BİR ÖMRÜN TABLOSU… (Nəşr olunmuş yeni kitab təqdimatı) Nəşr olunmuş yeni kitabım Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin ilk xanım rəssamı, mənə rəssamlıq sənətini öyrətmiş əziz və dəyərli müəlliməm, həm də mənəvi anam Laləzar xanım Sadıqovaya həsr olunmuş təqdimat kitabıdır.
Ümumi məlumatlar: Kitabın adı: “Bir ömrün tablosu” (Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin ilk xanım nümayəndəsi Laləzar xanım Sadıqovanın təqdimatı) Müəllif: İlqar İsmayılzadə Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad Çap: “Qazi” Çap Mərkəzi Nəşr olunduğu il: 2026 Çap növbəsi: Birinci Kağız formatı: 60×90 1/16 Səhifə sayı: 120 səhifə.
Kitab barədə: Bu kitab Cəlilabad rayonu üzrə hələ sovetlər dönəmində ilk xanım rəssam olaraq tanınmış və Cəlilabad tarixinə düşmüş, o vaxtlar bir neçə il ərzində Cəlilabad şəhər Pioner və Məktəblilər Evinin Təsviri incəsənət dərnəyinin rəhbəri və baş müəllimi işləmiş dəyərlimiz Laləzar xanım Əsədova (Sadıqova) haqqında qələmə alınmış və hazırlanaraq işıq üzü görmüş bir təqdimat əsəridir. Kitab Laləzar xanımın öz həyat hekayəsi barədə maraqlı məlumatlar təqdim edən ön sözü ilə başlamış, bundan sonra mənim kitab üçün qələmə aldığım təəssürat, izahat və arzu-diləklərlə davam etmişdir. Bunun ardınca isə aşağıda göstərilən beş fəsildə onunla bağlı təfərrüatilə danışılmış, ətraflı məlumatlar təqdim edilmişdir: Birinci fəsil: Bioqrafik məlumat; İkinci fəsil: Laləzar xanımın xüsusiyyətləri; Üçüncü fəsil: Laləzar xanım barədə bir hekayə; Dördüncü fəsil: Laləzar xanım media orqanlarında; Beşinci fəsil: Fotoşəkillər və Laləzar xanımin əl işlərindən nümunələr. Kitabda Laləzar xanımın həyat yolu və bioqrafik məlumatlarından tutmuş, şəxsi xüsusiyyətləri və keyfiyyətləri, onun haqqında qələmə aldığım “Təsviri incəsənət kraliçası” adlı xüsusi bir hekayə, həmçinin, istər Sovet dönəmi, istərsə də müstəqillik illərində haqqında müxtəlif yazı, məqalə və təqdimatların dərc edildiyi bir sıra mətbuat və media orqanlarından nümunələr göstərilmişdir. Kitabın son fəslində isə Laləzar müəllimənin özü və yaxınlarının fotoşəkillərindən əlavə, son 40 il ərzində çəkdiyi və müxtəlif sahələrə (tablo, mənzərə və s.) aid olan 31 əl işi və rəsm əsəri təqdim edilmişdir.
Təşəkkür və diləklər! Sonda dəyərlimiz, eyni halda Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin kraliçası sayılan, həmçinin, mənə və mənim kimi onlarla şagirdinə əziz, mehriban müəllimə, qayğıkeş və mənəvi ana kimi rəssamlıq sənətini öyrətmiş əziz Laləzar müəlliməyə bu kitabın ərsəyə gəlməsində özü ilə bağlı şəxsi məlumatları və xüsusilə də rəsm əsərlərini yollamaqda səmimiyyət göstərdiyinə görə təşəkkürümü bildirir, ona uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi arzulayıram! Eyni halda indiyədək işıq üzü görmüş sayca 53-cü məlum əsərimin çapında xüsusi peşəkarlıqla zəhməti olmuş “Qazi” Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və çap mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist 07.03.2026
ADA Universitetinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant mərhum Şəmistan Nəzirlinin QORİDƏN GƏLƏN QATAR kitabının təqdimatı keçirildi. Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, Şəhid ailələri, ADA Universitetinin əməkdaşları, ziyalılar, elm adamları, millət vəkilləri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, Şəmistan Nəzirlinin ailə üzvləri, media nümayəndələri iştirak edirdilər.
Kitab ADA Universitetinin təşəbbüsü ilə çap olunmuşdur. Şəmistan Nəzirlinin əziz xatirəsinə həsr olunur. Əsər müəllifin sağlığında etdiyi düzəlişlər və əlavələr nəzərə alınmaqla yenidən nəşr olunmuşdur. Kitabda Qori Müəllimlər Seminariyasının Azərbaycanın maariflənməsi və mədəniyyət tarixindəki rolundan, eləcə də bu təhsil ocağının yetirmələri, xüsusilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ictimai xadimləri haqqında tarixi-sənədli tədqiqatlardan bəhs edir. Kitabda maarifçilik ideyaları və yetişən ziyalıların fəaliyyəti işıqlandırılır. Qori Seminariyasının Azərbaycan üçün maarifçi kadrlar yetişdirməsinin önəmi vurğulanır. Əsərdə həmin Seminariyanı bitirən görkəmli şəxsiyyətlər haqqında məlumatlar verilib. Kitab tarixi faktlara, arxiv materiallarına əsaslanır. Əsər Azərbaycan maarifçilik tarixinin qaranlıq qalan səhifələrini aydınlaşdıran mühüm tədqiqat əsəridir.
Tədbiri giriş sözü ilə akademik Nizami Cəfərov açaraq Şəmistan Nəzirlinin Azərbaycan hərb tarixində və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin araşdırılmasında xüsusi xidmətlərindən, Şəmistan Nəzirli yaradıcılığının tarixi əhəmiyyətindən danışdı. Qoridən gələn qatar kitabının yenidən və nəfis şəkildə çap olunmasına görə Hafiz Paşayevə minnətdarlığını bildirdi.
Sonra çıxış üçün söz “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədova verildi. İlham Pirməmmədov Şəmistan Nəzirlinin dostluğa sədaqətindən, Qazağa qəlbən, ruhən bağlılığından, əsərlərini Qazax sevgisi ilə yazdığından, onunla olan görüşlərindən söhbət açdı: “Hafiz müəllim, biz tez-tez görüşərdik. Yeni kitabı çap olunan kimi zəng edərdi ki, Qağa təzə kitabım çapdan çıxıb. Sonuncu görüşümüz ölümündən bir az əvvəl avqust ayının 12-də oldu. Qazaxlı ziyalılarla bərabər Şəmistan müəllimin ad gününü qeyd etdik. Sonuncu dəfə Qazağa gedəndə də bizimlə əlaqə saxladı. Qazağa getdiyini dedi. Qoridən gələn qatar kitabı özündə olmadığı üçün həmin kitabdan istədi. Puşkin Əhmədovda 5 kitab qalmışdı. Həmin kitabları Şəmistan müəllimə göndərdi. Şəmistan müəllim sonuncu danışığımızda sizin dəstəyinizlə Qoridən gələn qatar kitabının yenidən çap olunacağını da söylədi. Hörmətli Hafiz müəllim, Şəmistan Nəzirli yaradıcılığına hər zaman diqqət və qayğı göstərmisiniz. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə yeni həyat bəxş etmisiniz. Sizin diqqət və qayğınız sayəsində Qazaxda möhtəşəm elm məbədi fəaliyyətə başladı. Bütün bunlara görə sizə öz adımdan, Qazax mahalının ziyalıları adından təşəkkürümü bildirirəm”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Qoridən gələn qatarın Azərbaycana saçdığı işıqdan danışdı: “Bu qatar simvolik məna daşıyır. Qatar Qoridən Azərbaycanacan gəlib çatır. Qatar fiziki cəhətdən Qazaxda dayansa da, onun içində olanlar, onun daşıyıcıları, onun gətirdiyi maarif işığını bütün Azərbaycana yayan insanlar olubdur. Qoridən gələn Qatar kitabının yenidən və nəfis şəkildə çap olunmasına görə Hafiz müəllim sizə təşəkkür edirəm. Kitabın işıq üzü görməsində zəhməti keçən insanlara, çox sağ olun, deyirəm”.
Millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universitetinin ABŞ-dakı mərkəzinin direktoru Qalib Məmməd, millət vəkili Azər Allahverənov, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlili, Əməkdar jurnalist Gülbəniz Hüseynova, Azərbaycan Beynəlxalq Radiosunun proqramlar şöbəsinin rəisi Natəvan Dəmirçioğlu, , yazıçı Məti Osmanoğlu, tənqidçi alim Rüstəm Kamal, professor Ədalət Tahirzadə, publisist Ramiz Göyüşov, dünya şöhrətli yazıçı Varis, Türkiyədən olan qonaq Ufuq Aydın çıxış edərək Şəmistan Nəzirli yaradıcılığı haqqında ətraflı danışdılar. Onun Azərbaycan xalqının tarixi köklərinə bağlılığını xüsusi vurğuladılar. Qoridən gələn qatarın Azərbaycan elmi üçün verdiyi misilsiz töhfələrdən söz açdılar. Çıxış edənlər qatarın bir əsr öncə Qoridən Qazağa gələndə Azərbaycana elm işığı yayıldığını, illər sonra isə Bakıdan Qazağa gedən qatarın təkcə Azərbaycana deyil, dünyaya elm işığı bəxş etdiyini təbdir iştirakçılarının diqqətinə çatdırdılar. Seminariyanın bərpasına və yenidən elm məbədinə çevrilməsinə görə Hafiz Paşayevə təşəkkürlərini bildirdilər. Natiqlər Şəmistan Nəzirli yaradıcılığının tarixi əhəmiyyətindən söhbət açdılar. Şəmistan Nəzirli yaradıcılığını qədirbilənlik məktəbi, tarixin şərəfli səhifəsi adlandırdılar. Çünki Şəmistan Nəzirli şərəfli tariximizin qəhrəmanlığını, elmini yorulmadan qələmə aldı. Gələcək nəsillərə əvəzsiz tarixi irs qoyub getdi.
Professor Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasının tarixi-mədəni irsinin bərpası, köklü maarifçilik ənənələrinin dirçəldilməsi, milli təhsil dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi ardıcıl, məqsədyönlü və səmərəli fəaliyyətinə, habelə yüksək ictimai əhəmiyyətə malik xidmətlərinə görə “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən “Xalq şairi Səməd Vurğun adına Fəxri Diplom”la təltif olundu. İlham Pirməmmədov Xalq şairi Səməd Vurğun adına “Fəxri Diplom”u Hafiz Paşayevə təqdim edəndə ona ADA Universitetinin Qazax mərkəzini elm məbədinə çevirdiyi üçün təşəkkür etdi. Qazax mahalının ziyalılarının təşəkkür və salamlarını Hafiz müəllimə çatdırdı: “Hörmətli Hafiz müəllim, 2018-ci ildə rəhmətlik Şəmistan müəllim mənə dedi ki, biz Seminariyanın 100 illiyinin qeyd olunması ilə əlaqədar Cənab Prezident İlham Əliyevə məktub yazmalıyıq. Biz “Qazax” Xeyriyyə İctimai Birliyinin adından Cənab Prezident İlham Əliyevə məktub ünvanladıq. Cənab prezident İlham Əliyev 2018-ci il 3 noyabr tarixində Azərbaycan təhsil sisteminin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Qazax müəllimlər seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasına dair sərəncam imzaladı. Və həmin sərəncamda qeyd olunduğu kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlandı. Həm Qazaxda, həm Bakıda Seminariyanın 100 illik yubileyi yüksək səviyyədə qeyd olundu. Hörmətli Hafiz müəllim, siz Qori Müəllimlər Seminariyasının Azərbaycan Şöbəsinə yeni həyat bəxş etməklə, Cənab prezidentin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya öz böyük töhfənizi verdiniz. Sizin gördüyünüz işlər bir məktəbdir. Biz həmişə düşünürdük ki, Qori Müəllimlər Seminariyasının binası necə olacaq. O bina yenidən təmir olunacaqmı? Siz bizim suallarımıza cavab verdiniz. Siz həm də bizim ürəyinizin səsinə səs verdiniz. Artıq ADA Universitetinin Qazax mərkəzi elm, təhsil Brendinə çevrildi. Bu müqəddəs və xeyirxah işlərinizə görə sizə təşəkkür edirik və deyirik: Hörmətli Hafiz müəllim, biz Sizinlə fəxr edirik”.
ADA Universitetinin rektoru, Professor Hafiz Paşayev öz çıxışında Şəmistan Nəzirli yaradıcılığını yüksək qiymətləndirdi: “Şəmistan Nəzirli unudulmaz tariximizi yazdığı əsərlərində, kitablarında yaşadıb. Səməd Vurğun haqqında yazdığı kitabda Mir Cəlal Paşayevin Səməd Vurğun haqqında dediyi fikirləri ustalıqla qələmə almışdır. Ümumiyyətlə Şəmistanın yazdıqları hər zaman oxunub, xalq tərəfindən sevilib. Bizim onunla birlikdə çox planlarımız vardı. Allah Şəmistan müəllimə rəhmət eləsin. Mən hər zaman deyirəm: Nə iş görürsünüz, çalışın nümunə olsun. Biz ADA Universiteti olaraq Qazaxda Seminariyanın bərpasına başlayanda bilirdik ki, Seminariyaya yeni həyat bəxş etməklə, nümunəvi iş görürük. Bu həqiqətən belə oldu. Artıq ADA Universitetinin Qazax mərkəzi bir elm məbədinə çevrildi. Şəmistan müəllimin “Qoridən gələn qatar” kitabı ADA Universitetinin Qazax mərkəzinin tarixi keçmişini özündə əks etdirir. Bildiyiniz kimi, Seminariyanın ətrafında evlər var idi. Biz həmin evləri sahiblərindən onların razılığı ilə aldıq və həmin ailələri onlara rahat olan mənzillərə köçürdük. Bu işdə bizə Qazaxdan olan sahibkar Məmməd Musayev kömək etdi. Elm yolunda göstərdiyi dəstəyə görə Məmməd Musayevə çox sağ ol, deyirəm. Qoridən gələn qatarın tarixini bizə irs olaraq qoyub gedən Şəmistan Nəzirlinin ruhu şad olsun”.
Şəmistan Nəzirlinin oğlu Aslan Nəzirli atasının yaradıcılığına göstərilən diqqət və qayğıya görə Hafiz Paşayevə təşəkkürünü bildirdi. Şəmistan Nəzirlini həm sağlığında, həm də vəfatından sonra unutmadığı üçün İlham Pirməmmədova və Şəmistan müəllimin xatirəsini əziz bilib tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Sonda professor Hafiz Paşayev tədbirdə iştirak edən Şəhid leytenant Teymur Abbaslının anası Başxanım Abbaslı və Əfsanəvi Kəşfiyyatçı, kapitan rütbəsində Xüsusi Təyinatlı Qüvvələrinin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmiş ilk və yeganə zabiti Şəhid Mühüd Orucovun ailəsi və övladları ilə görüşüb, səmimi söhbət etdi. Mühüd Orucovun övladlarının təhsili ilə ətraflı maraqlandı. Daha sonra tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi. Tədbirdən fotolar:
Bizim təmsil olunduğumuz səcərə kəndimizdə, (Bərdə.Yeni Daşkənd) el arasında RƏSULLU adı ilə tanınıb, çağrılır. Səcərəmizin hər zamanda xalq üçün, dövlət üçün, el üçün gərəkli, layiqli çox nümayəndələri olub. Bu təmsilçilik bir çox sahələri əhatə edir ki, buraya ötən əsrin əvvəllərində Qərbi Azərbaycanın Göyçə mahalında (Daşkənd kəndi) ermənilərə qarşı mübarizə aparmış, adları tarixə düşmüş igidlər, elin, xalqın yaddaşında yaşayan saz-söz adamları, müharibə iştirakçıları, qəhrəman şəhidlər, alimlər, dövlət adamları, general və qazilər, hörmətli ağsaqqallar, ziyalılar, müxtəlif peşə sahibləri və s. aiddir. Və səcərə üzvü olaraq biz hər zaman öz səcərəmizlə fəxr edib, səcərəmizin tanınması üçün təbliğatlar aparmışıq. Bu təbliğatın daha yüksək səviyyədə bariz nümunəsi isə səcərəmizin çox layiqli nümayəndəsi, təkcə elimizdə, kəndimizdə deyil, elmi və bədii araşdırmaları, publisistik məqalələri, folklorumuza töhfə verən bir çox kitabları ilə, eyni zamanda efir və radio çıxışları ilə tanınan, çox böyük auditoriya tərəfindən sevilən, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Araz Yaquboğlunun bu günlərdə Elm və Təhsil nəşriyyatında çapdan çıxmış “Soyumuz, kökümüz, özümüz” adlı iri həcmli kitabıdır. Qeyd edim ki, müəllif təxminən 1750–ci ildən 2025–ci ilin sonlarına qədər yaşamış bütün səcərə üzvlərini doğum və ölüm tarixləri, ailə üzvləri ilə dəqiqliklə qeydə almışdır. Əlbətdə bu müəllifdən çox böyük diqqət və bacarıq tələb edir ki, Araz müəllim bü işin öhdəsindən layiqincə gəlmişdir. Ondan irəli gələrək, kitab çapdan çıxan elə ilk gündən nəinki səcərə üzvlərinin, hətda başqa səcərə təmsilçilərinin də böyük marağna səbəb olmişdur. Bu mənada 08 fevral 2026-cı il tarixdə başda müəllif özü olmaqla səcərinin onlarla üzvünün iştirakı ilə çay masası ətrafında kitabın təqdimatı qeyd olunmuşdur. Tədbirdə iştirak edən səcərə üzvləri kitabın müəllifi Araz Yaquboğluna və kitabın nəşri üçün maddi dəstək göstərmiş, müəllifin qardaşı Eldəniz Hacıyevə öz minnətdarlıqlarını çatdırmışlar. Təqdimat tədbirinin vidio-yazısı burada: >>>>>> Bax
Tanınmış şair, yazıçı, jurnalist, araşdırmaçı, tədqiqatçı Araz Yaquboğlunun yenicə işıq üzü görmüş “Soyumuz, kökümüz, özümüz” adlı kitabının təqdimatı keçirilib. Araz Yaquboğlu bu barədə təəssüratlarını bölüşüb:
“Dünən doğulduğum kənddə, “Cənnət bağı” restoranında yenicə nəşr olunan “Soyumuz, kökümüz, özümüz” adlı kitabımın təqdimat mərasimi keçirildi. Zəhmət çəkib iştirak edən, dəstək olan, təşkilatçılıq edən hər kəsə dərin təşəkkürümü bildirir, çox sağ olun deyirəm. Tanrı sizləri qorusun.”
Biz də yazarlar cameəsi adından həmkarımızı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!
HƏYATINA ŞÜKRAN (Nəşr olunmuş yeni kitabımın qısa təqdimatı) Nəşr olunmuş yeni kitabım Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi, yazıçı-şair Sakit Üçtəpəlinin əziz qızı Şükran xanım İsazadəyə həsr olunmuş bir qısa təqdimat və xatirə kitabçasıdır.
Kitabın adı: “Həyatına Şükran” (Əzizimiz Şükran xanımın qısa, amma gözəl həyat xatirəsi) Müəllif: İlqar İsmayılzadə Naşir: “Həməşəra” Mətbu Orqanı, Cəlilabad Çap: “Qazi” Çap Mərkəzi Nəşr olunduğu il: 2026 Çap növbəsi: Birinci Kağız formatı: 60×90 1/16 Səhifə sayı: 52 səhifə.
Kitab barədə: Bu kitab Cəlilabad ədəbi mühitinin tanınmış və dəyərli nümayəndəsi, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, ziyalı yazıçı-şair Sakit Üçtəpəlinin bu yaxınlarda itirdiyimiz əziz və sevimli qızı Şükran xanım İsazadəyə ithaf və həsr edilmiş qısa təqdimat və xatirə əsəridir. Kitab dəyərlimiz Sakit Üçtəpəli və eləcə də əzizimiz Şükran xanımın yaxınları və əzizlərinə bir növ təsəlli hədəfi ilə ərsəyə gətirilmişdir. Bu kitab el şairi və yazıçı Sakit Üçtəpəlinin ön sözü və müəllifin müqəddiməsindən sonra aşağıda göstərilən iki fəsildə tərtib edilmişdir: Birinci fəsil: Bioqrafik məlumat (Şükran xanım İsazadənin həyat yoluna qısa baxış); İkinci fəsil: Bir əzizin xatirəsi (Şükran xanım İsazadənin vəfatı ilə bağlı deyilənlər və yazılanlar). Həmin fəsildə vaxtsız dünyasını dəyişmiş əzizimiz Şükran xanım haqqında 30-a yaxın tanınmış ziyalı, pedaqoq, elm və incəsənət sahəsinin nümayəndəsi, xüsusilə də doğma elimizdən olan: Hacı Paşa Rüstəmov, Zülfi Vellidağ, Əfrahim Abbas, Şəhla Rəvan, Laləzar Əsədova, Seylan Abbas, Sevinc Şirvanlı, Aydan Nizamiqızı, Arzu Əyyarqızı, Gülbala Teymur, Ədalət Salman, Əlövsət Tahirli, Sakit Orduxanlı, Sakit İlkin (Yardımlı), İman Abdulla, Ehtiram Sevənli, Dadaş Bayramov, Adıgözəl Nuriyev, Qurban Əhməd, Azər Mirzə və s. tərəfindən qələmə alınmış başsağlığı, şeir və esse yer almışdır. Fəsilin davamında isə Şükran xanımın atası, yazıçı-şair Sakit Üçtəpəlinin əziz qızının yoxluğunda qələmə aldığı bir-birindən kədərli doqquz şeiri təqdim edilmişdir…
Təşəkkür və diləklər! Sonda dəyərlimiz yazıçı-şair Sakit Üçtəpəliyə əziz qızı və əzizimiz Şükran xanımın vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, Şükran xanıma ilahi rəhmət, əzizləri və yaxınlarına səbir diləyirəm! Eyni halda indiyədək işıq üzü görmüş sayca 52-ci məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş bütün dəyərli insanlara səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, işlərində davamlı uğurlar diləyirəm! Bu arada kitabın çapında xüsusi peşəkarlıqla zəhməti olmuş “Qazi” Çap Mərkəzi direktoru əzizlərimiz: Yasər İsmayılov və çap mərkəzinin əməkdaşı Nurəddin Hüseynova dərin təşəkkürümü bildirirəm!
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist 01.02.2026
19 ADDA KITABIN TƏQDİMAT MƏRASİMİ və KONSERT PROQRAMI
22 yanvarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Dövlət Nəşriyyatı” və bp-nin birgə layihəsi ilə gözdən əlil oxucular üçün brayl əlifbası ilə nəşr olunmuş 19 adda kitabın təqdimat mərasimi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 Nömrəli Respublika Xüsusi İnternat Məktəbində baş tutub. Kitab təqdimatında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, bp-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzinin direktoru, naşir Mayis Muradov və Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn çıxış edərək layihənin reallaşması və əhəmiyyəti barədə düşüncələrini böllüşüblər. Daha sonra Sabirə Abdullayevanın aparıcılığı ilə iki hissəli konsert proqramı keçirilib. Birinci hissədə gözdən əlillərə həsr edilən mahnı və şeirlər Mütəllim Dəmirov, Yaqut Xəlilzadə, Fəxrəddin Salim, Zülfiyyə Qurbanovanın ifasında, Səxavət Məmmədov, Ağa Əliyev və Səid Cabbarlının müşayiəti ilə eşidilib, ikinci hissədə isə Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbin şagirdləri altı musiqi nömrəsi təqdim ediblər. Qeyd edək ki, brayl əlifbasında aşağıda adları göstərilən kitablar nəşr olunub: “Azərbaycan nağılları”, İsa Muğanna. “Kollu Koxa”, Anar. “Əlaqə”, Mövlud Süleymanlı. “Dəyirman”, Çingiz Hüseynov. “Adını demədi”. Əli Kərim. “Mavi nəğmənin sahilində”, Sabir Əhmədli. “Yamacda nişanə”, Yusif Səmədoğlu. “Soyuq daş”. Elçin. “Beş dəqiqə və əbədiyyət”, Musa Yaqub. “Payız tənhalığı”, Maqsud İbrahimbəyov. “Bütün yaxşılıqlara ölüm”, Səfər Alışarlı. “Dağlar bizə baxır”, Vaqif Səmədoğlu. “Qəmimizlə salamlaşaq”, Salam Sarvan. “Heykəl tənhalığı”, Aqşin Yenisey. “Zamandan qovulmuş”, Oskar Uayld. “Diqqətdən kənar qalan qadın”, Səbahəddin Əli. “Şüşə saray” Kobo Abe. “İstehkam”, Henrix Heyne. “Hars səfəri”. Layihənin rəhbəri “Azərbaycan Dövlət Nəşriyyatı”nın direktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin sektor müdiri Xəyal Məmmədovdur, kitablar “Brayl Nəşriyyatı” və “Zərdabi-Nəşr” tərəfindən çap olunub. Nəşrlərin üz qabılarının müəllifi Ellada Səfərəliyevadır.
Yeni kitab təqdimatı Bu günlərdə Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan, “Həməşəra” Fəxri Diplomu laureatı, dəyərlimiz şairə xanım Zeynəb Alıhüseynqızının sayca dördüncü şeir kitabı öz şəxsi vəsaiti hesabına işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları: Kitabın adı: “Şəhidlər” (Şeirlər, ağılar və mərsiyələr toplusu) Müəllif: Zeynəb Alıhüseynqızı Redaktor: Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist) Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist) Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı Nəşr olunduğu il: 2025 Çap növbəsi: Birinci Kağız formatı: 60×84 1/16 Səhifə sayı: 112 səhifə.
Kitab barədə: Bu kitab Zeynəb xanım Alıhüseynzqızının şeir və poeziya sahəsində oxucularının görüşünə gəlmiş sayca dördüncü kitabıdır. Bundan öncə onun 2017-ci ildə “Nə qədər sualım cavabsız qalıb” ilk, 2018-ci ildə “Allah, məni Əhli-Beytə dost eylə” adlı ikinci, bir müddət öncə isə “Ana sevgisi” adlı şeir kitabları çap olunmuşdur. Şair xanımın bu kitabında əsasən xalq şeiri üslubunda şəhidlərlə bağlı 60-dan çox şeirlər, ağılar və mərsiyələri yer almışdır. Tərəfindən və eləcə də Zeynəb xanım tərəfindən qələmə alınmış iki ayrı ön sözlərdən sonra kitabın birinci fəslində Qarabağ Savaşında canını qurban vermiş əziz şəhidlərimiz, ikinci fəslində isə Peyğəmbər və onun Əhli-beyti haqqında qələmə alınmış ədəbi nümunlər təqdim edilmişdir. Kitab Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair-publisist Arzu xanım Əyyaqrızı tərəfindən redaktə edilmiş, tərəfimdən isə məsləhətçi redaktor olaraq şeirlər üzərində müəyyən düzəliş və korrektor işləri həyata keçirilmişdir. Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin nümayəndəsi Zeynəb xanım Alıhüseynqızını işıq üzü görən sayca dördüncü şeirlər kitabına görə səmimi qəlbdən təbrik edir, mənə göstərdiyi etimada və səmimiyyətə görə minnətdarlığımı bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Bu arada kitabın redaktoru, əzizimiz və dəyərlimiz Arzu xanım Əyyarqızına, eləcə də “Elm və təhsil” nəşriyyatına təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist 08.01.2026
Bu gün – 26 sentyabr 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında İsa Muğanna ocağının varisi gənc yazıçı Səma Mugannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” adlı kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Zaur Ustac qonaqları Muğannalar ailəsi adından salamlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru Zaur Ustac Səma Muğannanın yaradıcılığı və təqdim olunan kitablar haqqında geniş məlumat verdikdən sonra sözü “Həyatımdan parçalar” adlı kitaba ön söz yazmış akademik Nizami Cəfərova verib. Nizami Cəfərov ümumilikdə Səma Muğannanın yaradıcılığı barədə ətraflı söhbət açaraq, Səmanın bu günə qədər yazdıqlarını geniş təhlil edib və prespektiv imkanlarının istiqamətlərini göstərib. Sonra “Qeyb olan uşaqlıq” kitabının ərsəyə gəlməsində xüsusi xidmətləri olan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədova söz verilib. Professor İlham Pirməmmədov, şair Nazim Muğanlı, tənqidçi Əsəd Cahangir, Azərbaycanın əmək qəhrəmanlarından (Sosialist Əməyi Qəhrəmanı) Tərlan Musayeva, Arzu Nəbioğlu (şair Nəbi Xəzrinin oğlu) Səmanın yaradıcılığı barədə fikirlərini və babası İsa Muğanna ilə bağlı olan xatirələrini bölüşüblər. Sonra şair və yazıçılardan Nazim Əhmədli, Güllü Eldar Tomarlı, Kənan Hacı, Fuad Biləsuvarlı, Nəzakət Eminqızı çıxış edərək Səma Mugannanın yaradıcılığından söhbət açıblar. Səmanı təbrik etməyə gələnlərin arasında tanınmış ziyalılardan şairlər Avdı Qoşqar, Dayandur Sevgin, müəllimləri Elnarə xanım, Səlminaz xanım, Nazlı xanım, Lalə xanım, Günel xanım, ailənin yaxınları Nigar Həsənzadə, Namiq İslamzadə, Könül xanım, Səbinə xanım və digər doğmalar da olub. Tədbirin gedişində Ülviyyə Orucova Səma Mugannanın əsərlərindən parçalar təqdim edib. Tədbirin fəxri qonaqlarından olan tanınmış qiraətçi Rəsmiyyə xanım məclisin abu-havasına uyğun olaraq Cəfər Cabbarlının “Ana” şeirini səsləndirib. Sonda söz Səma Mugannanın ailə üzvləri, həm də “Həyatımdan parçalar” romanının qəhrəmanları İsaya (qardaşı – babasının adaşı) və anası Sevinc xanıma verilib. Yekun olaraq Səma Muganna qonaqlara və xüsusi qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə Muğannalar ailəsi adından təşəkkür edib, xatirə şəkilləri çəkdirib, arzu edənlər üçün kitablar imzalayıb. Tədbirin gedişində Səma Muganna bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Tədbirdən fotolar:
“Mədəniyyət” kanalında İon Deakonesku və Jalə İsmayılla:
YAZARLAR olaraq, Səlim müəllimə Azərbaycan və dünya ədəbiyyatına göstərdiyi misilsiz xidmətlərinə görə təşəkkür edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, istedadlı şair Səlim Babullaoğlunun “Cənub küləyi” adlı seçilmiş şeirlər toplusu ingilis dilində çap olunub.
Şeir mətnlərinin tərcüməçisi və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Kitab tərcüməçinin “Müasir Azərbaycan poeziyası ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb.
“Bizim məqsədimiz müasir Azərbaycan və türk ədəbiyyatının tanınmış nümayəndələrini, onların yaradıcılığından seçdiyimiz poetik nümunələri beynəlxalq aləmdə təbliğ etmək, poetik düşüncə tərzimizi dünyanın yarıdan çoxunun danışa bildiyi dilə – ingilis dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”, – deyə yazıçı-tərcüməçi Kamran Nəzirli bildirib.
Son 15 ildə onun tərcümə və tərtib etdiyi, “Ön söz” yazdığı bu seriyadan iyirmidən çox kitabın işıq üzü gördüyünü söyləyən K.Nəzirli, həmçinin əllidən çox türk şairinin şeirlər toplusu və ya yaradıcılığından nümunələrin müxtəlif ölkələrdə dərc olunduğunu diqqətə çatdırıb: “Bundan başqa, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi və təqdimatı ilə 50 Azərbaycan və 50 türk şairinin şeirləri mənim tərcüməmdə antologiya formatında Ankarada nəşr olunub. Ədəbiyyata, mədəniyyətə, bütövlükdə Türk dünyasına gücümüz çatan şəkildə xidmət edirik. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur, növbəti kitablar da artıq hazırdır. “Müasir Azərbaycan nəsri ingilis dilində” layihəsi çərçivəsində də işlər gedir. Son illər bu silsilədən olan kitablar da az olmayıb. Hazırda Azərbaycan yazıçılarının 3 romanı tərcümə olunub və çapa hazırdır”.
Topluda “Ön söz”lə yanaşı, şairin qısa bioqrafiyası da verilib.
K.Nəzirlinin sözlərinə görə, Səlim Babullaoğlunun bu kitabına daxil edilən 32 şeir əsasən sərbəst vəzndə yazılıb. Bu nümunələrin diqqətçəkən cəhətlərindən biri onların bədii-fəlsəfi fikir ifadə etməsi, süjetli və obrazlı olmasıdır, onları tərcümə etmək çətin olmur. Şeirlərdəki səmimiyyət və orijinallıq bugünkü əcnəbi oxucu üçün maraqlı ola bilər.