Şəhla Rəvanın şeirlərindən bir çələng

Şəhla Rəvanın şeirlərindən bir çələng

ANA

Lacivərd səmalar cilvələnibdir,
Hissim də, ruhum da səpələnibdir.
Üstümə göylərdən qar ələnibdir,
Mənim bu halımı biləydin, ana.

O necə baxışdı, baxdı gözlərin?
Qəlbimi yandırdı-yaxdı gözlərin.
Süzüldü gözlərin, axdı gözlərin,
Kaş sənin yerinə öləydim, ana.

Həyat gözlərimdə qaraldı, heyhat,
O gündən qəsdimə durdu kainat.
Sənsiz olan həyat əzab, narahat.
Kaş bütün ağrını alaydım ana.

Ay mənim Tanrıdan müqəddəs payım,
Səni harda gəzim, harda arayım?
Sənsiz ötüşməyir günlərim, ayım,
Kaş sənin qurbanın olaydım, ana.

Yenə qövr eləyir yaram bu axşam,
Ürəyim qəm dolu, halım pərişan.
Bu dərdli halımı yox bir soruşan,
Ömürlük yanında qalaydım, ana,
Kaş sənin qadanı alaydım, ana.

MÜƏLLİM

Məramı müqəddəs, məsləki uca,
Daim yaddaşlarda qalandl müəllim.
Onu unutmarıq ömür boyunca,
Qəlblərdə bir məskən salandı müəllim.

Adının önündə qüdsiyyət durur,
Ziyası bir işıq, varlığı büllur.
Hər sözü hikmətli, baxışı məğrur,
Dinəndə könüllər alandı müəllim.

Ən gözəl çiçəkdir güllər içində,
Həmişə öndədir fərqdə, seçimdə.
Sanki laləzardır özgə biçimdə,
Köçüb ürəklərdə qalandı müəllim.

Vardı mərhəməti, xoşdu niyyəti,
Tükənməz heç zaman sözü-söhbəti.
Hər eldə, obada vardı hörməti,
Sinəsi dəryadı ümmandı müəllim.

HƏMDƏMİM

Bir sən idin qəlbə yaxın həmdəmim,
Səninləydi həm sevincim, həm qəmim.
Sənsiz sanki, batıb dəryada gəmim,
Haqsızlıqdan dilim olub lal indi.

Ah çəkirəm, ahım tutur aləmi,
Sənsizliyin didir, sökür sinəmi.
Nə çoxmuş fələyin zülmü, sitəmi?
Yaşayıram ömrümü bihal indi.

Həsrətindən bağrım yanıb kül olub,
Sənsiz axan göz yaşlarım sel olub.
Hər gün səni səsləməkdən dil olub,
Yollar üstdə olmuşam sual indi.

Qayıt, tez gəl qurban olum boyuna,
Kimlər səni saldı nahaq oyuna?
Sənsiz qaldım yetən yox ki, hayıma,
Həsrətindir ürəyimdə xal indi.

Mən olaram gözlərinin qurbanı,
Uğuruna verrəm bütün dünyanı.
Daha bəsdir dostu, düşməni tanı,
Yoxluğundan olmuşam abdal indi.

AY QIZIM

Artıq sən gedirsən ata evindən,
Hiss ilə, duyğuyla doludur sinən.
Qəlbində həyəcan, gözlərində nəm,
Ay qızım, bu gün sən gəlin köçürsən.

Getdiyin ünvandır bu gündən evin,
Xoşbəxtlik taparsan sevərək getsən.
Hər zaman xoş gün gör, ürəkdən sevin,
Yeni məkanını müqəddəs bil sən.

Həyatla zamanın astanasında,
Durmusan sonuncu dayanacaqdır.
Mətin addımlasan eşq dünyasında,
Bəxtinə ömürlük nur yağacaqdır.

Dinlə, sözlərimin mənası vardır,
Getdiyin ocaqda bəxtin yar olsun!
Bu yolda eniş də, yoxuş da vardır,
Qoşa addımlayın, sevgin var olsun!

Ay qızım, taleyin üzünə gülsün,
Arzu-diləyinlə xoşbəxt, şən yaşa!
Çırpınan qəlbiniz birgə döyünsün,
Qoşa, bir yastıqda ömrü vur başa.

Müəllif: Şəhla Rəvan

Şəhla Rəvanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir