
45 yaşımın şeiri
Gedib bu gün saçlarımı kəsdirdim,
Bu arada telefonum susmadı.
Təbriklərin kəsilmədi arası,
Yazan yazdı, yazmayan da yazmadı.
(Qoy bu dəfə kim yazıbsa sağ olsun!)
Yol boş, mən tək,
tutub yolun əlindən,
Uşaq kimi öz-özümü gəzdirdim.
(45 yaşın ağırlığı altında)
Nə ağladım, nə sısqadım, sadəcə,
Gedib bu gün saçlarımı kəsdirdim.
Sentyabr, ümid gedir min yerə,
Nə yaydandı, nə də sarı payızdan.
Sarı, dedim, görün yada nə düşdü,
Saçlarımı saraldacam bir azdan.
Gedib bu gün saçlarımı kəsdirdim,
Ad günümdü, mən də belə dəliyəm.
Kəsdirmərəm, söyləmişdim bir zaman,
Öz andına xilaf çıxan biriyəm.
Neyləmişəm, nə etmişəm, suçmu bu?
Bilmirəm ki, nə doğrudur, nədir səhv.
Gedib bu gün saçlarımı kəsdirdim,
Heç nə, heç nə hiss etmədim, maləsəf.
Müəllif: Aybəniz Əliyar