1984-cü ildə Əlif Hacıyev ermənilər tərəfindən oğurlanan azərbaycanlı uşağı xilas edir. O, ermənilərin “Artsax”ın yaradılması üçün İrəvana apardığı 850 min rublu da ələ keçirməyə çalışır, atışma baş verir və pul qaçırılır.
Ermənilər hərbi prokuror Şükür Rzayevi girov götürür. Buna cavab olaraq, Əlif Hacıyev Xankəndinin erməni prokurorunu əsir alır və sonradan onlar dəyişdirilir.
Ermənilər Əlif Hacıyevin cibinə saxta pul qoyaraq onu 10 il həbs etdirirlər. Şikayətlər nəticəsində cəza 6 ilə endirilir və sonda ona bəraət verilir.
Sözün, sənətin və vəfanın dəyərini bilən, insanlığı ilə seçilən dəyərli qardaşım, şair Səyyad Əhmədli! Növbəti kitabının işıq üzü görməsi münasibətilə suzi ürəkdən təbrik edirəm. Hər bir yeni kitab, yaradıcı insan üçün həm bir hesabat, həm də oxucularla yeni bir görüş deməkdir. Siz isə bu görüşlərdə həmişə Göyçə həsrəti ilə yoğrulmuş, könül çırpıntılarını sözə çevirmiş, duyğularını oxucuların qəlbinə köçürmüş bir qələm adamı kimi çıxış edirsiz. Sizin sözünüzdə vəfa var, qardaşlıq var, yurd həsrəti var, türkün ədalət harayı var. Bu dəyərləri qələmində yaşatmaq isə hər şairin işi deyil. Yeni kitabın da şübhəsiz ki, oxucuların qəlbində dərin iz qoyacaq, ədəbiyyatımızın xəzinəsinə qiymətli bir töhfə olacaq. Sizə bundan sonra da yeni-yeni yaradıcılıq uğurları, söz meydanında əzəmətli addımlar, könül dostlarının ehtiramını və ilhamının daim axarlı olmasını arzulayıram! Sözün var olsun, qardaşım!
Milli Kitabxanada “Xocalı XX əsrin Soyqırımı” adlı ənənəvi kitab sərgisinin açılış mərasimi keçirilib
26 fevral tarixində Milli Kitabxanada Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar “Xocalı XX əsrin Soyqırımı” adlı ənənəvi kitab sərgisinin açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron məlumat bazası təqdim olunub.
Elektron Məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Xocali-soyqirimi/index.html linkindən istifadə edə bilərlər.
“Xocalı XX əsrin Soyqırımı” adlı ənənəvi kitab sərgisində Xocalı soyqırımı, erməni qəsbkarlarının Xocalı yaşayış məntəqəsində törətdikləri kütləvi qırğınlardan, Xocalıda şəhid olmuş və eləcə də ermənilər tərəfindən əsir götürülmüş sakinlərin taleyindən, erməni vandalizmindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/xocali-xx-esrin-soyqirimi
ÜRƏYİNİN HÖKMÜ İLƏ ŞEİR YAZAN XANIM: (“Mən göylərin qadınıyam” deyən Hicran Əhmədlinin yaradıcılıq dünyası)
Tanıtım: Hicran Nadir qızı Əhmədli (Həsənova) 1982-ci il mart ayının 28-də Cəlilabad rayonunda anadan olub, Günəşli kəndində tam orta təhsil aldıqdan sonra tibb ixtisasına yiyələnib. 2003-cü ildə ailə həyatı qurub və Bakı şəhərinə köçüb. İki övlad anasıdır. Hicran Əhmədli bədii ədəbiyyata yeniyetmə yaşlarından maraq göstərir. Hələ orta məktəbdə oxuyarkən ilk şeir və hekayələrini yazsa da, onları ədəbi mühitə bir qədər gec çıxarıb. Şeir və hekayələrinin mövzusu çoxçalarlıdır. Şeirləri ədəbi nəşrlərdə, “Xəzan”, “Azad qələm” toplularında, müxtəlif mətbu orqanlarda işıq üzü görüb. Şözlərinə musiqi bəstələnib, mahnıları Azərbaycanda və Türkiyədə ifa olunur. Hicran xanım təşkilatçılıq bacarığı ilə də seçilir. Onun sorağı müxtəlif ədəbi tədbirlərdən gəlir, “Qoşma” və “Sarı Aşıq” ədəbi məclislərinin üzvüdür. Ədəbi mükafatları da var. Hicran Əhmədli həm də sosial şəbəkədə fəaliyyət göstərən “Həməşəra ədəbi məclisi”nin təşkilatçılarından biridir. Bu ədəbi məclisə Cənub bölgəsində yaşayan şair və yazıçılar cəlb olunub.
Hicran Əhmədlinin poetik yaşantıları günümüzün sosial problemlərini, ətrafındakı insanları düşündürən mövzuları əhatə edir. Onun şeirlərini oxuduqca ürəyi həyat eşqi, yaşamaq və yaşatmaq ehtirası ilə döyünən gənc qadının istək və arzularının şahidi oluruq. Şeirlər oxucuya sirayət edə bilir, onun duyğularını tərpədir, hisslərini oynadır. “Ümmanlara qucaq açan eşqi dəniz, dərya sevgi qadını”, “ananın seçdiyi sinəsi bol söz ilə dolu həyat qadını” şeirlərində sarı simin telinə toxunur:
Mən göylərin qadınıyam, Ulduzların sırasında. Yaradanın möcüzəsi, Yerlə göyün arasında!
Mən təbiət qadınıyam, Sinəm dağlar, gen meşələr. Çəmənliklər alıb məni, Vurğun olub bənövşələr!
Mən bir şeir qadınıyam, Bol sözlərdən yoğrulmuşam. Hər bir sözü, dərin məna, Həqiqətdən doğulmuşam!
“Öz işində baş tacı olan” Hicran Əhmədlinin ürəyiylə söhbəti də oxucunu duyğulandırır:
Mən özümlə qalanda, xəyal məni alanda, Ürəyimin səsinə, qulaq asdım bolluca. Nə qədər incitmişəm, düşünmədim onu heç, Mən onu anlamışam, o, kövrəlib dolunca.
Daha mənlə barışmır, yaman hirsli olubdur, Döyüntüsü bir yana, küsür dərdli qalınca. Kədərimdən yorulub, dolub-daşır bilirəm, Həyacan keçirir o, mən fikirə dalınca!
Yarı yaşı ötmüsən, hələ düzəlməyibsən, Deyir, uşağlıqdan sən, düşündün artıq, ağır. Özünlə tam bir yerdə, məni də yükləyibsən, Məndən başqa kimin var, get hayına, get çağır!
Bəlkə də şair olmaq çoxlarının çəkə bilmədiyi yükü çəkmək deməkdir. Sözlə çəkilən yük ağır gəlir, amma şair xanım elədikləri ilə kifayətlənmir, soruşur: “Daha nə etməliyəm?” Cavab isə sadədir:
Ürəyimdən keçəni, ipə, sapa düzürəm, Hər məsləhət verənə, baxıb dodaq büzürəm, Hərdən əsəbi halda, gözlərimi süzürəm, Daha nə etməliyəm?
Sakitcə bir kənarda, öz işimlə məşğulam, Yaradandan başqa mən, heç kimsəyə nə qulam, Başqasına yük olmam, nə də belində çulam, Dözüb, ya getməliyəm!
Öz yerimi bilirəm, bilməyəndən deyiləm, Eşitməyi bir yana, görməyəndən deyiləm, Qəlbində alaq bitib, sevməyəndən deyiləm, Nankora yetməliyəm?
Həyat kredosu mübahisələrdən keçib gələn, özünü tapana qədər özgələri öyrənən söz adamı sabahı düşündüyü qədər ötüb keçən illəri də saf-çürük edir. Ən böyük dərs öz həyatından aldığın dərsdir. Nəyi düz etmisən, hansı əməl səhv sayılır? Bunu analiz etməsən. sabah eyni problemlərin, oxşar dərdlərin qurbanına çevrilməli olacaqsan. Bəlkə də buna görə xanım şair öz həyatını, əldən çıxan fürsətlərini sabahkı düşüncələri üçün ibrət sayır və “Qayıtmaz bu ömür geri” deyir:
Bilirəm, qayıtmaz bu ömür geri, Gəncliyim ötərək, keçib tez gedir. Sanki incik olub mənim əlimdən, Olanı, qalanı biçib tez gedir.
Dayınıb önümdə kəsib yolumu, Keçib gedən ömrün qarlı soyuğu. Üşüdüb illərin, bitməz dərdlərim, Açıbdır qəlbimdə dərin oyuğu.
Uşaqlıq çağından gülə bilmədim, Oyandım yuxudan kədərli səslə. Küləklər gətirdi ayazı, qışı, Soldu açan güllər soyuq nəfəslə.
Qələm hər sözü sözlərdən seçən şairin əlinə dərdləri verib. Şeir yazmaq bacarığı yaxşı şair olmaq üçün kifayət etmir. Qafiyəsi, rədifi yerində olan şeir oxucunu duyğulandırmırsa, şair sözü hədəfinə vurmur. Hicran Əhmədli mədhnaməsində şeirin formal əlamətlərinin dalınca qaçmaması ilə öyünür. Amma şeirin texniki tələblərini gözləmək vacibdir. Klassik ənənəyə söykənirsənsə, əruzun, hecanın ölçülərinə, ahəngdarlığına “boyun” əyməlisən. Ritmik şeirin tələbləri hətta assonans, alliterasiya həmahəngliyinə güvənməlidir. Semantik şeir isə fikrə üstünlük verir, tematikanın aparıcılığı ahəngdarlığı üstələsə də, mətnin şeir olduğu hiss olunmalıdır. Quru, cansız misralar nə qədər müdrik fikirləri əhatə etsə də, oxucunun ruhunu oynada bilmir. Şeirdə sevgi varsa, sözə ehtiram, poetik fikrə qayğı hiss olunursa, həmin şeir oxucunun ürəyinə yol tapa bilir. “Sevgisi qəlbinə köçən şair” həmin sevgini misralara ötürür:
Dünyaya gəlmişəm mən sevgi ilə, Sevgisi qəlbinə köçən şairəm. Qələmi əlində, sözü dilində, Hər sözü sözlərdən seçən şairəm!
Yazdığım yazılar havalı deyil, Mətləbi bəllidi, davalı deyil. Səbətdən tökülən albalı deyil, Hər sözü sözlərdən seçən şairəm!
Dərin məna vardır hər bir sözümdə, İnsanlıq ucadır mənim gözümdə. Sözlərim düzülər muncuq düzümdə, Hər sözü sözlərdən seçən şairəm!
Yazdığım şeirlər sifariş deyil, Misralarım belə göstəriş deyil! Kimsəyə itaət, pərəstiş deyil, Hər sözü sözlərdən seçən şairəm!
Ağrıdan-acıdan qaça bilməyən xanım şairin tanrıya müraciəti və şikayəti də anlaşılandır. Duaları sualsız-sorğusuz deyil:
Bəd insandan qoru məni, Dualarım var, İlahi! İnsanlıqdan xəbərsizə, Suallarım var, İlahi!
Oxşar fikirlər, narahatedici ifadələr Tanrıya olan şikayətlərdə də yer alır. Dərd güc gələndə Hicran Əhmədli Tanrıya üz tutur: “Kimə deyim, ay Allah?!” Maraqlıdır, bu dərdin səbəbləri də xanım şairin özünə agahdır:
Qış gəlib yazımı vaxtsız haqlayıb, Ürəyimdə dərdim qübar bağlayıb. Görən məni kimlər belə qarğayıb, Bu dərdimi kimə deyim, ay Allah!
Hicran Əhmədli təkcə Tanrı ilə dərdləşmir, dərdinə şərik ola bilən rəssama da üz tutur: “Burulğan tək sarıb dərdlərim məni, Dəniz alsa məni üzgün suda çək!” Rəssam üçün dərdin şəklini çəkmək o qədər də asan deyil:
Rəssam, bəlkə məni tabloya aldın, Tabloda sən məni bax, əzəl yarat. Rəsmimi sən çəksən, qəlbimi də çək, Qəlbimi sən zəngin, bax, gözəl yarat!
Hicran Əhmədlinin şeirlərində kədərdən üstün yaşantılar da var. Bu, şeirə gətirilən qələbə əzmi, zəfər ruhudur:
Ucaldı bayrağım uca dağında, Ayrılmaz diyarım Qarabağında! Gəzir oğulların öz torpağında, Vətən, zəfər günün mübarək olsun!
Hicran Əhmədlinin şeirlərini oxuyarkən gəldiyim qənaəti də oxucularla bölüşmək isütəyirəm. Güclüdür, ya zəifdir? – Bu qərarı vermək çıxış yolu deyil. Ədəbi axtarışda olan xanım şairin fikirlərini poetik şəkildə ifadə etməsi və yaradıcılıq marağı təqdirəlayiqdir. Yaradıcılıq həvəsi, ədəbi tədbirlərdəki fəallığı, əli qələm tutanları öz ətrafında birləşdirmək bacarığı Hicran Əhmədlinin sıravi bir şeir həvəskarı olmadığını təsdiq edir. Onun şeir və hekayələri haqqında tənqidi fikir söyləmək, nöqsanlarını göstərməklə uğurlarını da dilə gətirmək vacibdir. Uğurları isə qələmə alınası və təhlil olunası qədər çoxdur.
Filoloq və folklorşünas alim, şair, yazıçı və tənqidçi, ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, NDU-nin filologiya elmləri doktorluğu üzrə doktorantı, AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı və Prezident təqaüdçüsü, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Azərbaycan ədəbiyyatı üzrə eksperti
Tarix elə hadisələr yaradır ki, zaman onları köhnəldə bilmir. Xocalı faciəsi də məhz belə hadisələrdəndir — illər keçsə də, ağrısı xalqın yaddaşında təzə, qəlbində diri qalır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının taleyinə qanla yazılmış bir səhifə açıldı. Bu səhifə yalnız bir şəhərin yox, bütöv bir millətin harayı idi.
Xocalı kiçik bir şəhər olsa da, o gecə böyük bir faciənin mərkəzinə çevrildi. Silahsız, dinc əhali — qadınlar, uşaqlar, qocalar — amansızcasına qətlə yetirildi. İnsanlar yalnız evlərini deyil, arzularını, ümidlərini, sabaha olan inamlarını da itirdilər. Qarlı dağlarda güllə səsinə qarışan ana fəryadları, körpə çığırtıları insanlıq adına ağır bir ittiham idi.
Xocalı faciəsi sadəcə hərbi cinayət deyil, bəşəriyyətə qarşı törədilmiş bir soyqırımıdır. Burada insanlıq, mərhəmət, vicdan anlayışları tapdalanmışdı. Ən ağırı isə odur ki, bu vəhşilik dünyanın gözü önündə baş verdi, lakin uzun müddət lazımi siyasi-hüquqi qiymətini almadı.
Bu faciə Azərbaycan xalqını sındırmadı, əksinə, daha da birləşdirdi. Xocalı şəhidlərinin qanı milli yaddaşımızda müqəddəs bir and kimi yaşayır. Onların xatirəsi bizi ədalətə, haqq səsimizi dünyaya çatdırmağa çağırır. Hər il fevralın 26-da yalnız yas tutmuruq, həm də tarixi unutmadığımızı, unutdurmayacağımızı bəyan edirik.
Xocalı — yalnız keçmişin faciəsi deyil, gələcək nəsillər üçün dərsdir. Bu dərs bizə sülhün qiymətini, müstəqilliyin dəyərini və vətənin müqəddəsliyini xatırladır. Xocalını unutmaq mümkün deyil, çünki Xocalı — millətin vicdan yaddaşıdır.
Sağ ayağını irəli atdı, sol ayağını da atanda sanki ayağına bir neçə yerdən mil sancıldı. * * * Döyüşlərin birində Mərdanın sol ayağının əsgər çəkməsinə bir neçə yerdən mərmi qəlpəsi dəyərək çəkməsini deşmiş, ayağını yüngül yaralamışdı. Yaraları tibbi sanitar qovşağında müalicə etmişdilər. Amma hələ də qəlpələrin yeri onu incidirdi. Taborları hər gün yeni-yeni qələbələrlə hücuma keçdiyindən, yeni çəkmə almaq fürsəti əldə edə bilməmişdi. Çəkmənin deşiklərindən hərdənbir dolan daş-kəsək də bir başqa cür əziyyət verirdi. Bunu onun əsgər yoldaşları da görür, amma təsəlli verəcək bir söz də tapmırdılar. Müharibədə hər gün ermənilər üzərində qazandıqları qələbələr Mərdanın sol ayağında olan əziyyəti azaldırdı. * * * Növbəti qələbədən sonra tabor səngərdə dincəlirdi. Gecə qəfildən düşmən ağır artilleriyadan atəş açmağa başladı. Qızğın döyüş başladı. Erməni hiyləgərliyinə bələd olan döyüşçülərimiz şübhəsiz ki, belə vəziyyətlərə hazır idi. * * * Şəmsi sol ayağında dizdən aşağı ağrı hiss etdi. Bir qədər aralıda düşən mərmi partlayışından ayağının yaralandığını başa düşdü. Ayağını tərpətmək istədi, amma tərpədə bilmədi. Əlini qaranlıqda ayağına aparanda dəhşətə gəldi. Sol ayağı topuqdan bir az yuxarı yox idi. Ağrı isə get-gedə artırdı. Qışqırıb yoldaşlarına sanitar çağırmağı xahiş etdi. Mərmi qəlpəsinin qopardığı ayağı bir qədər aralıda tapıldı. Şəmsini xərəyə qoyanda ağrıdan qıvrılsa da ani olaraq qopmuş ayağından çəkməni çıxarıb Mərdana tərəf tulladı. Ayağını isə sanitardan aldığı əksiyə bükdü. -Mərdan, ayağımızın razmeri eyni olar, götür, gey, – dedi -Nə danışırsan, Şəmsi, elə şeymi olar? -Yekəxanalıq etmə, götür, dedim, – ağrıdan qıvrılsa da zarafatından qalmadı. *** Səhər açıldı. Döyüş səngimiş, düşmən susdurulmuşdu. Amma Mərdan hələ də çəkməyə gözünün ucu ilə də baxmırdı. Düşmən əsgərlərimizin əks-hücumuna tab gətirməyib səngərlərini qoyub qaçmışdı. Ordumuzun gücü və müasir texnikamız öz işini görmüşdü. Komandirləri gedib düşmən səngərinə yerləşmələri baradə əmr verdi. Mərdan ayağa qalxdı, səngərdən çıxmaq istəyəndə sol ayağındakı kəskin ağrı onu dayandırdı. Geriyə baxdı, Şəmsinin çəkmələrini gördü. Qayıtdı, utana-utana, xəcalət çəkə-çəkə ayağını incidən cırıq deşik çəkmələri çıxardıb Şəmsinin çəkməsini ayağına geyindi. Mənəvi əzabı can rahatlığı əvəz etdi. Amma ürəyindən bir ayaq asılıb qaldı – Şəmsinin sol ayağı *** Hadisədən 16 gün sonra 44günlük müharibə Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatdı. Sağ-salamat evlərinə qayıdanların sırasında Mərdan da vardı. * * * Mərdan Şəmsinin dəqiq adresini bilməsə də hansı rayondan olduğunu bilirdi. Doğma evlərində bir ay qalıb istirahət etdikdən sonra Şəmsinin olduğu rayonun hərbi komissarlığına gedib döyüşçü yoldaşının dəqiq adresini öyrəndi. Sol ayaq çəkməsini sellofan torbaya qoyub onlara yollandı. Darvazaları bağlı idi. Qonşulardan soruşdu. Harasa qohumlarının yasına getdiklərini söylədilər. Şəmsinin isə ayağı tam sağalmadığından evdə qoyub darvazanı bağlayıb getmişdilər. * * * Bir qədər tərəddüd içində dayandı. Mərdan sellofan torbaya qoyduğu sol ayaq çəkməsini ordan çıxardıb darvazanın ağzına qoydu və sürətli addımlarla oradan uzaqlaşdı.