Etiket arxivi: TƏLƏBƏNİN ELMİ GUŞƏSİ

Sənsiz nə zövqü var şeiriyyatın…

Müəllif:Nəzrin Əliyeva
Elmi rəhbər: prof. Yeganə İsmayılova

Sənsiz nə zövqü var şeiriyyatın…
Xülasə
Bu məqalədə Mikayıl Müşfiqin həyatına və yaradıcılığına ümumi nəzər yetirilir. Şairin məhəbbət lirikası təhlilə cəlb edilir.
Açar sözlər: Mikayıl Müşfiq, ədəbiyyat, lirika, poeziya, məhəbbət
Abstract
This article provides an overview of Mikayil Mushfig’s life and work. The poet’s love lyrics are included in the analysis.
Keywords: Mikayil Mushfiq, literature, lyrics, poetry, love
Məqalə
30 illik həyatında, cəmi 30 bahar yaşamış ömründə Azərbaycan xalqının qəlbini fəth etmiş şair, ədəbiyyatımızın “şirin ləhcəli bülbülü”-Mikayıl Müşfiq…
Sənsiz nə zövqü var şeiriyyatın?!
5 iyun 1908-ci ildə mavi Xəzərin qoynunda-Bakıda Əbdülqadir İsmayılzadənin ailəsində bir oğlan uşağı dünyaya gözlərini açdı. Bu uşaq sonradan hər kəsin Mikayıl Müşfiq adı ilə tanıyacağı Mikayıl Əbdülqadir oğlu İsmayılzadə idi. Müşfiqin uşaqlığı məşəqqətli keçmişdi. Körpə ikən anasını,6 yaşında olarkən atasını itirmişdi. Anasızlığı bütün həyatı boyu onu sarsıtmış, Müşfiqin ruhunu incitmişdi. O bu təlatümlü hisslərini bəzən nəzmin dili ilə ifadə etməyə çalışmışdır:
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəniş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.[5, s.44]
Həyatındakı bu boşluq Müşfiqi daim izləmiş, ona mənəvi əzab vermişdi. Lakin günlərin bir günü həyat Müşfiqin üzünə də gülməyə başlayır. Müşfiqin həyatına onun inadkar ruhunu tabe edən, həyatına yeni bir rəng verən bir qadın daxil olur. Bəli, bu qadın Müşfiqin məhəbbət şeirlərinin ilham pərisi idi desək, zənnimizcə, yanılmarıq. Dilbərin həyatına gəlişi ilə onun həyatında yeni və gözəl bir səhifə açılmışdı. O Dilbəri ən az anası qədər sevirdi və onun vəsf etməkdən doymurdu:
Mən Dilbəri sordum gəlib-gedəndən;
Dedilər barışmaz, küsmüşdür səndən.
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum?

O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam…
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum[6, s.53]?
Əvvəldə də qeyd etdiyimiz kimi, Müşfiqin ilham pərisi Dilbər xanım idi. Müşfiqin məhəbbət şeirlərinin,demək olar ki, hamısı Dilbərə həsr olunub.Onun “Dilbər” şeirindən bir bəndə nəzər yetirək:
Nə qədər uçsan da ucalıqlara,
Əlbət qanadların bir gün yorula.
Bir quşun olmasa qanadı, Dilbər,
Necə keçər onun həyatı, Dilbər[6, s.66]?!
Dilbər xanım “Müşfiqli günlərim” kitabında Müşfiqin əksər şeirlərinin yaranma tarixçəsini danışır. Gəlin bu tarixçələrdən birinə nəzər yetirək:
“…Sonrakı görüşlərimizin birində mən ona Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu. Üzünə kövrək təbəssüm
Qondu. Elə oradaca «Ayrılıq» şerini dedi:
O gün ki, hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.

Gül-gülü çağırır, çiçək-çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi?-
Qəlbimin çeşməsi çağlar səninçün.”[1, s.41]
Daha sonra Dilbər xanım getməyəcəyini deyəndə isə Müşfiq həmin məşhur şeirini bədahətən demişdi:
Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban!.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!

Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı.
Gəl çəkmə sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.”[1, s.43]
Rəsul Rza öz “Qızılgül olmayaydı” poemasında yazırdı:
Bəlkə, o, belə şair
olmazdı
bu xalq
bu torpaq
o yaşıl yarpaq
o aydın səhər,
bir də sən,
Dilbər, –
Bir də sən
olmasaydın!
Müşfiq həyatında heç olmadığı qədər xoşbəxt idi-Çox sevdiyi qadınla bir ömür sürürdü, gənc olmasına baxmayaraq kifayət qədər tanınır, sevilirdi, şeirləri isə dillər əzbəri idi. Bunu görən bəzi “qələm dostları”-“sapı özümüzdən olan baltalar” Müşfiqin quyusunu qazmağa başladılar. Müşfiq ölümündən əvvəl sanki gələcək bədbəxtliyini duymuşdu:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?!
Bu yerlər çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim[5, s.302]?!
Müşfiq həyat eşqiylə dolub-daşırdı. Onu gözləyən bir gələcək, böyük amallar, şirin xəyallar var idi. Lakin bütün bunlar Sovet rejiminin qanlı əlləri ilə məhv olundu. Ardıcıl olaraq Müşfiq haqsız yerə tənqid və təhqirlərə məruz qaldı, əleyhinə yazılar yazıldı, sərt çıxışlar edildi. Bu yazılardan ən zəhərlisi Məmməd Rahimin “Ədəbiyyat qəzeti”nin 21 avqust 1937-ci il tarixli nömrəsində Müşfiq haqqında çap olunmuş “Kontrrevolyusioner, kondrabançı, oğru” məqaləsi idi. Məmməd Rahim bu məqaləsində Müşfiqi haqsız yerə ittiham edir, xalqın sevimli şairinə ona qətiyyən yaraşmayan adlar qoyur, onu “oğru”, ”əclaf”, “ikiüzlü” adlandırır:
“Xalq səadətinə düşmən olan bu əclaf “İnqilab” şeirində proletar revolüsiasını yandırıb-yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir..”
“Bizə yabancı Müşfiq “Duyğu yarpaqları” şeirində “Bir üzüm qaradır, bir üzüm sarı” deməklə özünün ikiüzlülüyünü yaxşı göstərir”[4]
Bu kimi sərt çıxışlar, yazılar Müşfiqin sonunu yaxınlaşdırırdı. Mikayıl Müşfiqin repressiyadan qurtulması üçün bir yol var idi: O həbs olunmamışdan qabaq Ayna Sultanova onu öz yanına çağırıb demişdi ki, biz artıq Hüseyn Cavidi itiririk, onu həbs edəcəklər, sən onun əleyhinə bir-iki yazı yaz, heç olmazsa səni repressiyadan qurtara bilək. Müşfiq cavabında deyir: “Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”.
Bəli, Müşfiq bu qədər cəsarətli və sadiq bir insan, dost, qələm yoldaşı idi.
4 iyun 1937-ci ildə həbs olunan Müşfiqin son məhkəmə iclası cəmi 20 dəqiqə çəkir, günahsız şair üçün ölüm hökmü qərarı çıxarılır. Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə Nargin adasında haqsız yerə güllələnir.
Müşfiq öləndən sonra günü-gündən daha da çox sevildi. Sovet rejimi Müşfiqi bizdən alsa da, Müşfiq sevgisini ala bilmədi. Müşfiq haqqında kitablar, əsərlər, şeirlər, məqalələr, xatirələr yazıldı, yaradıcılığı çətinliklə də olsa toplanıb tədqiq edildi. Rəsul Rza “Qızılgül olmayaydı” poemasında yazırdı:
“Oxu, tar, oxu, tar!
Səni kim unudar?!”
İndi bu sözləri
Ona desək, yeri var:
“Səni kim unudar?!”
Hikmət Ziya, Mədinə Gülgün, Hüseyn Arif, Əli Kərim və başqaları Müşfiqə şeirlər həsr etmişlər. Hikmət Ziyanın Müşfiqə həsr etdiyi şeirə nəzər salaq:
Ürəyimdə göynəm-göynəm göynəyən,
Sızım-sızım sızıldayan yaram var.
Qaysaqlanmaz ha çalışsam buna mən
Ömrüm boyu bu yaramdan qan damar.

Ey Müşfiqin qəlbi,ciyərparası
Bu sözləri zil muğamla oxu, tar
Söylə: Böyük Azərbaycan balası
Müşfiqimiz, de, səni kim unudar?!
Müşfiq unudulmadı və unudulmayacaq. Müşfiq sevgisi daim Azərbaycan xalqının qəlbində yaşayacaq.
Müşfiqin ilk kitabı “Küləklər” olmuşdur. Daha sonra “Günün səsləri”, “Vuruşmalar”, ”Şeirlər” və s. kitablarını çap etdirmişdir. XI kitabı-“Çağlayan” çap üçün hazırlansa da, onu nəşr etdirmək Müşfiqə nəsib olmur.
Müşfiqin yaradıcılığı onun lirik şeirlərindən və poemalarından ibarətdir. G.Hüseynoğlu “Mikayıl Müşfiqin yaradıcılıq yolu” əsərində onun şeirlərini iki qismə ayırır:[3, s.31]
1.ictimai-siyasi şeirləri
2.aşiqanə şeirləri
Təbii ki, bu bölgü Müşfiq lirikasını tam olaraq əhatə etməsə də böyük bir qismini təşkil edir.
Mən ki bilməz idim nədir məhəbbət…
Cahanın, xilqətin varlığının sütunu məhəbbətdir. Mikayıl Müşfiq tək kövrək duyğularla dolu bir ruhun könül rübabından, mümkün deyildir ki, bəşərin ən ali duyğusunun tərənnümünə həsr olunmuş əsərləri olmasın. Müşfiqin aşiqanə şeirləri onun yaradıcılığında çox önəmli bir mövqeyə sahibdir. Onun aşiqanə şeirləri yalançı və süni təntənədən uzaq, saf qəlbin ən həzin duyğularını əks etdirən şeirlərdir.
Dolaşma sıldırım sal qayalıqda
Daşlar ayağını əzər, maralım!
Gəl səni bəsləyim gözümün üstdə,
Etmə aşiqindən həzər, maralım[6, s.54]!
deyərək sevdiyini əsl bir aşıq kimi tərənnüm edir. Müşfiqin lirikası aşıq yaradıcılığından bəhrələnmişdir desək bu tam doğru olmaz. Çünki Müşfiq lirikası birbaşa aşıq şeiri, xalq şeiri, xalq ədəbiyyatı ilə yoğrulmuşdur.Təbii ki, bunda Qızqayıt nənənin də rolu az olmamışdır.
Müşfiq sevdiyinin hər nazını çəkməyə hazır olan bir aşiqdir. Hətta o, keçmişi yada salarkən ən çox sevdiyinin şıltaqlığını, inadkarlığını xatırlayır. Sevdiyinin dəli-dolu halları, bir anda əsəbləşib elə həmin andaca sakitləşdiyini söyləyərək onu bir uşaq kimi “xırçın əməlli” təsvir edir:
O gün də bir gündü, ey üzü dönmüş,
Sandım içində bir qaplan döyünmüş
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü[6, s.58].
Şair “Yaşa, könül” şeirində sevgisini təsvir etməyə çalışır. Sevda yolunun uzun və çətin olduğunu bilsə də, hətta özü bu yoldan dönsə də, qəlbinin dönməyəcəyini söyləyir. Müşfiq bununla sevgisində necə qətiyyətli olduğunu göstərir:
Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən.
Mən dönərəm, sən dönməzsən,
Yaşa könül, yaşa könül[6, s.51]!
Biz “Rəssam” şeirində Müşfiqi bir rəssam kimi görürük, söz rəssamı kimi… Rəssam boyalarla şəkil çəkirdisə, Müşfiq şəkillərini sözlərlə çəkirdi. Müşfiq sevgilisinin ən incə və gözəl cizgilərini özü təsvir etmək istəyirdi:
Çək onun qaradan qara telini
Çək, rəssam, çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim.
“Küsmərəm” şeirində şair öz sevdiyini hər kəsdən, hər şeydən üstün tutur. O hər şeydən küsməyə hazır olduğu halda, yarından küsülü qalmağa dözə bilmir. Elindən, obasından, ömründən, hətta şeirdən, ədəbiyyat ilhamından əl çəkməyə də hazırdır, ancaq sevgilisindən küsmək onun üçün çox böyük dərddir:
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm.[6, s.52]
Müşfiqin “Məhəbbət” şeiri “məhəbbət himni”dir desək, zənnimizcə, yanılmarıq. Məhəbbəti təntənəli sözlərlə ifadə edən, əlbəttə ki, çox şairlər olmuşdur. Amma Müşfiq qədər real təsvir edən, hətta hicranında belə bir nikbinlik duyulan bir şair, hələ ki, olmamışdır. Onun ritorik suallarında bir məzlumanə küskünlük duyulsa da, bu heç vaxt şikayətə, məzəmmətə keçmir. Bu suallar, bəlkə də, sevgilisinin qəlbini az da olsa yumşaltmaq üçün verilmiş biçarə suallardır:
Mən ki nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən
Məndən uzaq gəzib, dolanıb hərdən
Qəlbimi sıxmağa can atmadınmı[6, s.55]?!
Aşıqlar yarlarının yolunu gözləyərkən onların sirdaşı sazları olduğu kimi Müşfiq də yarını gözləyərkən sirdaşı qələmi olur:
Əlimdəki qələm bir sədəfli saz,
Nə qədər səninçün coşar, yorulmaz[6, s.56]!
Müşfiq üçün dünyanın hər naz-neməti, gözəlliyi sevgilisi yanında olmadan boşdur, mənasızdır:
Sənsiz nə zövqü var bağın-baharın?
Açan çiçəklərin, uçan quşların?
Sənsiz cənnət olsa kainat yarın,
Heç mənim ruhumu oxşarmı, söylə[6, s.57]?
Müşfiqin azadlığı da sevgisinin həbsində yaşayır:
Müşfiq quş olsa da, görəsən bir an
Səndən uzaqlara uçarmı, söylə[6, s.57]?
Müşfiqin şeirləri də, bəzən ruhu kimi qafiyə qəliblərinə, qanunauyğunluqlara sığmayıb sərhədsizliyə yuvarlanırdı. ”Yenə o bağ olaydı”, ”Sevirəm”, “Dəvət” kimi şeirləri də bu qəbildəndir. ”Yenə o bağ olaydı!” Azərbaycan ədəbiyyatında ən uğurlu sərbəst vəzndə yazılmış şeirlərin sırasına daxildir. Lirik bir şeirdə təsvirin bu qədər uğurlu alınması insanda, həqiqətən, təəccüb doğurur. Şeiri oxuduqca gözlərimizdə eyniylə orda yazılanlar canlanır:
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı;
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən,
Xəyalımız üzəydi sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni zərrin saçın olaydı,
Sular xırçın olaydı.[5, s.412]
Müşfiq milli ədəbiyyatımızı, xalq şeirini dərindən bilməklə yanaşı Qərb ədəbiyyatından da kifayət qədər məlumatlı idi. O, Qərb şeir forması olan sonetdə yaddaqalan nümunlərə yaratmağı bacarmışdı. Qərb şeir şəklində bəşəri duyğuları bu qədər məharətlə ifadə etməsi onu bir şair olaraq bir qədər də xüsusiləşdirir:
Xoşdur gözəl görüb bütün elliyi
Çalışmaq, yaşamaq, sevmək, sevilmək!
Xoşdur xilqətdəki hər gözəlliyi
Ürəkdən duyaraq anlaya bilmək[5, s.391]!
Müşfiq “Sevgilər” sonetində hər sevginin xoşbəxtlik, səadət gətirmədiyini, hər sevginin fərqli, ayrı cür olduğunu, lakin hamısının ortaq bir xüsusiyyəti-sirli olduğunu, bütün sevgilərin çətinliklərlə qarşılaşdığını poetik bir dillə yazır:
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbi də bülbüllərini
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.[6, s.25]
Müşfiqin “Gözəllik”, ”Bir də baxsan mənə”, ”Bir günəş, bir baxış” kimi sonetləri dər var.
Müşfiqin şeirləri o qədər ahəngli, o qədər qulağa xoşagəlimli idi ki, onun şeirlərinin əksərinə musiqi bəstələnmişdi. Onun şeirlərinə ən çox musiqi bəstələyən dəyərli bəstəkarımız Hacı Xanməmmədov olmuşdur. O Müşfiqin “Yaşa,könül”, “Yadımda düşdü”, ”Sənin gözlərin”, ”Qurban olduğum”, ”Neyçin gəlmədin” və başqa şeirlərinə musiqilər bəstələmişdi. ADMİU-nun baş müəllimi, bəstəkar Eldar Dadaşov “Hacı Xanməmmədov və xalq musiqisi” məqaləsində yazırdı:
“Həmişə dostları deyərdi ki, Aşıq Ələsgərlə Mikayıl Müşfiq Hacının könül dostlarıdır…”[2]
Müşfiq yaradıcılığından, Müşfiq lirikasından nə qədər danışsaq yenə də bitməz, yenə də nəsə gözdən qaçmış qalar. Bu kiçik məqaləmdə az da olsa Müşfiq poeziyasına toxunmaq bu poeziyaya olan sonsuz sevgimdəndir. Allahdan dəyərli şairimizə rəhmət diləyirəm!
İstifadə edilmiş ədəbiyyat:
1.Dilbər Axundzadə. ”Müşfiqli günlərim(xatirələr)”.Bakı,”Gənclik”,2005,
274 səh.
2.Eldar Dadaşov. ”Hacı Xanməmmədov və xalq musiqisi”. ”Mədəni Maarif”qəzeti,2011
3.Gülhüseyn Hüseynoğlu. ”M. Müşfiqin yaradıcılıq yolu”. Bakı, “Azərbaycan Dövlət Universiteti”,1987,108 səh.
4.Məmməd Rahim.”Kontrrevolyusioner,kondrabançı,oğru”,”Ədəbiyyat”qəzeti,1937
5.Mikayıl Müşfiq. Əsərləri. Üç cilddə. I cild.Bakı,”Səda”,2004,465 səh.
6.Mikayıl Müşfiq. Əsərləri. Üç cilddə. II cild.Bakı,”Səda”,2004,388 səh.

Nəzrin Əliyevanın yazıları

TƏLƏBƏNİN ELMİ GUŞƏSİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru