Qəbələdə kitab təqdimatı 24.02.2022. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevin təşkilatçılığı ilə şəhidləriə həsr olunmuş “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilib. Kitabda 1-ci Qarabağ müharibəsində son nəfəslərinə qədər silahlarını əllərindən yerə qoymayan , hətta azyaşlı övladlarını Allaha əmanət edərək “Vətən dardadırsa mən evimdə necə rahat yaşaya bilərəm?” deyib bir daha isti ocaqlarının başına keçməyən doqquz mərd oğullardan danışılır. Yüksək səviyyədə hazırlanmış təqdimatı idarə edən və giriş sözüylə açan Qalib Nəbiyev bütün tədbir iştirakçılarını,şəhid ailələrini ,eləcə də kitabın müəllifi Jalə Cəfərovanı, kitabın redaktoru Göyçayın sonuncu Xalq Deputatları Sovetinin rəhbəri vəzifəsində çalışmış, 1989- cu ildən Göyçay könüllülər batalyonu yaradaraq ona rəhbərlik etmiş ,döyüşərək dəfələrlə yaralanmış Qarabağ qazisi Rövşən Əhmədlini salamladı. Qalib bəy həm 1 –ci Qarabağ həm də Vətən müharibəsində tarix yazan mərd atalarımızdan,oğullarımızdan danışdı. “Şəhidlərimizin xatirəsini təkcə yaşatmaqla deyil,keçdikləri şərəfli yolu tanıdıb təbliğ etməyi hər zaman özümüzə borc bilmişik və bundan sonra da belə olacaq. Belə oğulların hər birinin valideyni də bir qəhramandır. “ Müəllif Jalə Cəfərova “ Sizlərlə artıq elə doğmalaşmışam ki sanki ailənizin bir üzvü də mənəm. Sizləri gördüyüm ,söhbət etdiyim ,kövrək xatirələrinizi mənimlə bölüşdüyünüz ilk andan içimdəki səs “ Bu igidlərin də,onları böyüdüb başa çatdıran valideynlərin də mənəvi dünyası,vətənə olan sonsuz,təmənnasız sevgisi yaşadığımız dünyanın yanında çox həm də çox böyükdür” Elə bu hisslərə köklənərək heç düşünmədən kitabın adını “Kiçik dünyanın böyük insanları “adlandırdım. Zalda xeyli gənc görürəm bu məni çox sevindirdi. Sözüm əsas sizədir. Bu vətəni qanları bahasına sizlər üçün ,gələcək nəsillər üçün qorumalısınız. Hansı birinizə şəhidlərimizlə bağlı sual verilsə ən azı beşinin adını əzbər bilməlisiz. Mən Qəbələni həməşə sevmişəm ,burdakı füsunkar mənzərə,dünyanın hər yerində adı hörmətlə çəkilən alimiylə ,ziyalısıyla sevinmişəm. Ancaq təkcə polad qeyrətli,polad iradəli general –mayor Polad Həşimov adı kifayət edir ki qürurla “Mən Qəbələdənəm ,o Qəbələdən ki Polad Həşimovun dünyaya göz açdığı məkandır Qəbələ”. Bu cümlələr zalda xeyli alqış sədalarına səbəb oldu. General-mayor Polad Həşimovun adı çəkilən zaman ayaqüstə alqışlar xeyli davam etdi Sonra söz Rövşən Əhmədliyə verildi. “ Mən şəhid anaların qarşısında baş əyirəm.” Deyən Rövşən bəy 1997 –ci ildə düşmənə əsir düşməmək üçün özlərini qucaqlaşaraq partladan səkkiz kəşfiyyatçıların keçdiyi şərəfli döyüş yolundan danışdı. Rövşən bəy həmçinin təqdimatı düzənləyən Qalib Nuriyevə,Qəbələ Dövlət Prşə Təhsil Mərkəzi Tərbiyə işləri üzrə direktor müavini Reyhan xanım Məmmədovaya,direktor köməkçisi Bəhruz Osmanova təşəkkür etdi. Şəhid ailələrinə söz verildi. Teymur Rəhmanov ,Xədicə xanım (Tofiq Rəhmanovun atası və bacısı),Ayşən Məmmədova(Elşən Məmmədovun bacısı) Bahar xanım(İlyas Məsimovun qızı) Akif Qəribov ,Faiq Səfərli(Nemət Qəribovun atası və müəllimi)İbrahimxəlova Sevil,(İbrahimxəlilov Qüdrətin xanımı) Nahidə ana(Elçin Orucovun anası) Osmanov. Şahvələd ( Pərviz Osmanovun atası) Bəhəryaz xanım ,Şahid ,Asəf Kərimovlar(Həyat yoldaşı,oğlu və qardaşı) çıxış edərək təşəkkürlərini bildirərək duyğularını paylaşdılar. Səkkiz igid kəşfiyyatçılara həsr olunmuş “Fədai şəhidlər “mahnısını zalda izləyən heç kəsi biganə qoymadı,mahnı sonacan alqışlarla müşayət olundu. Son olaraq Qalib bəy hər iki qonağa Jalə Cəfərovaya,Rövşən bəyə üstündə Xarı bülbül rəsmi olan hədiyyə təqdim etdi. Bütün iştirakçılarla xatirə şəkli çəkildi.
Yeni poeziya antologiyası şair Vidadi Turan Ağdamlının əməyinin bəhrəsəidir. Vidadi Turan Ağdamlı ideya müəllifi olduğu bu layihəyə artıq uzun illərdir ki, uğurla rəhbərlik edir. “Maarif” nəşriyyatında işıq üzü görmüş antologiyada Dəmir Gədəbəyli, Zaur Ustac, Eyvaz Məmmədoğlu, Ədalət Əroğlu, Əsgər Ordubadlı, Nuranə Rafailqızı, Sona Amal, Təranə Tunar, Ülkər Dərya, Vaqif Coşkun kimi tanınmış qələm adamları ilə yanaşı əsasən bölgələrdən olan bir sıra yeni imzalar da yer almışdır. Antologiyada yer alan bütün müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!
Əvvəlcədən deyim ki, yazıma adqoydu elədiyim cümlə çox dəyərli “Su kimi sakit və güclü” kitabını mənə hədiyyə edən hörmətli şair, publisist, qazi dostum Rəfail Tağızadənindir. İnanıram ki, “nurundan hamıya pay düşən, həmişə həqiqətin yanında dayanan” (R.Tağızadə), “Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da, Amerikadan çox əzəmətli görünən” (Ronald Yager, ABŞ alimi) dünyanın məşhur univesitetlərinin professoru Rafiq Əliyevin həyatının ayrı-ayrı anlarına, elmi fəaliyyətinə, uğurlarına, dünyabaxışına, ictimai məsələlərə münasibətinə, elm və yaradıcı məşhurların alimə verdiyi dəyərə işıq salan bu kitab “oxucunun baxış bucağnı dəyişəcək, yol göstərəcək, bütövlüyə, tamlığa stimul, güc və inam verəcək” (R.Tağızadə). Rafiq müəllim kimi düşünən insanlar çox olsaydı, dünyanın düzəni başqa cür olardı. Kitabın redaktoru və “Ön söz”ün müəllifi Rəfail müəllim vurğulayır ki, bu kitab “məqamın sakitliyi, danışan sükutun gücü ilə onu oxuyanla danışa bilir”. Mən də hər gün bu kitabla həmsöhbət oluram. Necə ki, akademik, elm fədaisi Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabı ilə də canlı insan kimi danışıram.
Azərbaycan fəlsəfi fikrinin “atası”, fəlsəfi məktəbin banisi, İbn Sinanın şagirdi Əbülhəsən Bəhmənyarın (993-1066) min il əvvəlki tövsiyəsi:
“Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”. Bu günümüzün ünlü filosofu Safruhun kitabı dəyərləndirməsi də müdrikdir: “Bütün kitablar mənə yalnız düşünməyi öyrətsələr bəsimdir; düşünməklə bütün zəruri bilikləri əldə edərəm”. Rafiq müəllim də, “Su kimi sakit və güclü” də Bəhmənyarın dediyi insan və kitabdır, Safruhun dediyi kimi düşündürəndir.
Rəfail müəllimə də təşəkkür edirəm ki, bu kitab hədiyyə verilən azsaylı seçilmişlər içində mən də varam.
Təkcə həcmcə yox, fikir, düşüncə, insanlıq və digər dəyərlərlə zəngin nəhəng bilik, mənəviyyat xəzinəsi sayılacaq kitabları birnəfəsə oxumaq çətindir. Oxuduqca düşünmək, anlamaq üçün vaxt lazımdır. Belə bestsellerlər məhəbbət romanı deyil, amma ilahi sevgi, inam mənbəyidir – vətən, millət, torpaq, elm, bilik, insanlıq kimi bəşəri dəyərlərə sevgi ilə dolu həmişəyaşar örnəklərdir. “Bir nəslin o biri nəslə mənəvi vəsiyyəti” (A.İ.Gertsen) qiymətli kitablar həmişə yazı masamızın üstə gözəgəlimli yerdə dayanmalıdır. Dəyərli kitab öyrədəndir, hansısa anda istənilən sualın cavabını belə kitablardan tapmaq olar. “Su kimi saf və güclü” də müəllimdir, həmişə yanımda dayanacaq müəllim…
Rafiq Əliyev İbn Sina, N.Tusi, X.Məmmədov, A.Mirzəcanzadə kimi geniş erudisiyalı, ensiklopedik bilikli, mənəvi zəngin elm korifeylərinin layiqli davamçısıdır. Rafiq müəllimin ziyalılıq meyarı kamil insandır:
“Əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyən insandır. Ziyalı ölümündən sonra yaşayır. Ona görə də ziyalı ömrü, məmur ömründən uzundur. Nəfsinə hakim kəsilməyi bacaran, ən həssas yeri qürur olan ziyalı çox kövrək olur. Amma kimsə düşünürsə ki, ziyalını əzə bilər, yanılır”.
“Ön söz”dəki “məmləkət bəzən bir vətəndaşına görə sevilir” cümləsində hər birimizi qürurlandıran böyük həqiqət var:
“Lütfi Zadənin zəkasına, insanlığına, yaradıcılıq qabiliyyətinə, elmin dərinliyinə kimi gedə bilməsinə, həm şifahi, həm yazılı formada özünü ifadə etməsinə heyrət etdiyi, heyran qaldığı Rafiq Əliyev alim olaraq alimliyə, insan olaraq insanlığa, dost olaraq dostluğa, vətəndaş olaraq vətəndaşlığa, yoldaşlığa şərəf gətirir”.
Rəfail Tağızadə artıq cənnəti bu dünyada qazanıb. Bu kitabı hazırlamaqla. İctimai-siyasi və vətəndaşlıq mövqeyinə, vətən sevgisinə, alim əməyinə verdiyi qiymətə, əqidəsinə görə. 480 səhifəlik həyat gerçəkliklərini toplamaq, bu işi ürəklə görüb həzz almaq, gecə-gündüz belə şirin “əzab”a qatlaşmaq, payına düşən ömrün bir hissəsini gələcək nəsillərə qalacaq kitaba sərf etmək üçün böyük ürək, həvəs gərəkdir. “Su kimi sakit və güclü” bir mənəviyyat mücrüsüdür. Onun içində nə var? Oxuyanlar biləcək. Sonra oradan öz payını götürəcək. Qazandıqlarının qiymətini hərə öz arşını ilə ölçəcək. Ayrı-ayrı bölümlərdəki publisistik yazılar, poeziya nümunələri, həssas gözlü elm adamının müşahidələri, müsahibələr, Rafq müəllimin daxili aləminin ürəkləri göynədən çırpıntıları, ictimai siyasi hadisələrə ziyalı münasibəti hamımız üçün həyat bilgisidir, Vətən sevgisinin müqəddəsliyinin tərənnümüdür.
Rafiq Əliyevin mütaliə etməyi məsləhət bildiyi kitablara diqqəti cəlb etmək istəyirəm. O, nə üçün həmin kitabları oxumağın gərəkli olduğunu intellektinə arxalanaraq mükəmməl izah edir:
“Allaha yaxın olmaq istəyirsinizsə, Mövlana Cəlaləddin Rumini oxuyun. İnsana yaxın olmaq istəyirsinizsə, Fyodor Dostoyevskini oxuyun”… Ən azı 50-100 il qabağı görmək istəyirsinizsə, Çingiz Aytmatovu oxumağı məsləhət edir professor:
“Görün Aytmatov nə yazıb” xor oxumaq lazımdır. Xor millətin birliyini göstərir”… Bu, əslində ciddi mesajdır”…
“Su kimi sakit və güclü” kitabında bir-birindən maraqlı, örnək götürülməli, düşünüb nəticə çıxarmalı, oxuyub durülub saflaşmalı, Vətənin elmi, alimi ilə qürur duymalı o qədər incə nüanslar var ki, hərəsi bir analitik yazının mövzusudur. Kitabın yaratdığı təəssüratların dərinliyinə varmaq imkanım olsaydı silsilə yazılar alınardı. Təki sağlıq olsun…
Məni birinci növbədə kitabın “Rafiq Əliyevin həyat yoldaşına yazdığı yazılar” bölümü özünə çəkdi. Özümün belə duyğulu olduğumu Rafiq müəllimin unudulmaz ömür-gün yoldaşı Aidə xanıma vəfatından sonra yazdığı doqquz məktubu oxuyandan anladım. Məktubların bəzilərinin adları həssas oxucunu necə duyğulandırmasın? “Gözlərin buraxmır məni…”, “Sənsiz…”,”İnsan tək valideynlərindən yetim qalmır…”, “Tənhalıq yükü ağır olurmış…”, “Ayrılığın üzü dönsün…”.
Nədənsə məndə, bəlkə də çoxumuzda belə bir fikr formalaşıb ki, kişilərin qəlbi daha soyuqdur, bərkdir, laqeyddir. Emosiya, həyəcan, göz yaşlarını saxlaya bilməmək qadınlara xas hisslərdir. Bir çox söz dahilərinin ömür-gün yoldaşlarının xatirə-memuar kitabları – Cəfər Cabbarlının Sonasının “Onu kim unudar”, Mikayıl Müşfiqin Dilbərinin “Müşfiqli günlərim” kitabları, dekabristlərin qadınlarının ictimai-siyasi fəallığı bunu söyləməyə ipucu verir. Rafiq müəllimin məktubları düşündüklərimi alt-üst elədi. Dünya şöhrətli elm adamının – qeyri səlis məntiq, genetik alqoritmlər, dayanıqlıq nəzəriyyəsi kimi əksəriyyətə mücərrəd və quru görünən elm sahəsi ilə məşğul olan professorun kövrək ürəyindən, incə və lirik duyğularından xəbərimiz yoxmuş. Əslində həssaslığın, kövrəkliyin nə qadını, nə kişisi? İnsan daş deyil ki, ağrını, acını duymasın. Sevginin və elmin, Rafiq müəllimin təbirincə desək, insanı dünyanın ən ağrılı kataklizmlərindən, dolanbaclardan çıxarmaq qüdrəti var. Alimin elmi uğurlarının özülünü möhkəm edən də sevgi ilə elmin ülfətidir.
Rafiq müəllimin yazdığı məktublar dolğunluğuna, yığcamlığına görə dünya ədəbiyyatına düşə biləcək incilərdir, insan və insanlıq qaldıqca yaşayacaq:
“Əzizim Aidə, sabah sənsizliyimin 40-cı günüdü. Bu günlər ərzində gücüm ancaq məzarının üstünə çiçəklər düzməyə çatdı. Dünən təzə qoyulan başdaşındakı şəklinə baxanda sənsizliyin nə demək olduğunu ilk dəfə dərk elədim…
Jurnalist dostum İlqar Rəsul “Azadlıq” radiosundakı verilişində bədahətən məndən soruşmuşdu: ”Ölüm nədir?” “Ölüm borcdu, bir də ölümsüzlüyün başlanğıcı” – demişdim. Sən borc sevən deyildin… bizdən tez qaytardın borcunu. Allahın izniylə, mən də bu borcu qaytaranda əlim əlində olacaq…
Hava qaralır, şəklinə baxa-baxa qəbristanlıqdan çıxmaq istəyirəm. “Gözlərin buraxmır məni”…
Aidə xanımın vəfatının ilində yazılan ikinci məktubdan bu sətirləri oxuyanda…
“Hərdən Kəmalə (Rafiq müəllimin qızı) mənə irad tutur ki, niyə yeməyini axıra kimi yemirsən. Görən, o, bilirmi ki, hər dəfə sənin payını saxlayıram?.. Həyatın qəribə anları varmış. Təzada bax. İndi hər an mən üzülürəm ki, niyə mənimlə bir yerdə deyilsən. Əminəm, sən də düşünürsən ki, nə yaxşı bir yerdə deyilik”.
Bu cümlələri oxuyanda nitqim kilidləndi, qələm də kağız üzərinə baş əyib “ağlamaq” istəmədi…
“Sənsizlik” ünvanlı ağrının iki ilini yola salanda professor Aidə xanımın “ruhu ilə söhbətləşir”:
“Axı niyə mənim qara paltarlı qadınım olmadın? Axı niyə?.. Axı niyə qoymadın ki, mən sənə deyə biləm:
Yeri, yeri, qara paltarlı qadın, Kiri, kiri, qara paltarlı qadın. Bu qəbir də min qəbirdən biridi, Başdaşımı bəsdi basdın bağrına. Bütün mənə ağlayanlar kiridi, Sən də kiri, qəbrim damır, ağlama!..
Bir gün gələcək ki, səninlə görüşəndə, qara paltarda yox, sənin və mənim çox xoşumuza gələn çəhrayı paltarında qarşıma gəlib əllərimdən tutanda, qəbrimə daması qəmli göz yaşların sevinc yaşı kimi ovcuma töküləcək. Ovcumuzdakı göz yaşlarını görənədək…”
“Sənsizliyin üçüncü ilinin tamamında yazılan dördüncü məktub Rafiq müəllimin son “bir il üçün hesabat məktubudur”. “Bu il ilk dəfə Amerikaya sənsiz getdim. “Sənin əziz xatirəni əbədiləşdirmək üçün hörmətli şairimiz Rəfail Tağızadə və dəyərli yazarımız Seymur Əliyev “Yoxluğu hiss olunan İnsan” adlı nəfis bir kitab çap elətdirdilər. İki kitabımı sənin əziz xatirənə ithaf etdim. Sevimli nəvən Günay Yaxın Doğu Univesitetinin tələbəsi oldu. Sevimli nəvələrin Nicat Münhen Universitetini, Nihad isə İstambul Universitetlərindən birini bitirdi”.
İnanıram ki, bu məktubdakı xoş xəbərlər bir daha Aidə xanımın ruhunu şad etdi, o, özü özünü təbrik etdi…
Hər məktubla baş-başa qaldıqca, inanın, dözmürəm. Yaman kövrəkləşmişəmmiş. Ürəyimi belə yuxa bilməzdim. Amma özümü də qınamıram. Özümə vurğunluqdan çox-çox uzağam, nə yaxşı ki ürəyidaş deyiləm, nə yaxşı ki, başqasının ağrısını öz ağrım kimi hiss edirəm.
Beşinci məktubun adı “Sənsiz”di:
“Bir onu bilirəm ki, bu 4 ildə bir dəqiqə belə sənsiz olmadım… Bir də ki, əzizim axı bizlərdən nigaransan, məktub gözləyirsən, həm də asudəsən, vaxtın da çox, həm də yəqin darıxırsan… Sənsiz… Mən də yaman darıxıram”…
Rafiq müəllim altıncı məktubunu “dünyasına qaranlıq çökən, sevə-sevə dediyi kəlmələrin kəsildiyi gün” – 21 apreldə yazır.
“O dünya ilə bu dünya arasındakı məsafənin sənsizlik boyda” olmağı ilə təsəlli tapır:
“Sənin də qiymətin mənim üçün sənsizliyim boydadır”…
Yeddinci məktub “tənhalığın ağır yükü”ylə limhəlim doludur. “Minlərlə insan içində tənha qalan, “axı niyə sənin çiyninə bu qədər ağır yükü qoydum” pıçıltılarını son nəfəsinə qədər eşidəcək Rafiq müəllim tənhalığın xislətinin cürbəcür hallarını görür:
“Yeməyə otururam, boğazımda ilişib qalan tikənin təkliyidir tənhalıq… Səfərə çıxıram, arxamca atılmayan su, quru pilləkənlər, budu tənhalıq. Son nəfəs ilə canından çıxanların qismətidir tənhalıq. Ovucumda əllərinin istiliyinin yoxluğudur tənhalıq. Bu tənhalığın sonu sənə qovuşana qədərdir”…
Səkkizinci məktub “Ayrılığın üzü dönsün…” adlanır. “Min Günəş indi qaranlığını işıqlandıra bilməyən” Rafiq müəllimin “dünyası ancaq onunla işıqlı gözəl idi”:
“Gedişinin qəlbimdə açdığı yara sənə qovuşana qədər sağalmayacaq… Sənsizliyə alışmaq sular üzərində rəsm çəkmək qədər çətin, yoxluğuna dözmək ölüm qədər acı…. Ancaq varlığına alışdığım sənin yoxluğuna necə alışım?”.
Nəhayət, doqquzuncu məktub. Bilirəm ki, sonuncu olmayacaq. Rafiq müəllim xatirəsi əziz Aidə xanımın gözünü yolda qoymaz. Aidə xanım onun məktublarını hər il gözləyıcək, hər 21 apreldə. Bu məktublarla Rafiq müəllim də, Aidə xanım da “ikinci ömür” yaşayırlar:
“Dahilər demişkən, insan həyatı ilə ölür, ölümü ilə yaşayır. Sən bizi tez tərk etdin, amma nə qədər yaşamaq yox, necə yaşamaq mühümdür. Dünyada namuslu addan şərəfli heç nə ola bilməz. Bu adı həyatınla sən özün qazanmısan. Səni həyatda saxlamağa gücüm çatmadı, amma nə qədər varamsa, səni yaşadacağam… Əzizim, öncəki məktublarımda da yazdığım kimi unudulmayanlar ölmürlər. Sən həmişə mənimləsən, bizimləsən”…
Görüşənədək, Sənin Rafiqin.”
“Sənin Rafiqin”. Bu kədərli iki kəlmə hər məktubun sonunda təkrarlanır. Üç məktub isə Rafiq müəllimin ruh dostu, qardaşı Ramiz Rövşənin möhtəşəm dörd misrasıyla başlanır. Ramiz Rövşənin poeziyası ayrılığın ağırlığına dözməyən Rafiq müəllimin ağrılarına az da olsa məlhəm qoyur, ovundurur, o, şairin sözləriylə təsəlli tapır.
Rafiq Əliyevin hər məktubu, möhtəşəm sevgi himnidir, həsrət nəğməsidir, vəfa heykəlidir, vüsal ismarışlarıdır. Dünyanın nəhəng elm adamı bu məktubları yazıb Aidə xanımla görüş ümidiylə ürəyinə sığal çəkir, bizi isə mənəvi saflığa səsləyir…
“Yazarlar” jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə hər il həyata keçirdiyi “25 yarpaq” layihəsi çərçivəsində gənc yazar Leyla Yaşarın ilk kitabı -“Daş adam” ışıq üzü görüb. Leyla xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! 22.02.2022 Rövşən Hüseynovun ad günüdür! Yaşasaydı 55 yaşı olacaqdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhu şad olsun. Var olsun öz şəhidlərini unutmayan Leyla xanım kimi Vətən övladları.
Bu günlərdə Vilnüsdə “Rus və Azərbaycan frazeologiyalarının müqayisəli təhlili” kitabı nəşr olunub. Kitab tanınmış Azərbaycan filoloqu Aslan Məmmədlinin doktorluq dissertasiyasıdır və onun əziz xatirəsinə həsr olunub. Aslan Məmmədli görkəmli Azərbaycan dilçisi professor Məmməd Tağıyevin yaratdığı Bakı Frazeologiya Məktəbinin nümayəndəsi idi.
Dissertasiya 1996-cı ildə Bakıda müdafiə olunub və müqayisəli frazeologiya sahəsində fundamental əsərdir. Burada ilk dəfə olaraq Azərbaycan və rus frazeoloji sistemləri bütövlükdə müqayisəli təhlilə məruz qalmışdır. Frazeoloji sistemlərin onomasioloji təsnifatı aparılmışdır. Azərbaycan və rus dillərində frazeoloji ifadə tapan semantik sahələr müəyyən edilmişdir. Hər iki dilin frazeoloji sistemlərinin xalqın keçdiyi tarixi yolu əks etdirdiyi iddia edilirdi, yəni frazeoloji vahidlər dildə təkcə milli dünyagörüşünün xüsusiyyətlərini deyil, həm də xalqın tarixini yüksək dərəcədə əks etdirən bir təbəqə təşkil edir. O da səciyyəvidir ki, əksər hallarda fövqəl-etnik xarakter daşıyan müxtəlif mədəni təsirlərə baxmayaraq (yəni, islam və xristianlıq, Azərbaycan frazeologiyasında müvafiq olaraq ərəb, fars, rus dilində isə ivrit və yunan dillərinin təsiri), əsas frazeoloji fond və əsas konnotasiyalar sistemi xalqın canlı danışıq dilindən qaynaqlanır. Bu mənada frazeologiya yad mədəniyyətlərin ən az təsirini yaşamış sistemdir.
Fəsillərin birində təqdim olunan bibliya frazeoloji vahidlərinin təhlili də xüsusi maraq doğurur.
Əsər böyük nəzəri əhəmiyyətə malikdir. Kitabdan frazeologiya kurslarında, tərcümə praktikasında, leksikoqrafik təcrübədə, rus və Azərbaycan dillərinin tədrisində istifadə oluna bilər və təbii ki, o təkcə filologiya fakültəsinin tələbələri və dilçilər üçün deyil, həm də bütün filologiya ilə maraqlananlar üçün çox faydalı olacaq.
Redaktorları: filologiya üzrə elmlər doktoru, professor Telman Vəlixanlı, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.
Kitabda yazıçının son illərdə qələmə aldığı və internet səhifələrində, internet jurnallarında özünə yer almış hekayələri, lətifəvari hekayələri toplanmışdır. Hekayələrdə məzəli adamların əhvalatları, gündəlik həyatda baş verən gülməli hadisələr işıqlandırılır, cəmiyyətə zidd, yararsız insanlar tənqid edilir.
“Azərbaycan dilinin frazeologiya lüğəti” işıq üzü görüb
“Azərbaycan dilinin frazeologiya lüğəti” dilçiliyimizin leksikoqrafiya tarixində misli görünməmiş frazeologiya lüğətidir. Lüğətin orjinallığı təkcə onun həcmi ilə deyil, birinci növbədə lüğətin xüsusi elmi-nəzəri bazası ilə, lüğət məqalələrinin vahid struktur prinsiplərinə riayət etməklə tərtib olunması ilə ölçülür. Xüsusi elmi-nəzəri baza dedikdə biz frazeologiya nəzəriyyəsi məkanında irəli sürülmüş TRANSDİL ideyasını nəzərdə tuturuq, yəni dilin frazeologiya fondunun TRANSDİL mahiyyətli bir fenomen olması ideyasını qabardırıq. Frazeologiyanın TRANSDİL konsepsiyası akademik Kamal Abdullayevin və professor İlyas Həmidovun Moskvada Rusiya Federasiyası Elmlər Akademiyasının Dilçilik institutunun sabiq direktoru REA müxbir üzvü V.A.Vinoqradovun yubileyinə həsr olunmuş “В пространстве языка и культуры. Звук, знак, смысл (М., ЯСК, 2010) adlı çox ciddi bir elmi məqalələr toplusunda nəşr olunmuş, Rusiya frazeoloqlar cəmiyyətində bir növ aprobasiyadan keçmişdir. Sözügedən konsepsiya barədə lüğətin “Ön söz” bölməsində də müfəssəl məlumat verilir. Həmin bölmədə lüğət məqalələrinin spesifik strukturunu təşkil edən informasion blokların vaciblik dərəcəsi aydınlaşdırılır.
Lüğət məqaləsinin quruluşu birinci növbədə aşağıdakı tələb və prinsiplərlə şərtlənir: a) vokabula – ifadənin dominant forması olmalıdır və b) bu dominant formasının leksik-qrammatik variantları semantik baxımdan dominantdan heç bir konnotasiya ilə fərqlənməməlidir ki, c) dominant formanın (vokabulanın) məna izahı və ya izahları variantların da adekvat məna izahı kimi çıxış edə bilsin; d) məna izahının hər iki pozisiya üçün adekvat olmasını isə klassik ədəbiyyatdan cəlb olunmuş illüstrativ materialın köməyi ilə işıqlandırmış oluruq; e) növbəti pozisiyada vokabula ilə (dominant forma ilə) bu və ya digər semasioloji nisbətdə olan, onların mənalarını bu və ya digər səpgidə – etimoloji baxımdan, sinonimiya-variativlik və ya “daxili forma” baxımından açıqlayan dil vasitələrinin toplusu təqdim edilir ki, bu da dilimizin real, amma bəzən unudulmuş rəngarəng ifadələrinin oxucu yaddaşında canlandırmaq, oyatmaq məqsədini güdür; ə) o ki qaldı dominant ifadələrin rus dilinə tərcümə-ekvivalentlər blokunun lüğətdə yer tutmasına, demək lazımdır ki, tərcüməçilik praktikasında məhz frazeoloji vahidlərin tərcüməsi xüsusi çətinliklərlə qarşılaşır. Bu mənada lüğətdə təqdim olunan tərcümə materialları ali məktəblərin tərcüməçilik fakultələrində təhsil alan tələbələr üçün və ümumiyyətlə, tərcümə işi ilə məşğul olan ixtisasçılar üçün böyük kömək ola bilər. Bu mənada təqdim olunan Lüğət polifunksional (izahlı-tərcümə) xarakterli leksikoqrafik mənbə kimi çıxış edir: polifunksional leksikoqrafik əsərlər leksikoqrafiya tarixində heç də istisna olmamışdır – rusistikada, qermanistikada bu qəbildən olan lüğətlər mövcuddur.
Təqdim olunmuş lüğətin digər əsaslı – nəzəri, praktik, funksional – xüsusiyyətlərindən biri də əsərin Azərbaycan dilinin frazeoloji leksikoqrafiyasında aça biləcəyi perspektivlərdir:
1. Doğma dilimizin frazeologiya fonduna ixtisasçı-tədqiqatçı marağının çoxalması, dilimizin frazeologiyasının zənginliyinin aşılanması işində dəyərli təsir effektinin yaranması.
2. Lüğətimizin materialları əsasında orta məktəb şagirdləri üçün frazeoloji minimum lüğətinin tərtibi probleminin asanlaşması perspektivi.
3. Azırbaycan dilinin frazeoloji sinonimlər lüğətinin tərtibi sahəsində görülə biləcək işlərin aktuallaşması.
4. İrihəcmli azərbaycanca-rusca frazeologiya lüğətinin tərtibinin gündəmə gətirilməsi və s.
Lüğətin üz qabığında göstərilən statistik məlumatlar dediklərimizə əyani sübut kimi çıxış edə bilər.
“Azərbaycan dilinin frazeolofiya lüğəti”nin mükafata təqdim olunma səbəblərini yuxarıda ərz elədiyimiz sistemli faktlarda görürük. Əlavə göstəricilər qismində qeyd edək: Lüğətin yaradıcı kollektivinin üzvlərinin fədakar əməyi (kiçik bir qrup entuziast alimlərin 15 ildə gördüyü iş heç də əzabsız olmamışdır) öz bəhrəsini bu şəkildə vermişdir. Necə deyərlər, bizim bacardığımız bütün ilklər kimi heç də möqsansız deyil. Nöqsansız, mükəmməl lüğəti ancaq Allah-taala tərtib edə bilər (Pyer Büast). Bizim ən ümdə işimiz gələcək tədqiqatçılara qida vermək oldu. Qoy bizdən sonra gələn alimlər daha yaxşısını yaratsın. Azərbaycan frazeologiyasında – bu nəhəng və dərin dəryada – hamı üçün fəaliyyət dairəsi genişdən genişdir.
Dir bir fakt da, fikrimizcə, önəmlidir. Adı çəkilən lüğətin tərtibçiləri rusistika üzrə ixtisasçılardır. Amma həmin müəlliflərdən üç nəfəri – proyektin rəhbəri professor İ.H. Həmidov, professor M.Q. Qocayev və dosent R.Ə. Məmmədova – orta məktəbi Azərbaycan dilində bitirmişlər, yəni azərbaycandilli alimlərdir. Yalnız dosent L.İ. Həmidova rus təhsilli mütəxəssisdir, ancaq azərbaycan dilini mükəmməl bilir və namizədlik dissertasiyası da rus-Azərbaycan frazeoloji tipologiya və tərcüməçilik məsələlərinə həsr olunmuş bir təqqiqat əsəridir.
1. Professor İlyas Həmidulla oğluHəmidov– rus dilinin frazeoloji sintaksisi üzrə mütəxəssisdir. Bu sahədə bir neçə monoqrafik əsərin müəllifidir. 3 irihəcmli rusca-azərbaycanca paremiya-frazeologiya lüğətinin müəllifi kimi özünü səriştəli bir leksikoqraf kimi tanıtmışdır. Azərbaycan dilində də bir sıra elmi əsərlər yazmışdır. yetişdirdiyi elmlər namizədləri və doktorları sırasında (21 nəfər) 8 nəfəri azərbaycan-rus paremiya-frazeologiyası üzrə mütəxəssislərdir.
2. Professor Məmməd Qoca oğlu Qocayev əməkdar elm xadimi, klassik rus və azərbaycan ədəbiyyatı tarixi üzrə tanınmış mütəxəssisdir. Azərbaycan və rus dilini ana dili səviyyəsində mükəmməl bilir. F.M. Dostoyevskinin 13 irili-xırdalı romanını Azərbaycan dilinə tərcümə etmiş, ədəbi tərcüməçilər sırasında özünəməxsus yer tutmuşdur.
3. Dosent Rəna Əlyar qızı Məmmədova Azərbaycan-rus tipoloji (müqayisəli) frazeologiyası üzrə təcrübəli və sanballı mütəxəssisdir. Azərbaycan dilinin frazeologiya sisteminin praktik səpgidə çox gözəl bilicisidir və bir leksikoqraf kimi yetişmişdir. Lüğətin çoxminli kartoteka bazasının təşkil olunmasında, onun sistemləşdirilməsində layihə rəhbəri ilə bərabər əmək sərf etmiş və onu əsaslı surətdə dəstəkləmişdir.
4. Dosent Leyla İlyas qızı Həmidova, yuxarıda qeyd etdiyimiz kimi filologiya elmləri namizədi, Azərbaycan-rus tipoloji frazeologiyası üzrə ixtisasçıdır, 3 rusca-azərbaycanca lüğətin müəllifi kimi özünü bacarıqlı leksikoqraf kimi tanıtmışdır. Hazırda Azərbaycan Dillər Universitetində çalışır.
ÜÇ QARDAŞ Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! 05.10.2020. – Bakı.
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! 15.10.2020. Bakı.
VARMIŞ Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış… 31.10.2020. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
DAHA TƏK DEYİLSİNİZ (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… * * * Qəribə bir hüzur çuğlayır məni, Yanında hər nəfəs ruha töhfədir. Vətən kitabını vərəqləyirəm, Burada hər məzar bir səhifədir… * * * İgid, ər oğullar toplanıb bura, Bütün çöhrələrdə, təbəssüm, qürur… Tək-tək sıralanan bu baxışların, Hər biri özünə bir dastan qurur… * * * Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… 29.12.2020. Bakı ş. II FX.
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha! Hər dəfə sizlərlə bölüşməyə sözüm olanda sevincimin həddi-hüdudu olmur. Bu dəfə məni belə sevindirən, ruhumu ovsunlayıb öz sehrinə qərq edən çox dəyərli bir kitabdır. Böyük əminliklə qeyd edirəm ki, əgər siz bu yazını oxuyursunuzsa, mütləq mənim “Su dünyaya açılan bir pəncərədir” adlı yazımı da oxumusunuz. Bu məqamı xatırlatmaqda məqsədim kitabla necə tanış olduğumu sizlərə çatdırmaqdan ibarətdir. Belə bir kitabın varlığından tam xəbərsiz olaraq, sadəcə “sirli aləm”, “sirli dünya”, “dünyanın sirli işdəkləri” kimi ifadələr yazıb “Google” dostumuzun əvəzsiz xidmətlərindən faydalanırdım. Axtarş nəticəsi olaraq çıxmış “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. Lingdən keçid edib qısa araşdırma aparanda məlum oldu ki, “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portalı”nın “Göygöl rayon Mərkəzi Kitabxana”sının qonağıyam və həmsöhbətim Lətifə Orucun (Lətifə Əliyeva) “Sirli gedişlər” kitabıdır. Bizim tanışlığımız bax beləcə, iki bir-birini tanımayan qonağın onların hər ikisini yaxşı tanıyan dost evində görüşü kimi qəfil, gözlənilməz şəraitdə baş tutdu. “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. PDF kitabı pulsuz və təhlükəsiz şəkildə endirib oxumağa başladım. Axşam saat 20:00 – a az qalırdı. Axşam xəbərlərini gözlədiyimə görə vaxt dəqiq yadımda qalıb. “Xəbərlər”in başlamasına qalan 5-6 dəqiqə vaxt ərzində mən “Sirli gedişlər” adlı kitabın müəllifinin Lətifə Oruc olduğunu, hörmətli professorumuz Nadir Məmmədli tərəfindən 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edildiyini öyrəndim və hətta çox hörmətli şairimiz Sabir Rüstəmxanlı tərəfindən kitaba yazılmış ön sözə də göz ata bildim. AzTv-də “Xəbərlər” proqramının başladığını bildirən video çarxın getdiyi (səsindən məlum olur) anda mən artıq “I FƏSİL” də “Suyun kənarında Quran oxunuşu, musiqi, qarğış…” (üçüncü abzas) ilə başlayan maraqlı məqamla rastlaşmışdım. Mövzu mənə tanış gəldiyinə və çox maraqlı oduğuna görə, – “Tunu qaqa, (Tuncay Şəhriliyə adətən belə müraciət edirəm) televizorun səsini azalt”,- deyə bildim və “Sirli gedişlər” məni öz sehirli ağuşuna aldı. Bu günə qədər oxuduğum kitabların içərisində yalnız və yalnız 5-ci sinfdə oxuyan zaman kənd kitabxanasından götürüb oxuduğum (Ağdam rayonu, Yusifcanlı kəndi) “Kapitan Qrantın uşaqları” (fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman) kitabını belə, ilk cümləsindən sonuna qədər ayrılmadan, birnəfəsə oxumuşdum. Kitab ötən əsrin ortalarından başlayaraq sonlarına doğru, iki əsrin kəsişməsindəki keşməkeşli dövrü, əsrimizin təlatümlü çağlarını (keçmiş ittifaq və müstəqillik dövürlərində) tipik orta statistik kasıb ailənin və belə ailədə böyüyüb, boya-başa çatmış övladların həyatı, yaşam tərzi fonunda şahidi olduğumuz həyat reallıqlarını gözlər önünə səririr. Bu məqamda, təfsilata keçməzdən əvvəl ən azı gələcəkdə istinad etmək üçün sizi müəlliflə tanış etmək vacibdir.
QISA ARAYIŞ
Lətifə Oruc (Əliyeva Lətifə Oruc) 9 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikasında (Şərur rayonu, Düdəngə kəndi) anadan olub. 1976-cı ildə Şərur rayon, Cəlil Məmmədquluzadə adına Cəlilkənd kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Müəllifi olduğu “Sirli gedişlər” (kitab Azərbaycan, Rus və İngilis dillərinə tərcümə olunub) adlı kitabına görə Rusiya Yazıçılar Birliyinə üzv qəbul olunub.
Ailəlidir. Biri qız, biri (tanınmış şahmatçı Rauf Məmmədov) oğlan olmaqla iki övladı var.
Əsərdə şərti adlarla təqdim olunan ailə; sürücü ata, evdar qadın və onların yeddi qız övladı real həyatdan götürülüb (Lətifə xanımın öz ailəsi). Lətifə xanımın yanvar ayında doğulmağından tutmuş, bütün təhsil pillələrində və iş karyerasında əzmlə irəliləməsi, eyni zamanda bacılarının həyatı, zəhmətkeş atanın, qayğıkeş ananın fəaliyyəti belə bir faydalı kitabın yaranıb, ortaya çıxmasında mühüm rol oynamışdır.
Kitab “Tərəfsiz ədəbiyyat tarixdir” prizmasından baxdıqda da bütün tələbləri ödəyir.
Lətifə xanım istər keçmiş ittifaqda yaşadığımız çağlarda, istərsə də müstəqillik dövrümüzdə adi ailə-məişət zəminində baş vermiş hadisələri elə böyük ustalıqla təqdim edir ki, hadisələr fonları ilə birlikdə tarixi, mədəni, mənəvi əhəmiyyət kəsb edir.
Əsərdə təqdim olunan olduqca müxtəlif vəziyyətlər onun real həyat hadisələrindən qaynaqlandığının göstəricisidir. Çünki, situasiyalar və onların təsvirləri o qədər təbii və inandırıcıdır ki, bu kimi halların sadəcə yazıçı təxəyülünün, fantaziyasının məhsulu olmaq ehtimalını heçə endirir.
Əsərdə baş verən hadisələr, onların kompanentləri təbii olduğu kimi, dili də olduqca sadə və axıcıdır. Məhz dilin sadəliyi onu birnəfəsə oxunan kitablar sırasına qoşur. Yuxarıda qeyd etdiyim kimi kitabın Azərbaycan, Rus və İngilis dillərində olan variantları var. Hər üç dildə olan variantlarla artıq tanış olmuş bir oxucu kimi deyə bilərəm ki, dilindən asılı olmayaraq oxunaqlı əsərdir. Qəti olaraq oxucu yorulmur. Burada dilin sadəliyi ilə yanaşı müəllifin hadisələri oxucunu intizarda saxlayacaq tərzdə inkişaf etdirmək bacarığı da mühüm rol oynayır.
Ümumilikdə son olaraq, onu qeyd etmək istəyirəm ki, bəlkə də nadir, hər halda ibrətamiz əhvalatlarla dolu unikal bir ailənin həyat hekayəsini gözlər önünə sərən Lətifə Orucun “Sirli Gedişlər”kitabı əhatə etdiyi dövrün zəruri mədəni, sosioloji, tarixi məlumatlarını özündə daşıdığına görə olduqca əhəmiyyətli ədəbiyyat hadisəısidir. Hamınızı bu hadisə ilə yaxından maraqlanmağa və faydalanmağa dəvət edirəm. Sona qədər həmsöhbət olub, Uca Yaradanın bizlərə ən böyük hədiyyəsi olan çox dəyərli zamanınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə qarşınızda təzim edir və intəhasız təşəkkürlərimi sunuram.
XƏZƏR DELTASINDA GÖYQURŞAĞI (Zaur Ustacın yeni kitabı haqqında) Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır. Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı. Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür. Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu: Özün getdin yuxuya, Milyonları oyatdın… Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər. Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib. Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır. “Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir. Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac! 11.01.2022. Bakı. Müəllif:Kənan HACI , Şair, yazıçı, tərcüməçi.