Etiket arxivi: Asya Əhmədova

Əli bəy AZƏRİ yazır

VƏTƏNLƏŞƏN OĞULLARIN POEMASI

Asya Əhmədovanın “Sən Vətənsən” poemasında real həyatla mifoloji tale yazısı sintezi

Dədələr “İgid ölər, adı qalar” deyiblər. Nədənsə Qarabağ üzərində Ermənistan-Azərbaycan savaşı başlanandan sonra elin dilində igidi şəhid əvəzlədi. Millət döyüşlərdə şücaət göstərib-göstərmədiyinə fərq qoymadan müharibədə həlak olmuş bütün oğullarına eyni qaydada yas saxladı. Bəlkə, bu da bir hikmətdəndir. Ruhaniyyətdə heç nə hikmətsiz deyildir. Onsuz da insan dərrakəsi şəhidlərini mərtəbəsinə görə uğurlamaqda tam ədalət sahibi deyildir.

Yaradan öz hümmətinə doğru yol göstərmək üçün zaman-zaman peyğəmbərlər göndərib. Peyğəmbərlər də özlərindən sonra savaba alqış şairləri göstərib. “Yaradan onlara da yaratmaq istedadı bəxş edib”, deyib. Əlbəttə, o şairləri ki, vətəndən, millətdən salnamə yazsın. O şairləri ki, torpaq uğrunda, din uğrunda, dil uğrunda canından keçmiş igidlərin adını əbədiləşdirsin. İgidin adı bədii əsərlərdə (dastanlarda, romanlarda, poemalarda) əbədiləşməzsə, sonrakı nəsillər onları necə tanıyar?

Ən azı buna görə şair Asya Əhmədovanı alqışlamaq, onun “Sən Vətənsən” poemasını təqdirəlayiq hesab etmək olar. Poema Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə həsr olunub. Düzdür, Qəhrəman Surxay Noçuyev haqqında onlarla məqalə, oçerk, xatirə yazısı yazılıb. Yazıçı Azad Qaradərəli “Noçuyev taktikası” adlı hekayə yazıb. Yazıçı Ayaz İmranoğlu “Komutan” romanında Surxayın əbədi və ədəbi obrazını yaradıb. Lakin bunlarla yanaşı poemanın da xüsusi yeri, xüsusi çəkisi var. Romandan, hekayədən hər hansı bir bölməni nəql etmək olar. Poemadan isə hansısa parçanı əzbərdən söyləməklə həm qəhrəmanı yad etmiş olursan, həm də onu yad edənlərin ovqatını kökləyə bilərsən.   

Asya Əhmədovanın “Sən Vətənsən” poeması cəmiyyət tərəfindən rəğbətlə qarşılandı. Hətta söz-qələm adamları yazılı mediada öz münasibətlərini də bildirdilər. Düzdür, şair poemanı dərhal çapa göndərməyib. Əhatəsində olan elm, ədəbiyyat mənsublarına oxudub, çap üçün yetərli olub-olmadığını öyrənmək üçün onların münasibətini soruşub. Həmin adamlardan bəziləri poema haqqında öz fikirlərini resenziya-rəy formasında yazaraq bildiriblər. Onlardan tarix elmləri doktoru Eynulla Mədətlinin, şair Ramiz Qusarçaylının, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın qələm məhsullarını Asya Əhmədova poemanı kitab şəklində çap etdirəndə kitaba daxil edib. 

Surxay Noçuyev əslən Zəngilan rayonunun Məmmədbəyli kəndindəndir. Rayonu uşaq yaşlarında erməni işğalı nəticəsində tərk edib. Asya Əhmədova da o kənddə doğulub boya-başa çatıb. Əlbəttə, Surxayın həyatını, döyüş yolunu, göstərdiyi şücaət və igidliklərini ilk olaraq onu tanıyanlar, yaxud, daha çox məlumat toplamaq imkanı olanlar qələmə alsalar, daha mükəmməl obraz yaranar, daha dolğun bir əsər üzə çıxar. Peyğəmbərin Yaradan tərəfdən ondan sonra şairlərə xüsusi lütf verildiyinin də hikməti, zənnimcə, elə bundadır.

Adətən, əsərlərdə proloq verilir, bu hissə, sanki məbədin giriş qapısıdır. Asya Əhmədova “Azərbaycan” deyə sözünə başlayır. Məhz, belə də olmalıdı. Qəhrəmanlıq salnaməsi elə-belə də başlamalıdı. Bu adın müqəddəsliyini damarlarımızda hiss etməsək, əzəmətini duymasaq, nə onun uğrunda canımızdan keçə, nə də mükəmməl əsərlər yarada bilərik.

“Hər daşında bir igidin tarixçəsi, Bayrağında şəhidlərin vüqarı var”, “Oğulların səngərlərdə qurd ürəkli, Qartal kimi dayandılar dağ başında” kimi beytlərlə Asya Əhmədova Vətənin əzəmətini vurğulayır, hər zaman igidlərin səngərdə müdafiədə durduqlarını qeyd edir, eyni zamanda dağ başında qartal kimi qorxmazcasına dayandıqlarını diqqətə çatdırır. Surxay da bu igidlərdən biridir. “Körpə idi, uşaq idi Surxayın da, Ürəyinə Vətən dərdi saplananda” deyə qəhrəman bu Vətəni uşaqlıqdan ürəyinə saplanan dərd olaraq gəzdirib, şəhadətə yüksələnə qədər yaşadıb və özü də bu boyda dərdlə bərabər Vətənləşib. Vətənləşmək isə yalnız əməllə sübut olunur. Dünyada ən müqəddəs hesab etdiyin şirin canı Vətən yolunda əsirgəmirsənsə, deməli, vətənləşirsən. 

Bu məqamın poemada necə əks olunduğunu filologiya elmləri doktoru Mərziyyə Nəcəfova da “Vətənpərvərliyin poetik dərki” yazısında qeyd edib. “Asya Əhmədova Surxayın simasında Azərbaycanın bütövlüyü uğrunda canından keçib, Vətən olan oğulların şücaətini bütün tamlığı ilə ifadə edə, o oğulların döyüş boyu qəhrəmanlıqlarını misralara gətirə bilib. “Vətənçün canından, qanından keçib, Olur Vətən boyda Vətən oğullar!”” 

Asya Əhmədova bu, ilk irihəcmli poetik əsəri ilə Surxay Noçuyevin timsalında, sanki, min illər boyu başına müsibətlər gətirilmiş böyük bir millətin növbəti qərinəsinə nəzər salmışdır, bir salnamə yaratmışdır. Bu salnamədə bölmə-bölmə sinədağlayandan qələbə qüruru yaşadanadək bütün hadisələr öz axarı ilə nəzmə çəkilmişdir. Qarabağ üzərində qurulmuş savaş böyüyür. Qonşu rayonlar bir-birinin ardıca erməni qoşunları tərəfindən işğal olunur. Yurd-yuvasından didərgin salınmış millət vətən boyu pərən-pərən düşür. Doğma eli tərk etmək istəməyən bir el – Zəngilan mahalı öz igidləri sayəsində dirəniş göstərir, vuruşur və üçtərəfli mühasirəyə düşür, mərkəzlə bütün əlaqələr kəsilir. “Bir el addımlayır Araza sarı” bölməsində Asya Əhmədova qeyd edir:

Gələrmi hardansa kömək bir daha?

Salamat çıxarmı güman sabaha?

Ümidin bağlayıb göydə Allaha,

Bir el addımlayır Araza sarı.

Bilmirəm, müəllif o dövrü yaşayıbmı? Hər halda yaşamasaydı, bu cür təsirli təsvir edə bilməzdi. Üstündən bu qədər müddət keçsə belə zəngilanlılar o dövrü xatırlayanda üzüntüsüz, göz yaşı axıtmadan ötüşə bilmirlər. Bu, faktdır. Hərbçilər döyüşə-döyüşə geri çəkilirdilər. Meğri, Qafan, işğal olunmuş qonşu Qubadlı və Cəbrayıl rayonları tərəfdən ən azı 4-5 dəfə üstünlüyə malik erməni ordusu Zəngilan alayını Araz çayına – İranla sərhəddə tərəf sıxışdırıb geri çəkilməyə məcbur edirdi. Əhaliyə doğma yurd yerlərini tərk edib Araza üz tutmaqdan başqa çıxış yolu qalmamışdı.

Əlbəttə, müharibə əsəri tamam başqadır. Asya Əhmədovanın “Sən Vətənsən” poemasına da bütövlükdə müharibə əsəri kimi baxmaq düzgün deyil. Yuxarıda qeyd olunduğu kimi bu poema bir dövrün, bir qərinənin salnaməsidir. Müharibənin vurduğu yaralar isə poemada çox təsirli şəkildə ifadə olunub.

Köçkün həyatı, çadırların çətin şəraiti, mərhələlərlə yataqxanalara köçürülmə və bu çadır-yataqxanalarda Vətən adlı böyük bir dərdlə böyüyən, torpaqları erməni işğalından azad etmək fikrini bir an belə ağlından çıxartmayan uşaqların, yeniyetmələrin, oğulların ən qüvvətlisi Surxayın simasında cəmləşib. Ancaq arada “Atəşkəs” var, ölkə bu rejimdə yaşamağa, işğala hələ ki, dözməyə məcburdur.

Qəlbində nisgil yaşada-yaşada Surxay böyüyür. Dərsə gedir, yeni tanış olduğu, dostlaşdığı həmyaşıdları ilə müxtəlif oyunlar oynaya-oynaya püxtələşir. Heç vaxt yaddaşından çıxartmadığı, istəsə belə çıxarda bilmədiyi yol ilə – Vətəninin azad etmək üçün əməyini, canını belə əsirgəməyəcəyi yol ilə irəliləyir. Bu yol onu əbədiyyata aparır.

Müəllif Surxayı birdən-birə qəhrəman kimi təqdim etmir, ancaq misra-misra buna zəmin yaradır. Surxayın doğulub boya-başa çatdığı yurd yerlərini, təkcə barı, bəhəri, bərəkəti ilə seçilməyən, həm də bu yerin qidası ilə böyüyüb qüvvətli ərən olanlardan söz açır. Zəngilanı son damla qanınadək qoruyan bəzi igidlərdən, onların döyüş yolundan bəhs edir. Artıq dastana çevrilmiş yeddi polisi, son anadək səngərdən çıxmayan, çox qüvvətli düşmənə müqavimət göstərən yeddi polis döyüşçüsünü xatırladır. Surxay bunları məktəbdə müəllimlərdən, evdə doğmalarından eşidə-eşidə irəliləyir, lakin hələlik bir iş görə bilmir. Çünki “Atəşkəs” rejimidir, bir iş görmək üçün isə şərait yetişməlidir. 

Bu ərəfədə Tovuz hadisələri baş verir. Asya Əhmədova bu hadisəni nəzərdən qaçırmır. 44 günlük Vətən Müharibəsinin, bəlkə də, başlama səbəbini elə bu hadisədə axtarır. Sözsüz ki, “Atəşkəs”ə məhəl qoymayan ermənilər tez-tez təxribat törədirdilər. Generalla bərabər on dörd rütbəli hərbçinin ölümü ilə nəticələnən Tovuz hadisələri bu təxribatların ən böyüyü idi. Asya xanım yazır:

General ölmüşdü, şəhid ruhuydu,

Ayağa qaldırıb xalqı, milləti.

Sıyrılıb yayından çıxan oxuydu,

Kimsə görməmişdi belə qeyrəti.

Bəli, o gün millət birləşmişdi, bütövləşmişdi, hamı küçələrə çıxmışdı, qisas tələb edirdi. Amma ölkə qanunlarla idarə olunur. Ali Baş Komandan səbrlə, təmkinlə gözləyirdi. O, bilirdi ki, ermənilər dinc durmayacaq, yenə təxribatlar törədəcək və torpaqlarımızı azad etmək üçün zəmin yaradacaq. Lakin son dəfə Beynəlxalq Təşkilatların bu təxribata da necə reaksiya verəcəyini gözləyirdi. Eyni zamanda son hazırlıq işləri görülürdü. Səfərbərlik və Hərbi Xidmətə Çağırış bölmələri tərəfindən könüllü şəkildə torpaqlarımızın erməni işğalından azad olunmasına qoşulanların siyahıyaalınması keçirilirdi. Əlbəttə, bir neçə gün ərzində bu siyahı on min nəfərin üzərindən o tərəfə keçmişdi. Ordu və digər qoşun növlərində döyüş təlimləri keçirilirdi.

Nəhayət, Beynəlxalq Təşkilatların susqunluğu və ermənilərin növbəti təxribatı Ali Baş Komandanı iradə nümayiş etdirməyə səslədi.

Sonda bir məsələni qeyd etməmək mümkünsüzdür. Poemada insan obrazları ilə yanaşı bir fəsil obrazı da var. Bu fəsil Payızdır. “Epiloq”da Asya Əhmədova yazır:

Bu dünyaya göz açsam da səndə, payız,

Dəyərini bilməmişəm,

Gələn yazı gözləmişəm,

Mən səni heç sevməmişəm.

Torpaqların son işğalı payızda oldu. İşğal tarixli fəsli necə sevmək olar? Amma güc, enerji təkcə sevgidən yaranmır, həm də qəm-kədərdən, nifrətdən yaranır. Azərbaycan bu işğalla barışmadı, yaşadı, böyüdü, kədərindən enerji aldı, güc aldı.

Asya Əhmədova qəhrəmanının həyatında Payızın xüsusi yer tutduğunu vurğulayır. Payızda dünyaya gəlir, Payızda ailə qurur, xoşbəxliyinə qovuşur, Payızda uzun müddət qəlbində bəslədiyi torpaqların azad olunması uğrunda savaşa atılır, Payızda ikinci övladının dünyaya gəlməsi xəbərini alıb sevinir, Payızda vuruşa-vuruşa Qarabağın tacı Şuşa şəhərinin azad olunmasında iştirak edir və… şəhadətə qovuşur. Bəlkə də bu, bir mistikadır, mifoloji tale yazısıdır.

“Mən səni sevdim, Payız,

Mən səni sevdim, Payız!” 

Bütün bunlar poemada təfsilatı ilə təsvir olunub. Məncə, çox təsirli də təsvir olunub. Təhlil olunası çox mətləblər var. Lakin bir yazıda bunların hamısına münasibət bildirmək mümkünsüzdür və bu, sırf mütəxəssislərin öhdəsindədir.

Bütün bunlara rəğmən poema mükəmməl bir əsər kimi Azərbaycan ədəbiyyatına öz töhfəsini vermiş olur. Sözsüz ki, ədəbiyyatşünaslar tərəfindən dəyərləndirməlidir.

29.01.2026, Xırdalan şəhəri

Asya Əhmədovanın yazıları

Əli bəy Azəri

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mahir CAVADLI yazır

Şəkildə Asya Əhmədova doğma vətəndə sakinlərlə görüşdən.

YURDA SİNƏ DOLU SÖZLƏ DÖNƏN ŞAİR

(Asya Əhmədovanın şeirləri yurda, vətənə, torpağa sevgidən doğur)

Bu şairə xanımı Azərbaycan Milli Elmlər Akademiyasının geniş, işıqlı zalında Zəfər münasibəti ilə keçirilən yığıncaqda tanımışam. Tədbirin rəsmiliyinə baxmayaraq, sözünü nəzmlə bitirən, çıxışlarında poeziyaya yer ayıran natiqlərin olması elm, ədəbiyyat ocağında rəsmiliyin mahiyyəti barədə məndə ilk təəssüratları yaratmışdı. Elə həmin tədbirdə bəstəboy, gülərüz xanımın çıxışına bir-iki cümlə ilə ayaq verərək yurd həsrətli, qələbə sevincli şeirlərini söyləməsinə və zaldakıların ürəkdən coşan misralara fərqli münasibətinə daha çox təəccüblənmişdim. Sanki bu xanım heç nədən çəkinmədən “mən poeziya vurğunu, söz adamıyam” mesajını vermək, illərlə sinə dağına çevrilən duyğularını misraların dili ilə bəyan etmək üçün çıxmışdı bu kürsüyə! Əlbəttə ki, sürəkli alqışlar halal payıydı bu xanımın!

Asya Əhmədova ilə AMEA kollektivinin tərkibində 30 illik həsrətdən sonra qovuşduğum doğma Zəngilana səfər zamanı daha yaxından tanış olduq. Yenə kürsüdən alovlu şeirləri ilə oxşadı ürəyimizi.

…Və növbəti “görüşümüz”, – bu dəfə “Xəzan” jurnalının mart-aprel 2025/2/65 sayında mənalı baxışlarının fonunda ürək döyüntülərini misralara düzdüyü sağlam, saf duyğuların ifadəsi olan şeirləri sayəsində baş tutdu. Elə ilk şeirinin adı (“Vətən, görüşünə gəlmişəm sənin”) və tarixi (iyul 2024) çox mətləblərdən xəbər verirdi, yəni bizim Zəngilana səfərimizin təəssüratlarının ifadəsi olaraq qısa zaman kəsiyində yazılmışdı bu misralar!

Şəhidlik meracı səfər yoluyla,

Güllə yox, gül açan səhər yoluyla,

Dönüşə köklənən Zəfər yoluyla

Vətən, görüşünə gəlmişəm sənin.

İlk bənddən son misrayadək sanki bu şairə xanım yolüstü hazırlığını görür, uzaq səfər qabağı hisslərini cuşa gətirir, saçına düşən dən-dən ağlar, uzaqdan qoyub getdiyi dağlar görünən müqəddəs bir görüşdən, vətənə qovuşmaq sevincindən bəhs edir. Şeirin gözəlliyini başa düşmək, şairin hisslərini duymaq üçün onun qalaq-qalaq çoxcildliyini oxumağa heç də ehtiyac yoxdur. Bəzən bir bənd, bir misra poetik fikrin haradan qaynaqlandığına, necə yarandığına, hansı duyğulara kökləndiyinə şahidlik edir:

Göz yaşım dayanmır, yağışdı sanki,

Sinəm bir köz idi, alışdı sanki,

Yer göyə, göy yerə qarışdı sanki,

Vətən, görüşünə gəlmişəm sənin.

Sevinc hisslərini yağışa bənzədən şairə uçmağa qanadı olmadığını “yer göyə, göy yerə qarışdı” ərzdə ifadə edir ki, bu da folklorumuzdan qaynaqlanır. Sinəsində sönməyən közün 30 illik tarixinə işarə vuran müəllif 17 yaşından bu yana o dağı sinəsində gəzdirdiyinə, yəni vətənini, yurd-yuvasını bir an unutmadığına oxucunu inandıra bilir.

Həyatını elmi sahəyə həsr etmiş, ailə, kollektif, yaxın və doğmalarının hörmət və ehtiramını qazanmış incə xanım fikirlərini başqa cür necə ifadə etməlidir ki, özünün poeziyada təsadüfi olmadığını təsdiqləyə bilsin. Uzun həsrətdən sonra doğma vətənə qovuşan söz adamlarının şeirlərini yana-yana çox oxumuşam, duyğulanmışam. Şair dostlarımın xətrinə dəyməsin, məncə, Asya Əhmədovanın on bir bəndlik “Vətən, görüşünə gəlmişəm sənin” şeiri bu mənada ön sıralarda durmağa layiqdir. Şeirin sonunda da şairə xanım hələ ilk təəssüratlarının təsirindən qopa bilməmiş kimi duyğularına qanad verir:

Sənə sinə dolu söz gətirmişəm,

Sənə həsrət dolu göz gətirmişəm,

Qəlbimin içində alışan oddan

Sönən ocağına köz gətirmişəm,

Vətən görüşünə gəlmişəm sənin.

Bu sayında Asya  Əhmədovanın 14 şeirinə 9 səhifə ayıran “Xəzan” oxuculara yeni müəllifi təqdim etməklə, həm də, sözsüz ki, oxucuların, poeziyamızın, söz adamlarımızın dəyərini artırmış olur. Çünki A.Əhmədova özünün-sözünün yerini bilən birisi kimi şeirlərinə yad fikirləri calaq eləmir, təbiiliyi sevir, ürəyindən gələnləri qələmə alır. Onun “Layla dedim, yurdum sənə” şeiri də vətən, torpaq sevgisinə bağlıdır:

Gözlərimdə qoruyaraq hər şəklini,

Sözlərimdə neçə tərif vurdum sənə.

Həsrətimi bölüşərək kəlmələrlə

Şeir yazdım, nağıl qoşub durdum sənə.

Müəllif bəzən hisslərinə, duyğularına qoşularaq şeirin ənənəvi formatından qaçmaqdan çəkinmır, kənara çıxır, ancaq bu, təbii alınır, xəta, qüsur təsiri bağışlamır.

Elə talan, elə viran olmusan ki,

Tanımadım ilk baxışda, yurdum, səni.

Nənəm kimi bir bayatı qoşub dildən,

Başın üstə buludlardan sordum səni.

yazır və bu qoşmanın son iki misrasında sinədən gələn və ürəklərə yatan bayatıya

zəmin hazırlayaraq  şeiri də elə klassik xalq yaradıcılığı formasında ilə tamamlayır:

Bu yerdən ötən bulud,

Haraya yetən bulud,

Başqa yerdə gördünmü

Yurd izi itən, bulud?!…

Şairənin “Bir yol gedir bizim kəndə”, “O kənd bizim kəndimizdir”, “Bir yol, bir də mən varam” şeirləri də yuxarıda bəhs etdiyimiz hisslərdən qaynaqlanır. Bu misralarda Zəngəzurun, Zəngilanın füsunkarlıqları vəsf olunur, uzun həsrətdən sonra qəlbi coşduran vüsal duyğuları nəzmə çəkilir. Ayna xanımın “Bir arzu tut…” şeiri yaxın-uzaq keçmişlərdən süzüb gələn kövrək hisslərin, zərif ürək çırpıntılarının bədii təsviridir. Bu şeir də müəllifin əksər poetik nümunələri kimi milli-mənəvi irsin bir parçası olan inanclardan qaynaqlanır. İstək, arzu  dolu misralar isə oxucunu doğma yurdumuz Qarabağa, Zəngəzura, bu bölgələrdə formalaşan milli dəyərlərimizə doğru çəkib aparır.

Bir arzu tut…  

Göydən ulduz düşəndə,

kirpiyin gözlərindən

üzünə sürüşəndə.

Bir arzu tut…

Bədirlənmiş ay görəndə,

Sakit axan çay görəndə,

Ağacların nübarından

Şirin, şəkər pay görəndə.

Molla Pənah məqbərəsi göz önündə canlanır, “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi”, Xan əminin zənguləsi qulaqlarında ən həzin ritmə, haya-haraya çevrilir. Şeiri oxuyursan və arzu tutursan, uşaqlığın, yeniyetməliyin yadına düşür, nənələrin nağıllarına qarışırsan, babaların müdrik kəlamlarına qovuşursan və inanırsan ki, arzular insanı yaşamağa və yaşatmağa ryhlandıran ən saf və təmiz duyğulardır.

Əminliklə demək olar ki, “Xəzan” jurnalının oxucuya təqdim etdiyi Asya Əhmədova maraqlı şeirləri ilə poeziyamıza yenilik gətirən müəlliflərdəndir. Onun ədəbi nümunələri şair təbiətinin zənginliyindən, ədəbiyyata ciddi və məsuliyyətlə yanaşmasından, söz boxçası açıldıqca daha böyük maraq kəsb edən folklora, xalq yaradıcılığına bağlılığından, bədii fikrin ucalığına sadiqliyindən xəbər verir. Asya Əhmədovaya yeni-yeni yaradıclıq uğurları arzulayırıq!    

Mahir CAVADLI,

AMEA Folklor Institutu