“Əsl sevgi nikahdan sonrakı böhranlardan keçərək kök salır və hər gün daha da möhkəmlənir.”
“Ürəyə toxunan sevgi – zamana məğlub olmaz.”
“İçindəki “mən” ilə üzləşməkdən qaçan insan güzgüdə üzünü, tənhalıqda isə həqiqi simasını görür.”
“Səhvlərini qəbul et, lakin özünü tənbeh etməyə alışdırma. Zira yanlışlarını qəbul etmək güc, özünü daim günahlandırmaq isə yükdür.”
“Özünə zaman ayırmaq başqalarından uzaqlaşmaq demək deyil, özünün ən möhkəm tərəfinə yaxınlaşmaqdır. Zira insan özünə zaman ayırdığı an görünməyən, lakin ən möhkəm tərəfini inşa edə bilər.”
“İnsan daxili gücünü kəşf etdikdən sonra ona heç bir maneə əvvəlki qədər böyük görünmür.”
“Əngəllərin ölçüsünü dəyişən onların böyüklüyü deyil, insanın daxili potensialında böyüyən iradəsidir.”
“Qarşılaşdığımız çətinliklərə problem deyil, fürsət kimi yanaşsaq, qorxu bildiklərimiz belə gücə çevrilər”.
“Öz potensialına güvən. Çünki daxilində kəşf olunmağı gözləyən güc düşündüyündən də daha böyükdür”.
44 günlük Vətən Müharibəsi Salnaməsinə adını yalnız göstərdiyi qəhrəmanlıqla deyil, habelə, “Vətən yaxşıdır” mahnısını özü kimi bir Dastana döndərməklə yazan — şəhid Xudayar Yusifzadə 15 iyul 1998-ci il Bərdə şəhərində anadan olmuş, 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətini bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmiş, kursdan keçdikdən sonra “kiçik gizir” hərbi rütbəsi almışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü iştirak etmiş Yusifzadə Xudayar qısa, lakin şərəfli ömrünü Azərbaycanın ərazi bütövlüyünə, dövlətinə və xalqına xidmətə həsr etdi. O, son nəfəsinə qədər döyüşərək müqəddəs amalına – Vətənin azadlığına sadiq qalaraq 22 oktyabr 2020-ci il… ən uca zirvəyə — şəhidlik məqamına yüksəldi.
Döyüş meydanında göstərdiyi şücaətlərlə adını qəhrəmanlıq salnaməsinə əbədi həkk edən Yusifzadə Xudayarın adı Azərbaycan xalqının yaddaşında yalnız bir hərbçi kimi deyil, o cümlədən mənəvi gücün, sarsılmaz iradənin və Vətənə sonsuz məhəbbətin rəmzi kimi yaşayır. Cəbhədə silahdaşları ilə birlikdə ürəkdən oxuduğu “Vətən yaxşıdır” mahnısı milyonlarla insanın qəlbinə yol tapdı. O səs Zəfər ruhunun, milli birliyin və torpaq sevgisinin unudulmaz ifadəsinə çevrildi.
Mən, Nərmin Ağaqızı — Xudayar Yusifzadənin doğum gününü dərin ehtiram hissi ilə anır, onun əziz xatirəsi qarşısında baş əyirəm! Şəhidlərimizin qanı ilə yazılan Zəfər tarixi Azərbaycanın ən böyük qürur səhifələrindən biridir. Bu tarixin müəlliflərindən biri olan Xudayar Yusifzadənin adı xalqımızın yaddaşında daim yaşayacaq.
Azərbaycan Respublikasının şanlı tarixinə yazılan qürur səhifəsi
Zəfər bayramı – ölkələrin tarixindəki müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkədaxili fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır – məhz 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan, Qarabağın tacı Şuşa şəhəri işğaldan azad edildiyi 8 Noyabr şanlı tarix kimi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə məkirli erməni silahlı bölmələrinin işğalından Şuşanın azad edilməsi məhz müharibənin taleyində ümdə və həlledici rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərancamı ilə şanlı ordumuzun səyi nəticəsində qazanılmış misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!
“Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan- vətəndaşlıq hissini dərk edə bilməz” demişdi, mərhum şairimiz Səməd Vurğun. Bəli, hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən bir duyğudur. Şəhidlik isə şüurlu surətdə canından keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır- məhz Zəfər günü Şəhidlik Zirvəsinə ucalmış Fərid Şamilov kimi. Şamilov Fərid Mirzə oğlu may ayının 4-ü 1999-cu ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 2005-ci ildə Sumqayıt şəhər 16 №-li tam orta məktəbin 1-ci sinifinə daxil olub, 2016-cı ildə həmin məktəbi bitirib. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsindən həqiqi hərbi xidmətə gedib. Füzuli bölgəsində N saylı hərbi hissədə ön xətdə xidmət edib. 2019-cu ildə yanvarın 9-da hərbi xidmətdən geri dönüb. O, “Səba” ASC-nin mühafizə xidmətində əmək fəaliyyətinə başlayır. Hələ uşaq ikən həmyaşıdlarından fərqlənən, hər işdə fəal, dürüst davranan Fərid Şamilov Səfərbərlik elan olunduğu zaman “Vətən dardadır” düşünərək öz ərizəsi ilə çalışdığı müəssisədən ayrılıb, könüllü surətdə rəşadətli Azərbaycan ordusuna qoşulur. 2020-ci il noyabrın 8-dən 9-na keçən gecə Xocavənd uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına vuruşaraq, Şəhidlik Zirvəsinə yüksəlir. O, Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilir. Döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş, habelə torpaqlarımızın azad edilməsində müstəsna rolu olan Şamilov Fərid Mirzə oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev tərəfindən aşağıdakı medallarla təltif edilir:
1.”Vətən uğrunda” medalı; 2.”Cəbrayılın azad olunmasına görə” medalı; 3.”Xocavəndin azad olunmasına görə” medalı; 4.”Füzulinin azad olunmasına görə” medalı
Ölməzliyin nidası, o əlçatmaz Şəhidlik Zirvəsinə ucalmaq hər vətəndaşa nəsib olmur. Uca Tanrının, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz, o cümlədən bütünlüklə Azərbaycan xalqı fəxr edir! Bakı 2023.