Təranə Dəmir yazr

Zamanında insanlar elə düşüncədəydi ki, elm, texnika inkişaf etdikcə bütün suallara cavab tapılacaq, ağır xəstəlikləri sağaltmaq mümkün olacaq, hətta ölümsüzlüyə belə yol açılacaq. Yavaş-yavaş gəlib çatdıq həmin vaxta. Bəs suallarımıza cavab tapa bildikmi? Qovuşa bildikmi arzularımıza? Bir vaxt can atdığımız əbədi xoşbəxtlik budurmu?
Düzdü, internet əsridi, hər şey əlimizin altındadı. Bircə anın içində dünyada gedən proseslərdən xəbər tuturuq. Nəticədəsə elektron jurnalistika yazı və oxu mədəniyyətimizi əlimizdən alıb. İnformasiya bolluğunda fikrimizi düzgün istiqamətləndirə də bilmirik. Yeni ixtiralar, yeni kəşflər edilir. Hamısı bəşəriyyətin və insanlığın əleyhinə. Süni intellekt gündəmi zəbt edib. Bu boyda inkişafın və tərəqqinin içində bəs niyə təlaş içindədi müasir insan? Xəstəliklərə dərman tapılırmı və problemlər həll olunurmu? Virtual aləm yaxın təması və doğmalığı əvəz edirmi? Hər şeyin asan əldə edildiyi vaxtda müasir insan xoşbəxtdirmi? Zənnimcə inkişafın və tərəqqinin gündəlik həyatımızda törətdiyi fəsadların görünən və görünməyən cəhətlərindən danışsaq daha məqsədəuyğun olar. Bir vaxt bizi düşündürən, bəlkə xəyalımızdan belə keçməyən hər şey real həllini tapdı və bu proses hələ də davam edir. Geniş və işıqlı evlər, komfortlu maşınlar,geniş ekranlı televizorlar, gündən-günə rəngini və funksiyasını dəyişən smart telefonlar, dəbdəbəli həyat tərzi və sairə və ilaxır bizi xoşbəxt edirmi? Bir belə bolluğun içində ruhumuz rahat deyil, mənən niyə acıq? Niyə başımızın üstünü xərçəng xofu, ölüm qorxusu alıb. Əsəblərimiz gərgindi, gözümüz nə isə axtarır həmişə. Niyə fikrimiz keçmişdə qalıb? Lampa işığında, ocaq başında, doqqaz ağzında, şirəli evlərdə ilişib qalmışıq. Elm inkişaf etdikcə xəstəliklər durmadan artır, ölüm adiləşib və cavanlaşıb. Hamı telefondan və komputerdən asılı haldadı. Fikrimiz keçmişdə qalsa da bu mədəni ölümün caynağından da qurtara bilmirik. Yeni smart nəsl yetişir. Soyuq, dilsiz-ağızsız, sevgisiz, laqeyd. Dəbdəbəli evlərdən qonaq səsi gəlmir, heç kimin heç kimdən xəbəri yoxdu. Hamı yazır, hamı cavab gözləyir. Emosiyaları smayliklər, duyğuları durğu işarələri əvəz edir. Hiss-həyəcan harda qalıb bəs? Dostluq, yoldaşlıq, məhəbbət klaviatura arxasındadı. Hamı məşğuldu, hamı gərgindi, hamı təlaş içindədi. Zamansa su kimi axıb gedir. Heç nəyə yetmirik, heç nəyə çatmırıq. Bu darmacallıqda heç yaşamağımızdan da xəbərimiz yoxdu. Kitablar satılmır, qəzet və jurnalların tirajı kəskin azalıb. Bütün mətbu orqanları, elə yazarlar da oxucu qıtlığı yaşayır. Budurmu tərəqqi və inkişaf? Axı nə əldə etdik? İtirdik əslində. Ruhumuzu, eşqimizi, rahatlığımızı, səmimiyyətimizi, insanlığımızı. Robotlaşdıq.
Bu tərəqqi yeni-yeni savaşlara da yol açdı, təzə-təzə silahlar ixtira olundu, ölüm, qan-qada həyatımızın bir hissəsinə çevrildi. Bir sözlə çıxmazın içindəyik və bizi bu hala salanların şəxsi maraqlarının qurbanına çevrilmişik. Belə nəticəyə gəlirik ki, biz özümüzü idarə edə bilmirik,idarə olunuruq. Qazanan idarə edənlər, ,itirənsə bizik. Zamansa ən qatı düşməndi. Hər an əleyhimizə işləyir. Budurmu bir vaxt xəyalını qurduğumuz xoşbəxtlik anlayışı? Arzularımız düşmənəmi çevrildi və ya bizi xəyallarımızdanmı vurdular? Niyə azad ola bilmirik mənasız vərdişlərimizdən və eyni zamanda bizi uçuruma aparan hisslərimizdən? Ruhumuz əsirdi. Qeyri-ixtiyari axının dalınca düşüb məchulluğa doğru gedirik. O məchulluqda bizi heç də gözəl şeylər gözləmir. Oyuncağa çevrilmişik ixtiraçıların, onların yaratdıqlarının əlində. Duyğularımız arxa plana keçib, emosiyalarımız kortəbiidi. Düşdüyümüz bu vəziyyətdən bizi nə xilas edə bilər? Oyuncaq olmaqdan çıxma zamanı deyilmi? Yoxsa susqunluğumuz daha böyük fəsadlara qapı açacaq. Süni zəkaya söykənib hara qədər davam etmək olar? Çünki sonunda o da bizim düşündüklərimizi kopyalayıb bizə ötürür. Bəlkə bir müddət uzaqlaşaq bu sünilikdən. Bütün ruhumuz tam ələ keçirilməmiş bəlkə çıxaq bu qaranlıqdan. Özümüzlə baş-başa qalaq bəlkə.

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir