ŞƏHİDİM (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
“VOLTERIN “SAFDIL” ƏSƏRI: Sadəlövhlüyün güzgüsündə cəmiyyətin ziddiyyətləri”
Volterin 1767-ci ildə nəşr olunan “Safdil” əsəri, dövrün ictimai quruluşunu və insan təbiətini kəskin şəkildə şübhə altına alan, cəlbedici satirik romandır. “Kandid” kimi daha məşhur əsərləri ilə müqayisədə roman daha az mürəkkəb bir quruluşa malikdir, lakin dərinlik baxımından əlbəttə ki, geri qalmır. Volter bu əsərində xüsusilə din, sosial ənənələr və fərd və cəmiyyət arasındakı əlaqəyə diqqət yetirir. Safdil Fransaya gələn və Qərb cəmiyyətinin adət-ənənələri, dini və siyasəti ilə tanış olan baş qəhrəman Huron hindlisidir. O, qəfildən özünü 17-ci əsr Fransasında tapır. Safdilin Qərb cəmiyyəti ilə qarşılaşması onun sadə və saf əxlaq anlayışı ilə bu cəmiyyətin mürəkkəb, süni və çox vaxt ikiüzlü quruluşu arasındakı toqquşmanı ortaya qoyur. Sadəlövh insan Fransanın dini və ictimai quruluşunu sorğulamağa başlayır və yaşadığı mədəni sarsıntıya görə öz dəyərlərini yenidən qiymətləndirmək məcburiyyətində qalır. Qəhrəmanın “sadəlövhlüyü” və təbii instinktləri dövrün Fransa cəmiyyətinin süni və korrupsioner qaydaları ilə toqquşur. Bu təzad Volterə cəmiyyətin ziddiyyətlərini və ikiüzlülüyünü ifşa etməyə imkan verir. Sadəlövh, təbii və azad insanın sosial qaydalara uyğunlaşma prosesində qarşılaşdığı problemləri əks etdirməklə cəmiyyətin təbiiliyi nə dərəcədə sıxışdırdığını göstərir. Volterin “Safdil” əsərini Azərbaycan mühitinə və cəmiyyətinə uyğun olaraq təhlil etmək maraqlı perspektivlər ortaya qoyur. Safdil, Avropanın, xüsusilə Fransa cəmiyyətinin din, adət-ənənə və sosial quruluşdakı təzadlarını tənqid etdiyi kimi, oxşar problemlər Azərbaycan mühitində də müəyyən dövrlərdə mövcud olub və bəzən hələ də aktualdır. Volter əsərində insanın təbii azadlığı ilə süni quruluşlar arasındakı ziddiyyəti tənqid edir. Azərbaycan mühitində də xüsusilə XIX-XX əsrlərdə Qərb mədəniyyəti ilə Şərq ənənələrinin toqquşması diqqət çəkir. Mirzə Fətəli Axundzadənin və ya Cəlil Məmmədquluzadənin əsərlərində də belə mövzulara rast gəlinir. İnsanların ənənələr və süni məhdudiyyətlər arasında sıxışıb qalması Safdildəki qəhrəmanın yaşadığı mədəni şokla müqayisə oluna bilər. Voltaire dini təşkilatların riyakarlığını və insanların üzərindəki hakimiyyətini tənqid edir. Azərbaycan mühitində də dinin bəzi dövrlərdə mədəniyyət və siyasət üzərində böyük təsir gücünə malik olduğunu görmək mümkündür. Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalında da Volterin yanaşmasına bənzər tənqidi ruh müşahidə edilir. Baş qəhrəman Qərb sivilizasiyasının süni qaydalarını başa düşməyə çalışır və bu prosesdə təbii dəyərləri ilə toqquşur. Bu, Azərbaycanın Rusiya İmperiyası tərkibində olduğu dövrdə və ya sovet dövründə ənənəvi mədəniyyətin modernləşmə ilə qarşılaşmasına bənzədilə bilər. Voltaire’in qəhrəmanı kimi, Azərbaycan cəmiyyətində də modernləşmə prosesləri zamanı insanlar bir çox ziddiyyətlər və mədəni dilemma ilə qarşılaşıb. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri “Safdil” ilə müəyyən qədər müqayisə edilə bilər. Bu əsərdə də təbii və yad düşüncələr arasındakı konflikt göstərilir. Müsyö Jordan qərb elmini, Dərviş Məstəli şah isə ənənəvi, bir qədər də geri qalmış baxışları təmsil edir. Axundzadə də Voltaire kimi ironiya və tənqidi yanaşmadan istifadə edir. Cəlil Məmmədquluzadənin “Poçt qutusu” və ya “Ölülər” əsərlərində cəmiyyətin geridə qalmışlığı və dəyişən dünyanın gətirdiyi çağırışlar “Safdil”dəki mövzularla çox bağlıdır.
Əsəri oxuyarkən, onun sadə süjetindən daha çox, altındakı güclü fəlsəfi və siyasi mesajlar diqqət çəkir. Bu bizi həm düşünməyə, həm də cəmiyyətin problemlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Sadə və məsum bir insanın – Safdilin – sivilizasiya ilə toqquşması əslində insanlığın öz dəyərlərini necə unudub süni bir dünya yaratdığını göstərir. Bu məni bir insan kimi düşündürür: biz doğularkən saf və azadıq, amma böyüdükcə cəmiyyət bizə qaydalar, dogmalar, məhdudiyyətlər yükləyir. Safdil, bu yükləri anlamır, çünki o, təbiətinə daha yaxındır. Bu, mənə Volterin “təbiətə qayıdış” çağırışını xatırladır: İnsan niyə bu qədər saxta olmağa çalışır? Niyə təbii və səmimi olmaq çox vaxt qəribə qarşılanır?
Volterin fəlsəfəsi aydındır: insan ağlı ilə təbiət arasındakı harmoniyanı itirib. Dini sistemlər və sosial strukturlar bizi düşündürmək yerinə itaət etməyə məcbur edir.
Bu məqam mənim üçün çox təsirli idi, çünki hələ də müasir dünyada insanları sorğulamadan qəbul etməyə sövq edən sistemlər var. Volter, kilsəni sərt şəkildə tənqid edir, amma bunu açıq hücumla deyil, Safdilin sadə sualları ilə edir. Düşünürəm ki, bu yanaşma inanılmaz dərəcədə təsirlidir. Safdilin sualları, əslində, bizim də bəzən özümüzdən soruşmaq istədiyimiz suallardır:
“Niyə insanlar dini gücün təsiri altında ədalətsizlik edir? Niyə tanrı adına bu qədər əzab verilir?”
Belə suallar məni düşündürdü. Din mənəvi dəyər sistemi olmalı olduğu halda, bəzən güc və manipulyasiya alətinə çevrilir. Bu, yalnız Volterin dövründə deyil, bir çox dövrlərdə də belə olmuşdur. Bu tənqid həm həqiqəti vurğulayır, həm də insanı öz mənəvi inanclarını sorğulamağa çağırır.
Əsərin siyasi mesajı da diqqətəlayiqdir. Volter monarxiyanı və aristokratiyanı açıq şəkildə tənqid edir. Safdilin gözləri ilə biz görürük ki, bu sistemlər ədalətdən çox uzaqdır və yalnız güclülərin maraqlarını qoruyur. Mənim üçün ən təsirli məqam, Safdilin hüquq sistemi ilə qarşılaşdığı səhnələr oldu. Bu, bəlkə də ən çox düşündürən hissə idi, çünki hüquq sisteminin ədalətdən uzaqlaşdığı bir dünyada yaşayırıq. Bu əsərdəki tənqid o qədər aktualdır ki, özümüzü Safdilin yerində təsəvvür etmək mümkündür. Safdil mənə insan olaraq nə qədər azad və düşüncəli ola biləcəyimizi, amma cəmiyyətin bizi necə məhdudlaşdırdığını xatırlatdı. Volterin üslubu həm güldürür, həm də düşündürür. O, sadə bir hekayə ilə bizə mürəkkəb fəlsəfi və siyasi suallar təqdim edir:
Azadlıq nədir?
Cəmiyyət insanın xoşbəxtliyinə kömək edirmi, yoxsa ona mane olur?
Bu suallar məni əsərin sonunda öz həyatımı sorğulamağa vadar etdi. Biz hələ də Volterin tənqid etdiyi problemlərlə mübarizə aparırıq. Onun ironiya və yumor vasitəsilə bizə çatdırdığı mesajlar nəinki tarixən, hətta indi də aktualdır. Əsəri bitirdikdən sonra sanki bir dostla uzun bir söhbət etmiş kimi hiss etdim. Filosof sanki mənə baxıb dedi: “Sorğula, həmişə sorğula. Yalnız belə azad ola bilərsən.” Məncə, Safdil təkcə oxunmalı deyil, həm də hiss edilməli və həyatımıza tətbiq edilməlidir.
NƏBİ XƏZRİ ÖMRÜ Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100 illiyi respublikamızda geniş qeyd olunur! Çagdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri( Nəbi Ələkbər oğlu Babayev) 1924 cü ilin dekabrında Xıırdalanda anadan olmuşdur.O,Azərbaycan Dövlət Universitetində,sonra isə Sankt- Peterburq Dövlət Universiteti və M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almışdı.Yaradıcılığa erkən yaşından başlayan şair ,elə ilk əsərləri ilə oxucuların diqqətini cəlb etmişdir.Şairin ilk şeiri 1940- cı 16 yaşında qələmə aldığı ” Günəş” şeiridir ki,bu şeir bütün yaradıcılıgı boyu onun poeziyasına işıq saçdı. Sonrakı illərdə ” İllər və sahillər”( 1969),” Ulduz karvanı”(1979),” Nəsillər və əsirlər”(1985),” Ağ şimşəklər”(1986),” Torpaq,sənə and içirəm (1989),” Ömür çinarından yarpaqlar”(1995),” Əsrin qanlı laləsi”(1996) adlı sanballı kitablar ortaya qoyur. Nəbi Xəzri poeziyası milli- mənəvi dəyərlərimiz sırasında özünəməxsus yerin sahibidir.Azərbaycan mentalitetinin dünyada tanınmasında Nəbi Xəzrinin və onun əsərlərinin payı böyükdür. Nəbi Xəzrinin Vətən sevgisinin mükəmməlliyi yazdığı şeirlərində də açıq aydln hiss olunur.Onun şeirlərində təbiətin gözəlliklərinə,təbiətin öz ətri,öz rəngi,öz duyumu var. Rus şairi Yeqor İsayev yazırdı ki:”Nəbi Xəzrinin şeirləri ağacların yarpaqlarından,havadan,buluddan canlı şəkildə gəlir”. Nəbi Xəzri təbiəti necə sevməyin dərslərini öyrədib bizə.Onun poeziyasında İnsan, Təbiət,Sevgi vəhdət halındadır.” Vaxtilə ustad tənqidçi Məmməd Arif isə yazmışdı ki:”Nəbi Xəzrinin öz poetik aləmi— məcazlar,bənzətmələr,bədii ifadələr aləmi vardır.Bu aləmi o,özü yaratmışdır və ona sadiq qalmışdı. Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçib. Bir şair olmaqla yanaşı nasir, dramaturq, publisist və tərcüməçi kimi də şöhrət qazanmışdı.Onun yaradıcı əməyi yüksək qiymətləndirilib.Bir çox orden və medallara,dövlət mükafatlarıına,Əməkdar incəsənət xadimi”,Xalq şairi” fəxri adlarına,Azərbaycan Respublikasının ali dövlət təltiflərinə ” Şöhrət” və” İstiqlal”ordenlərinə layiq görülüb. Yubiley tədbirlərinə ilk olaraq Fəxri Xiyabandan başlanıldı.Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar,AYB sədrinin l müavini ,Xalq yazıçısı Çingiz Abdullayev və digər tanınmış yazıçı,şair və görkəmli ziyalılar,ailə üzvləri onun məzarını ziyarət edərək, məzarı üstünə tər çiçəklər düzdülər.Tədbir AYB – nin Natəvan klubunda davam etdi.Çıxış edənlər- Anar, Çingiz Abdullayev, Rəşad Məcid və digər şairi tanıyıb,onunla görüşənlər xatirələrini danışdılar,.Sonda şairin oglu Arzu Babayev atasının xatirəsini yad edib ,tədbirdə iştirak etdiklərinə görə öz dərin minnətdarlığını onlara bildirdi.O,qeyd etdi ki, Nəbi Xəzrinin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyev sərəncam imzalamışdır.Yanvar ayının 28 – də H.Əliyev adına Respublika Sarayında təntənəli yubiley tədbirinin keçirilməsi planlaşdırılmışdır. . Növbəti görüş Bakı Dövlət Univetsitetində keçirildi. Buradakı tədbir Universitetin filologiya fakultəsinin müəllim və tələbələrinin təşkilatçılıgı ilə hazırlanmışdı.Tədbirin rəhbəri ölməz şairin qızı, fakultənin baş müəllimi Gülümsər Abbasova idi.Maraqlısı o idi ki, burada təhsil alan xarici ölkələrin tələbələri də Nəbi Xəzrinin şeirlərini, mahnılarını incə zövqlə,məharətlə dinləyicilərə çatdıra bildilər. Tədbir elə gözəl hazırlanmışdı kı,çıxış edən yazıçı və şairlər,alimlər,deputatlar da tələbələrin ifasında səslənən şeir,mahnı və dram əsərindən hissələri səbrlə,maraqla dinləyir,alqışlarla qarşılayırdılar. Görkəmli Xalq şairi Nəbi Xəzrinin poeziyası ona görə sevilir və unudulmur ki, onun Xəzərə çılgıncasına vurgunluğu,Günəşin şəfəqlərini rənglərlə vəsf etməsi,torpağın bərəkətini,dağların əzəmətini dərindən dərk etməsi,ümumiyyətlə,təbiətə sonsuz məhəbbətlə vurğunluğunu şeir,poema və dramlarında öz oxucusuna sadə dillə çatdıra bilmişdir.Bunları ümummilli liderimiz Heydər Əliyev də öz çıxışında xüsusilə vurğulamışdır:” Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini,həm də bu günki həyatını və sabahını yüksək ustalıqla,fitri sənətkarlıqla tərənnüm edir.Öz şeir və poemalarında sair cəmiyyətimizin inkişafı üçün ,indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır.Həm də müəllifin mövqeyi həmişə aydın şəkildə bildirilir,onun xalqa bağlılıgı,onlara sədaqətlə xidməti nümayiş etdirilir” Çıxışların sonunda Gülümsər xanım tədbir iştirakçılarına bir daha ailə üzvləri adından təşəkkürünü bildirdi. Bir birindən maraqlı keçən tədbirlərdən biri də Abşeron rayon Mərkəzi Kitabxana Sistemində,Xırdalanda keçirildi . Nəbi Xəzrinin 60-cı illərin əmək qəhrəmanı olan Sevil Qazıyevanın ölümünə həsr etdiyi ” Günəşin bacısı”poeması,üstündən illər keçməsinə baxmayaraq,ədəbiyyatımızın incilərindən sayılır. Bu poemasında şair,Sevil Qazıyevanın rəşadətli əməyini,parlaq obrazını yaratdı.Poema əvvəldən axıra qədər heç bir maneyə rast gəlmədən şəlalə kimi çağlayır.Şairin fikirləri,hissləri ilə,kədər və sevincləri birləşərək bir dağ çayı kimi baş alıb gedir.Şairin lirikasına məxsus humanizm,insana,onun ləyaqətinə inam,poemada da çox qüvvətli səslənir.: Dünən doğulsaydı Həcər olardı, Bu gün Sevil kimi gəldi dünyaya. Tədbiri giriş sözü ilə Abşeron rayon MKS – nin direktoru Rəşidə Rzayeva açdı.O,tədbirə aid qısa məlumat verdikdən sönra sözü Pərvanə Muradovaya verdi.Pərvanə xanım öz ürək sözlərini söylədi. Tədbirə dəvət olunan qonaqlar arasında Zaqataladan gəlmiş,Sevilin bacısl Sona Qazıyeva ,vaxtilə Sevilin davamçısı olan,Ulu Öndərin çörəyi ilə böyüyən,halal zəhmətilə zirvələr fəth edən,müstəqil Azərbaycanın İ çagırış MM-in millət vəkili,H.Əliyevin ” canlı əsəri” “Qırmızı Əmək Bayrağı”,” Xalqlar Dostluğu” ordenli Tərlan Musayeva da vardı. İstər Sona xanımın,istərsə də Tərlan xanımın çıxışlarını hamı kövrək hisslərlə qarşıladı.Onlar Ulu Öndərin gənc mexanızator qızlara olan qayğısından danışaraq dinləyicilərə o illəri xatırlatdı!Sanki Zaqatala dağları dil açıb şair Nəbi Xəzrinin qəhrəman çöllər qızına həsr etdiyi şeiri söyləyirdi: Siz yasa batmayın,ey çöl ,ey çəmən! Çalınır qızımın toyu deyirəm. Ey mənim qoynumda dünyaya gələn, Gəl mənim qoynumda uyu deyirəm! Burada da şairin şeirləri,mahnıları Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında səsləndirildi.Şairin həyat və yaradıcılıgına və Sevil Qazıyevaya həsr edilmiş videoçarxlar da nümayiş olundu .Şairin oğlu Arzu Babayev,qızları Gülümsər Abbasova və Pəri xanım çıxışlarında tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirdilər. Tədbirlər isə davam etməkdədir….,Xırdalan kənd ,məktəbində ,Abşeron rayon Mədəniyyət Mərkəzində…… Ölməz sənətkarımızın ruhu şad,məkanı cənnətdir!
Bu il çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, söz sənətinin böyük ustadı Zəlimxan Yaqubun 75 yubiley ilidir. Onun adı xalqımızın mənəvi dünyasında dərin iz buraxan, sazla sözü vəhdətdə yaşadan, ədəbi-mədəni irsimizin sadiq daşıyıcısı kimi daim qürurla anılacaqdır.
Zəlimxan Yaqub təkcə böyük şair, ustad sənətkar deyildi. O, həm də Aşıq Ələsgər yaradıcılığının vurğunu, ustad aşığın söz xəzinəsinə bələd olan və bu irsi böyük sevgi ilə yaşadan mütəfəkkir idi. Aşıq Ələsgər sənətinə duyduğu heyranlıq Zəlimxan Yaqubun yaradıcılığında xüsusi bir parlaq xətt olaraq diqqəti çəkir.
Zəlimxan Yaqub Aşıq Ələsgəri yalnız ustad kimi deyil, həm də mənəvi rəhbər kimi qiymətləndirirdi. Onun Aşıq Ələsgər haqqında yazdığı misralar söz sənətkarının sənətə, el-obaya, insanlığa olan sevgisinin ən gözəl ifadəsidir:
“El zərgərdi, zəri seçdi, bəyəndi, Eldən gəlsə, şöhrət göyə dəyəndi.”
Zəlimxan Yaqubun poeziyasında Vətən sevgisi, xalqın taleyi, sazın müqəddəsliyi və sözün qüdrəti bir yerdə təcəssüm edir. O, sadəcə şair deyildi; sazın, sözün, Vətənin mühafizəkarı idi. Aşıq Ələsgərin yaratdığı mənəvi irsi yeni nəsillərə çatdırmaqda onun böyük xidmətləri danılmazdır.
Dədə Ələsgər Ocağı İctimai Birliyi olaraq, bu əlamətdar gün münasibətilə böyük ustadı hörmətlə anırıq. Zəlimxan Yaqubun saz və sözlə yoğrulmuş yaradıcılığı Azərbaycan ədəbiyyatının, aşıq sənətinin sönməz ulduzu olaraq daim parlayacaqdır.
Allah rəhmət eləsin! Sözümüzün əbədiyyət qazanan şairi, sənətkarı nur içində yatsın!
Tanınmış yazıçı, şair, Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən biri olan mayor Vaqif İsaqoğlu “Yazarlar” jurnalı tərəfindən təqdim edilən “İsa Muğanna” diplomu ilə təltif olunub.
Diplom bu gün – 20 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mədinə” mərasim evində Ağdam rayonunun Yusifcanlı kəndindən olan şəhid Hüseyn Hüseynovun xatirəsinə həsr olunmuş “Xatirələrdə yaşayan ömür” kitabının təqdimatı zamanı təqdim olunub. Diplomu “Yazarlar” jurnalının baş redaktoru, AYB və AYB-nin üzvü şair-publisist Zaur Ustac təqdim edib. Qısa arayış Hüseynov Hüseyn Əkbər oğlu 1973-cü il Ağdam rayonu , Yusifcanlı kəndində anadan olub. 1994-cü ildə qəhrəmancasına şəhid olmuşdur. İkinci Fəxri xiyabanda dəfn edilmişdir. Tədbirdə 20 yanvar şəhidlərinin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, dualar oxunub, ehsan verilib. Tədbirdən fotolar:
Kürdəmirin Xəlsə kəndində yaşayırdıq. Baxmayaraq ki, ailədə üç qardaş idik – Oqtay, Abdulbağı, mən, gəl ki, bir-birimizlə dost deyildik. Əslində kiçik qardaşlarımn arasından su keçməzdi. Demirəm ki, məni özlərinə yaxın buraxmırdılar, sadəcə mənim özümə görə dostlarım vardı. Kim idi? Kitablar. Odur ki, hərdən oxumaqdan yorulanda darıxırdım. Darıxmaya başlayan kimi də kepkamı başıma qoyub, su tramvayı deyilən gəmiylə Kür aşağı Sabirabadın Türkədi kəndinə – İngilis bibimgilə gedirdim. Bibimin iki oğlu vardı. Böyüyünün adı Ehtibar, kiçiyinin adı Yengibar idi. Onlar da məni görəndə bərk sevinərdilər. Düzdü, bu iki qardaşın da sözü bir-birinin boğazına getməzdi. Mən də həftə səkkiz, mən doqquz, onların yanında olduğumdan, elə onların kiçik qardaşı da sayıla bilərdim. Həmyaş olduğumuzdan həmişə də Yengibarın tərəfini tutardım. Bəzən hər adi söhbətdən mübahisə yaranardı aramızda. Bir gün bəxt-tale haqqında fikirlərimiz haçalanmışdı. Ehtibar deyirdi, insanın gərək bəxti-taleyi olsun, onda işləri də yaxşı gedəcək. Yengibarla mən, acığa düşüb, onun əksini deyirdik – boş söhbətdi bəxt-tale, hər şey insanın özündən asılıdır. Axırda səsimiz göyə ucalanda bibim qapını açıb girərdi içəri: –Nəyiniz artıq düşüb, a köpəyuşağı?! –Ana, – Ehtibar soruşdu, – bəxt-tale var? Bibim ikibaşlı cavab verdi: –Kim deyir ki, yoxdu?! –Budur ey, bunlar, – Ehtibar hirslə əlini bizə tərəf uzatdı, – hər şey adamın özündən asılıdır, boş şeydi bəxt-tale, deyirlər! –Ana, – Yengibar dedi, – böyak oğlundu deyə, onun tərəfini tutma, ha, düzü – düz, əyrini əyri… –Baş üstə, – bibim yanını qoydu sandığın üstünə. –Atam Hacmayıl bəy Kür sahilində ən varlı, ən səxavətli bəylərdən, bəlkə də birincisiydi. Bayaq Ehtibarla Yengibar aralarındakı “düşmənçiliy”i unudub, birləşib düş-dülər bibimin üstünə: –Ay arvad, gənə də başladın nəslinizi tərifləməyə?! Bəsdi da-a-a!Hacmayıl bəy burdan gəldi, Qəhrman bəy ordan getdi. Mən də o dəqiqə Yengibarla qardaşlığı pozmalı oldum: –Bibim yalan demir ki, bəy nəsli olub da nəslimiz?! –Adə, sən mumla! – Bu dəfə də Ehtibarla Yengibar gözlərini bərəltdi mənə, – kulak oğlu, kulak, elə eləmə, yazaq, Sibirə sürgün eləsinlər ha, sizi! –Niyə Sibirə sürgün eləyirlər bizi?! –Ona görə ki, kulaksınız! –Kulaq nədi, ay bibi? – Soruşdum. –Bala, Sovet hökuməti gələndə bəylərə, varlı kəndlilərə “kulak”, yəni qolçomaq adı qoyub, tutub ya dama basırdı, ya da Sibirə sürgün eləyirdi. Bunların da babası kasıb olub, bəy adı eşidəndə, elə bil düşmənlərini görürlər! Şükr Allaha, indi elə şeylər yoxdu! Fikir vermə! –Ana, sözünü de! –Sovet hökuməti gələndə varlı olduğumuz üçün səsimizi alıb, yəni bizi səs vermək hüququndan məhrum eləyib, az qala vətəndaşlıqdan çıxardıb, özümüzü də Ağsu rayonunun Ağalarbəyli kəndinə sürgün eləmişdilər. Hacmayıl bəyin ikimərtəbə evindən gəlib düşmüşdük yer damına. Qardaşlarım Hacalıyla İsa da mənim yanımdaydı. Hacalı kəndin mal-qarasını otarardı, İsa da adamların qoyun-quzusuna gedirdi. Mən də dərzilik eləyirdim. “Zinger” adlı əl maşınım da vardı. Bəyim nənəm atamdan qalan qızıl-gümüş payımızı vermişdi özümüzə. Kirayə qaldığımız evin ortasında quyu qazıb, var-dövlətimizi basdırmışdım torpağa. Yerini şirələyib, üstünə palaz sərib, əl maşınımı da qoymuşdum ortasına, pal-paltar tikməklə məşğul idim. Onda hazır paltar nə gəzirdi ki, adamlar alıb geyinəydi. Hamının dərziyə ehtiyacı vardı. Kəndin qız-qadınları üçün göydəndüşmə olmuşdum. Allah bərəkət versin, müştərilərim də gün-gündən artırdı. Üçümüzün qazancıyla yaxşı da dolanırdıq. Bir gün gördüm qonum-qonşu soğan əkir. Amma kirayədə qaldığımız evin sahibi boş-bekar oturub. –Sən niyə soğan əkmirsən, ay qardaş? – Soruşdum. –Nəyim var ki?! –Necə nəyim var ki?! –Soğan əkmək üçün toxum lazımdı, ay bacı. –Bilirəm. –Toxumum yoxdu axı. –Alsana. –Toxumu almaq üçün pul lazımdı, ay bacı, pulum da yoxdu! – Kişi fağır-fağır üzümə baxdı. –Gəlsənə şərik olaq? –Şərik nədi? –Pul məndən, əkmək səndən, məhsulu da dədə malı kimi bölək! Kişi sevincindən papağını göyə atdı: –Allah köməyin olsun, bacı! –Nə qədər verməliyəm? İndi yadımda deyil, nə istədi, elə ordaca pulu çıxardıb uzatdım ona. Həmin günü də hardansa kotan tapıb gətirdi, atı vardı, qoşdu, həyəti başdan-başa şumladı. Səhəri günü gedib soğan tumunu da alıb, “Ya Allah!” deyə səpib qurtardı. –Göyərər, inşallah! – Dedik! –Allah ağzınızdan eşitsin! – Dedi. Kəndimizdə, Xəlsədə deyirəm, atamın torpaqlarında işçilər soğan əkəndə görmüşdüm, səpindən sonra samanqarışıq peyin verərdilər əkinin üstünə ki, həm toxumu şaxtadan qorusun, həm də tez cücərsin. Ev sahibi dediyim kimi də elədi. Soğan 1 aydan da tez did vurub cücərdi. Özü də necə – it tükü kimi. Yaz başı kişi soğanı seyrəldir, dəstə-dəstə bağlayıb, yığıb aparırdı bazara. Hiss eləyirdim ki, cibinə pul girib, kefi kökəlib. Havalar ki, qızdı, soğan kök bağlayıb, gövdəsini yerə qoymağa başladı, kişi bir dəstə adam gətirib, 3-4 günə quru soğanı çıxardıb yığdı dam-daşa. Alıcısı da başının üstündə. İnsafən, satıb, həm mənə olan borcunu qaytardı, həm də qazancdan payıma düşən məbləği gətirib qoydu qarşıma. O ili yaxşı məhsul götürmüşdük. Payıza qədər kefi kök, damağı çağ dolandıq. Qış keçib, yaz gələndə, bir səhər gördüm sərçə-sığırçının səsi həyəti başına götürüb. Pəncərədən baxdım ki, bu dəfə at əvəzinə öküz qoşulmuş kotan yerin altını üstünə çevirir. Öz-özümə sevindim də – nə yaxşı mənə demədən kişi yeri əkinə hazırlayır?! Axşama yaxın qapımız döyüldü. Eşiyə çıxanda gördüm ev sahibidi: –Salam, bacı! –Sala-a-m. –Gəldim ki, deyim, mənə arxayın olmayasan, bu il yeri təkbaşına əkəcəm. Düzü heç ürəyim burulmadı da. –Allah xeyrini versin, qardaş, dədə malımız yoxdu ki, arxayın olam, yer sənin, toxum sənin, ək, xeyrini görəsən! – Dedim. –Çox sağ ol. Day nə mən soruşdum ki, niyə məni ortaq eləmirsən, nə də özü dedi. İki günün içində toxumu səpib qurtardı. Nə gizlədim, ay tamam olana yaxın pəncərədən baxırdım görüm, soğanın çıxışı necədi. Amma soğandan çox ot-alaq gözümə dəydi. Evin sahibi də itiyi itmiş kimi əkinin həndəvərindən aralı düşmürdü. Aprelin axırına az qalmış, türkmən saqqalı kimi təkəm-seyrək soğan çıxmışdı, seyrəltməyə ehtiyac da yox idi. Havalar qızmağa başlayanda kişini təkbaşına əlində dördqulaq yaba soğan çıxardan gördüm. Day sonrasıyla maraqlanmadım. Bir səhər mağazaya parça almağa getmişdim, evə qayıdanda gördüm kişi həyətdə tut ağacına söykənib durub. –Vaxtın xeyir, qonşu. Diksinən kimi oldu. Bildim fikirdən ayıltmışam onu. –Vaxtın xeyir, bacı, – çiynini ağacın gövdəsindən çəkib, məzlum-məzlum üzümə baxdı. –Niyə kefin yoxdu? –Kefim hardan olsun, ay bacı, heç soğanın toxumuna verdiyim pulu da çı-xarda bilmədim. –Fikrin var idi çıxardasan?! Mat-mat üzümə baxdı: –Bəs keçən ilki qazancımıza nə deyirsən?! –Keçən ili şərikli əkmişdik axı. –Nə olsun?! –Nağıllarda Şahlıq quşu deyirlər ey, eşitmisən?! –Bu nə sözdü?! –Bu o sözdü ki, şahı ölmüş ölkədə Şahlıq quşu uçurdaurlar ki, kimin ba¬şına qonsa, onu padşah eləsinlər. Qonşu ölkənin taxtdan salınmış şahı da səfil günündə oturubmuş bir daşın üstündə. Quş da uçub gəlib qonur onun başına. Adamlar yer-yerdən bağırışır: “Şahlıq quşu çaşıb, bundan bizə şah olmaz!”. Kişini aparıb bir evdə gizləyirlər. Quşu yenidən uçurdurlar, quş bu dəfə də gəlib qonur səfil padşahın gizlədildiyi evin üstünə… –Bacı, uzun oldu, ey. –Qardaş, keçən il götürdüyümüz məhsul sənin çəkdiyin zəhmətdən əmələ gəlməmişdi, mənim ayağımın ruzisiydi. Yəni Şahlıq quşuydu, gəlib qonmuşdu mənim başıma. Ev sahibi üzümə baxa-baxa qaldı. Mənim isə dərzilikdən qazancım gündən-günə artırdı. Bir həftə sonra gecə o qədər işləyərəm, oturduğum yerdə də yataram. Səhər üzü elə bil mənə dedilər, oyan, nə yatmısan. Gözümü açanda gördüm, Lələ köçüb, yurdu qalıb. Qarşımda olan tikili-biçili nə var elə bil göyə çəkilib, bu azmış kimi tikiş maşınımı da aparıblar. Allaha şükür elədim ki, oğrular qızıl-gümüşün yerini bilməyib. Yoxsa iki qardaş, bir bacı indi Ağalarbəyli qəbiristanlığında yatırdıq.
20 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mədinə” mərasim evində Ağdam rayonunun Yusifcanlı kəndindən olan şəhid Hüseyn Hüseynovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Qısa arayış Hüseynov Hüseyn Əkbər oğlu 1973-cü il Ağdam rayonu , Yusifcanlı kəndində anadan olub. 1994-cü ildə qəhrəmancasına şəhid olmuşdur. İkinci Fəxri xiyabanda dəfn edilmişdir. Tədbirdə 20 yanvar şəhidlərinin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, dualar oxunub, ehsan verilib. Tədbirin gedişi zamanı şəhid Hüseyn Hüseynovun xatirəsinə həsr olunmuş “Xatirələrdə yaşayan ömür” kitabı qonaqlara təqdim olunub. Tədbiri giriş sözü ilə açan Ağdam rayonunu Yusifcanlı kənd icmasının nümayəndəsi Seyid Mirxuda Məmmədov tədbirin məqsəd və məramı, Hüseyn haqqında geniş məlumat verdikdən sonra sözü Cəfər həkimə verib. Cəfər həkim Hüseynovlar ailəsi və Hüseyn haqqında xatirələrini bölüşüb. Sonra söz Hüseyn haqqında yazılmış kitabın müəllifi tanınmış yazıçı, şair, Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən biri mayor Vaqif İsaqoğlu na verilib. Vaqif İsaqoğlu kitabın yaranma prosesindən danışıb. Tədbirdə iştirak edən Zaur Ustac Hüseyn haqqında xatirələrini danışıb, təqdim olunan kitabdan şeirlər oxuyub. Yusifcanlı kənd camaatı adından müəllifə təşəkkür edən Zaur Ustac Vaqif İsaqoğluna “Yazarlar” jurnalı tərəfindən verilən “İsa Muğanna” diplomunu təqdim edib. Tədbirdə Ağdam rayonu ziyalıları adından Əli Yunisov çıxış edib. Sonra Yusifcanlı kənd sakini Rafət xanım Hüseynə həsr etdiyi şeirini oxuyub. Sonda ailənin adından çıxış edən Arzu xanım tədbirin təşkilinə görə qardaşları Misir və Məhəmmədəliyə, Hüseynin xatirəsini əbədiləşdirdiyi üçün Vaqif İsaqoğluna, tədbirdə iştirak edən qonaqlara adbaad təşəkkürünü bildirib. Tədbirdə Yusifcanlı kənd sakinlərindən Zülfü İsmayılov, Seyidəliş Məmmədov, Qalib İsmayılov, Filman İsmixanov, Vahid Binnətov, Nahid Məmmədov, Səməd Əmirov, Rəfael müəllim, Rəhim bəy, Yusif bəy, Qəhrəmanova Gülüzə, Solmaz müəllim, Əsmə müəllim, Reyhan müəllim, Bəyaz müəllim, Pəri xanım, Tahirə xanım, Bənövşə xanım, Şəhla xanım, Almaz xanım, Maral xanım, və digərləri iştirak ediblər. Tədbirdən fotolar:
Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutub
Dünən Niderland Krallığının Haaqa şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Tədbir, dərnəyin gənclər şöbəsinin rəhbəri Tuğrahan Aşkının açılış nitqi ilə açılıb. O, iştirakçıları salamlayaraq bu cür anım tədbirinin keçirilməsinin önəmini vurğulayıb və proqram haqqında məlumat verib. Ardınca iştirakçılar şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad edib, daha sonra isə Azərbaycan və Türkiyə himnləri səsləndirilib. Tədbir Türkcan Akbal, Mahmut Araz və Abuzer Dedeinin Quran tilavəti oxuyaraq şəhidlərin ruhuna dualar etməsi ilə davam edib.
Dərnəyin keçmiş rəhbəri Celal Karagöz təşəkkür nitqi ilə çıxış edərək tədbir iştirakçılarına müraciət edib. Azərbaycan Niderland Odlar Yurdu təşkilatının sədr-müavini Nehmətağa Əliyev 20 Yanvar 1990-cı il hadisələri ilə bağlı xatirələrini bölüşərək, bu tarixi hadisələrin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda həmin dövrdə qanunsuz olaraq həbs edildiyini də iştirakçıların diqqətinə çatdırıb. Daha sonra dərnəyin Azərbaycan üzrə məsul nümayəndəsi Şamil Mustafayev çıxış edərək 20 Yanvar gününün təkcə hüzn deyil, həm də qürur günü olduğunu qeyd edib. O, belə faciələrin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb, ardınca isə bu günə dair xüsusi hazırlanmış video təqdim edib.
Daha sonra Tuğrahan Aşkın, səhhəti ilə əlaqədar olaraq tədbirə qatıla bilməyən dərnəyin rəhbəri İlhan Aşkının tədbir iştirakçılarına ünvanladığı məktubu səsləndirib. Tədbirə qatılan qonaqlar da çıxış edərək öz fikirlərini bölüşüblər. Sonda isə şəhidlərin ruhuna ehsan paylanılıb.
Anım tədbiri iştirakçılar üçün həm kədər, həm qürur, həm də birlik ruhunu əks etdirən bir hadisə kimi yaddaşlarda qalıb. 20 Yanvar şəhidlərinin müqəddəs xatirəsi bir daha dərin ehtiramla yad edilib.
Bugünkü gündə xalqımız, xüsusilə gənclərimiz arasında kitab oxumağı təşviq etmək və onların mənəviyyatını yüksəltmək üçün bir çox maarif mərkəzləri – kitabxanalar inşa edilməkdədir. Onların fəaliyyətinə xüsusi diqqət yetirilir. Əvvəlki dövrlərdə kitablar, qəzetlər və jurnallarla məhdudlaşan bu maarif mərkəzlərində, indi elektron kitab formaları, dinləmə, görmə, audio-video multimedia növləri də mövcuddur. Həmçinin onlayn xidmətlər, kitabların oxuculara çatdırılması və digər xidmətlər də yaranmaqdadır.
Özbəkistan Respublikası Prezidentinin 2019-cu il 2 fevral tarixli “İnformasiya sahəsi və kütləvi kommunikasiya vasitələrinin daha da inkişaf etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı (PF-5653), 2017-ci il 13 sentyabr tarixli “Kitab məhsullarının nəşrini və yayılma sistemini inkişaf etdirmək, kitab oxuma mədəniyyətini artırmaq və təbliğ etmək üzrə kompleks tədbirlər proqramı haqqında” Qərarı (PC-3271), 2019-cu il 2 fevral tarixli “Özbəkistan Respublikası Prezidenti Administrasiyasının yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin fəaliyyətinin təşkili haqqında” Qərarı (PC-4151) və 2019-cu il 7 iyun tarixli “Özbəkistan Respublikası əhalisinə informasiya-kütübhana xidmətlərinin daha da təkmilləşdirilməsi haqqında” Qərarı (PC-4354) Özbəkistan Respublikası Prezidentinin Oliy Məclisə müraciətində müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə, informasiya-kütübhana mərkəzlərinin fondu yeniləməyi, oxuculara sürətli və rahat xidmət göstərilməsini inkişaf etdirməyi, nəşriyyatlarla işləməyi, çap və elektron nəşrləri əldə etməyi, tematik planlar hazırlamağı, televiziya və sosial şəbəkələrdə fəaliyyətləri geniş işıqlandırmağı əsas götürərək, Namangan vilayətinin Yangikurgan rayonu İnformasiya-Kütübhana Mərkəzi 2020-ci ildə fəaliyyətə başlamışdır.
Kitab fonduyun doldurulması və işlənməsi xidməti
İnformasiya kommunikasiya texnologiyaları və rəqəmsallaşma xidməti
İnformasiya bibliografiya xidməti
Abunəçilər və istifadəçilərə xidmət göstərmə xidməti
İnformasiya-Kütübhana Mərkəzinin mütəxəssisləri oxuculara səmimi və vicdanla xidmət göstərməklə fəaliyyətlərini davam etdirməkdədirlər.
Bibliografiya XidmətiMərkəzində
İnformasiya-Kütübhana Mərkəzi istifadəçilərinə onların müəyyən tələblərinə cavab verən bibliografik və faktoloji məlumatları, sənədləri və ya onların nüsxələrini təqdim etmək fəaliyyətinə əsaslanır. İnformasiya-bibliografiya fəaliyyəti aşağıdakıları əhatə edir: məlumatnamə-bibliografik xidmət, bibliografik məlumatlar təqdim etmək, bibliografik siyahılar hazırlamaq, kitabxana-bibliografiya biliklərini öyrətmək.
Oxuculara lazım olan məlumatı tapmaq üçün xidmət göstərməkdə istifadə olunan ənənəvi və elektron məlumatnamə, bibliografik nəşrlər, kitabxana kataloqları və kartotekaları da daxil olmaqla məlumatnamə-bibliografiya aparatını təşkil etmək və tətbiq etmək.
Bu fəaliyyət aşağıdakı şəkildə həyata keçirilə bilər:
Sənədlərin evə verilməsi və oxu zalında istifadəyə təqdim edilməsi;
İstifadəçilərə elektron sənədlərin çatdırılması;
İstifadəçilərə xidmət göstərərkən rahatlıq təmin edilməsi.
İstifadəçilərin ağızla, yazılı və ya elektron poçtla bibliografik və faktoloji sorğularını cavablandırmaq üçün bibliografik və faktoloji məlumat bazalarından istifadə təqdim olunur. Bu məlumat xidmətləri aşağıdakı şəkildə həyata keçirilə bilər:
Elektron poçt vasitəsilə sorğuların yerinə yetirilməsi;
Müxtəlif informasiya daşıyıcılarda bibliografik göstəricilər, təlimatlar, siyahılar və məcmuələr nəşr etmək;
Regional ədəbiyyat haqqında məlumat bazası yaratmaq.
İstifadəçilərə rayonumuzun yaradıcıları haqqında vərəqələr, tövsiyə siyahıları, bibliografik şərhlər, şəxslərin bioqrafiyalarını hazırlamaq.
Rayonumuzda istehsalat, yüngül sənaye, ağır sənaye və kənd təsərrüfatı üzrə məlumatları təsnif etmək və istifadəçilərə təqdim etmək.
Kitab Sərgiləri Növləri:
Tək kitab sərgisi: Bu növ sərgi əsasən uşaq bağçası və ibtidai siniflər üçün tək bir kitabı əhatə edir və ona işıqlandırıcı plakatlar və tövsiyə-annotasiya əlavə edilir. Annotasiyada kitabın daha diqqətlə oxunması, əsərin bütöv şəkildə qavranılması, düşüncə, qəhrəmanların xarakterləri, hərəkətləri ilə müqayisə edilməsi üçün suallar verilə bilər.
Sual sərgisi: Bu sərgini hazırlamaq üçün müəyyən bir mövzuya dair məşhur suallar toplanmalıdır. Sərgidə suallar və bu suallara cavab tapa biləcəyiniz kitablar və dövrü nəşrlər yerləşdiriləcək. Məsələn, “Bu gün bizdə qonaq var” (ədəb haqqında). Bu tip sərgi kiçik məktəb yaşlıları və yeniyetmələr üçün uyğun olacaq.
Portret sərgisi: Bu sərgidə, mütləq portret və ya onun reproduksiyası və bu insan haqqında ədəbiyyat olmalıdır. Bu sərgi daha yaşlı yeniyetmələr üçün nəzərdə tutulur.
Nağıl sərgisi: Bu sərgi kiçik məktəb yaşlı oxucularla birgə hazırlanır. Uşaqlar nağılın süjetinə aid illüstrasiyalar hazırlayır, nağıl qəhrəmanlarını plastilinlə düzəldirlər, nağıl şəhəri tikirlər. Bunların hamısı nağıl mətninin və sərginin vahid kompozisiyasına yerləşdirilir.
Kitabxanlıq məqsədi bilik və mənəvi kamilliyə sahib olmaqdır. Yeniyetmə elmi-populyar əsərləri oxuyarkən, maraqlı elm və həyat məsələləri ilə tanış olur. Bədii əsərlər vasitəsilə isə qəhrəmanların macəraları, hissləri vasitəsilə yaxşılıq və pisliyin fərqini, təvazökar olmaq, düzgünlük, əməksevərlik, vətənpərvərlik, səbirli olmaq kimi insani fazilətləri öyrənirlər. Çünki bədii əsərlərdə insanın mənəvi-əxlaqi həyatı, insan və təbiətə münasibəti, ölkəmizdəki sosial-siyasi, mənəvi və iqtisadi dəyişikliklər haqqında hissləri oxucuların mənəvi inkişafına təkan verir və uyğun nəticələr çıxarmağa kömək edir.
Müyəssər RƏHMONOVA Yangikurgan rayonunun İnformasiya-Kütübhana Resurs Mərkəzinin rəhbəri