Hərdən nə vaxtsa oxuduğun bir kitabı yenidən vərəqləmək üçün götürəndə, orada altından xətt çəkilmiş cümlələrdən başqa səhifənin qırağında indi kimə aid olduğunu bilmədiyin bir telefon nömrəsi də görürsən. Bir səhifədə səni göyə qaldıranla yerə endirənin tarixçəsi! Dünya ədəbiyyatında bununla bağlı məşhur bir ifadə var.
Əhvalat belədir: görkəmli ingilis şairi Kolridc böyük ilhamla məşhur şeiri “Kubilay xan”ı yazmağa başlayır, təxminən 50-60 misradan sonra qapısı döyülür və Porlok qəsəbəsindən gələn bir nəfər düz bir saat mənasız-məzmunsuz söhbətlərlə onun vaxtını alır. Porloklu adam gedəndən sonra Kolridc nə illah eləyir əvvəlki ilhamla yaza bilmir. Dünya ədəbiyyatında “Porloklu adam” ifadəsi fikri yayındıran, ilhamı söndürən, düşüncə adamını qanadından tutub aşağı çəkənlərlə bağlı işlənir.
Fəxri ilə söhbətdən doymaq olmur və o qədər olub ki, söz sözü çəkdikcə, düşüncə düşüncəni alışdırdıqca, fikrimiz qanadlanmağa başlayarkən kimsə yaddan çıxan açara, vaxtı keçən nahara görə dartıb bizi yer qaytarıb. Belə anlarda Fəxri həmişə gülə-gülə deyir ki, endir, dartıb yerə endir, qoyma bir metr göyə qalxaq! “Porlokdan gələn”lərlə dolu dünyada Fəxri azsaylı adamlardandır ki, onunla soraqlaşmaq, zəngləşmək adamı göydən aralamır, əksinə həvəsləndirir. İnanıram ki, Qıratın qapısını Fəxri açsaydı onun qanadlarına heç nə olmazdı.
Əziz Fəxri, nə yaxşı varsan! Təbriklər, böyük sənətkar!
Azərbaycan nəsrində povest janrının parlaq örnəkləri var. Çox da keçmişə varmadan ötən əsrin altmışıncı illərindən üzübəri yola çıxsaq, İsa Hüseynovun “Teleqram”, Sabir Əhmədovun “Yamacda nişanə”, Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Anarın “Ağ liman”, Elçinin “Toyuğun diri qalması”, Yusif Səmədoğlunun “Astana”, İsi Məlikzadənin “Quyu”, Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”, Rüstəm İbrahimbəyovun “Anın hökmü”, Sabir Azərinin “Ölə bilməyən adam”, Mövlud Süleymanlının “Şeytan”, Ramiz Rövşənin “Daş”, Seyran Səxavətin “Qapıların o üzündə qalan dünya”, Vaqif Nəsibin “Ceyrançöldə qara bayram”, Eldar Baxışın “Qaravun dərənin adamları”, Məmməd Orucun “Leylək körfəzi”, Dilsuzun “Yol”, Aqil Abbasın “Saçın ucun hörməzlər”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Gavur”, Əlabbasın “Köhnə kişi”, Nəriman Əbdülrəhmanlının “Dönəlgə”, Orxan Fikrətoğlunun “Şəkillər”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti belə seçilən nümunələrdəndir. Şübhəsiz, bu cərgədə adı çəkilməyə layiq xeyli başqa əsər də var, mən sadəcə ilk yadıma düşənləri sadaladım. Üstəlik, hər yazıçıdan yalnız bir povest adı çəkdim, halbuki elə həmin müəlliflərdən bir qisminin barmaqla göstəriləsi povestləri burada sadalananlardan qat-qat çoxdur. Ümumiyyətlə, hesaba vursaq, nəsrimizdə yaxşı povestlərin sayı yaxşı hekayələrin də, yaxşı romanların da sayından xeyli artıqdır.
Azərbaycan nəsrində povest janrının parlaq örnəkləri var. Çox da keçmişə varmadan ötən əsrin altmışıncı illərindən üzübəri yola çıxsaq, İsa Hüseynovun “Teleqram”, Sabir Əhmədovun “Yamacda nişanə”, Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Anarın “Ağ liman”, Elçinin “Toyuğun diri qalması”, Yusif Səmədoğlunun “Astana”, İsi Məlikzadənin “Quyu”, Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”, Rüstəm İbrahimbəyovun “Anın hökmü”, Sabir Azərinin “Ölə bilməyən adam”, Mövlud Süleymanlının “Şeytan”, Ramiz Rövşənin “Daş”, Seyran Səxavətin “Qapıların o üzündə qalan dünya”, Vaqif Nəsibin “Ceyrançöldə qara bayram”, Eldar Baxışın “Qaravun dərənin adamları”, Məmməd Orucun “Leylək körfəzi”, Dilsuzun “Yol”, Aqil Abbasın “Saçın ucun hörməzlər”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Gavur”, Əlabbasın “Köhnə kişi”, Nəriman Əbdülrəhmanlının “Dönəlgə”, Orxan Fikrətoğlunun “Şəkillər”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti belə seçilən nümunələrdəndir.
“Uşaq vaxtı Oqtay bərk xəstələnmişdi. Atam da (təbii ki, biz hamımız) möhkəm sarsılmışdı. Atam cavan yaşında iki övlad itirmişdi – məndən sonra bir qardaşım, Azərdən sonra bir bacımız tələf olmuşdu. Buna görə övladın barmağına tikan batmağına da təhəmmül eləyə bilmirdi. Bu şeiri də Oqtayın xəstələnən vaxtı yazmışdı. Allaha yalvarırdı ki, ona bir daha övlad dağı göstərməsin. Allah onun fəryadını, iltimasını eşitdi.” – Fəxri Uğurlu
GÖSTƏRMƏ
Ulu Tanrı, yalvarıram adına, Bir də mənə ciyər dağı göstərmə. Al canımı, at cəhənnəm oduna, Yaman günü, yaman çağı göstərmə.
Qoy mən olum dadamalın daş-başı, Ayrı salma bu bacını, qardaşı. Yollarıma gəl yağdırma göz yaşı, Qollarıma qüssə bağı göstərmə.
Ömür-gün ver puçurlanmış zoğlara, Qar yağmasın qanad açmış tağlara. Təzə-təzə kök bağlayan bağlara Budarlanmış qol-budağı göstərmə.
İnsaf elə övlad doğub-əkənə, Od düşməsin gümanların kökünə. Bir baxışla min bir dərdi bükənə Ağlaşmalı kəfən ağı göstərmə.
Xətir elə, ta düşməyim xataya, Tuş olmayım o tufana, o toya. Bal istəkli, bala canlı ataya Kilidlənmiş dil-dodağı göstərmə.
Heç nə bildim bütün qorxu-ürkünü, Çəkəmmədim ciyərdağı yükünü. Qurban olum, yenə göstər görkünü, Qızılquşa qarğa lağı göstərmə.
Ulu Tanrı, çox dönmüsən loğmana, Qoyma daha bağça yana, bağ yana. İnsaf elə, Ağa kimi bağbana İnnən belə sovmuş bağı göstərmə.
Son illər povest janrı nədənsə gözdən salınmış kimi görünür. Yazıçılarımız ya povest yazmırlar, ya da yazdıqları povestlərin adını roman qoyurlar. Halbuki janrlar təsnifatında bu janrın öz yeri var. Bəzən kimsə rus ədəbiyyatından gəlmə bu janrın Qərbdə tanınmadığını, ayrıca forma kimi qəbul olunmadığını əsas gətirib, povestin romanla hekayənin arasından sıxışdırılıb çıxarılmasına bəraət qazandırır. Ancaq rus ədəbiyyatını qaba rus siyasətinin quyruğuna bağlamaq qətiyyən doğru deyil, azı ona görə ki, o siyasətə ən çox müqavimət göstərən, qarşı çıxan da elə rus ədibləri olublar. Rus imperializmi dünyaya nə qədər zərər vurubsa, rus ədəbiyyatı da bəşər mədəni xəzinəsinə elə bir o qədər, bəlkə ondan da artıq fayda, qazanc gətirib. Məncə, böyük rus nəsrinin dünya ədəbiyyatına bir janr bəxş eləməyə mənəvi haqqı çatır. Üstəlik də elə əsərlər var ki, onlara nə hekayə, nə də roman yarlığı yapışdırmaq mümkün deyil. Belə yerdə povest janrı müəllifin dadına çatır. Aydındır ki, janrlara dəqiq, birmənalı tərif vermək, onların arasına keçilməz sərhəd qoymaq çətin məsələdir, bununla belə bir janrı o birindən ayırmaq üçün həm elmin, həm də fəhmin nəzəriylə baxanda aydın görünən fərqlər var.
Azərbaycan nəsrində povest janrının parlaq örnəkləri var. Çox da keçmişə varmadan ötən əsrin altmışıncı illərindən üzübəri yola çıxsaq, İsa Hüseynovun “Teleqram”, Sabir Əhmədovun “Yamacda nişanə”, Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Anarın “Ağ liman”, Elçinin “Toyuğun diri qalması”, Yusif Səmədoğlunun “Astana”, İsi Məlikzadənin “Quyu”, Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”, Rüstəm İbrahimbəyovun “Anın hökmü”, Sabir Azərinin “Ölə bilməyən adam”, Mövlud Süleymanlının “Şeytan”, Ramiz Rövşənin “Daş”, Seyran Səxavətin “Qapıların o üzündə qalan dünya”, Vaqif Nəsibin “Ceyrançöldə qara bayram”, Eldar Baxışın “Qaravun dərənin adamları”, Məmməd Orucun “Leylək körfəzi”, Dilsuzun “Yol”, Aqil Abbasın “Saçın ucun hörməzlər”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Gavur”, Əlabbasın “Köhnə kişi”, Nəriman Əbdülrəhmanlının “Dönəlgə”, Orxan Fikrətoğlunun “Şəkillər”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti belə seçilən nümunələrdəndir. Şübhəsiz, bu cərgədə adı çəkilməyə layiq xeyli başqa əsər də var, mən sadəcə ilk yadıma düşənləri sadaladım. Üstəlik, hər yazıçıdan yalnız bir povest adı çəkdim, halbuki elə həmin müəlliflərdən bir qisminin barmaqla göstəriləsi povestləri burada sadalananlardan qat-qat çoxdur. Ümumiyyətlə, hesaba vursaq, nəsrimizdə yaxşı povestlərin sayı yaxşı hekayələrin də, yaxşı romanların da sayından xeyli artıqdır.
Saday Budaqlının “Şəbəkə”, “Fevral” povestləri də yuxarıdakı siyahıda fəxri yer tutur. “Şəbəkə”ni ilk dəfə ötən əsrin səksəninci illərində bir almanaxda, “Fevral”ı Yusif Səmədoğlunun rəhbərlik elədiyi “Ulduz” jurnalında oxumuşdum. Bu əsərlər müəllifin 1985-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Döngə” adlı ilk kitabına salınmamışdı, çünki ondan sonrakı dövrdə qələmə alınmışdı. 1987-ci ildə işıq üzü görmüş “Çat” kitabında isə hər iki povestə yer verilmişdi. Sadayın yaradıcılığına dərin rəğbət bəslədiyimi bilən atam əsgərliyə getdiyimdən bir neçə ay keçmiş həmin kitabı mənə poçtla göndərmişdi, ondan sonra dövri mətbuatdan bələd olduğum əsərləri yenidən oxumaq fürsəti qazanmışdım. Yeri gəlmişkən, bir Ramiz Rövşənin “Göy üzü daş saxlamaz”, bir də Saday Budaqlının “Çat” kitabı mənimlə birgə əsgərlik çəkib, həmin nüsxələri bu gün də gəncliyimin ən əziz yadigarları kimi kitabxanamda qoruyub saxlayıram.
***
Əminliklə deyə bilərəm ki, Saday Budaqlı milli ədəbiyyatımızda psixoloji nəsrin ən böyük ustasıdır. Onun təkcə bu dünyada yox, öz evlərində-eşiklərində, öz doğmalarının arasında, öz vücudlarında belə qərib-qərib dolanan tənha, köməksiz, vasvası qəhrəmanları bir situasiyadan başqasına adlayanda haldan-hala düşürlər, dondan-dona girirlər, yüz yol ölüb-dirilirlər. Saday mahir, həm də amansız eksperimentator kimi qabağına qatıb qovub qəfil döngələrdə azdırdığı, keçilməz dalanlara qısnadığı, divara dirədiyi obrazların ürəyindəki çırpıntıları, beynindəki közərtiləri kardioqram dəqiqliyi, ensefaloqram həssaslığıyla qeydə alır. Onun qəhrəmanları içində könüllü dustaqlıq çəkən, beyninin şırımları arasında vurnuxan, düşüncələrinin labirintində azıb qalan, sərhədlərini tapdalayıb mənəvi ərazisini genəltməyə, dünyayla ünsiyyət qurmağa, adamlarla dil tapmağa gücü-qüdrəti yetməyən insanlardır. Bu adamlar həyatda kölgə kimi, kabus kimi dolaşırlar, istəyirlər onları nə sezən, nə görən olsun, üstlərinə, içlərinə heç kimin işığı düşməsin; əvəzində özləri hər şeyi, hər kəsi vücudlarının qaranlıq zirzəmisindən bir kəşfiyyatçı hərisliyi, casus marağıyla incəliyinə qədər izləyirlər. Müəllif onların gördüklərini öz rejissor obyektivinin qüdrətli, zəhmli nəzəri, göz qamaşdıran projektorların altında yox, elə onların gördüyü kimi, onların içinə yerləşdirdiyi kiçik izləmə kamerasının işığında bizə göstərir. Oxucu personajların dünyasına onların gözüylə baxır, hər nəsnəni, hər hadisəni oradan göründüyü kimi beynində qeydə alır.
Saday Budaqlının əsərlərində “obyektiv aləm” deyə bir anlayış, bu aləmə “obyektiv” baxış deyə bir metod yoxdur, orada hər görünən, hər duyulan, hər qanılan fərdidir, subyektivdir, bənzərsizdir. Yazıçı “Fevral” povestinin qəhrəmanının timsalında öz personajlarının həmin “obyektiv” aləmlə toqquşmasını qəza kimi təsvir eləyir: “…Elə bil bu vaxta qədər gur işıq salmışdılar üstünə, nə elədiyini, nə dediyini, nə düşündüyünü bilmişdilər, bilib halına gülmüşdülər, ağlamışdılar, o isə gözünü qırpa-qırpa qalmışdı, bu adamları görəmməmişdi, gördüyü qaraltılarca olmuşdu, bu qaraltılardan da özü üçün adamlar düzəltmişdi, ad qoymuşdu, haqqında əhvalatlar uydurmuşdu; indi o istəyirdi işığı bu qaraltılara tərəf çevirsin, onların əslində necə olduğunu görsün, tanısın, onu da bilsin ki, gur işıqda döyükə-döyükə qalanda halı necəymiş, necə görünürmüş, bu adamlar onun haqqında nə düşünə bilərlərmiş. Di gəl, öz gözü ilə heç nə görmədiyindən eşitdikləri də hiss elədiklərinə, özündən düzüb-qoşduğuna qarışmışdı və illər keçdikcə nəyin düz, nəyin qondarma olduğunu ayırd eləyəmmirdi, elə bil nə vaxtsa gördüyün yuxu qəfilcə yadına düşür, anşırammırsan ancaq yuxuda olub bu, yoxsa həqiqətdə…”
Bu xarakteristika təkcə “Fevral” povestinin yox, yazıçının aşağı-yuxarı bütün qəhrəmanlarının mənəvi-psixoloji vəziyyətini ifadə eləmək üçün yarayır. Onun əksər personajları belə bir qəza situasiyasına düşür, kənar aləmdən ağır zərbə, zədə (bu adda romanı da var) alandan sonra öz qınlarına çəkilirlər. Misal gətirdiyim parçanı Saday Budaqlı üslubunun bədii şərhi də saya bilərik.
Sadayın ədəbi subyektivizmi modern ədəbiyyata çox güclü təkan vermiş, bundan da əvvəl ədəbiyyatın bağrından qopmuş ekzistensializm fəlsəfəsinin ana prinsiplərindən birini yada salır: insan içində yaşadığı dünyanı, ətraf aləmi obyektiv dərk eləyə bilməz, olsa-olsa bu dünyaya münasibətini, kənar aləmin onda oyatdığı subyektiv təəssüratı qanıb-qandıra bilər. Bunun üçün də bədii metod, ədəbi əsər ən yaxşı, ən tutarlı alətdir. Saday Budaqlının personajlarını da nə qədər axtarsaq belə obyektiv dünyada tapa bilmərik, biz o dünyanın adamlarına yalnız əsas qəhrəmanın nəzəriylə baxa bilərik. Əsas qəhrəman dediyimiz adamlarınsa nə qədər ədalətli, səmimi, dürüst davrandığını, onların gördükləriylə müəllifin gördüklərinin üst-üstə düşüb-düşmədiyini, başqa sözlə, ardınca getdiyimiz personajların baxışlarına etibar eləməkdə haqlı olub-olmadığımızı biz heç zaman bilməyəcəyik.
P.S. Noyabrın 13-də Saday Budaqlının 70 yaşı tamam olur. Bu münasibətlə görkəmli yazıçını təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik.
Onore de Balzakın “Yevgeniya Qrande” romanı haqqında
Ölkədə, bölgədə, dünyada baş verənləri izlədikcə istər-istəməz belə bir qədim sualla qarşılaşırsan: sənətkar öz yaradıcılığında bütün bunlara mütləq reaksiya göstərməli, qiymət verməlidirmi? Cəmiyyətin maraq dairəsinə düşən tiplərin obrazlarını yaratmalıdırmı? İçində yaşadığı, hələ bitməmiş dövrə, gərdiş eləməkdə olan dövrana münasibətini bildirməlidirmi? Söhbət, əlbəttə, bədii münasibətdən gedir, vətəndaş münasibəti bu məsələdə müzakirə mövzusu deyil.
Balzakın yaşadığı, yazıb-yaratdığı illər – XIX əsrin birinci yarısı böyük müharibələrin, üsyanların, inqilabların, ictimai-siyasi çalxantıların aramsız baş verdiyi zamanlar idi. O zaman dünya yenidən qurulurdu, monarxiya estafeti respublikaya, feodalizm kapitalizmə, aristokratiya burjuaziyaya verməyə başlamışdı, sənətin klassik kanonları modern qəliblərlə əvəzlənirdi. Bir sözlə, köhnəliklə yenilik hələ iç-içəydi, bir-birindən tamam ayrılmamışdı (yeri gəlmişkən, proses bu gün də tam başa çatmayıb). Bir yanda sərkərdələr, qəhrəmanlar, siyasətbaz şarlatanlar meydan sulayır, o biri yanda alimlər, filosoflar, sənətkarlar yeni ixtiralar ortaya qoyur, yeni ideyalara can verirdilər. Quruluşlar, bayraqlar, gerblər dəyişirdi, silahlar, texnologiyalar, qiyafələr təkmilləşirdi, insan xisləti isə dəyişməz qalırdı. Dünən övladlarından yarımayan binəsib kral – insan çobanı bu gün dünya səhnəsinə bədvaris fabrikant, həm mənəvi, həm də maddi iflasa uğramış tacir kimi çıxırdı. Qiyafələr, donlar təzə, ölü cəmdəkləri hərəkətə gətirən, vücudları yerindən oynadan mexanizmlər köhnəydi.
Balzak üçün bütün bu baş verənlər münbit ədəbi zəmin, mükəmməl dekorasiya, al-əlvan fon funksiyasını yerinə yetirirdi. Onun əsərlərində oxucu yazıçının sağlığında, ondan əvvəl baş vermiş hadisələrin əks-sədasını eşidir, bəzən ictimai-siyasi proseslərin episentrinə də düşür, bununla belə bu əsərlərə dövrün xronikası kimi baxmaq olmaz. Hərçənd Balzakın yaradıcılığı dövrünün mənzərəsini istənilən xronikadan, tarixi salnamədən daha yaxşı göstərir, çünki onun əsərlərində real insan obrazları, gerçək insan xislətləri təsvir olunub, xronikalarda, salnamələrdə isə hadisələr əsasən üzdən izlənir, bu hadisələri, sosial kataklizmləri törədən gizli, daxili səbəblərə, yəni insan psixologiyasına işıq tutulmur. Sosial ədəbiyyatı da o qismə aid eləmək olar, bu tip ədəbiyyat da insan talelərini sosial münasibətlər kontekstində gözdən keçirir. Yəni tutalım, savaşlar, ictimai ədalətsizlik, yaxud repressiyalar insan talelərini necə sındırır, fərdləri, ailələri, xalqları bədbəxtliyə necə sürükləyir, adət-ənənə yeniliyə necə müqavimət göstərir, var-dövlət, ya da yoxsulluq hansı fəsadlar verir, dini-milli çəpərlər xoşbəxtliyə necə əngəl törədir…
***
Fəqət bütün bu faciələrin arxasında insan psixologiyası, insan təbiəti durur – “Bəşəri komediya”ya yazdığı girişdə Balzak bəşər cəmiyyətini heyvanlar aləminə bənzədir, təbiətlə cəmiyyət arasında analogiya aparır. Onun fikrincə, insan ayrılıqda nə yaxşı, nə də pisdir, fərd dünyaya öz instinktləri, meyilləriylə gəlir. Cəmiyyət, maarifçilərin dediyi kimi, onu pozmur, əksinə, daha da kamilləşdirir, yaxşılaşdırır, əhliləşdirir; di gəl, mənfəət, nəf dalınca qaçmaq insanı korlayır, onun neqativ istəklərini hərəkətə gətirir, yırtıcı ehtiraslara təkan verir. Yazıçıya görə, xristian dini, o cümlədən katolik məzhəbi insanın azğın instinktlərini cilovlayıb sosial nizamı qorumaq üçün bütöv bir sistem formalaşdırıb.
Elə həmin müqəddimədə Balzak yazır ki, cəmiyyətin aramsız təkmilləşməsinə yox, ayrıca götürülmüş insanın kamilləşməsinə inanır; ardınca da onu sensualistlərin, materialistlərin – panteizm fəlsəfəsinin bu iki qolundan birinin nümayəndəsi sayanlarla razılaşmadığını deyib, personajlarından birinin timsalında dolayısıyla özü haqqında “xristian Buddası” ifadəsini işlədir (hərçənd Budda özü də nirvanaya panteistik çevrilmələrdən keçəndən sonra çatıb). “Bəşəri komediya”ya giriş sözündə müsbət qəhrəmanlarıyla bağlı dedikləri də göstərir ki, Balzak əzəli insan xislətinin dəyişmədiyinə inansa da, insanın öz xislətinə (yəni əslində ruhun bədənə) üstün gəlməsini mümkün sayır.
Xislət, təbiət min il, on min il əvvəl hansı fəsadlar verirdisə, bu gün də həmin fəsadları törətməkdədir. Obrazı istər qədim Misirə, Babilə tulla, istərsə də yaşadığın günlərə gətir – əgər onun təbiəti doğru analiz olunubsa, içindəki mübhəm duyğular düzgün incələnibsə, yasaq arzuları işığa çıxarılıbsa, demək, həmin obrazı yaradan sənətkar həm öz dövrü-zamanı, həm də bəşər övladı haqqında dəqiq, dürüst məlumat verib. Məsələn, mən sovet dövrünü görmüş klassiklərimiz arasında Hüseyn Caviddən daha çox antisovet qələm adamı tanımıram, halbuki Cavid əfəndi sovetlərin əleyhinə açıq mətnlə, birbaşa heç nə deməyib. Bununla belə onun bütün ideyaları, mövzuları, obrazları kommunist-bolşevik qaragüruhunun sənətə, sənətkara cızdığı çərçivədən tam kənardadır, sosializm realizmi kanonlarına bilmərrə sığmır. Şərt o deyil ki, açıq-aşkar şəkildə Lenini, Stalini pisləyəsən – bu tip mətnlər bir dövr üçün kara gəlsə də, daha çox ictimai-siyasi əhəmiyyət daşıyır, sənətkarlıq baxımındansa uzunömürlü olmur. İdeoloji müqavimət estetik dəyər qazanmayanda sənət hadisəsinə çevrilmir. İndi kənardan baxanda Cavidin “İblis” faciəsi sovet rəhbərlərinə qoşulmuş, arada-bərədə dillərdə dolaşan lətifələrdən, həcvlərdən, çapını on illərlə gözləmiş antisovet mətnlərdən mahiyyətcə daha antisovet görünür. İndi də belədir, o vaxt da beləydi.
Bu baxımdan Balzak da bir epoxanın fonunda yaratdığı surətlərin timsalında ümumən insan xisləti, insan cəmiyyəti haqqında sözünü deyib. Onun obrazları bu gün də sağdır, onun yaratdığı tiplər bu gün də aramızda gəzib dolaşırlar. Yalnız əllərindəki vasitələr təkmilləşib, meydanları genəlib, çağdaş tibbin inkişafı sayəsində ömürləri bir az da uzanıb, iştahaları, qazancları daha da artıb; vəhşi cəmiyyətdən qaçıb zahidanə ömür sürmək istəyənlərin imkanları isə, əksinə, xeyli azalıb, şəxsi azadlığın meydanı daralıb. Balzak əsərlərində yaratdığı personajların diliylə azadlığa susamış fərdin yalnız insan cəngəlliyindən uzaqda, dağların ətəyindəki idillik məkanlarda, çayların, bulaqların şırıltısı altında asudə həyat sürə biləcəyini deyirdi, ancaq bu gün belə bir bakirə torpaq tapmaq da müşkülə dönüb, az qala bütün idillik məkanlar ya vəhşi kapitalizmin kurort zonalarına, ya da terror dəstələrinin poliqonlarına, narkotik becərikçilərinin plantasiyalarına çevrilib.
Balzak zamanında mobil telefon yoxuydusa da, insan belə problemlərlə də qarşılaşmırdı. Xeyir təkmilləşdikcə onun icad elədiyi vasitələrdən yararlanan şər də özünü təkmilləşdirir, kölgə kimi əsliylə ayaqlaşmağa çalışır. Vasitələr dəyişir, mahiyyət dəyişmir.
***
Valideyn-övlad münasibəti hər zaman ədəbiyyatın başlıca mövzularından, tədqiqat obyektlərindən biri olub. Ta Homerin “Odisseya”sından, Sofoklun “Tiran Edip”indən üzübəri bu məsələyə çox müxtəlif bucaqlardan baxılıb. Balzakın da deyilən mövzuya yanaşmada öz variantları var. Bundan əvvəl haqqında danışdığımız “Qorio ata” romanında biz ata-övlad münasibətinin bir versiyasını gözdən keçirmişdik, qədirbilməz qızlarından ötrü sözün gerçək mənasında canından keçən zavallı qocanın parlaq obrazına yaxından baxmışdıq. “Yevgeniya Qrande” romanında isə Qorio atadan tamam fərqli despot ata obrazıyla rastlaşırıq, burada ata qızının yox, qızı atasının qurbanına çevrilir.
Bu romanın daha əvvəl çözməyə çalışdığımız “Qobsek” novellasıyla da qohumluq əlaqəsi var – Qrande ata da təxminən sələmçi Qobsek qədər xəsis, onca zalım, amansız var-dövlət hərisidir. Obrazlı desək, “Yevgeniya Qrande”ni “Qobsek”lə “Qorio ata”nın calağı da saya bilərik. Roman 1833-cü ildə işıq üzünə çıxarılıb. Üstündən on il keçəndən sonra Balzak yaradıcılığının pərəstişkarı gənc Dostoyevski bu əsəri rus dilinə çevirib. Yeri gəlmişkən, Dostoyevskinin yaradıcılığında Balzakın barmaq izlərini sezmək çətin deyil – məsələn, “Cinayət və cəza”nın Raskolnikovu “Qorio ata”nın Rastinyakı dayandığı yerdən yola çıxıb…
Balzak haqqında pıçıltıyla danışmaq mümkün deyil. Onun yaradıcı qüdrəti ağlasığmaz möcüzələr göstərib. Hələ gəncliyində Napoleonun heykəlciyinin pyedestalına öz əliylə belə yazmışdı: “Onun qılıncla başladığını mən qələmlə tamamlayacağam”. Doğrudan da onun qələmi Bonapartın qılıncından çox-çox uzaqlara getdi, onun fəthi Napoleonun işğalından qat-qat uzunömürlü oldu. Həyatda öz təyinatını tapmaq üçün göstərdiyi bir neçə uğursuz cəhddən sonra Balzak özünü yazı masasına zəncirlədi, təqribən on səkkiz ildə – otuz yaşından qırx səkkiz yaşına qədər sutkada on altı saat fasiləsiz işləməklə tükənməz ilham, titanik zəhmət bahasına “Bəşəri komediya” silsiləsindən yüzə yaxın roman, novella yazdı, bütün dünyaya ün saldı. Bu qədər əsəri nəinki yazmaq, oxumaq da böyük hünər istəyir. Dünya dramaturgiyası tarixində Şekspir hansı yeri tutursa, dünya nəsrində də Balzak elə həmin yerdə durur.
Balzak insan sərrafıdır, nəfsin anatomiyasını, canı yandırıb külə döndərən ehtirasların tərkibini onun qədər dəqiq bilən bir sənətkar tapılmaz. Buna əmin olmaq üçün təkcə elə “Şaqren dərisi” fəlsəfi romanını oxumaq yetər. Vur-tut otuz iki yaşında yazdığı bu əsərdə qədim əşyalar satan 125 yaşlı müdrik qocanın diliylə müəllif belə deyir: “İndi mən sizə bir neçə kəlməylə həyatın ən böyük sirrini açmaq istəyirəm. İnsan saya-hesaba gəlməyən ağılsız hərəkətlərlə özünü üzür, məhz elə bu səbəbdən onun həyat mənbələri tükənir. Ölümün bu iki səbəbinin bütün formaları bu bir cüt sözə calanır – istəmək, bir də almaq. İnsan əməllərinin bu iki qütbü arasında müdriklərin tutduğu başqa bir məqam da var, mənim bunca məsud, uzun ömür sürməyim o məqamın hikmətindəndir. “İstəmək” bizi körükləyir, “almaq” isə yandırıb külə döndərir; fəqət “bilmək” bizim zəif vücudumuza daim öz dincliyini qorumaq imkanı verir. Arzumu, istəyimi mən fikrimlə öldürmüşəm… ömrümün paytaxtını parçalana biləsi qəlbimə, korşalası duyğularıma yox, daim təzə-tər qalan, heç vaxt nimdaşlaşmayan beynimə, şüuruma köçürmüşəm… Ağrı, dəlilik, əzab nədir – ifrata varmış ehtiraslar, sərhədsiz arzular, hüdudsuz həzz almaq istəyi…”
Elə biləsən buddist rahib danışır.
Özünü zarafatla “ictimai elmlər doktoru” adlandırsa da, Balzak mahiyyətcə sosial yazıçı, yəni sosial bəlaları hədəfə alan, quruluş dəyişərsə insan təbiətinin də dəyişəcəyinə inanan sadəlövh yazıçılardan deyildi. Balzakın şinelindən çıxmış, özü də bir məktəb yaratmış Emil Zolya onu demokrat adlandırırdı, ancaq Balzak siyasi dünyagörüşünə görə konstitusiyalı monarxiya tərəfdarıydı (bəziləri hətta onun respublikaya düşmən olduğundan şübhələnirdi), katolik kilsəsinə güvənirdi, ailə institutunu cəmiyyətin orta dirəyi sayırdı, hərçənd sözüylə əməli çox zaman düz gəlmirdi, fərdi baxışlarıyla yazıçı mövqeyi hər saat uzlaşmırdı. Balzak ehtirasların vulkan kimi püskürdüyü, nəfsin zəlzələtək silkələdiyi Paris cəmiyyətinə qalın qara pərdə arxasından baxan bir zahid, insanı tamah atından salmağa çalışan təmkinli bir stoik idi.
***
Onore de Balzak Avropa ədəbiyyatında yeni roman(çılıq) ənənəsi yaradıb. Onun ilmə-ilmə toxuduğu nəhəng epopeya yaşadığı dünyanın hər küncünə-bucağına amansız işıq tutur, Parisdən əyalət şəhərinə, oradan da kəndəcən hər yerdə adamları kəməndə salıb qırğı baxışlarıyla onları müayinədən keçirir, onların içini çölünə çevirib xəbis niyyətləri fələyin divanına çılpaq çıxarır. Onun yaratdığı minlərlə obrazın bir qismi kitabdan-kitaba adlayır, bəzən hansısa əsərdə onlardan hansısa səhnəyə çıxmayanda belə aralıdan-aralıya sədasını eşidirik, filan romanda, ya novellada qarşılaşmadığımız personajın da haradasa yaxınlıqda olduğunu hiss eləyirik. Sonradan Zolya, Folkner, Markes kimi bir çox böyük yazıçı bu metoddan istifadə elədi.
Balzak ən məşhur əsərlərinin çoxunu XIX əsrin otuzuncu illərində, yəni otuz yaşlarında qələmə alıb. 1829-cu ildə işıq üzü görmüş “Şuanlar” romanının uğur qazanmasından sonra o, dalbadal çapdan çıxan yeni romanlarla, novellalarla ədəbiyyat meydanını artilleriya atəşinə tutmağa başladı. İyirmi yaşlarında gizli imzalarla o zaman dəbdə olan “çılğın romantizm” üslubunda yazdığı kitabları nəzərə almasaq, ilk romanının nəşrindən üç-dörd il sonra yazıçı bütün yazdığı-yazacağı əsərləri bir silsilə şəklində, bir ad altında birləşdirməyi qərara aldı. Dantenin məşhur əsərinə bir növ parodiya kimi meydana gələn “Bəşəri komediya”nın ilkin planına görə, silsilə yüz əlli əsərdən ibarət olmalıydı, fəqət ömrünün son illərində yazıçı xəstəliyi ucbatından işini yarımçıq qoymağa məcbur qaldı, beləliklə öz nəhəng planının yalnız üçdə ikisini yerinə yetirə bildi.
1830-cu ildə yazdığı “Qobsek” novellası Balzak yaradıcılığının erkən ədəbi məhsullarındandır. Yazıçı bu əsərdə atası holland, anası yəhudi olan xəsis bir sələmçinin obrazını yaradıb. Onun adının “adamyeyən”, “qaniçən” sözlərinə yaxın bir mənası var. Qobsekin qəziyyəsi Parisdə yaxşı reputasiya qazanmış vəkil Dervilin dilindən nağıl olunur. Dervil onu tanıyanda qoca sələmçinin yetmiş altı yaşı olub, indi – əhvalat danışıldığı vaxt isə Qobsek artıq dünyada yoxdur, bir müddət əvvəl səksən doqquz yaşında canını İblisə tapşırıb.
***
Ədəbiyyatda parlaq xəsis obrazları var – Şekspirin Şeyloku (“Venesiya taciri”), Molyerin Qarpaqonu (“Xəsis”), Qoqolun Plyuşkini (“Ölü canlar”), Mirzə Fətəli Axundovun Hacı Qarası (“Sərgüzəşti-mərdi-xəsis”)… Hər müəllif bu insan mərəzinə öz prizmasından baxıb, onu söykəndiyi fəlsəfi-estetik prinsip çərçivəsində təqdim eləyib. Molyerdən, Qoqoldan, Axundovdan fərqli olaraq Balzak xəsisliyi ictimai bəla kimi qələmə vermir (hərçənd Qobsekin xarakterinin ictimai fəsadları adını çəkdiyim müəlliflərin bənzər personajlarının sosial dağıdıcılıq gücündən qat-qat artıqdır), o bu xəstəliyin köklərini sinirlərdən, instinktlərdən hörülmüş insan varlığının ən dərin qatlarında axtarır, ona bir təbiət hadisəsi kimi diaqnoz qoymağa çalışır, Qobsekin xislətini doğuran qüvvənin sirli mexanizmini gah onun öz diliylə, gah da kənar müşahidəçinin gözüylə çözməyə cəhd göstərir.
Qobsek sadəcə xəsis, acgöz bir sələmçi deyil, o, həyata, insanlara amansız münasibət bəsləyən qəddar bir filosofdur. Vəkil Dervilin dilindən deyildiyi kimi, Qobsekin ikili xarakteri var – o həm altun düşkünü, sərvət köləsi olan miskin bir tamahkar, həm də həyatda böyük təcrübə qazanmış qeyri-adi bir müdrikdir. O, pula da alınıb-satılan əmtəə kimi baxır, onun fikrincə, tüfeyli zadəganları, talançı kapitalistləri soyub-talamaq heç də bəd əməl deyil. Dervil etiraf eləyir ki, bir gün qəfil yıxılıb ölsə, yetimləri yiyəsiz qalsa, Qobsek onları qəyyumluğa götürər. Doğrudan da qoca sələmçi haqq-hesab çəkməkdə yaman zalımdır, di gəl, verdiyi sözün üstündə durandır, özü düz yaşamasa da, düzün düzlüyünə qiymət verəndir. Dervillə dostluğu da elə bu səbəbdən baş tutub.
Jan-Ester van Qobsek heç bir universal dəyərə, mütləq həqiqətə, haqq divanına inanmayan amansız bir sinikdir. On yaşından sərbəst həyata atılıb, üzü üzlər görüb, başı bəlalar çəkib, Əzrayılla çilik-ağac oynayıb. Etibarını qazanmış vəkil Dervillə səmimi söhbətlərində açıq deyir ki, Qərbdə heyranlıq doğuran bir əmələ görə Şərqdə insan edam olunur, yaxud da tərsinə, Şərqdə normal qarşılanan bir əməl Qərbdə rüsvayçılığa səbəb olur. Yəni bütün dəyərlər nisbi, qanunlar, adətlər məhəllidir. Onun tapındığı tək bir universal gerçək var – təbiətin bütün varlıqların təməlinə qoyduğu özünüqoruma instinkti! Danılmaz həqiqətdir ki, hər yerdə güclü-gücsüz, varlı-kasıb savaşı gedir. Bu, belə demək olarsa, filosof Qobsekin ontologiyasıdır. Bir sözlə, qoca sələmçi Şeytanın nümayəndəsi də yox, İblisin ta özüdür.
***
Qobsek dövranın gərdişindən, dünyanın gedişatından çox yaxşı baş çıxarır, həyatı qızılın, pulun hərəkətə gətirdiyi mexanizm sayır. İşini elə qurub ki, heç kimdən, heç nədən – Allahdan, dövlətdən, cəmiyyətdən, qohum-övladdan asılılığı qalmayıb. Ailəsi, uşağı yoxdur, qohumları – potensial varisləriylə də əlaqə saxlamır; sərvətinin kiməsə qismət ola biləcəyini ağlına belə gətirmək istəmir. Dervili çıxmaqla qonum-qonşunun yanında özünü yoxsul dilənçi kimi göstərir, hətta əlindən saldığı qızıl pulu kimsə yerdən götürüb ona qaytarmaq istəyəndə qızılın özünə məxsus olduğunu danır. Çoxu zadəgan olan borclularının evinə də əyni-başı cır-cındır içində gedir, mərmər sütunlu sarayların bahalı xalılarını çirkli çəkmələriylə palçığa bulamaqdan dərin psixi həzz alır. Bər-bəzəkli aristokrat xanımların, təkəbbürlü cənabların diz çöküb ona yalvarması, hüzurunda əzilib-büzülməsi qoca sələmçiyə əlahiddə zövq verir. Mal-mülk bir yana qalsın, Qobsek insanların vicdanını da satın alır, bununla da həm maddi, həm də mənəvi dünyada at oynadıb hökm sürür.
Aristokratiyanın iflası, burjuyların, bankirlərin, möhtəkirlərin kələkləri onun gözünün qabağında, onun iştirakıyla baş verən cəhənnəm teatrıdır. O, Parisin bətnindəki bütün sirlərdən agahdır, fırıldaqlar, gizli alış-verişlər, şübhəli sövdələşmələr ondan rüsxət almamış işıqlı dünyaya göz açmır. O, zamanın yaratdığı yeni növ tiran, dövrünün İsgəndəri, Sezarı, Napoleonudur. Yeniləşən, dəyişən həyatın nəbzi Qobsekin ovcunda döyünür, qoca sələmçi yaxşı bilir ki, artıq dünyanı silah yox, pul idarə eləyir, bir qızıl kərpic bir alaydan qüdrətlidir, yeyib-içməkdən, gəzib-dolaşmaqdan, bahalı əyləncələrdən, qumardan, eşqbazlıqdan doymayan ərköyün zadəgan balaları, ərinin hesabına oynaş saxlayan aristokrat xanımlar hərlənib-fırlanıb onun üstünə gələcəklər, hüzurunda diz qatlayıb altun tanrısının səcdəsinə duracaqlar. İndi artıq tacir feodaldan, burjuy aristokratdan, sələmçi cəngavərdən güclü, qızıl qılıncdan ötədir. Qobsekin də içində olduğu “gildiyanın” on üzvü – vur-tut on nəfər sələmçi bütün Parisi barmağında oynadır.
***
Bütün bunlarla yanaşı, Dervilin yuxarıda misal gətirdiyimiz etirafından da sezildiyi kimi, Qobsek iblisanə peşəsinin şeytani prinsiplərinə sadiq adamdır. Onu heç nəylə kövrəltmək, yumşaltmaq, ələ almaq mümkün deyil. Rəğbət bəslədiyi Dervilə vəkil kontorunu almaq üçün külli miqdarda pulu ağır faizlə, ancaq zəmanətsiz verir. Beş ilə borcunu ödəyib qurtaran Dervil ondan bunun səbəbini, yəni dost bildiyi adama nədən azacıq da olsa güzəştə getmədiyini soruşanda Qobsek deyir ki, oğlum, bununla səni minnətdən qurtardım, indi bizim dostluğumuz daha da möhkəmdir. Qoca şeytan evlər yıxan fırıldaqçı, pozğun aristokrat Maksim de Trayın gözünün içinə “sizin damarlarınızdan qan yerinə çirkab axır” deməkdən belə çəkinmir. Ərinə xəyanət eləyən qrafinya Anastazi de Restonu (bu, adı bəlli romandan tanıdığımız həmin o Qorio atanın aristokrata ərə getmiş qızıdır, ancaq “Qorio ata” romanı “Qobsek”dən hələ dörd-beş il sonra yazılacaq) Qobsek çox ağır cəzalandırır, ancaq onun oğluna atasından qalmış mirası İblisin əmanəti kimi möhkəm qoruyur. Qraf de Restonun övladına çatası mülkü Parisin ən xəsis, ən qəddar, ən tamahkar adamına etibar eləməsi ölümdən Əzrayıla sığınmaq kimi həm çarəsiz, həm də doğru bir gedişdir.
On üç il sərasər onunla sıx ünsiyyətdə, az qala ata-bala münasibətində olmuş, onun səmimi söhbətlərini dinləmiş, üstəlik, vəkillik təcrübəsinin sayəsində insanları yaxşı tanıyan Dervil boynuna alır ki, bunca müddətdə Qobsekə heç o da dərindən bələd ola bilməyib, çünki qoca sələmçi həmişə qırxıncı otağını yeddi qıfıl altında gizlədib. Can verən sələmçinin son nəfəsinə çatanda vəkil onun soyuqdan büzüşdüyünü görür, sobanı qalamaq istəyəndə Qobsek ona imkan vermir, bu halında belə kömürə qənaət eləyir. Az sonra bəlli olur ki, məsələ qənaətdən daha ciddiymiş, qoca sobanın külü altında qızıl, gümüş sikkələr gizlədibmiş, heç kimə etibar eləmədiyindən xəstə vaxtı üstünə axan faizləri banka göndərməyibmiş.
Qobsek canını tapşırmamış özündə güc tapıb vəsiyyətnamə tərtib eləyir. Onun mirasının kimə çatacağını biz illər sonra yazılacaq “Kurtizanların parlayışı və iflası” romanının son səhifələrində biləcəyik: qədim peşənin qurbanına çevrilmiş yəhudi qızı Ester Qobsekin dərya sərvətindən barına bilmir, xoş xəbər eşq üzündən başı bəlalar çəkən zavallı qıza yetişməmiş Ester canına qəsd eləyir…
Qobsek İblisin dərgahına çəkiləndən sonra Dervil açarları götürüb hər iki mərtəbədəki bağlı otaqları gəzməyə başlayır. Bu otaqlardan nələr çıxmır! Bütün qiymətli əşyalar – toz basmış mebellər, şamdanlar, lampalar, vazalar, servizlər, qravürlər, şəkillər, silahlar; çay, qəhvə tayları, tütün kisələri, şəkər qutuları, rom çəlləkləri, daha nələr, nələr bir yana qalsın; çürümüş paştetlər, iylənmiş balıqlar, qurd basmış ət şaqqaları, həşəratların daraşdığı başqa ərzaqlar, ürək bulandıran üfunət, baş çatladan kif… Bu mənzərə oxucunun qarşısında qoca sələmçinin təhtəlşüuru kimi açılır, onun psixoloji portretini tamamlayır. Öynəsini yavan çörəyi südlü qəhvədə isladıb yeməklə yola verən Qobsek baba bunca ləziz təamları nəinki bir özgəsinə, özünə də qıymamışdı. Yazıçı bununla şeytani məntiqin nə qədər məntiqsiz, absurd, nə qədər puç, əfsanə, nə qədər çürük olduğunu göstərir.
***
Onore de Balzak demonik obrazlar yaratmağın böyük ustasıdır. Təkcə elə “Qorio ata”da Votren, “Kurtizanların parlayışı və iflası” romanında abbat Karlos Errera adıyla meydana çıxan “ölümaldadan” ləqəbli keçmiş katorqa məhbusu Jak Koleni xatırlamaq yetər. Bu adam İblisin, Fələyin təcəllasıdır, ayaq basdığı hər yeri cəhənnəmə döndərir, pak, sadədil gəncləri yoldan çıxarıb girovuna çevirir, cəmiyyətə rəxnə salıb ortalığı çaxnaşdırır, hamını bir-birinə vurur. Di gəl, məsələn, çağdaşı, nəsildaşı, dostu Viktor Hüqodan fərqli olaraq Balzak öz şeytanlarını tanrıyla, peyğəmbərlə, məsihlə mübarizə meydanına itələmir. Balzakın demonları xaosda at oynadırlar, Balzak sosial harmoniya adına bir şey tanımır. Onun üçün xaos dünyanın təbii halıdır, o, həyatı çaxnaşma meydanı, şər mülkü, şeytan səltənəti kimi qavrayır. Sözdə katolik kilsəsinə sayğı, inam bəsləsə də, əsərlərində bu inamın ifadəsini görmürük. Hüqo on doqquz il katorqa həyatı yaşamış Jan Valjanı dinin, etiqadın gücüylə peyğəmbərlik, xilaskarlıq mərtəbəsinə qaldırır, Balzakın katorqalısı isə dəccallıq sevdasına mübtəladır.
Fransua Moriakın Marsel Prust haqqında dediyi sözləri Balzaka da aid eləmək olar: onun yaradıcılığında Allah yoxdur. Əvəzində insanları nəhəng çarxıyla əzib keçən, kainata qaranlıq pərdə tutan, dünyanı soyuq məzara çevirən ucsuz-bucaqsız, amansız, imansız fələk var. Ondan yaxa qurtarmağın tək yolu bəşər övladının canına müsəllət elədiyi nəfsi onun özünə qaytarıb boyunduruqdan azad olmaqdır. Hüqodan, Dikkensdən, Dostoyevskidən, Tolstoydan fərqli olaraq Balzak fələkdən Allaha sığınmaq, Tanrıya güvənmək, başqa sözlə, peyğəmbərlik yolu seçmir. Onun təfəkkürü mistik yox, poetik təfəkkürdür, düşüncəsi optimist yox, pessimist düşüncədir. Balzak peyğəmbər deyil, şairdir, onun metodu missionerlik yox, zahidlikdir. Katolik kilsəsinə etiqad bəslədiyini desə də, Balzakın həyata baxışı, dünyagörüşü buddistlərin, stoiklərin idealına yaxındır – ehtiraslara könül verməyən sakit, dinc fərdi yaşayış, təmiz vicdan, saf düşüncə, ruhi müvazinət. Əlli bir illik ömrünün son iyirmi ilini o məhz belə yaşamışdı.
Bunin göründüyü qədər sadə yazıçı deyil. Çexovdan sonrakı dönəmdə rus ədəbiyyatının ən böyük hekayə ustası odur. Buninin dünyagörüşü də Turgenevin, Çexovun həyata baxışına yaxındır. Hətta bu üç yazıçı arasında düşüncə bənzərliyindən doğan süjet oxşarlıqları da tapmaq olar: məsələn, Turgenevin “Dvoryan ocağı” romanında, Çexovun “Böyük Volodya, kiçik Volodya”, Buninin “Saf bazar ertəsi” hekayələrində qadın qəhrəmanların monastıra çəkilməsi kimi. Təsadüfi deyil ki, 1933-cü ildə ona Nobel mükafatını da “rus klassik nəsrinin ənənələrini böyük ustalıqla inkişaf etdirdiyinə görə” vermişdilər.
Siyasi ədəbiyyat yaratmasa da, Bunin siyasi baxımdan çox ayıq yazıçıydı. Sosial-siyasi romanlar yazan zavallı Qorkidən fərqli olaraq Stalin rejimi onun başını bişirib sovet Rusiyasına qaytara bilmədi, hərçənd Bunin rus torpağına hədsiz bağlı bir patriot idi; üstəlik əlli yaşında mühacirətə gedib yeni həyata başlamaq zarafat deyil, buna hər adamın təpəri çatmaz. Avropanın Banin imzasıyla tanıdığı fransızdilli mühacir Azərbaycan yazıçısı Ümmülbanunun “İvan Buninin son höcəti” povestində ədəbiyyat üzrə ilk rus nobelçisinin Parisdəki emiqrant həyatıyla bağlı maraqlı məqamlar var. Biri budur ki, sovet ədəbiyyatının marşalı Konstantin Simonov Parisə səfərə gedəndə Bunini dilə tutub vətəninə qaytarmaq üçün onunla görüşəsi olur. Simonov arvadıyla gəldiyindən Bunin görüşə Baninin də qatılmasını ondan xahiş eləyir. Ümmülbanu yazır ki, görüş çox darıxdırıcı, sıxıntılı keçirdi, elə bil qonşu otaqda tabut vardı. Arada Bunin Simonovun Rusiyadan gətirdiyi arağı gözünün önünə tutub şüşənin üstünə yapışdırılmış etiketi uzun-uzadı nəzərdən keçirir. Qadın buna belə yozum verir: elə bil yazıçı o bir parça kağızdan rus xalqının taleyini oxumaq istəyirdi.
Adını çəkdiyim əsərdə Buninin siyasi sayıqlığıyla bağlı bir maraqlı məqam da var. Həmin günlərdə Parisdə sovet Özbəkistanının çiçəklənməsiylə bağlı təbliğati sənədli film nümayiş olunur. Filmin təsiri altında Banin (əslində daha çox qoca aşiqini qıcıqlandırmaq üçün) sovetləri tərifləməyə başlayır, deyir ki, oradakı inkişafı vətənindən küskün yazıçının gözü götürmür. Bunin inciyib gedir, çox keçməmiş ərköyün qıza bu məzmunda məktub göndərir: “Əzizim Tanin, Banin! Özbəkistan əlli, yüz, min il bundan qabaq da gözəl idi. Yer üzündə üzüm Karl Marksa qədər də yetişirdi. Allahın adını kiçik hərflə nə qədər yazsalar da, o, insanların qəlbində əbədi yaşayacaq”. Zənnimcə, bu üç qısa cümlə yetmiş illik sovet təbliğatını darmadağın eləməyə yetər.
İvan Bunin sənətə baxışları, fəlsəfi-estetik dünyagörüşü baxımından da ayıq-sayıq adam idi. Onu realist də, modernist də sayanlar var, hərçənd bu məsələyə yanaşmada birmənalı mövqe tutmaq çətindir. Əslində Bunin realistlər içində modernist, modernistlər içində realist yazıçıdır. Onun Andrey Belı kimi fanatik, ehkamçı modernistlərdən, həyatı estetik kanonların çərçivəsinə dürtən sənət xürafatçılarından, modern mövhumatçılardan xoşu gəlmirdi, bununla belə Buninin, başqa ad çəkmirəm, “Kölgəli xiyabanlar” silsiləsini oxuyan kəs onun necə yenilikçi, necə yetik yazıçı olduğunu görməyə bilməz. Rus nəsri sonrakı mərhələlərə ondan keçməklə adlayıb.
Buninin povest-hekayələrinin mütləq çoxluğunun süjeti sevgi əhvalatları üstündə qurulub. Onun can, nəfəs verdiyi qız-qadın obrazlarından böyük bir qalereya yaratmaq olar, həm də on illər boyunca vücuda gəlmiş bu surətlər eyni gənclik şövqüylə, korşalmamış bir zövqlə yaradılıb. 1916-cı ildə qələmə alınmış “Zərif nəfəs” hekayəsinin müəllifiylə 1924-cü ildə ərsəyə gəlmiş “Mityanın məhəbbəti” povestinin müəllifi, 1925-ci ildə işıq üzü görmüş “Günvurma” hekayəsinin müəllifiylə 1944-cü ildə yazılmış “Saf bazar ertəsi” hekayəsinin (74 yaşlı!) müəllifi arasında yaş fərqi əsla sezilmir. Sonuncu əsərin də içində yer aldığı qırx hekayədən ibarət “Kölgəli xiyabanlar” silsiləsini Bunin öz nəsr yaradıcılığının zirvəsi sayırdı. Qırxı da nakam sevgidən danışan bu hekayələri müəllif iyirminci əsrin ən ağır illərində (1937-1945), öz ömrününsə sonuncu gənclik dönəmində qələmə almışdı. Hamısı da ya kədərli, ya faciəli sonluqla bitir. Göründüyü kimi, dünya savaşının kosmik hay-küyü içində, tarixin qırılma nöqtəsində yazıçı öz qəlbinin səsini dinşəyib öz ruhunun tarixinə dala bilmişdi.
Buninin sevgi hekayələrinin az qala hamısının avtobioqrafik bünövrəsi var. Yazıçı yeni könüllər kəşf eləməyə, yeni-yeni eşq sultanlıqlarına səyahətə çıxmağa təşnə duyğularını heç vaxt umsuq qoymamışdı, hər təzə təəssüratını bir yazıya çevirmişdi. Bu baxımdan Buninin fərdi yaşantılarından, şəxsi təcrübəsindən mayalanmayan əsəri tək-tək olar. “San-Fransiskolu cənab” (1915) povesti həmin sırada bəlkə də birincidir. Bu əsərdə həyatdan alınma yalnız bir fakt var – Kapridə amerikalı turistin qəfil ölməsi. Həmin vaxt özü də adada dincələn yazıçıya bu hadisə bərk təsir göstərmişdi. Daha sonra Tomas Mannın 1912-ci ildə işıq üzü görmüş “Venesiyada ölüm” kitabının üz qabığını görəndə ağlına “Kapridə ölüm” adlı əsər yazmaq ideyası gəlmişdi. İdeya dördcə günə həyata keçirilsə də, başlıq dəyişdirilmişdi. Yeri gəlmişkən, adıyla onu ilhamlandıran əsəri Bunin yalnız bir neçə ay sonra oxumuşdu, ancaq bəyənməmişdi.
Bəlli fakt istisna olunmaqla povestdə hər şey müəllif təxəyyülünün məhsuludur. Bunindən çıxmayan iş – bu əsərdə nə sevgi macərası, nə aşiqanə baxış, nə ehtiraslı görüş var. “San-Fransiskolu cənab” povesti həm fantaziyaya yer qoymayan realist hekayə, həm də gerçəkliyi fəlsəfi ümumiləşdirmə donunda təqdim eləyən bədii pritçadır. Buninin həyatı tragik qavrayışı burada bütün gücüylə əksini tapıb.
58 yaşlı milyonçu (müəllif onun adını bizə demir, bununla da həyatda bir ad, nişanə qoymadığına eyham vurur), nəhayət, bu yaşında dincəlmək haqqı qazandığı qənaətinə gəlib arvadıyla, qızıyla iki illik dünya səyahətinə çıxır. “Atlantida” adlı nəhəng səyahət gəmisi bu əsər qələmə alınandan üç il əvvəl okeana qərq olmuş “Titanik” transatlantik laynerinə bənzəyir. Bu gəmiyə Atlantik okeanının dibinə çökmüş əfsanəvi qitənin adını verməklə yazıçının nəyə eyham vurduğunu söyləməyə, zənnimcə, lüzum yoxdur.
“Atlantida” gəmisi kainat adlı qaranlıq, soyuq okeanda üzən yer adlı mavi gəmiciyin rəmzidir. Bu gəmidə həyat ikiqatlıdır: zirzəmidə fəhlələr üzlərini cəhənnəm alovu qarsa-qarsa ac sobalara daş kömür atır, varlı sərnişinlərin rahat dincəlməsi üçün gecə-gündüz çalışırlar; işıqlı kayutlarda, salonlarda qayğısız, yeknəsəq günlər keçirən ağalar, xanımlar isə gündə bir neçə dəfə ləziz təamlar düzülmüş süfrələrə çağırılır, hər yeməyə bir ayrı libasda gəlirlər.
San-Fransiskolu cənabın səyahət marşrutu uzundur: İtaliya, Fransa, Yunanıstan, İstanbul, Misir… ta Yaponiyaya qədər. Uzun illər boyunca çinli muzdurların istismarı hesabına yığdığı kapital özünə hər cür qulluğu rəva görməsi üçün ona geninə-boluna yetir. Müəllif yazır ki, cənab indiyədək yaşamamışdı, yalnız mövcud olmuşdu. Onun keçmişi haqda dolğun təsəvvür yaratmasa da, yazıçı milyonçunun ömrü boyu məhz bu gün üçün çalışdığını, ömrü boyu haradasa gələcəkdə onu gözləyən mücərrəd xoşbəxtliyə can atdığını anlamağa oxucuya imkan verir. İndi artıq San-Fransiskolu cənab zəhmətinin bəhrələrini rahat-rahat, arxayınca həzm-rabedən keçirə bilər. On illər boyu bu cənab zənginləri özünə örnək seçib, həm xəyalda, həm əməldə onlarla yarışa girib. Budur, artıq xəyallar gerçək olub, indi o da başı başlara (özü də necə başlara!) qoşub.
Burada bir az irəli qaçıb Buninin ustadı Turgenevin “Asya” povestindəki bir məqamı xatırlatmaq istəyirəm: həmin əsərin sonlarında müəllif qəhrəmanın diliylə deyir ki, xoşbəxtliyin dünəni, sabahı olmur, xoşbəxtlik ya indi-burada var, ya da yoxdur…
Cənabla ailəsi dekabr ayında Neapolda yağınlığa düşürlər, palçıq, çirkab onları bezdirir. Dinən deyir ki, indi Kapri adası hər yerdən səfalıdır, orada göyün üzü açıq, hava mülayimdir. San-Fransiskolu cənab ailəsini də götürüb kiçik gəmiylə qədim ada-şəhərə üzür. Burada onlar bahalı otelin ən bahalı nömrəsində yerləşirlər. Yorucu səfərdən sonra təntənəli nahara hazırlaşan cənab oteldə dəri kresloya yayxanıb qəzet oxuya-oxuya arvadıyla qızını gözləyir. Birdən onun gözündə sətirlər bir-birinə qarışır, eynəyi sürüşüb burnunun üstündən yerə düşür, nəfəsi təngiyir, qıvrılan gövdəsi döşəməyə sərilir. Yaxınlıqda oturan bir alman turist qışqırıb otelə hay salır, nahara yığılan qonaqlar bu xəbərdən ürküb pərən düşürlər, otel sahibi qonaqları sakitləşdirməyə çox çalışsa da, gecənin ovqatını geri qaytarmağa, pərtliyi aradan qaldırmağa gücü çatmır.
Nökərlər xırıldayan cənabı yerdən qaldırıb kiçik, nəm otaqdakı dəmir çarpayının üstünə uzadırlar. Arvadıyla qızı can verən milyonçunun ölümlə əlbəyaxa qalmasına çarəsiz-çarəsiz baxırlar. Cənab keçinəndən sonra xanımı otel sahibindən cəsədi onların nömrəsinə köçürməyi xahiş eləyir. Ancaq bu, mümkün deyil! Söz Kapriyə yayılsa, heç kim daha bu bahalı otağı kirayələmək istəməyəcək! Adada hazır tabut da yoxdur, gərək əvvəlcədən sifariş verəsən. Odur ki, San-Fransiskolu cənabın meyidini su şüşələrinin daşındığı yeşiyə yerləşdirəsi olurlar.
Səhəri cənazəni əvvəlcə kiçik gəmiylə adadan çıxarır, sonra həmin “Atlantida” layneriylə üzügeri – yeni qitənin sahillərinə doğru uğurlayırlar. Bu dəfə onu sərnişinlərin gözündən uzaq yerdə, gəminin cəhənnəmtək isti, qaranlıq dibində, qaynar sobaların, mexanizmlərin arasında qaçaq mal kimi aparırlar.
San-Fransiskolu cənab bu dünyada qazandığı hakimiyyəti bir andaca itirir. Ölümün cənginə keçən kimi onun həyatının gerçək mahiyyəti açılır – əlli səkkiz il bəslədiyi qiymətli cəmdəyinə nə kral ədasıyla qədəm basdığı oteldə, nə krallara layiq gəmidə yer tapılır. Mehmanxana sahibi bahalı müştərilərini oteldən qaçıran, bahalı proqramını pozan, ona filan qədər ziyan vuran ölünün əlindən zəncir gəmirir. Ölmək dirilərin əyləncəsini pozan ədəbsiz bir davranışa çevrilir. Ölümün lap yaxında dolaşdığını, gecə-gündüz sağ canlara keşik çəkdiyini yada salan cənab heç vaxt ölməyəcəyini zənn eləyən diri bəxtəvərlərin xoşbəxtlik illüziyasına tərbiyəsizcəsinə haram qatır. Buna görə onu cəzalandırıb gəminin cəhənnəminə atırlar. Yuxarı qatlarda isə ayaqlarının altındakı cəhənnəmdən xəbərsiz qayğısız sərnişinlər çıraqban salonlarda çalıb-çağırmağa, deyib-gülməyə, yeyib-içməyə davam eləyirlər…
İvan Buninin “San-Fransiskolu cənab” povestini kapitalist həyat tərzinin, burjuaziyanın, çağdaş sivilizasiyanın, snobizmin, istismarçılığın ifşası kimi yozanlar da tapılar, ancaq məncə, belə yanaşma bir az üzdən getmək olar. Müəllif öz əsərinə varlı olmayan bir adamı da qəhrəman seçə bilərdi, ancaq onun cəsədinin su şüşələri daşınan yeşiyə uzadılması bunca effekt verməzdi. Söhbət bu fani dünyada söz sahibi, nüfuz, hörmət yiyəsi olmaqdan ötrü bütün ömrü boyu dişiylə-dırnağıyla çalışmış, min-min bəşər övladının əzabları üstündə xaniman qurmuş bir insanın miskin aqibətindən gedir. O, başqalarının bədbəxtliyi hesabına qazandığı xoşbəxtlikdən barınmağa imkan tapmır; ona görə yox ki, qəfil ölüm canına müsəllət olur, ona görə ki, belə bir xoşbəxtlik ümumiyyətlə yoxdur. Əgər səfərini sağ-salamat başa vursaydı belə, xəstəhal qızına varlı adaxlı tapsaydı belə onun ömrü bir dəyər, məna, mahiyyət qazanmayacaqdı.
Onun gedişiylə qayıdışı bu həyatın bir-birindən doğan iki üzüdür – povestin mükəmməl kompozisiyası da bu gediş-gəlişin üstündə qurulub. Yazıçı bununla demək istəyir ki, mənəvi həyatdan məhrum insan fəzada bizi daşıyan gəminin dərin qatlarına quylanacaq, bu dünyada ondan heç bir əsər-əlamət qalmayacaq. Necə ki, San-Fransiskolu cənabın həyat səhnəsindən çəkilməsi kimsənin canından bir ovuc can aparmır, onun adını keçdiyi yollarda, o cümlədən Neapolda, Kapridə bir kimsə xatırlamır. Çünki onun adı, namı, fərdiyyəti, individuallığı yoxdur; o bu kosmik gəmidə üzən milyon-milyon şeytan fəhləsindən biridir. Ölüm onu layiq olduğu yerə göndərir, ona layiq olduğu dəyəri verir.
İşıqları qaranlıqda bərq vuran “Atlantida” gəmisini Cəbəllütariq boğazındakı bir qayanın üstündən, duman-çiskinin arxasından müdrikcəsinə izləyən qoca İblis də yəqin elə bunları düşünürmüş.
Bu gün klassik Azərbaycan tarixinin orta dirəyi, misilsiz dövlət xadimi, dahi sərkərdə, azı dörd əsrin ən qüdrətli sufi məktəbi olmuş Səfəviyyə təriqətinin şeyxi, böyük şair Şah İsmayıl Xətayinin fani dünyaya təşrif buyurduğu gündür. Hər zaman başımızın üstündə dolanan nigaran ruhuna, millətinə güc verən uca namına salamlar olsun!
Yer yоx ikən, gög yоx ikən ta əzəldən var idim, Gövhərin yekdanəsindən iləri pərgar idim.
Gövhəri ab eylədim, dutdu cəhanı sərbəsər, Yeri, gögi, ərşü-kürşi yaradan səttar idim.
Gah Hüseynilən bilə pustimi sоydu qadilər, Gah о Mənsur dоnuna girdim, ənəlhəqdar idim.
Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi, Mən bu beytullah içində ta əzəldən var idim.
Оn səkiz min aləmə mən gərdiş ilə gəlmişəm, Оl səbəbdən həqq ilə sirdar idim, sərdar idim.