
PAYIZ YAĞIŞI
Dumanla yolları bağlama payız,
Səkini, doqqazı zığlama payız,
Sil gözün yaşını, ağlama payız,
Yağma üzərimə payız yağışı.
Özümə bəs edir özcə payızım,
Açdırmır butasın nəzir- niyazım,
Yağış islanmışın nəyinə lazım,
Yağma üzərimə payız yağışı.
Sisinlə göylərdən qopan kimisən,
Yurd- yuvan üstümdə tapan kimisən,
Guya ki, yerinə hopan kimisən,
Yağma üzərimə payız yağışı.
Bilirəm ömrümə yüz payız sığar,
Biçdiyin biçdirər, yığdığın yığar,
Demə ki, payızda yağış da yağar,
Yağma üzərimə payız yağışı.
Payız məhsul fəsli, evlər tikəndi,
Varını, barını önə tökəndi,
Yerdən qaldırmamış nə tez tükəndin…
Yağma üzərimə payız yağışı.
Noyabr 2025
Müəllif: Təvəkkül GORUSLU