Etiket arxivi: Təranə DƏMİR

Təranə Dəmir – Ana qoxusu

ANA QOXUSU

Gecənin bir aləmi elə bil kimsə onu silkələyib yuxudan oyatdı. Gözünü açıb key-key ətrafa baxdı. Yuxuluydu hələ . Hələ dərk etmirdi heç nəyi. Gözlərini yumdu. Dili dodağı təpimişdi. Ağzı qupquru qurumuşdu. Hiss etdi ki, bərk susayıb. Ciyəri yanırdı lap. Başa düşdü ki, elə susuzluqdan oyanıb yuxudan da. Qaranlıqda çarpayının yanındakı tumbanın üstündəki stəkanı götürüb yuxulu-yuxulu ağzına apardı. Su -zad yox idi. Heyi də yox idi ki, mətbəxə keçsin. . İstədi gözlərini yumub təzədən yuxuya getsin. Gördü ki, yox, su içməsə yata bilməyəcək. Susuzluq yuxuya güc gəldi. Yavaş-yavaş yerindən durdu. Yalın ayaqlarını döşəməyə qoydu. Döşəmə buz kimi idi. İçi üşüdü. Vicələndi. Tez çəkələklərini ayağına keçirdi. Payız bir az tez düşmüşdü deyəsən. Oktyabrın ortaları olmasına baxmayaraq havalar çox soyumuşdu. Neçə gün idi yağış da səngimirdi.
Havanın qarasına deyinə -deyinə mətbəxə keçdi. Özünə bir stəkan su töküb başına çəkdi. Gözü işıqlandı elə bil.
Susuzluq aclıqdan da betərmiş sən demə. Yadına ac -susuz uşaqlar, küçə itləri, pişikləri düşdü. Darıxdı. Kefi pozuldu. Ürəyi yuxa idi. Elə başına nə gəlirdisə , ürəyi yumşaqlığından gəlirdi. Nə edə bilərdi. Əllini haqlamışdı artıq. Bundan sonra xasiyyətini dəyişməyəcəkdi ki. Olanı bu idi.
Sakitcə pəncərənin qabağına keçdi. Ağacların xışıltısından hiss etdi ki, bayırda yüngülcə külək əsir. Şəhərsə yuxulu idi. Sanki şəhər qaranlığın içində dincini alırdı, yorğunluğunu tökürdü. Əlini, ayağını uzadıb yatmışdı elə bil. Sakitliyi sevsə də nədənsə bu günkü sükut heç xoşuna gəlmədi onun.
Qəribə tənhalıq çökdü üstünə. Tez pərdəni bağladı, pəncərənin qabağından kənara çəkildi. Yatmaq lazım idi. Bir az da oyaq qalsaydı yuxulaya bilməyəcəkdi. Dirigözlü açacaqdı səhəri. Xasiyyətinə bələd idi. İçərinin soyuğu da canına hopmuşdu. Düşündü ki, belə getsə xəstələnəcək. Tez-tələsik mətbəxdən çıxdı. Dəhlizdən keçəndə yarımqaranlıqda gözü divardakı iri , bədənnüma güzgüyə sataşdı. Saçları dağınıq halda çiyninə tökülmüşdü. Çox solğun görünürdü bənizi. Gözlərinin altı qapqaraydı. Alaqaranlıqda üzünün ləkələri də aydın görünürdü. Əlini üzünə çəkdi .Bumbuz idi üzü. Sonra yataq otağına keçdi . Yuxusu əməllicə qaçmışdı . Təzədən yuxulamaq çətin olacaqdı.Amma yenə də yuxulamağa çalışacaqdı . Səhərə çox var idi hələ . Sakitcə yerinə uzandı. Yorğanı boğazınacan üstünə çəkdi. Üşüyürdü. Dişi dişinə dəyirdi.
Başını da yorğanın içinə saldı. Nəfəsiylə isitmək istədi özünü.
Bir müddət keçəndən sonra üşütməsi keçdi. Sakitləşdi bir qədər. Ürəyi sıxıldı yorğanın altında . Başını yorğandan kənara çıxardı. “Noyabr gəlməmiş istilik sistemini işə salmazlar. Nə veclərinə. Kimdi bizi düşünən?”
Özü də bilmirdi kimin qarasınca deyinir. Sonra bayaqkı yuxusunu xatırlamağa çalışdı. Heçnə xatırlamadı. Bircə bulaqdan su içdiyi an yadına yadına düşdü. Özünə təsəlli verdi: “Su aydınlıqdı. İnşallah ki, səhərimiz işığa açılar”.
Yenə gözlərini yumdu.Dəli kimi yatmaq istəyirdi. Yuxusuz qalanda bütün günü əsəbi olurdu. Ona görə də hər vəchlə çalışırdı ki, yuxulasın.
Saymağa başladı. Anasından öyrənmişdi ki, yuxu qaçanda saymaq lazımdı. “Bir , iki, üç…on, on bir…..100”
Saymaqdan yoruldu. Sayı da itirdi. Rəqəmlər qarışdı gözünün qabağında. “Yox e. Yaxşısı budu gözləyim. Haçan yuxu tutar ,tutar. Cəhənnəmə olsun. Özümü öldürməyəcəm ki”.
Sonra anasını xatırlamağa çalışdı. Kölgə kimi gəlirdi həmişə anası xatirinə. Uzunsaçlı və əsmərbənizli qadın idi anası. Yəni belə xatırlayırdı onu. Bulaqdan səhənglə su gətirərdi. Başında ağ kalağayısı yellənərdi həmişə.. Uçardı havada .Sonra çiyninə düşərdi kalağayı..Uzun , şabalıdı saçları yol alıb çıxardı kalağayının arasından. Bikə elə bilərdi ko, dünyada anasından gözəl qadın yoxdu. Çox vaxt anasını ağlayan görürdü. Səbəbini bilməzdi. Uşaq idi deyə heç anası da ona heç nə deməzdi. Ağlayardı eləcə. Sakit, səssiz. O da anasına qoşulub ağlayardı o zaman. Onun ağladığını görüb anası tez göz yaşını silərdi. Gülümsəyərdi. Bilərdi ki, anası candərdi gülümsəyir. Qızına görə. Sonra qısılardı anasına. Hörüyünü oynadardı . Atasını çox da sevməzdi.. Davakar , diliacı adam idi. Həm də söyüşcül. Heç nədən söz-söhbət salardı evdə. Dostları da özü xasiyyətdə idi. Günün çoxunu dostlarıyla keçirərdi. Üstündən başından siqaret və içki qoxusu gəlirdi həmişə. Yadına gəlirdi ki, nənəsi (anasının anası. Atasının anasını görməmişdi. Deyilənə görə Bikə 3 aylıq olanda xərçəngdən dünyasını dəyişmişdi. Amma zəhmətkeş qadın imiş. Əri öləndən sonra 3 uşağını min əzabla böyüdübmüş. Anası həmişə ağızdolusu danışırdı ondan. Rəhmət oxuyurdu. İki bibisi vardı. Qonşu kənddə ərdə idilər. Arada anasına qoşulub onlara gedirdi. Bir az soyuq , azdanışan qadınlardı. Amma kiməsə pislikləri dəyməzdi. Onlar neyləsin ki, qardaşları zay çıxmışdı) həmişə deyinirdi atasının qarasınca. Onu tüfeyli, alkaş, avara adlandırırdı. Amma anası ayrılmırdı ərindən. Yəqin sevirdi. Ya da el gözünə dözüb otururdu. Görəsən atası ömründə bir dəfə anasına hədiyyə almışdımı? Heç olmasa bir dəstə çiçək, ya bir ətir- filan. Xatırlamırdı. Deyəsən anası da heç nə ummurdu heç kişidən…
..Bikə yenə saymağa başladı..
“Bir, iki, üç, dörd…on”. Yox e. Yuxum əməllicə qaçıb. Yaxşısı budu sakitcə uzanım. Özümə əziyyət verməyim”
Sonra yenə anasının dalğalı , uzun saçları gəldi gözünün qabağına. Şabalıdı saçlarından xüsusi qoxu gəlirdi həmişə. Sonralar bu qoxunu heç vaxt, heç yerdə hiss etməmişdi Bikə. Amma əbədi burnunda qalmışdı o qoxu. Qəribə idi. Anasının surətini tam xatırlamasa da o qoxu onu həmişə təqib etmişdi. Heç bir ətir, çiçək qoxusu onu əvəz etməmişdi. Ta ki, oğlu Murad “Ana , saçların ana qoxuyur ” deyənəcən bu sualın cavabını tapa bilməmişdi. Demək anasının saçları da ana qoxuyurmuş. Bu qoxu bircə anaların saçından gəlirmiş. Anasını itirəndə 8 yaşındaydı. Bacısıyla baş-başa verib ağladıqları yadına gəlirdi bircə. Anasının nədən rəhmətə getdiyini də xatırlamırdı. Bir də nənəsinin səsi qulaqlarında qalmışdı. Qışqıra-qışqıra ah -nalə edirdi:
–Balamı Sətdar öldürdü. Allah onun cəzasını versin. Əclaf , alçaq.
Üz gözü cırmaq -cırmaq idi arvadın. Cırmaq yerlərindən qan gəlirdi. Bikəyə elə gəlirdi ki, bu qan deyil, nənəsinin ağrısı, acısıdı üzündən axır. Sonra adamların içindən atasını axtarıb tapmışdı gözü. Evin tinində oturub başını ovucları arasına aıb oturmuşdu. Yumulub yumağa dönmüşdü. Nədənsə heç onda da atasına yazığı gəlməmişdi. Anası ürək tutmasından dünyasını dəyişsə də həmişə ona elə gəlirdi ki, onun qatili atasıdı. Atasının əlində anasının qanı vardı. Hər halda o elə düşünürdü. Sonralar atası həqiqətən qatil olub həbsxanaya düşəndə də( dostuyla dalaşmışdı. Nənəsinin dediyinə görə ikisi də hallıymış. Mübahisələri düşüb və bıçağı dostunun ürəyinə sancmışdı. . Elə yerindəcə keçinmişdi dostu) ona elə gəlirdi ki, atası çoxdanın cinayətkarıdı. Yadındadı nənəsi bu xəbəri eşidəndə
–Dünyadan bir şeytan azaldı. İndi o birin də( atasın deyirdi) tutub basarlar dama. Balamı çərlədib öldürdü. Cəzasını da Allah verdi–demişdi. Onda Bikənin 18 yaşı, bacısının 13 yaşı vardı. Amma ona elə gəlirdi ki, yaşı lap çoxdu. Rəna da bacısı yox, qızıdı. Yaşından tez böyütmüşdü həyat onu. Nənəsiylə olurdular. Anasından sonra nənəsi onları da götürüb gətirmişdi yanına. Ümid etməmişdi atalarına. Heç ataları da onların nənələri ilə yaşamalarına narazılıq etməmişdi. Arada ağlı başında olanda gəlib baş çəkirdi onlara . Onda da nənəsi dünyada qalmayan sözü deyirdi kişiyə. Amma Bikə həmişə hiss edirdi ki, atasını sevmir. Hətta anlayırdı ki, nifrət edir atasına. İndi də atasının adam öldürmək xəbərinə qətiyyən təəcüblənmədi və narahatlıq keçirmədi.. Heç vecinə də olmadı. Onsuz da onun gözündə atası çoxdan qatil idi. Anası öldüyü gündən..
Üç il çəkmədi heç . Atasını da türmədə öldürdülər . Onda da Bikə heç nə hiss etmədi. Nə ağladı, nə də üzüldü. Çiynindən yük götürüldü sanki. Onda universitetin axırıncı kursunda oxuyurdu. Bacısı universitetə hazırlaşırdı. Həkim olmaq istəyirdi bacısı. Bikə isə müəllim olacaqdı. Anasının arzusuydu. Əlaçıydı. Nənəsi “uçitel qızım”-deyib əzizlədikcə nazlanır, sevincindən yerə -göyə sığmırdı. Hərdən avtobusla Bikənin qaldığı yataqxanaya da gəlirdi əlisovqatlı. Bikı razı olmasa da gəlirdi. Nənəsini ana bilirdi. Onlarçun yaşayırdı nənəsi. Amma hər sözünü, sıxıntısını nənəsinə deməzdi. İfal çəkərdi. Çətinliyə düşəndə anasını arzulayardı. Onun yoxluğunu həmişə hiss edirdi. Amma bununla belə nənəsini də çox istəyirdi. Dünyada nənəsindən və bacısından yaxın heç kimi yox idi.
Sonra nənəsi demiş “küçədən keçənin birini ” sevdi , evləndi. Nənəsi istəyirdi ki, Bikə onun tanıdığı biriylə ailə qursun. Qismət. Amma sonralar Eldarı da öz oğlu kimi sevib qəbul etdi. Allahtərəfi Eldar da nənəsinin hörmətini saxlayırdı həmişə. Sonra oğlu Murad dünyaya gəldi. Yaxşı ki, nənəsi Muradı gördü. O doğulan gün arvadın sevincinin həddi -hüdudu yox idi. Nənəsinə söz vermişdi ki, qızı olsa anasının adını qoyacaq. Amma qızı olmadı. . Yadındadı. Əvvəlcə nənəsinə verdiyi sözü tuta bilmədiyi üçün çox üzülmüşdü. Amma Muradı görəndən sonra bütün əzabları, ağrıları yadından çıxmışdı. Sonra…
Sonrasını xatırlamaq istəmədi..
Sən demə qızlar analarının taleyini yaşayırmış. Eldarla cəmi 5 il xoşbəxt həyat sürdülər. Günlərin bir günü əri başqa qadına aşiq olduğunu və ondan ayrılmaq istədiyini deyəndə dünyası başına yıxılmışdı.
Amma susmuşdu. Heç nə deməmişdi. Heç o qadının kim olduğunu bilmək də istəməmişdi. Axı nə dəyişəcəkdi? Ortada bir xəyanət vardı və onu hansısa bir qadınla aldatmışdılar. Sevgi filan da qalmamışdı arada. Heç hörmət də. Səhər gedib Eldardan əvvəl boşanma ərizəsi vermişdi məhkəməyə və tezliklə hər iki tərəfin razılığı ilə ayrılmışdılar. Beləcə Muradla ikisinin birgə həyatı başlamışdı. O gündən sevgi də ucuzlaşmışdı onunçun. Heç kimə inamı qalmamışdı. Yolunu bilirdi. Bundan sonra uşağıyçun yaşayacaqdı.
Eldar əvvəllər oğlunu tez-tez görməyə gəlsə də sonralar bu görüşlər yavaş-yavaş səngidi. Daha sonra telefon zənglərinin sayı da azaldı. Bikə heç özünü o yerə də qoymadı. İşləyib uşağını saxlayırdı onsuz. Kiməsə ehtiyyacı yox idi Məqsədi və bircə arzusu oğluydu. Onu cəmiyyətə ləyaqətli övlad kimi böyüdəcəkdi. Böyütdü də.
Xeyli sonra öyrəndi ki, Eldar ikinci həyat yoldaşından da ayrılıb və tüfeyli həyat sürür. Onu eşidəndən sonra ağrısı bir az xəfifləmişdi. Çiynindən yük götürülmüşdü illər əvvəl olduğu kimi.
“Şükür bacım xoşbəxt oldu heç olmasa. Pis gözlərdən iraq” .
..Telefonu əlinə götürdü.İşığını yandırıb saata baxdı.
Gecə 3 -dən keçmişdi artıq. 4-ə 15 dəqiqə işləyirdi. Bir az telefonla “oynayandan” sonra sakitcə tumbanın üstünə qoydu. Çantasını götürüb açdı. Ordakı həblərdən birini götürüb dilinin altına yerləşdirdi. Yoxsa yata bilməyəcəkdi. Yüz faiz əmin idi buna. Sol tərəfi üstə çevrildi. Ürəyinin döyüntülərini aydınca hiss edirdi . Yenə saymağa başladı.” Bir, iki…20..100…” Sonra…
Sonra özü də bilmədiyi bir aləmə düşdü. Buludların üstüylə gedirdi. Ayaqları yerə dəymirdi. Amma gedirdi. Hər yan ağappaq idi. Tərtəmiz, çiçək kimi buludlar tökülmüşdü ayağının altına. Qadın çalışırdı ki, buludları ayaqlamasın. Havadan tuta- tuta yeriyirdi . Hərdən ona elə gəlirdi ki, göydə uçur. Qollarıyla havanı yara -yara həm də. Uzaqdan qulağına səs də gəlirdi arabir. Kimsə gülürdü, ya ağlayırdı?. Kəsdirə bilmirdi. Səs gah arxadan, gah da qarşıdan gəlirdi. Bikə bilmirdi ki, hansı səsə yüyürsün. Kişi səsi qadın səsinə qarışmışdı. “Burdan gəl, burdan” “Gözün ayağının altına baxsın. Dəyərsən” “Sətdarın evi yıxılsın . Balalarımı yetim qoydu” .”Bikə, Bikəəəə”.
Var qüvvəsini toplayıb qaçırdı. Hiss edirdi ki, səslərdən qaçır. Dörd yanı səslə doluydu.
Yuxuyla gerçəyin arasında vurnuxurdu Bikə. Hiss edirdi ki, yorulur. Ayaqları sözünə baxmırdı daha. Arxasıyca sürünürdü ayaqları. Özünü çəkə bilmirdi . Buludlar yoxa çıxmışdı. Hər yan tüstü içində idi. Boğulurdu . Elə bil kimsə xirtdəyindən yapışıb boğurdu onu. Çırpınırdı. Nə qədər edirdisə bu əlin arasından çıxa bilmirdi. Kimsə barmaqlarını bərk-bərk keçirmişdi Bikənin boğazına. Əl -qol atırdı yuxunun içində. Tamam gücdən düşdüyünü hiss etdi . . Saymağa başladı “Bir , iki …….üç……! ” Birdən hardansa işıq düşdü üzünə. Səslər kəsildi. Boğazını buraxdı o görünməz əl. Kimsə yaxasının düyməsini açdı. Bikə son gücünü toplayıb ciyərdolusu nəfəs aldı..
Üzündə , gözündə ilıq nəfəs hiss etdi:
–Anamım saçları ana qoxuyur.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Misralarım yaz eşqində…

***

Ürəyim od içindədi,
Baxışımı çən aparır.
Misralarım yaz eşqində,
Saçlarımı dən aparır.

Ayaqlarım yol yorğunu,
Qollarım göydən asılıb.
İçimdə təklik ulayır,
Qulağım küydən asılıb.

Bilmirəm sağam, ölüyəm,
Sükutam, səsəm , bilmirəm.
Dönmüşəm dəli küləyə,
Hayanda əsəm , bilmirəm.

Gözlərim yağışa düşüb,
Kirpiyim nəmdə üşüyür.
Kədərim zilə qalxıbdı ,
Sevincim bəmdə üşüyür…

***

Göylərdə yeri olmasa da Göylə gedər,
Hamıya yuxarıdan aşağı baxar,
Ona görə də gözü ayağının altını görməz.
Tənqidi sevməz, tərifə qaçar.
Bir çimdik sözü var,
Ona görə də nə yazsa duzsuz çıxar.
Özünü qaldırıb dağ başına qoyar,
Alver edər sözlə,
Söz verər, söz alar.
Qoyduğu qanunlar pozulmaz,
Pozuldusa, dünya dağılar,
Hərdən öz qanunlarına ilişib yıxılar.
Diqqətsizdi, amma diqqət mərkəzində olmağa çalışar.
Tribunalar, mikrafonlar ona işləyər,
Reklam acıdı,
Hayana baxsan o çıxar.
Ədalətsizdi deyə hər yerdə qapılar üzünə açıqdı..
Hamıdan , hər şeydən narazıdı,
Yalan danışmaqda qoçaqdı.
Ütülü geyinər ütüsüz danışsa da,
Gah ordenə qaçar, gah ada
Bəzi adı sözündən yekə şairlər,
Qısır şairlər, bazar şairlər, kölgə şairlər…

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Onunçun hər yan Ağdamdı…

Qulu Ağsəsə, Ağ səs Quluya

Özü demiş “Ağzı kasıb evində bağlanmış
turşu bankasıdı,
ildə bir dəfə açılar”,
Sözü urvatdan salanlardan deyil ,
Amma sözünə dil uzadanları
elə sözüylə qamçılar.
Tanrıdan qorxmaz,
üsyanında da, küfründə də Ona sığınar.
Sevgisi bir adamlıqdı,
( yenə özü demiş)
Ona görə Eşqdə ikinci adam artıqdı .
Sözün keşiyində dördgözlə dayanar, ( Eynəyinin arxasında gizlədər narahatlığını,
Şəhid atalarından utanar ).
Namaz qılmaz, Oruc tutmaz,
(Allahı aldatmağı günah sayar)
Amma namaz qılmaq olar ətəyində.
Adamı neçə qat işıqdan keçirib
salar ürəyinə,
Hər kəs sağ çıxa bilməz söz kötəyindən.
Hərdən tanımadığı ölkələrə,
tanımadığı adamlara açar sirrini,
Tanıdıqlarına etibar etməz.
Gülüşündə gizlədər dərdini.
Sual alar , sual verməz.
Susa-susa sevər,
Sevə-sevə susar.
Sükutunun xofu basar adamı,
Yüz pozar, bir yazar,
Birdəfəyə qərar verməz.
Bircə balasındadı canı,
Canı sağ olsun.
Milyonlara qoşulmaz heç vaxt,
Təklərin içindən çıxıb axı.
Qınamıram,
İstəyir hər yerdə başı dik gəzsin,
Üzü ağ olsun.
Ayda, ildə bir dəfə gələr ilham pərisi,
Sözü misqal-misqal xərcləyər,
“Xəsis”likdi ən böyük günahı.
“Tənbəldi ” bir az da,
Nə şöhrətə qaçar, nə ada,
Zamanla ayaqlaşa bilmir həyat tərzi.
Qaraladıqlarını ağa köçürməz–
Ağsəs Qulu,
Qulu Ağsəs.
Fərq etməz ,
Onsuz da hayana çevirsən eyni adamdı–
Bir də ..
Bir də Vətən boyda sevdası var könlündə,
Onunçun hər yan Ağdamdı…

Müəllif: Təranə DƏMİR

Müəlifi öz səsində buradan dinləyə bilərsiniz.

Görsən üşüyürsən… yandır özünü… 

QULU AĞSƏSİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

XALİQ MƏMMƏDOVUN YAZILARI

EYVAZ ZEYNALOVUN YAZILARI

I>>>>>>>>WWW.BEYDEMİR.RU


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Yeni şeirlər

Burdan Göy nə qədər gözəl görünür,
Ulduzu bəxtəvər, ayı bəxtəvər.
Şimşəyi sevincdən dəliyə dönür,
Harayı bəxtəvər, qıyı bəxtəvər.

Necə də azaddı göylər ,İlahi,
Gecəsi azaddı, gündüzü azad.
Baharı, payızı, qışı azaddı,
Küləyi azaddı, bürküsü azad.

Tanrı sığal çəkib göyün üzünə,
Dumduru gözündən səadət baxır.
Qırmızı donunu geyib əyninə
Günəş səhər ilə görüşə çıxır.

Buludlar sözünü yağışla deyir,
Damlalar sevgiylə dilləşir , Allah.
Göylər xoşbəxtliyin dadın çıxarır,
Yersə öz canıyla əlləşir, Allah.

***

Kor adamlar ovuclarıyla gəzir dünyanı ,
Ona görə də gözləri arxada qalmır.
Əlil arabasının kürəyindən qan damır ,
yollar üstündən keçir.
Məzarlığa yolu düşənlər ləpirlərini
şahid qoyub gedir
sabah yolu azmasın deyə.
Min ildi zamandan çıxmağa çalışır
“25-ci saat”-ın yolçuları,
Bəxtə , qismətə inananlar
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”-ndən baxır sevgiyə.
Məhkumların azadlığı həbsxana hücrəsi boydadı,
“Azadlıq ” küçəsindən başlayır bütün məhkumiyyətlər.
Uşaqlar oyuncaq maşınlarla aşırlar sərhəddi,
Atalar bu tayda ürəkləri tətikdə keşik çəkirlər.
Vətən kişilərin çiyinlərində bütövləşir,
Vətənsizlər qadın portmanatlarında “kişiləşir”.

ÖZÜMƏ

Bu bàyram səninçün şeir yazmadım,
Utandım qələmdən, varaqdan nəsə,
Utandım Allahdan, günahdan nəsə.
Bu dəfə əliboş gəldim yanına,
Məni yazmadığım sözə bağışla,
Tanrıya bağışla, bizə bağışla.
Bu bayram səninçün çiçək almadım,
Bu bayram doyunca ağlatdım səni,
Bu bayram boyunca ağlatdım səni,
Ağla, gözlərinin yaşına dönüm,
“Bayramın mübarək” – deyə bilmədim,
Dayan ,heç olmasa başına dönüm.
Mən səni köməksiz qoydum bu bayram,
Şeirsiz, çiçəksiz qoydum bu bayram,
Sənin həvəsinlə oynadım, qadın.
Bu gün daşa döndüm, dəmirə döndüm,
Sənə bircə çiçək qıymadım , qadın.
Aldada bilmədim bu gün mən səni,
Durub danışmağa sözüm olmadı.
Utandım qələmdən, varaqdan bu gün,
Lap elə Allahdan, günahdan bu gün ,
Səni aldatmağa üzüm olmadı.
Bu bayram mən səni sözə tutmadım,
Bu bayram mən səni baxışa tutdum,
Küləyə, leysana, yağışa tutdum.
Elə için -için göynədin , qadın.
Bu bayram səninçün şeir yazmadım,
Bu bayram səninçün çiçək almadım,
Bu bayram öyrətdim sənə təkliyi,
Bu bayram qapını döymədim, qadın.

***

Payız saçlarını açıb darayıb,
Hər tərəf xəzəllə süstlənib yenə.
Bulud gözlərini torpağa dikib,
Günəş dağ dalında gizlənib yenə.

Xəzan rəngindədi çöllər, çəmənlər,
Dərələr payızdı, yallar payızdı.
Azalıb hər yandan ayaq səsləri,
Küçələr payızdı, yollar payızdı.

Sahillə dilləşmir dalğalar daha,
Daha pıçıltıyla danışmır dəniz.
Çırpır hikkəsini lal qayalara,
Deyəsən payızla barışmır dəniz.

..Təzə ayaq açır bu payız hələ,
Hələ addım-addım yorulmağı var.
Hələ sevdalara qucaq açmağı,
Hələ ayrılığa vurulmağı var.

***

Yaxamı qələmin, sözün əlində,
Varağın əlində qoyma, sən Allah.
Çevir buludların başına məni,
Məni bu yağışa qıyma, sən Allah.

Dola küçələrin başına, gedim,
Dola gecələrin başına, gedim,
İmkan ver ömrümün qışına gedim,
Məni bu yoxuşa qıyma, sən Allah.

Qapılar açıqdı, dur işığa çıx,
Ümidə, arzuya, barışığa çıx,
Bir dəli, bir şıltaq inada acıq
Məni bu savaşa qıyma, sən Allah.

Yanma, ocağımın külündən qayıt,
Girmə, həsrətimin çölündən qayıt,
Danışma könlünün dilindən, qayıt,
Məni bu baxışa qıyma, sən Allah.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TRİBUNADA: TƏRANƏ DƏMİR

Bütün əndamını çölə qoyub xalq artisti adı alırlar. Məddahlıqla , əyilə -əyilə xalq şairi, yazıçısı olurlar. Əsl musiqinin kökünə od vururlar. Söz , fikir oğruları durmadan artır. Bunları gördükcə adamın bu cəmiyyətdə yaşamağa da həvəsi qalmır. Heç haqqımız da çatmır. . Cəmiyyətin bu hala düşməsində dolayısı ilə bizim də rolumuz var axı. Məsuliyyətini hiss edən hər kəs bilir ki, bunun bir ucu da bizə gəlib çatır. Dərdimiz təkcə Elza olsaydı nə vardı ki.. Onun- bunun qələmiylə şair, yazıçı , alim olanların yanında Elzanın hərəkətləri nədi ki? Heç olmasa nə yazırsa özünündü. Qıraqdan bambılı, gülünc görünsə də paltarın içindəki Elzadı. Saçına toyuq lələyi taxsa da, ayağına tay-keş tufli geyib səhnəyə çıxsa da bilirik ki, bu Elzadı. Onu cəmiyyətə sırıyanların günahı Elzadan daha çoxdu. Ələ sala -sala onun reklamını edirlər əslində. Özü də böyük və kütləvi şəkildə. Onun bunun məşuqəsi olanlar( abırsızlar, kökü çürüklər) bu gün bütün telekanalları zəbt ediblərsə günahkar kimdi? Əlbəttə rəhbərlik. Bütün qapıları bu adamların üzünə açanlardı əsl günah yiyələri. Onların tanınmasında sosial şəbəkələrin , kütləvi informasiya vasitələrinin də əməyi az deyil.
Əxlaqsızlığın təbliği hansı qüvvələrə xidmət edir bəs? Kimlər yararlanır bundan? Bununla insanların başını qarışdırıb problemlərdən uzaqlaşdırmağa çalışırlar. Robotlaşmış nəsil formalaşır. Bütün diqqət çılpaq xalq artistlərində, onların həyat tərzinə yönəlib. Talüyüklü məsələlər unudulub. Nə qazanırıq bununla? Heç nə. İtiririk əslində. Mənəviyyatımızı , düşüncəmizi, özümüzü, varlığımızı itiririk. Sözü qazanc obyektinə çeviriblərsə, musiqini bərbad günə salıblarsa , saxta şan -şöhrətin fonunda əsl istedadı boğurlarsa , başımızı yersiz konsertlərlə , mənasız tədbirlərlə qatıblarsa ,biz hansı tərəqqidən və gələcəkdən danışa bilərik? Problemlərimiz durmadan artır .Həlli yolunda bircə addım da atmırıq. Uçuruma gedirik. Xəbərimiz yoxdu.

YAZARLARIN TRİBUNASI

TRİBUNADA: TƏRANƏ DƏMİR

TƏRANƏ DƏMİN YAZILARI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Yarpaqlar

***

Yarpaqlar yenə də yol alıb gedir,
Ağaclar payıza dönür deyəsən.
Gah günəş boylanır, gah yağış yağır,
Payız öz atına minir deyəsən.

Günlər saat -saat azalır yenə,
Sıxsan canı çıxar burnunu yayın.
Xəzəllər payızla görüşə çıxıb,
Çiçəklər kolunda vaxtını sayır.

Əl ayaq yığışır bağdan, bostandan,
Quşlar vidalaşır çöp yuvasıyla.
Şəhərdən gələnlər geri dönürlər
Qutu evlərinə kənd havasıyla.

Bahardan payıza düşən ağaclar
Küləkdən gizlədir sonuncu barın.
Həsrətə bürünür dağlar, yamaclar ,
Bəxtəvər başına darıxanların.

***

Bu da sevgi olmadı,
Bu da dərdi-sər oldu.
Əvvəli bir cümləydi,
Sonrası? -Əsər oldu,
Buna da şükür dedim.

Bircə göz qırpımıydı,
Bir udumluq nəfəsdi.
Biz günəş gözləyirdik,
Qəfildən külək əsdi,
Buna da şükür dedim.

Sözlər havada qaldı,
Heç yerinə düşmədi.
Mənim sevgimin rəngi
Gözlərinə düşmədi,
Buna da şükür dedim.

Bir qərib təbəssümdə,
Bir ayrı notda bitdi.
Bir küçənin tinində,
Bir yağış altda bitdi,
Buna da şükür dedim.

Dəniz başına çəkdi,
Dalğalar uddu bizi.
Göz açıb yumanacan
Sahil unutdu bizi,
Buna da şükür dedim.

Bu da sevgi olmadı,
Bu da dərdi-sər oldu.
Əvvəli bir cümləydi,
Sonrası? -Əsər oldu,
Buna da şükür dedim.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BAXIŞLARINDA OVUNDUĞUM QIZ

BAXIŞLARINDA OVUNDUĞUM QIZ

Göz ürəyin aynasıdı. Gözəl deyimdi. Bulaq kimi saf, dumduru baxışlarda itib batırsansa, demək istədiyini gözlər deyirsə, o zaman yaşamağa dəyər. Mən də gözlərindən tanıyıram insanları. Baxışlarından. Hiyləgər, sinsi baxışlardan uzaq olmağa çalışıram həmişə. Lap o baxışların yiyəsi dünyanın ən ali titullarını daşısa da . Axı alim olmaq olar, adam olmaqsa çox çətindi. İnsan baxışlarında gizlədir özünü. Gözlər insanın vizit kartıdı. Mənimçün. Adətən aldanmıram. Hərdən bu gözlər mənim əlimdən tutub işıqlığa da çıxarır. Ümidsizlikdən çəkib qaytarır məni özümə. Zülmətin içində mayak kimi parlayır və öz-özümə deyirəm ki, yaşamağa dəyər.
Bu gün məni qaranlıqdan tutub işığa çıxaran , gələcəyinə böyük ümid bəslədiyim gənclərdən biri – Pərvin Əliyevanı anlatmaq istədim sizə. Daha doğrusu bu qızın baxışları məni dilləndirdi. Baxdım ki, artıq yazıram. Özü də bu dünyanı, bütün pisliklərini və incikliklərini unudub yazıram. Yazanda kiminsə (Alimin, yazıçının, filosofun) fikirlərinə söykənməyi də sevmirəm. Öz fikirlərimə aydınlıq gətirməkçün elə öz düşündüklərimi və hiss etdiklərimi qələmə alıram , vəssalam. Mənim aləmimdə hər fərd özü özünün müəllimi, tənqidçisi olmalıdı. Düşündüklərini ifadə edə bilmirsənsə yazma. Təhlil edə bilmirsənsə, əsaslandırmağı bacarmırsansa , qələmi əlinə götürmə. Yoxsa Kant belə gəldi, Tusi belə yazdı, Dostayevski belə dedi, Tolstoy belə düşündü və sair ifadələr öz -özünü aldatmaqdan başqa bir şey deyil. Bax gör sən necə düşünürsən və hansı qənaətdəsən. Müşahidə gücün olsun. Dünyanı, insanları , təbiəti oxumağa çalış. Bacarmırsansa kənarda dayan.
Bu yazı da sırf mənim qənaətlərimdən doğan yazıdı. Bəs Pərvini necə tanıdım? Necə bu nəticəyə gəldim ? Əvvəlcə sosial şəbəkədə dostluğa aldım . Sonra yazıları marağıma səbəb oldu. Elə ilk yazısından və ilk davranışından fərqli olduğu qənaətinə gəldim. Bildim ki, bu qız fərqlidi. Yaşıdlarından və şair olmağa çalışanlardan seçildiyini anladım. Daha doğrusu yazıları və davranışları anlatdı özünü .
Gördüm ki, Pərvin təkrarçılıqdan uzaq , özünə , sözünə söykənməyi sevən və bacaran yaradıcı gəncdi. Həm də sözünə güvənir. Kiminsə cığırına düşüb getməyi xoşlamır. İstəyir öz yolu olsun həyatda. Bu yol lap onu uçuruma aparsa da. Qorxaq deyil. Mübarizdi. Mənim aləmimdə nə olursa olsun hər kəs özü olmalıdı. İnandım ki, bu qız özüdü. Sonra şəkli qarşıma çıxdı. Gözləri məni çəkdi. Tərtəmiz , dumduru. İçimdə bir ümid çiçəklədi. Yanılmadığıma sevindim. Gözləriylə anlatdı bu dəfə özünü Pərvin. Paklandım, duruldum baxışlarında. Bu baxışlarda gizlənən azadlığa tutundum. Özümü tapdım sanki. Baxışlarındakı işıqdan tutub çıxdım aydınlığa. Bu gözlərdən heç vaxt ziyan gəlməz -dedim. Nə dünyaya, nə insanlığa, nə ədəbiyyata. Təki həmişə bu qənaətdə qalım. Nə düşdüyü durum, nə çətinlik, nə uğur Pərvini dəyişməsin. Elə baxışlarındakı aydınlıqda qoruyub saxlasın təmizliyini. Elə bu misralarda olduğu kimi:

İlahi , mən necə də inanıram
Bəzən insanlıqdan da ucalmaq olur.
Bu səbur, bu səbat məni insan edəcək,
Göldə bir atəş səsi tək itəcək.

Pərvin səbrində cilalananlardandı. Bütün adların fövqündə dayanan insanlığın bir ucu da səbrdən başlayır axı. Elə Tanrıya gedən yolun başlanğıcı da səbrdi. Uğurlu tapıntındı. Təptəzə , hələ qatı açılmamış fikirlər adamı tamam ayrı dünyayla üz -üzə qoyur. Durulursan.

Axşam düşdükcə adamı tanış bir hiss–
İntəhasızlıq , tənhalıq hissi bürüyür.
Ayaqlarımız yox,
Bu yer üzündə əzablarımız yeriyər
Qayıtmaq ümidi ilə.
Qayıtmaq hansısa nağılın əvvəlinə,
Sehrli bir aləmə,
Qoşulub uşaq tək oxumaq, oxumaq.

Qaranlığın dibsiz tənhalığında , kimsəsizliyində batırır adamı bu sətirlər. Bu gündın dünənə qayıtmaq ümidiylə gecəni sabahlamaq əzabıyla üz -üzə qoyur adamı bu gənc qız. Yenə öz düşündükləri və yaşadıqları. Səmimiyyətinə tam arxayın edir oxucunu. Baxışlarıyla duyduqları eyni ovqatdadı.
Pərvin sözünün arxasında duran gəncdi. Nə olur olsun sözünün müdafiəçisidi. Fikirlırini müəyyən çərçivəyə salmağı da sevmir. Sərbəstə aşiqdi. Elə azadlığına da. İçinin təmizliy gözlərinə hopub. Paxıl deyil, amma üsyankardı. Sözə ədalət tərəfdən baxır. Haqsızlıqdan qaçandı. Özü də haqqdan çıxış edəndi. İstedadlıdı. Qədərində. Yazdıqlarına ürək qoyur. Elə bizim yazdıqlarımıza da ürək qoyur( layk əvəzi) Ürəyinə arxayındı. Elə seçiminə də. Saxta deyil. Hər məqamda özüdü. Ona görə də üzünü görməsəm də etibar etdiyim gənclərdəndi. Ədəbiyyata bağlılığı da ürəkdəndi. Zənnimcə oxucuları da elə özü kimi safdı.

Bir nəhəng qələbəlikdə
Səhərlər,
Yollar,
küçələr
adamla dolu.
Qəribə hərarət,
Həsrət,
Həsəd,
Ağrı..
Yaşamaq ümidi ilə
Müdhiş çırpınışda
bir yığın adamın
eyni hekayəsi var.

Bu boyda şəhərdə, bu boyda küçələrdə həsrəti, ağrını, səmimiyyəti , ümidi eyni rəngdə görür Pərvin.Çünki hər kəs eyni ağrıdan, eyni tənhalıqdan , eyni oddan, eyni sevgidən, eyni nifrətdən keçir. Bunu duya bilmək və qələmə almaqsa bir ayrı xoşbəxtlikdi. Pərvin bunu bacarır. Böyük , pafoslu cümlələrdən uzaq dura-dura bacarır həm də. Əsas odu ki, hiss edir.
Köksüz, qolsuz, budaqsız ədəbiyyatın at oynatdığı vaxtda sözün üstə əsmək, onu dəyərində saxlamaq, keşiyində dayanmaqsa əsl hünər tələb edir. Pərvində bu hünəri görürəm. Bu çətin dönəmdə, söz bolluğunda özünü isbat etmək bacarığı da. Çoxluğun içində fərdiləşmək elə də asan deyil bu ağlı -qaralı dünyada. Vaxt olacaq, Pərvin sözdə bir az da bişəcək, bir az da formalaşacaq. Ədəbiyyatın yolu çox dərədən, təpədən keçir. Yoluna sədd qoyanlar, boğaq atanlar da çox olacaq.Amma bu qızdakı əzmə güvənərək deyirəm ki, o heç vaxt geri çəkilməyəcək . Hisslərini, duyğularını sözə çevirdikcə böyüyəcək, müdrikləşəcək, bərkiyəcək.

Gecəki yuxuları
Yozuruq xeyrimizə.
O ki, səhər açılır,
Dəniz boş gəlir bizə
Səma boş gəlir bizə.
Bir Allah bilir necə!

Pərvin dünyanı dərk edir. Özünü də , cəmiyyəti də aldatmır. Yer üzündəki, Göz üzündəki təlatümləri gözəl görür, hiss edir. Yaşadıqlarını gizlətmir. Dedim axı azadlığını sevir. Hər ovqatda azaddı.
Bu yazı Pərvinin baxışlarında doğdu, barmaqlarında böyüdü, ürəyindən su içdi. Canlandı. Bir sözlə gözləriylə anlatdı özünü Pərvin, sözləriylə tanıtdı. Hələ çox gəncdi . Öyrəndikləri özünə bəsdi hələ. Öyrənmədiklərisə yolun o tayında onu gözləyir. Qoçaq qızdı. Addım -addım çatacaq o zirvəyə də. Bircə ömrünün baharında payıza düşməsin deyirəm. Hər fəslin öz vaxtı var. Mən inanıram bu qızın gözlərinin də, sözlərinin də işığında hələ çox qaranlıqlar işığa qovuşacaq. Təki sağlıq olsun.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – ƏDƏBİYYATLA TARİXİN SİNTEZİ

ƏDƏBİYYATLA TARİXİN SİNTEZİ

(Pərviz Yəhyalı haqqında)

Bu günkü qəhrəmanım Pərviz Yəhyalıdı. Yazıçı Pərviz Yəhyalı. Titullarını sadalamağı sevmir. Hərçənd ki, ədəbiyyatda öz sözü, öz dəst-xətti ilə seçilən yaradıcı ziyalılarımızdandı.
Adına və soyadına sadiqdi. Tarixinə bağlıdı. Gözəl tarixçidi həm də. Pafosdan kənardı. Düşündüyünü, hiss etdiyini yazır. Qələminə arxalanan yazardı . Yazılarından tanıyıram Pərviz Yəhyalını. Yalançı sevgilərdən, saxta səmimiyyətdən uzaqdı. Hər kəs kimi düşünmür. Elə hər kəsə də özünü isbat etməyə çalışmır. Sakitliyində də içindəki təlatümü gizlədə bilmir. Min ildi haqqa doğru gedir. Ədalətlidi. Qərarları da ədalətlə verir. Sözündə qətidi. Konkretdi. Düşündüklərini sonda deyir. Oxucunu intizarda qoymağı sevir nədənsə. Əfsanələrə və əsatirlərə inanır. Sözünün arxasında min bir qənaətləri var. . Amma bütün hallarda özüdü. Heç kimi təkrarlamır. Dünəndə də, bu gündə də Pərviz Yəhyalıdı. Yazdıqları müxtəlif dillərə tərcümə olunub. Hamısında da qalibdi. Gözəl müəllim, gözəl pedaqoq, gözəl yazıçıdı (Boynuna almasa da) .Əməkdar müəllimdi. Dostluğumuzun yaşı çox deyil. Amma mənə elə gəlir ki, onu lap uşaqlıqdan tanıyıram. Gəncliyinə bələdəm sanki. Neçə ilin yolçusuyuq elə bil. Sözü bələdçimdi. Səsindən başa düşürəm fikirlərini, düşüncələrini. Özü haqda məlumat verməyi sevmir. Tərifdən qaçır. Bir neçə elmi kitabların müəllifi olsa da, dəfələrlə ölkədə ilin ən yaxşı müəllimi kimi birincilik qazansa da heç yerdə bu haqda danışmır. Onun haqqında məlumatları da çətinliklə əldə etmişəm. Əgər buna məlumat demək olarsa.
Qaranlıqda da işıq axtaranlardandı.” Ruhu göylərdə gəzənlərdən heç vaxt pislik gəlməz” prinsipi ilə yaşayanlardandı. Bütöv Azərbaycan sevdalısıdı. Eyni zamanda içində doğulub boya başa çatdığı Göyçaya bir övlad bağlılığı var. Bu onun doğma torpağa , yurd-yuvaya sufi sevgisindən irəli gəlir.
“Bəzən küskün olanda dərələrin də xiffət çəkdiyini duyursan”-deyir həsrətin ən alisini yaşayan yazar. Onun fikrincə dağların da, təpələrin də, dənizin də, dalğaların da, yolların, evlərin də öz dili var, öz ruhu , öz canı var. Yetər ki, onları öz dilində danışdıra və dinləyə biləsən.
Pərviz Yəhyalı küçələrlə, ağaclarla, kollarla, çiçəklərlə dil tapan yazardı. Onun fikrincə adamlardan çox təbiət başa düşəndi , duyandı. Elə təbiətin etibarını da çoxdan qazanıb Pərviz Yəhyalı. Düşündüklərində azaddı. Qələmini də azadlığa öyrəşdirib. Üsyanında da, küfründə də, zikrində də özünə , sözünə söykənir. Onunçun qırmızı işıqda keçmək dərd deyil. Təki yolun sonunda azadlıq , sevgi və xoşbəxtlik olsun.
“Deyirlər guya arılar insanlar tərəfindən əhliləşdirilən yeganə həşəratlardı…Əgər doğrudan da əhliləşmiş olsaydılar gəlib dilimin ucundakı adın şirinliyindən balı aparardılar pətəklərinə”-deyir Pərviz Yəhyalı. Əslində şikayət etmir . O adın uzaqlığına sığınıb , həsrətinə bal qatıb bir də , bir də yaşamaq istəyir dəli sevdasını. Onunçun zaman və məkan anlayışı yoxdu. Sadəcə hisslər, duyğular və yaşananlar var. Xəyali və mücərrəd hər şey Pərviz Yəhyalıyçun əlçatandı əslində. Yetər ki, ruhun buxovlanmasın. Qərib və qəribə hisslərin yolçusundan bundan başqa heçnə gözləmək olmaz. Ruhuna bağlıdı axı. Onun ruhu bütün sərhədləri aşacaq qədər azaddı.Amma bu azadlığın içində sirli bir məhkumluğu da var yazarımızın. Elə o məhkumiyyətidi onu yaşadan , yaratmağa vadar edən və duyğularına kökləyən. Çılğındı.( Məncə) Amma emosiyasında da sakitdi. Sükutunda nigaranlığı və qəribə qorxusu var. Başa düşülməmək və tənha qalmaq qorxusu.
“Bəlkə də sahildən baxan neçə baxışlar boğulub bu dənizdə”-fikriylə tam şərikəm dostumuzun. . Axı dəniz şahiddi. Sevincin, kədərin, sevginin, nifrətin , qanın, qadanın, ağrı, acının şahidi. Sularında o qədər göz yaşı , ayrılıq , sevgi qərq edib ki dəniz ..Sorğusuz , sualsız özü də. Amma yenə ən etibarlısı elə dənizdi yazarın fikrincə.
Pərviz Yəhyalının həsrəti də yamyaşıldı. Öz ətrində, öz rəngindədi həmişə. Təptəzədi. Xəzəlləşmir.
“Bu yolun sonunda , günəşdən o tərəfə bir sükutlu ,səssiz, uzun gecə var. O gecədədi həsrətin sonu. Orada xəyalların gerçək olacağı yuxu var ” -qənaətindədi Pərviz Yəhyalı. Ona görə də hissləri qocalmır, öz yaşındadı həmişə. Pəncərəsi ayrılığa baxır duyğularının. İçindəki qəhrəmanın həsrətindən özünə də pay düşür deyə sevə-sevə çəkir ayrılıq yükünü. Həmdəmi gecələrdi. Yuxuyla gerçəkliyin tam ortasında tökür bütün ağrılarını qaranlığın üstünə. Səhərəcən bir vüsal çiçəkləyir duyğularında. Gecənin səssizliyiylə pıçıldaşa -pıçıldaşa işığa can atır yazıçı. Özünü ovuda-ovuda, yariyuxulu, yarıoyaq duyğularının yoluna işıq tuta-tuta, barışa -küsə səssizliyi gecəylə bölüşür sabahacan . Bu da Pərviz Yəhyalının bir uğurudu. Tənhalıqla baş -başa verib vaxta hakim kəsilmənin özü də qəhrəmanlıqdı.
“Cığırlar da, yollar da hamısı dolanıb dünyanın başına son ucu sən olan ünvana boylanır.Bütün çiçəklər, güllər günəşə boylandığı kimi.Bəlkə sən də insafa gəlib o mübarək qədəmlərini basasan yolların bağrına, mən sarı. Vallah dağılmaz dünya. Olsa-olsa çiçəklər üzün çevirər sən gələn yollara”.Fikirlərə baxın. Görün necə təzə, orijinal və təkrarsızdı. Nəfəsi üstündədi yazdıqlarının. Canlıdı. Uzunçuluqdan uzaq , bənzətmələr özünəməxsuz, fikirlər aydın və səlisdi. Ümumiyyətlə Pərviz Yəhyalı obrazlılıqdan məharətlə istifadə edən , hər yazısında təbiiliyə qaçan , qəhrəmanlarını öz duyğularının süzgəcindən keçirməyi bacaran yazıçıdı. Mənzum şeir də adlandırmaq olar onun yazılarını. Boğazdan yuxarı heç bir yazısı yoxdu. Özünütəlqini sevmir. Öyrənməyi sevir. Ədəbiyyata vurğundu. Darmacallıqda da ədəbiyyat yadından çıxmır. Bütün hallarda həyatının mərkəzindədi ədəbiyyat. Bəsitlikdən uzaq durmağa çalışır. Oxucunu düşündürməyi bacarır. Layk həvəskarı deyil. Hamı fəlsəfəsindən çox kənardadı. Yazdıqlarını kütləviləşdirmək istəmir. Qiymətini əsl ədəbiyyatçılardan almağa çalışır. Tənqiddən qorxmur. Yetər ki, içində qərəz olmasın. “Deyərlər” prinsipi ilə yaşamır. Bir özüdü, bir qələmi. Ruhusa həmişə narahatdı. Kimdən ? Nədən? Yenə də bir özü bilir, bir də qələmi. Kədərini gizlətsə də sevincindən biz dostlarına da pay düşür. Ürəyindən , bir də övladlarından nigarandı. Tanrı kömək olsun! Uzunçuluğu sevmir deyə çalışdım ki, onun haqqında yazdığım yazı da yorucu olmasın. Özünə qıraqdan bir oxucu gözüylə baxsın deyə ürəyindən və qələmindən keçənləri anladığım qədər anlatmağa çalışdım. Bacardımmı? Bəlkə də…

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Bayatılar…

Bayatılar…

Aşiqəm vəfasına,
Əhdinə, vəfasına.
Dərd odu ki, vaxt çata,
Eşq bitə, vəfa sına.

Əzizim dağdan keçdim,
Dərədən , dağdan keçdim.
Düşdüm sevgi dalınca,
Düyündən, dağdan keçdim.

Əzizinəm tərsinə,
Avandı nə, tərsi nə?
Atlını atdan salar
Qönçə dodaq, tər sinə.

Ürək yuva, sevgi dən,
Daş da keçir sevgidən.
Vəfasızlar nə bilir
Nə çəkirik sevgidən.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Dərdimiz olmaz

Dərdimiz olmaz

Bir az uzaq olsaq yer kürəsindən,
Səpsək göy üzünə göz yaşımızı,
Unutsaq həsrəti, ayrılıqları,
Pozub təzələsək yaddaşımızı,
Dərdimiz olmaz.

Versək könlümüzü Göyə bircə gün,
Ulduzla sevişsək , Ayla sevişsək.
Qovsaq başımızdan ölüm sevdasın,
Təzədən yaşamaq eşqinə düşsək,
Dərdimiz olmaz.

Dünyanın yadından çıxsaq bircə gün,
Unutsa dənizlər, dalğalar bizi.
Ölkələr, şəhərlər, yollar , limanlar
Raketlər, güllələr, qovğalar bizi,
Dərdimiz olmaz.

Düşsək göy üzünün aydınlığına,
Bircə gün günəşi borc ala bilsək,
Şeytan aldatmasa bizi bircə gün ,
Bir gün özümüzlə bacara bilsək,
Dərdimiz olmaz.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru