ki, bu gün ulu, qədim diyarımızda, ulu öndərin doğulduğu torpaqdan ədəbi mühitə ayaq basan, fərqli janrlarda yazıb-yaradan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı -publisist Təranə Arifqızının işığına toplaşmışıq. “Keçidlər” kitabı müəllifin poeziyasından bəhs edən yeddi kitabından sonra nəsr və publisistikasını əhatə edən ilk kitabıdır. İndiyə kimi Təranə Arifqızının “Mən şair olsaydım”, “Nə qədər ki insan var”, “Sözün bayatı rəngi”, “Qarabağda 44 gün”, “İçimdəki səs”, “Qələbəyə tələsən şəhid”, “Payızın zəfər rəngi” kitablarının müəllifidir. Naxçıvan Muxtar respublikasının 100 illiyinə həsr olunmuş “Yüz ilimin sədası “antologiyasının ideya müəllifi və tərtibçisidir”.
Əməkdar İncəsənət Xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair-tərçüməçi Səlim Babullaoğlu, filologiya üzrə fəlsəfə doktoru, dosent Lütfiyyə Əsgərzadə, Millət vəkili, Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, ədəbiyyatşünas, tərcüməçi, “525-qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Fariz Yunisli, şairlərdən İbrahim Yusifoglu, filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər, sair-nasir Arzu Nehrəmli, Aləmzər Sadiqqızı, “Nur ocağı” Ədəbi Məclisini təmsil edən şair Ramilə Əliyeva, “Mirvarid Dilbazi Poeziya Məclisi”İctimai birliyinin sədri, şair-publisist Güllü Tomarlı və digər tədbir iştirakçıları yazarın yaradıcılığı haqqında fikirlərini bölüşüb, yeni kitabi münasibətilə təbrik ediblər.
Ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, “Keçidlər”kitabına ön söz yazan Mətanət Vahid kitab haqqında dəyərli fikirlərini bölüşərək, qeyd edib ki, Təranə xanımın bu kitabı başdan-ayağa Vətən eposudur. Keçmişlə müasirlik onun bütün yazılarında birlikdə inkişaf edir. Mətnlərinə fərqli yanaşmalarla rəng qataraq, oxucunu cəlb edə bilir. Müəllifin nəsr və publisistikasını və digər janrda olan yazılarının toplandığı bu kitab geniş oxucu auditoriyası üçündür”.
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac müəllifi ədəbi yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə Müstəqil Yazarlar Konfederasiyasının “Fəxri yazar” diplomunu təqdim edərək təbrik edib.
Xanım şairə tədbirlə bağlı fikirlərini oxucuları ilə bölüşüb:
Tədbir başlayan saata qədər çox həyəcanlı idim. Naxçıvanda kitab təqdimatlarım olanda rahat olurdum. Burada keçirilən tədbirə isə əksəriyyəti illərlə qiyabi olaraq tanıdığım, virtual əlaqədə olduğum insanları dəvət etmişdim. Mənim üçün fərəhli və sevincli gün oldu . Gəlməmək üçün yox, gəlmək üçün bəhanə arayanlar yanımda oldular. İş gününə düşdüyü üçün icazə ala bilməyənlərin, dövlət səviyyəsində tədbiri olanların, bir sözlə üzürlü səbəbi olanların üzürünü qəbul edirəm. Nə yaxşı ki varsınız. Mənim yaradıcılığım üçün yaddaqalan tarix olan bu günü mənə yaşadanlara, hər şey könlünüzcə olsun, deyirəm. Hər kəsə təşəkkür edirəm. Ruhən, cismən yanımda olanların hamısına.
Naxçıvandan mərkəzə üz tutan əyalət şairinə qol qanad açdığı üçün Azərbaycan Yazıçılar Birliyinə, tədbiri lentə alan doğma Naxçıvan televiziyasına, Mədəniyyət kanalına minnətdarlığımı bildirirəm .
Nə yaxşı ki həyatda işıqlı insanlar var. Həyat onlara görə ayaq üstədir…”
Təranə Arifqızı Azərbaycan Yazıçılar Birliyinə, təqdimatın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Şeirlərindən nümunələr səsləndirib.
Sonda xatirə şəkilləri çəkdirilib. Fotolar:

YAZARLAR olaraq,  TƏRANƏ xanımı bu münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Günnur Ağayeva

TƏRANƏ ARİFQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bacara bilmirəm bu dünya ilə!

Bacara bilmirəm bu dünya ilə!

Məhv ola yarısı, yarısı qala,
çiçəyi quruya, arısı qala.
Yenə əvvəlki tək dünya beləcə,
yarı torpaq ola, yarı su qala,
Bacara bilmirəm bu dünya ilə…

Dağı da, daşı da, suyu da doğma,
yaz kimi payızı, yayı da doğma.
Yenə əvvəlki tək dünya beləcə,
yarı yad görünə, yarı da doğma-
Bacara bilmirəm bu dünya ilə…

Çəkmir əvvəlki tək tamı da bizi,
dünya bir məclisdir, tamada bizik.
Təqdimlə, təltiflə tərif eləyib,
hamıya yaxşıca tanıdar bizi,
Bacara bilmirəm bu dünya ilə…

İlini, ayını, gününü bilmir,
toyunu, yasını, vayını bilmir.
Dünyanın işləlri düşüb qarışıq,
özü öz yaşını, soyunu bilmir,
Bacara bilmirəm bu dünya ilə…

Müəllif: Faiq Balabəyli

Faiq Balabəylinin yaziıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

12 iyun 1993 – 12 iyun 2025 – Yusifcanlılar belə qayıtdılar

Yusfcanlılar öz doğma kəndində

12 iyun 2025 – ci il tarixində Ağdam rayonu, Yusifcanlı kəndinin sakinləri 12 iyun 1993-cu ildə təxminən elə bu saatlarda (~səhər 9:00-10:00)

qəfil, ayaqyalın-başaçıq tərk etməyə məcbur olduqları (həmin gün kəndin evləri yandırılmış, dinc sakinlər şəhid edilmiş və əsir götürülmüşdü) doğma kəndlərini ziyarət ediblər. Yeni çəkilən Ağdam – Füzuli magistral yolunun hərəkət istiqamətində sol tərəfində Yusifcanlı kəhrizinin gözündən təxminən 150-200 m məsafədə kəndə gedən əsas yolun sağ tərəfində üzərində “Yusifcanlı” yazılmış bildiriş və kəndin girəcəyində “Yusifcanlı şəhidləri” məlumat lövhələri quraşdırılmışdır. Sonra kənd camaatı ötən günlər və gələcək planlarından söhbət açıblar. 32 ildən sonra öz torpaqlarında, öz kəhrizlərinin suyundan çay süfrəsi arxasında söhbətə davam ediblər. Fotolar:

Xeyirli -uğurlu olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Bu da bir tarixdir.

Mənbə: Əbiş Abbaszadə

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Səpələnmiş hekayəm”

“Səpələnmiş hekayəm”

Bir məmləkət hekayəm var,
Kağızlara səpələndi…
Yarısı qaldı yarıda,
Yarısı getdi sükuta,
Sözlərim soyundu səslərdən,
Çılpaq qaldı qorxudan…

Kağızlar iki yerə bölündü
Yarısı yerə
Yarısı göyə
Yavaş-yavaş seyrəlirdi kağızlar,
Hara getdi?
Kimə yetdi?
Harada itdi?
Harada sahibini tapdı?

Ox olub kimə dəydi sözlərim?
Ürəyini sancdımı bir yad nəfəsin?
Kağız gəmilərim, görəsən, hara çatdı,
Suların içindəmi əridi,
Yoxsa bir uşaq əllərində
Ümidəmi çevrildi?

Bəs kağız təyyarələrim ?
Göy üzündə azan dualar tək
Ünvanını tapdımı?

Görəsən, harada məskunlaşdı
Səssizcə yazdığım hekayələrim?
Cızmaqara kimi bir küncdə qaldımı,
Yoxsa bir ürəkdə
Yenidən doğuldumu?
Yoxsa… yoxsa axar sulara qarışanda
Boğuldumu???

Hər şey bir qırağa…
Hansı tində yazıldı qara taleyim?
Hansı küncə atıldı bələyim?
Kim qucaqlamadı, kim səssiz keçdi?
Hansı səmtə üz tutub getdi
Ağlımdan küsən ürəyim?..

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycanlı şair və tərcüməçi Səlim BABULLAOĞLU Moldova Elmlər Akademiyasının ali medalı ilə təltif edilib

Azərbaycanlı şair və tərcüməçi Səlim BABULLAOĞLU Moldova Elmlər Akademiyasının ali medalı ilə təltif edilib

2025-ci il mayın 22-də Moldova Elmlər Akademiyasının “Gümüş” zalında Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu, rəyasət heyətinin üzvləri və elmi bölmələrin əməkdaşları ilə XVII “Qriqore Vyeru” Beynəlxalq Poeziya Festivalı çərçivəsində Moldovada səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Görüş zamanı Moldova Respublikası Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu mədəniyyətlərarası dialoqun təşviqinin vacibliyini qeyd edib, Azərbaycan Respublikasının qarşıdan gələn Müstəqillik Günü münasibəti ilə qonağı təbrik edib və qeyd edib ki, bu münasibətlə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirinə təbrik məktubu göndərilib.
Görüş zamanı son zamanlar Moldova və Rumıniya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə ardıcıl tərcüməsi və nəşri məsələlərindən, son 8 ildə 16 kitabın çap edilməsindən, Moldova Azərbaycanlıları Konqresinin sabiq prezidenti Vüqar Novruzovla Səlim Babullaoğlunun dostluq münasibətlərinin bu məsələdə xüsusi rolundan, səmərəli əməkdaşlıqdan, Mihay Eminesku, Ana Blandiana, İon Hadırka, İon Deakonesku, Arkadi Suçevyanu, Leo Butnaru, Nikolae Spetaru, İqor Volnitski, Griqore Kiperin şeir topluları və romanlarının nəşri, bu kitabların böyük əksəriyyətinin Babullaoğlu tərəfindən tərcümə, tərtib və redaktə olunduğunu, habelə “Dünya ədəbiyyatı” dərgisinin Moldova və Rumıniya ədəbiyyatı xüsusi saylarının nəşrindən söz açılıb.
Tədbirə akademik İon Hadırka, Arkadu Suçevyanu və digər natiqlər çıxışlar ediblər.
Daha sonra Moldova Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu Moldova-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində və rumın ədəbiyyatının xaricdə təbliğində müstəsna xidmətlərinə görə Səlim Babullaoğlunu akademiyanın ali mükafatlarından sayılan “Nicolae Milescu Spătăru” medalı ilə təltif edib.
Səlim Babullaoğlu akademiyanın prezidentinə, rəyasət heyəti üzvlərinə görüşə və təltifə görə minnətdarlıq edib, ölkələrimiz və xalqlarımız arasında ədəbi-əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Səlim Babullaoğlu şair İon Hadırkaya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini, habelə hüquq elmləri doktoru, tanınmış ictimai xadim Vüqar Novruzova Azərbaycan Yazıçılar Birliyi sədrinin, eləcə də Moldova və Rumıniyanı Azərbaycandakı səfirlərinin birgə imzaladıqları Fəxri diplomu təqdim edib.
Görüşdən sonra xatirə şəkli çəkilib.
Görüş Moldova KİV-də, media və akademiyanın saytında geniş işıqlandırılıb.

https://www.asm.md/poetul-si-traducatorul-azer-salim-babullaoglu-vizita-la-academia-de-stiinte-moldovei


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Babəklər yurdunun hürr övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu XVII Beynəlxalq Qriqore Vyeru Poeziya festivalının mükafatına layiq görülüb

Səlim Babullaoğlu XVII Beynəlxalq Qriqore Vyeru Poeziya festivalının mükafatına layiq görülüb

2025-ci il 20-23 may tarixlərində adını rumındilli ədəbiyyatın yeni tarixinə yazmış, həm Moldovanın, həm də Rumıniyanın klassiki kimi tanınan və sevilən şair, Moldova azadlıq hərəkatının liderlərindən olan Qriqore Vyerunun adını daşıyan XVII beynəlxalq poeziya festivalı keçirilib. Bəlli olduğu kimi XVII dəfə keçirilən festival bu il Rumıniyada, Yaş şəhərində start götürüb 22-23 may tarixlərində Moldovanın paytaxtı Kişineuda davam edib. Festivalda şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu da iştirak edib. Babullaoğlu açıqlamasında bildirib: “Mən festivalın yalnız Moldovada, Kişineuda keçirilən hissəsinə qatıla bildim, çünki əvvəlki günlərdə biz özümüz Rumıniyadan şairləri qəbul edirdik. Mənim festivalda iştirakımın əsas səbəbi buydu ki, biz bu il görkəmli rumın şairi Qriqore Vyerunun “İynənin nəğməsi” adlı seçmə şeirlər kitabını nəşr etmişdik. Fevralın 14-də Azərbaycan Yazıçılar Birliyində Moldova və Rumıniyanın Bakıdakı səfirlərinin iştirakı ilə kitabın təqdimat mərasimini təşkil etmişdik. Kitabın tərtibçisi, əsas tərcüməçisi və ön sözün müəllifi mən idim. Əsas tərcüməçisi ona görə deyirəm ki, kitaba Xalq şairi Ramiz Rövşənin və Qəşəm İsabəylinin şairin daha əvvəlki tərcümələrindən də nümunələr daxil etmişdim. Ramiz müəllimin Vyerudan 8-9 tərcüməsi, Qəşəm müəllimin də şairin uşaq şeirlərindən 15 tərcüməsi vardı. Mən isə 70-ə yaxın şeir çevirmişdim, nəticədə əsaslı kitab ərsəyə gəlmişdi və şairin yaradıcılığına bu həcmdə ilk müraciət idi.
Yeri gəlmişkən, deyim ki, kitabın tərcüməsi təklifini bir çox hallarda olduğu kimi dostum, hüquq elmləri doktoru, tanınmış iş adamı və ictimai xadim Vüqar Novruzov vermişdi və nəşrinə də o dəstək vermişdi, çox sağ olsun. Sonra isə festival gerçəkləşəndə Vüqar müəllim kitabı şairin ailəsinə, festivala təqdim etmişdi. Onlar da nəşri, sağ olsunlar, yüksək dəyərləndirdilər. Festivalın əsas proqramına saldılar, müxtəlif nominasiyalar üzrə Qriqore Vyeru festivalının mükafatlarını verdilər ki, mükafatçılar sırasında Moldova və Rumıniyanın tanınmış ədibləri, mədəniyyət xadimləri də vardı, tərcümə üzrə baş mükafatı isə mənə verdilər. Təqdimetmə mərasimi festivalın ilk günün axşamı, mayın 22-də Kişineunun mərkəzində, “Teatrul fără nume” dəki Qala-konsertdə baş tutdu.
Ümumiyyətlə, festival çox maraqlı və təntənəli təşkil olunmuşdu. Görünür Vyerunun 90 illik yubileyinin olması da bu təntənəni artırıdı.
Kişineunun mərkəzində “Klassiklər xiyabanı”nda şairin büstünə əklil qoymaqla başlayan festival, İon Kryange adına Dövlət Pedaqoji Universitetində, “Prometeu-Protalent” Yaradıcılıq və İxtiraçılıq Liseyində, Krikovada – məşhur yeraltı şərab şəhərciyində, çox müxtəlif və maraqlı məkanlarda yaddaqalan tədbirlərlə müşayiət olundu.
Mən həm açılış mərasimində, həm universitetdəki tədbirdə, eyni zamanda Qala-konserdə çıxışlar etdim, şair haqqında danışdım, onun ana dilimizdə şeirlərini səsləndirdim.

Şairin oğlu və onun irsini yaşadan, eyni zamanda festivalın rəhbəri Kelin Vyeru, görkəmli Moldova şairi, ölkəmizin dostu, akademik İon Hadırka, tanınmış şair və yazıçı Nikolae Spetaru, İqor Volnitski, Qriqore Kiper və başqa həmkarlarla maraqlı debatlar, söhbətlər baş tutdu…
Moldova televiziya kanallarına, radio və qəzetlərdə xeyli müsahibələr verdim.
Əlbəttə ki, mənim üçün xüsusi əhəmiyyət kəsb edən məsələ Vüqar Novruzola, Moldova və Azərbaycan mədəni əlaqələrində çox böyük işlərə imza atmış dostumla uzun fasilədən sonra yenidən görüşmək, ünsiyyətdə olmaq, bir yerdə olmaqdı.
Bir sözlə yaddaqalan və dolu bir proqram idi…”
Bildiririk ki, mayın 22-də 2025-ci ildə Moldova Elmlər Akademiyasının “Gümüş” zalında Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu, rəyasət heyətinin üzvləri və elmi bölmələrin əməkdaşları ilə XVII “Qriqore Vyeru” Beynəlxalq Poeziya Festivalı çərçivəsində Moldovada səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Akademiyasının prezidenti, akademik İon Tiginyanu Moldova-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində və rumın ədəbiyyatının xaricdə təbliğində müstəsna xidmətlərinə görə Səlim Babullaoğlunu akademiyanın ali mükafatlarından sayılan “Nicolae Milescu Spătărul” medalı ilə təltif edib.

https://www.asm.md/poetul-si-traducatorul-azer-salim-babullaoglu-vizita-la-academia-de-stiinte-moldovei
https://radiomoldova.md/p/52236/azerbaijani-poet-salim-babullaoglu-honored-in-chisinau-for-translating-grigore-vieru-s-poems
https://stiri.md/article/social/un-poet-azer-premiat-la-chisinau-pentru-traducerea-versurilor-lui-grigore-vieru

Fotolar:


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yaşar Qasımbəyli – Əli Kərimin erkən şeiriyyəti

Əli Kərimin erkən şeiriyyəti

Altmışıncıların ədəbiyyat aləminə gəlişi ilə başlanan mənəvi-estetik yenilənmənin bir çox xüsusiyyətləri ədəbiyyatşünaslıqda hələ də yetərincə açılmayıb. Xüsusən, yeni ədəbi nəslin klassik poetik ənənəyə qayıdışı, milli bədii-fəlsəfi dünyagörüşünü diriltmək və bərpa etmək cəhdləri bütün dərinlikləri ilə tədqiq edilməyib. O illərin ədəbi prosesinə bu nöqteyi-nəzərdən yanaşılanda, əsasən, gənc şairlərin Füzuliyə, əruza və qəzələ qayıdışları nəzərə çarpdırılır. Yəni milli bədii ənənəyə qayıdışın yalnız bu hüdudları və dərəcələri nəzərdə tutulur. Halbuki yarım əsr bundan əvvəlki poetik gəncliyin yaradıcılığı və cəsarətli bədii kəşfləri onların bu yöndə daha da dərinlərə enə bildiyini isbat etməyə əsas verir. Məsələn, 60-70-ci illər özbək ədəbi tənqidi və ədəbiyyatşünaslığında poetik gəncliyin milli ədəbi ənənə ilə əlaqələrinin dərin qatlarına  və o dövrdə aktual hesab olunmayan digər mətləblərə münasibət bildirilib (1, s. 14-19; 2, s. 41-50; 3, s. 73-82).

Altmışıncıların ədəbi-mənəvi liderlərindən biri Əli Kərimin poeziyası, xüsusən, erkən lirikası estetik fikri ciddi və casərətli ümumiləşdirmələr aparmağa sövq edir. Eyni zamanda, gənc Azərbaycan şairinin ilk qələm təcrübələrini başqa qardaş xalqlardan olan yaşıdları ilə, xüsusən, özbək altmşıncıları ilə müqayisə edərkən mülahizə və qənaətlərimizin daha da əsaslı olduğunu görürük. Beləliklə, Azərbaycan və özbək altmışıncılarının ilkin yaradıcılıq mərhələsində bariz surətdə nəzərə çarpan, amma indiyə qədər elmi ədəbiyyatşüanslıqda və poetika sahəsindəki tədqiqatlarda nəzər-diqqətdən yayınmış mənəvi-estetik keyfiyyətlər hansılarıdır? Başqa sözlə, biz gələcək xəyallı gəncliyin hansı bədii xidmətlərini və kəşflərini lazımi dərəcədə işıqlandırmamış və dəyərləndirməmişik. Tədqiqatlar göstərir ki, böyük və möhtəşəm poetik epoxa kimi tarixə çevrilən 60-cı illərin ədəbi prosesi bu cür yeniliklər və hadisələrlə zəngindir.    

Bu özünəməxsus və odlu-alovlu ədəbi gənclik ədəbiyyatın iqlimini dəyişmək və bədii təfəkkür aləminin ab-havasını təzələmək niyyəti ilə sənət meydanına atılmışdılar. Bu şiddət və estetik məqsəd onların ədəbi məramnamələrində ardıcıl şəkildə ifadə olunurdu. Qibtə ediləsi cəhət o idi ki, onların vədləri və işləri, sözləri və əməlləri bir-birilə uyğunluq təşkil edir, bir-birini tamamlayırdı. 60-cı illərin həqiqət nəfəsli sözə pərəstiş edən və gözəl bədii sözün həsrətini çəkmiş, saf və səmimi oxucuları gəncliyin ədəbi arzularına inanırdılar. “İnanıram ki” (1950) şeirində oxuyuruq:       

                                        Mən öz qüdrətimə inanıram ki,

Əlimə inamla qələm almışam.

Saf məhəbbətimə inanıram ki,

O ellər qızına aşiq olmuşam.

                                 (4, s. 361).

Şairin xüsusi vurğu ilə haqqında bəhs etdiyi və eşqini ünvanladığı “o ellər qızı” kim idi? Öz məhəbbətinin saflığını və bütün varlığı ilə bu eşqə bağlandığını söyləyən lirik “mən” məhz elə bu səbəbdən yaradıcılığının sabahına və taleyinə də ümidlə baxır. Gənc şair özünün və sözünün əbədiyyətinə səmim-qəlbdən inanır:

Bütün varlığıma inanıram ki,

Onu həsr elədim mən bu sənətə.

Bəxtiyarlığıma inanıram ki,

Deyirəm yetərəm əbədiyyətə.

                                             (4, s. 361).

Saf və səmimi eşq lirik qəhrəmanın qəlbinə o qədər və o dərəcədə hakim kəsilmişdir ki, o, qələmi ilə ağ kağıza yazdığı sözlərin könüllərə həkk olunacağına ümid bəsləyir. Şair öz adının günəş kimi ucalacağını da gözləri önündə canlandırmağa cəsarət edir.

Şeirimə, sözümə inanıram ki,

Hər insan könlünə od salacaqdır.

Mən iki gözümə inanıram ki,

                                       Adım Günəş kimi ucalacaqdır.

                                  (4, s. 361).                                                                     

Bu şeiri gənclik eşqi ilə qəlbi coşub daşan bir müəllifin özünə vurğunluğu, ilk uğurlarından vəcdə gəlib öz poetik sözünə fəxriyyəsi kimi də dəyərləndirmək olar. Amma yuxarıdakı misraları sadəcə olaraq ədəbi fəxriyyə adlandırmaq, bizcə, çox azdır. Xüsusən bu şeirdə bədii sözə, yaradıcılığa nisbətən saf eşqin və mənəvi yüksəkliyin, öz çağdaşları ilə fövqəl fərqin nəzərə çarpdırıldığını unutmaq olmaz.

Bu hərarətli və ehtirasla yoğrulmuş misraların altından Ə.Kərimin bütün səfdaşları və sıradaşları imza ata bilərdi. Çünki bütün altmışıncılar məhz belə bir əqidə və məslək ilə əllərinə qələm almışdılar. Maraqlıdır ki, Azərbyacan və Özbəkistan altmışıncılarının da estetik məramnamələri bir-birilə heyrətamiz dərəcədə səsləşir və həmahənglik təşkil edirdi.

Yeni lirik qəhrəman özünün haqq olduğuna sövqi-təbii inanırdı. O elə zirvələrə ucalamq istəyir ki, hətta ulduzlar da boylana-boylana baxsın. Elə bir nəğmə olmaq arzu edir ki, sular da axmayıb onu dinləsin. Elə bir qüdrətli xilqət olmaq istəyir ki, ana Vətəni qanadları üstünə alıb, hər yanda gəzdirə bilsin. Bu gənc qələm sahibi elə bir duyğuya çevrilmək istəyir ki, hər bir könüldə, hər canda xoş bir hal kimi dolansın. Və nəhayət, bu nurlu ürək sahibi həqiqət işıqlı bir xəyal kimi bütün dünyanı tutmaq istəyir. “İstərəm” (1951) şeirində bu yaşantılar daha aydın ifadə olunub:

                    İstərəm elə bir heykəl olam ki,

                    Yoğrulub yaranam əbədiyyətdən.

Boylana-boylana baxsın hər ulduz

Elə əzəmətlə ucalam ki, mən…

                                 (4, s. 369).

Yeni lirik qəhrəman əbədiyyət barəsində həvəslə və ilhamla söyləməkdən doymur:

İstərəm ən gözəl bir nəğmə olam,

Sular axmayıb dinləyə məni.

Alıb öz görünməz qanadlarımda,

Gəzdirəm hər yanda ana Vətəni.

                             (4, s. 369).

Onun əbədiyyət haqqınakı anlayış və təsəvvürləri də mücərrəd deyil, gənc lirik “mən” ən azı təbiət və vətən qədər yaşarı olmağı istəyir. Eyni zamanda, onun əbədiyyət amalının məzmununa və tərkibinə həm də zamandaşlarının qəlbinə hakim kəsilmək, onların mənəviyyatında yaşamaq ehtirası da daxildir.

İstərəm elə bir duyğu olam ki,

Dolanam hər canda bir xoş hal kimi.

Mən hələ istərəm dünyanı tutam,

Həqiqət işıqlı bir xəyal kimi.

                                 (4, s. 369).

Gənc şairin 19-20 yaşlarında yazdığı bu poetik manifest, təbii ki, gələcəyə ünvanlanmışdı. Bu şairanə arzuları və bədii manifestləri səciyyələndirən əsas xüsusiyyət sarsılmaz ümid və inam idi. Xüsusi vurğulamaq yerinə düşər ki, altmışıncıların ən parlaq nümayəndələrində və liderlərində bax bu özünə inam duyğusu son dərəcə güclü idi; M.Araz, F.Sadıq, X.Rza, F.Qoca, V.Səmədoğlu, Ə.Salahzadə və Ə.Kərimdə də öz istedadlarının sabahına, öz ədəbi talelərinə ümid və güvənc dərin idi.

Ə.Kərimin “Mənim ömrüm” (1954) şeiri də istedad və onun gələcəyi haqqındadır:                

                             Ömür tənhalıqda bada gedərdi,

Əgər olmasaydı gözəl insanlar.

Mənimdi onların sevinci, dərdi,

Mənə özüm kimi əzizdir onlar.

                                         (4, s. 385).

 “Mənim ömrüm” şeiri öz məzmununa və poetik təyinatına görə səmimi bir fəxriyyədir. Amma bu lirik özünütəsdiq ənənəvi fəxriyyələrdən fərqlənir. Zira, “Mənim ömrüm”ü yazanda, Ə.Kərimin yaradıcılıq yolu hələ təzəcə başlanırdı. İlk baxışda, gənc “mən”in özünü bu cür təqdim etməsi təəccüb doğura bilərdi. Müəllifin özünü və öz taleyini təsəvvür etməsi də çox düşündürücüdür:

Bəzən rastlaşıram özümlə özüm,

Düşəndə bir yerə güzarım mənim.

Yüz gördü, min gördü, çox gördü gözüm,

Bir deyil, on deyil məzarım mənim.

                                          (4, s. 385).

20 yaşına təzəcə keçmiş cavan bir oğlanın özü və yaşıdları üçün səciyyəvi olmayan duyğuları, hətta bir qədər sufiyanə əhvali-ruhiyyəsi qəlbimizə qəribə bir heyrət bəxş edir:

Torpağın altında çox darıxıram,

Torpağın üstündə nə qədər şənəm.

Gah sağa göz qoyub, sola baxıram,

Hər yerdə mən varam, hər yerdə mənəm.

                                           (4, s. 385).

Şair özünü iki cür – ikili təsəvvür edir; daha doğrusu, iki “mən”inin olduğuna əmindir. Bu “mən”lərdən biri “ölümlü”, o biri isə ölümsüzdür. Biri qəmgin, gülməyi də yaddan çıxarmış, o biri isə gülməyi bacaran, şəndir:

Deyib: “Nə tez öldü, nə nakam öldü” –

Bəzən gül qoyuram məzarm üstə.

Deyirəm: az güldü, çox azca güldü,

Qoy gülüm, qalmasın arzusu gözdə.

                                 (4, s. 385).

 “Mənim ömrüm” şeirinin lirik-fəlsəfi semantikasını ehtiva etmək çox çətindir. Lirik “mən”in öz əbədiyyətinə münasibəti son dərəcə təzə və bənzərsizdir. Bu mətndə lirik qəhrəman öz mühiti və mənəvi məkanı hüdudlarından çox-çox uzaqlara uçub. Burada sufiyanə təsəvvür və təxəyyül sonsuzluq müstəvisinə keçib. Gənc şair ruhunun, yəqin ki, o vaxtlar sərbəst mənəvi ünsiyyətin mümkün olmadığı Yunus Əmrə və Əhməd Yasəvi ruhu ilə qovuşması və bu ruhi vüsalın özü belə heyrətamizdir:

Baxsan bu dünyanın ha tərəfinə,

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa, ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam.

                           (4, s. 385).

Az qala yeniyetməlik illərində yazılmış bu şeirdə Ə.Kərim ruhu yalnız ustadları ilə deyil, həm də çağdaş söz adamları ilə səsləşir. “Mənim ömrüm” şeiri özbək altmışıncılarının parlaq nümayəndəsi Abdulla Aripovun məşhur “Ruhum” (1969) şeiri ilə son dərəcə yaxındır. Hər iki şeiri yanaşı qoyub, eyni vaxtda oxuyarkən, bu doğmalıq bariz surətdə nəzərə çarpır: “Vücud dedikləri əslində nədir? Tale dənizində üzən gəmidir. Bir gün bir qayaya vurular gəmi, Ruhum, sən vücudun qəmini yemə. Yüksək fəzalarda sən eylə pərvaz, Səndə nə ahəng var, nə də ki, avaz. Sənə nə boranlar kar edə bilir, Heç kim nə yox edə, var edə bilir. Sən bir göy qurşağı – yüksək və solmaz, Göy qurşağını isə yox etmək olmaz”.  (5, s. 39). Burada isə təəccüblüsü odur ki, A.Aripov da Ə.Kərimin şeirini oxuya və təsirlənə bilməzdi. Bu oxşarlığı yalnız və yalnız istedadların bənzər ovqatının və mənəvi ehtiyacın hasili kimi izah etmək məqsədə müvafiqdir. Məsələ bundadır ki, “Mənim ömrüm”də də əsas vurğu insan ruhuna qoyulub. Ə.Kərim də şeirdə ömür yolu və həyatın məzmunundan çox, insan mənəvi qüdrətindən, ruhun ölməzliyindən söz açır. Ə.Kərimin şeirindəki əsas mətləbi A.Aripovun “Ruhum” şeiri daha dəqiq və sərrast ifadə edir. Aydın olur ki, yeni poetik ruhun və ovqatın doğulması 60-cı illərdə səciyyəvi proses idi. Müxtəlif  ədəbi mühit və məkanlarda bu yenilənmə özünəməxsus tərzdə reallaşırdı. Bu oyanmanın əsas parametrləri və əlamətləri mühitin təsiri ilə formalaşırdısa, daxili qanunauyğunluqları etnomilli gendən və ənənədən qaynaqlanırdı.

“Şəhidliyin zirvəsi” (1969) şeiri yuxarıdakı mülahizələri özünəməxsus tərzdə təsdiq edir. Orta əsrlər Azərbaycan və ümumtürk təsəvvüf şeirinin ən görkəmli nümayəndələrindən birinə – Seyid İmadəddin Nəsiminin şəxsiyyətinə və şəhadətinə sonsuz sevgi ilə yazılmış aşağıdakı misralarda gənc müəllifin həm də sufiyanə əqidə və məsləkə münasibəti də aydın şəkildə əks etmişdi: “Altı yüz ildir idrak çırpınır pələng kimi, Nərə çəkir, ağlayır, tapa bilmir ki, bilmir – o, bir sirri-xudanı. Təpədən dırnağadək soyalar bir adamı; Necə ola dinməsin, Böyük əqidəsindən Bir misralıq enməsin. Gözündən bir nöqtə yaş sinəsinə düşməsin. Qaşları çatılmasın bir xırda vergül qədər, Diri-diri soyulsun, əqidədən keçməsin. Altı yüz ildir bəşər ağrılardan inildər. Altı yüz ildir bəşər düşünər, düşünər çatmaz yenə Məşəqqətli ölümün Nəsimi zirvəsinə”. (4, s. 89-90). Bu şeirdə və xüsusən, nəzərdən keçirdiyimiz sətirlərdə Nəsiminin şəxsiyyətinə və şeiriyyətinə hərarətli sevgi açıq-aydın duyulmaqdadır. Amma gənc müəllifin böyük şairin əqidəsinə və məsləkinə olan baxışları da nəzərdən yayınmır. Yuxarıdakı parçada Nəsiminin öz məsləkinə sədaqəti də, şeir müəllifinin bu əqidəyə sonsuz heyranlığı və sevgisi də yanaşı əks edib:

                          Təpədən dırnağadək

                soyalar bir adamı;

Necə ola dinməsin,

Böyük əqidəsindən

Bir misralıq enməsin.

Bu misralarda təkcə şəhid şairin öz əqidəsinə sədaqəti deyil, eyni zamanda, lirik “mən”in bu əqidəyə heyrəti diqqəti cəlb edir. Bu heyrət şeirin əvvəllindən axırına kimi yüksələn xətlə davam edir. Və təbii ki, müəllifin özünün də bu sirli və sehirli məsləkə münasibətini təyin etmiş olur:

Gözündən bir nöqtə yaş

              sinəsinə düşməsin.

Qaşları çatılmasın

          bir xırda vergül qədər,

Diri-diri soyulsun,

        əqidədən keçməsin. 

“Şəhidliyin zirvəsi” şeiri, təbii ki, yalnız Nəsiminin özünə və əqidəsinə sevgi izhar edən şeir kimi dəyərləndirilə bilməz. Bu şeirin məna üfüqləri daha genişdir. Oxucunu dərindən düşündürən və şeirdə sətiraltı mənalara məharətlə hopdurulmuş üsyankar poetik konsepsiya da diqqəti özünə çəkir. Nəsiminin onu əqidəsizlikdə suçlayan zamandaşlarına münasibəti, xüsusən, daha həssas yanaşmanı tələb edən məsələdir. Nəsimi və zaman, Nəsimi və zamandaşları konfilikti şeirin mətnində bütün kəskinliyi ilə nəzərə çarpır. Nəsimi və ona əqidəsizlikdə günahlandıran əqidəsizlər, dinsizlər və imansızlar arasındakı qanlı qarşıdurma 700 ilə yaxındır ki, insanlığın ayıq və vicdanlı hissəsini yandırmaqdadır: “Altı yüz ildir, altı, Nəsimini soyurlar. Qanlı yaralarına hələ duz da qoyurlar. “Uf” da demir Nəsimi. Əmmamilər baxır dəli suçlular kimi. Təpədən dırnağadək soyurlar, özləri qorxur neçin? Göylərə göz dikirlər… Şəhidi görməməkçin, İlahi də görünmür! Onun qorxusu nədi? Niyə azad eləmiş hər ağrıdan şəhidi? Şəkki-şübhə başını qaldırdı, dedi, “Ay aman, Tanrı dəhşətə gəlmiş, qaçmış yaratdığından!”. (4, s.90).

Əli Kərim və “Şəhidliyin zirvəsi” şeiri haqqında hələ 70-ci illərdə ciddi və canlı mülahizələr bildirmiş görkəmli filosof və tənqidçi Asif Əfəndiyevin aşağıdakı fikirləri bugün də öz dəyərini qoruyub saxlamaqdadır: “Cansızı canlandırmaqda, cansız ilə canlı arasında rabitə yaratmaqda Əli Kərim kamil bir ustadır… Nizamilər, Füzulilər, Nəsimilər, Vaqiflər, Sabirlər, Səməd Vurğunlar adlı uca zirvələr səltənətində saf bir bulaq var. Əli Kərim bulağı. Yolçular onun yanında ayaq saxlar. Bənzərsiz suyundan içər və yollarını davam etdirirlər… Uca zirvələrə aparan yollarını!”. (6, s. 11-12).

Bu şeirin poetik fikir tariximizdəki mövqeyindən bəhs edərkən filologiya elmləri doktoru Cavanşir Yusifli yazır: “…Əli Kərim, doğrudan da, Azərbaycan poeziyasında elə bir iş görür, elə bir missiyanı yerinə yetirirdi ki, onu, necə deyərlər, əl atıb bir nöqtədə tutmaq olmurdu, indiyə qədər müəyyən sahələr, cazibə sahələri işində donub qalmış kəsişmə məqamlarında özünəməxsus situasiyalar yaradırdı, Füzulini təzədən kəşf edir, Babəkin nə tarixdən, nə də poeziyadan görünməyən cizgilərini rəsm edirdi, Nəsimi haqqında bolluca danışılan yazılan bir dövrdə onun əzəmətli obrazını yaradırdı, – bu şeirdə Əli Kərimin mənalar əsasında yaratdığı “döyüş səhnələri” insanı üfüqdən o tərəflərə boylanmağa məcbur edirdi, şeirdə müqayisələri, artıq söz və kəlmələri yığışdıra-yığışdıra bütün dünyanın sükuta baş qoyub ağladığı bir məqamə yetişirdi. “Şəhidliyin zirvəsi” şeirində pafos, ümumiyyətlə, yoxdur, misralar arasında məna keçidləri ümumi ovqatı dəyişdirə-dəyişdirə, inkişaf etdirə-etdirə üzü sonsuzluğu aparırdı. “Şəhidliyin zirvəsi” şeirində bir neçə məna istiqaməti var: biz bu hissələri xəyalən kontekstlərə, yaxud semantik müstəvilərə də bölə bilərik. Şeirin başlanğıc hissəsində tağından, bünövrəsindən qopub sökülən bir orqanizm müşayiət edilir, bu şübhəsiz ki, şahanə bir şeir parçasına bənzəyir: gözümüzün qarşısında yaranıb pərvazlanan bu şeir misra-misra, nöqtə-nöqtə sökülür, sinəyə, varaqların, yarpaqların üstünə göz yaşı kimi tökülür, istəsəniz bu şeirdə, bu son dərəcə gözəl, ağıl çaştıran kətanın üstündə qüssəli payızla yol gəlsə də hələ çatıb yetişməyən baharın bir-birinə qarışan ovqatlarının rəsmini “görə” bilərsiniz”. (7, s. 84-85). Əli Kərimin Nəsimi və onun idealı haqqındakı təsəvvürlərini anlamaq və təsəvvür etmək baxımından alimin aşağıdakı düşüncələri də diqqətə layiqdir: “Ölümün Nəsimi zirvəsi” sadəcə qanadlı ifadə deyildir, Nəsimiyə, onun necə deyərlər, “qanlı köynəyindən” keçib tarixə, zamana bir başqa məqamdan, fərqli mövqedən baxmağın bir misra içinə yığışmış formasıdır. Burada əslində Qurani-Kərimdə deyildiyi kimi,  bütün vücudu ilə Tanrının rənginə boyanmış bir insanın nöqtə-nöqtə, misra-misra sökülməsi, soyularaq gerçək zamandan daş-qalaq edilməsi səhnəsi canlandırılmışdır. Bu qanlı səhnədə ilahi qüdrətə yetişmək, onunla can bir qəlbdə nəfəs almaq ehtirası ilə yanaşı, elə bu ehtirasın yaratdığı və səbəb olduğu müdhiş səhvlər göstərilir, məhz bütün bunların ucbatındandır ki, Nəsiminin yalnız Tanrı eşqi ilə yazdığı şahanə bir şeiri misra-misra, nöqtə-nöqtə sökülür, ovxarlanıb tökülür, toza, torpağa dönür… Canlandırılan səhnə o qədər müdhişdir ki, ona baxıb dərhal bir nəticə çıxartmaq çətindir, danışmaq istəyən dillərə qıfıl vurulur, adi məntiq kara gəlmir, ağıl susur, ruh-yanıb külə dönür…”. (7, s. 87-88).

Bütün bunlar onu göstərir ki, özlərinin ilk yaradıcılığından etibarən milli amalımızı coşğun ilhamla və məftunluqla vəsf edən poetik gənclik, eyni zamanda, əsl və qədim milli-estetik ideallarımıza da rəğbət bildirmiş və onu bacardıqları qədər, imkan dərəcəsində təbliğ və tərənnüm etməyə çalışmışlar. Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Hüseyn Kürdoğlu, Fikrət Sadıq, Fikrət Qoca və başqa döyüşkən altmışıncıların milli-estetik fikir tarixindəki mühüm və unudulmaz xidmətlərinindən biri də, bizcə, məhz budur.

Müəllif: Yaşar Qasımbəyli

Filologiya elmləri doktoru, professor,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun baş elmi işçisi

ƏLİ KƏRİMİN YAZILARI

YAŞAR QASIMBƏYLİNİN YAZILARI


SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdullayev Əhmədalı Yusif oğlu (1967)

Abdullayev Əhmədalı Yusif oğlu (1967)

Abdullayev Əhmədalı Yusif oğlu 1967-ci ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olmuşdur.

O, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmuş, vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşmuşdur. 2020-ci ildə baş vermiş Vətən müharibəsində göstərdiyi igidliyə və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamı ilə aşağıdakı medallarla təltif edilmişdir:

“Vətən müharibəsi iştirakçısı” medalı
“Cəsur döyüşçü” medalı
“Füzulinin azad olunmasına görə” medalı
“Xocavəndin azad olunmasına görə” medalı
Cəsur döyüşçü Əhmədalı Abdullayev 31 yanvar 2025-ci il tarixində yüksək qan təzyiqi səbəbilə vəfat etmişdir.

Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Məlumat üçün döyüşçülərin, qazilərin sevimli müəllifi İlhamə Fərəcova-Əhmədovaya təşəkkür edirik.

Mənbə: Sərvanə DAĞTUMAS,

ədəbiyyatşünas

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"