Uşaqlıqda il uzunu səbirsizliklə Novruz bayramını gözləyərdim. Bayramlar görüşdürürdü , qovuşdururdu hamını. Əmilər , dayılar, xalalar, bibilər , nənələr , babalar bayramıydı Novruz . Bayramda hamımızın bir öpüş , bir sığal payımız olardı. Bir illik tənbehdən ( dəcəlliyimiz başımıza bəlaydı) sonra bu pay dünyanın bütün nemətlərindən şirin olardı. Sevildiyimizi o gün anlayardıq sanki. Sən demə hamı bizi çox sevirmiş. Bizim xəbərimiz yoxmuş. Heç kim xətrimizə dəyməzdi. Dadını çıxarardıq bu bəxtəvərliyin. Bilirdik ki, bayramdan sonra yenə hər şey əvvəlki kimi davam edəcək. Yenə tənbeh olunacağıq, sözə baxmayanda yenə üzümüz danlanacaq. Amma içimizdəki sevinci dolu-dolu yaşamaq istəyərdik. Hamının üzündəki sevincdən bizə də pay düşərdi.. Ən azı bayramlarda hamı dərdini, yorğunluğunu , problemlərini, qayğılarını unudardı . Xoşbəxt olmağa çalışardı hamı. Hamı hamının qapısını ürəklə açardı. Yorğun düşərdik ev -ev gəzib insanlarla bayramlaşmaqdan. Amma bu yorğunluqdan da zövq alardıq. Bu yorğunluğun ləzzəti başqaydı axı. Birinci nənəmin yanına qaçardım. Səfurə nənəmin. Bayramlaşmağa. Görərdim ki, nənəm təzə paltarını geyinib oturub öz taxtında. Sultan kimi. Bilirdi ki, hamı onun yanına gələcək . Ona görə də səhərin gözü açılan kimi təzə paltarını geyinib qonaq gözləyərdi. Ağbirçək idi axı. Bizi görüncə üzü işıqlanardı. Üzümdən öpüb yanında oturdardı. Gələnlər əvvəlcə onu , sonra məni öpərdilər. Gətirilən sovqatlardan mütləq payımı verərdi. Qucağım dolardı sovqatla. Xoşbəxtlik deyəndə nədənsə o anları xatırlayıram. Gözümüzdəki gülüşlə , üzümüzdəki öpüşlə, saçımızdakı sığalla çox xoşbəxt idik. Elə böyük arzularımız da yox idi. Sevdiklərimizlə, bapbalaca arzularımızla yaşayırdıq xoşbəxtliyi . Qulaq falına çıxmazdım, qurşaqatdıya da getməzdim Novruzda. Tənbəl idim bu sarıdan. Ürəyimdə arzu da tutmazdım. Sevdiklərim yanımdaydı, bəs idi mənə. Bütün evlərdən gülüş səsi gələrdi bayramlarda. Tutardıq bu gülüşün ətəyindən , gəzərdik ev-ev, qapı-qapı.Əynimiz bayramdan bayrama sevinərdi . Bu sevinci yaşamaq da bir xoşbəxtlik idi amma. Hamı bir -birinə ürəklə “Bayramınız mübarək” deyə bilirdi. Axı ürəklər də kindən, kidurətdən , nifrətdən uzaq idi o vaxtlar. Mənə görə dünyanın ən pak , təmiz vaxtlarıydı onda. Ətrafımız işıqla doluydu. Göz açıb yumunca vaxt keçdi. Böyüdük . Bayram -bayram , sığal-sığal böyüdük. Bizimlə birgə arzularımız da böyüdü. Bir də gördük ki, nə nənə var, nə sığal , nə öpüş , nə o evlər. Köhnə evləri söküb yerində daha böyük , daha təmtəraqlı evlər tikildi. İşığı əvvəlkindən daha az , sevgisi bir dadımlıq , qapısı , pəncərəsi kilidli. Anladıq ki, sən demə dünya biz düşündüyümüz kimi elə də işıqlı deyilmiş. Biz işıqla baxmışıq sadəcə hər şeyə. Evlər böyüdükcə adamlar azaldı . Adamlar seyrəldikcə bayramlar da kiçildi. . Qopduq bir -birimizdən. İçimizdən qopduq . Baxışlardakı gileydə , tənhalıqda itib batdı bütün bəşəri duyğular. Kirləndi ürəklər. Sonra bayramlardan da utandıq , çata bilmədiyimiz arzularımızdan da. Elə saçımızdakı sığaldan da, yanağımızdakı öpüşdən də .
Heç keçdimi qəlbindən sevdalanmaq bir başqa şəhərə, bir başqa dənizə? Xəzərdən başqa bir sevgilinin ləpələrində uyumaq istədinmi? Dalğalanmaq istədinmi bir başqa tərəfin küləklərində?
Qarışdımı fikirlərin İçərişəhərin dolanbac küçələri kimi? Dayanan vaxtı oldumu ağlının yollarındakı tıxaclar kimi? Qaxaclar kimi… quru və boş qaldımı əllərin bu neft səltənətində tindəki qocanın əlləri kimi?
O qədər rəvayət, hekayət danışdılar ki, başından keçən… Bəs sən? başından keçdiklərini xatırlaya bilirsənmi, Bakı?! Yox, yox, bunlar ağır söhbətlərdir… Danışma… sənə sevdalananları mən tanıyıram… sevdalandığın oldusa, ondan danış…
Heç keçdimi qəlbindən sevdalanmaq bir başqa şəhərə, bir başqa dənizə? Məsələn, İrəvana, Dərbəndə, Təbrizə?…
Müəllif: ADİLƏ NƏZƏR Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Unudulmaz azərbaycanlı yazıçı, şair, pedaqoq və tərcüməçi, nasir Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində, yoxsul bir ailədə dünyaya göz açıb. Behrənginin atası İzzət kişi fəhlə olub, ailəsini böyük çətinliklərə dolandırıb. Onun gənc yaşda vəfat etməsi ilə altı uşaqlı ailə başsız qalıb. Səməd Behrənginin anası Sara xanımın xatirələrində deyirdi: ” Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir… “ Səməd Behrəngi ilk təhsilini Təbrizdəki “Dəbristani-Tərbiyət və Daneşsərayi”də alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və digər bölgələrində ibtidai sinif müəllimi kimi çalışıb. Bu illər ərzində həm də Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb. Oranı 1961-ci ildə bitirib. Gənc yaşlarından kiçik həcmli hekayələr, şeirlər yazan Behrəngi Azərbaycan ədəbiyyatında daha çox “Balaca qara balıq” hekayəsi ilə tanınıb və məşhurlaşıb. Bu hekayə yazıçıya böyük uğur gətirdiyi kimi, həm də dövrün siyasi rejimi ilə qarşıdurmaya səbəb olub. Behrəngi uşaqlar üçün yazdığı əsərlərində daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən dəfələrlə hədə-qorxulara, təzyiqlərə məruz qalmışdı. Buna baxmayaraq o, qələmi ilə xalqa güzgü olmuş, aqibətinin necə olacağını hiss etdiyi halda qorxmadan mübarizə aparmış və şah rejiminin təqiblərinə baxmayaraq, geri addım atmamışdı. Səməd Behrəngi 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Bununla yanaşı, o, dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş, burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir.
Qarşıda iki sahil – iki yad bayraq durur, Vətən Xudafərindən dağılmış bir tağ durur, Bu qanlı hekayətin tarixi uzun, Səməd, Şahid – Arazdan çıxan qara kağızın, Səməd.
Keçdi alın yazımız o yazının üstündən, Xainlər körpü tikdi Arazının üstündən. Budur tarixə keçmiş bir imzanın hədəsi, Öndə düşmən əsgəri, keşikçi məntəqəsi.
Yaşanan ümidlərin keçmişi xarabalıq, Yem oldu nəhənglərə “balaca qara balıq”. Üzündə qan rəngi var zaman ötmüş suların, Hələ də bir savaşda azadlıq arzuların.
Hələ də sevdalılar bu yolda candan keçir, Araz Xəzərə doğru Suqovuşandan keçir. Hələ də fironlara hər dövrün Musası var, Bu işlər belə getməz, bunun bir qisası var.
Səməd Behrəngi 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar, lakin bunu sübut edəcək bir dəlil indiyə qədər tapılmayıb. Ancaq Səməd Behrənginin yaradıcılığına və mübariz ruhuna olan təzyiqləri, qatı münasibətləri, onunla eyni taleyi yaşayan digər azərbaycanlı yazıçı və şairlərin aqibətini göz önünə gətirsək, yazıçının ölümünün heç də sıradan bir hadisə olmadığı bizlərə aydın olur…30 yaşın astanasında dünyaya gözlərini yuman Behrəngi Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.
Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyəm. Həmkarlarımı- yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edirəm. Dövlət İmtahan Mərkəzi “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib. Ötən il Bakı Kitab Mərkəzində bu metodik vəsaitin təqdimatında iştirak etmişdim. Çıxış edən mütəxəssislər xüsusən xaricilərin Azərbaycan dili biliyi səviyyəsinin müəyyənləşdirilməsi, dilimizin inkişafına, işgüzar dilə çevrilməsinə kömək göstərəcək bu vəsaitin çapını yüksək qiymətləndirmişdilər. İngilis, alman və başqa dillərdə biliyin səviyyəsini müəyyənləşdirən imtahanlar barədə hamımız bilirik. Bəs bizim doğma Azərbaycan dili bilgilərini sertifikasiya edən imtahan prosesi niyə də keçirilməsin? Dünən keçirilən təqdimatda Məleykə Abbaszadə imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb. Məleykə xanım ilkin 2000 datanın yaradılması üçün mütəxəssisləri, həmçinin yazıçıları sınaq prosesinə qoşulmağa dəvət edib. Qeyd olunub ki, iştirakçılar ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. İmtahan nəticələri emal olunduqdan sonra iştirakçıların elektron poçt ünvanına göndəriləcək. Göründüyü kimi, anonimıik də saxlanacaq. Qorxulu nəsə yoxdu. Təəssüf edirəm ki, bu cür vacib məsələnin müzakirəsi lüzumsuz istiqamətə yönəldi. Mən Azərbaycan dili bilgilərini yoxlamaq istəyən hər kəsi Məleykə xanımın çağırışına qoşulmağa, bu vacib sertifikasiya imtahanı üçün lazım olan ilkin 2000 datanın yaradılmasına töhfə verməyə çağırıram.
Tanınmış alim, pedaqoq, şair Rafiq Yusifoğlunun çoxcildliliyinin XX cildi çap olunub – Təbrik edirik!
Rafiq Yusifoğlu sevincini oxucuları ilə bölüşüb:
“İlin axır çərşənbəsində “Seçilmiş əsərləri”min XX cildinin də hazır olması mənə bayram sovqatı oldu… Sevincimi dostlarımla bölüşür, onların da bayramını təbrik edirəm.”
Atalı-analı illərimdə, özümü bildim biləli Novruz Bayramını əsil Axır Çərşənbədə ehtişamlı qeyd edərdik. Onlar bu bayramı belə bilirdilər, çünki doğulduqları torpaqlarda əsl şadyanalıq, baca-bacalar, xurcun atmalar məhz dördüncü çərşənbədə olurdu. Oxumaq üçün gəldikləri Bakıda da o ənənəyə sadiq qalmış, evləndikdən sonra da bayramı uşaqlıqda gördükləri kimi keçirərdilər.
İndi, aradan çox illər keçdikdən sonra Axır Çərşənbə üçün istifadə etdiyim “ehtişam” kəliməsinin altında yatan zəngin masalar, paxlava, kömbə, fəsəlilər deyil, bütün ailənin sadə bir bayram süfrəsi arxasına şad-xürrəm oturmasıdır. Bütün ailə fərdlərinin bir arada olma mutluluğu…
İllər sonra Azərbaycandan xaricə köçəndən sonra mənim ailəm də bu ənənəni əvvəlcə Ankarada, daha sonra isə İstanbulda davam etdirdi – Axır Çərşənbə uşaqlarla evdə bayramlaşır, çox da təfərrüatlı olmayan bayram plovu yeyirdik. Ancaq Vətəndən kənarda bayramın abu-havası fərqlidir, bir məqaləmdə yazdığım kimi “Qürbətdə Novruz Bayramı başlamadan bitir”.
Novruz bütün Türk coğrafiyasında ən zəif Türkiyədə qeyd olunur. Uzaq uyğurların, qıpçaqların və digər bütün Türk xalqları və boylarının bayram etdikləri Novruz nə üçün Türkiyədə belə sönük idrak edilir? Səbəbini Osmanlıda axtarmaq lazımdır. İmperatorluqda elliklə ancaq və ancaq dini bayramlar – Qurban və Ramazan bayramları zikr edilirdi. Xıdır Əlləzlər, Çərşənbələr isə lokal olaraq bölgə-bölgə qeyd edilirmiş…
Biz tərəfdə Axır Çərşənbə Bayram axşamından daha əfsəldir. Doğrudur, Bayram axşamı da qeyd edilir, amma Novruzun o “Dəli Kür”- dəki məşəlli, toplu-tüfəngli toy-büsatı məhz Axır Çərşənbədədir. Yəqin ki, oxuyub razılaşmayanlar da olacaq. Olsun, razılaşmasınlar, ancaq enerjilərini məni appelyasiya etməyə deyil, bu gözəl bayramı inkar edib, onu gətirib İslamla qarşı-qarşıya qoyanlara sərf etsinlər…
Novruz bayramı ərəfəsində çərşənbələrin sonuncusu axır çərşənbədir. Bu çərşənbə xalq arasında “ilaxır çərşənbə”, çərşənbə suri”, “yer çərşənbəsi” adları ilə də işlənir.Sonuncu çərşənbə torpağın oyanması ilə əlaqələndirilir. Qədim bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdiyi bir gündə Sel, Yel və Atəş Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Xatunu oyadıb adamların qıtlıq çəkdiyini söyləyirlər.Torpaq Xatun: “Adamları fəlakətə salan fəlakətə düşər” – deyə, yerindən ayağa qalxır. Yel, Sel, Atəş və Torpaq əl-ələ verib: Atəş gəldi,zəmzəm gəldi, yel gəldi, Təzə ömür, təzə məhsul, il gəldi,- deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər üç qardaş, bir bacının işıqlı dünyaya çıxdiği həmin gün ilin əziz günü olan axır çərşənbə idi.
İlaxır çərşənbə şənlikləri və mərasimləri özünəməxsusluqla daha çox seçilir.Torpaq çərşənbəsində torpaq əzizlənər, adamlar torpağı təmizləyər, bostan və dirriklərdə müxtəlif ayinlər keçirilərdi. Torpaq çərşənbəniz mübarək!