21 avqust 2022-ci il tarixində Bakı şəhəri, L.Tolstoy 156 ünvanında yerləşən “Misra” kitab təbliğatı evi möhtəşəm bir tədbirə evsahibliyi etdi. Beləki, Göyçayda yaşayıb yaradan həkim-şair Nuranə Rafailqızı onu sevənlərin əhatəsində uzun illərin və gərgin əməyin nəticəsi olan “Həkimlər depressiya deyir… ” adlı ilk kitabını təqdim etdi. Tədbirdə AYB, AJB, AMEA kimi mötəbər qurumların əməkdaşları ilə yanaşı səhiyyə işçiləri, müəllifin yaxınları və doğmaları iştirak edirdilər. “Mücrü” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın redaktoru şair-publisist Zaur Ustac, ön sözün müəllifi isə tənqiddçi-ədəbiyyatşünas alim, dəyərli professor Qurban Bayramovdur.
Xanım Turanə Şıxəliyevanın moderatorluğunda keçən tədbiri “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin tədbir iştirakçılarına salamları ilə açdı və üzürlü səbəbdən tədbirdə iştirak edə bilməyən kitabın ön sözünün müəllifi professor Qurban Bayramovun xeyir-dualarını çatdıraraq “Bayram Bayramov” diplomunu həkim-şair Nuranə Rafailqızına təqdim etdi. Sonra söz AYB üzvü, tanınmış şair Kənan Hacıya verildi. Daha sonra AMEA-nın “Nizami Gəncəvi” adına ədəbiyyat instiutunun əməkdaşı, şair İbrahim Yusifoğlu kitab haqqında öz dərin təhlilini təqdim etdi. Tanınmış qiraətçilər Cəbrayıl Qənbər və Müşfiqə Baləddinqızının ifalarında tez-tez kitabdan səslənən nümunələrin bərabərində Turanə xanımın moderatorluğunda tədbir kitabdakı bölmələrə uyğun davam edərkən AJB –nin üzvü, “Yazarlar” jurnalının ictimayətlə əlaqələr üzrə menceri xanım Nəzakət Əhmədova-Kərimova müəllifə “İlin Fəxri Şairi” diplomunu təqdim etdi. Sonra ardıcıllıqla qələm adamlarından Yunis Qaraxanlı, Ələsgər Talıboğlu, Püstə Sahibqızı, rəssam Məlahət İsmayıl, həkimlərdən Günel Əliyeva və Göyçay Rayon Mərkəzi Kitabaxanasının əməkdaşı Şövgiyə Qarayeva çıxış etdilər. Sona qədər çay çüfrəsi arxasında, həzin musiqi sədalarına bürünmüş düşündürücü misraların yaratdığı sirli aləmində, dəyərli söz adamlarının bir-birindən maraqlı çıxışları təsiri altında davam edən tədbir əvvəlcədən nəzərdə tutulmuş vaxtada uğurla yekunlaşdı. Sonda “Həkimlər depressiya deyir… ” adlı ilk kitabının işıq üzü görməsi münasibəti ilə Nuranə Rafailqızına “Ziyadar” mükafatı təqdim olundu, kitablar imzalandı və xatirə şəkilləri çəkdirildi:
Belə gözəl bir tədbirin baş tutması münasibəti ilə müəllifi və təşkilatçıları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
“Yazarlar” jurnalının № 07 (19) iyul-2022-ci il tarixli sayı işıq üzü görüb.
Jurnalın Ağdama həsr olunmuş bu sayında Ağdam, onun qəhrəman övladları, şəhidləri haqqında Nəzakət Kərimova-Əhmədovanın maraqlı yazısı və ağdamlı qələm adamlarından Rahim Üçoğlanlının (Rzayev), Əjdər Əlizadənin, Mina Rəşidin, Vidadi Turan Ağdamlının vətənpərvərlik ruhunda yazılmış şeirləri yer alıb. Bundan əlavə, sonda “Sözün Ağ rəngi” layihəsi çərçivəsində Qarabağ, Ağdam deyə-deyə yurd həsrəti ilə dünyasını dəyişən tanınmış şair Şahmar Əkbərzadənin ruhuna hörmət əlaməti olaraq onun həyat və yaradıcılığına geniş yer verilib.
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac həm 30.06.2022-ci il Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında, həm də 01.07.2022-ci il tarixində Atatürk Mərkəzində təqdimat zamanı Ağdam ədəbi mühitindən söhbət açmış, jurnalın № 07 (19) iyul sayında yer almış Şahmar Əkbərzadənin hələ ötən əsrin ortalarında (1966) qələmə aldığı “Vətən” adlı
Sui-qəsd ediblər şan-şərəfinə!
Edam olunubdur beş hərfin də!
“Və” keçib sərhədin o tərəfinə,
“Tən”qalıb sərhəddin bu tərəfində!
İmkan yox tikanlı sətri pozmağa,
Pozanım olsa da, poza bilmirəm.
Ürəyim gəlməyir bütöv yazmağa,
Mən səni bitişik yaza bilmirəm.
Sən iki hecalı bir sözsən “və-tən!”
Sətirdən-sətrə ķecirilmisən!!!
– şeirini iki dəfə təkrar-təkrar tədbir iştirakçıların diqqətinə çatdırmış, mövcud problemlərdən söhbət açmışdır.
O demişdir: “…Mənfur düşmən, məkirli qonşumuz bədnam əməlləri ilə düz otuz il bizi ləngitdi. Nəticədə, Şahmar Əkbərzadə, Xudu Məmmədov kimi dəyərli ziyalılarımızın hələ ötən əsrin ortalarında qaldırdığı problemlər arxa plana keçdi. Arazdan, Urmudan, Göyçədən, İrəvandan, bütöv Azərbaycandan yazmaq əvəzinə, Qarqardan, Həkəridən, Qarabağdan, Ağdamdan, Laçından yazmağa məcbur olduq. Şükür Allaha bu bəladan qurtulmuşuq. Qalan xırda məsələlər də tezliklə öz həllini tapacaq. İndi qələm adamlarınınəsas məsələdən yazmaq vaxtı çoxdan gəlib çatmışdır. Bu, bizim vəzifə borcumuzdur…”
Üzqabığına uyğun olaraq tanınmış şair Mina Rəşidin rəsmi çıxarılıb.
Bu sayda yer alan bütün yazarlarımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Mən təxminən 2004-2005-ci illərdə şair – publisist Nadir Qədimlini tanıyıdım. Şəxsən özünü yox! Hələ özü ilə tanış deyildim. Heç bilmirdim kimdi… Amma şeirlərini oxuyurdum, onun ruhunda, qəlbində hansı fırtınaların qopduğundan xəbərdar idim, vətəni üçün ürək sızıltılarını duyurdum. Agah idim, agah idim ki, bu şeirləri yazandan sonra, çarpayısına uzanıb, gözlərini tavana zilləyir, xəyalları uşağlığı, gəncliyi keçən yerlərə uçur, “əlçatmaz”lar gözü qarşısına canlanır.. tavana dirəkli qalmış gözlərindən qeyri-ixtiyari yaşlar süzülür….
Dedilər yaz gəlir çıxdım eyvana,
Gördüm ki,təbiət gəlhagəl deyir.
Bəzənib min dona min naz eyləyir,
Gələnə-gedənə danış,gül deyir.
Dedim ki,açılar bu qərib könlüm,
Bir az da mən özüm sevinim,gülüm,
Doyunca baxmadım xəcalətimdən,
Dedim bu sevincdən yaxşıdır ölüm!
Hər çiçək gözümdə bir dərd topası,
Oydu bu içimi dərd oyum-oyum.
İstədim boylanam dağlara sarı,
Dağların boyuna, çatmadı boyum.
Hər bahar qəlbimdə ümid göyərir,
Hər bahar qəlbimdə bir ümid solur.
Deyirəm gələn yaz yurda gedərik,
Nə yazım yaz olur,nə yurd, yurd olur.
Dedilər yaz gəlir çıxdım eyvana,
Gördüm ki,çəmən-çöl,gül ləçəkliyir.
Bəxtəvər başına dedim,ay Nadir!
Sənin də qəlbində dərd çiçəkləyir.
Bu şeiri oxuyub ümidlərinin suya düşdüyünü anlayan oxucunun ürəyi parçalanırsa, gör bu şeiri yazan nələr çəkir?Vətən nisgili ilə qovrulanlar bilər bu şeirin ağırlığını, kədərini… Nadir Qədimlinin hansı şeirini oxudum, öz dərdimi gördüm, öz yurd həsrətimi, yuva nisgilimi gördüm. Hərdən yurdumuz üçün burnumuzun ucu göynəyəndə, ürək qübar edəndə şairin misraları hisslərimizə tərcüman olurdu:
Dərd əhliyəm,dərdlər yatır sinəmdə,
Yadlar qurub alaçığın binəmdə,
Mən hansı dərdimə dərman tapmışam?
Bir danışam, bir sevinəm, güləm də,
Kəndimiz yamanca yadıma düşür.
Hə, indi gəl, bu şeiri sonacan oxu, amma başını qarşındakı masaya qoyub asta-asta ağlama…
Şairin mənzum dramları yaxud poeziya tamaşası…
Günlərin bir günü şairin özü ilə tanış oldum. 2007-ci il idi. Eləcə düşündüyüm kimi:Sadə, mehriban, təvözəkar, bir də kökünə qədər dərd dolusu gözlərini tanıdım. Vətən yanıqlısı olmağımız bizim əsas ortaq nöqtəmiz idi. Fürsətdən istifadə edib yaradıcılığı ilə bağlı suallarıma da cavablar aldım. Nadir müəllim ixtisasca iqtisadçı olmasına baxmayaraq, hələ 1998-ci ildə onun “Qarabağım qan ocağım” mənzum dramı rejisor Ədalət Ziyadxanov tərəfindən Əbdürrəhimbəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulur. Tərbiyəvi əhəmiyyət kəsb edən məzmununa, poetik rəngarəngliyinə, aktyorların oyununa, rejissor quruluşuna, dekorasiya tərtibatına görə tamaşa böyük uğur qazanır. Əsərin belə uğurlu alınması Azərbaycan Dövlət Televiziyasının diqqətindən yayınmır. Tamaşa AZTV tərəfindən kadra alınır və hazırda orada qorunub saxlanılır.
Bundan başqa şairin Ağdam Dövlət Dram Teatrında “Özəlim, Gözəlim”, “Təftiş əməliyyatı”, “Günahsızlar” pyesləri tamaşaya qoyulub. Hətta “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanmışdı. Yeri gəlmişkən, Ağdam Dövlət Dram Teatrı ötən ilki mövsümü şair Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanan tamaşa ilə açıb və ilk tamaşa hərbçilər üçün təqdim edilib. 44 günlük müharibədən sonra səhnəyə qoyulan “Günahsızlar” tamaşası festivala təqdim olundu. Üstəlik Mədəniyyət Nazirliyi və Teatr Xadimlər İttifaqının “Fəxri Diplom”una layiq görüldü.
Beşinci nübar: “Ürəyimə yağan yağış”…
İyulun 1-də Atatürk Mərkəzində Nadir Qədimlinin növbəti “Ürəyimə yağan yağış” adlı yeni kitabının təqdimat mərasimi oldu. Xatırladım ki, “Sənsiz dünyam”, “Ürəklərdə göyərən dərd”, “Daş məhəbbət”, “Danışır Azərbaycan “ kitablarından sonra sayca beşinci olan “Ürəyimə yağan yağış” ” Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 328 səhifədən ibarət kitabın redaktorluğu və ön sözü şair Namiq Hacıheydərliyə məxsusdur.
Mərasimə Nadir Qədimlinin poeziyasını ürəkdən sevən dostları, həmkarları, jurnalistlər, elm adamları və digər ictimaiyyət tərəfindən tanınan şəxslər qatıldılar. Tədbiri tanınmış yazar , şairin həmkəndlisi Vasif Qurbanzadə aparır. O şairi elə mənim qədər tanıyanlara bir də öz baxış bucaqı ilə tanıdır. Vasif müəllim qürurla bildirir ki, Nadir kəndimizi təmsil etdiyi üçün , bu qədər insanın qəlbində həm özünə, həm ədəbiyyata, həm də el- obasına hörmət qazandırdığı üçün çox sevinir, çox şaddır: “ Hər dəfə Nadiri görəndə, onun vətən həsrətli şeirlərini oxuyanda ilk yadıma düşən kəndimizdəki Qaraman dağı olur, kəndin hər çığırı, hər köşəsi gözlərim qarşısında canlanır. Nadirin poeziyasında elə bir sehr var ki, onu oxuyan hər kəs onun gözləri ilə Qaramanı da görür, Qalayçılar kəndini də. Bu səbəbdən Nadir hamımıza əzizdir” .
Qiraət ustası, əməkdar artist Ağalar Bayram bax elə o andaca şairlə Ağdamda, bir tədbirdəki tanışlığından, onun şeirləri ilə təmasından danışıb dərhal “Sındırar” adlı şeiri səsləndirdi:
Bu dünyanın gözü qalıb gözümdə
Bir baxışla mənə hər şey andırar
Çəkdiklərim qənim olub özümə
Çölüm özgə, içim məni yandırar…
Bəli, bulaq kimi, şəlalə kimi misraları bir də valehedici səs sahibi Ağalar müəllimin ifasında dinlə.. Əsl poeziya ziyafəti…
Filalogiya üzrə fəlsəfə doktoru dosent Səkinə Bayramova, fəlsəfə doktoru dosent Yeganə Qəhramanova, , şair İlham Qəhrəman, şair Tahir Ələkbərli, əməkdar jurnalist Qafar Əsgərzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova, şair şəhid atası Kamil Vəfadar, şair Zakir Ağdamlı, tərcüməçi Qumru Qasımova, şair Rafael Tağızadə, şair Aygün Hüseyn , poeziya vurğunu, nevroloq –həkim, Mirzə Qaraşov , siyasi fəal Taleh Alıiyev, şair Zaur Ustac .və başqaları tədbirin elə ilk anındaca məclisdəki səmimiyyəti, sadəliyi, hiss etdilər və tədbir sonuna qədər elə bu aurada getdi. Hər kəs öz növbəsində Nadir Qədimli yaradıcılığından oxuduğu, əzbərlədiyi şeirlərdən söylədi , hisslərini, duyğularını ifadə etdi.
Mənim tanıdığım Ağdam QAC sədri
Növbə mənə çatdı. Oxucularımız bilir, 44 günlük savaş müddətində müharibə zonasında olan yeganə qadın jurnalist idim və bir çox tanıdığım insanların tanınmayan bəzi xüsusiyyətlərini məhz o dövrdə gördüm, kəşf elədim. Bir məqamı xatırladım. Ermənistan Silahlı Qüvvələrinin hədəf aldığı təmas xəttindəki insanlar müharibəyə hazırlıqsız yaxalanmışdı. Ərazini tərk edib atəş tutmayan məktəblərdə, idarə və müəsissələrdə sığınacaqlara yerləşmişdilər. Evdən hövlanak çıxanda nə isti geyim, nə də ərzaq götürə bilmişdilər. Həmin vaxt erməni artilleriyasını susdurmaq üçün Quzanlı kəndinin alt hissəsindəki qobuda və sağ tərəfindəki Xaçın çayının su gəlməyən yatağında bizin ağır artilleriya qurğularımız qurulmuşdu. Təsəvvür edin, ağır artilleriyanın atdığı mərmilər Quzanlı kəndinin başı üstündən uçuşurdu. Ermənilər mərmi çıxan yerləri yəni Quzanlını mütəmadi atəş altda saxlayırdı. Həmin vaxtlar nə qədər dinc əhali yaralandı, həlak oldu, yüzlərlə ev göyə sovruldu, darmadağın oldu. Bax belə bir ərazidə, belə bir ölüm saçan mərmilərin altında , ağır şərtlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinin sədri Nadir Qədimlinin vətənə xidmətini gördüm. Bəli, bir var vəzifə borcunu yerinə yetirmək, bir də var, vəzifə borcundan ötə olan vətənə xidmət missiyasını həyata keçirmək.
Onların işini izləmək, çəkdikləri əziyyəti görmək üçün bir neçə dəfə QAC-ın üzvlərinə qoşuldum, onlara yoldaş oldum. Sığınacaqlara, imkansız və köməksiz insanlara ərzaq, geyim, yorğan (odyal) paylamağa mən də getdim. Payız yağışının altında, başdan ayağa islanmış vəziyyətdə, digər yandan göydən mərmi töküləndə, hərə qaçıb bir təhlükəsiz yerə girəndə Nadir müəllim və onun komandası fəaliyyətlərini dayandırmadı. Həmin vaxt onlara kömək edəndə mən də islanmışdım, üşüyürdüm, saçlarımdan su süzülürdü. Üzümə baxdı, yəqin ki, ürəyi yandı, ruh yüksəkliyi ilə dedi ki, qoy müharibə qurtarsın, qələbə günü sənə qonaqlıq verəcəyəm. (İnşallah dediyi qonaqlığı verər)) Nə deyim vallah, bu komandanın hansısa üzvünün necə deyərlər ”anası namaz üstündə idi” ki, onlar mərmiyə tuş gəlmədilər, onlar ölümə görə fəaliyyətlərini bir anda ləngitmədilər. Bildilər ki, kimsə payızın soyuğunda üşüyür, kimsə açdır, kiminsə kiçik bir təsəlliyə ehtiyacı var… Başda Nadir müəllim olmaqla o uşaqlar, o 44 gündə əsl fədakarlıq nümayiş etdirdilər. Nadir Qədimli istedadlı, eyni zamanda sevilən şairdi. Vətənpərvər və fədakar vətən oğludur. İşinin, adının, dediyi sözün, kəndinin, rayonunun, dövlətinin məsuliyyətini bilən vətəndaşdır. Bununla bərabər həm də iki övlad sahibidir, nümunəvi atadır. Elə nümunəvi balalar da yetişdirib. Hələ nəvəsinin də sevimli babasıdır.
Son olaraq, arzu edirik, Nadir Qədimlinin növbəti kitabı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızdakı tikinti və yenidənqurma işlərindən, bu prosesdə sevgi və sevinclə iştirak edən soydaşlarımızın maraqlı talelərindən, bir də yurduna köç edən qarabağlıların sevincindən bəhs edən şeirlər toplusu, poemalar və pyeslərlə zəngin olsun!Uğurlar Nadir Qədimli!
Bu gün tanınmış şair Nadir Qədimli “Ürəyimə yağan yağış” adlı yeni kitabını təqdim edib. Atatürk mərkəzində Vasif Qurbanzadənin moderatorluğunda baş tutan tədbirdə dəyərli söz adamları və ziyalılar iştirak ediblər. Tədbirin gedişində müəllifə “Ziyadar” mükafatı, digər diplom və hədiyyələr təqdim olunub. Qonaqlar kitab və ümumilikdə Nadiq Qədimli yaradıcılığı haqqında öz fikirlərini bölüşüblər. Fotolar:
Bu gün AYB-nin “Natəvan” klubunda Balayar Sadiq və Ülkər Nicatın şeirlərinin yer aldığı “Şəhid ətri” adlı şeirlər kitibanın təqdimatı keçirilib. Tədbirin gedişində eyni zamnda gənc sair Ülkər Nicatın “Gülümsə, Qadın” adlı şeirlər kitabı da oxuculara təqdim olunub.Təqdimatı giriş sözü ilə AYB-nin katibi Elçin Hüseynbəyli açdı və kitabın ərsəyə gəlməsində əməyi olanlara ugurlar arzuladı.
Sonra sözü tədbirə aparıcılıq edəcək AYB və AJB- nin üzvü, Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı,”Yurd”jurnalının baş redaktoru Balayar Sadiqə verdi.
Tədbirdə respublikamızın müxtəlif rayonlarından gəlmiş poeziya həvəskarları , Ülkər xanımın dil ədəbiyyat müəllimi Lənkəranın Şürük kəndindən gəlmiş Gülarə müəllimə, sevimli sairimiz Baba Vəziroglu, mügənni Manaf Agayev, şairlərdən Faiq Balabəyli, Qəşəm Nəcəfzadə, Fəxrəddin Teyyub, Vasif Süleymanov, Mehman Göytəpəli, Fazil Atəş, Ədalət Əroglu, Vüsal Ağa, Şəhid bacısı Maya xanım, Sevil Gül Nur(Yardımlı), Aysel Səfərli, Əli Əlibəyli (Neftçala), Muxtar Kətimzadə, Ziyafət Əsgərov, Rəfiqə İsaq, Arzu Heydərova, Nəcibə İlkin,” Yurd” jurnalının əməkdaşları və digər ziyalılarımız ürək sözlərini söyləyərək müəllifə və redaktora ugurlar diləmişlər. Rəssam Natiq Nəcəfzadə Ülkər xanımın portretini ona hədiyyə etmişdir.
Sonda “Yazarlar”jurnalı adından klassik irsimizin təbliğində fəal iştirakına görə şair Balayar Sadiqə “Nizami Gəncəvi” diplomu və Ülkər Nicata isə “Ziyadar” Mükafatı təqdim olundu.
Tədbir iştirakçıları səmimi keçən ədəbi məclisdən xoş təəssüratlarla ayrıldıqlarını bir daha vurğulayaraq, xatirə şəkilləri çəkdirdirdilər:
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
11 iyun 2022-ci il saat 16:00-da “Kitabevim.az”da (“28 MAY”) tanınmış şair, pedaqoq Rəmzi Dönməz “Günahın kölgəsi” adlı yeni kitabını təqdim edəcək. Məlumatı oxuyan hər kəs dəvətlidir. Sizi gözləyəcəyik.
Çağdaş poeziyamızın tanınmış siması, filologiya üzrə fəlsəfə doktoru,”Mahmud Kaşğarlı Beynəlxalq Fondunun “San Yarlığı” mükafatçısı, “Kitab Evi” İB-nin sədri, AYB- nin üzvü şair Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabının möhtəşəm təqdimatına və ad gününə yıgışmışdıq… Şeirləri türk, ingilis, fars, fransız, rus, qırğız və özbək dillərində tərcümə olunmuşdur: Od burda, hava burda torpaq burda,su burda, Tanrının yolu düşüb bizdən öncə bu yurda Qurban dedim bu canı Ona sevgim əzəldir, Mənim oldugu üçün Azərbaycan gözəldir…. Adilə Nəzərin bütün şeirlərində vətən sevgisi, vətəndaşlıq qüruru, mərdlik, təvazökarlıq hissləri və qələbə ilə başa çatan II Qarabag Müharibəsi şəhidlərinə həsr olunmuş mövzuları geniş yer tutur. Şeirlərində dilimizin gözəlliklərini qoruyur, çünki dilimizi qorumaq Vətəni qorumaqdır, bu da əsl vətənpərliyin əsas meyarıdır. Adilə xanım şəhidlərimizdən Xudayarın, Albert Aqarunovun, general Polad Həşimovun, Atiq İbrahimovun, Camal İsmayılovun, Cəbrayıl Dövlətzadənin və neçə-neçə igidlərimizin xatirəsinə həsr etdiyi şeirlərində ürək yanglsı ilə: Gözünü yummadın soyuq səngərdə Gecələr bizin də yuxumuz azdı Sən ey fateh ogul,sən ey sərkərdə, Şəninə min dastan yazılsa azdı Xoşbəxt sabaha ümidlə yaşamagın – deməsi, Gəlsəm bir gün yalvarsan aglasam… Göz yaşlarımla yuyulsa illərin kiri, kədəri Hər şey dəyişsə… gül çiçəklə sevişsə… torpaq bərəkətli olsa hava günəşli, Həyat sevgi kimi tərtəmiz, agappaq… gəlsəm bir gün aglasam, hər şey dəyişərmi, Qarabag?!- düşüncələri ilə vəsf edir. Adilə xanım qazilərimizə olan ehtiramını da şeirlərinə köçürür: Üz-üzə dayanıb mənfur yagıyla Keçib imtahandan can sınagıyla, Girdiyi meydandan tək ayagıyla Çıxan qaziləri salamlayıram. Gedib babaların şanlı iziylə Savaşa atılıb bıçaq-nizəylə… Gözünü itirib,könül gözüylə, Baxan qaziləri salamlayıram…. Qoymadı zəfərə bizi tamarzı, O, xan qaziləri salamlayıram…. Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabı sayca on birinci kitab olsa da, şeirlər toplusu olaraq 8-ci kitabıdır.Şeir nədir?-deyən şairə: “Mən sənin dostlarına yeni bir dost bagışlamaq istədim- bütün kitablarımda, şeir..”-deyir. Adilə Nəzərin ədəbi – bədii yaradıcılığından saatlarla, günlərlə danışsaq da azdır. Bunu təqdimata toplaşanların da ürək sözlərindən də gördük…
Mayın 26-sında AYB -nin Natəvan klubundakı görüşdə Yazıçılar birliyinin katibi, yazıçı- publisist Elçin Hüseynbəyli giriş sözü ilə iştirakçıları salamlayaraq şairənin yaradıcılıgından səmimiyyətlə söz açdı. Tədbiri aparan hörmətli şairimiz Yusif Nəgməkar Atatürk mərkəzinin direktoru-akademik Nizami Cəfərovun ürək sözlərini dinləmək istədiyimizi təklif etdi. Akademik şairənin poetik düşüncələrini incəliklə dinləyicilərə çatdıraraq ad gününü də təbrik etdi. Bəli, sairənin yaradıcılıgından danışmaqla söz bitmir. Bunu çıxış edənlər –Əsəd Cahangir, yazıçı-tərcüməçi, şairimizin işlədiyi Təhsil İnstitunun professoru Akif Abbasov, ADA Universitetinin professoru Nəriman Qasımzadə, şair- tərcüməçi-professor Xaqani Qayıblı, yazıçı -jurnalist Zenfira Məhərrəmli, yazıçı–publusist İradə Tuncay, Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, yazarlar – Səfər Alışanov, Əlabbas Baglrov, Ayaz Arabaçı, İlqar Türkoğlu, Kəmaləddin Qədim və başqaları bir daha çıxışlarında fəxrlə ürək sözlərini qeyd etdilər… Rəssamlar-Sehran Allahverdi və Şəmsəddin Böyükdüzlü rəngli boya ilə işlədikləri portretləri Adilə xanıma bagışladılar…. Naxçıvandan, Qəbələdən, Göyçaydan, Neftçaladan və digər yerlərdən də gün işıgına toplaşanlar tədbiri daha maraqlı və ugurlu etdi… Bəli gördük ki, Adilə Həzərin səmimiyyəti, bir qadın kimi məsumlugu, ədəbi yaradıcılıgındakı dil ustalıgı şeirlərində daim görünür… Zalımlıgı, fagırlıgı nə imiş Bəxtin belə sağırlığı nə imiş, Əlli yaşın agırlıgı nə imiş, Söz yükünü çəkə bilən adama….. və ya: Qarışdırma ayaqları başlara, Çox dəyibdi başın daşdan – daşlara Ay Adilə, sən də qoşul quşlara, Qoşul, ürək vaxtı- könül vaxtıdır.. İstedadlı alim və gözəl şairəmiz sizə bol, tükənməyən yaradıcılıq ugurları, möhkəm can saglıgı arzulamaqla bir ovuc gün işıgında dünya boyda xoşbəxtlik arzulayıram. Dərin hörmət və ehtiramla:
Nəzakət Kərimova Əhmədova
yazar -publisist,”AJB -nin üzvü,”Yazarlar “jurnalının əməkdaşı,”Xarıbülbül” Ədəbi Məclisinin sədri,” Bizim Qala” jurnalının redaktoru.
19 May 2022-ci il tarixdə Zərdab rayon Həsən bəy Zərdabi muzeyində Zərdab rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalının müdiri, gənc yazar İsgəndərli Leyla Yaşar qızının “Daş adam” adlı hekayələr kitabının təqdimat mərasimi keçirilib. Fotolar: