Etiket arxivi: Laçın

ƏLLƏRİMİ TANRIYA BORC VERMİŞƏM…

Əllərimi Tanrıya borc vermişəm

Sənə nə könlümə yağan yağışdan,
Ruhunu, könlünü buz tutan adam.
Çəkmə izlərimi, çəkmə yoxuşdan,
Şeytanın evinə üz tutan adam.

Mənim ruhum başqa, düşüncəm başqa,
Quşun dimdiyində yem sevinciyəm.
Könlümə dost olur bəzən qarışqa,
Kimdi bu qəribdən küsüb inciyən.

Əbəsdir tənimə yetişmək cəhdin,
Məni dağ doğurub, səni dərələr.
Sənin savab ilə ötüşmək əhdin,
Xülyadı, önünə iman sərələr.

Çək uzağa duasız əllərini,
Mən göylərdən duaları dərmişəm.
Savab yazsın deyə əməllərimi
Əllərimi Tanrıya borc vermişəm.

Vicdan qamçılayıb atını, səndən
Çox – çox uzaqlarda dincini alır.
İnsaf da, mürvət də dolanır gendən,
Boğaza çəkməyə ülgücün qalır.

Gedirəm könlüyalın…

Yenə yollar görünür sən olmayan şəhərə,
Əllərinin həsrətin şaxtada dondururam.
Gözümdəki buludu yem edirəm qəhərə,
Bu sərçə ürəyimi ovcuma qondururam.

Dualar göndərirəm sevginin Allahına,
Ayrılığın ömrünü bir az gödək eləsin.
Qaranlığa əsirdi hər günüm, vallah, inan,
Az qalır ki, öz əlim özümü kötəkləsin.

Aydınlığa çıxaram zülməti pusa bilsəm,
Gəncliyinə susayıb qocaltdığım o qız da.
Yaşayardım bəlkə də içimdə susa bilsəm,
Demədiyim nəsnələr boylanır ağ kağızdan.

Gedirəm könlüyalın, ruhum hicran təlaşlı,
Qorxuları yenməyə tab gəzirəm özümdə.
Hardan əsdi bu külək, ömrüm qəmə bulaşdı,
Gün darayan bəxtimi dərd gətirdi gözümdən.

Ağ bayraq qaldırmağa ruhumdan ar edirəm,
Adıma bürünmüşəm əyilmərəm kədərə.
Kif basmış arzuları əlçim-əlçim didirəm,
Yeni ümid əyirib don hörürəm qədərə.

Bir qara əl oynayır sevincimin içində

Ayrılıqdan vüsala salınıb bu körpülər,
Eh… hələ də uzaqlar yetimlik çəkir orda.
Qorxuram bu yolların etibarı qırıla,
Həsrət yerin bərkidir, təzə ev tikir burda…

Körpülərin tağları qırıq bəndə söykənib,
Bir qara əl oynayır sevincimin içində.
Gün təzə boylanırdı duman özün yetirdi,
Yenə yollar üşüyür yiyəsizlik biçimdə.

Bir talesiz yurd orda, üstü kədər örtüklü,
Bəxt güzgüsü çatlamış gəlin ömrüdü ömrü.
Çırağının nefti yox, suyu başdan bulanıb,
Ocağı közsüz qalıb, oğurlanıb kömürü.

Şeytan quyruq bulayır tüstüsüz bacasında,
Qapısında iblisin nökərləri yallanır.
İlahi göydən baxıb nə düşünür görəsən, –
O yurdun adamları yenə nəyə aldanır?!!

Yenə savaş oxuyur meşələrdən gələn səs,
Səbri daha dar gəlir bu torpağın əyninə.
Ağaclar qulağını söykəyib qayalara,
Güllələrin səsini həkk eləyir beyninə…

Yıxılmazdı ürəyimdən adamlar

Bircə adam saxlayaydın gözümdə,
Kiçiltməzdin ucaltdığım “dağları”.
Bircə ümid, bircə inam, tək güvən…
Qaraltmazdın dürr bildiyim “ağları”.

Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq xəzanlar,
Yalanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.

O qadın da yalançıymış, İlahi,
Aldandım şeytanın mələk üzünə.
İblisiymiş, qaranlığın Allahı
İşıq kimi görünürmüş gözümə.

O adam da babasıymış günahın,
Savab bilib yar seçmişəm özümə.
Düz sözəydi apardığım pənahım
Güvəndim… aldandım kişi sözünə.

Bircə adam saxlayaydın gözümdə,
Bircə ümid, bircə inam, tək güvən…

Yollar qucaqlayıb köhnə izimi

Yoldumu izimi çəkib aparan,
Mənəmmi bu yolun inadın qıran?
Kimiydi yanımdan ötdü çaparaq,
Kimiydi uzaqdan əl edib duran?

Yol məni, mən yolu gedib bitirdik,
İndi ayrılırıq bir tin başında.
O məndə, mən onda itib gedirdik,
Fərqində deyildik yayın, qışın da.

Fəsil tanımadıq, il tanımadıq,
Qarı ayaqlayıb, buzu adladıq.
Kölgəni yurd seçib daldalanmadıq,
Küləyi belindən iki qatladıq.

Keçdik keçilməzi, tərsi ram etdik;
Aşdıq olmaz adlı aşırım səddi.
Qismətə bölünməz kəsri tam etdik;
Hasil ömrümüzdə qoşa ədəddi.

Mənəmmiş yanımdan tələsik keçən,
Mən yola düşəndə saçım qaraydı.
Dünən zirvədəki qartalı seçən,
Göz indi bilmədi hara haraydı.

Belə unudurmuş insan özünü,
Belə ötüşürmüş illər xəbərsiz.
Yollar qucaqlayıb köhnə izimi,
Təzə iz qoymağa ayaq təpərsiz.

Tanrının evində bir ruh dul qalıb

Bu taleyin son qadını mən idim,
Ürəyini gözlərinə sığdıran.
Mən idim e buludların bətnindən
Göz yaşıtək yağışları yağdıran…

Könül köçüm göy üzünə yol alıb,
Ulduz-ulduz ilmələnir izlərim.
Tanrının evində bir ruh dul qalıb,
Ora çəkir, ora çəkir dizlərim…

Yeri varmı bir adamlıq komaya,
Ətəyində yuva qurum tanrının.
Gör nə qədər göz dikilib səmaya,
Gözü hardan məni görsün tanrının?!.

Sən mənim evimsən…

Guya ki, mən sənin evin deyiləm,
Bu ocaq, bu yuva bizimki deyil?!.
Gözündən asılan alovlu baxış,
Ruhuna qovuşan ruh mənim deyil?!.
Ovcun əllərimin isti yuvası,
əllərin ovcumda ən əziz sakin.
Sən məndə var olan ilahi adam,
Mən səndə yaşayan bəxtəvər qadın.
Bizim yaşamağa evimiz yoxdu…
Sən mənim evimsən,
Mən sənin evin…

Tanrı, öp dünyanı!

Dünya boğulur…
siyasət adlı qatilin
gözəgörünməz barmaqları
ölüm fırçasıyla rəngləyir
dünyanın sinəsini,
nəfəsi kəsilir yer üzünün…
İlahi, özün gəlmə,
bircə mələyini göndər
nəfəs üfürsün yerin
ciyərlərinə.
O nağıl vardı ha, o nağıl –
mağarada yatmış gözəl
şahzadənin öpüşündən
ayılmışdı.
Bir təzə nağıl başla,
mənfi qəhrəmanın
qələbəsinə sevindirmə iblisi.
Bu nağılın sonuna
üç alma da göndərmə,
Tanrı, öp dünyanı!

Mən olsaydım

Güzgüdəki mənəm?!.
…yox, mən deyiləm,
mən olsaydım –
təbəssüm toxuyardı kirpiklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda…
Mən olsaydım –
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım –
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim.
Mən olsaydım –
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda…
Güzgüdəki mənəm…
çəkildim göylərə..,
ruhum çırpınır
Tanrının ovcunda kəpənək kimi…

Ruhum leysanlara təslim

Balışıma daşır gözüm,
Kürdən qopan qol kimidi.
Öyrənib sulara üzüm,
Ümmana bir yol kəm idi.

Susuram, içim alışır,
Dinirəm sözüm yandırır.
Var olan nəyə çalışır,
Məni yoxa inandırır?!

Haqq verər göz gördüyünə,
Aldadar qulaq adamı.
Bəxtim düşüb kor düyünə,
Əcəl alacaq “qadamı”.

Kərpic-kərpic hördüyümə,
Divar-divar ah sarılır.
Ömür deyib sürdüyümə
Dərd baxır, bağrı yarılır.

Əlimi tutan öz əlim,
Ayaqlarıma əsayam.
Əsirdi ağzımda dilim,
Səbrini udan kasayam.

Getdiyim yolun kəsəsi,
Qəmin izinə calanır.
Kimim var umub küsəsi,
Kölgəm dizimə dolanır.

Duyğularım uçuq, pərən,
Ruhum leysanlara təslim.
Ehh… nəfəsindən öpərəm
Dönsə könlümə söz fəsli…

Müəllif: Sevinc Qərib

Sevinc Qəriin digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Simurq” kitabxanasının kitab fondunun Laçında fəaliyyət göstərən məktəbə təhvil veriləcəyi bildirilib

“Simurq” kitabxanasının kitab fondunun Laçında fəaliyyət göstərən məktəbə təhvil veriləcəyi bildirilib

Bakı Abadlıq xidmətinin mətbuat katibi Lalə Əliyevanın Qafqazinfo-ya verdiyi açıqlamada “Simurq” kitabxanasının kitab fondunun Laçında fəaliyyət göstərən məktəbə təhvil veriləcəyi bildirilir.

Məktəb kitabxanası ilə şəhər kitabxanası arasındakı fərqi bilməmək təəssüf doğurur və bu, məsələyə münasibətdə peşəkar yanaşmanın yetərli olmadığını və əslində kitabdan nə qədər uzaq olduqlarını göstərir.

Məktəb kitabxanasının fondu məktəbli yaş qrupunun tədris və mütaliə ehtiyaclarına uyğun formalaşdırılır. “Simurq” kitabxanasının fondu isə bütün yaş qruplarının maraq və tələbatını əhatə edir. Bundan əlavə, məktəb kitabxanasının əsas istifadəçiləri şagird və müəllimlərdir, rayon sakinləri isə şəhər kitabxanasında olduğu kimi həmin kitabxanadan sərbəst şəkildə yararlana bilmirlər.

Yaxşı olardı ki, Bakı Abadlıq Xidmətinin nümayəndəsi dövlət mülkiyyəti olan kinoteatr binasının hansı hüquqi əsaslarla bu qurumun istifadəsinə verildiyi barədə də ictimaiyyətə açıqlama təqdim edərdi.

“Yazarlar” olaraq, biz də bu çağırışa qoşuluruq: – Laçındakı ziya ocağını sönməyə qoymayın (söndürməyin), “Simurq” kitabxanasının qapıları bağlanmasın!!!

Hörmət və ehtiramla: Zaur USTAC

Hörmət və ehtiramla: Natəvan Uğurlu

Mənbə: Laçın Simurq Kitabxanası

Natəvan Uğurlunun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Simurq” kitabxanasının qapıları bağlanmasın!!!

Kitabxanamız bağlanır

Təəssüf hissi ilə bildiririk ki, artıq 6 aydır fəaliyyəti dayandırılmış “Simurq” kitabxanası tamamilə bağlanılır.

Tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü il tarixində Laçın şəhərində yaradılmış və qısa müddət ərzində rayonun mühüm mədəni-maarif ocaqlarından birinə çevrilmişdi.

Kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Yazıçılar Birliyinin, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də tanınmış yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılmışdı. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılmışdı.

Bu kitablar sadəcə kağız üzərində yazılmış əsərlər deyil. Onların hər biri Laçının yenidən dirçələn mədəni həyatının bir parçası, oxucular üçün bilik və maarif mənbəyi, gələcək nəsillərə ötürüləcək mənəvi sərvətdir.

Laçının yenidən qurulduğu, insanların doğma şəhərinə qayıtdığı, şəhərdə yeni həyatın başladığı bir dövrdə kitabxananın fəaliyyətinin dayandırılması və tamamilə bağlanması böyük təəssüf doğurur.

Bir şəhəri yalnız yolları, binaları və küçələri yaşatmır. Şəhəri yaşadan onun yaddaşı, mədəniyyəti, kitabları və insanlarıdır.

Bu gün “Simurq” kitabxanasının qapılarının bağlanması ilə yalnız bir kitabxananın fəaliyyəti dayanmır. Laçının yenidən formalaşan mədəni həyatının mühüm bir ünvanı da itirilir.

Ümid edirik ki, minlərlə kitabın taleyi, onların gələcək nəsillər üçün qorunub saxlanılması və Laçında kitabxana ənənəsinin yaşadılması məsələsinə yenidən nəzər salınacaq.

Çünki kitabxananı bağlamaq asandır, amma bir şəhərin oxumaq və öyrənmək mədəniyyətini yenidən formalaşdırmaq illər tələb edir.

“Yazarlar” olaraq, biz də bu çağırışa qoşuluruq: – Laçındakı ziya ocağını sönməyə qoymayın (söndürməyin), “Simurq” kitabxanasının qapıları bağlanmasın!!!

Hörmət və ehtiramla: Zaur USTAC

Hörmət və ehtiramla: Natəvan Uğurlu

Mənbə: Laçın Simurq Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

Natəvan Uğurlunun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Valeh Heydər – Laçın

ƏZƏMƏT GÖSTƏRİR ALƏMƏ LAÇIN
(sonet)
Göyə qucaq açıb yalçın qayalar,
Əzəmət göstərir aləmə Laçın.
Hansı yaraşıqdan, de, söhbət açım,
Burda gözəlliyin min bir izi var.

Çağlayan çayları laylalar çalar,
Meşələr darayıb hörübdür saçın.
Qartal tək zirvəyə yüksəlib uçun,
Səması baxanı heyrətə salar.

Düşmənə heç zaman o əyilmədi,
Qorudu qürurun, sınmadı qəti.
Çətin anlarında qorxu bilmədi.

Anlatdı dünyaya o həqiqəti:
Azad olmayınca üzü gülmədi,
Tapdı səadəti, atdı möhnəti.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Laçın Simurq Kitabxanası təqdim edir – kitab oxuyaq

Əziz izləyicilər!

“Mən oxudum, sən də oxu” adlı kitab tövsiyəsi rubrikamız davam edir.

Növbəti tövsiyyəmiz Akşin Xəyalın “Noyabrın payız eşqi” adlı hekayələr kitabıdır.

“Bir də payızı ‘O’nun üçün sevmək var.
Və hamıdan gözəl olanı — payızı sevdiyin halda, bir də payızın sevgisi ilə qarşılaşmış olmaq var.
Bu iki sevgi birləşəndə artıq ‘Payız’ adlı bir eşq yaranır.
Payız qədər narıncı, payız tonları qədər isti…”

Kitabda təkcə sevgi mövzusu deyil, həyatın müxtəlif çalarları, fərqli duyğular və mövzular da oxucuya təqdim olunur.

Zaur USTAC – “Ziyadar”ların Laçın səfəri – 09.08.2024.

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏLİMDƏ QALAN İZLƏR

ƏLİMDƏ QALAN İZLƏR

(esse)

Yaşadığımız bu dünyanın — bu möhtəşəm kainatın — hər yerində ağaclar, dağlar, çiçəklər var. Amma doğulub böyüdüyümüz torpaq, vətən torpağı tamam başqadır. O torpaq içimizdə bir nəfəsdir — ondan ayrı düşəndə ruhumuzun bir parçası sanki susur.
Həyatın ən dərin izləri bəzən bir ləçəkdə, bir qoxuda, bir səsdə gizlənir.
Laçın işğaldan yenicə azad olunmuşdu. O vaxt həmin torpaqlara yalnız həkimlər, təsərrüfat işçiləri və xüsusi müxbirlər gedə bilirdilər. Elə həmin günlərdə iş yoldaşım mənə elə bir hədiyyə verdi ki, bu hədiyyə ömürlük qəlbimdə iz qoydu: su, kəklikotu və torpaq.
Suyu qaynadıb, Laçından gələn o kəklikotunu dəmlədim. Su buxarlandı, kəklikotu yumşaldı, qoxusu otağa yayıldı…

O qoxu əllərimə hopdu — sanki vətən barmaqlarıma toxundu.
Səssiz bir salam idi, uzaq dağlardan gələn bir nəfəs kimi.Sonra bir doğmam Laçından çiçəklər və alma gətirdi. Uşaqlığım gəlib gözlərimin önündə dayandı.
Dəcəlliyimdən və ya sadəcə xoşuma gəldiyindən yığdığım o çiçəklər…Yetişməsini gözləmədən dərdiyim meyvələr…
Şuşadan gətirilən şam ağacının budağını əlimə götürəndə də eyni duyğunu yaşadım — sanki o torpaq insanı tanıyır, qoxusu ilə qucaqlayırdı.
İllər sonra özüm də Laçıma qovuşdum. Bir zamanlar lalə yığarkən yaşadığım hiss yenidən içimdə oyandı.
Əlimdə qırmızı rəng qalmışdı — lalənin özü yox, sadəcə izi… O an anlamışdım ki, bəzən ən gözəl şeylər biz toxunan kimi solur.
Bəzi anlar isə lalə kimi ruhumuza ilişib qalır — rəngsiz, amma dərin.
Sonralar yenə lalə dərdikcə lalənin izi qaldı əlimdə.
Amma bu dəfə başqa iz idi — ruhuma hopan görünməz izlərin yanına əlavə olunan, görünən bir xatirə.
44 günlük Vətən müharibəsində Qələbə üçün hər kəs əlindən gələni etdi.

Bu gün biz də Laçınımızda həmin Qələbənin ruhunu yaşatmaq, əhaliyə xidmət göstərmək üçün əlimizdən gələni edirik.

Müəllif: Natəvan Uğurlu

Natəvan Uğurlunun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təvəkkül Goruslu – MÜZƏFFƏR ÖLKƏM

MÜZƏFFƏR ÖLKƏM

Ax, necə sevməyim mən səni payız,
Sənin bərəkətin boyunu aşdı.
Duyduqca təbrikli busəni, payız,
Sevincim, şadlığım selləndi, daşdı.

Gəldin gəlişinlə Cəbrayıl gəldi,
Qovuşdu yurduna cəbrayıllılar.
Bu gəliş ilk idi, bu bir əzəldi,
İndi xoşbəxt idi yurd xəyallılar.

Növbədə Füzuli, Zəngilan vardı,
Üfüqdən Qubadlı əl eyləyirdi.
Tanrı əsgərimə, orduma yardı,
Qəsəbə, kəndlərə yol eyləyirdi.

Yol edib sıldırım yalçın qayalar,
Şuşanı fəth etdi ər igidlərim.
Yağıdan qalmışdı ətdən tayalar,
Şəhadət tapsa da nər igidlərim!

Müzəffər Ordumun şücaətindən,
Yarpaq tək əsirdi düşmən əsgəri.
Qorxaqdı, kölədi bəsirətindən ,
Əlində ağ bayraq açdı səhəri!

Döyüşsüz qayıtdı Kəlbəcər, Ağdam,
Düşmən peşimandı, xəcildi indi.
Vüsala yetirdi Laçını Xudam,
Qürurum oyandı, onurum dindi!

Şəhid oğulların şəhadətiylə,
Vüqarı qaytardıq içimizdə qəm.
Yenilməz əsgərin rəşadətiylə,
Bütövlük qazandı müzıffər ölkəm!

01 12. 20

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AĞA LAÇINLI – SONEVDƏ

Ağa LAÇINLI (5 may 1940 – 25 noyabr 2007)

Anım günündə şairi rəhmətlə anırıq:

SONEVDƏ

Yerimiz bir kolun batıq dibində,
yan-yana yatmışıq bu daşlar kimi.
İndi gaplaşırıq ölü dilində
ayrılıb tapışan sirdaşlar kimi.

Nə gələn, nə gedən, nə bir səs-səmir,
dünyadan böyükmüş yoxluq ölkəsi.
Əsmir üstümüzdə, ta çoxdan əsmir
ovulan yarpağın ölü kölgəsi.

Bu qara sarayda heç kim savaşmır,
heç kim də qarğımır andı pozana.
Ancaq nədəndisə uçub yovuşmur
bu külüm külünə, tozum tozuna.

Damır göz camına bu yorğan qumu,
ta qolun uzanmır dadlı çimdiyə.
Qonub damımıza o qoşa qumru
nəsə qur-qurlaşır dimdik-dimdiyə.

Öpüşün, ötüşün, sevgi qulları,
ağ yalan sizi də yalqız qoyacaq.
Özüm çox oynadım bu oyunları,
yerini yandırdı mən adlı ocaq.

Ölməzdim and içən sözündə dursa,
mən qoltuq verdiyim yadı qorudu.
Ürəklər imana güzgü tutmursa
tükənməz heç harda bu dedi-qodu…

Yerimiz bir kolun batıq dibində,
yan-yana yatmışıq bu daşlar kimi.
İndi ağlaşırıq ölü dilində
ayrılıb tapışan sirdaşlar kimi.

                                                       2001

Müəllif: Ağa Laçınlı

Mənbə:Fəxri Uğurlu

PAYIZDAN SÖZ DÜŞƏNDƏ

YETMİŞ İKİNCİ YAZI
PAYIZDAN SÖZ DÜŞƏNDƏ
(Təvəkkül Goruslu yaradıcılığında payız lövhələri)
Salam olsun, çox dəyərli oxucum! Laçını bir neçə dəfə al-əlvan, güllü-çiçəkli görmüşdüm. Onun payızı da yazından heç geri qalmır. Müdhiş mənzərə adamı lap uzaqlara – qarşıdakı dağların ötəsinə götür. Mənzərə qeyri-iradi olaraq düşüncədə Gorus assosiasiyası yaradır. Gorus isə özlüyündə Təvəkkül Goruslu imzasını xatırladır. Bu məqamda – Laçında goruslu şairi xatırladığım üçün – gərək laçınlı ustadlar; Nazim Əhmədli, Adil Cəfakeş məni bağışlasın. Mənim bir təqsirim yoxdur. Bu məsələdə üç səbəbkar var:
-mudhiş mənzərə,
-mənzərəni yaradan payız,
-payızı nəzmə çəkən şair Təvəkkül Goruslu.
Payız – Azərbaycan poeziyasında həm bolluq fəsli, həm də düşüncələrin dərinləşdiyi, zamanın yavaşıyıb insanın özünə qayıtdığı bir hal kimi təqdim edilir. Bəndəniz hələ də bu fikirdədir:
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız.
Təbiətin möcüzəsi,
Bizə olan sözdü payız.
Bəli, payız (güz) insanın olğun, sözün dolğun çağıdır. Obrazlı şəkildə desək, payız var olanın yetkinlik dövrünü əks etdirir. Təvəkkül Goruslunun poetik dünyasında da payız yalnız fəsillərin ardıcıllığından biri – növbəti fəsil kimi deyil, məhz həm də insanın həyat təcrübəsini, əməklə topladığı qazancı, ömür yolunun sınaqlarını ifadə edən simvolik bir mərhələ kimi təqdim olunduğna görə diqqəti cəlb edir və müasir dövrümüzdə şairin müasirləri tərəfindən yaradılmış digər nümunələrdən yaxşı mənada seçilir. Necə deyərlər:
Ustac dəyər verər sözə,
Qabda nə var çıxar üzə, …

Onun “Payıza düşər” və “Payız yağışı” şeirləri payızın poetik ovqatını təkcə təbiətlə yox, insanın iç dünyasıyla da birləşdirir. Bu şeirlərdə payız həm zəhmətin mükafatı, həm də taleyin bir sınağı kimi görünür.
“Payıza düşər” şeirində şair fəsillərin yarışını təsvir edir. Təbiətin dəyişməsi yalnız təbiətin yox, həm də insan əməyinin dövri prosesləridir. Baharın təravəti, yayın istisi, qışın sərtliyi – hamısı payızda öz nəticəsini verir:
“Yarpaqlar qızılı, qırmızı rəngdə,
Fəsillərin nuru payıza düşər.”

Burada payız, əslində, il boyu görülən işin yekunudur. Bu səbəbdən kəndlinin (zəhmətkeş insanların) ən çox ümid bağladığı vaxt da payızdır. Şair sadə kəndli həyatının ritmini poeziyanın içindən keçirərək göstərir ki, payıza çatan zəhmət artıq “bar-bəhər” olur:
“Gəlincə gətirər barı-bəhəri,
Kəndlilər lap sübhdən açar səhəri.”

Bu misralar kənd əməyinin poetik salnaməsidir. Bir ilin son sorusu, son nəfəsi, son imtahanı payızda verilir. Uşaqlıqdan çoxumuzun yaddaşına ömürlük yazılmış: – “cücəni payızda sayarlar” – məsəlində də məhz bu anlam vurğulanır. Maddi bolluq – bağ-bağçanın, mal-heyvanın yekun məhsulları – hamısı kəndlinin gözləntisinin gerçəkləşdiyi məqamdır. Bəndəniz:
Yarpağı tökülüb olsa da sarı,
Payızda yetişir tutların xarı,
Deyirlər, payızda qarşıla yarı,
Nar sulu, alma bol, heyvası sarı…
Görək ustad sənətkar Təvəkkül Goruslu necə deyir:
“Fəsillərin varı payıza düşər!”
Məşqdən bir cümlə ilə – sənətkarlıq da məhz budur.
Təvəkkül Goruslunun payızı – zəhmət fəlsəfəsi üzərində qurulan milli həyat lövhəsidir.
Payız yağışı – ovqatın, taleyin və təkliyin işarəsi
“Payız yağışı” şeirində isə şair payızı daha fərqli rakursdan təqdim edir. Bu dəfə payız insana ağırlıq gətirən, düşüncələri dərinləşdirən, bəzən də yorğan kimi çökmüş köhnə hissələrin simvoludur. Şair payızın yağışından çəkinir, onu özünə yaxın buraxmaq istəmir:
“Sil gözün yaşını, ağlama payız,
Yağma üzərimə payız yağışı.”

Burada payız yağışı artıq əməyin bəhrəsini yığan fəsil deyil, insanın içində yığılıb qalmış kədərin metaforasıdır. Təvəkkül Goruslu kədəri təbiətlə danışdırır, sanki yağış insanın üstündəki yükü daha da ağırlaşdıran bir varlığa çevrilir.
“Yağış islanmışın nəyinə lazım…”
Bu misra həm həyat müşahidəsi, həm də daxili yorğunluğun qısa, lakonik izahıdır. Payız bəzən insana rahatlıq gətirmir, əksinə, içində gizlənmiş xiffəti oyadır. Şeir boyunca aydın görünür ki, şairin payıza münasibəti həm isti, həm də ehtiyatlıdır. Bir tərəfdən payızın bolluq fəslidir:
“Payız məhsul fəsli, evlər tikəndi,
Varını, barını önə tökəndi.”

Digər tərəfdən payız insana “tez tükənən” ömür hisslərini xatırladır. Şairin sözündə burada melanxoliyaya meyillilik boy göstərir:
“Yerdən qaldırmamış nə tez tükəndin…”
Beləcə, payız yağışı həm təbiətin hadisəsi, həm də insan ömrünün metaforası kimi verilir.
Payız obrazlarının poetik mahiyyəti
Təvəkkül Goruslunun payız poetikası üç əsas xətt üzrə formalaşır:
Əmək və zəhmət fəlsəfəsi
Payızın kəndli həyatındakı əhəmiyyəti şairin şeirlərində geniş şəkildə təqdim olunur. Şair üçün payız – əməyin nəticəsi, zəhmətin sevinci, ilin hesabatıdır.
İnsan ömrü ilə paralellər
Payız həm də insanın həyat dövrlərindən biridir. Yaz – gənclik, yay – yetkinlik, payız – müdriklik, yığım mərhələsi, qış – ömrün qapanışı kimi verilir.
Ovqatın dərinləşməsi
Payız yağışında kədər, sis, duman, yorğunluq kimi hisslər toplanır. Şair bu hissləri təbiətə köçürür və təbiət də insan kimi dərdə bürünür.
Təvəkkül Goruslunun yaradıcılığında payız fəsli yalnız təbiət hadisəsi deyil, həm də həyatın, zəhmətin, taleyin və insan duyğularının güzgüsüdür. Onun payız lövhələrində həm kənd həyatının reallığı, həm də insan ruhunun poetik çırpıntıları var.
“Payıza düşər”də zəhmətin bəhrəsi, bolluq və fəsillərin harmoniyası ön planda dayanırsa, “Payız yağışı”nda hüzün, yorğunluq və daxili təlatüm çalarları görünür. Bu müxtəliflik şairin həm həyatsevərliyini, həm də müşahidə qabiliyyətinin gücünü açıq şəkildə göstərir.
Payızdan söz düşəndə, Təvəkkül Goruslunun misralarında təbiətin nəfəsi ilə insanın nəfəsi eyni ritmdə səslənir. Bu da onun poeziyasını oxucuya həm doğma, həm də düşündürücü edən əsas cəhətlərdən biridir.
Ümumilikdə isə Təvəkkül Goruslu (“Gorus”, “Gorussuz” necə yazsanız da hamısında Gorus var, nəticə bütün hallarda “Gorus”lu olursunuz) müasir Azərbaycan poeziyasının klassik imicdə keşiyində (hər gün) ayıq-sayıq dayanan barmaqla sayılacaq qədər çox az saylı nümayəndəlarindən biridir. Ustad sənətkarı bu yazımla salamlayır, məzmunlu, bəndi-bərəsi yerində, əsl poeziya nümunələrini şairin öz dilindən tezliklə Zəngəzurda, Gorusumuzda, Göyçə gölünün sahilində dinləyəcəyimə inanıram. Ürəkli, tərəddüdsüz şeirlərinin sonuna “Təvəkkül Goruslu” yaz, Ustad!
Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Allah amanında. Deyirəm, Laçında salamlaşıb, Bakıda sağollaşmağın ləzzəti bir başqadır. Böyük Allah dövlətimizin bayrağını daim uca etsin İnşəAllah!

11.11.2025 Laçın – 22.11.2025 Bakı

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Zaur Ustac “Laçın Simurq kitabxanası”nda – 2025

“📚 Kitabxanamıza dəyər qatan anlardan biri…
Kitabxanamız fəaliyyətə başladığı gündən sevimli şair, tərcüməçi və yazıçı Zaur Ustac bizə onlarla dəyərli kitab hədiyyə edib. Lakin bu dəfəki təqdimat xüsusilə fərqli və yadda qalan oldu.

Oxucularımızdan biri – Rövşən Abdullaoğlunun kitabını arzuladığını Zaur müəllimə bildirdik. O isə bu istəyə sadəcə cavab verməklə kifayətlənmədi – kitabı tapıb şəxsən Laçına gələrək bizə təqdim etdi.

Bu diqqət və həssas yanaşmasına görə Zaur Ustaca dərin təşəkkürümüzü bildiririk. Oxucularımızın sevincinə səbəb olmaq, kitab sevgisini yaymaq adına atılan hər addım bizim üçün dəyərlidir.

Təşəkkürlər, Zaur müəllim! 📖❤️”

Zaur USTAC – “Ziyadar”ların Laçın səfəri – 09.08.2024.

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru