Müharibə xoşbəxtliyi və insan ağrısı (Vaqif İsaqoğlunun “Qırmızı yağış” hekayəsi) Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizi yenicə əldə etdiyim, tanınmış söz adamı, hər iki cəbhədə silahdaşım, rütbədə və təcrübədə məndən böyük olan Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabından seçdiyim eyni adlı hekayə əsasında qurmağa çalışacağam. Kitab adı ilə diqqətimi cəlb etdi. Bu ifadə anında “Qırmızı yarpaqlı ağac” hekayəmi xatırlatdı. Nəzərinizə çatdırım ki, Vaqif İsaqoğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabitlərindən biridir. Ordunun, eyni zamanda Azərbaycanın ən ağır günlərində qələmin süngüyə çevirib cəbhədən cəbhəyə qaçan, əsgərlərlə bir qazandan yeyib, eyni kazarmada yatan döyüş zabitidir. Şübhəsiz ki, onun şərəfli döyüş yolu yazdıqlarına yansıyır. Azərbaycan ədəbiyyatında müasir dövrün ictimai-siyasi ağrılarını, müharibə travmasını və insanın daxili sarsıntılarını psixoloji dərinliklə təqdim edən müəlliflərin çoxundan fərqli olaraq, onun yazdıqları yazıçı fantaziysından daha çox, bədii don geyinmiş real həyat həqiqətləridir. Maraqlıdır ki, yaradıcılığının məhz bu cəhəti Vaqif İsaqoğlunu həm sevdirir, həm də müəyyən dairələrdə açıq publisist mövqeyinə görə həzm olunmasını çətinləşdirir. Hərbçi həyatının bütün xırdalıqlarına bələd olan, Azərbaycan əsgərinin şücaətini öz gözləri ilə görən Vaqif İsaqoğlu ən yaxın tariximizin ən dəqiq salnaməçilərindən biridir desək, yanılmarıq. Onun “Qırmızı yağış” hekayəsi yalnız bir fərdin faciəsi deyil, bütöv bir nəslin taleyini, müharibənin insan ruhunda açdığı sağalmaz yaraları əks etdirən təsirli bədii nümunədir. Hekayənin mərkəzində Nadir obrazı dayanır. O, müharibədə ayağını itirmiş, fiziki şikəstliklə yanaşı, mənəvi sarsıntı da yaşamış bir qazidir. Müəllif qəhrəmanın daxili aləmini incə psixoloji detallarla açır. Papirus tüstüsünün tavana doğru yayılması, güzgüdə özünə baxarkən yaşadığı sarsıntı, kəsilmiş ayağına zillənən baxışlar – bütün bunlar zahiri təsvir deyil, ruhun içində qopmuş fırtınanın əlamətləridir. “Qırmızı yağış” ifadəsi rəmzi məna daşıyır. Bu, sadəcə qanı xatırladan bir obraz deyil; bu, müharibənin göydən yağan bəlasıdır – insan talelərinə çökən faciədir. Qırmızı rəng burada həm qanı, həm də qəzəbi, həm də utancı simvolizə edir. Hekayənin ən ağrılı məqamlarından biri Nadirin cəbhədən qayıtdıqdan sonra qarşılaşdığı münasibətdir. Müharibədə sağlamlığını itirən bir insanın dinc həyatda işsiz qalması, zavod direktorunun laqeyd və kinayəli münasibəti cəmiyyətin mənəvi deformasiyasını göstərir. “Sənə veriləcək işimiz yoxdur” – cümləsi təkcə bir fərdin deyil, bütöv bir sistemin qəddarlığını ifadə edir. Daha ağır olan isə “Qarabağ? İndi hanı o Qarabağ? Onu niyə qoruya bilmədiniz?” kimi ironiya dolu sualdır. Bu sual bir qazinin yarasına duz səpməkdən başqa bir şey deyil. Müəllif burada müharibənin yükünü daşıyanlarla kabinetlərdə qərar verənlər arasındakı uçurumu ustalıqla göstərir. Vaqif İsaqoğlu hekayədə psixoloji realizm üslubundan istifadə edir. Nadirin öz-özü ilə mübarizəsi, ağlaya bilməməsi, səsini içinə gömməsi, qəzəbini yumruqla sinəsinə çırpması – bunlar travmanın təbii təzahürləridir. Müəllif hadisələri pafosla deyil, sakit, lakin sarsıdıcı dillə təqdim edir. Bu da əsərin təsir gücünü artırır. Güzgü motivi xüsusi diqqətə layiqdir. Qəhrəmanın güzgüyə baxaraq özünü tanımaması, saç-saqqalının ağardığını, alnında qırışların dərinləşdiyini görməsi zamanın və yaşananların insanı necə dəyişdirdiyini simvolizə edir. Güzgünün sındırılması isə daxili parçalanmanın vizual ifadəsidir. “Qırmızı yağış” hekayəsi yalnız Qarabağ savaşının kontekstində deyil, ümumilikdə müharibə və insanlıq dilemması fonunda oxunmalıdır. Müəllif göstərir ki, müharibə təkcə səngərdə olmur; o, insanın evinə, yataqxanasına, iş yerinə, hətta güzgüsünə qədər gedib çıxır. Fiziki savaş bitə bilər, lakin psixoloji savaş davam edir. Nadir obrazı bir fərd olmaqla yanaşı, simvolik xarakter daşıyır. O, itirilmiş sağlamlığın, sındırılmış arzuların, dəyərsizləşdirilmiş qəhrəmanlığın təcəssümüdür. Onun timsalında müəllif cəmiyyətə sual verir: Vətən uğrunda canından keçməyə hazır olan insanı sülh dövründə necə qarşılayırıq? Vaqif İsaqoğlunun dili sadə, lakin obrazlıdır. Təbiət təsvirləri, məkanın qaranlıq atmosferi, tüstü, güzgü, qırmızı rəng kimi detallar mətnin emosional fonunu gücləndirir. Dialoqlar qısa, lakin kəsərlidir. Hər cümlə arxasında böyük bir ağrı dayanır. Müəllif publisist ruhunu da qoruyur; hekayədə ictimai mesaj açıq şəkildə duyulur. Lakin bu mesaj bədii çərçivəni aşmır, didaktikliyə yuvarlanmır. Əksinə, oxucunu düşünməyə, vicdanı ilə üz-üzə qalmağa məcbur edir. “Qırmızı yağış” müharibə mövzusunda yazılmış adi bir hekayə deyil. Bu əsər insan ləyaqəti, sosial ədalət, vicdan və məsuliyyət haqqında dərin düşüncələr doğuran bədii manifestdir. Bir gəncin deyil, bütöv bir nəslin manifesti, harayı, fəryadıdır: “Yazığın ayağını itirdiyi vətəndə heç qəbri də olmadı”… Vaqif İsaqoğlu bu hekayə ilə sübut edir ki, ədəbiyyat təkcə estetik zövq üçün deyil, həm də yaddaş üçündür – unutmamaq, unutdurmamaq üçün. Kitabda “Qırmızı yağış”ın həmən ardınca “Yuxu” hekayəsi gəlir. Bu düzülüşn təsadüf olmadığına inanıram. Bu peşəkar qələm adamının hər bir kəlməyə, detala, sonuncu güllə həssaslığı ilə əsl döyüşcü yanaşmasıdır. Vaqif İsaqoğlu bu hekayəsi və ümumilikdə kitabda yer almış eyni ruhlu digər mətnləri ilə oxucunu oyatmağa çalışır. Düşündürür. Oxucuya bir həqiqəti xatırladır: qırmızı yağış dayansa belə, onun izi torpaqdan və insan qəlbindən uzun müddət silinmir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabını mütləq oxuyun! Hələlik.
MÜQƏDDƏS SEVGİNİN TƏRƏNNÜMÜ (Məhəmməd Əlinin “Toplu”su haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Azərbaycan Yazıçılar Birliynin üzvü, bulaq suyutək dumduru, dağ havasıtək tərtəmiz saf sevginin tərənnümçüsü kimi tanınmış şair Məhəmməd Əlinin “Toplu” adlı kitabı haqqında olacaq. Azərbaycan ədəbi mühitində bəzən elə kitablar yaranır ki, onlar təkcə bir müəllifin yaradıcılıq yolunun yekunu deyil, həm də bütöv bir düşüncə və duyğu sisteminin ifadəsinə çevrilir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Məhəmməd Əlinin “Toplu” adlı sanballı nəşri məhz belə kitablardandır. 2020-ci ildə Bakıda “SkyE” nəşriyyatında 720 səhifə həcmində çap olunmuş bu irihəcmli toplu müəllifin yaradıcılıq irsinin böyük bir qismini oxucuya təqdim edir. Kitabın tərtibçi-redaktoru Əli bəy Azəri, bədii redaktoru isə Şəlalə Nəsirlidir. Bu fakt özü-özlüyündə nəşrin məsuliyyət və peşəkarlıqla hazırlandığını göstərir. Xüsusən Əli bəy Azərinin toplama və tərtib işi müəllifin yaradıcılığını sistemli şəkildə oxucuya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Çünki “Toplu” sadəcə şeirlərin bir araya gətirilməsi deyil, poetik dünyagörüşün mərhələli təqdimatıdır. Məhəmməd Əlinin poeziyasında təbiət motivləri xüsusi yer tutur. O, təbiət hadisələrini yalnız təsvir etmir, onları daxili aləmin, insan ruhunun aynasına çevirir. Yağış, külək, torpaq, dağ, çay – bütün bu obrazlar müəllifin şeirlərində canlı bir metaforaya çevrilir. Təbiət onun üçün həm ilham mənbəyidir, həm də insanın mənəvi saflığını qoruyan müqəddəs məkandır. Bu baxımdan “Toplu” kitabı oxucuya yalnız poetik mətnlər deyil, həm də müəllifin həyat fəlsəfəsini təqdim edir. Onun şeirlərində vətən sevgisi, insanlıq duyğusu, mənəvi dəyərlərə bağlılıq aydın sezilir. Şair-publisist olaraq Məhəmməd Əli sözü həm emosional, həm də ictimai məsuliyyət yükü ilə təqdim etməyi bacarır: Mən sirli bir kitabam; açın, oxuyun məni. Hələ sıranızdayam, yaxından duyun məni!” Məhəmməd Əli yalnız şair deyil, həm də publisistdir. Bu xüsusiyyət onun şeirlərində düşüncə dərinliyi, ictimai mövqe və vətəndaş məsuliyyəti kimi keyfiyyətləri gücləndirir. Onun poetik dili sadə və səmimi olmaqla yanaşı, ideya baxımından dolğundur. “Toplu” kitabında toplanmış əsərlərin geniş auditoriya üçün nəzərdə tutulması da təsadüfi deyil. Bu toplu müxtəlif yaş və zövqə malik oxucular üçün müraciət ünvanıdır. Həm klassik poeziyanın davamçıları, həm də müasir ədəbi nəfəs axtaranlar üçün kitabda kifayət qədər zəngin material var. “Toplu” həm də bir növ yaradıcılıq hesabatıdır. Oxucu burada şairin poetik inkişaf mərhələlərini izləyə, onun mövzu və üslub baxımından keçdiyi yolu aydın görə bilir. Tanınmış qələm adamı Əli Bəy Azəri kitaba yazdığı ön sözdə şairin yaradıcılıq taleyini, sözə münasibətini və ədəbi mühitdə keçdiyi mürəkkəb yolu dərin müşahidə və səmimi duyğularla təqdim edir. Bu ön söz təkcə bir kitabın giriş mətni deyil, həm də bir şair ömrünün poetik portretidir. Əli Bəy Azəri yazır ki, Məhəmməd Əlinin şeirlərində qarşısındakını duymaq üçün onu səbrlə dinləmək mədəniyyətinə malik söz zənginliyi hiss olunur. Onun üçün “sözün böyüyü-kiçiyi yoxdur, söz sözdür”. Bu fikir əslində şairin yaradıcılıq kredosunu açır. Müasir dövrdə söz çox zaman onu deyənin nüfuzuna görə qiymətləndirilsə də, Məhəmməd Əli sözün öz daxili çəkisinə, mənəvi yükünə inanır. Sözlə şəxsiyyətin vəhdətindən doğulan ifadə isə əbədiyyət qazanır. Əli bəy xüsusi olaraq vurğulanır ki, söz adamı yalnız fərd deyil, həm də bir dünyadır. Bu mənada Məhəmməd Əli də bütöv bir dünyadır – poeziyası saf yaylaq havasına bənzər, təmiz və sərbəst bir söz dünyası. Onun şeirlərində səmimiyyət, təbiilik və daxili təlatüm yanaşı addımlayır. Əli Bəy Azəri insan taleyi ilə bağlı fəlsəfi bir məqama toxunaraq qeyd edir ki, hər kəs bu fani dünyada öz taleyini yaşayır. Tale ilahi bir yazı olsa da, insan ağlı, dünyagörüşü və iradəsi ilə həyatına istiqamət verə bilir. Burada əsas məsələ fitri istedadın üzə çıxmasıdır. Əgər istedad cəmiyyət tərəfindən anlayış və dəstək görərsə, pərvazlanar; əks halda ya gizlənər, ya da başqa istiqamətə yönələr. Çünki insan enerjisini həm sevgidən, həm də nifrətdən ala bilir. Məhəmməd Əlinin taleyi də bu baxımdan ibrətamizdir. Ön sözdə qeyd olunduğu kimi, o, gənclik illərində ədəbi mühitdə istedadına birmənalı münasibət görməmiş, bəzi hallarda qısqanclıq və laqeydliklə qarşılaşmışdır. Bu səbəbdən fitri qabiliyyətini bir müddət sanki kölgəyə çəkərək başqa sahədə – mühəndislikdə özünü sınamış, zəhməti və əzmi ilə həmin sahədə ad-san qazanmışdır. Lakin qəlbində vulkan kimi püskürən şairlik istedadını heç zaman unutmayıb. Bu məqamda ön sözdə sitat gətirilən fikir diqqəti cəlb edir: şair ədəbiyyata gec gəlsə də, güclü nəfəs və dolğun sözlə gəlib. Hələ ötən əsrin 60-cı illərində şeirləri mətbuatda çap olunsa da, sonradan uzun bir sükut dövrü yaşayıb. Ancaq görünür, şairlik onun alın yazısı imiş. Çünki sözə bağlılıq taleyin hökmündən də güclü olur. “Toplu” kitabı bu mənada yalnız şeirlərin bir araya gətirilməsi deyil, həm də zamanın sınağından çıxmış bir söz adamının öz imzasını təsdiq etməsidir. Burada toplanan şeirlər həyatın müxtəlif qatlarını – sevgi və nisgili, vətən duyğusunu, insanın daxili çarpışmalarını, təbiətə bağlılığı əks etdirir. Onun poeziyasında pafosdan çox səmimiyyət, süni nəzərdən çox təbii axar üstünlük təşkil edir. Qeyri-ixtiyari nə vaxtsa şeirlərimin birində ifadə etdiyim: “Dərdin, ah-nalənin özü də SEVGİ” fikrini xatırlayıram. 720 səhifəlik bu “Toplu”da “Bu dünya”, “Azərbaycan”, “Qəbələm”, “Bakı”, “Xəzərim”, “Vətən”, “Qarabağ dərdi”, “Şuşa”, “Qobustan” kimi mayası sevgi olan nümunələr çoxdur. Bu mənada Əli bəy Azərinin içdən gələn saf sevginin tərənnümçüsü kimi tanınmış şair Məhəmməd Əlinin şeirlərindən ibarət tərtib etdiyi bu “Toplu”nu əsl sevgi ensiklopediyası adlandırmaq olar. Əli Bəy Azərinin ön sözü oxucunu belə bir qənaətə gətirir ki, Məhəmməd Əli üçün şeir sadəcə ədəbi janr deyil, daxili ehtiyacdır. Onun yazdıqları müqəddəs və sağ bir sevginin tərənnümüdür. O, sözün müqəddəsliyinə inanır və bu inam yaradıcılığının əsas dayağıdır. Şairin həyat yolu göstərir ki, istedad zaman-zaman sınağa çəkilsə də, əgər o, gerçəkdirsə, mütləq öz yolunu tapır. Azərbaycan poeziyasında sevgi mövzusu daim aparıcı xətt olmuşdur. Lakin hər şair sevgini eyni şəkildə təqdim etmir. Bəziləri onu ehtirasın alovu kimi, bəziləri nisgil və ayrılıq ağrısı kimi, bəziləri isə fəlsəfi-ruhi bir ucalıq kimi təqdim edir. Tanınmış şair Məhəmməd Əli isə“Mənim sevgim” şeirində sevgini saf, təmiz və müqəddəs bir duyğu kimi tərənnüm edir. Onun təqdim etdiyi sevgi nə ötəri həvəsdir, nə də keçici hiss. Bu sevgi mənəvi kamilliyin, daxili paklığın və ruhi bütövlüyün ifadəsidir. Bu şeir ümumilikdə Məhəmməd Əlini saf sevginin, məhəbbətin tərənnümçüsü kimi təqdim edən ən gözəl nümunələrindən biridir. Şeir ilk misralardan oxucunu incə bir estetik ovqata kökləyir: “İncə güldür, bir çiçəkdir, Mənim sevgim, mənim sevgim.” Burada sevgi zərifliklə, incəliklə assosiasiya olunur. Gül və çiçək obrazı təsadüfi deyil. Gül həm gözəlliyin, həm də paklığın simvoludur. Şair sevginin zahiri gözəlliklə deyil, daxili saflıqla dəyər qazandığını göstərir. Sevgi bir çiçək kimi qorunmalı, qayğı ilə bəslənməlidir. Bu obraz şairin duyğulara nə qədər həssas yanaşdığını göstərir. Növbəti misralarda sevgi artıq təkcə estetik yox, həm də mənəvi güc kimi təqdim olunur: “Arzu dolu bir ürəkdir, Mənim sevgim, mənim sevgim.” Burada sevgi insanın daxili aləmi ilə birləşir. O, ürəyin özüdür. Arzu dolu ürək ifadəsi sevginin hərəkətverici qüvvə olduğunu bildirir. Bu sevgi passiv hiss deyil; o, insanı yaşamağa, yaratmağa, irəli getməyə sövq edir. Şair daha sonra sevgini dinamika içində təqdim edir: “Dərə keçib, dağlar aşar, Çaylar kimi coşub-daşar.” Bu bənddə sevgi artıq qüvvət və iradə rəmzidir. O, maneələri aşır, sərhədləri tanımır. Dağ aşmaq və dərə keçmək Azərbaycan poeziyasında çətinliklərin simvoludur. Deməli, Məhəmməd Əlinin sevgisi sınaqlardan qorxmur. Çay kimi coşub-daşan sevgi həm təbii, həm də dayandırılmaz bir enerjidir. Bu sevgi insanın daxilində daim yenilənir, “gündən-günə cavanlaşır”. Şair burada sevginin zamanla solmadığını, əksinə, daha da gücləndiyini vurğulayır. Şeirin üçüncü hissəsində isə sevginin mənəvi-ruhi mahiyyəti açılır: “Ürəyimdən qopan səsdir, Sanma ötən bir həvəsdir. Saf, təmizdir, müqəddəsdir…” Burada əsas vurğu “saf”, “təmiz” və “müqəddəs” sözləri üzərindədir. Müəllif açıq şəkildə bildirir ki, onun sevgisi ötəri həvəs deyil. Bu, dərin mənəvi bağlılıqdır.“Ürəyimdən qopan səs” ifadəsi isə sevginin səmimiliyini göstərir. Bu duyğu kənardan gəlmir, daxildən doğur. Saxta deyil, təbii və gerçəkdir. Son bənddə sevgi artıq iki ruhun vəhdəti kimi təqdim olunur: “Mən güləndə o da gülər, Sevinc-dərdi yarı bölər. Məndə yaşar, mənlə ölər…” Bu misralar sevginin paylaşmaq mədəniyyəti olduğunu göstərir. Sevgi yalnız xoş günün deyil, çətinliyin də bölüşülməsidir. Əsl sevgi sevinci də, dərdi də yarı bölməyi bacarır. “Məndə yaşar, mənlə ölər” ifadəsi isə bu bağlılığın əbədilik ölçüsünü göstərir. Bu sevgi insanın varlığı ilə eyniləşir. Məhəmməd Əlinin bu şeirində diqqət çəkən əsas cəhət səmimilikdir. Şair pafosdan uzaqdır, mürəkkəb metaforalara aludə olmur. O, sadə, anlaşılan, lakin dərin məna daşıyan ifadələrlə sevginin fəlsəfəsini qurur. Təkrar olunan“Mənim sevgim” ifadəsi isə şeirin həm ritmik, həm də emosional dayağıdır. Bu təkrar sevginin dəyərini vurğulayır, onu şairin şəxsiyyətinin ayrılmaz hissəsinə çevirir. Bu şeir müasir dövrdə xüsusilə aktualdır. Çünki zamanımızda sevgi anlayışı çox vaxt səthi münasibətlərlə qarışdırılır. Məhəmməd Əli isə oxucuya xatırladır ki, sevgi safdırsa, müqəddəsdir; müqəddəsdirsə, davamlıdır; davamlıdırsa, insanı kamilləşdirir. Beləliklə, “Mənim sevgim” şeiri yalnız lirik etiraf deyil, həm də mənəvi bir manifestdir. Bu əsərdə şair saf sevgini ucaldır, onu həyatın mənəvi dayağı kimi təqdim edir. Onun sevgisi nə keçicidir, nə də təsadüfi. Bu sevgi insanın ruhunu saflaşdıran, onu ucaldan, yaşadan və mənalandıran bir qüvvədir. Məhəmməd Əli bu şeiri ilə bir daha sübut edir ki, əsl sevgi səs-küysüzdür, lakin güclüdür; sadədir, lakin müqəddəsdir; sakitdir, lakin dağları aşacaq qədər qüdrətlidir. Nəticə etibarilə, Məhəmməd Əlinin “Toplu” kitabı həm bir yaradıcılıq hesabatı, həm də sözə sədaqətin təntənəsidir. Bu kitab oxucuya bir daha xatırladır ki, sözün böyüyü-kiçiyi yoxdur – söz sözdür. Əgər o söz şəxsiyyətin bütövlüyündən doğursa, zamanın sərt küləkləri belə onu susdura bilmir. “Toplu” təkcə bir şairin yaradıcılıq külliyyatı deyil, həm də Azərbaycan poeziyasının müasir mərhələsində özünəməxsus bir töhfədir. Məhəmməd Əlinin təbiətdən, həyatdan və insan ruhundan süzülən misraları bu kitabda bir araya gələrək bütöv bir poetik dünya yaradır. Bu nəşr ədəbiyyatsevərlər üçün dəyərli bir mənbə, gələcək tədqiqatçılar üçün isə ciddi istinad nöqtəsidir. “Toplu” – adından da göründüyü kimi – bir yaradıcılığın bütöv panoramıdır və Azərbaycan poeziyasının zəngin xəzinəsinə əlavə olunmuş qiymətli bir incidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun! 17.02.2026. Bakı.
“Qadın yaz hekayəni: sənin səsin, sənin hekayən…” (Şahnaz Səxavətqızının eyni adlı kitabı haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu qadınlar haqqında yazan gənc xanım yazarımız Şahnaz Səxavətqızının “Qadın yaz hekayəni: sənin səsin, sənin hekayən…” kitabı haqqında olacaq. Onu qeyd edim ki, Şahnaz Səxavətqızı Beynəlxalq Karyera akademiyasının dəvəti ilə fəxri qonaq qismində qatıldığım Milli Uğur Mükafatı gecəsində “Qızlarımız oxusun” layihəsi çərçivəsində “İlin yazarı” mükafatı ilə təltif olunanda diqqətimi cəlb etdi. Və müəllifi olduğu “Qadın yaz hekayəni: sənin səsin, sənin hekayən…” kitabı “Kitabçı” kitab evindən əldə edib incələmək qərarına gəldim. Təfsilata keçməzdən əvvəl onu vurğulamaq istəyirəm ki, eyni ilə Südabə Məmmədovanın (Mətanətli) “Debüt”ü kimi bu kitab da məni heyrətləndirdi. Sual açıq qalır: Gənc xanım müəlliflərimiz hansı ehtiyacdan bu mövzuya üz tuturlar? Onların buna vadar edən səbəblər hansılardır!? Bütün bunlar tamam başqa bir söhbətin mövzusudur. Bu dəfə yuxarıda qeyd etdiyim kimi söhbətimizi Şahnaz xanımın adı çəkilən kitabı üzərindən qurmağa çalışacağam. Müasir Azərbaycan ədəbiyyatında qadın mövzusunun yeni çalarlarla ifadəsi diqqət çəkən istiqamətlərdən biridir. Bu istiqamətdə gənc müəllif Şahnaz Səxavətqızı öz səmimi və cəsarətli çıxışı ilə seçilir. 2002-ci il mayın 15-də dünyaya göz açan, əslən Naxçıvandan olan və hazırda Bakı şəhərində yaşayan müəllif peşəkar ədəbiyyat cameəsindən gəlməsə də, daxili ehtiyac və mənəvi məsuliyyət hissi ilə yazı dünyasına qədəm qoyub. Və artıq yazarlar cameəsinin sayılıb seçilən qələm sahiblərimdən biri kimi “İlin yazarı” nominasiyasında nüfuzlu müstəqil bir qurum tərəfindən təltif olunması artıq bu sahədə ciddi addımların atıldığını göstərən kifayət qədər yüksək nəticədir. Onun ədəbi yolunun başlanğıcı bir iddiadan deyil, bir çağırışdan doğur — qadınların səsi olmaq çağırışından. Müəllifin özünün də vurğuladığı kimi, bu yolun ən böyük ilham mənbəyi və dayağı anası olub. Bu fakt kitabın ruhuna xüsusi istilik və səmimiyyət qatır. Çünki burada yazılanlar yalnız nəzəri fikirlər deyil, həyatın içindən süzülmüş duyğular, yaşanmış müşahidələr və qadın taleyinə həssas münasibətin ifadəsidir. “Qadın yaz hekayəni … …” — bu ad özü-özlüyündə çox ciddi bir çağırış, hətta müəyyən mənada əmr kimi səslənir. Bu, sadəcə kitab adı deyil, bir çağırış, bir müraciət, bir oyanış siqnalıdır. Müəllif qadınlara səslənərək onları heç kimə və heç nəyə bağlı olmadan, yalnız öz güclərinə arxalanaraq yaşamağa təşviq edir. Bu çağırış müasir dövrün ən aktual sosial və mənəvi məsələlərindən birinə toxunur. Qadının özünü tanıması və öz səsini ucaltmasının vacibliyini vurğulayır. Şahnaz Səxavətqızı qadına yazmağı təklif edir. Yazmaq burada yalnız qələm və kağız mənasında deyil; öz həyatını yazmaq, taleyinə sahib çıxmaq, seçim etmək, susmamaq, varlığını qəbul etdirmək mənasındadır. O, inanır ki, qadının hekayəsi onun öz səsidir və bu səs boğulmamalıdır. Müəllifin sözləri ilə desək: “Arxanızda heç kim olmasa belə, içinizdəki gücə inanın və bu həyatda əsla məğlub olmayın.” Bu cümlə kitabın ideya qayəsini ümumiləşdirən əsas tezisdir. Burada qadına verilən mesaj aydındır: güc kənarda deyil, daxildədir. Şahnaz Səxavətqızı tibb sahəsində təhsil alıb. Bu məqam onun ədəbiyyatçı olmadığını göstərsə də, insanı, insan orqanizmini; cism və ruh olaraq daha yaxşı tanıya biləcəyi barədə ilkin məlumat ötürür. Və bu sözün əsl mənasında belədir. Onun haqqında söhbət açdığımız qələm təcrübəsi bu barədə fikir söyləməyimizə ciddi əsaslar verir. Şahnaz Səxavətqızının peşəkar yazıçı kimi fəaliyyətə başlamaması, əslində, bu kitabın dəyərini daha da artırır. Çünki burada ədəbiyyat akademik ambisiya deyil, daxili ehtiyacdır. O, yazı dünyasına bir müəllif kimi deyil, bir qadın kimi daxil olub. Və qadından yazır. Qadına “Yaz!’ deyir. Bu yanaşma kitabın dilində də hiss olunur — sadə, anlaşıqlı, emosional və birbaşa. Müəllif oxucu ilə məsafə saxlamır; o, tribunadan deyil, qadının yanında dayanaraq danışır. Bu isə publisistik üsluba canlılıq və təsir gücü verir. Kitabın əsas xətti qadının özünə inamıdır. Müəllif qadının kiminsə kölgəsində deyil, öz işığında yaşamasını təbliğ edir. Cəmiyyətin stereotipləri, ailə və sosial basqılar, qadının susdurulmuş arzuları — bütün bunlar kitabın fonunda dayanır. Lakin müəllif qaranlığı təsvir etməklə kifayətlənmir; o, işığı göstərir. Bu əsər bir növ psixoloji və mənəvi motivasiya mətnidir. Burada qadına deyilir: sən tək deyilsən, amma tək olsan belə, zəif deyilsən. Sənin səsin var və o səs eşidilməlidir. Şahnaz Səxavətqızının gənc nəsli təmsil etməsi də mühüm məqamdır. 2000-ci illərdə doğulan bir müəllifin qadın mövzusuna yanaşması, müasir sosial reallıqlarla iç-içə formalaşıb. Bu, kitabın ideyasında dinamika və çağdaşlıq yaradır. O, qadına mərhəmət obyekti kimi deyil, güc mənbəyi kimi baxır. Bu baxış tərzi yeni düşüncə modelinin göstəricisidir. Qadın artıq müdafiəyə ehtiyacı olan deyil, özünü müdafiə edə bilən, öz yolunu seçən, öz taleyini yazan bir fərddir. “Qadın yaz hekayəni: sənin səsin, sənin hekayən…” kitabı bir ədəbi hadisədən daha çox, mənəvi bir çağırışdır. Bu əsər qadınlara ünvanlanmış səmimi bir məktub, daxili gücə inamın tərənnümüdür. Şahnaz Səxavətqızı bu kitabı ilə göstərir ki, yazmaq üçün yalnız qələm deyil, ürək lazımdır. Və o ürək qadının öz hekayəsini yazmağa qadirdirsə, deməli, cəmiyyət də dəyişməyə qadirdir. Çünki hər qadının yazdığı hekayə — bir az da azadlığın hekayəsidir. Ədəbiyyatımızda qadın mövzusu hər zaman aktuallığı ilə seçilib. Lakin bu mövzunun qadının öz dili, öz baxışı və öz daxili etirafları ilə ifadəsi xüsusi əhəmiyyət daşıyır. Gənc yazar Şahnaz Səxavətqızının “Qadın yaz hekayəni: sənin səsin, sənin hekayən…” adlı kitabı da məhz bu baxımdan diqqət çəkən, düşündürən və oxucunu öz daxili dünyası ilə üz-üzə qoyan bir əsərdir. 2025-ci ildə Bakı şəhərində “Vektor” Beynəlxalq Nəşrlər Evində çap olunan, 168 səhifədən ibarət olan bu kitab ilk növbədə bir çağırışdır. Adın özündəki imperativ –“yaz!” əmri qadına ünvanlanmış bir müraciət, bəlkə də uzun illər susdurulmuş, kölgədə qalmış duyğuların dilə gətirilməsi üçün bir təkan rolunu oynayır. Müəllif burada təkcə fərdi hekayəni deyil, bütöv bir qadın talelərinin ümumiləşmiş mənzərəsini təqdim edir. Kitabın başlıca ideyası qadının öz hekayəsinin müəllifi olmasıdır. Əsər oxucuya xatırladır ki, qadının taleyi başqalarının qələmindən deyil, onun öz ürəyindən süzülən sözlərlə yazılmalıdır. Bu, həm ədəbi, həm də sosial mesajdır. Çünki qadının cəmiyyətdə rolu, ailədə mövqeyi, daxili mübarizəsi və arzuları çox zaman stereotiplərin kölgəsində qalır. Şahnaz Səxavətqızı isə bu stereotipləri qırmağa çalışır. Onun qələmində qadın yalnız ana, həyat yoldaşı və ya cəmiyyətin müəyyən çərçivələrə saldığı obraz deyil; o, düşünən, hiss edən, qərar verən və taleyini dəyişmək gücünə malik bir fərddir. Kitabın ideya xətti qadının özünü kəşf etməsi, daxili azadlığına qovuşması və öz səsini tapması üzərində qurulub. Əsərdə publisistik çalar açıq şəkildə hiss olunur. Müəllif bədii ifadə ilə yanaşı, oxucuya birbaşa müraciət edir, onu düşünməyə, mövqe bildirməyə səsləyir. “Sənin səsin, sənin hekayən…” ifadəsi sadəcə poetik bir deyim deyil; bu, həm də vətəndaşlıq mövqeyidir. Kitab qadınlara ünvanlansa da, əslində bütövlükdə cəmiyyətə mesaj verir. Çünki qadının susması cəmiyyətin susmasıdır, qadının danışması isə cəmiyyətin oyanışıdır. Bu baxımdan əsər sosial-psixoloji aspektdən də əhəmiyyətlidir. Müasir Azərbaycan ədəbiyyatında qadın müəlliflərin sayı və təsiri artmaqdadır. Şahnaz Səxavətqızının bu kitabı həmin prosesin davamı kimi qiymətləndirilə bilər. O, öz qələmi ilə qadın dünyasının incəliklərini, ağrılarını, ümidlərini və arzularını səmimi şəkildə ifadə edir. Kitabın redaktoru professor Elçin İsgəndərzadə, texniki redaktoru və dizayneri Şükufə Əhmədli Davudova olmuşdur. Bu fakt da əsərin peşəkar yanaşma ilə hazırlandığını göstərir. Nəşrin “Vektor” Beynəlxalq Nəşrlər Evində işıq üzü görməsi isə onun elmi-ədəbi mühitdə ciddiyyətlə qarşılandığını təsdiqləyir. Kitabda qadın mövzusunun yeni nəfəs, yeni baxış və yeni ifadə tərzi ilə təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Şahnaz Səxavətqızının “Qadın yaz hekayəni: sənin səsin, sənin hekayən…” adlı kitabı da məhz bu mənəvi ehtiyacdan doğan, qadının daxili aləmini, gücünü və varlığını sözün işığında təqdim edən dəyərli ədəbi nümunədir. Kitabda qadın təkcə bir cinsin adı deyil, bir varlığın, bir gücün, bir sevginin və bir həyatın adıdır. Bu yanaşma artıq qadını sosial rolların çərçivəsindən çıxararaq onu müstəqil, bütöv və dəyərli insan kimi təqdim edir. Müəllifin“Sən yalnız deyilsən” müraciəti isə sadəcə ədəbi ifadə deyil, bir çağırışdır – qadına öz səsini eşitdirmək, öz varlığını təsdiqləmək çağırışı. Mətnin ən təsirli məqamlarından biri qadının “həyatın ilk nəfəsi” kimi təqdim olunmasıdır. Ana, bacı, ömür yoldaşı – bütün bu sosial rollar sadalanır, lakin müəllif xüsusi vurğulayır ki, qadın hər şeydən əvvəl insandır. Bu fikir həm humanist, həm də fəlsəfi baxımdan mühüm məqamdır. Çünki qadını idealizə etmədən, onu mifləşdirmədən, ilk növbədə insan olaraq qəbul etmək bərabərlik düşüncəsinin əsasını təşkil edir. Şahnaz Səxavətqızının təqdimatında qadın nə zəifliklə, nə də sadəcə zərifliklə ölçülür. Onun daxilində həm fırtına, həm də səssiz bir dəniz var. Bu bədii paralel qadının daxili dünyasının mürəkkəbliyini, emosional dərinliyini və eyni zamanda dözümlülüyünü göstərir. Qadın güclüdür, lakin bu güc zorakılıqda deyil – səssizliyində, baxışında, səbrində və sevgisindədir. Bu yanaşma publisistik baxımdan da mühüm mesaj verir: qadının gücü fiziki üstünlükdə deyil, mənəvi bütövlükdədir. O, dünyanı zorla deyil, sevgi ilə dəyişdirir. Mətnin başqa bir önəmli xətti qadının görünməyən əməyinin vurğulanmasıdır. Müəllif yazır ki, qadın bütün dünyanı yaratmaqla məşğuldur, amma çox vaxt özü gözə görünmür. Bu fikir cəmiyyətin illərlə formalaşmış stereotiplərinə incə bir tənqiddir. Qadın pərdə arxasında qalır, amma həyatın bütün sahələrində iz qoyur. Publisistik baxımdan bu, sosial mesajdır: qadının əməyinə, zəhmətinə və varlığına görünən dəyər verilməlidir. Kitabın ruhunda qadın sevgi qaynağı kimi təqdim olunur. O, dağılanı bərpa etməyə, xarabanı saraya çevirməyə qadirdir. Bu ifadə simvolik məna daşıyır – qadın ailədə, cəmiyyətdə, hətta milli-mənəvi mühitdə yenidənqurucu rol oynayır. Burada müəllif qadını passiv obraz kimi deyil, yaradıcı və dəyişdirici qüvvə kimi təqdim edir. Qadın sadəcə mövcud deyil, o, həyatın hər zərrəsinə məna qatır. Bu kitab qadına öz hekayəsini yazmaq cəsarəti verir. Onu susmamağa, öz varlığını qəbul etməyə və öz gücünə inanmağa çağırır. Şahnaz Səxavətqızının dili sadə, lakin təsirli və emosionaldır. O, mürəkkəb fəlsəfi ideyaları ağır terminlərlə deyil, səmimi və ürəkdən gələn ifadələrlə təqdim edir. Bu da kitabı geniş oxucu kütləsi üçün anlaşılan və doğma edir. Bu kitab müasir Azərbaycan ədəbiyyatında qadın mövzusunun dərin, humanist və publisistik baxışla işlənmiş nümunələrindən biridir. O, qadını nə mücərrəd ideal, nə də aciz obraz kimi göstərir. O, qadını həyatın qəhrəmanı, səssiz gücü və görünməyən dayağı kimi təqdim edir. “Qadın yaz hekayəni: sənin səsin, sənin hekayən…” – əslində bir çağırışdır: –Qadın yazmalıdır. -Qadın danışmalıdır. -Qadın görünməlidir. Çünki qadın bir cinsin adı deyil – bir dünyanın adıdır. Şahnaz Səxavətqızının bu əsəri müasir oxucu üçün həm düşündürücü, həm də ruhlandırıcı bir mənbədir. O, qadın kimliyinin, qadın iradəsinin və qadın sözünün dəyərini bir daha xatırladır. Və ən əsası, hər bir qadına belə bir mesaj ünvanlayır: sənin hekayən dəyərlidir, çünki o, sənindir. Bu kitab qadına acımaq üçün deyil, onu güclü görmək, gücünü xatırlatmaq və öz hekayəsinin müəllifi olmağa təşviq etmək üçün yazılıb. Burada qadın nə qurban, nə də idealizə olunmuş mifdir. O, yaşayan, düşünən, mübarizə aparan və yaradan bir insandır. Nəticə etibarilə, Şahnaz Səxavətqızının bu əsəri qadın kimliyinin poetik-fəlsəfi portretidir. Bu kitab hər bir qadına ünvanlanmış bir məktub, hər bir oxucuya isə düşünmək üçün bir sualdır: “Sən öz hekayəni yazmağa hazırsanmı?” Bu əsər qadın səsinin susmadığını, sadəcə bəzən eşidilmədiyini xatırladır. Və ən əsası, o səsin yenidən yüksələcəyinə inam aşılayır.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun.
“HƏR ŞEY YAXŞI OLACAQ!” (Cavadlının “Hökümə” poeması haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu gün söhbətimizi tanınmış şair, publisist, Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabiti Mahir Cavadlnın “Hökümə” poeması əsasında qurmağa çalışacağam. Azərbaycan ədəbiyyatında faciə mövzusu həmişə xüsusi bir yer tutub. Tariximizin ağrılı səhifələri, xalqımızın üzləşdiyi sarsıntılar və qəhrəmanlıq nümunələri poeziyada öz bədii əksini taparaq həm yaddaşa çevrilib, həm də gələcək nəsillərə mənəvi dərs olub. Tanınmış şair və jurnalist, Qarabağ müharibəsi veteranı Mahir Cavadlının 2025-ci ildə “Füyuzat” nəşriyyatında çap olunan “Hökümə” poeması da məhz belə əsərlərdən biridir. Redaktoru şair-publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli olan, ön sözü yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin qələmindən çıxan bu 86 səhifəlik poema təkcə bir ədəbi nümunə deyil – o, həm də milli yaddaşın poetik ifadəsidir. Zemfira Məhərrəmlinin ön sözündə qeyd olunduğu kimi, “Hökümə” poeması ötən ilin dekabrında Bakı–Qroznı reysi ilə uçan, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və çoxsaylı insan itkisi ilə nəticələnən faciəvi hadisəyə həsr olunub. Rusiyanın hava məkanında silahlı müdaxiləyə məruz qaldığı bildirilən və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan bu təyyarədə həyatını itirən ekipaj üzvlərinin və sərnişinlərin əziz xatirəsinə ithaf edilən poema, ağrının poetik memorialıdır. Faciə yalnız azərbaycanlılara deyil, müxtəlif millətlərdən olan insanlara da toxunmuşdu. Hər kəs öz arzusu, istəyi, ailəsi, doğması üçün səfərə çıxmışdı. Lakin taleyin acı hökmü bu arzuları yarımçıq qoydu. Məhz bu məqamda şairin qələmi tarixin və taleyin sərt hökmünü sənət hökmünə çevirir. Poemanın adı – “Hökümə” – çoxqatlı məna daşıyır. Bu söz həm hüquqi qərarı, həm taleyin qaçılmaz yazısını, həm də zamanın sərt hökmünü xatırladır. Mahir Cavadlı bu adı seçməklə sanki oxucunu düşünməyə vadar edir: bu hökmü kim verdi? Müharibələr, siyasi ambisiyalar, məsuliyyətsizlik, yoxsa taleyin özü? Şair hadisəyə yalnız informativ yanaşmır; o, faciəni insan taleləri prizmasından təqdim edir. Zemfira Məhərrəmlinin vurğuladığı kimi, əsərin bədii siqləti, təsir gücünü artıran təsvirlər, ağrılı gerçəyin emosional təqdimatı oxucunu hadisənin içinə aparır. Oxucu yalnız məlumat almır – o, yaşayır, hiss edir, sarsılır. Mahir Cavadlı Qarabağ müharibəsi veteranıdır. Onun yaradıcılığında vətənpərvərlik, ədalət, şəhidlik, milli ləyaqət mövzuları daim ön planda olub. “Hökümə” poemasında da bu xətt davam edir. Lakin burada pafoslu çağırışdan çox, dərin hüzn, sükut içində qopan fəryad var. Bu poema bir tərəfdən konkret bir hadisəyə reaksiya olsa da, digər tərəfdən müasir dünyanın təhlükəli reallıqlarına işarədir. İnsan həyatının siyasi oyunlar qarşısında necə kövrək və müdafiəsiz qalması, günahsız insanların faciə qurbanına çevrilməsi əsərin alt qatında açıq şəkildə hiss olunur. Şair bu hadisəni yalnız yas mətni kimi qələmə almır. O, qəhrəmanlıq məqamını da önə çəkir. Təyyarə heyətinin son ana qədər məsuliyyət və peşəkarlıq nümayiş etdirməsi, insanların həyatını xilas etmək üçün göstərilən fədakarlıq poetik dillə ucaldılır. Beləliklə, faciə yalnız itki deyil, həm də insanlıq dərsi kimi təqdim olunur. “Hökümə” poeması bir daha sübut edir ki, ədəbiyyat yalnız estetik zövq üçün deyil, həm də tarixi yaddaşın qorunması üçündür. Şair hadisəni sənədləşdirmir – onu mənalandırır. O, statistik rəqəmləri insan talelərinə çevirir, xəbəri duyğuya, faktı fəlsəfəyə yüksəldir. Zemfira Məhərrəmlinin ön sözü əsərin dəyərini və aktuallığını vurğulayaraq oxucunu mətni daha diqqətlə oxumağa istiqamətləndirir. Onun təqdimatında “Hökümə” yalnız bir poema deyil, zamanın sarsıdıcı çağırışına ədəbi cavabdır. Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təkcə bir taleyin poetik salnaməsi deyil, həm də mərdliyin, fədakarlığın və milli-mənəvi dəyərlərin bədii manifestidir (səh. 46): “İyirmi sərnişin gəlsin qabağa!” – Deyəndə bilirdin ölüm var öndə. Bu misralar artıq ilk baxışdan oxucunu dramatik situasiyanın içinə salır. Burada adi bir çağırış yox, ölümün gözünə dik baxan iradə var. Şair qəhrəmanını tərəddüdsüz qərar verən, taleyin hökmünü öz üzərinə götürən bir obraz kimi təqdim edir. “Özün öndə olub hökmü verəndə” ifadəsi həm də əsərin adına – “Hökümə”yə semantik bağ yaradır. Höküm burada həm taleyin hökmü, həm də vicdanın, məsuliyyətin verdiyi qərardır. Poemada təsvir edilən situasiya – düşən təyyarə, alov, su, ölüm təhlükəsi – real hadisə fonunda qəhrəmanlıq aktını daha da ucaldır. “O iyirmi nəfərdən sədd, divar qurmaq, / Özünü alova… oda atmaqdır” misraları qəhrəmanın özünü başqalarına sipər etməsini simvolizə edir. Bu, fiziki fədakarlıqdan daha artıq – mənəvi böyüklüyün təcəssümüdür. Poemanın diqqətçəkən cəhətlərindən biri də vicdan amilinin ön plana çəkilməsidir (səh. 46): “Kimin qınamağa haqqı var indi, Bu vicdan yükünü çəkə bilməzdin.” Burada müəllif oxucuya sual ünvanlayır, amma cavabı da misraların özündə gizlidir. Qəhrəmanın seçimi elə bir mənəvi ucalıqdır ki, onu qınamaq yox, anlamaq və dəyərləndirmək lazımdır. Mahir Cavadlı qəhrəmanını mifləşdirmir, onu real, hiss edən, anlayan bir insan kimi təqdim edir. Lakin bu insan öz daxili əxlaq kodeksinə sadiq qalaraq ölümün üzərinə gedir. Əgər “qabaqda sıralar alınmasaydı”, “bütün sərnişinlər məhv olacaqdı” – deyə (səh. 46) müəllif qeyd edir. Bu isə qəhrəmanlığın təsadüfi deyil, zəruri və xilasedici xarakter daşıdığını göstərir. Deməli, “Hökümə” poeması fərdi şücaətin kollektiv xilasa çevrilməsinin bədii salnaməsidir. Parçanın davamında – “Son səs… Son nəfəs …” sərlövhəli bölümün sonunda (səh. 47) müəllif ümumiləşdirici bir mövqeyə keçir: “Bax, buna deyərlər mərdlik, dəyanət, Hər zaman beləmi düşün bir anlıq.” Bu misralar artıq konkret hadisədən çıxaraq ümumbəşəri və milli dəyər səviyyəsinə yüksəlir. Qəhrəmanlıq yalnız bir epizod deyil, millətin yaddaşında yaşamalı olan örnəkdir. “Var olsun qəhrəman yetirən millət” ifadəsi (səh. 47) ilə müəllif fərdi igidliyi xalqın mənəvi gücü ilə əlaqələndirir. Bu kontekstdə “Hökümə” poeması təkcə bir insanın taleyi deyil, həm də Azərbaycan insanının xarakter portretidir. Mərdlik, dözüm, iradə – bunlar müəllifin qəhrəmanında cəmlənmiş milli keyfiyyətlərdir. Poemanın “Yolumuz Turanadı” (səh. 47) başlıqlı hissəsi isə əsərin ideya coğrafiyasını genişləndirir. Burada artıq fərdi qəhrəmanlıqdan Türk dünyası miqyasına keçid edilir (səh. 47): “Qazaxstan, Turan yurdu, Ulu yurd, qədim diyar…” Bu misralar göstərir ki, müəllif üçün qəhrəmanlıq anlayışı yalnız bir hadisə ilə məhdudlaşmır. O, bu ruhu Turan ideyası, qardaşlıq, ortaq tarix və mədəniyyət kontekstində təqdim edir. “İki dost, iki can bir” ifadəsi (səh. 47) Azərbaycan–Qazaxıstan qardaşlığının poetik rəmzinə çevrilir. Beləliklə, “Hökümə” poeması həm fərdi qəhrəmanlıq dastanı, həm də Türk birliyi ideyasının poetik tərənnümüdür. Bu ideoloji xətt əsərə publisistik çalar verir, onu sırf lirik mətn olmaqdan çıxarıb ictimai-mənəvi manifest səviyyəsinə qaldırır. Mahir Cavadlı jurnalist təfəkkürünə malik şairdir (ixtisaslı mütəxəssis – peşəkar jurnalist – BDU). Bu xüsusiyyət poemada aydın hiss olunur. Mətn həm emosional, həm də faktoloji dinamika daşıyır. Hadisə konkret, təsvirlər yığcam, mesaj isə aydındır. Şair pafosa qapılmadan yüksək emosional ton yarada bilir. Poemanın dili sadə, lakin təsirlidir (Bu keyfiyyət də məhz onun təhsili ilə bağlıdır – təəssüf ki, hazırda BDU jurnalistika fakültəsində Azərbaycan dili bir fənn kimi tədris olunmur. Bu hal gənc məzun-mütəxəsislərin bütün fəaliyyətndə hiss olunur). Bədii ifadə vasitələri şişirdilmədən, təbii axarda təqdim olunur. Bu isə oxucunun hadisəni göz önündə canlandırmasına, qəhrəmanın daxili aləmini hiss etməsinə imkan yaradır. Bu poema oxucunu düşündürür: insanı ucaldan nədir? Həyatın özü, yoxsa başqaları üçün fəda edilən həyat? Mahir Cavadlı bu suala misralarla cavab verir – insanlıq dünyanı yaşadan hissdir. Və o hissin adı mərdlikdir, dəyanətdir, vicdandır. “Hökümə” – son səsin, son nəfəsin içindən doğulan əbədi bir söz abidəsidir. Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təqdim olunan parça əsasında həm lirik, həm də ictimai-ruhi yükü ilə seçilən, kədər və qürurun vəhdətində yazılmış təsirli bir elegiyadır. Bu əsər yalnız bir insanın itkisinə həsr olunmuş mərsiyə deyil, həm də milli xarakterin, qadın mərdliyinin və mənəvi ucalığın poetik salnaməsidir. Poemanın “Axan göz yaşları…” (səh. 68) başlığı ilə başlayan hissəsi oxucunu dərhal nisgil və sarsıntı mühitinə aparır. Şair “Dərd-sərdən aram-aram / Qəm hopur əklillərə” misraları (səh. 68) ilə ağrının tədricən bütün varlığı bürüdüyünü göstərir. Burada kədər bir anlıq emosional partlayış deyil, için-için yanan, şəkillərə baxdıqca yenidən alovlanan bir yanğıdır. “Gülüş donub gözlərdə” ifadəsi (səh. 68) isə itkinin miqyasını daha da dərinləşdirir – həyatın təbii axarını dayandıran, sevincin donduğu bir məqam təsvir olunur. Şairin dili sadədir, lakin bu sadəlik içində böyük psixoloji ağırlıq var. Bu, publisistik düşüncə ilə lirik duyğunun qovuşduğu nöqtədir. Poemada Hökümə yalnız fərdi taleyi ilə deyil, mənəvi keyfiyyətləri ilə təqdim olunur. “Qəhrəman Şaşa, İqor, / Od ürəkli Hökümə” misraları (səh. 69) onun ailə və toplum kontekstində mövqeyini göstərir. Burada qadın obrazı zəiflik simvolu kimi deyil, “od ürəkli”, mərd, dayanıqlı bir şəxsiyyət kimi təqdim edilir. Digər hissədə isə şair onu“millətimin mərd qızı” (səh. 69) adlandırır. Bu ifadə artıq fərdi çərçivəni aşaraq obrazı ümumxalq səviyyəsinə yüksəldir. Hökümə konkret bir insan olmaqla yanaşı, Azərbaycan qadınının rəmzinə çevrilir – sədaqətli, vətənpərvər, saf niyyətli. Poemada ilahi ədalət və tale qarşısında acizlik duyğusu da diqqət çəkir.“Tanrım, nolar cavab sor / Fələk verdiyi hökmə” misraları (səh. 68) bir növ metafizik etirazdır. Burada şair qəzəblənmir, lakin sual verir. Bu sual həm şəxsi, həm də ümumbəşəri xarakter daşıyır: niyə yaxşılar tez köçür? niyə saf ürəklər sınağa çəkilir? Eyni zamanda“cin-şeytanın kələyi”, “iblislər can alacaq” kimi (səh. 69) ifadələr ictimai eyham daşıyır. Şair yalnız bioloji ölüm faktını deyil, zamanın mənəvi aşınmasını, dəyərlərin sarsılmasını da qabardır. Bu isə poemanın publisistik qatını gücləndirir. Əsərin ən diqqətəlayiq cəhətlərindən biri onun ümidsizliklə bitməməsidir. Şair Hökümənin səsini “bizə əmanət” adlandırır və bu əmanətin məğzi bir cümlədə ifadə olunur(səh. 69):“Hər şey yaxşı olacaq!” Bu fikir poemaya fəlsəfi bütövlük verir. Ölüm fiziki sonluq olsa da, mənəvi davamlılıq qalır. “O mərdlik, o dəyanət / Ürəklərdə qalacaq” misraları göstərir ki, insanın əsl ömrü onun qoyduğu izlə ölçülür. Mahir Cavadlının jurnalist təcrübəsi bu poemada aydın hiss olunur. O, emosiyanı pafosa çevirmir, kədəri süni bəzəmir. Dil aydındır, səmimidir, birbaşa oxucunun qəlbinə yönəlir. Publisistik məqamlar – millət, hikmət, həqiqət, yurdsevərlik kimi anlayışlar – lirik axını pozmur, əksinə, onu dərinləşdirir. Poema həm fərdi ağrının ifadəsidir, həm də milli-mənəvi dəyərlərin manifestidir. Burada qadın obrazı müqəddəsliklə deyil, real həyatın içində – ailəsi, övladları, mübarizəsi ilə birlikdə ucaldılır. Mahir Cavadlının “Hökümə” poeması müasir Azərbaycan ədəbiyyatında faciə mövzusunun yeni və təsirli bədii ifadəsidir. Bu əsər həm ağrının poetik təcəssümü, həm də insanlıq, məsuliyyət və yaddaş haqqında dərin düşüncədir. “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında və ümumən müasir Azərbaycan ədəbiyyatında qəhrəmanlıq mövzusunun uğurlu poetik nümunələrindən biri kimi dəyərləndirilə bilər. Əsər ölümün astanasında verilən qərarın mənəvi böyüklüyünü, vicdanın hökmünü və millətin yetirdiyi qəhrəmanların ölməzliyini tərənnüm edir. “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında həm emosional, həm də ideya baxımından sanballı bir nümunədir. Bu əsər oxucunu təkcə kədərləndirmir, həm də düşündürür; həm ağladır, həm də ümid verir. Bu poema göstərir ki, insanın böyüklüyü ömrünün uzunluğu ilə deyil, mənəvi işığı ilə ölçülür. Hökümə obrazı da məhz belə bir işıqdır – sönsə də, izi qalan, adı yaşadıqca nur saçan bir işıq. Faciələr unudulduqda təkrarlanır. Ədəbiyyat isə unutmağa imkan vermir. “Hökümə” də məhz bu missiyanı daşıyır – zamanın hökmünü sənətin hökmü ilə əbədiləşdirmək. Bu poema həm şəhidlərin əziz xatirəsinə hörmət, həm də gələcək nəsillərə ünvanlanan mənəvi bir çağırışdır: insan həyatının dəyərini unutmaq olmaz. Ədəbiyyat yaşatdığı müddətcə, onların xatirəsi də yaşayacaq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. 11.02.2026. Bakı.
HƏRBÇİ RUHU VƏ HƏRBİ-VƏTƏNPƏRVƏRLİK (Ramiz Duyğun poeziyasının ağ-qara rəngi) Salam olsun, çox dəyərli oxucum! Bugünkü söhbətimizin mövzusu dövrünün ən hünərli oğullarından biri Ramiz Duyğun barədə olacaq. Bu gün onun andan olmasından 88 il ötür. Bu qoşa “8” xoşbəxtlik rəmzi olsa da, şair bu günu görmədi. Ən xırda bir sevindirici hadisəyə ürəkdən sevinməyi bacaran Ramiz Duyğun özünü elə də xoşbəxt hiss etmirdi. Yüksək rütbədə və vəzifələrdə olsa da həyat hər üzünü ona göstərmişdi. Ramiz Duyğunun poeziyası müasir Azərbaycan ədəbiyyatında hərbi vətənpərvərlik ruhunun ən parlaq, ən təsirli və ən davamlı ifadələrindən biri kimi diqqəti cəlb edir. Onun yaradıcılığı yalnız poetik düşüncənin məhsulu deyil, həm də bir ömrün – əsgər ömrünün, zabit taleyinin, Vətən ağrısı ilə yoğrulmuş həyatın bədii salnaməsidir. Poeziya, sözün həqiqi mənasında, həyatın inikasıdırsa, Ramiz Duyğunun şeirləri bu həyatın ən gərgin, ən sarsıdıcı və eyni zamanda ən şərəfli məqamlarını – müharibəni, mübarizəni, itkiləri və qələbəyə inamı əks etdirir. O, yalnız müşahidəçi şair deyil; hadisələrin içində olan, döyüş ruhunu yaşayan və yaşadan sənətkardır. Bu baxımdan onun poeziyası “səngər poeziyası” kimi xarakterizə oluna bilər. QISA ARAYIŞ Ramiz Duyğun (Məlikov) 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonunun Güdəcühür kəndində anadan olub. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Şimali Qafqaz, Belorusiya və Zaqafqaziya hərbi dairələrində müxtəlif vəzifələrdə hərbi həkim kimi xidmət edib. 1978–1990-cı illərdə Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim və şöbə rəisi kimi çalışıb. Uzun illər Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə rəhbərlik edən Ramiz Duyğun, həm də “Hünər” televiziya verilişinin müəllifi və aparıcısı kimi tanınıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair “Vətən kimi şirin”, “Vətən beşiyim mənim”, “Göy üzü damar-damar”, “Qalibiyyət dastanı” və digər şeir kitablarının müəllifi idi. Ədəbiyyat sahəsində təqdim olunan nüfuzlu “Ziyadar” mükafatı laureatı idi. Ramiz Duyğun 19 iyun 2025-ci ildə 87 yaşında vəfat edib. Ramiz Duyğunun poeziyasında hərbçi ruhu yalnız müharibə səhnələri ilə məhdudlaşmır. Bu ruh onun vətəndaş mövqeyində, ədalətə münasibətində, haqsızlığa qarşı barışmazlığında da özünü göstərir. O, poeziyada da bir əsgər kimi prinsipialdır – haqqın tərəfində dayanır, yalanı, xəyanəti və biganəliyi sərt şəkildə tənqid edir. Bu baxımdan onun şeirləri mənəvi mübarizə meydanıdır. Eyni zamanda, Ramiz Duyğun poeziyasında insanilik də itmir. Onun şeirlərində ana, ailə, sevgi motivləri də yer alır. Lakin bu mövzular belə vətənpərvərlik ruhundan kənarda qalmır. Şair üçün sevgi də, kədər də, həyatın bütün duyğuları da Vətənlə bağlıdır. Bu isə onun yaradıcılığının ideya bütövlüyünü təmin edir. Ramiz Duyğunun yaradıcılığında hərbi vətənpərvərlik mövzusu təsadüfi deyil. Uzun illər hərbi xidmətdə olması onun dünyagörüşünü, duyğularını və poetik istiqamətini formalaşdırmışdır. Bu səbəbdən onun şeirlərində Vətən anlayışı abstrakt məfhum deyil, konkret torpaq, konkret savaş, konkret insan taleləri ilə bağlıdır. O, Vətəni yalnız sevmir, onu qorumağa çağırır, uğrunda döyüşməyə səsləyir. Ramiz Duyğunun poeziyasında hərbçi ruhunun əsas xüsusiyyətlərindən biri çağırış xarakteridir. Onun şeirləri oxucunu passiv müşahidəçi olmağa qoymur, onu hərəkətə səsləyir. “Qalx!”, “Döyüş!”, “Qisas al!” kimi imperativ ifadələr şairin lirikasında tez-tez rast gəlinən motivlərdir. Bu çağırışlar emosional təsir gücü ilə seçilir və oxucuda mübarizə ruhunu oyadır. Şair üçün poeziya yalnız estetik zövq vasitəsi deyil, həm də ideoloji silahdır. Onun şeirlərindəki çağırış ruhu xüsusilə diqqətəlayiqdir: “Sıyrıl qılınc kimi yaqut qınından, Bil ki, göz yaşları kimləri sevir. Nifrət vulkanları qopsun qanından, Sən göz yaşlarını gülləyə çevir.” Bu misralarda şair passiv kədəri rədd edir, onu aktiv müqavimətə – mübarizəyə çevirməyə çağırır. Göz yaşı burada zəifliyin deyil, gücün başlanğıc nöqtəsinə çevrilir. Bu, Ramiz Duyğun poeziyasının əsas ideya xəttidir: ağlamaq yox, döyüşmək! Onun poeziyasında Vətən uğrunda mübarizə yalnız fiziki qarşıdurma deyil, həm də mənəvi möhkəmlik, iradə və birlik məsələsidir: “Biz bu gün Vətənin vuran əliyik, Yalnız irəliyə ağılla, güclə. Bu gün döyməliyik, düzəltməliyik, Qələbə gerbini zindan-çəkiclə.” Burada həm dağıdıcı, həm də qurucu missiya vəhdətdə təqdim olunur. Şairə görə, qələbə yalnız düşməni məğlub etmək deyil, həm də Vətəni yenidən qurmaqdır. Ramiz Duyğunun şeirlərində Qarabağ mövzusu xüsusi yer tutur. Bu mövzu onun yaradıcılığında həm ağrı, həm qürur, həm də müqəddəs amal kimi çıxış edir. Qarabağ onun üçün sadəcə coğrafi məkan deyil, milli kimliyin, tarixin və mənəviyyatın simvoludur: “Qara gözlərinin qara giləsi – Qarabağ yad yurda heç vaxt qarışmaz.” Bu misralarda Qarabağın əbədiliyi, onun Azərbaycan ruhundan ayrılmazlığı vurğulanır. Şair burada həm də milli yaddaşı oyadır, oxucunu unutqanlığa qarşı səsləyir. Şuşa mövzusu isə Ramiz Duyğun poeziyasında ayrıca bir emosional zirvə təşkil edir. Şuşa onun üçün həm itirilmiş cənnət, həm də qayıdılacaq müqəddəs məkan kimi təqdim olunur: “Ürəyimdə Şuşa ağlar, Buludlarla baş-başa ağlar.” Bu misralarda Şuşa təkcə şəhər deyil, canlı varlıq kimi təqdim olunur – ağlayan, həsrət çəkən, gözləyən bir varlıq. Bu antropomorfizm şairin emosional təsir gücünü daha da artırır. Ramiz Duyğunun poeziyasında yalnız qəhrəmanlıq və çağırış yoxdur; burada həm də müharibənin acı nəticələri, insan faciələri, qaçqınlıq və didərginlik ağrıları da dərin şəkildə əks olunur. Xocalı faciəsinə həsr olunmuş misralar bunun bariz nümunəsidir: “Bir gəlin dilənirdi Azərbaycan dilində, Bir ana baxıb ona… Vətəntək yellənirdi – Metroda Xocalıdan bir gəlin dilənirdi.” Bu səhnə müharibənin ən ağır nəticəsini – insan ləyaqətinin sarsılmasını, qadın və ana obrazı üzərindən faciənin miqyasını göstərir. Şair burada sadəcə təsvir etmir, oxucunu sarsıdır, düşündürür və məsuliyyət hissi oyadır. Şairin yaradıcılığında tarixilik də mühüm yer tutur. O, yalnız müasir hadisələri deyil, xalqın keçmişini, başına gətirilən müsibətləri də poeziyada əks etdirir. Xüsusilə epik əsərlərində tarixi faktlara söykənərək milli faciələri bədii dillə təqdim edir. Bu yanaşma onun poeziyasını təkcə bədii nümunə deyil, həm də bir növ tarixi yaddaş kitabına çevirir. Onun “Tarixin lənəti” və “Kəllələrin fəryadı” poemaları isə hərbi vətənpərvərlik mövzusunu daha geniş – tarixi və siyasi kontekstdə təqdim edir. Bu əsərlərdə şair təkcə müasir hadisələri deyil, bütövlükdə xalqın tarix boyu üzləşdiyi faciələri ümumiləşdirir və nəticə çıxarmağa çağırır. Əsas ideya isə dəyişmir: birlik! “Birlik tələbimizdi, Birlik QƏLƏBƏMİZDİ.” Bu fikir Ramiz Duyğun poeziyasının ideoloji əsasını təşkil edir. Onun üçün qələbənin açarı silahdan əvvəl birlikdədir. Bu poeziya zaman keçdikcə öz aktuallığını itirməyəcək, əksinə, tarixə çevrildikcə daha da qiymətli olacaq. Çünki bu şeirlərdə yalnız söz yox, qan, yaddaş və Vətən sevgisi danışır. Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu hər zaman aparıcı xəttlərdən biri olmuşdur. Lakin bu mövzunu yalnız sözlə deyil, həm də həyat yolu, taleyi və şəxsiyyəti ilə təsdiqləyən sənətkarlar xüsusi diqqətə layiqdir. Belə şairlərdən olan Ramiz Duyğunun poeziyası sadəcə duyğuların ifadəsi deyil, səngərin, döyüşün, mübarizənin, qeyrətin və qələbə əzminin bədii salnaməsidir. Ramiz Duyğunun yaradıcılığına nəzər saldıqda ilk diqqət çəkən cəhət onun poeziyasında hərbçi ruhunun canlı və davamlı şəkildə yaşamasıdır. Bu ruh təsadüfi deyil. Şairin uzun illər hərbi xidmətdə olması, polkovnik rütbəsinə qədər yüksəlməsi, müxtəlif bölgələrdə xidmət keçməsi onun dünyagörüşünü formalaşdırmış, şeirlərinə xüsusi bir sərtlik, prinsipiallıq və döyüş əzmi gətirmişdir. O, yalnız müşahidə edən deyil, hadisələrin içində olan, səngərin havasını udmuş, müharibənin ağrı-acısını yaşamış bir şairdir. Onun poeziyasında Vətən anlayışı mücərrəd məfhum deyil. Bu Vətən konkret coğrafiyadır – Ağdamdır, Füzulidir, Cəbrayıldır, Laçındır, Kəlbəcərdir. Bu torpaqların hər biri şairin qəlbində bir yara, bir nisgil, bir çağırış kimi yaşayır. Ramiz Duyğunun misralarında işğal olunmuş torpaqlar yalnız itirilmiş ərazilər kimi deyil, tapdanmış qeyrət, yaralanmış milli qürur kimi təqdim olunur. Bu baxımdan onun şeirləri həm də milli yaddaşın qorunması funksiyasını daşıyır. Onun yaradıcılığında diqqət çəkən digər mühüm cəhət isə hiss və düşüncənin vəhdətidir. Ramiz Duyğun nə qədər emosional yazsa da, bu emosiyalar düşünülmüş, məqsədyönlü və ideya baxımından aydın istiqamətə malikdir. Onun şeirlərində qəzəb, nifrət, kədər kimi hisslər var, lakin bu hisslər dağıdıcı deyil, əksinə, qurucu, birləşdirici və səfərbər edici xarakter daşıyır. Bu isə hərbçi psixologiyasının poeziyaya uğurlu transferidir. Ümumilikdə, Ramiz Duyğunun poeziyası Azərbaycan ədəbiyyatında hərbi vətənpərvərlik mövzusunun ən dolğun, ən səmimi və ən təsirli ifadələrindən biridir. O, həm dövrün salnaməçisi, həm də xalqın ruhunu səfərbər edən söz sərkərdəsidir. Onun şeirləri yalnız oxunmur – yaşanır, hiss olunur və yadda qalır. Ramiz Duyğunun poeziyası Azərbaycan ədəbiyyatında hərbçi ruhunun ən parlaq təzahürlərindən biridir. Onun şeirləri səngərdən gələn səs, döyüş meydanından yüksələn çağırış, qələbəyə inamın poetik ifadəsidir. Bu poeziya oxucunu düşündürür, sarsıdır, ruhlandırır və ən əsası – onu Vətən qarşısında məsuliyyətini dərk etməyə vadar edir. Ramiz Duyğun sözün əsl mənasında poeziyada əsgərdir. Onun silahı qələmdir, səngəri isə kağız üzərində qurulan söz dünyasıdır. Lakin bu sözlər real həyatın, real mübarizənin və real vətən sevgisinin məhsuludur. Buna görə də onun poeziyası yaşayır, təsir edir və gələcək nəsillər üçün örnək olaraq qalır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Ustadlara rəhmət. 10.02.2026. Bakı.
SƏKSƏN DOQQUZUNCU YAZI Məmməd Araz dərdi – millətin vicdan səsi kimi (Əbülfəz Əhmədin şeirləri əsasında) Salam olsun, çox dəyərli oxucum! Səksən səkkizinci yazıda söz verdiyim kimi bu yazımı tanınmış şair Əbülfəz Əhmədin “Gəldim” kitabından seçdiyim, Azərbaycan Xalq şairi Məmməd Araz şəxsiyyətinə, poeziyasına və taleyinə poetik münasibətini ifadə edən “Araz dərdi” və “Bizə oğul demə” şeirləri əsasında qələmə alıram. Azərbaycan poeziyasında elə şairlər var ki, onların adı təkcə ədəbi fakt deyil, həm də milli yaddaşdır. Məmməd Araz məhz bu qəbildən olan sənətkarlardandır. Onun şeirləri bir dövrün, bir xalqın taleyini özündə daşıyır. Əbülfəz Əhmədin Məmməd Araza həsr etdiyi “Araz dərdi” və “Bizə oğul demə” şeirləri isə sadəcə bir ustada ehtiram deyil, bütövlükdə xalqın öz vicdanı ilə üz-üzə qalmasıdır. “Araz dərdi” (səh. 80) – əslində elə “Azərbaycan dərdi” kimi qəbul olunmalıdır. Bu şeirdə Əbülfəz Əhməd Məmməd Arazın yaradıcılığında əsas xətt olan dərd anlayışını ümumiləşdirir. Burada dərd fərdi ağrı deyil, ictimai-milli faciə kimi təqdim olunur və nəticədə sözün əsl mənasında “Araz dərdi” düşüncədə “Azərbaycan dərdi” kimi assosiasiya edir, xalq, millət dərdi kimi başa düşülür: “Nə dərd varsa bəxtimədi Bu nə dərddi, Məmməd Araz?!” Bu misralarda müəllif həm öz taleyini, həm də bütöv bir xalqın bəxtini Məmməd Arazın adı ilə bağlayır. Sanki Arazla ikiyə bölünmüş, parçalanmış Azərbaycanın – yaralı bir taleyin rəmzidir bu dərd. Şair sual verir, amma cavab gözləmir – çünki cavab hamıya məlumdur: bu dərd ədalətsizlikdən, susqunluqdan, satqınlıqdan doğur. Əbülfəz Əhməd burada Məmməd Arazı dərdi deyən yox, dərdi daşıyan şair kimi təqdim edir. Onun poeziyasında “goru çatlar ölənlərin”, “günahlarıq ölənləri” misraları ilə cəmiyyətin mənəvi çöküşü açıq şəkildə ittiham olunur. İkinci şeir – “Bizə oğul demə” (səh. 80-81) – Məmməd Arazın məşhur vətəndaşlıq mövqeyinə açıq bir poetik müraciətdir. Bu şeirdə Vətənlə şair arasında acı, ittiham dolu dialoq qurulur. Əbülfəz Əhməd burada Məmməd Arazın ruhunu çağıraraq deyir: “Vətən, bizə oğul demə, amandı!” Bu çağırış təkcə poetik nida deyil, mənəvi etirafdır. Şair etiraf edir ki, bu torpaq öz oğullarını itirib, ya da oğullar öz Vətənlərinə xəyanət ediblər. Şuşanın adı çəkilir, namusun tapdanması, dəyərlərin alınıb-satılması vurğulanır. Bu artıq poeziya yox, ictimai ittiham aktıdır. Əbülfəz Əhməd burada Məmməd Araz poeziyasının əsas ruhunu – qorxmadan həqiqəti demək cəsarətini davam etdirir. Məmməd Araz necə ki, zamanında susmadı, Əbülfəz Əhməd də susmur. Hər iki şeiri birləşdirən əsas xətt məsuliyyət hissidir. Bu məsuliyyət şairin özünə, xalqına və Vətəninə qarşıdır. Əbülfəz Əhməd Məmməd Arazı təkcə ustad kimi deyil, mənəvi ölçü vahidi kimi təqdim edir. Onun adı çəkiləndə dərd də çəkilir, xəcalət də, ümid də. Bu şeirlərdə Məmməd Araz artıq fiziki yoxluğu ilə deyil, ruhən yaşayan, sorğu-sual edən, hesabat istəyən bir obrazdır. Şair sanki deyir: “Məmməd Araz sağ olsaydı, bu gün bizə nə deyərdi?” Əbülfəz Əhmədin Məmməd Araza həsr etdiyi bu iki şeir müasir Azərbaycan poeziyasında ədəbi varisliyin, mənəvi davamlılığın parlaq nümunəsidir. Bu şeirlər həm ehtiramdır, həm etiraz, həm də özümüzə ünvanlanan sualdır. Məmməd Araz poeziyası dərd deyirdisə, Əbülfəz Əhməd poeziyası o dərdin hələ də bitmədiyini göstərir. Və bu dərd bitmədikcə, Vətənə “oğul” demək də çətinləşir… Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Azərbaycanın Xalq şairi Məmməd Arazı rəhmətlə anır, qələm dostumuz, silahdaşımız, tanınmış şair Əbülfəz Əhmədə can sağlığı, bolluca uğur arzu edirəm! Sağ olun, Dostlar!
“Mən Arazam, səsim tutqun Arazdı” (Azərbaycan Məmməd Arazın simasında) Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizin mövzusu Azərbaycan olacaq! Bəli məhz Azərbaycan! Azərbaycanı son nəfəsinə qədər (Babək kimi, Nəsimi kimi, Cavadxan kimi, Məhəmməd Əmin Rəsulzadə kimi, Üzeyir Hacıbəyov kimi, Heydər Əliyev kimi) “Azərbaycan”, “Azərbaycan” deyə hayqıraraq tanıdan, yaşadan, yaradan hər bir işi ilə bir Azərbaycan olmağı bacaran bu Yurdun övladlarının sözündə, əməlində, simasındakı cizgilərdə axtaracağıq. Sözün əsl mənasında söz böyük qüvvədir. Və bizim artıq neçə illərdir yaradıcılıq şüarımıza (əməli iş devizimizə) çevrilmiş “tərəfsiz ədəbiyyat tarixdir” deyimi reallıqdır. Ədəbiyyat (xalqın yurdsevər övladlarının yaratdığı tərəfsiz bədii nümunələr) eyni zamanda yarandığı coğrafiyanın, dilin, xalqın tarixidir, mədəniyyətidir. Bu baxımdan mədəniyyət tariximizdə elə insanlar olub ki, onlar nəinki əməlləri, sözləri ilə, hətta heç nə demədən – susqunluğu ilə, simasındakı cizgilərilə Azərbaycanı bizə anladıb və anladır… Məsələn, əgər, Səməd Vurğunun “Azərbaycan”ı, Süleyman Rüstəmin “Təbrizim”i bizə Azərbaycanı anladırsa, Məmməd Arazın heç nə demədən, sadəcə bax beləcə məsum, məsum baxması özü bir Azərbaycandır. O, hətta “mamır olub qayalarında bitmək” istədiyi doğuma Yurdu üçün: ““Azərbaycan!” – deyiləndə ayağa dur ki, …” kimi şedevr yatmamış olsaydı belə, onun tək bircə susqun fotosuna baxmaqla təmsil etdiyi Azərbaycanı tanımaq olardı… Məsələn, bax bu yazım üçün seçdiyim foto olsun. Bu şəkil susmur. O, sükutun içindən danışır, baxışların dərinliyindən söz alıb gəlir. Küləkli bir payız gününü xatırladan fon, arxada qalan ömrün təpələrinə bənzəyir: bir az saralmış, bir az yorğun, amma yenə də ucalığını itirməmiş. Ön planda isə düşüncəyə çəkilmiş bir insan var — üzündə zamanın izi, baxışlarında xalqın taleyi. Əli dodaqlarına yaxın, sanki bir misranı içində deyir, amma ucadan səsləndirmir. Bu jest adi bir poza deyil; bu, ömür boyu sözlə yaşayan, sözlə ağrıyıb sözlə ovunan bir şairin vərdişidir. Barmaqlar düşüncəni saxlayır, dilə gəlməsin deyə… Çünki bəzi fikirlər var ki, yalnız şeirə çevriləndə rahatlıq tapır. Bu baxışlarda təkcə şəxsi talenin izi yoxdur. Burada bir xalqın sevinci, ağrısı, üsyanı və səbrinin kölgəsi dolaşır. Elə bil gözlər uzaqlara yox, zamanın içinə baxır. Keçmişin izlərini, bu günün suallarını və gələcəyin nigaran cavablarını eyni anda görür. Bu baxışlar oxucuya yaxşı tanışdır — çünki biz onu hələ deyilməmiş misralarından tanıyırıq. Geyimin sadəliyi də təsadüfi deyil. Bu sadəlikdə təmtəraq yox, ləyaqət var. Şairin böyüklüyü libasında deyil, duruşundadır. Təbiətlə üz-üzə dayanması isə təsadüf yox, seçimdir: o, həmişə torpağın, dağın, küləyin dilini bilib. Bu şəkil də sanki deyir: “Mən bu xalqın sözünü təbiətin səsi ilə demişəm”. Şəkil danışdıqca anlayırsan ki, burada bir insan yox, bir yaddaş dayanıb. Bu yaddaş susanda da danışır, kədərlənəndə də ümid verir. Bu yaddaşın adı Azərbaycan poeziyasında çoxdan bir zirvəyə çevrilib. Amma şəkil bunu ucadan demir — ehtiyac da yoxdur. Çünki əsl söz, əsl şair kimi, səssizcə təsir edir. Bu “danışan şəkil” bizə baxmır, bizi dinləyir. Sanki soruşur: Sözə nə etdin? Vətənə necə baxdın? Həqiqəti deməyə cəsarətin çatdımı? Cavabı isə yenə onun şeirləri verir. Şəkil susur, amma səs uzun müddət içimizdə qalır. Bu fotoya baxanda ilk olaraq sükut danışır. Sözsüz, səs-küysüz, amma ağır və dərin bir sükut… Sanki kadrın içində zaman dayanıb, külək belə ehtiyatla əsir. Qarşımızda oturan insan sadəcə bir şair deyil — o, bir xalqın dərdi, yaddaşı, vicdanıdır. Bu baxışlarda təkcə yaşanmış ömür yox, yaşadılmış talelər var. Bu baxışlarda Arazın axını var — bəzən coşqun, bəzən tutqun, amma həmişə sərhəd tanımayan. Məmməd Araz bu fotoda düşünən bir insan kimi görünmür, düşüncənin özünə çevrilmiş bir varlıq kimidir. Əli üzünə söykənib — bu, adi bir poza deyil. Bu əl sanki minlərlə misranın ağırlığını, minlərlə sualın cavabsızlığını saxlayır. Üz cizgilərindəki dərin xətlər zamanın izi yox, xalqın taleyinin cızdığı yollardır. Bu yollar Qarabağdan keçir, Arazdan keçir, sürgünlərdən, ayrılıqlardan, bölünmüş Yurddan keçir. Əgər, onun bu susqunluğundan doğulmuş və eyni zamanda bu susqunluğun özlüyündə nələri hayqırdığını əks etdirən hər hansı bir nümunəni — əli dodaqlarına yaxın, sanki içində dediyi misranı — eşidərək söhbətimizə davam etsək (gəlin, onu Salvartı yaylağında Gəlin qayası ilə üzbəüz susqun dialoqunu təsəvvür edək): — “Mən Arazam, səsim tutqun Arazdı” — bu misra Məmməd Arazın öz-özünə dediyi söz, onun yaratdığı poeziyanın açarıdır. O, üzünü qayaya tutub, özünü çaya bənzədən, çayla eyniləşdirən şairdir, çünki Araz da onun kimi parçalanmış, yaralı, amma diridir. Araz necə ki, iki sahili bir-birindən ayırsa da, ruhən birləşdirirsə, Məmməd Araz da sözlə ayrılıqları göstərir, amma ümid körpüləri salır. Onun səsi tutqundur, çünki bu səs yalan danışmır. Bu səs bəzən qışqırmır, amma hər zaman oyadır. Fotodakı təbiət fonu da təsadüfi deyil. Arxa planda görünən təpələr, səssiz məkan, açıq səma — bunlar şairin daxili aləminin davamıdır. Məmməd Araz şəhərin səs-küyündə yox, təbiətin sükutunda daha aydın görünür. Çünki o, torpaqdan danışan şairdir. Onun poeziyası masada yox, dağlarda, çay qırağında, kənd yollarında yazılıb. Bu fotoda o, sanki Arazın sahilində dayanıb və axan suya baxaraq yox, axının özü olaraq düşünür. Məmməd Araz üçün vətən anlayışı pafos deyil, ağrıdır. Onun vətən sevgisi bayraq yelləməkdən çox, yaraya əl basmaqdır. Bu fotodakı baxışlarda da həmin ağrı var — səssiz, amma inadkar. Bu baxışlar soruşur: “Bu torpaq niyə bu qədər sınağa çəkildi?” Və eyni zamanda cavab verir: “Çünki bu torpaq müqavimət torpağıdır.” Şairin geyimi belə onun poetik dünyasına uyğundur: sadə, iddiasız, köklü. Nə dəbdəbə var, nə nümayiş. Çünki Məmməd Araz üçün əsas olan görünmək yox, görünməz olanı göstərmək idi. O, sözlə xalqın içindəki susqun fəryadı danışdırdı. Bu fotoda da sanki danışmır, amma hər şeyi deyir. Məmməd Araz poeziyası kimi bu foto da oxunmalıdır. Səthi baxışla yox, diqqətlə, düşünə-düşünə. Bu, bir insan portreti deyil, bir epoxanın portretidir. Sovet dövrünün ideoloji basqıları, milli kimliyin sıxışdırılması, amma ruhun təslim olmaması bu simada cəmlənib. Bu baxışlar çox şey görüb, çox şey susub, amma heç vaxt yalan deməyib. “Mən Arazam, səsim tutqun Arazdı” — bu, təkcə şairin özünü ifadəsi deyil, bütöv bir xalqın etirafıdır. Çünki bu xalq da çox vaxt qışqırmadı, amma axdı. Susdu, amma yaşadı. Bölündü, amma itmədi. Bu foto qarşısında dayananda anlayırsan ki, Məmməd Araz ölmür. Çünki Araz qurumur. Səsi tutqun olsa da, axını davam edir. Və bu axın nə qədər davam edirsə, bu xalqın yaddaşı, sözü, ruhu da o qədər yaşayacaq. O, bu gün də bizim aramızdadır… O da həsrətlə Laçından, Səkidən, Biçənək aşırımından keçməklə Batabata, oradan Səbətkeçməzə getmək istəyir… Uşaq vaxtı olduğu kimi dik yamaclardakı dağ cığırları ilə Dağdağandan aşıb Salvartı yaylaqlarında dolaşmaq, ürəyini Gəlin qayasına boşaltmaq istəyir…. Gömürdən keçib özünün aydan arı, sudan duru Nursusuna yetişmək istəyir… Çox dəyərli oxucum sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun! Unutmayın ki, biz çox böyük bir xalqın, Yurdun övladlarıyıq! 09.02.2026.Bakı.
Haqdan gəlib, haqqa gedən səyyah (Əbülfəz Əhməd sözünün ışığında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış şair; daha çox konkret ünvanlı tənqidi şeirlər müəllifi kimi tanınan Əbülfəz Əhməd barədə olacaq. Azərbaycan ədəbi-mənəvi düşüncə tarixində elə qələm sahibləri var ki, onların yaradıcılığı yalnız poetik zövq deyil, həm də mənəvi istiqamət, əxlaqi yol xəritəsi rolunu oynayır. Belə söz adamlarından biri də şair, Əbülfəz Əhməddir. Onun adı oxucular üçün təkcə poeziya ilə deyil, haqq, ədalət, ilahi sevgi və peyğəmbər əxlaqı ilə yoğrulmuş fikir dünyası ilə assosiasiya olunur. Əbülfəz Əhməd (Əbülfəz Əli oğlu Əhmədov) 1950-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində dünyaya göz açmışdır. Uşaqlıqdan zəhmətə, dürüstlüyə və halal əməyə bağlı mühitdə böyüyüb, formalaşan bu şəxsiyyət sonralar həm peşəkar fəaliyyəti, həm də mənəvi yaradıcılığı ilə seçilmişdir. İxtisasca inşaat üzrə iqtisad mühəndisi olan Əbülfəz Əhməd uzun illər Sumqayıtdakı 2 №-li Tikinti Trestində iqtisad üzrə şöbə rəisi vəzifəsində çalışmış, məsuliyyətli və prinsipial bir mütəxəssis kimi tanınmışdır. Lakin onun həyatının əsas məğzi yalnız peşə fəaliyyəti ilə məhdudlaşmır. Əbülfəz Əhməd üçün söz – vicdanın, imanının və daxili kamilliyinin ifadə vasitəsidir. Onun poeziyası dünyəvi uğurlardan çox, mənəvi saflaşmaya, Haqqa aparan yolun aydınlaşdırılmasına xidmət edir. Bu baxımdan şairin yaradıcılığı oxucunu düşünməyə, öz daxilinə boylanmağa sövq edir. Əbülfəz Əhməd bir neçə sanballı kitabın müəllifidir. Onun “Ən gözəl adlar (Əsmaül-hüsna)” kitabı ilahi adların poetik və mənəvi izahını təqdim edərək oxucunu Allahın sifətləri üzərində düşünməyə çağırır. “Hz. Məhəmmədin (s.ə.v) kəlamları” adlı əsəri Peyğəmbərimizin hikmət dolu sözlərini bədii və publisistik ruhda oxucuya çatdırır. “Məhəmməd (s.ə.v) Peyğəmbərin vəsiyyəti – Ya Əli” kitabı isə İslam tarixinin və mənəvi irsinin mühüm məqamlarını sevgi və ehtiramla qələmə alır. Bu əsərlərin hər biri “Adiloğlu” nəşriyyatında (Bakı, 2011–2013) işıq üzü görmüşdür. Şairin poeziyasında səmimiyyət əsas xəttdir. Onun misralarında süni pafos yoxdur, əksinə, insanın özünü islah etməsi, xətadan dönməsi, haqq yola üz tutması açıq və aydın şəkildə ifadə olunur: Adəmdən Xatəmə süzüldüm, gəldim, Mən başdan – binadan düz oldum, gəldim. Dinləyib Mustafa* kəlamlarını, Haqq yola, düz yola düzəldim gəldim. Bu misralar Əbülfəz Əhməd poeziyasının ideya mahiyyətini aydın göstərir: tövbə, islah, mənəvi dirçəliş və Haqqa dönüş. Onun şeirləri oxucuya hökm etmir, nəsihət vermir; sadəcə yol göstərir, işıq tutur. Əbülfəz Əhməd yaradıcılığı ilə sübut edir ki, şair olmaq üçün yalnız qələm deyil, təmiz niyyət, saf qəlb və doğru yol gərəkdir. O, həm həyatda, həm də sözdə düz olmağın mümkünlüyünü öz nümunəsi ilə ortaya qoyur. Bu baxımdan onun yaradıcılığı çağdaş oxucu üçün həm ədəbi, həm də mənəvi məktəbdir. Bu gün Əbülfəz Əhməd Azərbaycan mənəvi poeziyasının səssiz, lakin dərin iz buraxan simalarından biri kimi dəyərləndirilir. Onun sözü səs-küy yaratmaq üçün deyil, könüllərdə yer tapmaq üçündür. Əbülfəz Əhmədi öz tənqid üslubu olan satirik şair kimi də təqdim etmək olar, ancaq bu tamamilə başqa bir söhbətin mövzusudur. Əslində onun istənilən neqativ hadisəyə tənqidi münasibətinin əsasında vətənpərvərlik, yurdsevərlik, soydaşına, dindaşına, dildarına sonsuz hörmət və ehtiramı dayanır. Şair bütün yaradıcılığı boyu “böyük Allah bu xalqa, millətə bəxş etdiyi bu qədər gözəl nemətlər müqabilində xoşbəxtlik, firavan həyat, dostluq niyə yoxdur?” sualına cavab axtarır. Və məhz buna görə, bu ilahi missiya uğrunda dediyi hər söz, hər kəlmə yaşayır, yol göstərir, işıq saçır. Yolun da daim sözün kimi açıq-aydın və işıqlı-nurlu olsun, ustad sənətkar – Əbülfəz Əhməd! Adaşın Məhəmməd Mustafaya (s.) qonşu olarsan İnşəAllah! Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Növbəti yazılarımızda şairin “Ziyadar” mükafatına layiq görülmüş “Gəldim” kitabından seçdiyim nümunələr əsasında onun nə qədər vətənpərvər, yurdsevər bir ziyalı olması barədə ətraflı söhbət açmaq ümidilə sizdən ayrılıram. Hələlik.
*- “Mustafa” – müəllif burada seçilmişlər seçilmişi Məhəmməd peyğəmbəri (s.) nəzərdə tutur. 08.02.2026. Bakı.
SÖZÜN YADDAŞI, YAZARIN SƏSİ (Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir” adlı yeni kitabı haqqında ) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimiz ziya mənbəyi yeni kitab barədə olacaq. “Mücrü” nəşriyyatında işıq üzü görən bu kitabın özəlliyi-gözəlliyi ondadır ki, Azərbaycan yazarları haqqında olan bu kitabı Özbəkistandan olan gənc yazar dostumuz Cahangir Namazov tərtib edib. “Yazarlar” jurnalının beynəlxalq əlaqələr üzrə meneceri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc qələm dostumuz Cahangir Namazovun böyük zəhmət bahasına, uzun zaman ərzində ərsəyə gətirdiyi bu kitabda müasir Azərbaycan qələm adamlarının, ziyalılarının müsahibələri toplanıb. Bu müsahibələr Azərbaycan yazarlarının, fikir adamlarının düşüncələrini özündə əks etdirir.
Azərbaycan ədəbiyyatı yalnız bədii mətnlərdən ibarət deyil; o, həm də düşüncələrin, mövqelərin, talelərin, sözə verilən dəyərin canlı tarixidir. Bu tarixi yazanlar təkcə şeir və roman müəllifləri yox, həm də ədəbi mühiti toplayan, qoruyan, sənədləşdirən qələm sahibləridir. Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir” adlı kitabı məhz bu missiyanı daşıyan dəyərli toplulardandır. Bu kitab təkcə ayrı-ayrı yazarların fikirlərini əks etdirən müsahibələr toplusu deyil. O, çağdaş Azərbaycan ədəbi düşüncəsinin panoramını yaradan, yazıçı və şairlərin dünyaya, ədəbiyyata, zamana münasibətini oxucuya birbaşa təqdim edən canlı mənbədir. “Azərbaycan yazarları belə deyir” oxucuya müəllif mövqeyini zorla qəbul etdirmir. Burada əsas söz sahibinin – yazarın özüdür. Cahangir Namazov sual verən, dinləyən, toplayan, amma önə çıxmayan bir ədəbi vasitəçi kimi çıxış edir. Bu, publisistik mədəniyyətin ən düzgün yoludur: müəllif kölgədə qalır, söz isə ön plana keçir. Kitabda yer alan fikirlər ədəbiyyatın mahiyyəti, yazıçının cəmiyyətdəki rolu, sözün məsuliyyəti, milli kimlik, dil, oxucu problemi, müasir ədəbi proseslər və zamanın çağırışları ətrafında cəmlənir. Hər bir yazarın səsi fərqlidir, lakin bu səslər bir yerdə bütöv bir xor yaradır – Azərbaycan ədəbiyyatının düşünən səsi.
Bu kitabın ən mühüm cəhətlərindən biri onun sənədlilik funksiyasıdır. Zaman keçəcək, ədəbi zövqlər dəyişəcək, amma burada səslənən fikirlər öz dövrünün ruhunu daşıyan canlı şahid kimi qalacaq. Bu baxımdan “Azərbaycan yazarları belə deyir” gələcək tədqiqatçılar, ədəbiyyatşünaslar, gənc qələm sahibləri üçün etibarlı mənbədir. Publisistik üslub sadədir, oxunaqlıdır, pafossuzdur. Bu sadəlik mətni zəiflətdirmir, əksinə, səmimiyyət qatır. Oxucu yazarı kabinetdə deyil, düşünən, tərəddüd edən, bəzən narahat olan, bəzən ümidli bir insan kimi görür. Cahangir Namazov bu kitabla yazıçı ilə oxucu arasında bir körpü yaradır. Oxucu müəllifi yalnız kitab üzərindən deyil, fikir üzərindən tanıyır. Bu tanışlıq isə daha dərin, daha qalıcı olur. Çünki insanı tanıdan ən əsas cəhət onun düşüncəsidir. Kitab xüsusilə gənc oxucular üçün önəmlidir. Burada onlar yalnız uğur hekayələri deyil, həm də şübhələri, çətinlikləri, məsuliyyəti görürlər. Bu, ədəbiyyata romantik deyil, realist yanaşma formalaşdırır. “Azərbaycan yazarları belə deyir” bir kitabdan daha çoxdur – bu, ədəbi mühitin yaddaşıdır. Sözə verilən dəyərin, düşüncəyə göstərilən hörmətin ifadəsidir. Cahangir Namazovun bu işi Azərbaycan ədəbiyyatında publisistik topluların ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər. Cahangir Namazovun kitaba seçdiyi addan tutmuş, müsahibə götürdüyü ziyalılarımız, onlara ünvanlandığı suallar, hətta kitabın nəşr olunduğu nəşriyyat belə hamısı uğurlu seçimdir. Və nəticə də məntiqi olaraq möhtəşəm alınıb.“Yazarlar” olaraq, Cahangir Namazovu “Azərbaycan yazarları belə deyir” adlı yeni kitabın işıq üzü görməsi münasibətilə “Ziyadar” mükafatı ilə təltif edirik (CAHANGİR NAMAZOV N: 198 06.02.2026. BAKI). Bu kitab oxucuya hazır cavablar vermir, onu düşünməyə sövq edir. Və bəlkə də ən böyük üstünlüyü elə budur: sözün arxasınca düşüncəni oyatmaq. Cahangir Namazovun fəaliyyəti təkcə bu kitabla məhdudlaşmır. Azərbaycan yazarlarının müxtəlif xarici mətbuat səhifələrində işıqlanması, antologiyalarda yer alması da onun ədəbiyyatımızın təbliği yolunda atdığı addımlar sırasındadır. Azərbaycan ədəbiyyatına etdiyi bu misilsiz xidmətləri müqabilində bütün yazarlar cameəsi adından dəyərli dostumuz, əzizimiz, dəyərlimiz, tanınmış şair, yazıçı, publisist, tərcüməçi, jurnalist Cahangir Namazova təşəkkür edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Sağ ol, Qardaş! Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
RAMİZ İSMAYIL – 78 (Ömrün kamillik çağında sözə sədaqət) Salam olsun, çox dəyərli oxucum! Səhv etmirəmsə bu mənim Ramiz İsmayıl haqqında yazdığım üçüncü ya dördüncü yazımdır. Ramiz İsmayılla söhbət, onun dilindən şeirlər dinləmək nə qədər xoşdursa, onun həyat və yaradıcılığı haqqında yazmaq on qat daha xoşdur! Bəzən insan ömrü elə yaşayır ki, illər sadəcə rəqəm olmur, mərhələyə, məktəbə, mənəvi pilləyə çevrilir. Ramiz İsmayılın 78 illik ömür yolu da məhz belə bir kamillik yoludur – zəhmətlə yoğrulan, sözlə cilalanan, Vətən sevgisi ilə mənalanan bir yol. Gədəbəyin Kiçik Qaramurad kəndində, müəllim ailəsində dünyaya göz açan Ramiz Məmməd oğlu İsmayılovun həyatında ilk böyük dərs elə ailədən, eldən-obadan başlayıb. Bu torpağın sərt iqlimi, zəhmətə alışdıran dağ havası, insanı sözə və kökə bağlayan mühiti onun gələcək yaradıcılığının ruhuna çevrilib. Təsadüfi deyil ki, illər keçsə də, şairin poeziyasında Gədəbəy həsrəti, kənd yaddaşı, torpaq sevgisi aparıcı xətt kimi qalır. Texniki təhsil almasına, mühəndis-mexanik ixtisasına yiyələnməsinə baxmayaraq, Ramiz İsmayıl heç vaxt sözlə bağını qırmayıb. Əksinə, həyatın istehsalat meydanlarında, zavod və stansiyalarda keçən illər onun yaradıcılığına həyatilik, sənədlilik, real insan taleləri gətirib. Bu baxımdan onun poeziyası romantik duyğularla yanaşı, möhkəm həyat müşahidələrinə söykənir, nəsri isə sadəcə bədii yox, həm də mənəvi-sosial yük daşıyır. Ədəbiyyata gəlişi erkən olub. Orta məktəb illərindən başlayan bu maraq ilk şeirin 1965-ci ildə mətbuatda çapı ilə rəsmi ədəbi addıma çevrilib. Sonrakı onilliklərdə Ramiz İsmayıl səssiz, iddiasız, amma ardıcıl şəkildə ədəbi mühitin içində yaşayıb. Rayon və şəhər qəzetlərindən tutmuş respublika mətbuatına qədər onun sözü oxucu yolunu tapıb. Şairin indiyədək işıq üzü görmüş səkkiz kitabı onun yaradıcılıq axtarışlarının, daxili inkişafının, mövzu və janr zənginliyinin göstəricisidir. “Payızda xatırla məni”dən “Bəsimizdir Ay işığı”na qədər uzanan bu yol lirikanın incə çalarlarını, zamanın fəlsəfəsini, insan talelərinin ağrılı və işıqlı məqamlarını ehtiva edir. Nəsr yaradıcılığında isə “Gözü yolda qalan var”, “Mələklərin görüşü”, “Sonuncu görüş” kimi əsərlər sənədli-bədii üslubun uğurlu nümunələri kimi seçilir. Xüsusilə “Gözü yolda qalan var” sənədli povestinin geniş rezonans doğurması, əsər əsasında “İgid” adlı sənədli filmin çəkilməsi Ramiz İsmayıl yaradıcılığının ictimai əhəmiyyətini bir daha təsdiqləyir. Bu, sadəcə bir yazıçı uğuru deyil, sözün yaddaşa, ekrana, milli duyğuya çevrilməsi hadisəsidir. Onun “Baş Sarıtel” şeiri artıq yazılı mətndən çıxaraq aşıqların dilində yaşayan, xalq ruhuna qarışan bir nümunəyə çevrilib. Bu isə hər şairə nəsib olmayan bir tale payıdır – sözünün xalqın yaddaşında yaşayaraq anonimləşməsi, sənət zirvəsinə yüksəlməsidir. Ramiz İsmayıl təkcə yazan yox, ədəbi mühitə xidmət edən qələm sahibidir. Müxtəlif ədəbi dərnəklərdə fəal iştirakı, antologiya və almanaxlarda yer alan şeirləri, hekayələr toplusunda çap olunan nəsr nümunələri onun ədəbiyyata kollektiv məsuliyyətlə yanaşdığını göstərir. 2018-ci ildən “Xəzan” ədəbi-bədii jurnalının baş redaktor müavini kimi fəaliyyəti isə bu yolun məntiqi davamıdır – gənc qələmlərə dayaq olmaq, sözün nəfəsini qorumaq missiyası. Bu gün 78 yaşını qeyd edən Ramiz İsmayıl ömrün qışına doğru getsə də, ruhən və yaradıcılıq baxımından hələ də yoldadır. Şairin ən yeni işıq üzü görmüş “Ömrün qışına doğru” kitabının özü belə göstərir ki, bu qış sükut yox, düşüncə və müdriklik mövsümüdür. Ramiz İsmayılın simasında biz sözə sədaqətli, Vətəninə bağlı, ömrünü zəhmətlə və qələmlə keçirən bir Azərbaycan ziyalısını görürük. Onu 78 yaşı münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun və faydalı ömür, yeni kitablar, yeni söz sevincləri arzulayırıq. Qələminiz yorulmasın, Ramiz müəllim – çünki bu söz yolunda sizi hələ oxucu gözləyir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik! 01.02.2026. Bakı.