Etiket arxivi: Aynur Məhərrəmli

Kamillik və insanlıq düşüncələri

Kamillik və insanlıq düşüncələri

İmadəddin Nəsiminin özünü sığdıra bilmədiyi, ta o zamanlardan ətrafında gördüyü yaxşılıqlardan, müəllimi Nəiminin mükəmməlliyindən ruhlanıb hürufilik yolu seçmiş bu hüdudsuz, ecazkar cahan hazırda bədxahlığın və kamil insan xeyirsevərliyinin əlində tərəfsiz qalıb. Zərdüşt bir zamanlar indi bizim də başımızı qaldırdıqda gördüyümüz səmaya baxırdı. Nə olursa olsun, xeyirin — Hörmüzün şər tanrısı Əhrimənə qalib gələcəyinə inamı bizlərdə olduğu qədər onda da güclü idi ki, hətta Avestanı qələmə almışdı. Sonsuz bir inancla Adəm övladları olan bizlərin bütün şərə qarışmış işləri alt-üst edəcəyinə davamlı inanmaq istəyirəm, amma bəzən bütün fikirlərim Hadi tək məni sanki bu gözəl dünyanı pisliklərə çoxdan təslim etməyimiz düşüncəsində cəmləyir. Mənim yeni dirçələn bir gənc kimi hətta dünyamızın halına yazığım da gəlir. Onu bu yaralı vəziyyətdən çıxarmağın yeganə çarəsi isə qəlbinin gözəlliyini qoruyub saxlamış insanların bütün bildiklərimizlə ağlı, kamalı və sədaqəti digər insanlara aşılamasıdır.

Düzdür, insan sonradan sadiq və dərrakəli olmur, belə doğulur. Ona görə ki, yüksək daxili keyfiyyətlərin təməli ən qaranlıq dünyada — ana bətnində qoyulur. İrəli sürülən bu çarə insanlara kitab paylamaq, 7-dən 70-ə hamını məktəbdə oxutmaq, kimlərinsə alim olmasına ölkə daxilində əlbirliklə nail olmaq deyil. Birbaşa təhsil vasitəsilə yeni nəsli irəli aparmaqdan söz düşdükdə isə təəssüf ki, bizim cəmiyyətimizdə hələ də qızlarını oxutmaqdan boyun qaçıranlar var. Bu bizim üçün böyük bədbəxtlikdir. Oxumuş, dünyagörmüş qadın ziyalı, kamallı ailə və ictimaiyyət deməkdir. Lakin dünya haqqı olanı tələb edən, yüksək vəzifələrə öz gücü ilə yüksələn, həyatı üçün qərarlar verən qadınları görməyə hələ də tam hazır deyil. Bununla belə, hətta günümüzdə qadınlar insana verilən ən bəsit haqq — yaşamaq uğrunda mübarizə aparırlar. Səbəbi isə düzgün zehniyyətlə yetişdirilməmiş insanlardır.

Ağıllı, kamallı insan o insandır ki, bu gün aclıq və səfillik kimi çətinliklərin içinə doğulmuş, tərk edilməyi görmüş, eyni səhvi ən azından bir dəfə etmiş və onu bir daha etməməyə and içmiş kəsdir. Cahanın və kainatın xilası ilə bağlı qalibiyyət sevinci o zaman olacaq ki, içində yaşadığımız bu dərin bəşər ümmanı insanlara kin-küdurətlə baxmayacaq, ona əl uzadanın səxavətini danmayacaq, sevgiyə nadanlıq və nankorluqla qarşılıq verməyəcəkdir. Mən, sən, o — cümlə insanlar mənəviyyatını təmiz saxlamaq üçün kiçik bir zərrə qədər səy göstərməyə başlayanda yalnız o zaman kamalı təhsil, inkişaf və akademik biliklə əlaqələndirmək olar. Hələ bütün insanların diplomlu, təhsil almış kamil insanları təqdir etməsi üçün çox uzun yolumuz var. Bu yol zamanla bizi tanımadığı insanlara gülümsəyən, kimliyindən asılı olmayaraq qarşısındakının fikirlərinə və şəxsiyyətinə hörmətlə yanaşan, kömək əli uzatmağı özünə ar bilməyən təmiz ruhlu insanlarla qarşılaşdırmağa başlayanda, o zaman hamımız rahat bir nəfəs alacağıq. Lakin inanmaq istəyirəm ki, günün birində Məhəmməd Füzuli kimi ilahi aşiqlərin və kamillik sevdalılarının bacardığı qədər olmasa da, bu qorxunc dövran və onun daxilində var olmağa davam edən hər fərd kamilliyə çatacaq.

Aynur Məhərrəmli,
şagird-həvəskar yazar

Aynur Məhərrəmlinin yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aynur Məhərrəmli – O gecə

O GECƏ

(esse)

Bir insan, bir toplum, məsum insanlardan ibarət günahsız xalq, sadəcə, müstəqil yaşama sahib olmaq, asılılığı inkar etmək üçün nə qədər vəhşətlə üz-üzə, göz-gözə gəlmiş ola bilər?
Cəfakar xalqımdan, yaşlımdan, uşağımdan, balasının bayrağa bələnmiş tabutuna sarılan ağbirçək anamdan soruşun. Soruşun ki, nə gördü millətin qaranlıqda, qan içində? Nə görə bildi kor edilən millət o dəhşət gecəsində? Nələri evində qoyub bir daha qayıda bilmədi? Ocağının hənirtisi bir də heç vaxt canına dəymədi.
Bəlkə, qara buludlar çəkilər, gün üzü görünər deyə “Öldü var, döndü yox”a sarılan candan sədlərin qəlblərindəki vətən eşqi, ruhlarındakı azadlıq atəşi, damarlarındakı qaynar qan günlərdir olduğu kimi, şaxtanın insanı kəsdiyi o gecə də ölümə sinə gərən heç kəsi üşütmürdü.
Lakin əliyalın, gülləyə, bədəni parçalayan tanklara qarşı ruhuyla vuruşan ana yurdun övladları buz kəsəcəklərini, qanlarının quruyub, bitib, donacağını təxmin etməmişdilər. Düzdür, atılan güllələrə alışırdılar, amma bilirdilərmi ki, “Ziyansızdır, narahat olmayın” deyə tanıdılan düşmənlər onlara nə divan tutacaq?
Sağa-sola insafsızcasına, qana susamış şəkildə açılan atəşlər nə köksünü ötürməmiş, şəhadət gətirməmişlərin canını göyə sovurdu. Məhəbbətlər, həyatlar, böyük xəyallar pərən-pərən ətrafa səpələndi, viran oldu.
Səbirsizliklə gözlənən xəyallardan biri Məmmədovların ailəsində, evin qızının qəlbində yarım qaldı. Adına görə uşaqlar arasında xoş qarşılanmayan gələcəyin, elə indinin gözəl piano müəlliməsi olacaq Larisa adını dəyişəcəyi, anası Qalina xanım isə qızının böyüyəcəyi zamanları dörd gözlə gözləyirdi. Fəqət Larisa “Leyla” ola bilmədi, anası 13-ünü gördüyü övladının 43-ünü görmədi. Larisa heç böyümədi. Atası Fərman bəy ilə bərabər ikən can verən balaca Larisanın yarası yalnız onun deyil, o dəhşətli anlarda balasından xəbər tuta bilməyən çarəsiz ana və atanın da ürəyində açılmışdı sanki. Qanla islanan Larisanın paltosu idi, doğrudur, amma bir o qədər qanı da anası qəlbinə axıtmış, körpəsinə ağlamışdı.
Baş verdiyi ilk gündən şeirlər, yanğınlı nəğmələr, əsərlərin saysız olduğu bu vicdansız əməl – soyqırım – parlaq istedadı, fədakar maarifçimizi əbədiyyətə, ülviyyətə, ən yüksək məqam – şəhidliyə ucaltdı.Suverenlik üçün mübarizənin ən qızğın nöqtəsindəki can qardaş-bacılarına hərəkatda, ocaq başında dəstək olurdu çiçəyi burnunda, hələ 21-ində olan Ülvi. Hisli və solğun bənizinin halını düşünmədən müəlliminin can yandırıb verdiyi şirin çayla imtahanını verən o misilsiz tələbə buradakı dərsini tamamlayıb, fərqli bir dünyada imtahanından keçməyə yollandı. Evin səssiz, amma dahi ruhlu uşağı Ülvi balaca vaxtından yazırdı. Əsl eşqi vətənindən, sevdiyi qızdan yazırdı. Şübhəsiz ki, torpağı üçün ölməyə, torpaq olmağa hazır idi, ancaq şeirlərində həmişə bir hüzün, qüssə vardı, elə bil ölümə tələsirdi. Sanki hiss edirdi Ülvi nakam gedəcəyini. “Dedim , köçsəm bu dünyadan, köks ötürüb anasısan”, – deyirdi o. Anırıq, Ülvi, səni dillər anır. “Adsız uyuyuram bu qərib yerdə” yazmışdın, adın hamıya tanışdır indi, vətən oğlu. Anandan nigaran idin, qardaş axtarmışdın onu ovutmağa, sən ananı nigaran etdin.
Ədəbiyyatın özülü eşq dastanlarını boynu bükük qoyanları unutmaq, şəksiz, günahdır. Bəlkə, canına qıymaq da günahdır, ancaq məhəbbətinin arxasınca bətnində körpəni atasına, özünü sevgilisinə çatdırmaq üçün edilən qəsdə Tanrı belə səssiz qalmağı seçir. Silahsız millətinə zirehli texnikayla hücum edilməsi kimi bir şərəfsizliyi qəbul etmək istəməyən İlham gecə yarısı tankın önü düşmənin dilində “İnsanlar silahsızdırlar, güllə atmayın!” deyərək çıxır. Körpəyə belə rəhm etməyənlərin namərd gülləsi İlhamın sinəsini paralayır. Səhər ən azından yaralı olsa da həyatda olmasını diləyərək anası və qardaşı xəstəxanaları axtarmağa çıxanda yol üstündə gördüyü qan gölməçəsinə “Hansı anası ölmüşündür, nə şirin qandır”, – deyir Ofeliya xanım. Bilmir ki, içində Fərizəni daşıdığı, bağrı yarılan doğmaca oğlunun qanıdır. Onun tapıldığını anası özü aldığı yerdəki qırmızı şərfdən anlayır.İlhamın vəfatına tab gətirə bilməyən Fərizə vəsiyyətini göz yaşları içində, qıvranarkən “Məni ağlamayın” yazdığı yarım məktubla açıqlamağa çalışır. “Onsuz da bu…” deyə qalır, tamamlanmır yazı, amma onsuz da bu sarsılmaz sevgi bağı idi, elə deyilmi, Fərizə? Hər adət-ənənəyə uyğun yuva quran cütlük adətdən kənarlaşdırılıb dəfn edilir. Fərizə orada uyuyan hər şəhidin bacısı olur. Hər zamanki kimi İlhamın sol yanı olur.
Hər kəs əlindən gələni edərkən balaca İlqar da edə biləcəyi heç nəyi əsirgəmir. Sırf isinə bilsinlər deyə kazarmadakılara odun daşıyan 12 yaşlı İlqar içərisində olduğu maşının üzərindən tankın keçməsi ilə dünyasını dəyişir. O, bu gün də şagirdi olduğu və digər məktəblərdə yad edilir. Onun yaşıdlarına və ondan balacalara qürurla danışılır.
Elə qəhrəman soydaşlarımız var ki, hissələrə ayrılmış vücudundan dəfnində yalnız qolunu basdırırlar. Yusif kimi.
Bəlkə də , adları, yaşları bilinmir, amma bu qanlı və şanlı tarixin üzərindən illər ötdükcə, hər il onları da görməyə gəlirlər. Kim olduğundan agah olmadığımız o rəşadətli kəslər onları ziyarət edişimizlə təsəlli, təskinlik tapırlar.
İnsanlığın bətərini görmədiyi, şənliklər yaraşığını qana bulayıb matəm çiçəyi edən Azərbaycanın bu qara tarixi indiki və sonrakı nəsillər dərk etdikcə anılacaq və anılmalıdır. Unudulması qeyri-mümkün olan bu vahiməli və dəhşət dolu hadisələr bu torpağa məxsus hamının əbədi matəmidir.
Onlar bizim üçün öldülər, amma bizim üçün ölməyəcəklər.

Aynur Məhərrəmli,
şagird-həvəskar yazar

Aynur Məhərrəmlinin yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I