ƏLİMDƏ QALAN İZLƏR

ƏLİMDƏ QALAN İZLƏR

(esse)

Yaşadığımız bu dünyanın — bu möhtəşəm kainatın — hər yerində ağaclar, dağlar, çiçəklər var. Amma doğulub böyüdüyümüz torpaq, vətən torpağı tamam başqadır. O torpaq içimizdə bir nəfəsdir — ondan ayrı düşəndə ruhumuzun bir parçası sanki susur.
Həyatın ən dərin izləri bəzən bir ləçəkdə, bir qoxuda, bir səsdə gizlənir.
Laçın işğaldan yenicə azad olunmuşdu. O vaxt həmin torpaqlara yalnız həkimlər, təsərrüfat işçiləri və xüsusi müxbirlər gedə bilirdilər. Elə həmin günlərdə iş yoldaşım mənə elə bir hədiyyə verdi ki, bu hədiyyə ömürlük qəlbimdə iz qoydu: su, kəklikotu və torpaq.
Suyu qaynadıb, Laçından gələn o kəklikotunu dəmlədim. Su buxarlandı, kəklikotu yumşaldı, qoxusu otağa yayıldı…

O qoxu əllərimə hopdu — sanki vətən barmaqlarıma toxundu.
Səssiz bir salam idi, uzaq dağlardan gələn bir nəfəs kimi.Sonra bir doğmam Laçından çiçəklər və alma gətirdi. Uşaqlığım gəlib gözlərimin önündə dayandı.
Dəcəlliyimdən və ya sadəcə xoşuma gəldiyindən yığdığım o çiçəklər…Yetişməsini gözləmədən dərdiyim meyvələr…
Şuşadan gətirilən şam ağacının budağını əlimə götürəndə də eyni duyğunu yaşadım — sanki o torpaq insanı tanıyır, qoxusu ilə qucaqlayırdı.
İllər sonra özüm də Laçıma qovuşdum. Bir zamanlar lalə yığarkən yaşadığım hiss yenidən içimdə oyandı.
Əlimdə qırmızı rəng qalmışdı — lalənin özü yox, sadəcə izi… O an anlamışdım ki, bəzən ən gözəl şeylər biz toxunan kimi solur.
Bəzi anlar isə lalə kimi ruhumuza ilişib qalır — rəngsiz, amma dərin.
Sonralar yenə lalə dərdikcə lalənin izi qaldı əlimdə.
Amma bu dəfə başqa iz idi — ruhuma hopan görünməz izlərin yanına əlavə olunan, görünən bir xatirə.
44 günlük Vətən müharibəsində Qələbə üçün hər kəs əlindən gələni etdi.

Bu gün biz də Laçınımızda həmin Qələbənin ruhunu yaşatmaq, əhaliyə xidmət göstərmək üçün əlimizdən gələni edirik.

Müəllif: Natəvan Uğurlu

Natəvan Uğurlunun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir