YETMİŞ İKİNCİ YAZI PAYIZDAN SÖZ DÜŞƏNDƏ (Təvəkkül Goruslu yaradıcılığında payız lövhələri) Salam olsun, çox dəyərli oxucum! Laçını bir neçə dəfə al-əlvan, güllü-çiçəkli görmüşdüm. Onun payızı da yazından heç geri qalmır. Müdhiş mənzərə adamı lap uzaqlara – qarşıdakı dağların ötəsinə götür. Mənzərə qeyri-iradi olaraq düşüncədə Gorus assosiasiyası yaradır. Gorus isə özlüyündə Təvəkkül Goruslu imzasını xatırladır. Bu məqamda – Laçında goruslu şairi xatırladığım üçün – gərək laçınlı ustadlar; Nazim Əhmədli, Adil Cəfakeş məni bağışlasın. Mənim bir təqsirim yoxdur. Bu məsələdə üç səbəbkar var: -mudhiş mənzərə, -mənzərəni yaradan payız, -payızı nəzmə çəkən şair Təvəkkül Goruslu. Payız – Azərbaycan poeziyasında həm bolluq fəsli, həm də düşüncələrin dərinləşdiyi, zamanın yavaşıyıb insanın özünə qayıtdığı bir hal kimi təqdim edilir. Bəndəniz hələ də bu fikirdədir: Dağ-dərədə deyib-gülən, Düzdə dolan gözdü payız. Təbiətin möcüzəsi, Bizə olan sözdü payız. Bəli, payız (güz) insanın olğun, sözün dolğun çağıdır. Obrazlı şəkildə desək, payız var olanın yetkinlik dövrünü əks etdirir. Təvəkkül Goruslunun poetik dünyasında da payız yalnız fəsillərin ardıcıllığından biri – növbəti fəsil kimi deyil, məhz həm də insanın həyat təcrübəsini, əməklə topladığı qazancı, ömür yolunun sınaqlarını ifadə edən simvolik bir mərhələ kimi təqdim olunduğna görə diqqəti cəlb edir və müasir dövrümüzdə şairin müasirləri tərəfindən yaradılmış digər nümunələrdən yaxşı mənada seçilir. Necə deyərlər: Ustac dəyər verər sözə, Qabda nə var çıxar üzə, …
Onun “Payıza düşər” və “Payız yağışı” şeirləri payızın poetik ovqatını təkcə təbiətlə yox, insanın iç dünyasıyla da birləşdirir. Bu şeirlərdə payız həm zəhmətin mükafatı, həm də taleyin bir sınağı kimi görünür. “Payıza düşər” şeirində şair fəsillərin yarışını təsvir edir. Təbiətin dəyişməsi yalnız təbiətin yox, həm də insan əməyinin dövri prosesləridir. Baharın təravəti, yayın istisi, qışın sərtliyi – hamısı payızda öz nəticəsini verir: “Yarpaqlar qızılı, qırmızı rəngdə, Fəsillərin nuru payıza düşər.” Burada payız, əslində, il boyu görülən işin yekunudur. Bu səbəbdən kəndlinin (zəhmətkeş insanların) ən çox ümid bağladığı vaxt da payızdır. Şair sadə kəndli həyatının ritmini poeziyanın içindən keçirərək göstərir ki, payıza çatan zəhmət artıq “bar-bəhər” olur: “Gəlincə gətirər barı-bəhəri, Kəndlilər lap sübhdən açar səhəri.” Bu misralar kənd əməyinin poetik salnaməsidir. Bir ilin son sorusu, son nəfəsi, son imtahanı payızda verilir. Uşaqlıqdan çoxumuzun yaddaşına ömürlük yazılmış: – “cücəni payızda sayarlar” – məsəlində də məhz bu anlam vurğulanır. Maddi bolluq – bağ-bağçanın, mal-heyvanın yekun məhsulları – hamısı kəndlinin gözləntisinin gerçəkləşdiyi məqamdır. Bəndəniz: Yarpağı tökülüb olsa da sarı, Payızda yetişir tutların xarı, Deyirlər, payızda qarşıla yarı, Nar sulu, alma bol, heyvası sarı… Görək ustad sənətkar Təvəkkül Goruslu necə deyir: “Fəsillərin varı payıza düşər!” Məşqdən bir cümlə ilə – sənətkarlıq da məhz budur. Təvəkkül Goruslunun payızı – zəhmət fəlsəfəsi üzərində qurulan milli həyat lövhəsidir. Payız yağışı – ovqatın, taleyin və təkliyin işarəsi “Payız yağışı” şeirində isə şair payızı daha fərqli rakursdan təqdim edir. Bu dəfə payız insana ağırlıq gətirən, düşüncələri dərinləşdirən, bəzən də yorğan kimi çökmüş köhnə hissələrin simvoludur. Şair payızın yağışından çəkinir, onu özünə yaxın buraxmaq istəmir: “Sil gözün yaşını, ağlama payız, Yağma üzərimə payız yağışı.” Burada payız yağışı artıq əməyin bəhrəsini yığan fəsil deyil, insanın içində yığılıb qalmış kədərin metaforasıdır. Təvəkkül Goruslu kədəri təbiətlə danışdırır, sanki yağış insanın üstündəki yükü daha da ağırlaşdıran bir varlığa çevrilir. “Yağış islanmışın nəyinə lazım…” Bu misra həm həyat müşahidəsi, həm də daxili yorğunluğun qısa, lakonik izahıdır. Payız bəzən insana rahatlıq gətirmir, əksinə, içində gizlənmiş xiffəti oyadır. Şeir boyunca aydın görünür ki, şairin payıza münasibəti həm isti, həm də ehtiyatlıdır. Bir tərəfdən payızın bolluq fəslidir: “Payız məhsul fəsli, evlər tikəndi, Varını, barını önə tökəndi.” Digər tərəfdən payız insana “tez tükənən” ömür hisslərini xatırladır. Şairin sözündə burada melanxoliyaya meyillilik boy göstərir: “Yerdən qaldırmamış nə tez tükəndin…” Beləcə, payız yağışı həm təbiətin hadisəsi, həm də insan ömrünün metaforası kimi verilir. Payız obrazlarının poetik mahiyyəti Təvəkkül Goruslunun payız poetikası üç əsas xətt üzrə formalaşır: Əmək və zəhmət fəlsəfəsi Payızın kəndli həyatındakı əhəmiyyəti şairin şeirlərində geniş şəkildə təqdim olunur. Şair üçün payız – əməyin nəticəsi, zəhmətin sevinci, ilin hesabatıdır. İnsan ömrü ilə paralellər Payız həm də insanın həyat dövrlərindən biridir. Yaz – gənclik, yay – yetkinlik, payız – müdriklik, yığım mərhələsi, qış – ömrün qapanışı kimi verilir. Ovqatın dərinləşməsi Payız yağışında kədər, sis, duman, yorğunluq kimi hisslər toplanır. Şair bu hissləri təbiətə köçürür və təbiət də insan kimi dərdə bürünür. Təvəkkül Goruslunun yaradıcılığında payız fəsli yalnız təbiət hadisəsi deyil, həm də həyatın, zəhmətin, taleyin və insan duyğularının güzgüsüdür. Onun payız lövhələrində həm kənd həyatının reallığı, həm də insan ruhunun poetik çırpıntıları var. “Payıza düşər”də zəhmətin bəhrəsi, bolluq və fəsillərin harmoniyası ön planda dayanırsa, “Payız yağışı”nda hüzün, yorğunluq və daxili təlatüm çalarları görünür. Bu müxtəliflik şairin həm həyatsevərliyini, həm də müşahidə qabiliyyətinin gücünü açıq şəkildə göstərir. Payızdan söz düşəndə, Təvəkkül Goruslunun misralarında təbiətin nəfəsi ilə insanın nəfəsi eyni ritmdə səslənir. Bu da onun poeziyasını oxucuya həm doğma, həm də düşündürücü edən əsas cəhətlərdən biridir. Ümumilikdə isə Təvəkkül Goruslu (“Gorus”, “Gorussuz” necə yazsanız da hamısında Gorus var, nəticə bütün hallarda “Gorus”lu olursunuz) müasir Azərbaycan poeziyasının klassik imicdə keşiyində (hər gün) ayıq-sayıq dayanan barmaqla sayılacaq qədər çox az saylı nümayəndəlarindən biridir. Ustad sənətkarı bu yazımla salamlayır, məzmunlu, bəndi-bərəsi yerində, əsl poeziya nümunələrini şairin öz dilindən tezliklə Zəngəzurda, Gorusumuzda, Göyçə gölünün sahilində dinləyəcəyimə inanıram. Ürəkli, tərəddüdsüz şeirlərinin sonuna “Təvəkkül Goruslu” yaz, Ustad! Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Allah amanında. Deyirəm, Laçında salamlaşıb, Bakıda sağollaşmağın ləzzəti bir başqadır. Böyük Allah dövlətimizin bayrağını daim uca etsin İnşəAllah!
365 gün şeir yazan “Şeir ağacı “-Təvəkkül Goruslu!
Bu yazıma tanınmış şair Təvəkkül Goruslunun “Şeir ağacı”şeiri ilə başlamaq istəyirəm.Təbii ki, bu şeirə qədər də onun çox sayda şeirləri və kitabları işıq üzü görüb.
Şeir ağacıyam bəndlər budağım, Göylərə qol açıb misra qucağım, Hecadı, vəzndi yaşıl yarpağım, Məmnun olar gözlə barımı dərən.
Şeir ağacıyam sözlər çətirim, Qışda da təzədi, tərdi sətirim, Uzaqdan duyulur lətif ətirim, Deyirlər “utanmaz varını verən”
Amma mən onun gündəlik həyat tərzinə uyğun olaraq məhz bu şeirindən başlamaq istədim.
Öncə onu deyim ki, Təvəkkül müəllimi bir şair kimi sosial şəbəkədən tanımışam.Ən çox da diqqətimi çəkən onun hər gün səhifəsində yeni bir şeir paylaşması olub.Sanki o bunu gündəlik həyat proqramına uyğunlaşdırıb,gözəl bir vərdişə çevirib.Sonra isə bu 365 günün məhsullarını nəfis bir kitab halında çap etdirib. Təvəkkül Goruslu ədəbi prosesdə öz yeri,öz dəsti-xətti olan qələm,söz sahibidir.Düşdüyü şəraitdən asılı olmayaraq poetik anlamda da sözünü cəsarətlə deyə bilir.Qələmin,sözün gücü və bu sözü deyənin şəxsiyyəti,məqsəd-məramı da o zaman aydın təzahür edir.Düşünürsən ki,şair bu sözü niyə deyir və bizə nəyi aşılayır?! Onun şeirlərində həyatın təbii rəngarəngliyi,ahəngi var.O,həyatın,yaşadığı cəmiyyətin çalarlarını bədii düşüncəsinə,duyğularına hopdura bilib.Ona görə də şeirləri oxunur,sevilir. Şair təxəllüsündən göründüyü kimi Vətən həsrətli yaradıcıdır.Onun şeirlərində sarı və qara rənglərin yansıdığı məqamlar var.O rənglərin içindən ağrı,kədər boylanır və hələ ki,boy alır.
Üstə basıb qarabağlı yaranın, Dağın verib, saxladılar aranın. Pozmaq üçün bütövlüyün Turanın, Səni bizdən qopardılar, Zəngəzur!
Bəli indi gördük bu sarı,qara rənglərin kökü haradan gəlir.Bu rənglər zorən taleyimizə hopdurulmuş,ürəyimizcə olmayan rənglərdir. Şair şeirlərinin birində “Dünyadır bu”- dedi.Amma bunu yana-yana,göynəyə-göynəyə dedi,sadə və səmimi:
Təvəkkül müəllimin şeirlərindən hiss olunur ki,o, yüksək mənəviyyata və intellektə sahib bir insandır .O,söz nümayişbazı və ” mən”…”mən” … deyən cızma-qaraçı hay-küyçülərdən deyil.Ədəbiyyatımıza,vətənimizə,el-obasına sözün əsl mənasında vətəndaş xidməti nədirsə onu edir:
Ay adam,ara ver,bir “mən” sözünə, Yaxasını yırtıb bayıra tökmə. Sakit ol,qışqırma,güvən özünə, Öz mənin yüz biçim mənlə tikmə.
Şairin əli sanki hər zaman nəbzinin üstündədir,orada qanlar-qadaların dolaşdığı yaşadığı gerçək dünyanın qorxulu ürəyi döyünür .Şair dünyanı ,insanlığı qan tökməyə sürükləyənlərin “son məqam”larını yada salmağı xatırladır.
Dünyanı ölümə sürüyən kəslər, Qan tutan gözünüz bəşərə asi. İnsanlıq sizləri barışa səslər, Durun ki, sizindi ölüm sırası.
Şair el-obasına bağlı ,onun təəssübünü çəkən bir vətən vətəndaşıdır.Amma tarixin sərt üzü,tərs sillələri var,ayrılıq adlı həsrət yolları var və bu yollarda keçə bilməyəcəyimiz çəhlimlər,qadağalar, yasaqlar qoyulub.Nə əlin yetir,nə üçün çatır…
Mənim ocaq yerim,mənim pir yerim, Mənim xeyir yerim,mənim şər yerim, Məni mən eyləyən səndə hər yerim, Qalıbdı ,özümə qaytar,a kəndim.
Bəli, vətəndaş harayının poetik inkasıdır bu nümunələr.O şirinliyi,rahatlığı,dincliyi insan ancaq dünyaya göz açdığı məkanda tapır. Müəllifin şeirlərində folklora,təbiətə,kainata,fəsillərə,oda,torpağa, suya və s.müraciətlərlə tez-tez rastlaşırıq.Bu bədii nümunələrin içindəki metaforik yanaşmalar orijinal və gözəldir .
Təbiət paltarın geyər, soyunar, Suyun geyindiyin oldumu görən. Canlı da,cansız da suda yuyunar, Sonsuzdu su ilə həyatın sürən.
“Mənim fikirlərim su kimi çılpaq”- deyən şair ,sözləri, düşüncəsi,ruhu, duyğuları ilə axar sularda çalxanaraq durulanın,saflaşır. Şeirlərində çox vaxt ədalət,haqq carçısına çevrilən şair ürəyini kağıza boşaltmaqla bir “təsəlli “tapır.Bu zalım cəmiyyətdə haqq-ədalət nə vaxt yerində olub ki?! İşğaldan azad olan bölgələrimizə ayrı-ayrı təşkilatlar, qurumlar tərəfindən səfərlər təşkil olunur.Hər yerdə,hər işdə olduğu kimi buradakı ayrı seçkilik də müəllifə pis təsir edir.Şuşaya təkrar-təkrar ziyarətə gedənlər yenə gedir…
Özünüz yüz kərə,min kərə gedin, Siz Allah Şuşaya qoymayın bizi. Torpağın,qaynadın ziyarət edin, Siz Allah Şuşaya qoymayın bizi.
Duyub sevincini gülərik birdən, Sevin göz yaşların bilərik birdən. Qəlbimiz tab etməz,ölərik birdən, Siz Allah Şuşaya qoymayın bizi.
Təəssüf….çox təəssüf… görünür oranın öz “adamları” var…. Təvəkkül Goruslu,zəhmətkeş, təəssübkeş bir qələm sahibidir.Onun yaradıcılığında Vətən,Bayraq, müstəqillik Torpaq,əsgər,Şəhid mövzusuna çox sayda müraciətlər var.
Titrəşir yerişindən orman,torpaq,dağ,dərə, Vətən sənə güvənir,sən igidə,sən ərə. Tanrı səni qorusun,əhsən sənə min kərə, Azərbaycan əsgəri!
Bu gün ədəbiyyatda güclü bir poetik axın var.Bu axının içində öz dəyanətini saxlamaq sözün əsl mənasında məsuliyyət tələb edir.Təvəkkül müəllim də bu məsuliyyətin daşıyıcılarındandı.Allah ruhunuza, duyğunuza min bərəkət versin -“Şeir ağacı”!