Etiket arxivi: ƏFRAHİM ABBAS

Bir qrup yazar təltif olunub

“Əsrin yazarı” fəxri medalı laureatları
Son günlər ərzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl Qələm” Media Mükafatı, TYB-nin xısusi ödülü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Turan Ödülü” laureatı, veteran pedaqoq, Turan Xalq şairi, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbas müəllim ölkənin ədəbi sahəsində xüsusi yeri və çəkisi olan “Yazarlar” ədəbi-bədii, elmi jurnalı tərəfindən “Əsrin yazarı” fəxri medalı ilə təltif edilmişdir. Həmin medal və onun xüsusi şəhadətnaməsi Ustad şairimizin 75 illik yubileyi və “Dünya mənim içimdədir” adlı şeirlər kitabının təqdimat mərasimində ona təqdim edilmişdir.
“Həməşəra” mətbu orqanı olaraq ədəbi mühitimizin fəxarətli və görkəmli nümayəndəsi, əzizimiz və dəyərli dədəmiz Ustad Əfrahim müəllimi ürəkdən təbrik edir, eyni halda əziz ustadımızı belə bir fəxri medala layiq görmüş “Yazarlar” Jurnalının baş redaktoru, Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist, dəyərlimiz Zaur Ustac müəllimə səmimi minnətdarlığımızı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
۞ Odlar Yurdu, Azərbaycan Respublikası, Cəlilabad şəhəri, “Tut Bağı” İstirahət Mərkəzi, 10.06.2026

İlqar İsmayılzadə
12.06.2026

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

Ustad Əfrahim Abbasın 75 illik yubileyi və kitab təqdimatı

Cəlilabadda ədəbi tədbir
(Ustad Əfrahim Abbasın 75 illik yubileyi və kitab təqdimatı)
Bu gün (10.06.2026) Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl Qələm” Media Mükafatı, TYB-nin xısusi ödülü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Turan Ödülü” laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbasın doğum günü, 75 illik yubileyi və yenicə işıq üzü görmüş “Dünya mənim içimdədir” adlı şeirlər və qəzəllər kitabının təqdimat mərasimi keçirildi.
Cəlilabad rayonunun tanınmış ziyalıları, Cəlilabad ədəbi mühitinin bir qrup nümayəndələri, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin bir qrup üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilən tədbir vətən və dövlətçilik uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması məqsədilə bir dəqiqəlik sükutla başladı, ardınca tədbir iştirakçıları öz çıxışında Ustad Əfrahim Abbasın ziyalı şəxsiyyəti, rayonun elm və təhsil, eləcə də ədəbi mühitinə xidmətlərindən söz açaraq onun ədəbiyyat sahəsindəki xüsusi bacarığı və ustad mövqeini yüksək qiymətləndirdilər. Bəzi çıxış edənlər isə həyatda ədəb və etikanın vazkeçilməz bir məsələ olduğunu önə çəkib, ədəbsiz və etikasız olan heç bir sahənin uğurlu və faydalı olmadığına təkid göstərdilər.
Tədbir boyu Ustad Əfrahim Abbasın qələmə aldığı şeirlərdən müəyyən nümunələr qiraət edildi, ardınca fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə tərəfindən Ustad Əfrahim Abbasa 75 illik yubileyi və ədəbiyyat sahəsində xidmətlərinə görə “Nizami Gəncəvi” Fəxri Diplomu, Turan Yazarlar Birliyi tərəfindən ona verilmiş “Turan Xalq şairi” fəxri adına aid xüsusi lövhə, həmçinin, “Yazarlar” jurnalı tərəfindən göndərilmiş “Əsrin yazarı” medalı və medalın xüsusi vəsiqəsi təqdim edildi.
Bundan əlavə, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru, Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı tərəfindən fəxri Diplom və eləcə də, AYB və AJB-nin üzvü, “Sözün işığı” mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman tərəfindən Cəlilabad Rayon Veteranlar Təşkilatının Fəxri fərmanı, həmçinin digər iştirakçılar tərəfindən müəyyən hədiyyələr təqdim olundu.
Ustad şair Əfrahim müəllim öz çıxışında ona göstərilən sayğı və diqqətə görə tədbir iştirakçılarına, “Həməşəra” mətbu orqanı, Turan Yazarlar Birliyi və “Yazarlar” jurnalının rəhbərliyinə səmimi minnətdarlığını, bütün tədbir iştirakçılarından razılığını bildirdi..
Bu tədbirdə ustad şairin yenicə nəfis şəkildə nəşr edilmiş sayca doqquzuncu şeirlər və qəzəllər kitabından tədbir iştirakçılarına hədiyyə olundu. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı. Fotolar:

“Yazarlar” olaraq həmkarımız ƏFRAHİM ABBASı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

ƏFRAHİM ABBAS: GÖRKƏMLİ ZİYALI, BÖYÜK SÖZ USTASI

ƏFRAHİM ABBAS: GÖRKƏMLİ ZİYALI, BÖYÜK SÖZ USTASI
(Cəlilabad ədəbi mühitinin görkəmli siması, yazıçı, şair-publisist Ustad Əfrahim Abbasa ithaf olunur!)

Cəlilabad rayonu və xüsusilə də Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli, eyni halda fəxarətli nümayəndələrindən biri də ədəbiyyat sahəsində peşəkarlığı qədər təmiz ürəyi və ziyalı şəxsiyyəti ilə tanınan və hörmətə layiq görülən şair, yazıçı-publisist, esseist və ədəbiyyatşünas, Turan Xalq şairi Əfrahim Abbasdır.
Bu qısa təqdimat yazısında görkəmli ustad şairimiz Əfrahim müəllimlə bağlı məlumat və şəxsi təəssüratımı qələmə almaq və bununla da dəyərli ustadımızı gənc nəsilə daha yaxından tanıtdırmağa çalışacam…

Qısa bioqrafik məlumat:
Əfrahim Abbas (Abasov Əfrahim Rzalı oğlu): 1951-ci ilin iyun ayının 10-da Astraxanbazar (indiki Cəlilabad) rayonunun Şabanlı kəndində anadan olmuşdur. 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil almışdır. 1972-ci ildən etibarən 2021-ci ilə kimi Cəlilabad rayon Şabanlı kənd tam orta məktəbində riyaziyyat-fizika müəllimi işləmişdir. 1976-1977-ci illərdə ali təhsilli olduğu üçün 1 illik hərbi xidmətdə olmuşdur.
Ədəbi mühitdə “Əfrahim Abbas” təxəllüsü ilə çıxış edən Əfrahim müəllimin ilk dəfə 10-cu sinifdə oxuyarkən “Amerikanın faciəsi” adlı şeiri “Kommunist” qəzetində çap olunub. O dövrdən də mütəmadi olaraq yaradıcılıqla məşğul olmuşdur.
Poeziya sahəsindəki uğurlu fəaliyyəti ilə yanaşı pedaqoji sahədə də rayonun önəmli və uğurlu müəllimlərindən biri olmuşdur. Onun pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. İndiyədək 15-ə yaxın fəxri-fərmanla, ilin müəllimi müsabiqəsində I dərəcəli diplomla mükafatlandırılmış, Azərbaycan Maarif Nazirliyi tərəfindən “Metodist müəllim” və “Ali dərəcəli müəllim” adlarına layiq görülmüşdür.
Tələbəlik illərindən etibarən respublikanın bütün dövrü mətbuatda şeirləri çap olunub. Qələmə aldığı şeirləri 1972-ci ildən etibarən rayon mətbuatında da vaxtaşırı çap olunur. O, rayonumuzun dəyərli ziyalılarından biri olaraq müqəddəs müəllimlik peşəsi ilə yanaşı həm də bacarıqlı yazıçı-şair olmuş və hal-hazırda Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndələrindən biridir.
Əfrahim Abbas müxtəlif səpgidə yazılmış şeirlər, poemalar və qəzəllərlə əhatələnən 7 kitabın və bir tarixi romanın müəllifidir.
Məlumat üçün qeyd etmək lazımdır ki, 19.04.2011-ci il tarixdə nəşr edilmiş, 1054 səhifəlik, “Azərbaycan Yazıçıları XX-XXI yüzillikdə” kitab-ensiklopediyasında haqqıda (səh.230) qısa məlumat verilmişdir.
Şeirin Əruz vəznində, eləcə də satira janrında xüsusi məharəti olan Əfrahim müəllim Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Turan Xalq şairi, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin xüsusi Ödülü və “Turan Ödülü”, həmçinin, və “Əsrin yazarı” medalının laureatıdır. Ailəlidir, 5 övladı (iki oğlu, 3 qızı) və 9 nəvəsi var.

Əfrahim adının mənası:
Əfrahim (və ya İfraim) adı ibrani (yəhudi) mənşəli kişi adı olub, “bərəkətli”, “məhsuldar” və ya “ikiqat bərəkət” mənasını verir. Müqəddəs Tövratın “Yaranış” kitabında yazıldığına görə, bu ad, İsrail oğullarının tanınmış peyğəmbəri həzrət Yusifin oğlunun adı kimi tanınır. Həmçinin, mələk adı ilə də əlaqələndirilir.

Əsərləri:
Əfrahim müəllim Abbasın indiyədək işıq üzü görmüş əsərləri aşağıdakılardan ibarətdir:

  1. “Adınla başladım” (Şeirlər);
  2. “Qaytar özümə zalım dünya” (Seirlər);
  3. “Azadlıq aşiqiyəm” (Şeirlər);
  4. “Anama borcluyam mən” (Şeirlər);
  5. “Dad əlindən zalım dünya” (Poema);
  6. “Sən niyə tənhasan” (Şeirlər);
  7. “Məhv edilmiş iki tale” (Tarixi roman);
  8. “Dünya səndən gedəcəyəm” (Şeirlər);
  9. “Dünya mənim içimdədir” (Şeirlər və qəzəllər).
    Məlumat üçün qeyd etmək lazımdır ki, Əfrahim müəllimin hələ işıq üzü görməmiş “Yadplanetli gəlin” adlı bir povesti də vardır.

Subyektiv baxışım:
Belə bir atalar sözü var: “Görünən dağa nə bələdçi?” Bu hikmətli atalar sözündə məqsəd odur ki, bəzən elə insanlar var ki, onların təqdimata heç bir ehtiyacı olmur. Bu söz daha çox şəxsiyyəti, kimliyi, sözü, işi və davranışı göz önündə olan və tanınan insanlar haqqında işlənir.
Görünən dağa bələdçi lazım olmadığı kimi, Cəlilabad ədəbi mühitinin görkəmli və aydın nümayəndəsi Əfrahim Abbasın da təqdimata ehtiyacı yoxdur. Çünki o, varlığı, şəxsiyyəti, dəyərləri ilə öz adı və təsirini təsbit etmişdir. Lakin düşünürəm ki, bəzən böyük və əzəmətli bir dağ insanların gündəlik müşahidəsi altında olduğu bir halda ondan xəbərsiz və ona qarşı etinasız ola bilərlər. Bunu bəzi aydın və görkəmli insanlar barədə də müşahidə etmək mümkündür. Hər halda insanların məlumat azlığı, diqqətsizlik, hər kəsə adəti üzrə yanaşma tərzi və digər səbəblər ucbatından bu sahədə haqsızlıqlar ola bilər. Bu baxımdan, cəmiyyətin dəyərli və görkəmli simalarını səmimiyyət və ədalət çərçivəsində olduğu kimi təqdim etmək və dəyərləndirmək bir zərurətə çevrilir. Məhz buna görə, dəyərlimiz Əfrahim Abbas müəllimi də təqdim etmək lazımdır.
Heç şübhəsiz, bu qəbil təqdimatlar məddahlıq və yaltaqlıq deyil, əslində dəyərli olanı dəyərləndirmək, eyni halda onu tanımayanlar və xüsusilə də gənc nəsilə daha çox tanıtdırmaq, həmçinin, bütün bunların çərçivəsində həm də dəyərləri təbliğ etmək və yaşatmağa xidmət göstərən müqəddəs bir işdir.
Bu izahlardan sonra Əfrahim müəllim barədə öz səmimi və subyektiv baxışımı təqdim etmək istərdim: Cəlilabad ədəbi mühitində “Əfrahim Abbas” təxəllüsü ədəbiyyat sahəsində ustad, Əruz elminin mükəmməl bilicisi, ədəbi təhlilçi və tənqidçi, peşəkar şair, bacarıqlı yazıçı və esseist olmaqla yanaşı, həm də bütün ədəbi bacarığı və ustalığı qədər əsil ziyalı və insani dəyərlərin daşıyıcısı olan bir əziz pedaqoq, ziyalı insan və görkəmli şəxsiyyət mənaları ilə bərabərdir. Çünki bu təxəllüs bütün bunları onu yaxından tanıyan dinləyicinin zehnində canlandırır.
Əfrahim Abbasın poeziya dünyası dərin, qiymətli və mükəmməldir. İstənilən mövzuda, həmçinin, istənilən vəzn və formada qələmə aldığı şeirlərin dili rəvan, oxunaqlı, sərrast və yetərli, həmçinin, dinləyicinin qəlbinə yol tapa bilən poeziya nümunələridir. Bu xüsusiyyətlər onun müxtəlif mövzularda qələmə aldığı esselər və hekayələrdə də özünü göstərir. Bu da onun sözün həqiqi mənasında bacarıqlı qələm sahibi və məharətli söz ustası olduğundan xəbər verir.
Əfrahim müəllim tək və sadə bir insan deyil, bütün varlığı və ədəbiyyat sahəsində malik olduğu bacarıqları ilə görkəmli bir ustaddır.
Onun ən bariz xüsusiyyətlərindən biri də hər zaman öz milli kimliyi, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələrinə sadiq qalmasıdır. Heç bir zaman özünü başqalarından üstün tutmaz, qələm yoldaşlarının uğurundan rahatsız olmaz, gənclərə dəstək verməkdən isə əsla usanmaz. Ziyalı xüsusiyyəti ilə yanaşı dostlar və əzizlərlə ünsiyyətlə hər zaman şən, zarafatçı olsa da, zarafatlarında kimisə alçaltmır və ya kiminsə qəlbini qırmır. Buna görə də istər ədəbi mühitdə, istərsə də cəmiyyət arasında gənc nəsilin sevimlisidir.
Həyatda və xüsusilə də ədəbi mühitdə söz və qələm sahibi olmaq, məharətlə qələm işlədib bir-birindən gözəl və samballı şeirlər, mənalı və düşündürücü esselər, hekayələr, povest və romanlar yazmaq bir çoxlarının əlindən gələ bilər. Lakin ədəbiyyat sahəsindəki bacarıq və məharətlə yanaşı həm də həyatda sözün həqiqi mənasında gözəl, mədəni, etikalı və ləyaqətli bir insan və ziyalı şəxsiyyət olmaq hər kəsin bacarığı çərçivəsində deyil. Lakin etiraf etmək lazımdır ki, Əfrahim Abbas müəllim ədəbiyyatla ziyalılığı bir-birinə möhkəm calamış əziz və dəyərli bir şəxsiyyətdir. Buna görə, onun adını dilə gətirəndə v əya qələmə alanda insanın qəlbi rahatlaşır və istər-istəməz fəxarət və qürur hissi keçirir. Bütün bu sadalananlar Əfrahim Abbas şəxsiyyətinin ayrılmaz parçası sayılır…

Arzu və diləklər:
Bu təqdimat yazının sonunda Ulu Tanrıdan bu il 75 illik yubileyini qeyd edən doğma elimizin əziz və dəyərli ziyalısı, Cəlilabad ədəbi mühitinin fəxarəti və görkəmli nümayəndəsi, ustad şair, publisist və esseist, AYB, AJB və TYB-nin üzvü, Turan Xalq şairi hörmətli Əfrahim müəllim Abbasa və əzizlərinə uzun, sağlam, mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
09.06.2026