Təvəkkül Goruslu – Söz havasıdı

SÖZ HAVASIDI

Hər fəslin öz abu- havası olur,
Payızın havası şərab kimidi.
İçincə özüylə davası olur,
Könüldə sızlayan rübab kimidi.

Yarpaqlar torpağa səpilən arzu,
Min yerə yozulan güman kimidi.
Bəzəyir yolları, ləpiri, izi,
Heyif ki, tarlada saman kimidi.

Duman bozartdıqca ümumi fonu,
Hava da elə bil tülə bürünür.
Binalar başından atınca donu,
Uzaqdan sapsarı günəş görünür.

Bir az da həlimdi, bir az da nəmli,
Bu hava payızın öz havasıdı.
Bir az da kədərli, hüznlü, qəmli,
Kağıza düzülən söz havasıdı.

Noyabr, 2025

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir